NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - AY ALLAH...

Qızım Ülviyyə böyük nəvəm Fərəci 01.06.2012-ci il tarixdə İstanbula həkimə aparmışdı. Nəvəm Tamerlan evdə dayəsi ilə qalmışdı. Səhəri gün onun yanına getdim. Qucaqlamaq, öpmək, əzizləmək istədim. Gözləri doldu, dayəsinə sığındı. “Darıxıram, anamı gətir!” dedi. Əllərim əsdi, dünya gözlərimdə cəhənnəmə döndü, çarəsizlikdən xəcalət təri məni basdı. İlk dəfə idi ki, nəvəmin arzusunu yerinə yetirməkdə aciz idim. Baba üçün isə bu, çox ağırdır. Bu misraları mənə yazdıran da həmin ağrı oldu.

 
Nəvəmin üzündə kədər görəndə,
Göz yaşları yanağına enəndə.
“Anam getdi, darıxıram” deyəndə,
Ruhum yandı, cismim yandı, ay Allah!
 
Boynu bükük, qəmli nəvəm ağladı,
Dedi: “Baba, söylə, anam hardadı?”
Gözlərimdə anasını aradı,
Ruhum yandı, cismim yandı, ay Allah!
 
O ağladı, mənsə cavab tapmadım,
Qəhərləndim, mən içimdə ağladım.
O, anasın, mən qızımı axtardım,
Ruhum yandı, cismim yandı, ay Allah!
 
Nə dəhşətdir anaların həsrəti,
Nəvəm mənə baxışıyla dərs dedi.
Dedi: “Anam, bil, hamıdan əzizdi”,
Ruhum yandı, cismim yandı, ay Allah!
 
“Baba, mənə anamı sən tez gətir!
Bil ki, nəvən ayrı heç nə istəmir.
Anam gəlsə, bil ki, dünya mənimdir!
Ruhum yandı, cismim yandı, ay Allah!
 
Nələr dedi bircə günün həsrəti,
Nəvəm üçün həsrətli gün bir ildi.
Nəvəm məndən həsrətsizlik istədi,
Ruhum yandı, cismim yandı, ay Allah!
 
Bilmədim ki, nəvəmə mən nə deyim,
Xəcalətdən baxmaz oldu gözlərim,
Titrək oldu sığal çəkən əllərim,
Ruhum yandı, cismim yandı, ay Allah!
 
Məndən qaçıb dayəsinə sığındı,
Vücudumda axan qanım dayandı.
Bu an mənim çarəsizlik anımdı,
Ruhum yandı, cismim yandı, ay Allah!
 
Bilirsən ki, balalarım əzizdir,
Nəvələrə sevgilərim alidir.
Bu alilik yaratdığı atəşdir,
Ruhum yandı, cismim yandı, ay Allah!
 
Kömək et ki, qızım geri tez gəlsin,
Mənim nəvəm boynu bükük gəzməsin.
Ruhum, cismim bu əzabdan ölməsin,
Ruhum yandı, cismim yandı, ay Allah!

2015-12-16   4026