NKPI

Interesting Informations

MEHDİYEV SOLTAN CƏFƏR OĞLU

(1914-1985)

Soltan Cəfər oğlu Mehdiyev 1914-cü il dekabrın 2-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1927-ci ildə Lahıc kəndində natamam orta məktəbi bitirib, elə həmin ildə Bakı şəhərindəki Pedaqoji Texnikuma daxil olmuşdur. 1931-ci ildən 1934-cü ilə kimi S.C.Mehdiyev Respublikanın müxtəlif rayonlarında kənd məktəblərində müəllim işləmişdir. Təhsilini artırmaq üçün 1934-1939-cu illər ərzində S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində oxumuşdur. 1936-cı ildə SSRİ EA-nın Azərbaycan Filialının neft kimyası şöbəsində laborant vəzifəsində çalışmışdır. 1939-1941-ci illərdə V.Kuybişev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (AZETNEİ) aspirant olmuşdur.

1943-cü ildə Tiflis Dövlət Universitetinin Elmi Şurasında kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1946-1956-cı illərdə Azərbaycan SSR EA-nın Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir.

1954-1955-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft kimyası texnologiyası kafedrasının dosenti kimi fəaliyyət göstərmiş, SSRİ EA Neft İnstitutunun (indiki A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutu) Elmi Şurasında kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün 1955-ci ildə dissertasiya müdafiə etmişdir.

Bir il sonra SSRİ Ali Təhsil Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Neft kimyası” ixtisası üzrə professor elmi adı verilmişdir. Elə həmin ildə (1956) Azərbaycan SSR EA Neft İnstitutunun direktoru kimi fəaliyyətə başlamışdır və 1959-cu ilə qədər bu vəzifədə işləmişdir.

1958-ci ildə Neft kimyası ixtisası üzrə Azərbaycan SSR EA müxbir üzvü seçilmişdir. Soltan Mehdiyev 1958-1985-ci illərdə EA Y.H.Məmmədəliyev adına NKPİ-də “Monomerlər kimyası” laboratoriyanın rəhbəri, 1962-1965-ci illərdə isə Azərbaycan EA NKPİ-nin elmi işlər üzrə direktor müavini işləmişdir.

S.C.Mehdiyevin elmi fəaliyyəti maraqlı və çoxcəhətli olmuşdur. Bu fəaliyyət xüsusilə Azərbaycan neftlərində geniş yayılmış tsiklan karbohidrogenləri və onların törəmələrinin kimyasına həsr olunmuş, özünəməxsus vahid elmi istiqamətin inkişaf etdirilməsi ilə xarakterizə edilir.

Onun elmi-tədqiqat işlərinin nəticəsində aşağıdakılar müəyyən olunmuşdur:

doymuş və doymamış tsiklan karbohidrogenlərin izomerləşmə reaksiyasının mexanizminin öyrənilməsi; naften karbohidrogenlərinin xlorlaşma reaksiyasında həlqədəki hidrogen atomlarının xlorla əvəzolunma qanuna-uyğunluqlarının müəyyən edilməsi və alınan xlortsikloheksan molekullarının fəza quruluşunun öyrənilməsi; alkiltsiklo-heksanların müvafiq aromatik nitrillərə və ftalimidə çevrilməsi ilə gedən oksidləşdirici ammonoliz reaksiyasının qanuna-uyğunluqlarının müəyyən edilməsi; akroleinin biratomlu spirtlərdə buxar fazada reduksiya edilməsi şəraitində allil spirtinin 1-propanola çevrilməsi reaksiyasının mexanizminin tədqiqi; butenin izomerlərinin aromatik karbohidrogenlərə katalitik çevrilməsi reaksiyasının mexanizminin öyrənilməsi; alitsiklik ketonların müvafiq naften karbohidrogenlərinə katalitik hidrogenləşməsinin qanunauyğunluqları; alitsiklik ketonla α-olefinlərə və tsikloolefinlərə təzyiq altında peroksidlərin iştirakı ilə birləşməsi reaksiyasının mexanizmi və yeni sıra alitsiklik ketonların orijinal alınma üsulunun işlənməsi və s. kimi istiqamətlərdə aparılan elmi-tədqiqat işləri bilavasitə akademik S.C.Mehdiyevin adı ilə bağlıdır.

Alimin tsikloheksan, aromatik, alifatik sıra karbohidrogenləri və onların törəmələrinin halogenləşmə, nitrolaşma, alkilləşmə, oksidləşmə və oksidləşdirici ammonoliz reaksiyalarının tədqiqi sahəsində aldığı nəticələr elmi və praktiki istiqamətləri xeyli zənginləşdirmişdir.

Aparılan tədqiqatlar praktiki əhəmiyyət kəsb edən bir çox üzvi kimya məhsullarının orijinal alınma üsüllarının və proseslərinin işlənib hazırlanmasına imkan yaratmışdır. Bu cəhətdən Bakı neftlərindən alınan benzin əsasında sintez edilmiş və hələ Böyük Vətən müharibəsi illərində sənaye miqyasında istehsal olunmuş ″trotil″ adlı partlayıcı maddənin, xüsusi yanğınsöndürücü qarışığın əsas komponentlərindən biri olan metilenbromidin, müəyyən məqsədlər üçün istifadə edilən polimer materialların istehsalında xammal kimi işlənən metilsiklopentadien və benzonitrilin, istiyədavamlı boya və piqmentlərin alınması üçün tətbiq edilən ftalonitril və ftalimidin, ətriyyat məmulatları və şaxtayadavamlı sintetik kauçuk istehsalında böyük tələbatı olan alifatik və alitsiklik ketonların, yeyinti sənayesi və ətirli maddələr istehsalında istifadə edilən laktonların, alkilfenolların alınmasında geniş istifadə olunan diizobutilen və sintetik kauçuk istehsalında emulqator kimi işlənən kanifol sabununu əvəz edən alkilbenzolkarbon turşularının sintezi üsullarını və alınma proseslərini qeyd etmək lazımdır.

S.C.Mehdiyevin öz əməkdaşları ilə birlikdə apardığı elmi tədqiqatları aşağıdakı ardıcıllıqla sistemləşdirmək olar:

I. Neft fraksiyalarından fərdi karbohidrogenlərin ayrılması

Görkəmli alimin rəhbərliyi ilə neftin ilkin və təkrar emalı zamanı alınan bəzi fraksiyalardan fərdi naften və aromatik karbohidrogenlərin ayrılması istiqamətində silsilə tədqiqatlar aparılmışdır. Bu sahədə əldə edilmiş ən mühüm nəticələrdən biri Böyük Vətən müharibəsi illərində Bakı neftlərindən ayrılan yüngül benzin fraksiyalarından alınan toluolu nitrolaşdırmaqla mononitrotoluola çevirmək və onun əsasında "trotil" adlı partlayıcı maddənin alınması prosesinin işlənib hazırlanması olmuşdur. Qeyd etmək lazımdır ki, bu proseslə nitrolaşdırıcı reagent kimi o zaman çətin tapılan nitrat turşusunun əvəzinə ammonium nitratdan müvəffəqiyyətlə istifadə edilmişdir.

Tsikloheksan, metiltsikloheksan və metiltsiklo-pentanın naften karbohidrogenləri ilə zəngin olan benzin fraksiyasından rektifikasiya və azeotrop qovulma üsülları ilə çıxarılması prosesinin də böyük praktiki əhəmiyyəti vardır. Bu prosesin sənayeyə tətbiqi poliamid liflərinin - kapron və naylonun alınma texnologiyasını ucuzlaşdırmaqla yanaşı, Azərbaycan neftlərində zəngin ehtiyatları olan naften karbohidrogenlərinin əsasında bir sıra yeni tip polimer materialların, yağlar və yanacaqlar üçün aşqarların və başqa qiymətli məhsulların gələcəkdə sənaye miqyasında istehsal edilməsinə şərait yaratmışdır.

Bu istiqamətdə S.C.Mehdiyev əməkdaşları ilə birlikdə apardığı selektiv alkilləşmə yolu ilə ksilolun izomerləri və etilbenzoldan ibarət qarışıqdan ortoksilol və etilbenzolun üçlü-alkil törəmələri şəklində ayrılması prosesini xüsusi qeyd etmək lazımdır. Alınan üçlü-alkiləvəzli aromatik karbohidrogen-lərinin əsasında kanifolu əvəz edə bilən emulqator istehsalının perspektivliyi, habelə ayrılması çətin olan meta- və para-ksilol qarışığının müvafiq izo- və tereftalnitrillər şəklində yüksək istiyədavamlı poliamidlər istehsalında istifadə edilməsi imkanı alim tərəfindən işlənmiş, bu da selektiv alkilləşmə prosesinin böyük elmi-təcrübi əhəmiyyətini aydın göstərir. S.C.Mehdiyev və əməkdaşları tərəfindən işlənmiş izo- və tereftalnitrillər qarışıqlarının komponentlərə ayrılması prosesi də orijinallığı ilə maraq doğurur.

II. Karbohirdogenlərin izomerləşmə və tsiklləşmə reaksiyaları

S.C.Mehdiyevin əsərlərində naften karbohidrogenlərinin alüminium-xlorid və alümosilikat iştirakı ilə izomerləşməsi reaksiyasının mexanizmi hərtərəfli öyrənilmişdir. O, sübut etmişdir ki, alüminium-xloridin naften karbohidrogenlərinə izomerləşdirici təsiri altıüzvlü həlqəni beşüzvlüyə və əksinə çevirməklə həlqənin kiçilməsi və genişlənməsi, aralıq mərhələdə, molekuldaxili yenidənqruplaşma yolu ilə gedir, bu qruplaşma dinamikdir və proses verilən şəraitdə termodinamiki sabit izomerlərlə zəngin qarışıq əmələ gələnə qədər davam edir.

Alümosilikatlardan naften karbohidrogenlərinin izomerləşməsinə analoji təsirinin müəllif tərəfindən təcrübi yolla isbat edilməsi olduqca maraqlıdır. S.C.Mehdiyev həyata keçirdiyi tədqiqatların nəticələrinə əsaslanaraq neftdə olan naften karbohidrogenlərinin, xüsusi ilə tsikloheksanın metiləvəzli törəmələrinin böyük miqdarda olması ilə bu karbohidrogenlərin yerin dərin qatlarında təbii alümo-silikatların iştirakı ilə izomerləşməsi arasında müəyyən əlaqənin olması ehtimalını irəli sürmüşdür. Bu tədqiqatın nəticələri 1955-ci ildə müəllifin SSRİ EA Neft İnstitutunun Elmi Şurasında kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada verilmişdir.

Bu qanunauyğunluqların mexanizmi müasir elmi ədəbiyyatda alimin adı ilə bağlıdır.

Alimin kiçik molekullu alifatik karbohidrogenlərin aromatikləşməsi və n-heptanın antrasen və fenantrenə katalitik çevrilməsi istiqamətində apardığı tədqiqatların böyük elmi və praktiki əhəmiyyəti olmuşdur. Müəllif geniş təcrübi materiallar əsasında C3-C5 karbohidrogenlərindən aromatik karbohidro-genlərin katalitik alınma yollarını göstərmiş və n-heptanı yüksək seçiciliklə antrasen və fenantrenə çevirən katalizatorları müəyyən etmişdir.

S.C.Mehdiyev əməkdaşları ilə birlikdə alüminium-oksidi üzərində tsikloheksanolun və onun metiltörəmələrinin dehidratlaşması, habelə müvafiq xlortsikloheksanların dehidroxlorlaşması üzrə apardığı tədqiqatlar da diqqətəlayiqdir. Bu tədqiqatların nəticəsində 1962-1965-ci illərdə müəyyən edilmişdir ki, tsilkoheksanolun dehidratlaşması, xüsusən xlortsikloheksanın dehidroxlorlaşması reaksiyası alınan doymamış alitsiklik karbohidrogenlərin izomerləşməsi ilə müşahidə olunur; proses temperatur  şəraitindən və alüminium oksidin aktivliyindən asılı olaraq həm ikiqat rabitənin yerinin dəyişilməsi, həm də həlqənin daralması ilə gedir.

Müəyyən olunmuşdur ki, metiltsikloheksenin izomer-lərindən ən davamlısı ikiqat rabitəyə görə metil qrupları 1 və 4 vəziyyətində olanlardır. Tsikloolefinlərin izomerləşməsi sahəsində müəllifin apardığı sonrakı tədqiqat işləri bu nəticələri təsdiq etmişdir.

Tsikloheksan və aromatik karbohidrogenlərin sulfat turşusu iştirakı ilə tsikloheksen və 3-metiltsiklopentenlə tsikloalkilləşməsi reaksiyasını tədqiq edən alim götürülən katalizatorun təsiri ilə tsikloheksenin 3-metiltsiklopentenlə tsikloalkilləşməsi reaksiyasını tədqiq edən alim götürülən katalizatorun təsiri ilə tsikloheksenin 3-metiltsiklopentenə izomerləşməsini müşahidə etmişdir.

Əlbəttə, bu tədqiqatların nəticələri nəzəri cəhətdən böyük maraq doğurmaqla yanaşı, bir sıra üzvi birləşmələrin, o cümlədən naften karbohidrogenlərinin əsasında beş və altı üzvlü alitsiklik doymamış karbohidrogenlərin sənaye miqyasında istehsal edilməsi üçün mühüm praktiki əhəmiyyətə malikdir.

Görkəmli alim benzolun alkiltörəmələrinin fotokimyəvi xlorlaşdırılması və alınan məhsulların fenilasetilenə, xlorstirola çevrilməsi istiqamətində də bir sıra tədqiqatlar aparmışdır. Benzolun alkil törəmələrinin fotokimyəvi üsulla xlor-laşdırılması və reaksiya məhsullarının fenilasetilenə, xlorstirollara, eləcə də metanın metilenbromidə və bromoforma çevrilməsi S.C.Mehdiyev tərəfindən öyrənilmişdir. Bu tədqiqatların bəzi nəticələri yüksək keyfiyyətli yanğın-söndürücü tərkibin böyük miqyasda istehsalının təşkili üçün əsas yaratmışdır.

S.C.Mehdiyevin halogenləşdirmə sahəsində apardığı silsilə tədqiqatlara alitsiklik karbohidrogenlərin bromlu törəmələrinin alınması və quruluşlarının müəyyənləşdirilməsi, butanın izomerlərinin xlorlaşdırılması və butilenlərin hidroxlorlaşdırılması yolu ilə normal butanın və izobutanın xlorlu törəmələrinin sintezi, etanın bromlaşdırılması və digər işlər daxildir.

III. Karbohidrogenlərin halogenləşdirilməsi və dehidrohalogenləşdirilməsi

1957-1961-ci illər ərzində S.C.Mehdiyev əməkdaşları ilə birlikdə tsikloheksan karbohidrogenlərinin bir sıra fərdi nümayəndələrinin termiki, fotokimyəvi və katalitik xlorlaşması istiqamətində geniş tədqiqat işləri aparmışdır. Bu karbohidrogenlərin bir çoxunun xlorlaşdırılması ilk dəfə müəllif tərəfindən öyrənilmişdir. Aparılmış tədqiqatlar nəticəsində elmə məlum olmayan bir sıra maraqlı qanunauyğunluqlar müəyyən edilmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, alkiltsikloheksanların xlorlaşma reaksiyasında hidrogen atomlarının xlorla əvəzolunma qaydası xlorlaşdırma üsulundan asılı olmayıb, karbohidrogenin molekul quruluşundan asılıdır.

Aparılan elmi axtarışların nəticələri neftin tərkibində olan alitsiklik karbohidrogenlərin geniş ehtiyatında kimya sənayesində istifadə etmək üçün yeni imkanlar yaratmaqla yanaşı, üzvi birləşmələrin molekulunda ayrı-ayrı atom və qrupların qarşılıqlı təsiri nəzəriyyəsini yeni konkret materiallarla zənginləşdirmişdir.

IV. Alkilləşmə və kondensləşmə reaksiyaları.

S.C.Mehdiyevin elmi fəaliyyətində mühüm yerlərdən birini onun rəhbərliyi ilə 1960-70-ci illər ərzində aparılan aromatik və tsikloheksan karbohidrogenlərinin və onların törəmələrinin olefinlər, tsiklenlər, haloidalkenlər, xlortsiklo-heksanlarla alkilləşdirilməsi sahəsində gördüyü işlər tutur. Bu sahədə müəllifin toluolun, ksilolun izomerlərinin, etilbenzolun, onların texniki qarışıqlarının turşu katalizatorları vasitəsi ilə izobutilenlə, alüminiumxloridin üzvi nitrobirləşmələrlə əmələ gətirdiyi komplekslərin iştirakı ilə izobutilen və propilenin oliqomerləri ilə selektiv alkilləşməsi üzrə əməkdaşları ilə birlikdə apardığı tədqiqatları göstərmək olar.

Aparılan elmi araşdırmalar texniki ksilol fraksiyasını komponentlərə ayırmaq problemini həll etməklə yanaşı, kauçuk istehsalına lazım olan sintetik emulqatorun alınması prosesinin xammalla təmin edilməsi, poliefir və poliamid istehsalında tətbiq olunan para- və meta-ksilolların yeni mənbələr hesabına ehtiyatının genişləndirilməsi ilə əlaqədar olduğundan böyük praktiki əhəmiyyətə malikdir.

V. Karbohidrogenlərin oksidləşməsi və oksidləşdirici ammonoliz reaksiyaları

Karbohidrogenlərin maye və buxar fazada oksidləşdirilməsi akademik S.C.Mehdiyevin elmi fəaliyyətində ən qabaqcıl istiqamətlərdən biridir. Onun rəhbərliyi altında alken, tsiklen, alkilaromatik və alkiltsikloheksan karbohidrogenlərinin homogen və heterogen sistemdə katalitik oksidləşməsi sahəsində geniş və hərtərəfli tədqiqat işləri aparılmışdır. Ksilolların maye fazada havanın oksigeni vasitəsi ilə toluol və ftal turşularına oksidləşməsi reaksiyasını tədqiq edən alim bu turşuların optimal alınma şəraitini müəyyənləşdirmişdir. Onun əməkdaşları ilə işləyib hazırladığı ksilolun izomerlərinin toluol və etilbenzolun alkiləvəzli törəmələrinin maye fazada oksidləşməsi yolu ilə müxtəlif alkilbenzol və alkiltoluol turşularının yüksək çıxımla alınma prosesinin böyük praktiki əhəmiyyətə malik olduğunu xüsusi qeyd etmək lazımdır. Belə ki, alınan turşuların kalium və natrium duzları yüksək emulsiyaedicilik qabiliyyətinə görə onlar alkil qətranlarının, metalların korroziyasına qarşı işlədilən inhibitorların, bitkilər üçün boy maddələrinin istehsalında və xalq təsərrüfatının digər sahələrində geniş istifadə edilə bilər.

S.C.Mehdiyev əməkdaşları ilə birlikdə oksidləşmə istiqamətində tədqiqatları davam etdirərək, toluol və metiltsikloheksanın, ksilol və dimetiltsikloheksanların fərdi və binar qarışığının, həmçinin tetralin və naftalinin oksidləşdirici ammonoliz reaksiyalarını hərtərəfli və dərindən öyrənmişdir. Aparılan tədqiqatlar benzonitril, tere-, orto- və izoftalonitrillər, eləcə də ftalimid kimi qiymətli kimyəvi məhsulların bir mərhələdə alınma proseslərinin işlənib hazırlanmasına imkan vermişdir.

Texnologiyasının sadəliyi, ilkin karbohidrogenlərin ehtiyatının böyük olması və reaksiya məhsulları olan aromatik nitrillərin termiki davamlı polimer materialların, boya maddələrinin, fizioloji aktiv birləşmələrin, plastifikatorların və başqa qiymətli məhsulların istehsalında istifadə edilməsi imkanları bu proseslərin gələcəkdə böyük perspektivi olacağını göstərir.

Kimyaçı alimin rəhbərliyi altında tereftalonitrilin metil spirti və etilenqlikol ilə reaksiyasından müvafiq dimetiltereftalat və β,βı-dioksietil efirinin bir mərhələdə alınması prosesinin işlənməsi də diqqətəlayiqdir.

Metiləvəzli tsikloheksan karbohidrogenlərinin oksidləşdirici ammonoliz reaksiyasının mexanizmini tədqiq edərkən müəyyən olundu ki, proses ardıcıl olaraq həmin birləşmələrin müvafiq aromatik karbohidrogenə dehidrogen-ləşməsi və əmələ gələn karbohidrogenin nitrilə çevrilməsi yolu ilə gedir.

Alken karbohidrogenləri və allil spirtinin hidrogen-peroksidlə birbaşa hidroksidləşməsi reaksiyasının tədqiqi sahəsində alimin əldə etdiyi nəticələrin böyük əməli əhəmiyyəti vardır. Bu işlər etilen, propilen, butilen və allil spirtinin hidrogenperoksidlə birbaşa reaksiyasından müvafiq iki atomlu spirtlər və qliserinin alınması proseslərinin optimal şəraitini müəyyənləşdirməyə və əldə edilmiş nəticələri tətbiq etməyə imkan yaratmışdır.

Alimin əməkdaşları ilə birlikdə tərkibində karbonil qrupu olan birləşmələrin alifatik spirtlərlə katalitik reduksiyası sahəsində apardığı işlərin də böyük elmi və praktiki əhəmiyyəti vardır. Belə ki, akroleinin etil spirti vasitəsilə allil spirtinə qədər selektiv reduksiya prosesi öz texniki və iqtisadi göstəricilərinə görə qliserinin sənaye miqyaslı istehsalında xlorun iştirakı olmadan işlədilə bilər.

Akademik S.C.Mehdiyevin rəhbərliyi ilə doymamış alifatik və alitsiklik karbohidrogenlərin maye fazada oksidləşdirilməsi sahəsində dərin və geniş tədqiqatlar aparılmış, olefinlərin əvvəlcə oksidləşdirilməsi, sonra isə alınan oksidatın müxtəlif istiqamətlərdə çevrilməsi yolu ilə izopren, tsiklopentadien, metiltsiklopentadien, tsiklo-heksadien, onların homoloqlarının, habelə doymamış alitsiklik spirtlərin və ketonların bir sıra orijinal alınma üsulları işlənib hazırlanmışdır. Bu istiqamətdə tədqiqatları inkişaf etdirərək, S.C.Mehdiyev və əməkdaşları alkenlər və tsiklenlərin üzvi peroksidlər və ya havanın oksigeni vasitəsilə oksidləşdirilməsi prosesində yüksək aktivliyə və selektivliyə malik yeni katalitik sistemlər hazırlamış və göstərilən olefinlərin müvafiq epoksidlərə, doymamış spirtlərə və hidroperoksidlərə katalitik oksidləşmə reaksiyasının qanunauyğunluqlarını öyrənmişlər. Aparılan elmi işlərin nəticələri poliefir qətranları və başqa qiymətli materialların alınmasında istifadə olunan oksigenli birləşmələrin istehsalının təşkili üçün mühüm əhəmiyyət kəsb edir.

Alimin alitsiklik ketonların oksidləşməsi yolu ilə müvafiq laktonların alınması istiqamətində başladığı tədqiqatların da elmi və praktiki əhəmiyyəti böyükdür. Tədqiqatların nəticələri yeyinti sənayesində geniş tətbiq olunan bir sıra yeni laktonların sənaye miqyasında istehsalının təşkil olunmasına imkan yaratmışdır.

VI. Hidrogenləşmə və parçalanma reaksiyaları

Akademik S.C.Mehdiyevin əsərlərində üzvi birləşmələrin hidrogenləşdirilməsi və parçalanması ilə əlaqədar bir sıra məsələlər özünün dəqiq həllini tapmışdır. Buraya tsiklopentanon və onun homoloqlarının müvafiq tsiklopentan karbohidrogenlərinə birbaşa hidrogenləşdirilməsi, polistirolun poliviniltsikloheksana  çevrilməsi, benzol, toluol, ksilollar və başqa aromatik karbohidrogenlər əsasında müvafiq alkil- və tsikloalkiltsikloheksanların alınması kimi yeni sintez üsullarını daxil etmək olar. Bu sahədə tsiklopentadien əsasında monomer kimi istifadə edilən tsiklopentenin alınması prosesinin də böyük praktiki əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır.

S.C.Mehdiyevin əməkdaşları ilə birlikdə alkan və tsiklan karbohidrogenlərinin pirolizi sahəsində apardığı tədqiqatlar da təqdirəlayiqdir. Alınan nəticələr ayrı-ayrı nəzəri məsələlərin həlli ilə yanaşı, tsikloparafin karbohidrogenlərinin pirolizi prosesində C2-C4 doymamış karbohidrogenlərin maksimal alınma şəraitini müəyyənləşdirməyə imkan yaratmışdır.

VII. Alitsiklik karbohidrogenlərin tsikloolefinlərə oksidləşdirici dehidrogenləşmə reaksiyaları

80-ci illərdə S.C.Mehdiyevin elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini beş- və altı üzvlü alitsiklik karbohidrogenlərin oksidləşdirici dehidrogenləşmə reaksiyaları vasitəsilə müvafiq tsikloolefinlərə çevrilməsi təşkil edir. İlk dəfə olaraq, S.C.Mehdiyev əməkdaşları ilə birlikdə alitsiklik karbohidrogenlərin qismən oksidləşdirici dehidrogenləşməsinin fiziki-kimyəvi və termodinamiki əsaslarını və katalizatorun hazırlanmasının əsas prinsiplərini müəyyən etmişdir. Tsiklopentan, tsikloheksan və onun törəmələri əsasında aparılan işlər tsikloolefinlərin alınmasının orijinal üsullarını işləyib hazırlamağa imkan vermişdir. Metilsiklopentan və metilsikloheksan əsasında aparılan oksidləşdirici dehidrogenləşmə reaksiyasının əsas qanunauyğunluqları və reaksiyanın getmə mexanizmi müəyyən olunmuşdur.

Görkəmli alimin monoqrafiyaları arasında neft-kimya sintezinin ən perspektiv sahələrindən biri olan karbohidro-genlərin oksidləşdirici ammonoliz proseslərinə həsr olunmuş və dünya miqyasında bu istiqamətində birinci sanballı əsər sayılan “Nitrillər” kitabını xüsusilə qeyd etmək lazımdır. Bu monoqrafiya qısa bir zaman ərzində kimya sənayesi inkişaf etmiş ölkələrdə geniş yayılmış və dövrünün bir çox mütəxəssislərinin diqqətini özünə cəlb etmişdir. Çexoslovakiya Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli kimyaçı alim S.Landa “Nitrillər” barəsində belə yazmışdır: “Kitab ciddi və əyanidir. Zənn edirəm ki, çoxlarına stolüstü kitab kimi xidmət edəcəkdir”.

1958-ci ildə S.C.Mehdiyev Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə isə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir. O, respublikada elmin böyük təşkilatçısı olmuşdur. S.C.Mehdiyev dəfələrlə neft elmini xarici ölkələrdə ləyaqətlə təmsil etmiş, bir sıra beynəlxalq konfrans, simpoziumların iştirakçısı olmuşdur.

Neft kimya sahəsində elmi tədqiqatları təşkil etmək və elmi metodiki yardım göstərmək məqsədi ilə 1973-1974-cü illərdə İraqa ezam olunmuşdur. Bağdatda (İraq) Neft sənaye tədqiqatı üzrə Beynəlxalq konqresin iştirakçısı; konqresdə “Sovet Azərbaycanda kimya sənayesinin 50 ildə inkişafı” mövzusunda məruzə ilə çıxış etmişdir.

S.C.Mehdiyevin apardığı elmi tədqiqatların nəticələri 570-dən çox elmi əsərdə, o cümlədən, 8 monoqrafiyada, elmi populyar kitabda və 80-dən artıq ixtirada öz əksini tapmışdır. Onun elmi rəhbərliyi altında 9 elmlər doktoru və 70-dən çox elmlər namizədi yetişmişdir. 1967-1973-cü illərdə Azərbaycan SSR EA kimya elmləri bölməsinin akademik katibi, Azərbaycan SSR EA “Neft kimyası” problemi üzrə Elmi Şuranın sədri, SSRİ Nazirlər Soveti nəzdində mətbuat komitəsi şurasının üzvü, SSRİ Milli Komitəsi kimya bölməsinin üzvü idi. Azərbaycan SSR EA kimya elmləri bölməsinin redaksiya nəşriyyat şurasının sədri vəzifəsində çalışmışdır.

S.C.Mehdiyev 1985-ci il oktyabrın 12-də yaradıcılığının çiçəkləndiyi dövrdə qəflətən dünyasını dəyişmişdir.

Təltiflər:

1944-cü il SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə “Qafqazın müdafiəsinə görə” medalı;

1945-ci il SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı;

1952-ci il “Fədəkar əməyə görə” medalı;

1964-cü il Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı;

1970-ci il V.İ.Leninin anadan olmasının 100 illiyi şərəfinə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Fədəkar əməyə görə” medalı;

1973-cü il D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyəti Azərbaycan İdarə Heyətinin diplomu;

1975-ci il “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” medalı;

1977-ci il Beynəlxalq “Kimya-77” (Moskva) sərgisinin diplomu;

D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin bürünc medalı;

1984-cü il “Xalqlar dostluğu” ordeni.

2015-12-19   41600