NKPI

Maraqlı Məlumatlar

1903-cü ildə kimya üzrə Nobel mükafatçısı - SVANTE AVQUST ARRENİUS

 

Elektrolitik dissosiasiya nəzəriyyəsinin banisi – ARRENIUS

İonlar nəzəriyyəsinin atası, məhlulda elektrik cərəyanının hərəkətini izah etmiş İsveç Svante Avqust Arrenius 1859-cu ildə Vikdə, fermer ailəsində anadan olmuşdur.

Məktəb yaşına çatmamış Svante Arrenius hesabı artıq bildiyindən, atasının tərtib etdiyi hesabatlardakı rəqəmləri böyük həvəslə toplayırdı. Onun səkkiz yaşı tamam olduqda valideynləri onu şəhər kafedral məktəbinə göndərirlər. O, yaxşı oxuyurdu, lakin biologiya, fızika və riyaziyyata marağı daha böyük idi.

Məktəbi bitirdikdən sonra o, Upsal Universitetinə daxil olur və burada fizika, kimya və riyaziyyatı öyrənməkdə davam edir və təhsildəki uğurunun hesabına ona təbiət elmləri üzrə bakalavr dərəcəsi verilir.

Arrenius məhlulların elektrik keçiriciliyinə xüsusi diqqət etməyə başlamışdır və müşahidələri əsasında böyük kimyaçı belə bir ehtimal irəli sürür ki, bəzi maddələrin molekulları mayedə həll olduqda dissosiasiya olunur, başqa sözlə, parçalanır. Arrenius onları ion adlandırmışdır. O, həmçinin müəyyən etmişdir ki, bütöv molekulun elektroneytral olmasına baxmayaraq, onun hissəcikləri müsbət və ya mənfi yük daşıyır. Məhz, bunların sayəsində məhlulların elektrik keçiriciliyi təmin olunur. Elektrik cərəyanı öz növbəsində aktiv tərkib hissələri əks yüklənmiş elektroda istiqamətləndirir. Məsələn, müəyyən edilmişdir ki, natrium xlorid molekulları suda həll olunduqda müsbət yüklənmiş natrium atomlarına və mənfi yüklənmiş xlor atomlarına parçalanır.

Arreniusun təklif etdiyi hipotez onun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.

1886-cı ildə Arrenius İsveç Kral Elmlər Akademiyasının təqaüdünə layiq görülür ki, bu da onun xaricə getməsinə imkan yaradır.

İsveçə qayıdan Arrenius Stokholm Univer- sitetində fizika üzrə mühazirələr oxumağa başlayır və 1895-ci ildə professor vəzifəsini tutur.

1897-ci ildə isə universitetin rektoru təyin olunmuşdur.

XIX əsrin 90-cı illəri ərzində Arrenius özünün elektrolitik dissosiasiya nəzəriyyəsini işləyib hazırlayır və osmotik təzyiq üzrə tədqiqatlarını davam etdirir. Arrenius tədricən belə nəticəyə gəlir ki, sonuncu tədqiqatlar, həmçinin elektrolitik dissosiasiyanın məxsusiliyi ilə bağlıdır. Gələcəyin Nobel mükafatçısı Vant-Hoff formulunun doğruluğunu təsdiq etməklə yanaşı, həmçinin israr edirdi ki, osmotik təzyiq məhlulda olan ionların sayından asılıdır. Əslində, Arrenius elmdə bununla elektrokimya adlanan yeni istiqamətin əsasını qoydu.

Svante Avqust Arrenius 1903-cü ildə “kimya elminin inkişafında özünün elektrolitik dissosiasiya nəzəriyyəsinin xüsusi roluna görə” Nobel mükafatına layiq görüldü. Mükafatın təqdimolunma mərasimində İsveç Kral Elmlər Akademiyasının katibi X.R.Tyepnebld qeyd etmişdi: “Arreniusun ionlar nəzəriyyəsi elektrokimyanın keyfiyyət əsasını qoymuşdur, ona riyazi yanaşmanı tətbiq etməyə imkan vermişdir. Eyni zamanda Arrenius Vant-Hoff tərəfindən başlanan tədqiqatlar proqramını başa çatdırmaqla kifayətlənmədi, həm də keyfiyyət göstəricilərindən kəmiyyət göstəricilərinə keçdi”.

Arrenius fizikanın bir çox sahələrində də tədqiqatlar aparmış və onun bir sıra işləri təkamül astrofizikasına həsr olunmuşdu. O, hesab edirdi ki, Günəş sistemi ulduzlararası toqquşmalar nəticəsində yaranmışdır.

1902-ci  ildə Arrenius immunokimya sahə- sində tədqiqatlara başladı, canlı orqanizmlərdə kimyəvi reaksiyaları öyrəndi. Həmçinin o, süni dillər üzərində düşünmüş, özünün ingilis dili modifikasiyasını təklif etmişdir.

Arrenius və Mendeleyevin baxışları sonralar turşuların və əsasların proton nəzəriyyəsində birləşmişdir.

Arrenius çoxlu sayda təltiflərə və mükafatlara layiq görülmüşdür:

  • Nobel mükafatı;
  • London Kral Cəmiyyətinin Devi adına medalı (1902);
  • Amerika Kimya Cəmiyyətinin Villard Gibs adına ilk medalı (1911);
  • Britaniya Kimya Cəmiyyətinin Faradey medalı (1914);
  • İsveç Kral Elmlər Akademiyasının üzvü;
  • London Kral Cəmiyyətinin xarici üzvü;
  • Almaniya Kimya Cəmiyyətinin xarici üzvü;
  • Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1903-cü ildən);
  • SSRİ Elmlər Akademiyasının fəxri üzvü (1926-cı ildən).

Elektrolitik dissosiasiya nəzəriyyəsinin banisi – Svante Avqust Arrenius 1927-ci il, oktyabrın 2-də Stokholmda vəfat etmişdir.

2015-09-02   5462