NKPI

Maraqlı Məlumatlar

Göyçay rayonu

 

Göyçay rayonu 1930-cu ildə təşkil olunmuşdur. Bakıdan məsafəsi 226 km, inzibati mərkəzi Göyçay şəhəri, sahəsi 740 km2-dir.

Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçürülmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. 1867-ci ildə yaradılmış Göyçay qəzası Bakı quberniyasının tərkibində olmuş, 1929-cu ildə ləğv edilmişdir. Ərazinin adı sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür.

Relyefi

Səthi düzənlik olub Şirvan düzünün şimal kənarıdır. Rayonun şimal hissəsi Bozdağ silsiləsinə daxildir. Şərq hissəsində Qaraməryəm silsiləsi uzanır. Rayonun cənub - qərb hissəsi okean səviyyəsindən aşağıdadır.

Geoloji quruluşu

Ərazidə, əsasən, Pliosen və Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

Əsas çayı Göyçaydır. Göyçay Lahıc dağ sistemindən – Kovdağın qərb yamacından (1980 m) başlayır. Çayın 10 qolu vardır.

Landşaftları və bioloji müxtəlifliyi

Ərazidə yayı quraq keçən mülayim - isti yarımsəhra və quru çöl iqlimi üstündür. Boz - çəmən, dağ boz - qəhvəyi, şabalıdı, açıq - şabalıdı və s. torpaqlar yayılmışdır. Bitki örtüyü, əsasən, efemerli - yovşanlı və yovşanlı - şoranotlu yarım - səhra, dağlıq - kserofil bitki qruplarından ibarətdir. Seyrək saqqızağac, ardıc meşələri, arid kolluqlar: nar, qaratikan, murdarça, dovşanalması, yulğun vardır.

Arxeoloji abidələri

Qaraməryəm kəndi yaxınlığında m.ə. III əsrə aid küp qəbirlər nekropolu. İncə kəndi yaxınlığında m.ə. I əsrə aid küp qəbirlər.

Tarixi - mədəni abidələri

Şahsoltanlı kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. İkinci Ərəbcəbirli kəndində I-II əsrlərə aid qəbiristanlıq, Surxay qalası. Alpoud kəndində Hacı Cəlilli məscidi (XIX əsr). Göyçayda məscid (1917), yeraltı hamam.

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-12-10   36544