NKPI

Interesting Informations

ƏLİYEV VAHAB SƏFƏR OĞLU

(1908-1993)

Əliyev Vahab Səfərəli oğlu 1908-ci il iyunun 20-də Bakının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. V.S.Əliyev 1925-ci ilə qədər kənd təsərüffatı işləri ilə məşğul olmuşdur. V.S.Əliyev 1925-ci ildə, 17 yaşında ikən Bakı şəhərində fəhlə fakultəsinə daxil olmuş və eyni zamanda 6№-li gecə məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. V.S.Əliyev 1929-cu ildə fəhlə fakultəsini bitirdikdən sonra I.M.Qubkin adına Moskva Dövlət Neft-Qaz institutuna daxil olmuşdur. 1934-cü ildə institutu fərqlənmə diplomu ilə mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra o, Bakı şəhərinə, “Azneft”-in sərəncamına göndərilmişdir. Burada o, 1934-cü ilin iyuluna qədər “Azneftzavodlahiyə”-də mühəndis vəzifəsində işləmişdir.

O, 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin) aspiranturasına qəbul olmuşdur. V.S.Əliyev aspiranturada oxumaqla bərabər Bakı şəhərindəki Neft Texnikumunda neft zavodlarının mexanikası kursunun diplom lahiyələrində məsləhətçi kimi çalışmış, həmçinin Tibb İnstitutunda fiziki-kimya fənni üzrə baş müəllim kimi fəaliyyət göstərmişdir.

V.S.Əliyev 1935-ci ildən 1938-ci ilədək həm də Azərbaycan Sənaye İnstitutunda müəllim və diplom layihələrində məsləhətçi kimi çalışmışdır. Qeyd etmək lazımdır ki, müəllimlik fəaliyyəti onun neft emalı və neft kimyası sahəsindəki bilik səviyyəsinin xeyli yüksəlməsinə səbəb olmuşdur.

V.S.Əliyev 1937-ci ildə Vano-Sturua adına zavodda texniki şöbənin müdiri vəzifəsinə təyin olunmuş, 1941-1942-ci illərdə texniki-istehsal şöbəsində böyük mühəndis, sonra isə həmin trestin 3 və 4 №-li zavodlarında baş mühəndis vəzifəsində, 1942-ci ildən 1946-cı ilədək isə Vano-Sturua adına 229 №-li zavodda baş mühəndis işləmişdir.

V.S.Əliyev namizədlik dissertasiyasının müdafiəsindən sonra 1951-ci ildə Neft Emalı üzrə Elmi Tədqiqat İntitutuna işə qəbul olunmuş və orada 1959-cu ilə qədər direktor vəzifəsində işləmişdir.

O, 1961-ci ildə “Neft-kimya üçün reaksiya qabiliyyətli karbohidrogenlərin tədqiqi və emalı” işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış və 1964-cü ildə elm və texnikada əldə etdiyi nailiyyətlərə görə Azərbaycanın Əməkdar Elm və Texnika xadimi adına layiq görülmüşdür. Azərbaycan SSR EA-nın akademiki, professor M.A.Dalin, k.e.d., professor B.İ.Moldavski, SSRİ EA və Azərbaycan SSR-nin EA Rəyasət Heyətinin üzvü, SSRİ EA-nın müxbir üzvü V.S.Qutırya kimi alimlər V.S.Əliyevin işinə müsbət rəylər vermişdilər.

V.S.Əliyev geniş elmi dünyagörüşünə və biliyə malik yüksək ixtisaslı mütəxəssis idi. O, 1961-ci ildə Azərbaycan EA NKPİ-nun direktoru təyin olunur, həmin ildə professor adına layiq görülür və Azərbaycan EA-nın müxbir üzvü seçilir. V.S.Əliyevə Azərbaycan SSR EA-nın müxbir üzvlüyünə seçilməsi üçün xasiyyətnaməni SSRİ EA-nın müxbir üzvü V.S.Qutırya vermişdir.

Əliyev V.S. 1981-ci ildə Azərbaycan EA-nın kimya bölməsinə akademik katib təyin olunmuşdur.

1982-ci ildə V.S.Əliyev bir qrup alimlə birlikdə ikipilləli katalitik krekinq prosesinin işlənib hazırlanmasına və tətbiqinə görə ikinci dəfə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

Akademik V.S.Əliyevin rəhbərliyi ilə müxtəlif növ neft xammalından – qaz halında olandan ağır neft qalıqlarınadək – reaksiya qabiliyyətli karbohidrogenlərin alınması üçün qaynar layda və istilik daşıyıcısının yüksələn axınında termokontakt pirolizin yeni yüksək məhsuldarlıqlı sistemləri tədqiq olunmuş və işlənib hazırlanmışdır.

Həmmüəlliflərlə birlikdə işlənib hazırlanan termooksidləşdirici piroliz prosesi aparat tərtibatının müxtəlif miqyaslarında və müxtəlif növ neft xammalından istifadə etməklə su hamamının iştirakı ilə və iştirakı olmadan bərk istilik daşıyıcılar üzərində həyata keçirilmişdir. Xammal kimi neft və ağır neft qalıqları (qudronlar, mazutlar), neft distillatının ağır və yüngül fraksiyaları (vakuum distilləsi məhsulları, termiki və katalitik krekinqdən alınan fleqma, termokontakt krekinq məhsulları, benzinlər və kondensatlar), həmçinin qaz halında parafin karbohidrogenləri istifadə olunmuşdur.

Bu zaman ağırdan başlayaraq yüngül benzin fraksiyalarına qədər bütün növ neft xammallarının pirolizi qaynar lay texnologiyası üzrə həyata keçirilmiş, qazlar və distillat fraksiyaları isə birbaşa axın reaktorunda pirolitik parçalanmaya məruz qalmışdır.

Akademik V.S.Əliyevin rəhbərliyi ilə neft xammalının pirolizinin maye məhsulları əsasında sintetik neft-polimer qətranlarının alınmasının yeni yüksək səmərəli prosesi işlənib hazırlanmış və prosesin nəzəri əsasları öyrənilmişdir.

Neft emalı məhsullarında və onun fraksiyalarından polimerləşmə və sopolimerləşmə üsulları ilə neft-polimer qətranlarının alınması akademik V.S.Əliyevin yaradıcı fəaliyyətində mühüm yer tutur. Bu materialların sənaye istehsalına tətbiqi üzrə davam etdirilən sonrakı işlər çox məqsədyönlü olmuş və inşaat materiallarının və məmulatların hazırlanması üçün olduqca vacib olan qətranların xammal ehtiyatlarının xeyli dərəcədə genişlənməsinə imkan yaratmışdır.

Akademik V.S.Əliyevin rəhbərliyi və akademik M.İ.Rüstəmov ilə birlikdə katalizatorun yarım-birbaşa axınında yeni yüksək səmərəli katalitik krekinq sistemi və birinci pilləsində yüksələn katalizator axınlı reaktorun tətbiq edilməsi ilə ikipilləli katalitik krekinq prosesi işlənib hazırlanmışdır. İşlənib hazırlanmış yarım-birbaşa axın və ikipiləli katalitik krekinq sistemlərinin qazodinamik, texnoloji və istilik xassələri bu işlərin müəllifləri tərəfindən ətraflı öyrənilmişdir. Monoolefinlər almaq məqsədi ilə C4-C5 – parafin karbohidrogenlərini dehidrogenləşdirmək üçün dünya təcrübəsində ilk dəfə qaynar lay K-5 xırda dispersli katalizatoru üzərində katalitik dehidrogenləşmə prosesi işlənib hazırlanmışdır. Qeyd olunan prosesin sənayedə tətbiq edilməsi spirtdən divinil istehsal etməyi kəskin azaltmağa və bununla da istehsal edilən divinilin maya dəyərini xeyli aşağı salmağa imkan vermişdir. Keçmiş İttifaqın bir sıra SK zavodlarında – Sumqayıtda, Sterlitamakda, Kuybışevdə, Omsakda, həmçinin Rumıniyada bu proses sənayedə tətbiq edilmişdir.

Akademik V.S.Əliyevin rəhbərliyi altında C4-C5 monomerlərini müvafiq dien karbohidrogenlərinə qədər dehidrogenləşdirmək, C9-C14 parafinlərindən sintetik yuyucu vasitələr almaq üçün ilkin xammal olan xətti olefinlər almaq məqsədilə, həmçinin etilbenzol və izopropilbenzolu α-metilstirola çevirmək üçün yeni orjinal oksidləşdirici-dehidrogenləşmə prosesləri işlənib hazırlanmışdır. Bu proseslər istehsal gücünün artmasına və məqsədli məhsulun maya dəyərinin xeyli aşağı düşməsinə şərait yaratmışdır.

Sənaye katalizatoru üzərində C4-C5 karbohidrogenlərinin müvafiq karbohidrogenlərə birpilləli oksidləşdirirci dehidro-genləşdirilməsi prosesinin yaradılması və elmi əsaslarının işlənib hazırlanması sahəsində akademik V.S.Əliyevin rəhbərliyi ilə orijinal tədqiqatlar aparılmış, proseslərin optimallaşdırılması üçün dövr edən axınlı və inteqral reaktorlarda bu prosesin kimyası və kinetikası öyrənilmişdir.

Akademik V.S.Əliyev tərəfindən “qaynar lay” texologiyasını tətbiq etməklə alunitin yandırılması reduksiya prosesinin işlənib hazırlanması böyük təcrübi və elmi maraq doğurur. Yandırma və reduksiya proseslərinin bahalı olan və az istehsal gücünə malik fırlanan reaktorlar əvəzinə yüksək temperatur şəraitində güclü reaktorlarda aparılması təklif olunur. Yandırma prosesinin həyata keçirilməsi nəticəsində alunitdən struktur suyu ayrılır, sonra isə reduksiya etmək yolu ilə kükürd qazı, alüminium oksid və digər mineral birləşmələr, bunlar da əmtəəlik alüminium oksid və digər məhsulların alınması məqsədilə növbəti mərhələdə emal olunur. Gəncə şəhərindəki alüminium zavodunda bu üsulla işləyən sənaye qurğuları işə salınır. Alunitin yandırılması və reduksiyası, həmçinin onun texnologiyası müəllimlik şəhadətnamələri və xarici patentlərə müdafiə olunmuşdur.

Neft sıxışdırıcı və izoləedici reagent kimi neftçıxarma sənayesində tətbiq edilən akril və epoksid birləşmələr əsasında suda həll olunan yeni polimerlərin alınması prosesləri akademik V.S.Əliyev tərəfindən işlənib hazırlanmışdır. İzolə materialları respublikanın müxtəlif neft mədənlərində neft-qaz quyularının qazılması zamanı müvəffəqiyyətlə tətbiq edilir.

Akademik V.S.Əliyev tərəfindən həmmüəlliflərlə birlikdə neft məhsulları distillatlarının parafinsizləşdirilməsi ilə parafinlərin alınması sahəsində geniş tədqiqat işləri aparılmışdır. Bu parafinlər kimya və mikrobiologiya sənayesi üçün ilkin xammaldır. Parafinsizləşdirmə neft məhsullarının izopropil spirtində karbamid məhlulu ilə, karbamid məhlunun etilen-propilen-etilidennorbornen və ya etilen-propilen-ditsiklopentadien birgəpolimerləri ilə həyata keçirilir. Parafinlərin ayrılması zamanı neft məhsullarının keyfiyyəti xeyli yaxşılaşır.

Heterogen katalizatorda izobutilenin aşağı oliqomerləri ilə fenolu alkilləşdirərək para-tret-butilfenol (p-TBF) və para-tret-oktilfenolun (p-TOF) alınması prosesinin tədqiqi ilk dəfə akademik V.S.Əliyev tərəfindən aparılmışdır. Atmosfer təzyiqində, maye mühitdə bu reaksiyanı həyata keçirmək üçün səmərəli Seokar-2 katalizatoru təklif olunmuşdur. Sintetik alkilfenollar üzvi sintez və neft-kimya sənayesinin olduqca mühüm yarımməhsullarından biridir. Onlar səthi-aktiv maddələrin istehsalında, sürtgü yağları üçün aşqarda, sintetik kauçuk və plastik kütlələrdə antioksidant kimi geniş tətbiq tapmışdır.

Aparılmış tədqiqatlar əsasında izobutilenin oliqomerləri ilə fenolun alkilləşdirilməsi prosesinin texnologiyası işlənib hazırlanmışdır. Proses pilot qurğusundakı stasionar katalizator laylı reaktorda sınaqdan keçirilmişdir. Stasionar katalizator laylı reaktorlardakı hidrodinamika və istilik mübadiləsi məsələlərinə akademik V.S.Əliyev böyük diqqət yetirmişdir. Layda istilik daşınmasının əsas parametrlərinin təyini üçün tənliklər alınmışdır. Borulu reaktorlarda proseslərin intensiv-ləşdirilməsi metodları təklif olunmuşdur.

Hidrodinamika üzrə aparılmış tədqiqatlara əsasən katalizator layının hündürlüyündəki fərqlərə görə kənarlaşmaların təyini üçün asılılıqlar təklif olunmuş, həmçinin hərəkətsiz dənəvərləşdirilmiş katalizator layının hidravlik müqavimət əmsalının təyini üçün asılılıq alınmışdır. Sənaye katalizatorları layında fazalar arası istilik mübadilənin eksperimental tədqiqatları və analizi istilik mübadiləsinə, katalizatorların fiziki xassələrinə və layın quruluşuna təsirini nəzərə almaqla qaz-bərk hissəcik sistemi üçün yeni tənlik almağa imkan vermişdir. Əvvəllər təklif olunan ədəbiyyatdakı asılılıqlarda bu kəmiyyətlər nəzərə alınmırdı. Layda istilik ötürülməsinin effektiv parametrlərinin təyini üzrə yeni tənliklər təklif olunmuşdur: layın radial istilik keçirmə əmsalı divara istilik ötürmə əmsalı. Aparatın geometrik xassələrinin nəzərə alınması ilə bu tənliklər digərlərindən fərqlənmişdir.

Akademik V.S.Əliyevin rəhbərliyi ilə Na-Mn oksid və oksixlorid katalizatorların iştirakı ilə metanın çevrilməsi üzrə sistematik tədqiqatlar aparılmışdır. Manqan katalizatorlarının xlor tərkibli qarışıqla ilkin aktivləşmə və katalizatorun yüksək səmərəliliyini təmin edən, xlorun iştirakı ilə metanın konversiyasının həyata keçirilməsi şərtləri müəyyən edilmişdir. Manqan saxlayan oksid və oksixlorid katalizatorların iştirakı ilə C2-C3 parafin karbohidrogenlərinin oksidləşdirici çevrilməsinin əsas qanunauyğunluqları öyrənilmişdir. Katalizatorun selektivliyinə Na-un modifikasiyaedici təsiri müəyyən edilmiş və olefinlərin yüksək çıxımını təmin edən optimal tərkib seçilmişdir.

Akademik V.S.Əliyev və əməkdaşları tərəfindən elmin yeni perspektivliyi istiqamətləri – müxtəlif oksid katalizatorlarında metan, etan və propanın karbon dioksidlə çevrilmə reaksiyalarının əsas qanunauyğunluqlarının öyrənilməsi üzrə tədqiqatlar aparılmışdır. Prosesin kinetik qanunauyğunluqları öyrənilmiş və onların getmə mexanizmi müəyyən olunmuşdur. Qeyd olunan proseslərin aparılma şəraitləri və oksidləşdirici katalizdə SO2-nin istifadə olunma imkanları aydınlaşdırılmışdır.

C1-C2 alkanlarının karbon dioksidlə konversiya prosesinin həyata keçirilməsi CO2-nin işlədilməsi kimi ekoloji vacib problemin həlli üçün istifadə oluna bilər. Proses iki mərhələdə həyata keçirilir. Birinci reaktorda 950-970°C-də manqanlı silikatın iştirakı ilə metan karbon qazı mühitində konversiyaya məruz qalır. Bu zaman metan 100% konversiyaya uğrayır. Ikinci reaktorda γ-Al2O3 üzərinə hopdurulmuş dəmir və kalium tərkibli katalizatorun iştirakı ilə 410-420°C-də 20-26% selektivliklə sintez-qazın C2-C3 olefinlərinə çevrilməsi həyata keçirilir.

Akademik V.S.Əliyev və əməkdaşları tərəfindən daşıyıcı üzərində olan xırda dispersli gümüş katalizatorun iştirakı ilə hava oksigenində buxar fazada oksidləşmə yolu ilə etilendən etilen oksidin alınması üzrə tədqiqatlar aparılmışdır. Qeyd etmək lazımdır ki, oksidləşmə kompakt yerləşdirilmiş iki reaktorda həyata keçirilir. Birinci reaktorda oksidləşmə ideal sıxışdırma aparatında gedir. Sonra isə alınan qarışıq ikinci reaktora keçirilir və oksidləşmə aşağı enməyən katalizator layında aparılır. ~300°C temperaturda və hər bir reaktorda 1-2 saniyə kontakt müddətində selektivlik 20% olduqda etilen oksidinin çıxımı 50-60% təşkil edir.

Akademik V.S.Əliyev Azərbaycanda metalkompleks katalizinin banilərindən biridir. Azərbaycanın neft kimyası üçün bu istiqamətin mühümlüyünü və vacibliyini düşünərək onun tərəfindən xüsusi qruplar və laboratoriyalar təşkil olunmuşdur ki, bunlara da keçmiş Sovet İttifaqının aparıcı elmi təşkilatlarında və ali təhsil müəssisələrində hazırlıq keçmiş gənc alimlər başçılıq etmiş, onun rəhbərliyi altında onlar bu sahədə müvəffəqiyyətlə tədqiqatlar aparmışlar.

Akademik V.S.Əliyev 70-80-ci illərdə dimerləşmə, oliqomerləşmə, polimerləşmə, doymamış karbohidrogenlərin oksidləşmə reaksiyaları üçün metalkompleks katalizatorların işlənib hazırlanması və praktiki tətbiqinin əsas təşkilatçısı idi. Sənayedə tətbiqə zəmanət verilməsi ilə bu katalizatorları sınaqdan keçirmək üçün pilot və təcrübə-sənaye qurğuları yaradılmışdır. Etilen, propilenin dimer və oliqomerlərinin, butadienin, izoprenin xətti və tsiklik oliqomerlərinin istehsalı üçün yeni səmərəli katalizatorlar və proseslər, prinsipcə yeni bifunksional katalizatorlar-stabilləşdiricilər və onların əsasında aşağı molekullu və yüksək molekullu stereomüntəzəm polibutadienlərin istehsalının yeni ekoloji cəhətdən qənaətbəxş texnologiyası yaradılmışdır.

Alkiltsikloalkilaromatik birləşmələrin, difeniletanların və onların alkil törəmələrinin dehidrogenləşməsi üzrə aparılan tədqiqatlar nəticəsində elektron faktorları müəyyən olunmuş, stirol, α-metilstirol, divinilbenzol, α-fenilstirolun alkil-, oksitörəmələrinin və difenil, alkildifenillərin alkil-, alkeniltörəmələrini almaq üçün səmərəli katalizatorlar təklif olunmuş, katalizatorun qaynar layında bu məhsulların alınmasının texnologiyası işlənib hazırlanmışdır. Stirol və divinilbenzolun sintez olunmuş alkil-, ariltörəmələrinin sərbəst radikal mexanizmi üzrə oliqomerləşmə, onların stirol, butadien, akrilonitril, malein anhidridi ilə sooliqomerləşmə, sopolimerləşmə reaksiyaları öyrənilmiş və qeyri-aromatik karbohidrogen həlledicilərində həll olması yaxşılaşmış, istiyə davamlı yeni, öz-özünə tikilən oliqomerlər alınmışdır. α-metilstirolun, etil-, izopropil və izopropeniltoluolların alınma prosesləri təcrübə qurğusunda həyata keçirilmişdir.

Akademik V.S.Əliyev və əməkdaşları tərəfindən sirkə anhidridi ilə polimer kompleksi olan sulfat turşusunun ekvimolyar miqdarı ilə aromatik birləşmələrin birfazada tam gedən sulfolaşdırılması vasitəsi ilə təmiz, susuz aromatik sulfoturşularının sintezinin yeni ekoloji təmiz, yüksək selektivli proseslərinin elmi əsasları öyrənilmiş və işlənib hazırlanmışdır. Sulfoturşularının qələvi vasitəsi ilə əridilməsindən təmizliyi 99,5% və əlavə təmizlənmə aparılmadan daha yüksək təmizliyə malik olan para-alkilfenollar və α-naftol alınmışdır.

Akademik V.S.Əliyev institutda yaradılmış karbonat preparatının sintezinin fosgensiz üsullarının, o cümlədən, α-naftol və metilizosianat əsasında alınan pambıq ziyanvericisi - sovka əleyhinə işlədilən ″Muğan″ insektisid preparatının, həmçinin N-metilkarbamin turşusunun dikrezil efirinin - arıların ektoparazitlərinin əleyhinə olan akarisid preparatının müəlliflərindən biridir.

Akademik V.S.Əliyev və həmmüəlliflər tərəfindən aromatik karbohidrogenlər, örtük əmələgətirici oliqomerlər - lak və boya sənayesində polimerləşmiş qida bitki yağlarının effektiv əvəzediciləri, epoksid qətranlarının maye bərkidiciləri və suda həll olan oliqomer sulfonatlar almaq məqsədilə neft xammalının maye piroliz məhsullarının emalının kompleks sxemləri işlənib hazırlanmışdır. Piroliz məhsullarının stirol, inden və stirol-inden fraksiyalarının sərbəst radikal və kation oliqomerləşdirilməsi ilə plyonka əmələgətirici oliqomerlərin (neft-polimer qətranları) alınması işlənib hazırlanmış və sənaye miqyasında hayata keçirilmişdir. Benzol, toluol, neft-həlledici və neft-polimer qətranlarının alınması ilə pirokondensatın emalını kompleks sxemi sənaye miqyasında realizə olunmuşdur.

Akademik V.S.Əliyevin tədqiqatlarının son illəri oliqomerlərin az öyrənilmiş sinfinə - suda həll olan oliqomer sulfonatların sintezinin elmi əsaslarının öyrənilməsinə, ekoloji təmiz texnologiyasının yaradılmasına və tətbiqinə həsr olunmuşdur. Formaldehidlə naftalin-, alkilnaftalin sulfoturşu­larının sintez və polikondensləşmə, oliqoarilalkenlərin sulfolaşma, stirol, inden və vinilnaftalinin oliqosulfolaşma reaksiyalarının qanunauyğunluqları öyrənilmiş, oliqomer sulfonatlarının plastifikasiyə etmə effektinin tərkib, quruluş və karbohidrogen zəncirinin uzunluğundan asılılığı müəyyən edilmişdir. Asan tapılan xammal - katalitik krekinqin yüngül qazoylu əsasında oliqomer-sulfonatların alınma prosesi işlənib hazırlanmış və təcrübə-sənaye qurğusunda həyata keçirilmişdir. Yaradılmış oliqomer-sulfonatlar beton və gips qarışıqları üçün superplastifikator, yağlayıcı-soyuducu mayelər üçün isə effektiv komponentlərdir. Beton qarışığına sementin çəkisinin 0,5-1,0%-i qədər oliqomer-sulfonat daxil etdikdə əmək həcmi 70%, enerji məsrəfləri 30-40%, sementin sərfi 15-20 % azalır, betonun möhkəmliyi 1,5-2,0 dəfə artır və onun suya, şaxtaya davamlılığı yaxşılaşır.

α-naftol almaq məqsədilə akademik V.S.Əliyev həmmüəlliflərlə birlikdə geniş tədqiqatlar aparmışlar. α-Naftolun alınma prosesi sirkə anhidridinin iştirakı ilə 30-80ºC-də naftalinin sulfat turşusu ilə sulfolaşdırılması yolu ilə aparılmışdır. α-Naftol sovka əleyhinə tətbiq edilən yüksək səmərəli insektisidin-karbalinin (ticari adı ″Sevin″) istehsalında, həmçinin azoboyaların istehsalında tətbiq edilmişdir. Mineral və bitki yağları üçün α-naftol effektiv antioksidantdır. İşlənib hazırlanmış proseslərin tətbiqi on milyonlarla rubla qənaət etməyə, bir sıra hallarda isə əvvəllər xaricdən gətirilən qiymətli kimyəvi məhsulların istehsalını ölkədə təşkil etməyə imkan vermişdir.

Akademik V.S.Əliyevin rəhbərliyi altında katalizatorun hərəkətli və hərəkətsiz layında katalitik krekinq, ikipilləli katalitik krekinq, heterogen kontakt krekinq proseslərinin aparılması üçün yeni reaktorların lahiyəsi və texnoloji sistemi yaradılmışdır. Bu da reaktorların məhsuldarlığını artırmağa və keyfiyyətli avtomobil benzini almaq üçün yeni, daha məhsuldar iri miqyaslı sistemlər yaratmağa imkan verirdi. Onun tərəfindən həm də neft-kimya sintezi üçün xammal kimi reaksiya qabilliyyətli olefinlərin alınması məqsədi ilə termokontakt piroliz prosesinin işlənib hazırlanmışdır.

Akademik V.S.Əliyev keçmiş SSRİ-nin bir çox baş institut və müəssisələrinin, həmçinin xarici ölkələrin alim və mütəxəssisləri ilə sıx elmi və istehsalat əlaqələr saxlayırdı. Azərbaycan elminin nailiyyətlərini həm yaxın, həm də uzaq xaricdə təbliğ olunmasında çox böyük rol akademik V.S.Əliyevə məxsusdur. O, müxtəlif Beynəlxalq konqres, simpozium və konfranslarda mərüzə ilə dəfələrlə çıxış etmişdir.

V.S.Əliyevin tədqiqatlarının çox hissəsi yeni kəşflərlə nəticələnirdi. O, 300-ə yaxın müəlliflik şəhadətnaməsinin , 50 xarici patentin, 400-ə yaxın dərc olunmuş elmi məqalələrin, o cümlədən, geniş nüfuz qazanmış, fundamental əməyi təmsil edən 5 monoqrafiyanın müəllifidir.

İkipilləli katalitik krekinq, alunitin emalı və etilen oksidinin alınması proseslərinə ABŞ-da, İtaliyada və Bolqarıstanda lisenziyalar verilmişdir.

Akademik V.S.Əliyev yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına böyük diqqət yetirirdi. V.S.Əliyevin hazırladığı 7 elmlər doktoru və 30 fəlsəfə doktoru onun elmi istiqamətlərini müvəffəqiyyətlə inkişaf etdirirlər.

V.S.Əliyevin çoxsaylı yüksək xüsusiyyətləri arasında yüksək təşkilatçılıq qabilliyyəti, kollektivi idarəetmə bacarığı diqqətə layiq idi. O, həm Azərbaycan SSR EA Kimya Elmləri bölməsinə, həm Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutuna uzun illər ərzində uğurla başçılıq etmişdir. V.S.Əliyev Azərbaycan EA ″Neft kimya″ Elmi Şurasının üzvü və sədri, D.İ.Mendeleyev adına ÜKC-nin mərkəzi idarə heyətinin plenum üzvü, Azərbaycan SSR ″Bilik″ cəmiyyətinin üzvü, Respublika Elmi-Texniki cəmiyyətinin plenum üzvü, Azərbaycan SSR EA-nın Rəyasət Heyyətinin üzvü, SSRİ EA-nın və Azərbaycan SSR EA-nın bir sıra elmi-texniki şuralarının üzvü, elm və texniki üzrə SSRİ DK-nın, Dövlət Plan Komitəsinin və SSRİ və Azərbaycan SSR-nin bir neçə ictimai təşkilatlarının üzvü, 1944-cü ildən Sov.İKP-nin üzvü və 5 dəfə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. 1987-ci ildən 1993-cü ilə qədər AMEA-nın NKPİ-də direktor yanında məsləhətçi olmuşdur.

Akademik V.S.Əliyev 2 avqust 1993-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Təltiflər:

1944-cü il Neftayırma və neft-kimya sənayesinin inkişafında əvəzsiz xidmətlərinə görə Lenin Ordeni və “Qafqazın müdafiəsinə görə” medalı;

1945-ci il “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı;

1948-ci il Neft və neft emalı sənayesində əsaslı təkliflərinə, emal metodlarına görə SSRİ Dövlət Mükafatı laureatı adı veriliş və “Qırmızı Əmək Bayrağı” ordeni;

1949-cu il “Əməkdə fərqlənməyə görə” medalı;

1952-ci il Ümumittifaq Elmi mühəndis – texniki və neftçilər təşkilatının qərarına əsasən yeni texnikanın istehsal sahəsində yüksək göstəricilər göstərdiyi üçün təşkilatın Fəxri Fərmanı;

1955-ci il “Şərəf Nişanı” Ordeni;

1959-cu il “Şərəf nişanı” Ordeni;

1966-cı il “Şərəf nişanı” Ordeni;

1970-ci il “Rəşadətli Əməyə görə” medalı;

1976-cı il Sənayedə yüksək effektli proses olan yanacağın parafinsizləşməsi işinin tətbiqi sahəsindəki xidmətlərinə görə Azərbaycan Dövlət Mükafatı;

1976-cı il Oktyabr İnqilabı ordeni;

1978-ci il Neft-kimya və neft emalı sahəsində yüksək xidmətlərinə görə “Fəxri Neft kimyaçısı” adı;

1979-cu il “Azərbaycan Ali Soveti Rəyasət Heyyətinin Fəxri Fərmanı”;

1980-ci il SSRİ Xalq Təsərrüfatının inkişafındakı yüksək nailiyyətlərinə görə XTNS-nin qızıl medalı;

1982-ci il Neftin katalitik krekinqdə yüksək effektli reaktorların tətbiqi və kiçik dispersli alümosilikat katalizatorunda işləyən prosesin sənayedə tətbiqi və tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Dövlət Mükafatı laureatı;

1983-cü il Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı;

1985-ci il “Qələbənin 40illiyi” medalı;

1988-ci il Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı.

2015-12-19   42471