NKPI

Maraqlı Məlumatlar

DAHİ VƏ MÜDRİK HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ, ONUN AZƏRBAYCANIN İNKİŞAFINDA ROLU VƏ BÜTÖVLÜKDƏ DÜNYANIN SİYASİ MÜHİTİNİN İNKİŞAFINA TƏSİRİ

 

Məlumdur ki, insanın şəxsiyyət kimi formalaşmasında yaşadığı cəmiyyətin, yəni ictimai mühitin rolu çox böyükdür. Bu, hamı üçün belədir. Lakin müdriklər, aqillər və xüsusən də dahilər üçün fərqlidir. Nə üçün? Çünki bu insanlar elə bir inkişaf zirvəsinə çatırlar ki, ən azı onları yetirən mühit səviyyəsində təsir gücünə malik olurlar. Dahilər isə təkcə onları yetirən, ucaldan mühitə yox, bütövlükdə ölkənin, ölkələr birliyinin, hətta dünyanın dəyişməsinə təsir edə bilirlər. Dahi lider, müdrik şəxsiyyət, türk dünyasının sönməz Günəşi olan Heydər Əliyev, məhz bir ölkənin, ölkələr birliyinin yox, bütövlükdə dünyanın inkişafına təsir gücünə malik şəxsiyyət idi və bu təsir əsrlər boyu davam edəcəkdir.

Böyük tarixə malik Azərbaycan xalqı, Azərbaycan yaşam mühiti onun dahi şəxsiyyət, böyük lider kimi ucalmasını təmin etdi. İnsanlığın və liderliyin zirvəsinə çatan Heydər Əliyev onu dünyaya bəxş edən millətini də ucaltdı, Azərbaycan dövlətinə ölməzlik bəxş etdi, ölkəmizi dünya ölkələri arasında sayılanlar sırasına qaldırdı.

Kimdir dahi liderlər? Zaman anlamında ən uzağı görən, hamıdan yaxşı duyan, hamıdan tez və doğru qərar verən, özünə və ideyasına inam yaradan, uğur qazanacağına ümidini itirməyən, həyatının fəaliyyət prioritetini dəqiq müəyyənləşdirən insanlar. Bu baxımdan liderliyin Heydər Əliyev zirvəsi daha möhtəşəm, daha əzəmətli, daha qüdrətli və daha çoxsahəlidir.

Dünya sosioloqları liderlik üçün 21 inkarolunmaz qanunu qəbul edirlər. Bu qanunların ən birincisi və ən vacibi «Yuxarı hədd» qanunudur. Liderlərin yaratdıqları təsir mühitinin yaşamlı, güclü və davamlı olmasını təmin edən isə 21-ci varislik qanunudur.

«Yuxarı hədd» qanunu insanın dünyaya gəlişi zamanı onun genetik kodlaşdırılmış liderlik potensialı ilə əlaqədardır. Bu potensialı zəif olan insanlar digər 20 qanunun tələblərinə az-çox uyğun inkişaf etsələr də, lider ola bilmirlər. Dahilərdə isə bu potensial olduqca güclüdür. Və belə insanlarda liderliyə ucalmaq imkanları çox böyükdür. Heydər Əliyev şəxsiyyətində «Yuxarı hədd» qanununa uyğunluq genetik olaraq çox yüksək olmuşdur. Bu faktor onun dahilik zirvəsinə ucalmasına imkan verən təməl daşıdır.

Heydər Əliyev dünya tarixini çox gözəl bilirdi. O bilirdi ki, dünyanın bir çox böyük liderlərinin yaratdıqları nə üçün inkişaf etmədi, tənəzzülə uğradı və nəhayət, süqut etdi. O bilirdi ki, bu süqutun əsl səbəbi həmin liderlərin zamanında layiqli varislər hazırlamamasındadır. 1500 il əvvəl məşhur Attila demişdir ki, dövlət başçısının xalqını bir an da olsa, başsız qoymağa haqqı yoxdur. Bu yalnız o zaman olur ki, liderlər zamanında özlərinə layiqli varislər yetişdirmirlər. Heydər Əliyev bunu zamanında etdi və İlham Əliyevin simasında özünə layiqli varis, onun qurub-yaratmaq, xalqını, dövlətini ucaltmaq işini davam etdirən ləyaqətli, ağıllı, zamanında və doğru qərarlar verən, dünya siyasi arenasında öz müstəqil sözünü deyə bilən, sadəliyi ilə xalqının və dünyanın sevimlisinə çevrilən lider yetişdirdi.

Mən 2004-cü ildə dahi şəxsiyyət Heydər Əliyev haqqında «Liderlik fəlsəfəsi» adlı kitab yazdım, onu dünyanın böyük şəxsiyyətləri ilə müqayisə etdim və onun daha böyük zirvə olduğunu göstərdim. Hesab edirəm ki, «Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri» kitabında ən layiqli yerlərdən biri, məhz Heydər Əliyevə məxsusdur. O, əlçatmaz, uca zirvədir. Onun həyat dərsləri ucalmaq, yaddaşlarda qalmaq istəyən hər bir insan üçün çox böyük örnəkdir.

 

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.

1938-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda oxumuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirmək imkanı verməmişdir. Qeyd edək ki, Heydər Əliyev bu institutun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alırdı. 1941-ci ildə o, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına işləməyə göndərilir. Orada Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarlar Sovetində şöbə müdiri vəzifəsində işləmiş, 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.

1949-cu ilin mayından 1950-ci ilin iyul ayına qədər Leninqrad şəhərində (indiki Sankt-Peterburq) Ali Təhlükəsizlik Məktəbində oxumuş və oranı əla qiymətlərlə bitirmişdir.

Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildən 1967-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində işləmişdir.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi və 1982-ci ilə qədər Azərbaycan Respublikasına rəhbərlik etdi. Bu dövr XX əsr Azərbaycanının tarixində hərtərəfli inkişaf, tarixi keçmişini, mədəniyyətini özünəqaytarma, gələcək böyük uğurların təməlqoyma dövrü oldu.

Heydər Əliyev xalqın gələcək firavan həyatı, mənəvi zənginləşməsi üçün çoxistiqamətli və strateji əhəmiyyətli layihələrin ideyasını irəli sürdü, onların icra mexanizminin yaradılması və işə düşməsi üçün olduqca münbit şərait yaratdı, bu ideyaların reallaşmasını daim diqqət mərkəzində saxladı. Çox böyük əhəmiyyət kəsb edən əsas işlərin bir neçəsini qeyd etməyi vacib sayıram.

Heydər Əliyev ilk dəfə hakimiyyətə gələndə ölkədə orta məktəblərin sayı az idi. Məktəblər, əsasən ibtidai və səkkizillik təhsil verirdi. Ucqar kəndlərdə vəziyyət daha ağır idi. Bir-birindən uzaqda yerləşən kəndlərdə orta məktəblərin olmaması gənclərin, xüsusən də qızların sonrakı təhsildən kənarda qalmasına səbəb olur, nəticədə ölkədə təhsilin inkişafını ləngidirdi. Heydər Əliyev yaxşı bilirdi ki, təhsili olmayan millətin gələcəyi yoxdur. Odur ki, qısa müddətdə yüzlərlə məktəbin statusunun dəyişməsi tapşırığını verdi, qısa vaxtda ümumtəhsil məktəblərinin sayı təxminən iki dəfə artdı. Bu, ümumi təhsil sahəsində inkişafa təkan verən ən böyük və zamanında atılmış addım idi.

Ulu öndər ölkənin on illər sonrakı inkişaf strategiyasını hazırlayarkən ixtisaslı kadrlara böyük ehtiyac yaranacağını görürdü. Hər sahədə olduğu kimi, bu sahədə də onun uzaqgörənliyi öz bəhrəsini ver- di. 1965-1975-ci illərdə ali məktəblərin sayı 12-dən 17-yə, fakültələrin sayı 105-dən 136-ya, kafedraların sayı 480-dən 530-a çatdırıldı. Bu, Azərbaycanın gələcəyi üçün vacib ixtisaslar üzrə mütəxəssis hazırlığına, sənayeni, kənd təsərrüfatını, dövlət idarəçiliyini sürətlə inkişaf etdirməyə imkan verən ən böyük amil idi.

Heydər Əliyev ölkəmizi keçmiş SSRİ məkanında və gələcəkdə dünyada ləyaqətlə təmsil edəcək böyük ziyalı ordusunun hazırlanmasına böyük önəm verirdi. Burada dil faktoru əsas ləngidici faktor idi. Bu səbəbdən də Heydər Əliyev rus dilinin və digər xarici dillərin öyrənilməsini də vacib amillərdən hesab edirdi. Məhz Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci mərhələsində dünyanın 170-dən çox ali məktəbində təhsil almaq üçün 15400-dən çox gənc seçilmiş və göndərilmişdir. Bu, XX əsr Azərbaycan tarixinin ən böyük layihələrindən idi. Belə ki, bu gənclər yüksəkixtisaslı mütəxəssis kimi Vətənə xidmət etməklə yanaşı, onun beynəlxalq əlaqələrinin inkişafında, xaricdə Azərbaycanın ziyalı lobbisinin yaranması işində də aparıcı rol oynadılar. Bu iş böyük siyasətçinin, müdrik insanın ölkənin gələcək inkişafına əvəzolunmaz töhfəsi idi.

Hakimiyyətinin birinci mərhələsində Heydər Əliyev xalqın tarixi keçmişini, mədəniyyətini özünə qaytardı. Digər xalqların, bütün dünyanın bu tarixə və mədəniyyətə hörmətlə yanaşmasını təmin etdi.
O, Azərbaycanın dahi şairləri Nizami, Füzuli və Nəsimini yenidən, layiq olduqları ucalıqda dünyaya tanıtdı, «Dədə Qorqud»u yenidən müdriklik zirvəsinə qaldırdı. Onların yubileylərinin dünyamiqyaslı hadisələr kimi qeyd olunmasına nail oldu. Belə ki, 1973-cü ildə Nəsiminin 600 illik, 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyləri qeyd edildi. «Dədə Qorqud»un 1300 illik yubileyini əsl təntənəyə çevirdi.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mənəviyyata, tarixi keçmişə, mədəniyyətə, ziyalılığa, təhsilə və elmə çox böyük önəm vermişdir. Bu fikirlərin təsdiqi kimi onun müxtəlif dövrlərdəki çıxışlarından bir sıra sitatlara nəzər salaq:

«Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir».

«Öz ana dilini bilməyən adamlar şikəst adamlardır».

«Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik».

«...Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur».

«Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir».

«Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir».

«...Məlumdur ki, biz 70 il kommunist ideologiyasının təsiri altında tərbiyələnərək dinimizdən və dinin bizə verdiyi mənəvi dəyərlərdən məhrum olmuşuq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xüsusən dinin qadağan olunması və dinin təhrif edilməsi olmuşdur. Ancaq, eyni zamanda bu tarix onu göstərir ki, din, o cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər qüdrətə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi».

«İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz İslam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və dünyada inkişafa, sülhün, əmin-amanlığın yaranmasına həmişə xidmət etmişdir».

«...Din, xüsusən bizim İslam dini çoxəsrlik tarixi boyu özündə elə xüsusiyyətlər formalaşdırmışdır ki, bizim üçün müqəddəs olan «Qurani-Kərim», Həzrəti Məhəmməd Peyğəmbərin müsəlmanlara göstərdiyi yol və verdiyi tövsiyələr insanların daxili mənəviyyatına o qədər uyğun olmuşdur ki, insanlar üçün o qədər faydalı olmuşdur və insanların həyatında o qədər səadətə çatdırmışdır ki, bu adət-ənənələr, bu dini qanun-qaydalar nəsildən-nəslə yaşamış və heç bir məhdudiyyət bunun qarşısını ala bilməmişdir».

«Demokratiya yüksək mədəniyyət deməkdir. Demokratiya yüksək mənəviyyat deməkdir. Bu yüksək mənəviyyatı, yüksək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında yaşatmaq üçün, gənc nəsli bu əsaslarda tərbiyələndirmək üçün İslam dininin mənəvi dəyərləri çox gərəklidir».

«Mən həmişə xalqa xidmət etmişəm. Mən əməlisaleh adam olmuşam. Bu gün də bu yolla gedirəm. Ona görə də öz xalqımın yolunda həyatımın son dəqiqəsinə qədər xidmət edəcəyəm və heç vaxt heç şey məni qorxutmayıb, çəkindirməyib. Əgər hansısa namərd gülləsi məni məhv edə bilərsə, mən də Azərbaycan xalqının yolunda həlak olmuş şəhidlərin biri olacağam. Ancaq əminəm ki, böyük cənabi Allah məni indiyə qədər hifz etdiyi kimi, qoruduğu kimi, bundan sonra da hifz edəcək, qoruyacaqdır və mən Azərbaycan xalqı üçün öz xidmətlərimi bundan sonra da göstərəcəyəm».

«Bilirsiniz ki, istedadlı adamlar həmişə qəribə olurlar. Onlar adi deyillər, adi olsalar, istedadlı ola bilməzlər. İstedadlı olanların hər birinin özünəməxsus xüsusiyyəti var. Mənim kimi siyasət adamı, respublikaya rəhbərlik edən adam gərək hərənin öz dilini bilsin. Hərəni öz dili ilə danışdırsın. Çalışsın ki, münasibətlər yaxşı olsun».

«Şübhəsiz ki, bütün elmlər cəmiyyət üçün, xalq üçün, bəşər üçün əhəmiyyətlidir. Amma siyasət elmi, deyə bilərəm ki, ən çətin bir sahədir. Siyasət sahəsində fəaliyyət göstərmək, həm də bu sahədə nailiyyətlər əldə etmək, siyasətin elmi əsaslarını mənimsəmək və siyasəti bu əsaslar üzərində aparmaq böyük məharət, böyük fitri istedad tələb edir».

«Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər də, ali məktəblər də inkişaf etməlidir. Ancaq bunlarda qayda-qanun olmalıdır. Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün istiqamətləri inkişaf edəcəkdir».

 

HEYDƏR ƏLİYEV liderliyinin obyektiv qanunauyğunluqları

Dünya sosioloqlarının fikrincə, liderləri üç qrupa bölmək olar:

Cəmiyyətdə böhranlar, təlatümlər, kataklizmlər zamanı meydana çıxan liderlər. Bu liderlərin meydana çıxmasında təsadüflərin rolu çox böyükdür. Digər tərəfdən əksər vaxtlarda belə insanlar həqiqi liderlik keyfiyyətinə malik olmurlar. Ümumi liderlər içərisində onların sayı 5%-dən çox olmur. 10% liderlər təbiətən liderlik keyfiyyətinə malik olur, başqa sözlə, genetik olaraq dünyaya yüksək liderlik potensialı ilə gəlirlər. Onların yaşadığı mühit, tarixi şərait imkan verdikdə bu potensial üzə çıxır, liderlik keyfiyyətləri inkişaf edir və belə liderlər üçün dahilik zirvəsi yaranır.

Qalan 85% liderlər qeyd olunan 10% liderlərin təsiri ilə yaranır. Çox böyük qürur hissi ilə qeyd edirik ki, dünya şöhrətli siyasətçi, dünyanın idarəçilik mühitinə zamanında və olduqca güclü təsir edə bilmiş, dünyanın böyük siyasətində öz sözünü deyə bilmiş Heydər Əliyev dahi liderlərin sırasında ən uca zirvələrdən birindədir.

Heydər Əliyev şəxsiyyətində liderliyin 21 qanununun bütün tələbləri yüksək səviyyədə ödənilirdi. Məhz bu səbəbdən də o, ən uca zirvə idi. Hesab edirik ki, onun şəxsiyyətinin hər bir qanunauyğunluğuna aid dəlilləri oxuculara təqdim etmək çox vacibdir. Belə olan halda, oxucu özü Heydər Əliyev şəxsiyyətinin liderlik zirvəsini bir daha görə və təsdiq edə bilər.

Yuxarı hədd qanunu

Liderlik fəaliyyəti hədd olub, insanın səmərəlilik səviyyəsini müəyyən edir.

Dünyaya yüksək liderlik qabiliyyəti (potensialı) ilə gələn, hər an çalışmaqla liderlik qabiliyyətini daha da yüksəldən, zaman anlamında hamının gördüyündən çox uzaq görən, başqalarına nəzərən daha öncə hiss edən, dünyanın liderləri sırasında ən yüksək zirvələrdən birində duran Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldi və qısa müddətdə onun təhsilini, elmini, mədəniyyətini, sənayesini, kənd təsərrüfatını inkişaf etdirdi. O, Azərbaycanın qədim tarixini olduğu kimi dünyaya çatdırmaqla öz xalqının ululuğunu, böyük inkişaf yolu keçdiyini sübut etdi, millətinin dünyaya yüzlərlə dahi verdiyini göstərməklə bütün dünyanı öz xalqına hörmət etməyə, ona ehtiramla yanaşmağa məcbur etdi.

Heydər Əliyev liderliyində təsir qanunu

Əgər insan təsir etmək qabiliyyətinə malik deyilsə, başqalarını öz ardınca apara bilməz. Liderin təsir gücü yüksək olduqca onun lider kimi uğurları da, ardıcıllarının sayı da çoxalır. Azərbaycana 30 ildən çox müddətdə rəhbərlik edən, onu yüksək inkişaf zirvəsinə çatdıran ümummilli liderimiz Heydər Əliyevin dünyanın liderləri arasında xüsusi yeri var. Onun lider kimi cəmiyyətə və dünyaya təsiri çox güclü idi. Heydər Əliyev xalqının, ölkəsinin, dünyanın tarixini çox gözəl bilirdi. O bilirdi ki, hər bir xalq kimi Azərbaycan xalqı da öz tarixi keçmişini, mədəniyyətini çox sevir. Lakin XX əsrin 60-cı illərində bu sahədə ciddi unutqanlıq vardı. Heydər Əliyev tarixi qərarları ilə milli mənəvi dəyərlərimizin qorunmasına nail oldu, mədəniyyətimizin, incəsənətimizin çiçəklənməsinə rəvac verdi. Dünya şöhrətli alim, bəstəkar və sənətkarların yetişməsi üçün əvvəllər olmayan şəraiti yaratdı, onların qayğısına qaldı, hər kəsi yaşayıb-yaratmağa həvəsləndirdi. Bu, xalqın keçmişi ilə bağlı hislərinin oyanmasına da güclü təsir etdi.

Hələ keçən əsrin 70-ci illərində rüşvətxorluğa qarşı amansız müba- rizə elan etməklə gəncliyin əqidəsinə müsbət təsir etdi, onları ədalətli olmağa yönəltdi. İstedadlı gənclərin dünyanın aparıcı elm və təhsil ocaqlarında təhsil almasına nail olmaqla Azərbaycanın ixtisaslı kadrlarla təminatı işini uğurla təşkil etdi, həm də xaricdə Azərbaycanın ziyalı lobbisinin formalaşması məsələsini həll etmiş oldu. Bu isə həmin ölkələrin Azərbaycana olan siyasətinə də müsbət təsir göstərdi.

Heydər Əliyevin dünyanın ən fövqəl dövlətlərindən olan SSRİ-nin rəhbərliyinə irəli çəkilməsi də onun lider kimi güclü təsir qabiliyyətinə malik olması ilə bağlı idi. O, SSRİ Nazirlər Soveti sədrinin müavini kimi nəqliyyat, təhsil, səhiyyə sahələrində strateji istiqamətlərin inkişafı və mövcud problemlərin aradan qaldırılması işlərinin təşkili məsələlərinə ümumi rəhbərlik edirdi.

Xarici siyasətin Şərq ölkələrinə aid hissəsi də Heydər Əliyevin nəzarətində idi. O, güclü təsir qabiliyyəti ilə rəhbərlik etdiyi sahələrin inkişafına şərait yaratdı. Onun iş üslubu tabeliyində olanlar tərəfindən birmənalı qəbul olunurdu.

Heydər Əliyevin rəhbərlik etdiyi sahələrdəki uğurların əsas səbəbi də onun şəxsiyyətinin güclü istiqamətləndirici təsiri ilə bağlı idi. O, sadəcə, tapşırıq vermirdi, icra üçün məhdud zaman müddətini müəyyənləşdirmirdi, ayrılmış müddət bitdikdən sonra hazır nəticə istəmirdi. O bilirdi ki, belə idarəçilik üsulu çox qüsurludur və əksər hallarda gözlənilən nəticə alınmadıqda həmin nəticələrin lazımi istiqamətə yönəldilməsi üçün vaxt qalmır. Odur ki, hər bir tapşırdığı işin rəhbərləri ilə sıx əlaqə saxlayır, istiqamətləndirici göstərişlər verir, elə ilk andan səhvlərə yol verilməsini mümkünsüz edir və bütün hallarda nəticələrin müsbət olmasını təmin edən təsir göstərirdi. SSRİ idarəçilik sistemində bu təsir mexanizmi ilk dəfə olaraq, Heydər Əliyev tərəfindən həyata keçirilirdi. Məhz bu uğurlar onun Siyasi Büroda olan bədxahlarını qıcıqlandırırdı. Heydər Əliyevin lider kimi çox güclü təsirini bilən Qorbaçov xoflanır, onun yanında öz cılızlığını hiss edir və qorxurdu. Odur ki, hər vəchlə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışırdı. Lakin Siyasi Büro tarixində Heydər Əliyev ilk şəxsiyyət idi ki, sovet siyasi maşını onu sındıra, əyə, məhv edə bilmədi. Çünki o, hələ 30 il öncə olduqca güclü təsir qabiliyyəti ilə milyonların sevgisini qazanmışdı, onların qəlbində özünə əbədi məskən salmışdı.

Bu böyük təsir gücü 1993-cü ildə onu Azərbaycanda yenidən hakimiyyətə gətirdi. Heydər Əliyev şəxsiyyətinin xalqın yaşam fəlsəfəsinə o qədər güclü təsiri var idi ki, xalq onun şəxsiyyətində özünün yeganə xilaskarını görürdü. Dövlətin dağılma, parçalanma və məhvolma təhlükəsindən qurtuluş yolunu xalq Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində görürdü. Heydər Əliyev şəxsiyyətinin fenomenallığı, müdrikliyi, uzaqgörənliyi, cəsarətliliyi xalqa çox böyük təsir edərək onun şəxsiyyətinə ümumxalq sevgisi yaratmışdı. Məhz bu sevgiyə görə xalq onu yenidən hakimiyyətə dəvət etdi.

Heydər Əliyev 1994-cü ildə atəşkəs haqqında saziş imzalamaqla ölkəni siyasi, iqtisadi və hərbi böhrandan qurtardı, dünyanın Azər- baycana qarşı olan siyasətinə təsir edərək ölkəmizi hərbi təcavüzdən, siyasi təklənmədən azad etdi.

Müdrik, üzaqgörən dövlət xadimi olan Heydər Əliyev 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»ni imzalamaqla dünyanın neft siyasətinə çox güclü təsir etdi və bu siyasət birmənalı şəkildə Xəzər regionuna istiqamətləndi.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında müqaviləni bağlamaqla isə Heydər Əliyev, təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də həm iqtisadi inkişafına zəmin yaratdı, həm də hər bi təhlükəsizliyini təmin etdi. Bu, həmçinin Gürcüstanda yaşayan yüz minlərlə soydaşımızın gələcək firavan həyatının qarantı idi. Bu, xalqın yüz illərlə gözlədiyi, dünya siyasətinə təsiredici və onu dəyişdirici gücə malik Heydər Əliyev şəxsiyyətində liderliyin təsir qanununun təntənəsi idi. İndi haqlı olaraq bu kəmər böyük öndərin adını daşıyır.

Heydər Əliyevin qlobal siyasətə bu uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin dəyişməsinə səbəb oldu.

Qədim İpək Yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işinin təşkili sahəsində Heydər Əliyev şəxsiyyətinin rolu regional yox, dünyəvi xarakter daşıyır. Bu yolun bərpası yüz illərlə Şərq və Qərbin qədim əlaqələrin bərpası sahəsində ən optimal və ən əlverişli vasitədir.

Heydər Əliyev şəxsiyyətinin ucalığı məhz ondadır ki, o, güclü təsir qabiliyyətinə malikdir və məhz bu cəhət insanları, hətta böyük siya- sətçiləri onun ardıcıllarına çevirir. Bu, qarşısıalınmaz, əvəzolunmaz, daima birliyə, inkişafa yönəldən təsirdir.

Heydər Əliyev Allaha inamı, dinə ehtiramı ilə də insanların şüuruna müsbət təsir edərək onları cəhalətə, avamlığa, nadanlığa yox, elmə, həqiqətə söykənən dinə və dünyanın yaradıcısı olan Allaha inama çağırırdı. Bəlkə də, elə bunun müqabilində Allah bu fövqəlbəşər insanı dəfələrlə ölümdən qurtardı.

Heydər Əliyev ölümü ilə də bütün bəşəriyyətə misilsiz lider və rəhbər olduğunu bir daha sübut etdi. Məhz yuxarıda sadaladığımız və qeyd edə bilmədiyimiz digər təsir keyfiyyətlərinin nəticəsi idi ki, dünya Heydər Əliyev itkisini bəşəri itki kimi qəbul etdi, onun ölümü haqqında məlumat bütün dünyanın aparıcı informasiya vasitələrinin baş xəbəri oldu. Rusiya Federasiyasının, Türkiyənin, Ukraynanın prezidentləri, bir sözlə, onlarca ölkənin dövlət rəhbəri Heydər Əliyev ruhunun qarşısında baş əyməyə, onu son mənzilə yola salmağa gəldilər.

Heydər Əliyev şəxsiyyətinin tükənməz təsir qüvvəsinin nəticəsi idi ki, iki milyondan çox insan, o cümlədən bütün Qafqazın Şeyxülislamı, Türkiyənin prezidenti, baş naziri və yüzlərlə xarici qonaq Respublika sarayından (indi onun adını daşıyan Heydər Əliyev sarayı) Fəxri Xiyabana qədər olan 4 yoxuşlu 7 km yolu yorulmadan getdi. Ömründə bu qədər məsafəni birnəfəsə getməyən, həyatları, əsasən avtomobillərdə, təyyarələrdə, oturaq həyat tərzində keçən çoxlarının həmin yolu yorulmadan getməsi, bəlkə də, Heydər Əliyev ruhunun həmin insanlara verdiyi mənəvi gücdə idi?

Heydər Əliyev, sanki, təbiətə də təsir etmişdi. Hamı bilir ki, Bakı küləklər şəhəridir. Burada, ilin 321 günü küləkli keçir. Amma 2003-cü il dekabrın 12-dən 20-ə qədər Bakıda olan insanlar nə gördülər? Küləksiz, günəşli hava. Bakı dekabrı üçün bu, əvvəllər müşahidə olunmayan bir hal idi. Sanki, təbiət də şərait yaradırdı ki, insanlar dünya tarixində silinməz iz qoyan, öz böyük sözünü deyən dahi şəxsiyyətə, ümummilli liderimiz Heydər Əliyevə son borclarını versin. Bu həm də ulu Tanrının öz böyük övladına sevgisinin, məhəbbətinin təzahürü idi. Təbiət yalnız dekabrın 20-də, axşamçağı ağlamağa başladı. Sanki, o, indi kimi itirdiyini dərk edərək qəhərdən boğulan insanların üstünə narın yağış səpələdi.

Heydər Əliyev şəxsiyyəti onu yetirən xalqın yaşam fəlsəfəsinə, mədəni inkişafına çox böyük təsir göstərdi. Onun xalqı isə eyni təsiri bütün dünyaya göstərdi. Dünya tarixində görünməmiş möcüzə baş verdi. Xalq 7 gün fasiləsiz olaraq, öz liderinin, böyük öndərinin məzarını ziyarət etdi və dünyaya məzarıstan ziyarətinin yeni mədəniyyətini öyrətdi: bu, Heydər Əliyev şəxsiyyətinin və onun həmişə fəxr etdiyi Azərbaycan xalqının birlikdə sivilizasiya mədəniyyətinə uğurlu təsirinin nümunəsi idi. Məhz bu təsir ölməzliyi təmin edir.

Heydər Əliyev liderliyində proses qanunu

Liderlik potensialı genetik kodlaşdırılsa da, liderlik bir anda verilmir. Liderlik potensialını əsl liderliyə çevirmək uzunmüddətli prosesdir. Kim lider olmaq istəyirsə, o, hər gün ciddi çalışmalı, lazımi vərdişlərə yiyələnməli, liderlik qabiliyyətini inkişaf etdirməlidir.

Lider olmaq istəyən hər kəs aşağıdakı dörd mərhələdən keçir:

Birinci mərhələdə insan nəyi bilmədiyini öyrənməlidir.

İkinci mərhələdə insan bilir ki, nəyi bilmir.

Üçüncü mərhələ isə inkişaf etdiyini, çox şeyi bildiyini anlamaqdır ki, bu da öz səmərəsini verir.

Dördüncü mərhələdə lider, sadəcə, bildiyini istifadə edir.

Liderlik keyfiyyəti bir gündə qazanılmır, bunun üçün bütöv bir ömür lazımdır. Heydər Əliyev şəxsiyyətində yüksək liderlik potensialı genetik kodlaşdırılsa da, o, liderliyin zirvəsinə ucalmaq üçün daim öz üzərində çalışmışdır. Tələbəlik illərində yalnız əla qiymətlərlə oxuması, müxtəlif vəzifələrdə olanda fiziki və əqli inkişafına diqqət yetirməsi, yüksək səviyyəli natiqlik mədəniyyətinə yiyələnməsi üçün öz üzərində ciddi çalışması, iradəsini möhkəmlətməsi, gərgin psixoloji vəziyyətlərə dözümlülük formalaşdırması onu liderliyə aparan prosesin sonunda uca zirvəyə qaldırdı, ona dahilik zirvəsi bəxş etdi. Bu şəxsi nümunə liderliyə ucalmaq istəyən hər bir kəs üçün ən gözəl örnəkdir. Əgər bu gün dünya Heydər Əliyev natiqliyinin əlçatmazlığından danışırsa, bu əlçatmazlığın səbəbi kimi uzunmüddətli, yüksələn xətt üzrə hazırlıq prosesinin olması unudulmamalıdır.

Heydər Əliyev liderliyində naviqasiya qanunu

Liderliyin əsas qanunları içərisində naviqasiya qanunu xüsusi əhəmiyyətə malikdir. Bu, liderin zaman anlamında uzaqgörəniyi ilə əlaqədardır. Əsl lider zaman anlamında ən uzağı görən, başqalarının görə bildiyindən daha çox görən, başqalarından daha tez hiss edən insandır. Dahi liderlər öz ardıcıllarını elə istiqamətləndirirlər ki, onların komandası uğursuzluğa düçar olmasın və ən vacibi də odur ki, fəlakətə uğramasın.

Okeanda və dar boğazlarda üzən gəmilərin idarə olunmasının fərqli olduğunu yada salın. Məhz çətin şəraitlərdə, ekstremal vəziyyətlərdə, dar keçidlərdə gəmi sükanı yalnız gəmi kapitanının idarəsində olur. Bunun alternativi yoxdur. Çünki kapitan bu şəraitlərdən çıxmaq yolunu hamıdan yaxşı bilir. Ölkəmizin 1993-cü ildəki vəziyyətini xatırlayın. O dövrdə Azərbaycan adlı bir gəminin dünyanın sivilizasiya okeanındakı qeyri-müəyyən, istiqamətlənməmiş, batmaq təhlükəsində olan vəziyyətini yada salın. Bu gəminin sükanını hər kəs fırladırdı, amma boş-boşuna. Hətta o dövrdə ölkəyə rəhbərlik səlahiyyətlərini öz əllərinə almış, lakin işə gücləri çatmayan insanlar da gəmini hara istiqamətləndirməyi bilmirdilər. Gəmi idarəolunmaz vəziyyətdə idi, onun qayalara çırpılmış gövdəsində ciddi zədələr, çatlar əmələ gəlmişdi. Onun dağılmaq, batmaq təhlükəsi yaranmışdı. Belə bir vəziyyətdə bu gəminin sərnişinləri - bütün xalq naviqatora - istiqamətləndirici liderə daha çox ehtiyac hiss edirdi. Və xalq qərarını verdi. O bilirdi ki, bu gəmini batmaq təhlükəsindən xilas edəcək yeganə şəxs Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycan adlı gəmini xilas etdi, onu böyük ustalıqla sahilə yönəltdi, onun zədələrini, çatlarını aradan qaldırdı, texniki imkanlarını artırdı, təhlükəsizlik parametrlərini gücləndirdi. Bu gəminin sərnişinlərinin yaşamaq, yaratmaq əzmini artırdı, onların qorxu hissini yox etdi və yenidən dünya sivilizasiya okeanında inkişafa istiqamətlənmiş hərəkətini təşkil etdi. Bu hərəkət yüz illər boyu uğurlu yol istiqamətidir. Eyni zamanda indi Azərbaycan adlı gəmi tək deyil. O, böyük, bir-birilə möhkəm əlaqə saxlayan, çətin anlarda bir-birinə köməklik göstərən gəmilər dəstəsində layiqli yerdə olmaqla məharətlə üzür. Bu, naviqatorun, istiqamətləndiricinin böyüklüyünə, liderlik bacarığına dəlalət edir.

Heydər Əliyev uzaqgörənliyini, istiqamətləndiricilik məharətini təsdiq edən bir neçə məqamı da oxucuların diqqətinə çatdırmağı vacib sayıram:

  • Xalqın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, böyük tarixi şəxsiyyətlərinə hörmət və ehtiram prinsiplərini dövlət idarəçiliyinə gətirməklə xalqı mənəvi dəyərlərə hörmətə istiqamətləndirdi, bu da müstəqillik illərində öz bəhrəsini verməkdədir;
  • Keçən əsrin 70-ci illərində yüzlərlə ibtidai və natamam orta mək- təblərin statusunu dəyişməklə təhsildə inqilabi inkişafa təminat yaratmaq;
  • Kənd təsərrüfatında texnikadan istifadəni yüksək səviyyəyə çatdırmaqla ağır əl əməyini yüngülləşdirmək və məhsul istehsalının güclü artımına nail olmaq;
  • Ali məktəblərin sayını 12-dən 17-ə, fakültələrin sayını 105-dən 136-ya, kafedraların sayını 480-dən 530-a çatdırmaqla ölkəyə vacib olan ixtisaslı kadrların hazırlığı işini təşkil etmək;
  • Ölkənin sənaye infrastrukturunun çoxistiqamətliliyini təşkil etməklə gələcək suveren dövlətin güclü olmasına təminat yaratmaq;
  • «Əsrin müqaviləsi»nə zamanında imza atmaqla ölkənin gələcək inkişafını və təhlükəsizliyini təmin etmək;
  • 1994-cü ildə atəşkəs haqqında sazişə imza atmaqla həmin dövrdə təklənmiş, iqtisadiyatı dağılmış, ordusu gücsüz olan ölkəni sonrakı fəlakətlərdən xilas etmək və s.

Xalq o vaxt xoşbəxt və firavan yaşayır ki, onun rəhbərində istiqamətləndirmə qabiliyyəti güclüdür. Heydər Əliyev şəxsiyyətinin istiqamətləndirici gücü bütün liderlər üçün gözəl nümunə ola bilər.

Heydər Əliyev liderliyində E.F.Xatton qanunu

Bu qanun liderlərin yüksək nitq mədəniyyətinə, natiqlik bacarığına malik olmasını, ideyalarını ardıcıllarına dəqiq fikirlərlə çatdırmağı tələb edir. E.F.Xatton danışarkən insanlar həmişə ona qulaq asıb. Dahi liderlərin ən böyük silahlarından biri onların nitqidir.

Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev böyük natiqlik məktəbi idi. O, hər dəfə danışanda insanlar saatlarla ona qulaq asmaqdan yorulmurdular. Nə üçün? Çünki o, həqiqi lider idi. Həqiqi liderə isə insanlar həmişə qulaq asırlar.

«Qabusnamə»də yazılıb ki, sənətlər içərisində ən gözəl sənət danışmağı bacarmaqdır. Platon deyib: «Natiqlik məharəti ağılları fəth etmək məharətidir». Plutarx isə demişdir: «Nitqin gücü az sözlə çox şeyi ifadə etmək bacarığındadır». Ə.Xaqaninin isə qənaəti belədir: «Qızılın əyarını məhək, sözün qiymətini isə söz sərrafı bilər». Əsrlərin, min illərin o üzündən gələn bu qiymətli fikirləri məhz Heydər Əliyevə ünvanlamaq olar, ona aid etmək olar. O, öz təfəkkürü və nitqi ilə ağılları fəth edirdi. O, öz nitq mədəniyyəti ilə etalona çevrilmişdi. O, öz danışıq tərzi ilə natiqliyin uca zirvəsinin necə olduğunu göstərirdi. O, nitqinin səlisliyi, sistemli, ardıcıl, məntiqli olması, habelə səsinin tembri, diksiyası, intonasiyası, hətta üz cizgiləri, mimikası ilə də auditoriyanı valeh edirdi. O, danışanda dilin bütün incəliklərinə bələd olan, uzun illər natiqlik, nitq mədəniyyətindən dərs verən mahir bir dilçi alim kimi çıxış edirdi. Onun nitqlərində hər şey yerli-yerində idi. Bu nitqlər mükəmməl, ka.mil bir nitq idi. Heydər Əliyev öz ana dilini çox sevirdi, bu dildə çox gözəl danışırdı.

Ana dilinin qorunması və inkişafı üçün zamanında doğru qərarlar vermişdi. Dil xalqın mənəvi dəyərlərinin keyfiyyət göstəricisidir. Məhz Heydər Əliyev öz müdrik qərarları ilə yanaşı, sanki, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir alim, böyük bir mütəfəkkir idi.

Heydər Əliyev dahi lider olaraq hərtərəfli, zəngin biliyə, yaddaşa, analitik təfəkkürə malik idi. Odur ki, o,   tarixçilərin, musiqiçilərin, yazıçı və şairlərin, fiziklərin, kimyaçıların və s. yubileylərində həmin sənət sahiblərinə aid sahələrin mahir bilicisi kimi danışırdı.

Nitqlərində elə yeni məlumatlar söyləyirdi ki, hətta öz sənətinin ustaları da buna heyran qalırdılar. Onun saatlarla çıxışı auditoriyanı yormurdu. Çünki o, nitq söyləməyin bütün sirlərini ən yüksək səviyyədə bilirdi. Yorucu danışmırdı. Nitqində yeknəsəqlik yox idi. Heydər Əliyev nitq söylədiyi auditoriya ilə birbaşa əlaqə, təmas yarada bilirdi. Sanki, auditoriyadakı hər bir kəslə ayrı-ayrılıqda danışırdı.

Heydər Əliyev liderliyində dayaq qanunu

Liderin öz liderliyini saxlaya və möhkəmləndirə bilməsi üçün təmasda olduğu insanların inamını qazanması vacibdir. İnam liderliyin fundamentidir. İnsanlar ancaq güclü xarakterə malik liderlərə inanırlar. Həmin liderlər başqalarının da qabiliyyətlərinin üzə çıxmasına şərait yaradırlar. Bütün bunlar liderin tərəfdaşlarının təkcə gələcəyə yox, həm də özlərinə, işlədikləri kollektivə inamını artırır.

Heydər Əliyev şəxsiyyətində güclü inam yaratmaq qabiliyyəti formalaşmışdı. O bütün danışıqlarında dəqiq, səmimi və sözündə bütöv idi. Nəinki sadə xalq, təmasda olduğu dünya liderləri də onun dəqiqliyinə, səmimiliyinə inanırdı. Məhz bu inam onun böyük siyasətinə uğur qazandırdı. Heydər Əliyev xalqına, xalq da öz müdrik oğluna inanırdı. Məhz bu inam 1993-cü ildə Naxçıvandan Bakıya gələrək silahlı qruplaşmaların qarşısını silahsız almaqda ona kömək etdi. Əlləri silahlı qruplar da yaxşı bilirdilər ki, xalq Heydər Əliyevə o qədər inanır, onu o qədər sevir ki, onu cismani məhv etmək həmin qrupların özlərinin məhvinə səbəb ola bilər. Xalq inanırdı ki, yalnız Heydər Əliyev dövləti dağılmaqdan və parçalanmaqdan xilas edə bilər. Heydər Əliyev də xalqının ona dəstək olacağına inanırdı. Məhz bu qarşılıqlı inam onun bütün fəaliyyətində uğurlu nəticələrin əsas səbəbi idi. Digər tərəfdən o, dünyanın super dövlətlərinin liderlərini də inandırmaq gücündə idi. Bu inamın nəticəsi idi ki, «Əsrin müqaviləsi», Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilişi haqqında sazişlər imzalandı, Azərbaycana dünyanın ən varlı şirkətləri tərəfindən investisiyalar qoyuldu. Artıq bu inam öz bəhrəsini verir. Dünya böyük Heydər Əliyev siyasətinin uğurlu davamına inandığı üçün bu gün də Azərbaycanı dəstəkləyir.

Heydər Əliyev liderliyində hörmət qanunu

İnsanlar heç vaxt başqalarının ardınca təsadüfən getmirlər. Onlar liderliyinə hörmət etdikləri şəxslərin ardınca gedirlər. Böyük liderlik qabiliyyətinə malik olan şəxslər başqalarında bu imkanın olub-olmamağını tez müəyyənləşdirə bilirlər. Elə bir məqam gəlir ki, qrupa daxil olanların hamısı vahid halda birləşərək ən qüvvətli liderin arxasınca gedir.

Heydər Əliyev şəxsiyyətinə, onun idarəçilik prinsiplərinə, xarici siyasətinə, ölkənin gələcək taleyi haqqında fikirlərinə çox böyük hörmət 1993-cü ildə xalqı xaosdan xilas etmək üçün məhz onun dəvət olunmasının başlıca səbəbi idi. Heydər Əliyev şəxsiyyətinə ən ali hörmət var idi. Ölkədə belə hörmətə malik ikinci bir şəxs yox idi. Heydər Əliyevin böyüklüyü də onda idi ki, hələ birinci dəfə Azərbaycana rəhbərlik etdiyi və SSRİ-nin rəhbərlərindən biri olduğu dövrdə xalqının, bütün SSRİ-nin və dünyanın aparıcı siyasət adamlarının hörmətini qazanmışdı. Şəxsiyyətə bu hörmət bir coğrafi məkana, bir ölkənin sərhədlərinə, hətta dünyanın hansısa bir bölgəsinin hüdudlarına sığmayan hörmət idi. Bu, əslində dünyəvi bir hörmət idi. Heydər Əliyev liderliyinin bütün uğurlarında dünyəvi hörmətin çox böyük rolu var idi.

Heydər Əliyev liderliyində intuisiya qanunu

Özünün liderlik intuisiyasının köməyi ilə lider hər şeyi liderlik prizmasından qiymətləndirir. Lider istənilən gözlənilməz vəziyyətlərdə başqalarının gözündən yayınan detalları sezə bilir. Həqiqi liderlər dəyişmələr küləyinin istiqamətini duymaq qabiliyyətinə malik olurlar. Nəzərə alsaq ki, eyni zamanda eyni proseslərlə bağlı müxtəlif, çoxistiqamətli və əksər hallarda gizli proseslər (əsasən böyük siyasətdə) gedir, onda intuisiyanın lider üçün çox vacib silah olduğunu yəqin edərik.

Heydər Əliyev şəxsiyyətinin intuisiyası olduqca güclü idi. O, təkcə Azərbaycan, Qafqaz, hətta Şərq üçün yox, bütövlükdə dünya üçün qurulan siyasi şahmat oyununun yaradıcılarını və bu oyunun könüllü və məcburi oyunçularını hiss edirdi, onların nələri planlaşdırdığını çox hallarda onların özlərindən yaxşı bilirdi. Güclü analitik təfəkkürü, möhkəm yaddaşı, geniş informasiya bazası, uzun illər ərzində təmasda olduğu insanların siyasi kurslarının istiqamətlərini bilməsi bu işdə ona kömək edirdi.

Heydər Əliyev liderliyində maqnetizm qanunu

Yaxşı lider həmişə yaxşı adamları axtarır. Ətrafınızda kimlərin olmasını sizin istəyiniz müəyyən etmir. Bunu sizin kim olmağınız müəyyən edir.

İnsanları o liderlər cəlb edir ki, onların keyfiyyətləri həmin adamların öz keyfiyyətinə yaxın olsun.

Həyat təcrübəsi də insanların biri-birini qarşılıqlı cəzbetmə sahəsidir.

Heydər Əliyev bir şəxsiyyət kimi, bir lider kimi zəmanəsinin, bütün insanlarının fövqündə idi. O, işgüzar, yaradıcı təfəkkürlü, yorulmaz həyat prioritetini dəqiq və zamanında müəyyən edən bir adam idi. Məhz bu səbəbdən də onun komandasında olub inkişaf etməmək, passivlik göstərmək, bütün sahələrdə aparılan islahatlara biganə qalmaq mümkün deyildi. O özünün güclü maqnetizm təsiri ilə bütün silahdaşlarının quruculuq və inkişaf proseslərində iştirakını, kimya dili ilə desək, katalizləşdirmişdi, yəni aktivləşdirmişdi, sürətləndirmişdi. Bu səbəbdən də bir çox hallarda ağlasığmaz görünən, həlli mümkün sayılmayan ən çətin işləri Heydər Əliyevin yaratdığı idarə sistemi uğurla həyata keçirirdi. O, işlək, daim uğurlara istiqamətlənmiş bir idarəçilik sistemi yaratmışdır ki, bu gün də bu sistem uğurla fəaliyyətdədir.

Heydər Əliyev liderliyində əlaqə qanunu

Əsl liderlər ünsiyyəti sevirlər. Ünsiyyət isə yalnız səmimi söhbətlər və uğurlu nitqlər vasitəsilə yarandıqda daha möhkəm olur. Hamıya məlumdur ki, dünyanın siyasi elitasının ən uca zirvələrindən birində qərar tutan, yüksək natiqlik mədəniyyəti, dinləyicilərin diqqətini özünə cəlb etmək qabiliyyəti ilə də yaddaşlarda qalan mərhum Prezidentimiz Heydər Əliyev ünsiyyət, əlaqə yaratmaq sahəsində çox böyük istedada malik idi. Nitqini dinləyənlər saatlarla diqqətlərini ondan çəkə bilmirdilər. O sanki öz nitqi ilə salonda əyləşən yüzlərlə insanın hər biri ilə əlaqə yaradırdı. Onun nitqini uğurlu edən faktorlardan biri də, məhz bu qabiliyyət idi. Hətta evdə televizor qarşısında əyləşib onun çıxışına qulaq asanlar da Heydər Əliyev natiqliyinin sehrinə düşürdü və sona qədər bu sehrdən qurtara bilmirdi. Onda insanları inandırmaq, nitqində səmimi olmaq, emosionallığı yetərincə təmin etmək, intuitiv olaraq salonun ab-havasını duymaq məharəti çox güclü idi. Heydər Əliyev həmişə insanlarla təmas yaradır, onlarla ünsiyyətdə olur, xüsusən də mətbuat nümayəndələri ilə isti münasibətlər qururdu. Ölümündən sonra bu böyük insanın həyatının və işinin geniş kütlələrə məlum olmayan bəzi məqamları televiziya ekranlarında açıqlandı. ANS kanalında jurnalistlərlə bağlı bir maraqlı süjet göstərildi. Heydər Əliyev Türkiyədə səfərdə olarkən İstanbulda tanınmış bir siyasi xadimi qəbul etməyə hazırlaşırmış və qonaq üzrlü səbəbdən protakolda nəzərdə tutulmuş vaxtdan yarım saat gec gələsi olur. Ekranda həmin məqamı göstərirdilər. Prezident qeyd etdi ki, yarım saat nə edəcəyimi fikirləşdim və köməkçilərimə dedim ki, jurnalistləri çağırın, onlarla söhbətim var. O, jurnalistlərlə siyasət, iqtisadiyyat və s. məsələlərdən danışmadı, sadəcə onlarla zarafat etməyə başladı. Səhərlər işə gəlməzdən əvvəl nə etdiklərini, nə yediklərini soruşdu. Çox müxtəlif cavablar verildi və həddən artıq isti münasibətlər yarandı. Nə qədər səmimi bir səhnə idi! Bunu ölkə başçısı, qüdrətli bir dövlət xadimi yaratmışdı! Bu səhnə sanki Prezidentin jurnalistlərlə yox, dünyagörmüş bir el ağsaqqalının öz nəvələri ilə mehriban görüş səhnəsi idi. O, qəflətən jurnalistlərdən Naxçıvan göycəsinin nə olduğunu soruşdu və köməkçilərinə dedi ki, bir boşqab Naxçıvan göycəsi gətirsinlər. O özü jurnalistlərə göycə payladı və yemələrini xahiş etdi. Həmişə prezidenti qarabaqara izləyən, inadkarlığı, cəsarəti, həm də sualları ilə həmkarlarından seçilən gözəl jurnalist Qənirə Paşayeva, sanki göycənin sehrinə düşmüşdü. Adətən, ciddi olan bu xanım gülməkdən özünü saxlaya bilmirdi. Bu görüşün ən uca zirvəsi isə Prezi- dentin göycəni özünəməxsusluqla, ləzzətin yüksək səviyyəsini nümayiş etdirərək yeməsi idi. Sanki o özü də göycənin sehrinə düşmüşdü. Adi vaxtlarda bəzilərinə çox ucuz görünən, həmin ana qədər, ləzzətini bilmədikləri bir neçə göycə Heydər Əliyev məharəti ilə prezident-jurnalist əlaqələrinin möhkəmlənməsinə yardımçı oldu və Azərbaycanın bu gözəl neməti, sanki min illər ərzində özünün ən yüksək qiymətini aldı. 

Heydər Əliyev jurnalistlərə qarşı çox diqqətcil idi. Azərbaycanın tanınmış jurnalistlərindən biri, millət vəkili Qənirə Paşayeva «El» jurnalının 2003-cü il dekabr nömrəsində yazır: «...Heç vaxt Heydər Əliyev qədər mətbuat nümayəndələrinə diqqət yetirən prezidentlə rastlaşmamışam. O, həmişə Azərbaycanda baş verən görüşlərdən sonra bizə yanaşaraq, məmurların eşidə biləcəyi güclü səslə soruşurdu: - Neyləyirsiniz? İşlər yaxşıdır? Nə yeyib-içirsiniz?

Bununla da ətrafına bildirərdi ki, pressaya diqqət vermək lazımdır. Naxçıvan səfərimiz zamanı eşitmişdik ki, cənab Əliyev Batabata dincəlməyə gedəcək. Amma bizsiz... Jurnalistlərdən biri onunla söhbət zamanı soruşdu:

  • Cənab prezident, bizi Köçəryanla görüşə də aparmayacaqlar?

Prezident təəccüblə cavab verdi:

  • Niyə aparmasınlar ki? Siz oradan buraya elə onun üçün gəlmisiniz də.
  • Yox, fikirləşdik ki, Batabata aparmırlarsa, onda bu görüşü izləməyə də qoymayacaqlar.

Nə istədiyimizi dərhal duydu:

  • Mən oraya dincəlməyə gedirəm. Sizi aparmırlar? Narahat olmayın, mənimlə gedərsiniz...

Görüşlərdən kənar vaxtlarda bizimlə çox səmimi söhbətlər edərdi. Xarici səfərlər zamanı isə bu səmimiyyət on qat artardı. Əsəbiləşdiyi vaxtlar da az olmurdu. Ancaq bunu böyük öyüdü kimi qəbul edər, ondan inciməzdik. Çünki onun haqlı olduğuna şübhəmiz qalmazdı».

Həqiqi lider yaxşı başa düşür ki, əvvəlcə, insanların ürəyini ələ almaq lazımdır, ondan sonra insanlar mütləq onun ardınca gedəcəklər. Bu, əlaqə qanunudur. Bütün dahi liderlər bu həqiqəti dərk edir və ona uyğun hərəkət edirlər. Dahi siyasətçi, bənzərsiz şəxsiyyət Heydər Əliyev adamlarla sıx əlaqə qurmaq, onların ürəklərini fəth etmək kimi misilsiz qabiliyyətə malik idi. İnsanlar, sanki duymağı, hiss etməyi, fədakarlığı, bağışlamağı ondan öyrənirdilər.

İnsanlarla sıx əlaqə liderin təkcə bir qrup adamlarla yox, həm də ayrı-ayrı fərdlərlə görüşü zamanı çox vacibdir. Onlar arasında bir fərd kimi əlaqələr nə qədər sıxdırsa, ardıcılın liderə kömək etmək ehtimalı bir o qədər artır. Bu baxımdan, mərhum Prezidentimiz Heydər Əliyevin həyatından daha bir epizodu xatırlamaq yerinə düşür.

2002-ci ildə İstanbulda İslam ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçirildi. Hər dəfə olduğu kimi, bu dəfə də hər ölkədən bir alimə həmin təşkilatın mükafatı təqdim olunurdu. Mükafatları Türkiyənin prezidenti Əhməd Nejdət Sezər təqdim edirdi. Ölkəmizdən bu mükafata dünya şöhrətli alim, Azərbaycanda kimya elminin və sənayesinin inkişafında xüsusi xidmətləri olan akademik Musa İsmayıl oğlu Rüstəmov layiq görüldü. Mükafat alanları yalnız Nejdət Sezər təbrik edirdi. Növbə Musa Rüstəmova çatdı. Akademik mükafatı alandan sonra salona keçdi. Azərbaycan Prezidentinin köməkçilərindən biri Musa müəllimə yaxınlaşaraq cənab Heydər Əliyevin onu dəvət etdiyini söylədi.

Musa Rüstəmov yenidən qayıtdı. Heydər Əliyev yeganə prezident idi ki, həmin gün öz ölkəsinin alimini mükafat alması münasibətilə təbrik edirdi. Heydər Əliyev burada da əlaqə qanununa riayət etdiyini, Vətənin elm xadimlərinə diqqət və qayğı göstərdiyini, onların əməyini yüksək qiymətləndirdiyini nümayiş etdirdi. Sonralar Musa müəllim danışırdı ki, Heydər Əliyevin diqqəti mənə o mükafatdan da çox qiymətli idi. Heydər Əliyevin fəaliyyətində çoxlu sayda belə mə- qamlar var idi və bu, onun həqiqi ardıcıllarının sayını artırır, nəticədə ümumxalq dəstəyinə çevrilirdi.

Çox maraqlıdır ki, bugünkü prezidentimiz, Heydər Əliyevin ləyaqətli varisi, dünya siyasətində artıq öz layiqli yerini tutan İlham Əliyev də bu qanuna sadiqliyini qısa bir zamanda nümayiş etdirdi. Onun 14 fevral 2004-cü il tarixdə imzaladığı fərmanla bir çox görkəmli alimimiz, o cümlədən Musa Rüstəmov «Şöhrət» ordeninə layiq görüldü.

Dahi lider Heydər Əliyevdə ən adi vətəndaşlarla ünsiyyətdə olmaq, sadə insanların könlünü almaq, onları mümkün depressiyalardan qurtarmaq məharəti də var idi. O, hakimiyyətə gəldiyi ilk illərdən camaat arasında olmağa, onların arzu və istəklərini eşitməyə, qayğı və problemlərini öyrənməyə çalışırdı və ömrünün sonuna qədər bu əlaqə üsulundan imtina etmədi. O, Naxçıvana son səfərlərinin birində xəbərdarlıq etmədən xəbərsiz-ətərsiz bazara gəldi, sadə insanların arasında oldu. Bazarın bir küncündə, açıq havada yerləşən çayxanada oturub çay içdi. Bir neçə dəqiqə ərzində kəklikotu çayının ləzzətindən elə şirin-şirin danışdı ki, bütün insanlar bu söhbətin sehrinə düşdülər. Çayçı oğlan, bəlkə də, ömrünün ən unudulmaz anlarını yaşayırdı. Hətta Naxçıvanda işləyən məmurların belə heç vaxt gəlmədiyi və ya oturmaq istəmədiyi bu çayxanada dövlətin prezidenti, dünya şöhrətli siyasətçi Heydər Əliyev əyləşmişdi və onunla səmimi söhbət edirdi. Bu, həqiqi liderə xas olan bir keyfiyyətdir. Məhz xalqla, onun ən sadə nümayəndələri ilə belə ünsiyyət, onları duymaq, onlarla pambıq tarlalarında, üzüm plantasiyalarında, zavodlarda, hətta şəhərdə, küçədə gəzərkən isti, səmimi münasibət yaratmaq məharəti onu xalqa sevdirdi. Heydər Əliyev xalqını ucaltdığı kimi, xalqı da onu ucaltdı.

Prezident İlham Əliyev də bu prinsiplərə sadiqdir. O, 2004-cü il aprelin 2-də şəhər sakinləri ilə birlikdə «Bakı Soveti» metrostansiyasında qatara minərək «Sahil» stansiyasına qədər sərnişinlərlə söhbət etdi. Sonra Bakı şəhərinin meri Hacıbala Abutalıbovla Nizami küçəsindən Nizami muzeyinə qədər piyada gəzdi, adamlarla söhbət etdi, onların bir neçəsinin problemlərini öyrəndi, kömək üçün şəhər merinə göstəriş verdi. Bu, prezidentin öz xalqı ilə birbaşa əlaqəsinin nümunəsidir.

Dahi liderlərə ayrı-ayrı fərdlərlə, həm də böyük dinləyici qrupu ilə sıx əlaqə yaratmaq qabiliyyəti də xasdır.

Ətrafdakılarla əlaqə yaratmaq işində əsas odur ki, hətta ayrı-ayrı adamlara da müraciət etməlisiniz. Kifayət qədər inkişaf etmiş elə liderlər olur ki, onlar yalnız qarşısında böyük auditoriyanı, yəni həmin məkanda olan insan toplusunu bütöv görür. Bu cür liderlər minlərlə insanın qarşısında çıxış edərkən də onların hər birini ayrıca şəxsiyyət kimi görür. Çoxları geniş auditoriyada çıxışının uğurlu və yaxud uğursuz olmasının əsas səbəbini tapa bilmir. Bunun sirri çox sadədir. Dahi liderlər minlərlə insanla kütlə kimi danışmağa cəhd etmir. Onlar öz fikirlərini sanki bir adamla danışmağa cəmləşdirirlər. Bu, insanlarla əlaqə yaratmağın yeganə yoludur.

Bəzi liderlərdə əlaqə qanunu ilə bağlı problemlər olur. Belə ki, həmin şəxslər düşünürlər ki, əlaqə yaratmaq vəzifəsi ardıcıllara aiddir. Bu, vəzifədə olan liderlərə daha çox xasdır. Onlar çox vaxt düşünürlər: «Mən rəisəm. Mən bu vəzifəni tuturam. Onlar mənim işçilərimdir. Əgər belədirsə, qoy onlar mənim yanıma gəlsinlər». Lakin uğur qazanan liderlər bu işdə təşəbbüsçü olurlar. Onlar başqaları ilə əlaqə yaratmaq üçün ilk addımı özləri atır, sonra isə bu əlaqəni möhkəmləndirməyə çalışırlar. Bu cür hərəkət etmək heç də həmişə asan olmur. Amma bu, bütün təşkilatın uğuru üçün çox əhəmiyyətlidir. Bu yolda nə qədər maneələr olmasına baxmayaraq, lider məhz belə hərəkət etməlidir. İnsanların sizin ardınızca getməsini istəyirsinizsə, onlarla yaxşı münasibət qurulmasının əhəmiyyətini qiymətləndirməlisiniz. Əgər lider öz adamları ilə səmimi və qarşılıqlı əlaqə yarada bilirsə, əməyinin bəhrəsini kollektivinin işində görə bilər. Belə ki, əməkdaşlar arasında inanılmaz loyallıq və qüvvətli iş etikası görəcəksiniz. Liderin çox ciddi çalışqanlığı isə nəticəni daha da uğurlu edir. Əgər həyatınız boyu irəli getmək istəyirsinizsə, başınızdan, başqalarını ardınızca aparmaq üçün isə ürəyinizdən istifadə edin. Əlaqə qanununun mahiyyəti belədir.

Heydər Əliyev liderliyində yaxın ətraf qanunu

Hər bir liderin potensialı onunla sıx əlaqədə olan insanlarla təyin olunur. Əgər ətrafdakılarda ruh yüksəkliyi varsa, onda həmin lider bütün təşkilata güclü təsir edir. Əgər ətrafdakılar zəifdirsə, lider heç nə edə bilməz. Bu da yaxın ətraf qanunu ilə əlaqədardır.

Təbiətən lider olan və ciddi çalışmalar nəticəsində liderlik zirvəsinə ucalanların uğurlarının əsas səbəblərindən biri də onların yaxın ətraf qanununu nəzərə almalarıdır. Bu baxımdan da ümummilli liderimiz Heydər Əliyevin iş təcrübəsi çox gözəl nümunədir. O, bütün rəhbərliyi dövründə ən yüksək dövlət vəzifələrindən tutmuş kiçik müəssisələrin müdirlərinə qədər hər bir işçinin əsl lider kimi yetişməsinə, onların ətrafında işgüzarların olmasına ciddi tələbkarlıq göstərirdi. Son on ildə Azərbaycanın xarici siyasətdə, iqtisadiyyatda və s. sahələrdəki uğurları Heydər Əliyev liderliyi üçün yaxın ətraf qanununun əsas olmasını şərtləndirən amillərdən, bəlkə də, ən birincisidir. Məhz yüksək peşəkarlıq və idarəçilik məharəti ilə təşkil olunmuş yaxın ətraf, yəni bütün dövlət strukturları, hətta mərhum Prezidentimiz Heydər Əliyevin ölkədə olmadığı 7 ay ərzində də öz işlərinin öhdəsindən layiqincə gəldilər, dövlətçiliyi qoruyub saxladılar, ölkədə sabitliyi və onun beynəlxalq nüfuzunun daha da artmasını təmin etdilər, iqtisadiyyatın ritmik işini təşkil etdilər, ən əsası isə respublikamızda prezident seçkisinin dünyanın qəbul etdiyi səviyyədə keçirilməsinə nail oldular. Dövlətin bütün strukturlarında çalışan liderlərin hamısının adını sadalamaq mümkün deyil. Və mən heç kəsi bir-birindən ayırmadan, sadəcə, qeyd etmək istəyirəm ki, dünya şöhrətli lider Heydər Əliyevin böyük ustalıqla yaratdığı dövlət mexanizmi öz funksiyasını ona görə zərgər dəqiqliyi ilə yerinə yetirdi ki, o, yaxın ətraf qanununun tələblərinə uyğun işləyən dövlət strukturu yaratmışdı. İndi bu struktur işini uğurla davam etdirir və burada Heydər Əliyev liderlik məktəbinin ənənələri öz rolunu oynamaqdadır.

Heydər Əliyev həmişə çalışırdı ki, ətrafında ardıcıllar yox, liderlər çox olsun. Çünki yalnız liderlər lider yetişdirə bilər. Heydər Əliyevin müxtəlif peşələr üzrə ünsiyyət saxladığı çoxlu insanlar var idi. Öz peşələri sahəsində lider olan bu insanlar işin daha yaxşı təşkili və zamanında həyata keçirilməsi üçün ölkə başçısına kömək edə bilən böyük qüvvədir. Heydər Əliyev belə bir qaydanı çox gözəl bilirdi: liderlərin köməyi olma- dan böyük uğurlar qazanmaq olmaz. ABŞ-ın prezidenti olmuş Lindon Consonun işləyib hazırladığı on uğur qaydası Heydər Əliyev liderliyinin bütün məqamlarında özünü göstərir.

Yaxşı olar ki, həmin qaydaları yada salaq:

1. Adları yadda saxlamağa çalışın. Bunu bacarmamağınız onu göstərir ki, sizin marağınız tam səmimi deyil.

2. Təmasda olduğunuz insanlara gərginlik yaratmamaq üçün xoşa- gələn insan olun.

3. Sakit olmağa çalışın, onda heç nə sizi özünüzdən çıxarmaz.

4.  Laqeyd olmayın. Ehtiyatlı olun ki, özünüzü hər şeyi bilən şəxs kimi göstərmək istəyinizi hiss etməsinlər.

5. Adamlar üçün maraqlı olun ki, onlar sizinlə təmasda nəsə qiymətli şey görsünlər.

6. Özünüzü öyrənin ki, şəxsi «tikanlarınızdan», o cümlədən varlığını hiss etmədiklərinizdən də azad olasınız.

7. Çalışın ki, bütün anlaşılmazlıqları və inciklikləri aradan qaldıra- sınız. Bütün inciklikləri unudun.

8. Adamlara yaxşı münasibəti praktikada göstərin.

9. Kiminsə uğurunu təbrik etmək üçün həmişə söz tapın, kim ki, kədərlənib və ya ümidsizdirsə, onlara rəğbət göstərin.

10. İnsanlarda mənəvi gücü möhkəmlədin və onlar sizi sevəcəklər.

Heydər Əliyev liderliyində səlahiyyətlərin həvalə olunması qanunu

Yalnız özünə inanan, özünə güvənən liderlər hakimiyyəti başqalarına həvalə edirlər. ABŞ-ın prezidentlərindən biri olmuş Teodor Ruzvelt demişdir: «Ən yaxşı rəhbər odur ki, görmək istədiyi işi yerinə yetirə bilən yaxşı insanları seçmək üçün ağıla, həmin insanlar işi icra edərkən isə onların işinə müdaxilə etməmək iradəsinə malikdir».

Əgər siz daim başqalarına səlahiyyət versəniz və onların inkişafına kömək etsəniz, üstəlik, onlar da sizin işinizi öz üzərlərinə götürsələr, onda siz mütləq kollektiviniz üçün qiymətli olacaq və əvəzolunmaz liderə çevriləcəksiniz.

Özünə güvənən liderlər səlahiyyətlərini də başqalarına əminliklə həvalə edirlər. Ən böyük işləri o vaxt həyata keçirmək olar ki, siz onları başqalarının yaratmasına icazə verirsiniz. Öz səlahiyyətlərini başqalarına etibar etməyin açarı adamlara böyük inamdadır. Başqalarını daha böyük şəxsiyyət etməklə biz özümüz də yüksəlirik.

Səlahiyyətlərin həvalə olunması qanunu Heydər Əliyev şəxsiyyətində də olduqca güclü idi. Onun fəaliyyəti dövründə öz müşahidələrim bunu təsdiq edir. O, hər hansı bir rəsmi müzakirədə hansısa məsələnin həllini tapşırarkən konkret insanların adını çəkməklə, məhz onun həmin işə cavabdehliyini vurğulayırdı. Hər bir konkret işə konkret liderlər məsul edilirdi. Məhz səlahiyyətlərin bu cür tapşırılması həmin şəxslərin öz imkanlarından tam istifadəsinə şərait yaradır və onların lider kimi inkişafına kömək edirdi. Belə iş sistemi Heydər Əliyevin dövlət başçısı kimi bütün planlarının uğurla həyata keçməsinə zəmin yaradırdı.

Heydər Əliyev liderliyində təkrar istehsal qanunu

Liderlər yetişdirmək üçün lider lazımdır. Əksər insanlar tanınmış liderlərin təsiri ilə liderliyə çatırlar. Bu, təkrar istehsal qanununa uyğun olaraq baş verir, yəni lider yetişdirmək üçün lider lazımdır. Əgər ölkənin başçısı dahi liderdirsə, ölkədə çoxlu sayda güclü lider yetişməsinə də əlverişli şərait yaranır.

Ötən əsrin 70-ci illərini xatırlasaq, görərik ki, Heydər Əliyev respublikaya rəhbərliyə gələn kimi liderlərin inkişafına şərait yarandı, ən layiqli insanlara geniş səlahiyyətlər verildi, onların qarşısında ciddi tələblər qoyuldu. Səlahiyyətlərin verilməsi və güclü tələbkarlıq rəhbər insanlarda aktivlik, işə analitik yanaşma, işgüzarlıq, özünə inam və ciddi məsuliyyət formalaşdırdı. Aşağı pillələrdən başlayaraq hər bir liderin işi düzgün və zamanında qiymətləndirildi. Bütün tapşırıqları liderlik prizmasından layiqli yerinə yetirən hər bir lider pillə-pillə irəli çəkildi və onların çoxu dövlət idarəçiliyində rəhbər vəzifələrə dəvət olundu. Bu, Heydər Əliyevin liderlik məktəbi idi, onun iş prinsipi idi.

Heydər Əliyev icraçılar, ardıcıllar yox, liderlər hazırlamağa daha böyük önəm verirdi. Dahilər güclü liderlərin yetişməsindən qorxmurlar. Əksinə, belə liderlər hazırlayır, özlərinin uzunmüddətli planlarının həyata keçirilməsi üçün onlardan ibarət icraçı komandanın peşəkarlığından uğurla istifadə edirlər. Bu gün ölkənin idarə olunmasında iştirak edən liderlərin hamısı Heydər Əliyevin diqqəti və qayğısı ilə formalaşan liderlərdir.

Heydər Əliyev liderliyində inam qanunu

İnsanları əvvəlcə liderin özü sonra ideyası cəlb edir. Gəlin, insanların müxtəlif şəraitlərdə liderə və onun ideyasına necə reaksiya verdiklərini izləyək.

LİDER         +       İDEYA          =             NƏTİCƏ

İnanmır                 İnanmır                       Başqa liderə müraciət edir

İnanmır                 İnanır                          Başqa liderə müraciət edir

İnanır                    İnanmır                       Başqa ideyaya müraciət edir

İnanır                    İnanır                          Həmin liderin ardınca gedir

Lider və onun ideyası xoşa gəlmədikdə insanların reaksiyasını başa düşmək asandır. Onlar həmin liderdən uzaqlaşır, başqa lider axtarırlar.

Ardıcıllara liderin özü yox, ideyası xoş gəldikdə, onlar yenə də başqa lider axtarırlar.

Ardıcıllara liderin ideyası yox, özü xoş gəldikdə onlar ideyanı dəyişirlər.

Əgər ardıcıllar liderə inanıblarsa, hətta onun ideyasını bəyənməsələr də, ardınca getməkdə davam edəcəklər.

Ardıcıllar liderlərin ideyası ilə razılaşmadıqda onlar bu məsələyə müxtəlif formada yanaşırlar. Bəzən çalışırlar ki, lideri öz fikirlərini dəyişdirməyə inandırsınlar. Bəzən də əksinə, öz baxışlarından imtina edərək liderin söylədiyi ideyanı qəbul edirlər. Belə də olur ki, tərəflər kompromisə gəlirlər. Nə qədər ki, insanlar liderlərinə inanır, birmənalı olaraq ondan imtina etmir və onun ardınca getməkdə davam edirlər.

Ardıcıllar lideri və onun ideyasını bəyəndikdə nə qədər çətin şərait olsa da, onların arxasınca gedirlər.

İnam yaratma baxımından da Heydər Əliyev liderliyi ən gözəl nümunə ola bilər. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə o, həmişə xalqının inamına arxalanırdı, bu qarşılıqlı inam ona və ölkəsinə uğur qazandırdı. Dünyanın ən nüfuzlu liderləri həmişə Heydər Əliyev şəxsiyyətinin səmimiliyinə inanırdı və bu inam ölkəmizi bir çox fəlakətlərdən xilas etdi.

Heydər Əliyev hər zaman öz sözünün ağası idi və verdiyi vədi heç vaxt unutmurdu. Ən sadə insana da, nüfuzlu liderlərə də dediyi sözə sadiq qalırdı. Məhz sözünə bütövlük, sözlə işinin yüz faiz eyniliyi həm xalqın, həm də dünya liderlərinin ona inamının əsasında dururdu. Kim lider olmaq və həmişə uğur qazanmaq istəyirsə, məhz belə etməlidir. Bu, çətin olsa da, şərəflidir və liderə həmişə uğur gətirir.

Heydər Əliyev xalqına sadiqliyi ilə onun böyük inamını qazanmışdı. 1993-cü ildə dərin böhran içində olan Azərbaycan qardaş qırğını ilə üz- üzə qalanda xalq öz ümid yerinə, ən çox inandığı insana - Heydər Əliyevə üz tutdu, onu köməyə çağırdı. Heydər Əliyev xalqına inanırdı. Odur ki, Bakıda silahlı dəstələrin «at oynatmasına» baxmayaraq, Naxçıvandan paytaxta əliyalın gəldi. Bu böyük insan inanırdı ki, xalq onun arxasındadır, heç bir qüvvə onu xalqdan ayıra bilməz. Bu inam ona uğur qazandırdı, xalqa səadət, ölkəyə əmin-amanlıq gətirdi.

Heydər Əliyev liderliyində qələbə qanunu

Liderlər həmişə komandalarının qalib gəlməsi üçün yol tapırlar.

Liderləri qalib edən nədir? Elə bir konkret keyfiyyəti ayırmaq çətindir ki, o, qalibi məğlubdan fərqləndirsin. Liderlik ətrafında yaranan situasiyalar müxtəlif olur. Hər bir böhran liderə meydan oxuyur. Amma qalib liderlərə məğlubiyyətlə barışmamaq qabiliyyəti xasdır.

Onlar üçün qalibiyyətin alternativi yoxdur, odur ki, qələbə yolunu əvvəlcədən düşünür və əllərində olan bütün ehtiyatlardan istifadə edərək bu yolla gedirlər.

Böhran vəziyyəti liderlərdə ən yaxşı və ən pis cəhətləri üzə çıxarır.

Təzyiq artdıqda dahi liderlər özlərini daha yaxşı nümayiş etdirirlər. Onlarda ən yaxşı nə varsa üzə çıxır və onların xeyrinə işləyir.

Ölkəmizin və bütövlükdə türk dünyasının əvəzolunmaz lideri Heydər Əliyev şəxsiyyətində də qələbə qanunu özünün ən yüksək ifadəsini tapmışdır. Heydər Əliyevin bütün həyatı sonu qələbələrlə qurtaran mübarizələrlə doludur. O, hələ gənclik illərində ailə qurarkən Dövlət Təhlükəsizlik Komitəsinin ciddi təzyiqlərinə baxmayaraq, öz sevgisinə sadiq qaldı, bütün əzablara dözdü və qalib gəldi. Azərbaycana rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində işlədiyi dövrdə, 1991-1993-cü illərdə Naxçıvanda, 1993-2003-cü illərdə yenidən Azərbaycana başçılıq etdiyi zamanlarda ən çətin, həlli mümkün olmayan problemləri aradan qaldıra bildi, ən ağır zamanlarda xalqı bir yumruq kimi birləşdirib mübarizəyə qaldırdı və bütün hallarda qarşıya qoyduğu məqsədə çatdı, qələbə qazandı. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Keçmiş SSRİ tarixində Siyasi Büronun üzvlüyündən uzaqlaşdırılanlar içərisində Heydər Əliyev istisna olmaqla başqalarının sonu çox faciəli olmuşdur. 1987-ci ildə Qorbaçov Heydər Əliyevi özü üçün ən təhlükəli rəqib hesab edirdi. Dünyanın siyasi analitikləri artıq belə bir yekdil fikirdədirlər ki, M.Qorbaçovun öz komandası yox idi və o, mafiyanın əlində oyuncağa çevrilmişdi. M.Qorbaçov özünün ən güclü siyasi rəqibi kimi Heydər Əliyevi SSRİ rəhbərliyindən kənarlaşdırmağa müvəffəq olsa da, əvvəlki siyasi xadimlərdən fərqli olaraq, onu sındıra bilmədi. Heydər Əliyev, hətta bütün təzyiqlərə baxmayaraq, Moskvada yaşamaqda davam etdi. Mü- barizə apardı və dünyanın siyasi səhnəsinə yenidən, daha böyük güclə qayıtdı, Azərbaycanı dağılmış SSRİ-nin xarabalıqları altından çıxararaq bugünkü vəziyyətə gətirib çıxardı.

Şlezingerin təbirincə desək, əgər Heydər Əliyev Azərbaycan rəhbərliyində olmasaydı, bu gün Azərbaycan indiki kimi görünməzdi. Yüksək beynəlxalq nüfuza, inkişaf etməkdə olan sənayeyə, qüdrətli orduya, xoşbəxt gələcəyə malik Azərbaycan Heydər Əliyev liderliyinin qələbəsinin məhsuludur. Bu qələbənin əsl qiyməti hələ uzun illər sonra bəlli olacaq. Heydər Əliyev mənfur ermənilərin antitürk, anti- azərbaycan təbliğat maşınına qalib gəldi, onu susmaq səviyyəsinə qədər alçaltdı. O, dünyanın Zaqafqaziya ilə bağlı siyasətinin dəyişməsi sahəsində mübarizədə də qalib gəldi.

Heydər Əliyev liderliyində həmlə qanunu

Hər bir lider öz təşkilatının fəaliyyətində dəyişikliklər etmək məcburiyyəti ilə qarşılaşır. Burada açar irəliyə hərəkət impulsudur ki, Con Maksvel bunu «güclü həmlə» adlandırmışdır.

Lazımi həmlə yaratmaq üçün lider tələb olunur, ardıcıllar yalnız onu davam etdirirlər.

Fəaliyyətə həmlə təşkilatlarda da çox böyük rol oynayır. Əgər sizdə heç bir həmlə yoxdursa, onda ən sadə məsələ də keçilməz həmlə kimi görünür.

Həmləyə görə ətrafdakılar düşünürlər ki, onların lideri, sadəcə, dahidir. Onlar liderlərinin əvvəllər yol verdiyi səhvləri unudurlar. Həmlə lideri insanların gözündə dəyişir.

Təşkilatda və ya komandada güclü həmlə lider olduqda yaranır. Eyni zamanda böyük canatma insanlara ruh yüksəkliyi aşılayır və onlar daha böyük səmərə ilə işləməyə çalışırlar.

Fəaliyyət üçün kifayət qədər cəhd olduqda istənilən dəyişiklik mümkündür. Əgər rəhbərlik etdiyiniz təşkilatı böyük işlər uğrunda mübarizəyə qaldırmaq istəyirsinizsə, heç vaxt güclü həmlənin imkanlarını nəzərdən qaçırmayın. Həmlə, həqiqətən də, liderin yaxşı dostudur.

Yəqin ki, «Bu, sadəcə, mümkün deyil! Bunu etmək olmaz!» sözlərini çox tez-tez eşitmisiniz. Bəzən insanlar çoxlu məhdudiyyətlər və qadağalara inanaraq böyüyürlər, müəyyən müddətdən sonra isə bu məhdudiyyətlər onların həyatında özünü göstərməyə başlayır. Bəzən böhran anında və çətinlik yarandıqda adamlar o qədər şübhələrin əsiri olurlar ki, onlar üçün ən sadə yol «Bu, mümkün deyil» demək olur. Əgər siz imkanlarınızın məhdudluğuna inanırsınızsa, onda «mümkün deyil» sözü uyğun gələn proqnozdur. Tam aydındır ki, bu həyatda heç də hər şey mümkün deyil. Məşhur ərəb filosofu və filoloqu Əl Kail demişdir: «Əgər hər hansı işi bilmirsinizsə, onu buraxın, icra edə biləcəyiniz işə keçin». Lakin çox vaxt biz ona görə əllərimizi qaldıraraq təslim oluruq ki, bizə belə asandır. «Mümkün deyil» sözü, əlbəttə ki, əlverişlidir, amma o, arzuya çatmağa kömək edirmi?

Həqiqətdə mümkün olmayan odur ki, onu həyata keçirməyə cəhd etməmisiniz.

Ötən əsrin əvvəllərində əksər adamlar razılaşmırdılar ki, uçan təyyarədən tullanmaq və sağ-salamat qalmaq olar. Lakin bütün cəmiyyət həmin arzuya həyata keçməsi mümkün olmayan iş kimi baxsaydı, bu gün nə paraşüt, nə də paraşütçülər olardı. Ən azı bir adam inanmışdı ki, bu, mümkündür və onun həlli üzərində çalışmışdı. Tədqiqatların ilk dövrlərində bəzən paraşütlər açılmırdı, amma ixtiraçılar «mümkün deyil» deməkdən imtina etdilər. Nəhayət, bu məsələnin həllini tapdılar.

Siz arzuladığınız nəticəyə çatmağa cəhd etmədiyiniz halda, haradan bilirsiniz ki, o, mümkün deyil? Hər şey müəyyən məqsədə çatmaq üçün şəxsi məsuliyyət hissinin və müəyyən cəhdin olmasındadır. Xarici mühitdəki heç nə sizin daxilinizdə olanlara təsir etməməlidir. Necə düşünməyiniz sizin necə olduğunuzu müəyyənləşdirir. Fikirləriniz sizin taleyinizdədir və sizin beyninizdə doğulur. Əgər «mümkün olmayanlar yoxlamadıqlarınızdır» fikri sizin üçün qanuna çevrilərsə, siz mümkün görünməyən işləri də həyata keçirəcəksiniz.

Yadda saxlayın: əgər istək varsa, imkan da olacaqdır.

Çox böyük istək olan yerdə çox böyük çətinliklər ola bilməz.

Lui Pasterin fikrincə: «Əgər sizdə hazırlaşmaq istəyi yoxdursa, qələbə istəyi mənasızdır».

Şotlandiyanın hökmdarı Birinci Robert vətənini ingilislərin hücumundan qorumağa cəhd etdi. Elə bir an gəldi ki, o, əsir düşməmək üçün qaladan qaçaraq gizlənmək məcburiyyətində qaldı, nə edəcəyini bilmədən, ruhdan düşmüş və özünü itirmiş halda mağarada gizləndi. Mağarada oturub gərginliklə gələcək haqqında düşünən hökmdar Robert gördü ki, kiçik hörümçək öz torunu necə hörür. Hörümçək bir neçə dəfə cəhd edirdi ki, saplarını möhkəmlətsin, bir neçə saniyə donub hərəkətsiz qalır, sonra yeni cəhdlər edirdi. Nəhayət, bir neçə uğursuz cəhddən sonra hörümçək məqsədinə çatır və toru tamamlayır. Hörümçəyin hərəkətini müşahidə edən şah bu canlıda özü üçün üç başlıca keyfiyyəti kəşf edir: inanılmaz səbir, dözümlülük və inad. Hörümçək təslim olmadı!

Şah Robert bütün həyəcanını bir kənara atdı. O, hərəkətsiz dayandı, bütün ruhi sarsıntılar və şübhələr keçənə qədər gözlədi, baş verən hadisələrə daha obyektiv və məntiqi yanaşmağa başladı. Nəhayət, qərara aldı ki, bütün gücünü sərf edib xalqını özünə qaytarsın, istəyinə çatana qədər təslim olmasın. Şah Robert mübariz idi, inadkar idi və öz məqsədinə doğru inamla gedirdi. Nəticədə mövqeyini möhkəmlədə bildi, onun xalqı 1328-ci ildə ingilisləri məcbur etdi ki, Şotlandiyanın müstəqilliyini tanısın.

Şah Robertin hörümçəkdə müşahidə etdiyi üç keyfiyyət bizim hər birimizdə var. Qoy hərdən elə düşünək ki, həyat bizi divarlarla əhatə etmişdir - bizim isə ruh yüksəkliyindən qanadlarımız var. Bizim transendental varlıq və sədlər üzərinə qalxmaq qabiliyyətimiz var. Çətin vəziyyətə düşdükdə bizim sakitləşmək, ziddiyyətli və qaranlıq düşün- cələri yox edənədək dözümlə gözləmək qabiliyyətimiz var. Məhz bundan sonra siz düşündüyünüz plan üzrə irəli gedə və çətinlikləri dəf edə bilərsiniz.

Həqiqətən də, hər kəs yoxlamayana qədər özünün nəyə qadir olduğunu bilmir.

Uinston Çörçill yazırdı: «Və bax, budur dərs: heç vaxt təslim olma... Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt... Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz - heç vaxt təslim olmayın, vicdanın hökmündən və yaxşı zövqdən başqa».

Ümummilli liderimiz Heydər Əliyevin liderliyində güclü həmlə qanunu özünü olduqca gözəl əks etdirirdi. Onun üçün əlçatmaz, icraolunmaz, mümkün olmayan heç nə yox idi. Çünki onda olduqca güclü səbir, dözümlülük və cəhd var idi. O, qarşısına qoyduğu məqsədə çatacağını əvvəlcədən planlaşdırırdı və onun həlli üçün bütün ehtiyatlardan istifadə edirdi. Oxucular «Əsrin müqaviləsi»nin bağlandığı dövrü yaxşı xatırlayırlar. Xəzərin statusu ətrafında bu gün də səngiməyən mübarizə gedirdi. İran və Rusiya Azərbaycan ərazisində beynəlxalq qurumun neft çıxarmasına heç cür razı ola bilmirdi. Türkmənistan da bu işdə Azərbaycana əks mövqedə idi. Cəbhədə vəziyyət ağır olaraq qalırdı. Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi xoşagələn deyildi. Məhz belə bir çətin dövrdə Heydər Əliyev liderliyinin güclü həmlə qanunu öz işini gördü. O, dünyanın ən nüfuzlu neft şirkətlərini Bakıya dəvət etdi və 1994-cü ilin sentyabrın 20-də «Əsrin müqaviləsi» imzalandı. Bu, çoxlarının inanmadığı, mümkünsüz saydığı bir qələbə idi.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ideyasının irəli sürülməsi və müqavilənin bağlanmasına qədərki dövr də ciddi təzyiqlər və mübarizələr dövrü idi. Rusiya razı ola bilmirdi ki, Şimal kəmərinə alternativ kəmər tikilsin və onun marşrutu Rusiyanın nəzarəti olmayan Gürcüstan və Türkiyənin ərazisindən keçsin. Bu kəmərin çəkilişi üçün sazişin imzalanmasına hər vəchlə mane olurdu. Hətta Gürcüstanda adamları aldadaraq onları ekoloji təhlükəsizlik adı ilə müqavilənin bağlanmasına mane olmağa çağırırdılar. Ermənilərin xaricdəki havadarları da antiazərbaycan təbliğatı aparırdılar. Amma Heydər Əliyev həmişəki kimi qarşısına qoyduğu məqsədə çatmaqda israrlı idi. Heç nə, heç kim onu bu yoldan döndərə bilməzdi. O, özünəməxsus səbir, dözümlülük və inadla bütün maneələri addım- addım aradan qaldırdı və Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə dair saziş imzalandı.

Heydər Əliyev liderliyində güclü həmlə qanununun çox yüksək təsiri olduğunu təsdiq edən fakt odur ki, Beynəlxalq Əməliyyat Şirkəti artıq 1998-ci ildən «Əsrin müqaviləsi»nə uyğun olaraq Xəzərdən neft çıxarmağa başlayıb və hasilat ildən-ilə artır. 2005-ci ildə isə illik nəql gücü 50 milyon ton olan Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Bu gün beş Xəzəryanı dövlətdən üçünün – Rusiya, Qazaxıstan və Azərbaycanın Xəzərin statusuna dair ikitərəfli razılıq müqaviləsi bağlaması və eyni mövqedən çıxış etmələri, İran və Türkmənistanın əvvəlki sərt mövqelərindən geri çəkilmələri məhz güclü həmlə qanununun təsiri ilə atılmış ciddi və uzaqgörən addımlar sayəsində mümkün olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin Beynəlxalq Əməliyyat Şirkətinin Çıraq yatağından çıxan ilk nefti çox böyük sevinclə üzünə sürtməsini bütün dünyanın aparıcı televiziya kanalları göstərdi. Həmin gün dünyanın Heydər Əliyev zirvəsini olduğu kimi tanıdığı gün idi.

 

Heydər Əliyev liderliyində prioritetlik qanunu

Liderlər başa düşürlər ki, aktiv fəaliyyət heç də mütləq məqsədə çatmaq demək deyil.

Lider kimi öz vaxtınızın çoxunu daha güclü olduğunuz sahədə fəaliyyətə sərf etməlisiniz. Əgər rəhbərlik etdiyiniz komandanın üzvlərindən kimsə hər hansı bir işi sizə nisbətən 80% səmərə ilə icra edə bilirsə, o işi həmin əməkdaşa həvalə edin.

İstənilən liderin həyatını dərindən təhlil edin, görəcəksiniz ki, o, vaxtaşırı öz prioritetlər sistemini hərəkətə gətirir. Qeyd etmək lazımdır ki, hər bir liderin həyatının bir neçə əsas məqsədi, prioritet istiqaməti olur və lider özünün bütün gücünü onların həllinə yönəldir.

Dünyanın ən varlı adamlarından biri, böyük biznes imperiyası yaratmış Con Templton yazmışdır: «Əgər siz həyatda nəyə nail olmaq istədiyinizi bilmirsinizsə, onda heç nəyə nail ola bilməzsiniz». Qarşınıza müəyyən məqsədlər qoymaqla siz özünüzə inkişaf etmək və təkmilləşmək şəraiti yaradırsınız. Bəzən həyatda öz yerimizi tapdığımızı, hər şeyin yaxşı getdiyini düşündüyümüz zaman gözlənilmədən çevriliş baş verər, biz kəskin dəyişikliklərlə üzləşə bilərik. Vərdiş etdiyimiz həyat kəskin şəkildə dəyişər. Belə hallarda bizim seçimimiz var. Biz kədərlənə, şəraitin qurbanı olduğumuzu söyləyə bilərik, yaxud yeni hərəkət istiqaməti seçərik. Bizim dünyamız yüz səksən dərəcə dəyişdiyi anda həyat bizi başqa səmtə yönəldə bilər. Odur ki, hər kəsin həyatının alternativ məqsədləri ola bilər. Liderin həyatında hansı məqsədlərə üstünlük verməsi çox vacib şərtdir və bu, çox vaxt liderin taleyini müəyyənləşdirir. Lider uğur qazanmaqdan ötrü özü üçün üç məsələni müəyyənləşdirməlidir: məcburilik, faydalılıq və mükafat. Hər bir liderin prioritetləri siyahısında onun üçün məcbur olan birinci yerdə durmalıdır.

Ən böyük şəxsi mükafat o uğurdur ki, liderin ürəyində və həyatında alov yandırır.

Ən yaxşı liderlər çalışırlar ki, onların hər bir fəaliyyəti eyni vaxtda bir çox prioritetləri təmin etsin.

Mən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana 1993-2003-cü illərdəki rəhbərliyi dövründə özü müəyyənləşdirdiyi prioritetləri subyektiv olaraq belə sistemləşdirərdim: ölkədə möhkəm sabitlik yaratmaq, atəşkəsə nail olmaq, ordu quruculuğunu təmin etmək, neft sektoruna xarici investisiya qoyuluşunu stimullaşdırmaq, ölkənin beynəlxalq aləmdə nüfuzunu qaldırmaq, sənayedə və kənd təsərrüfatında özəl sektorun inkişafına şərait yaratmaq, itirilmiş torpaqların qaytarılması üçün sülh danışıqlarının səmərəliliyini artırmaq. Bu prioritetləri uğurla həyata keçirməklə Heydər Əliyev digər prioritetlərin də yaranmasına və ardıcıl həllinə şərait yaratmışdır.

Heydər Əliyev liderliyində qurban qanunu

Lider geri çəkilməyi bacarmalıdır ki, sonra irəli getsin. İndi çoxları vəzifə pillələri ilə yuxarı qalxmaq istəyir, çünki belə hesab edirlər ki, yuxarıda onları azadlıq və hakimiyyət gözləyir. Onlar başa düşmürlər ki, liderliyin həqiqi təbiəti qurban verməkdir. Qurban liderliyin daimi elementidir. O, arasıkəsilməz proses olub birdəfəlik ödəniş deyil.

Yüksəlmək istəyən liderlər epizodik olaraq öz əməkhaqlarını azaltmaqdan daha çox qurban verməlidirlər. Onlar öz hüquqlarından keçməlidirlər. Nə vaxt ki, lider oldunuz, onda özünüz haqqında düşünmək hüququnu itirirsiniz. Hər bir konkret adam üçün konkret qurbanın xarakteri olduqca müxtəlif ola bilər. Cənubi Afrika Respubikasının keçmiş prezidenti F.V.de Klerk öz ölkəsində aparteidi aradan qaldırmaq üçün çox iş gördü və sonda bunun ödənişi olaraq öz karyerasını itirdi. Hər bir adam üçün şərait dəyişə bilər, amma prinsip dəyişməz qalır. Liderlik, həm də qurban verməkdir.

Məşğuliyyətdən asılı olmayaraq, hər bir lider geri çəkilir ki, sonra irəli getsin. İstənilən liderlə söhbət etsəniz, görərsiniz ki, onlar çoxlu sayda qurban vermişlər. Adətən, hansısa lider nə qədər yüksəyə qalxırsa, bir o qədər böyük qurbanlar verir. Ağıllı liderlər çox şeyi qurban verirlər ki, özlərini əhəmiyyətli saydıqları işə həsr etsinlər. Qurban qanunu məhz bundan ibarətdir.

Əgər lider irəli getmək üçün geri çəkilməli olursa, nəticədə o, yüksəldikdən sonra orada qalmaq üçün daha çox qurban verməli olur. Liderlik işində uğur fəsiləsiz dəyişmələr, təkmilləşmə və qurban tələb edir.

Heydər Əliyev xalqının yolunda min bir əzaba dözmüş, Sov.İKP Siyasi Bürosunun üzvlüyündən azad edildikdən sonra Naxçıvanın ağır günlərində ora qayıtmış, sonrakı güclü qayıdış üçün bir sıra məhrumiyyətlərlə üzləşmişdir. 1993-cü ildə xalq onu Azərbaycanı xaosdan, parçalanmadan xilas etmək üçün təkidlə dəvət edəndə də Heydər Əliyev həyatını təhlükə altına qoyaraq bu çağırışa müsbət cavab verdi.

O,  özünü xalqının yolunda qurban verməyə hazır idi. Heydər Əliyev müdrik lider kimi çox şeyi qurban verdi ki, xalqını və dövlətini layiq olduğu səviyyəyə qaldırsın. O, bu yolda öz sağlamlığını da əsirgəmədi. Dincəlmədən xalqı və dövləti yaşatmaq yolunda çalışdı. O, bu yolda qurban etdiyi çox şeyin hesabına istədiyinə nail oldu. Vətəni bəlalardan xilas etdi, onu yüksələn inkişaf yoluna çıxartdı.

Heydər Əliyev liderliyində məqamı tutmaq qanunu

İnsanları öz ardınca aparmağın vaxtını bilmək də nə etmək və hara getməyi bilmək qədər vacibdir.

Lord Çesterfild yazırdı: «Bu gün edə biləcəyin işi heç vaxt sabaha saxlama».

İnsandan öz işini sabaha saxlamamasını tələb edən çox səbəblər ola bilər. Problemi yaranan kimi həll etmədikdə o, ciddiləşə və mürəkkəbləşə bilər. Xırda çətinliklər tezliklə və pozitiv həll edildikdə çox böyük çətinliklərə çevrilmir. Məsələn, bədəndə əmələ gələn hər hansı bir kəsik həmin anda təmizlənib dərmanlandıqda tezliklə bitişir. Amma ona fikir vermədikdə, çirklənməsinin qarşısını almadıqda ona infeksiya düşə bilər və ciddi tibbi müdaxilə lazım gələr. Beləliklə, xırda xoşagəlməzlik ciddi problemə çevrilə bilər.

Hər birimiz böyük məqsədə tədricən, addım-addım gedirik. Hər dəfə növbəti addımı gələcəyə saxlamaqla irəli hərəkət dayanır, məqsəd bir az da geri çəkilir. Lord Çesterfildin məsləhətinə qulaq asaraq, bu gün görə biləcəklərimizi sabaha saxlamasaq, nizamlı, harmonik və inamlı hərəkətlə öz qarşımıza qoyduğumuz məqsədə çata bilərik.

Henri Lonqfello dediyi kimi:«Ləngimə, qızıl anlar uçur!»

Lider hər dəfə hansısa addımı atanda real olaraq yalnız dörd vəziyyət mövcud olur ki, onlar da aşağıdakı nəticələrə gətirir. Vaxtında olmayan və düzgün olmayan hərəkət fəlakətə aparır. Doğru olmayan və vaxtında olmayan qərarı həyata keçirən lider mütləq uğursuzluğa düçar olur və onun bütün neqativ təsirlərini hiss edir. 1976-1980-ci illərdə ABŞ-ın prezidenti olmuş Cimmi Karterin dövründə Amerikanın hərbi qüvvələrinin iranlıların girov götürdükləri insanları azad etməyə cəhd etməsi düzgün və vaxtında olmayan qərar idi. Həmin əməliyyatın keçirilməsindən əvvəl də dövlət katibi Sayrus Vens sübut edirdi ki, bu planın bir çox qüsurları var. O, inanırdı ki, hansısa gözlənilməz hadisə baş verəcək. Təəssüf ki, dövlət katibi haqlı çıxdı. Bir neçə vertolyotda mühərrikin mexaniki problemləri yarandı, biri qum burulğanında azdı, digəri nəqliyyat təyyarəsi ilə toqquşdu, nəticədə səkkiz hərbçi həlak oldu. Bu əməliyyat başdan-başa fəlakət idi.

Vaxtında olmayan doğru fəaliyyət müqavimətə səbəb olur.

Nə etməyin vacibliyini müəyyənləşdirmək başqa, nə vaxt etməyi başa düşmək isə başqadır. Vaxtında icra olunan, amma düzgün olmayan fəaliyyət səhvdir.

Vaxtında və doğru olan fəaliyyət uğura aparır.

Liderlər vaxtında və doğru qərar çıxardıqda uğur qaçılmazdır. Bu halda adamlar, prinsiplər və proseslər birləşərək vəziyyətə ağlasığmaz fayda gətirir. Bu zaman əldə edilən uğur təkcə liderin özünə yox, onun ardıcıllarına, bütövlükdə təşkilata müsbət təsir göstərir.

Ümummilli liderimiz Heydər Əliyevin vaxtında və düzgün fəaliyyətinə aid bir neçə məqamı xatırlayaq:

  • 1994-cü ilin mayında atəşkəs sazişi;
  • 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi»nin imzalanması;
  • 1999-cu il noyabrın 18-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə dair sazişin imzalanması.

Hər üç fəaliyyət düzgün və vaxtında olduğundan həm Heydər Əliyevin, həm də Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə daha da yüksəlməsinə, ölkə iqtisadiyyatının inkişafına səbəb oldu.

Elçibəyin latın qrafikasına keçid haqqında qərarı düzgün qərar idi, amma vaxtında verilməmişdi, ona görə də müqavimətlə qarşılandı. Bu qərarın vaxtında olmaması elmdə, təhsildə, hətta kargüzarlıqda ciddi problem yaratdı. Çünki cəmiyyət bu qəfil dəyişməyə hazır deyildi.

Heydər Əliyev 2003-cü ildə bütövlükdə latın qrafikasına keçid haq- qında qərar qəbul etdi. Bu qərar həm doğru, həm də zamanında idi, çünki cəmiyyət əsasən bu qrafikaya keçməyə hazır idi, kifayət qədər ədəbiyyat, o cümlədən yeni qrafika ilə yazılmış milli dərslik və dərs vəsaitləri nəşr olunmuşdu.

Elçibəyin Azərbaycan dilinin türk dili adlandırılması qərarı nə doğru, nə də zamanında deyildi, odur ki, cəmiyyətdə uzunmüddətli sosial gərginlik yaratdı, azsaylı xalqların etirazına səbəb oldu.

Qərbi Azərbaycandan qovulan soydaşlarımızın Qarabağa buraxılmaması haqqında Ə.Vəzirovun qərarı da yanlış və zamanında deyildi. Bugünkü Qarabağ probleminin yaranmasında onun mənfi rolu az olmamışdır.

Layiqli lider və doğru seçilmiş zaman üst-üstə düşdükdə ağlasığmaz müsbət nəticələr alınır. Uinston Çörçillin həyatını yadınıza salın.

O,  60 yaşında İngiltərənin baş naziri oldu. U.Çörçill əsgər, yazıçı və dövlət xadimi kimi bütün həyatı boyu insanları öz ardınca aparsa da, yalnız İkinci Dünya müharibəsində özünü dahi lider kimi göstərə bildi. Çünki zamanı onda gəlib çatmışdı.

1954-cü ilin noyabrın 30-da özünün 80 illiyində ölkənin parlamentinə müraciət edən U.Çörçill Böyük Britaniyanın liderlərindən biri kimi öz rolunu belə ifadə etmişdir: «Bir çoxlarının böyük ürəklə mənə aid etdikləri fikirlə razılaşmıram: guya bu xalqı mən ruhlandırmışam. Xalqın iradəsi həmişə sarsılmaz və amansız olmuşdur, onun məğlubedilməzliyini tarix də sübut etdi. Mənə yalnız onu ifadə etmək nəsib oldu. O, bütün Yer üzündə yerləşmiş və şir ürəyinə malik xalq idi. Bəxtim onda gətirdi ki, nərə çəkmək üçün dəvət edilmək mənə nəsib oldu».

Heydər Əliyev liderliyində sıçrayışlı inkişaf qanunu

İnkişafı, sadəcə gücləndirmək üçün ardıcılları, onu bir neçə dəfə çoxaltmaq üçün isə liderləri arxanızca aparın.

İstənilən lider sıçrayışlı inkişaf qanununu praktikada tətbiq etdikdə ardıcılların riyaziyyatından liderlərin riyaziyyatına keçir.

Ardıcıllarını və həmfikirlərini yetişdirən lider hər dəfə öz təşkilatının yalnız bir adam qədər inkişafını təmin edir. Amma liderlər yetişdirən liderlər inkişaf sürətini bir neçə dəfə artırırlar. Ona görə ki, onun yetişdirdiyi liderlər öz sıralarına həmin liderin ardıcıllarını da cəlb edirlər. Təşkilatınıza on ardıcıl əlavə edin, məhz bu on nəfərin gücü və imkanı sizin ixtiyarınızda olacaqdır. Öz idarənizə on lider cəlb etdikdə, onların ardıcıllarının da güc və imkanlarından istifadə etmək imkanı qazanacaqsınız. Burada üstəgəllə vurma arasındakı fərq qədər fərq var.

Siz nə qədər yaxşı liderlər yetişdirirsinizsə, onların keyfiyyəti və miq- darı nə qədər yüksəkdirsə, sizin ardıcıllarınız da bir o qədər çox olacaqdır.

Başqa liderləri yetişdirən lider olmaq üçün ardıcılları yetişdirən liderlikdən fərqli olaraq psixoloji məqsəd olmalıdır.

Hansı təşkilat liderlər yetişdirir və tərbiyə edirsə, ağlasığmaz «vurma» əməliyyatı effekti yaranır.

Liderlər yetişdirən liderlərlə yalnız ardıcıllar yetişdirən liderlər arasındakı bəzi əsas fərqlər aşağıda verilir.

Azərbaycanın son 30 illik tarixinə xəyalən nəzər salsanız, öz liderlik məharəti ilə dünyanı heyran edən, başladığı istənilən işi uğurla sona çatdıran Heydər Əliyevin uğurlarının əsas səbəblərindən biri kimi ardıcılların yox, liderlərin yetişdirilməsini görərsiniz. Bu gün ölkəmizdə istənilən sferada əsl liderlər kifayət qədərdir. Bu liderlər Heydər Əliyev liderlik məktəbinin «məzunlarıdır». Mübaliğəsiz demək olar ki, sıçrayışlı inkişaf qanunu Heydər Əliyev liderliyində özünün ən ali qiymətinə malik idi. Məhz ona görə də bu gün ölkəmiz inkişafdadır, beynəlxalq nüfuzu artmaqdadır, onun kifayət qədər siyasi müttəfiqləri var. Xalq isə öz dövlətinə inanır, onun butün qərarlarını dəstəkləyir.

Heydər Əliyev liderliyində varislik qanunu

Liderin dəyişməz qiyməti varisliklə qiymətləndirilir. Hər bir lider o vaxt yüksək qiymətləndirilir ki, o, rəhbərlik etdiyi kollektivi, cəmiyyəti, dövləti idarə edə biləcək liderlər yetişdirir. Belə olanda liderin yoxluğu komandanı çıxılmaz vəziyyətə, hətta dağılmağa qoymur. Çünki yetişdirdiyi liderlərdən biri onu layiqincə əvəz edə bilir.

Varislik qanunu baxımından da Heydər Əliyev şəxsiyyəti unikal keyfiyyətlərə malik idi. O, dövlətin bütün strukturlarında yüksək peşəkarlığa malik liderlər yetişdirməyə nail olmuşdur. İlham Əliyev uzun illər ərzində Heydər Əliyev liderlik məktəbinin çox vacib sirlərinə yiyələnmiş, dövlət idarəçiliyində böyük təcrübə qazanmış, beynəlxalq əlaqələrin qurulmasında və möhkəmlənməsində uğurlar əldə etmiş, dünyanın siyasi mühitində yüksək liderlik reytinqinə çatmış, sözün əsl mənasında, Heydər Əliyev kimi dünya şöhrətli siyasi xadimin, dövlət başçısının layiqli varisi olmuşdur. Prezidentliyə başladığı bir neçə ay ərzində onun qəbul etdiyi qərarlar, beynəlxalq görüşləri bir daha sübut edir ki, İlham Əliyev bir varis kimi yüksək liderlik keyfiyyətlərinə malikdir və Azərbaycan Respublikasını uğurlu gələcəyə aparmaq iqtidarındadır.

Heydər Əliyev liderlik «məktəbinin» iki layiqli varisi var. Bu gün bütün xalqın sevimlisinə çevrilən, təhsilə, mədəniyyətə, səhiyyəyə böyük diqqət və qayğı göstərən, dünyada böyük nüfuz qazanmış ölkənin birinci xanımı Mehriban Əliyeva da Heydər Əliyev «məktəbinin» layiqli varisidir.

İlham Əliyev və Mehriban xanım Əliyeva bu gün faktiki olaraq böyük siyasətdə birgə addımlayır, Heydər Əliyev siyasətini layiqincə davam etdirirlər.

Hörmətli oxucu! Bu kitabı artıq tamamlamışdım və ona əlavələr etmək istəyində deyildim. Lakin bir səyahət bu əlavələri etməyimə səbəb oldu. Qubaya (21.08.2009) beşgünlük istirahətə getmişdim. Heç nə yazmaq və ya oxumaq fikrində deyildim, sadəcə, dincəlmək istəyirdim. Amma Bakıdan gələrkən özümlə götürdüyüm, çox hörmətli Prezidentimiz İlham Əliyevin «Kaspiyskaya neft Azerbaydcana» (rus dilində) kitabı və Azərbaycanın qədim yaşayış məskəni, özünəməxsus yaşam tərzi, adətləri olan Xınalığa (23.08.2009) səfərim məni bu fikirlərdən daşındırdı.

Bu kitabın bir çox bölməsində rəhbərin zamanında varis hazırlamasının vacibliyi haqqında fikirlərini bir daha yadıma saldım. Hesab edirəm ki, dahi və müdrik Heydər Əliyev zamanında özünə layiqli varislər hazırlamaqla böyük tarixi keçmişə malik Azərbaycan xalqının xoşbəxt həyatının təmin edilməsinin möhkəm təməlini qoymuşdur.

Yuxarıda adı çəkilən kitabda «Əsrin müqaviləsi»nin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə dair müqavilənin bağlanmasına qədər ölkəyə nə qədər siyasi və iqtisadi təzyiqlərin olduğu və onlann müdrik Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə aradan qaldırıldığı aydın görünür. Həmin kitabın 158-ci səhifəsində oxuyuruq: «Amerikalı pro- fessor R.Barilskinin fikrincə, Kremldə iki bir-birinə zidd olan strategiya yaranmışdır: onlardan biri Rusiyanın keçmiş Xarici İşlər naziri A.Kozırev və xarici kəşfiyyat xidmətinin o vaxtkı direktoru E.Primakov tərəfindən müdafiə olunurdu və Azərbaycana qarşı sərt xətti nəzərdə tuturdu. R.Barilski hesab edir ki, məhz onlar B.Yeltsini 1994-cü ilin iyulun 21-də 396 nömrəli, «Rusiya Federasiyasının Xəzər dənizində maraqlarının qorunması haqqında» gizli direktivi imzalamağa inandırmışdılar, bu direktivdən aydın olurdu ki, həmin arial Rusiyanın təsir sferasıdır. Elə onlar eks baş nazir V.Çernomırdini təhrik edirdilər ki, aşağıdakı məsələlərdə güzəştə getməsi üçün Azərbaycana güclü iqtisadi təsirlər göstərsin: respublikada hərbi bazaların yaradılması, sərhədlərin qorunmasını Rusiyanın nəzarətinə vermək və Qarabağ münaqişəsində yalnız Rusiya sülhməramlı qüvvələrinin istifadəsi».

Lakin tarix Heydər Əliyevin böyük müdrikliyinin şahidi oldu və Rusiya Federasiyasının bu sahədə istəkləri həyata keçmədi.

Dahi Heydər Əliyevin uğurlu siyasəti bu gün də ciddi proqram əsasında həyata keçirilir. Məhz İlham Əliyevin uzaqgörən, ciddi elmi əsaslara malik daxili və xarici siyasəti nəticəsində bütün ölkədə sürətli inkişaf var. Hətta dünya iqtisadiyyatını çökmə dərəcəsinə çatdıran qlobal iqtisadi böhran ölkəmizdən, demək olar ki, yan keçdi. Azərbaycan dünyanın enerji təminatında ən mühüm rol oynayan ölkələr sırasına çıxdı.

Qubanı əhatə edən yüksəkliklərdən Quba şəhərinə, ona yaxın olan kəndlərə baxdıqca fəxr edirsən ki, Azərbaycanda yaşayırsan.

2009-cu ilin avqustun 23-də İctimai Televiziyanın Yayım Şurasının sədri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli ilə Xınalığa çıxdıq. Heydər Əliyevin layiqli varisi, çox hörmətli Prezidentimiz İlham Əliyevin ölkə üçün etdiyi bütün yaxşı işlərindən birinin də şahidi oduq. Sıldırım qayalardan keçən, böyük vəsait hesabına başa gələn, lakin qədim yaşayış tərzi ilə müasir dünyanı əlaqələndirən Xınalığa çəkilmiş 57 kilometrlik yolla bu kəndə ayaq basdıqda özümüzü dünyanın ən xoşbəxti hesab etdik. Məhz bu yolun köməyi ilə Xınalıqdan da xeyli yüksəkdə yerləşən, ən uca zirvənin ətəyində yerləşən yanar ocağı ziyarət etdik. Xınalığın həyat tərzi, adətləri, bu yaşayış məskəninin gələcəyi olan uşaqlarla tanış olduq.

Qədim Xınalığın aşağısında Heydər Əliyev Fondunun tikdirdiyi yeni məktəb bura yeni bir ruh gətirib. Vaxtilə tarixçilərin gələ bilmədiyi Xınalıq bu gün həm ölkə, həm də xarici turistlərin sevə-sevə gəldikləri yerdir. Biz uca dağlar qoynunda müdrikliyin, dahiliyin əməli nəticələrini gördük, böyük siyasətə sadiqliyin şahidi olduq, müasir Azərbaycanın vətəndaşı olmağımızdan qürur duyduq.

2009-cu ilin avqustun 24-də Qusarın Ləzə kəndinə, şəlalələr diyarına qalxdım. Əvvəllər keçilməz olan dağ aşırımlarına hələlik daş yol çəkilib, bu dilbər guşəyə getmək üçün böyük imkanlar yaranıb. Hindistan və Belarusdan olan qonaqlarımız təbiətin bənzərsiz möhtəşəmliyini gördükdə heyrətlərini gizlədə bilmədilər. Onlar bütün yol boyu ucqar dağ kəndlərində uzaqdan diqqəti çəkən yeni məktəb binalarını, abad yaşayış evlərini gördükdə ölkəmizin böyük inkişaf yolunda olduğunu xüsusi qeyd edirdilər.

Bu qüruru bizə yaşatdıqları üçün dahi və müdrik Heydər Əliyevin layiqli varisləri İlham Əliyevə və Mehriban xanım Əliyevaya böyük minnətdarlıq hislərimi ifadə etməyi özümə borc bildim. Siz Xınalığı yaşatmaqla min illərin tarixini yaşatdınız, bu ölkənin qədim və böyük tarixə malik olduğunu sübut etdiniz, Vətənin vaxtilə əlçatmaz sayılan bir dilbər guşəsini də insanların seyr etməsinə şərait yaratdınız.

İndi Xınalıqda hər kəsin üzündə gülüş, gözlərində sevinc, sabaha inam var. Yeddinci sinif şagirdindən gələcəkdə kim olacağını soruşduqda «müəllim» olacağını söylədi. Mən buna inandım. İnandım ki, İlham Əliyevin Xınalığa çəkdirdiyi 57 kilometrlik yol, Heydər Əliyev Fondunun tikdirdiyi məktəb bu diyarın neçə-neçə yeniyetməsinin inkişafına, təhsil almasına, elmlərə yiyələnməsinə, bu qədim diyara layiqli övlad olmasına şərait yaradacaq. Məhz bu inama görə hər iki varisə təşəkkür etməyə borcluyuq. Təkcə təşəkkürmü? Mənə elə gəlir ki, yox. Biz onları dəstəkləməli, onlara işimizlə kömək etməliyik. Bu, vətəndaşlıq borcumuzdur.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild). “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-12-11   38513