NKPI

Maraqlı Məlumatlar

ƏLİYEV SAHİB MÜSEYİB OĞLU

(1933-1990) 

Sahib Müseyib oğlu Əliyev 1933-cü il martın 15-də Gədəbəy rayonunda fəhlə ailəsində anadan olmuşdur. S.M.Əliyev 1939-cu ildə Gədəbəy orta məktəbinin birinci sinifinə daxil olmuş və 1949-cu ildə həmin məktəbi medalla bitirmişdir. O, həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft və qazın texnologiyası” fakultəsinə daxil olmuşdur. S.M.Əliyev 1954-cü ildə institutu mühəndis-texnoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra V.V.Kuybışev adına Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutuna (indiki akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasına daxil olmuşdur.

S.M.Əliyevin bütün elmi fəaliyyəti Neft-Kimya Prosesləri İnstitutu ilə bağlı olmuşdur. 1958-ci ildə o, kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış, 1959-cu ildə isə elmi və təşkilatçılıq bacarığı nəzərə alınaraq NKPİ-nin plastik kütlələr laboratoriyasında müdir müavini vəzifəsinə təyin edilmişdir. 1958-ci ildə S.M.Əliyev “Sintetik alümosilikatların iştirakı ilə neftin destruksiya məhsullarının katalitik emalı yolu ilə aromatik karbohidrogenlərin alınması” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. SSRİ Ali Attestasiya Komissiyasının qərarına əsasən 1959-cu ildə S.M.Əliyevə texnika elmlər namizədi alimlik dərəcəsi və 1962-ci ildə “Plastik kütlələrin kimyası və emalı” ixtisası üzrə böyük elmi işçi elmi adı verilmişdir.

1959-1969-cu illərdə S.M.Əliyev Azərbaycan SSR EA NKPİ-də baş elmi işçi vəzifəsində işləmişdir. Onun ilkin elmi-tədqiqat işləri aromatik karbohidrogenlərin və onların oksitörəmələrinin heterogen-katalitik alkilləşmə, tsiklo-alkilləşmə, tsikloalkenilləşmə, arilalkilləşmə, izomerləşmə, destruktiv alkilləşmə reaksiyalarının, alken və arilalkenlərin hidrostabilləşməsi, etilen rabitəsinin seçici hidrogenləşməsi proseslərinin gedişinin öyrənilməsinə, benzolun, fenolun mono-, di-, tri-, tetraalkil, tsikloalkil, tsikloalkenil törəmə-lərinin ekoloji təmiz alınma üsullarının işlənib hazırlanmasına həsr olunmuşdur. Alkil-, tsikloalkilaromatik karbohidro-genlərin, difeniletanlar və onların alkil törəmələrinin dehidrogenləşmə reaksiyalarının tədqiqi stirolun alkil-, oksitörəmələrinin, α-metilstirolun, divenilbenzolun, α-fenilstirol və onun alkil-, alkenil törəmələrinin, difenil və alkildifenillərin alınması proseslərinin əsasını qoymuş və onların katalizatorun qaynar layında alınma texnologiyasını işlənib hazırlamasına imkan vermişdir.

Aparılan geniş tədqiqatların nəticələri S.M.Əliyevin 1967-ci ildə müdafiəyə təqdim etdiyi “Alkil-, alkenilaromatik karbohidrogenlərin və onların oksitörəmələrinin heterogen-katalitik sistemlərdə alınması və çevrilməsinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.

SSRİ Ali Attestasiya Komissiyasının qərarına əsasən S.M.Əliyevə 1967-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi, 1971-ci ildə isə “Neft kimyası və neftkimyəvi sintez” ixtisası üzrə professor elmi adı verilmişdir.

1969-cu ildə S.M.Əliyev NKPİ-nin “Oliqomerlər” laboratoriyasının müdiri təyin olunmuşdur. 1976-cı ildə bu laboratoriya “Oliqomerlərin kimyası və texnologiyası” adlandırılmışdır. 1970-1976-cı illərdə S.M.Əliyev laboratoriya müdiri vəzifəsi ilə yanaşı, Azərbaycan SSR EA NKPİ “Plastik kütlələr” şöbəsinin müdiri vəzifəsini icra etmişdir.

Bu dövrdə S.M.Əliyev Azərbaycan kimya elmini xaricdə layiqincə təmsil etmişdir. Belə ki, 1969-cu ildə o, Polşa Xalq Respublikasına (Blyaxovitsa şəhəri) ezam olunmuş və sintetik qətranlar üzrə simpoziumda “Pirolizin maye məhsullarının kompleks emalı ilə sintetik qətranların və aromatik karbohidrogenlərin alınması” mövzusunda çıxış etmişdir. 1970-ci ildə Fransada keçirilən “Plastik kütlələr və kauçuklar” üzrə Beynəlxalq elmi konfransın iştirakçısı olmuşdur.

1982-ci ildə S.M.Əliyev yüksək elmi potensialına və təşkilatçılıq qabiliyyətinə görə NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, 1986-cı ildən etibarən S.M.Əliyev eyni zamanda NKPİ-nin “Monomerlər və oliqomerlər” şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1983-cü ildə S.M.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə “Neft kimyası” ixtisası üzrə AMEA-nın həqiqi üzvü seçilmişdir.

S.M.Əliyev respublikamızın tanınmış kimyaçı alimlərin­dən biri olub, neft kimyasının və polimer kimyasının prioritet istiqamətlərinin inkişafında böyük xidmətlər göstərmişdir.

Respublikamızda və onun hüdudlarından kənarda elmi dairələrdə S.M.Əliyev aromatik karbohidrogenlərin alkilləşməsi, alkil-, tsikloalkil aromatik karbohidrogenlərin dehidrogenləşməsi və yüksək aktivlikli, selektiv homogen və heterogen metalkompleks katalitik sistemlərin iştirakı ilə alkenlərin və arilalkenlərin oliqomerləşməsi, polimerləşməsi, izomerləşməsi sahəsində bilavasitə rəhbərliyi və iştirakı ilə aparılmış fundamental tədqiqatları ilə tanınmışdır.

Onun rəhbərliyi ilə stirolun alkil-, aril törəmələrinin, divinilbenzolun radikal mexanizmi ilə oliqomerləşməsi və stirol, butadien, akrilonitril, malein anhidridi ilə sooliqomerləşməsi sahəsində aparılmış tədqiqatlar xüsusi əhəmiyyət kəsb edirlər. Bu tədqiqatlar nəticəsində yüksək istiliyə davamlılıq və həll olma qabiliyyətləri ilə fərqlənən, öz-özünə strukturlaşa bilən yeni oliqomer və polimerlər sintez edilmiş, etil-, vinil-, izopropil-, izopropeniltoluol və fenilstirolun alınma prosesləri çox böyük uğurla təcrübə-sınaq qurğusunda həyata keçirilmişdir.

S.M.Əliyev və əməkdaşları tərəfindən aparılan bir sıra tədqiqatlar arilalken və α-olefinlərin, dienlərin oliqomerləşməsi və birgəoliqomerləşməsi, aromatik karbohidrogenlərin etilenlə oliqoalkilləşməsi reaksiyalarının tədqiqinə və yüksək effektivliyə malik və selektiv, seçici mexanizm ilə işləyən yeni katalitik sistemlərin işlənib hazırlanmasına həsr olunmuşdur.

S.M.Əliyev rəhbərliyi ilə aparılan elmi praktiki tədqiqatların əsas nəticələri sənaye miqyasında öz tətbiqini tapmış, o cümlədən, oliqobutadienstirolun alınma prosesi təcrübə-sınaq və sənaye qurğularında həyata keçirilmişdir. Oliqobutadienstriol və onun reaksiyaya qabil törəmələri əsasında yeni foto-, elektron-, rentgen şüasına həssas rezistlər alınmış və elektron sənayəsində tətbiq olunmuşdur. Korroziyaya qarşı davamlı, elektrikdən müdafiə qabiliyyətli dekorativ laklar və boyalar isə tikinti sənayəsində, məişətdə tətbiq olunmuşdur.

S.M.Əliyev və əməkdaşları tərəfindən neftin katalitik krekinqi prosesində alınan C5 fraksiyası tərkibində olan doymamış karbohidrogenlərin malein anhidridi ilə qarışılıqlı təsiri öyrənilmiş və yeni maye anhidridlər qarışığının sintezi şəraiti işlənib hazırlanmışdır. Bu anhidridlər transformator istehsalında yararlı, keyfiyyətli tökmə kompaundlar, epoksid kompozitləri alınmasıda sınaqdan keçirilmişdir.

Onun rəhbərliyi ilə yeni sinif polifunksional kondensləşməyə və polimerləşməyə qabil somonomerlər: izopropenilfenollar və onların allil-, qlisidil-, mürəkkəb efirlərinin və karbomatların sintez şəraiti işlənib hazırlanmışdır. Bu monomerlər əsasında istiliyə, şüalanmaya, oksidləşdirici destruksiyaya qarşı davamlı, tərkibində reaksiyaya qabil funksional qruplar saxlayan və öz-özünə strukturlaşa bilən yeni tərkib oliqomer və sooliqomerlər sintez edilmiş, sənayə polimerlərinin modifikasiyası həyata keçirilmişdir. Aparılan tədqiqatlar əsasında n-izopropenil-fenollar, doymamış fenolformaldehid qətranlarının təcrübə-sınaq qurğusunda istehsalı təşkil edilmiş və SSRİ EA Elmi-tədqiqat Üzvi Sintez İnstitutu, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, "Karbolit" Elmi İstehsalat Birliyi (Moskva şəhəri), Ümumittifaq Aviasiya Materialları İnstitutu ilə birgə termiki davamlı, yüksək dielektrik göstəricilərlə xarakterizə olunan yeni tərkib plastik kütlələr, iqtisadi cəhətdən sərfəli və keyfiyyətli yeni nəsil vertolyot, təyyarə mühərriklərində tətbiq tapmış yapışqan tərkiblər işlənib hazırlanmışdır.

S.M.Əliyevin rəhbərliyi ilə ekoloji təmiz sulfoturşuların sintezi sahəsində görülmüş işləri xüsusi qeyd etmək lazımdır. Aromatik karbohidrogenlərin homogen fazada sulfolaşması prosesinin elmi əsasları tədqiq olunmuş və sirkə anhidridi ilə kompleks şəkildə ekvimolyar miqdar sulfat turşusu iştirakı ilə maksimal sulfolaşma şəraiti müəyyən edilmişdir. Bu aromatik sulfoturşulardan 99,5% təmizlikdə n-alkilfenollar və α-naftolun sintezi şəraiti işlənib hazırlanmışdır.

S.M.Əliyev NKPİ-də işlənib hazırlanmış karbomat preparatlarının, o cümlədən, α-naftol və metilizosionat əsasında alınan, pambıq sovkasına qarşı tətbiq tapmış "Mugan" və arı parazitlərinə qarşı işlədilən N-metilkarbamin turşusunun dikrezil efirinin alınma texnologiyasının müəlliflərindən biri olmuşdur.

S.M.Əliyevin rəhbərliyi ilə neftin piriolizindən alınan maye məhsulların karbohidrogen tərkibinin tədqiqi və aromatik karbohidrogenlər, laklar,  boyalar istehsalında tətbiq olunan bitki yağlarını effektiv əvəz edən örtükəmələgətirici oliqomerlərin, epoksid qətranı üçün tikici komponent - ikiəsaslı turşu anhidridlərinin efftektiv qarışığı və suda həll olunan oliqomer sulfonatların alınması ilə kompleks emalı prosesi işlənib hazırlanmış və sənaye miqyasında həyata keçirilmişdir. Pirolizin maye məhsullarının - stirol, inden, stirol-inden fraksiyasının radikal və kation mexanizmi ilə oliqomerləşməsi reaksiyası tədqiq olunmuş və örtükəmələgətirici neft-polimer qətranının alınması prosesi işlənib hazırlanmışdır. Aparılmış tədqiqatlar əsasında sənaye miqyasında pirokondensatdan benzol, toluol, solvent və neft-polimer qətranının alınması ilə nəticələnən kompleks emalı prosesi həyata keçirilmişdir.

S.M.Əliyev həyatının son illərində beton qarışıqları üçün qatqı - superplastifikator kimi tətbiq tapmış suda həll olunan oliqomer sulfonatların alınma texnologiyası sahəsində elmi, praktiki əhəmiyyət kəsb edən tədqiqatlar aparmışdır. Bu məqsədlə naftalin-, alkilnaftalin sulfoturşuların sintezi, formal-dehidlə polikondensləşməsi, oliqoarilalkenlərin sulfolaşması, stirolun, indenin, vinilnaftalinin oliqosulfolaşma reaksiyala­rının qanunauyğunluqları tədqiq olunmuş və alınan oliqomer sulfonatların plastifikasiya effektlərinin tərkibindən, oliqomer zəncirinin uzunluğundan, struktur quruluşundan asılılığı müəyyən edilmişdir. Aparılan çoxsaylı tədqiqatlar əsasında oliqomer sulfonatların yerli, əlverişli xammal - katalitik krekinq qazoylu əsasında alınma prosesi işlənib hazırlanmışdır.

Alınmış oliqomer sulfonatların beton və gips qarışıqları üçün effektiv qatqı - superplastifikator olduğu müəyyən edilmişdir.

NKPİ nəzdindəki Təcrübə Sənaye Zavodunda "ИНXП-1" superplastifikatorunun alınma qurğusu tikilmiş və 10 min tondan çox məhsul alınmışdır. Bu qurğuda alınan superplastifikator "KONEKA 87" (Bratislava) beynəlxalq sərgisində nümayiş etdirilmiş və diploma layiq görülmüşdür.

S.M.Əliyevin rəhbərliyi ilə aparılmış bir sıra tədqiqatların nəticələri təcrübə-sınaq və sənaye miqyasında tətbiq edilmişdir.

- Bakı "Neftqaz" zavodunda, Koxtla-Yarve və Slants şəhərlərində "Şist emalı" kombinatlarında oliqoarilalkenlərin və aromatik karbohidrogenlərin alınması ilə pirolizin maye məhsullarının kompleks emalı prosesi;

- Azərbaycan MEA NKPİ-nin Təcrübə Sənaye və Sumqayıt şəhəri Sintetik Kauçuk zavodlarında oliqodivinilstirol lakının alınması prosesi;

- Kursk "Məişət kimyası" zavodu, Mahaçqala "Kimya" zavodu və Ust-Kamenoqorsk "Titan-maqnezium" kombinatında oliqodivinilstirol və polidien-yağ əlifi və onun əsasında boya alınması prosesi;

- Azərbaycan MEA NKPİ-nin Təcrübə-sınaq zavodunda və Novomoskovski "Üzvi sintez" zavodunda yerli xammal - neftin katalitik krekinqindən alınan yüngül qazoyl fraksiyası əsasında beton qarışıqları üçün kimyəvi qatqının - superplastifikatorun alınma prosesi.

S.M.Əliyev böyük elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1960-1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-kimya İnstitutunun “Kimya-texnologiya” fakultəsində və Ç.İldırım adına Politexnik institutunun “Tikinti materialları” kafedrasında müəllim işləmişdir.

S.M.Əliyevin rəhbərliyi ilə elmi məktəb 35 fəlsəfə doktoru, 3 elmlər doktoru yetişdirmişdir. Apardığı elmi-tədqiqat işlərinin nəticələri əsasında 500-dən çox elmi əsər, o cümlədən, 1 monoqrafiya, 165 müəlliflik şəhadətnaməsi, 25 patent alınmışdır.

S.M.Əliyev elmi pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai işlərlə də çox böyük müvəffəqiyyətlə iştirak edirdi. O, neft-kimyası monomerlər və oliqomerlər, yüksək molekullu birləşmələr və katalizə həsr olunmuş çoxsaylı ümumittifaq, beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş və Azərbaycan kimya elmini ləyaqətlə təmsil etmişdir. O, “Neft Kimyası” ixtisası üzrə Elmi Şuranın, “Monomer və oliqomerlərin kimyası və texnologiyası” bölməsinin sədri, NKPİ-də və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) kimya elmləri doktoru və namizədi alimlik dərəcəsi verilməsi üzrə İxtisaslaşdırılmış şuralarının üzvü olmuşdur.

S.M.Əliyev SSRİ EA və Azərbaycan SSR EA “Neft kimyası” üzrə Koordinasiya Şurasının üzvü, SSRİ Ümumittifaq elmi-tədqiqat Dəmir-Beton institutunda sement və betona kimyəvi qatqılar üzrə məsləhətçi olmuşdur.

S.M.Əliyev 1990-cı il fevralın 7-də qəflətən vəfat etmişdir.

Təltiflər:

1970-ci il V.İ.Leninin anadan olmasının 100 illiyi münasibəti ilə “Yubiley” medalı;

1973-cü il Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin “Fəxri Fərmanı” və SİKP MK, SSRİ NK-nin “1973-cü il sosialist yarışının qalibi” nişanı.

2015-12-19   40069