NKPI

Interesting Informations

ZEYNALOV BAHADUR QASIM OĞLU

(1917-1995)

Bahadur Qasım oğlu Zeynalov 20 may 1917-ci ildə Füzuli rayonunun Qoç-Əhmədli kəndində anadan olmuşdur. İbtidai kənd oğlanlar məktəbini qurtarandan sonra 1930-1933-cü illərdə Ağdam rayonunda Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1934-1938-ci illərdə isə Azərbaycan ictimaiyyətinin kütləvi savadlaşma dövründə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. B.Q.Zeynalovun elmi fəaliyyəti Azərbaycan SSR Elmlər Akademiyasında, pedaqoji fəaliyyəti isə Azərbaycan (indiki Bakı) Dövlət Universiteti, Azərbaycan Politexnik İnstitutu (indiki Texniki Universitet) və Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft və Sənaye Universiteti) keçmişdir. O, 1938-ci ildə İnstitutu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun imtahan komissiyasının göndərişi ilə fərqlənən məzunlar sırasında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasına qəbul olmuşdur. Ordu sıralarına çağrılması ilə əlaqədar olaraq aspiranturada təhsilini dayandırmağa məcbur olmuş və 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1946-cı ilə qədər orduda qulluq edərək sıravi əsgərdən qvardiya polkovniki rütbəsinə qədər yüksəlmişdir. B.Q.Zeynalov 1946-cı ilin iyul ayında ordu sıralarından azad edildikdən sonra elmi fəaliyyətini davam etdirərək  Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunun nəzdindəki Üzvi Kimya şöbəsində aspiranturaya bərpa edilmişdir. 1949-cu ildə B.Q.Zeynalov “Neftin emalı əsasında alınmış məhsullarda sadə qamma-brom efirlərinin sintezi və tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almış, 1952-ci ildə isə böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. 1953-1959-ci illərdə Kimya İnstitutunun “Neft karbohidrogenlərinin maye fazada oksidləşməsi” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1959-1995-ci illərdə Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) “Plastifikatorların kimyası və texnolo-giyası” laboratoriyasına rəhbərlik etmiş, 1986-cı ildə NKPİ-nin “Əsas üzvi sintez” şöbəsinin müdiri təyin edilmişdir.

B.Q.Zeynalov 1961-ci ildə “Parafin distillatının oksidləş-məsi və alınan məhsulların təcrübədə işlənmə yolları” adlı dissertasiyasını müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. B.Q.Zeynalov 1962-ci ilin mart ayından professor, 1976-cı ildən Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildən isə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olmuşdur.

B.Q.Zeynalov 1950-ci ildə neft karbohidrogenlərinin maye fazada oksidləşdirilməsinin tədqiqi sahəsində yeni elmi istiqamət üzrə işləməyə başlamışdır. Bu sahədə aparılan işlər neft karbohidrogenlərinin oksidləşdirilməsi nəzəriyyəsində müəyyən elmi əhəmiyyət kəsb etmiş, həmçinin oksidləşmə məhsullarının istifadə edilməsinə dair bir sıra praktiki sualların həllinə imkan yaratmışdır. B.Q.Zeynalovun rəhbərliyi və bilavasitə iştirakı ilə maye fazada karbohidrogenlərin oksidləşməsi sahəsində neft məhsullarının emalı elmi əsaslandırılmış, sintetik yağ-, naften-, naften-aromatik-, oksiturşuların alınması texnologiyasının xalq təsərrüfatında işlənmə prosesləri hazırlanmışdır.  Bu işlər əsasında fasiləli və fasiləsiz 3 qurğu işə salınmışdır. Naften karbohidrogenlərinin oksidləşməsi nəticəsində sintetik naften turşularının (SNT) alınması prosesi ilk dəfə böyük alim Bahadur Zeynalovun rəhbərliyi ilə işlənib hazırlanmışdır.

SSRİ Neft Kimya Sənayesi Nazirliyi, Azərbaycan SSR Neft Emalı Nazirliyi və Ümumittifaq Səthi Aktiv Maddələr Layihə İnstitutu ilə birlikdə neftin orta fraksiyasından alınan naften konsentratın katalitik oksidləşməsi nəticəsində ildə 25000 ton SNT-nin alınması prosesinin işlənib hazırlanmasına göstəriş verilmişdir. Bundan başqa, dizel yanacaqlarının müəyyən hissəsini oksidləşdirməklə neft turşularının yeni texnologiyası üçün reqlament hazırlanmış, neft karbohidrogen-lərinin oksidləşməsindən alınan məhsulların xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq olunmasının kompleks metodları işlənmişdir. Sintetik naften turşusu və onun duzları hal-hazırda sikkativ, lak, emulqator, kanifol, oksisintez üçün katalizator-ların hazırlanmasında, korroziya inhibitorlarının alınmasında, filizlərin çıxarılmasında və s. sahələrdə tətbiq edilir.

Bundan başqa, doymamış karbohidrogenlər əsasında ilk dəfə olaraq oksosintez metodu ilə fərdi naften turşuları alınmışdır. Qazma texnikasında rezin tıxac üçün tətbiq olunan Plastiazan-1(şərti adla gedən plastifikatorlar) bir sıra nümayəndələrin alınma üsulları işlənib hazırlanmış, onlardan yeni tətbiq sahələrində istifadə olunmuşdur.

Avtomaşın hissələrinin hazırlanmasında "Plastiazan-60" tətbiq olunmuşdur. Plastiazan-1, 85/1 və 37 markalı plastifikatorlar polivinilxloridə, EPST tipli stabilizatorlar elektron sənayesində elektrik və istilik keçiricilik xassəsinə malik olan metalları əvəz edən qiymətli yapışqan, kompaund resepturasına plastifikator-stabilizator olaraq daxil edilmişdir. Müəyyən edilmişdir ki, "Plastiazanlar" öz dəyərini texnoloji sadəliyinə və effektli təsirinə görə hal-hazırda sənayedə tətbiq olunan və çox çətinliklə əldə edilən plastifikatorları əvəz edə bilər.

İlk dəfə olaraq ötürücü, cilalayacı polimer kompozisiyaların alınma prosesləri yaradılmışdır. Yapon firmasının buraxdığı "Toşibo" analoq əvəzedicisi Bakı Məişət Kondisonerləri Zavodunda  (BMKZ) tətbiq edilmişdir.

B.Q.Zeynalovun böyük əhəmiyyət kəsb edən elmi fəaliyyətinin bir hissəsi də polimer modifikasiyasında plastikləşmə prosesində gedən kimyəvi reaksiyaların elmi əsaslarının yaratması olmuşdur. Onun tərəfindən yüksək keyfiyyətli plastifikatorların, plastifkator-stabilizatorların, həlledicilərin, yumşaldıcıların alınması prosesi işlənib hazırlanmışdır.

B.Q.Zeynalovun yeni tipli səthi-aktiv maddələrin istehsalında böyük elmi və texniki əhəmiyyət kəsb edən işləri vardır. Alınmış maddələr neftin istismarını yüksəltmək məqsədi ilə neft və qaz buruqlarının turşu tərkibli maddələrin əvəzedicisi kimi, sənaye tullantısı sayılan qazların uducusu, həlledicisi və s. maddələrin istehsalında istifadə olunmuş və iqtisadi gəlir milyon manat təşkil etmişdir.

Akademik B.Q.Zeynalovun keçmiş Sovet İttifaqının 30-dan artıq baş institut və müəssisələrinin alim və mütəxəsisləri, eləcə də xarici  ölkələrin alimləri ilə sıx elmi və istehsalat əlaqələri olmuşdur. O, keçmiş SSRİ-nin bir sıra elmi-tədqiqat institutlarının aparıcı alimləri, o cümlədən Lenin və Dövlət mükafatları laureatı, SSRİ Elmlər Akademiyasının akademiki N.M.Emanuel ilə çox sıx elmi əlaqələri olmuşdur.

Alim 1963-cü ildə elmi fəaliyyəti ilə bərabər pedaqoji fəaliyyətini də davam etdirmişdir. O, Azərbaycan Dövlət Universitetinin kimya fakultəsində, Azərbaycan Politexnik İnstitutunun texnoloji fakultəsində dərs aparmış, Azərbaycan Neft və Kimya İnstitutunda "Oksigenli üzvi birləşmələrin sintezi və alınma texnologiyası haqqında" xüsusi ixtisaslardan mühazirələr oxumuşdur.

B.Q.Zeynalov iki kimya üzrə elmləri doktoru, 40 kimya üzrə fəlsəfə doktoru yetişdirmişdir. Onun elmi-tədqiqatlarının nəticələri 500 elmi əsərdə, o cümlədən, 8 kitab və monoqrafiyada, 100-dən çox müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Bu monoqrafiyalar mühəndis-texniki işçilər, tələbələr, fərdi və texniki qarışıq karbohidrogenlərin oksidləşmə sahəsində çalışanlar üçün dərs vəsaiti kimi yarayır.

Akademik Bahadur Zeynalov elmi fəaliyyəti ilə yanaşı ictimai-siyası işlər də aparırdı. 1954-1957-ci illərdə Azərbaycan Kommunist Partiyasının Voroşilov (indiki Səbayıl) rayonunun partiya komitəsinin birinci katibi seçilmişdir. O, 1957-59-cu illərdə ikinci dəfə Azərbaycan SSR Elmlər Akademiyasının partiya komitəsinin katibi, Azərbaycan Kommunist Partiyasının XX və XXI qurultaylarına nümayəndə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir.

B.Q.Zeynalov hərbidə və elmdə olan xidmətlərinə görə Qırmızı Ulduz ordeni, Qırmızı Bayraq, Aleksandr Nevski, iki dəfə I dərəcəli Böyük Vətən Müharibəsi və II dərəcəli Böyük Vətən Müharibəsi medalları ilə, “Varşavanın azad edilməsi”, “Berlinin alınması”, “1941-1945-ci illərdə Almaniya üzərində qələbə”, “Almaniya üzərində qələbənin 25 illiyi”, “V.İ.Leninin anadan olmasının 100 illiyi”, “Şərəf ordeni", “1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin qələbəsinin 30 illiyi”, “SSRİ Silahlı qüvvələrinin 50 illiyi”, ”SSRİ Silahlı qüvvələrinin 60 illiyi”, “Almaniya üzərində qələbənin 40 illiyi”, “Əmək veteranı” ordenləri və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir. O, Sovet İKP-nin, SSRİ Nazirlər Sovetinin və Ümumittifaq Mərkəzi Həmkərlar Şurasının Fəxri Fərmanı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Bilik" Cəmiyyətinin Fəxri Fərmanları və s. ilə təltif edilmişdir.

B.Q.Zeynalov 1980-ci ildə Azərbaycan SSR-nin Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.1990-cı ildə kimya elmləri üzrə akademik-katib müavini, NKPİ-nin “Neft kimyəvi sintezi” şöbəsinin müdiri təyin edilmişdir.

Akademik B.Q.Zeynalov Azərbaycanda neft kimyəvi sintez elmini inkişaf etdirən ilk alimlərdən biri olmaqla öz sadəliyi, ciddiliyi, böyük təşkilatçılıq qabiliyyəti ilə fərqlənmiş və misilsiz elmi nailiyyətlərinə görə Azərbaycan Elmlər Akademiyası kollektivinin, Azərbaycan Respublika elmi ictimaiyyətinin böyük rəğbətini və ehtiramını qazanmışdır.

B.Q.Zeynalov 1995-ci ildə fevralın 27-də dünyasını dəyişmişdir.

2015-12-19   41467