NKPI

Maraqlı Məlumatlar

SEYİDOV NADİR MİRİBRAHİM OĞLU

(1932-2015)

Nadir Mir-İbrahim oğlu Seyidov 28 aprel 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1938-1948-ci illərdə Naxçıvan şəhərindəki 1 saylı oğlan orta məktəbində almış, 1950-ci ildə Azərbaycan Dövlət Universi-tetinin (indiki BDU) kimya fakultəsinə qəbul olmuşdur. 1955-ci ildə universiteti bitirdikdən sonra N.M.Seyidov ilk əmək fəaliyyətinə Yusuf Məmmədəliyevin tövsiyyəsi və göndərişi ilə 2 saylı qapalı müəssisədə (sonrakı Azərbaycan Dövlət Elmi-tədqiqat Olefinlər institutu) başlayaraq, əvvəlcə laborant, sonra isə kiçik elmi işçi, sektor rəhbəri, laboratoriya və şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.

1957-ci ildə o, AEA-nın Neft İnstitutuna aspiranturaya qəbul olunmuş və 1960-cı ildə «Ksilol izomerlərinin ayrılması və oksidləşməsinin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1969-cu ildə “Aşağı molekullu olefınlər əsasında yeni sintetik kauçukların alınması” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və həmin ildə professor elmi adı almışdır.

N.M.Seyidov 1979-93-cü illərdə «Elastomerlər və karbohidrogen aşqarları» şöbəsinə rəhbərlik etmiş, 1993-97-ci illərdə Azərbaycan Elmi Tədqiqat Olefinlər İnstitutunun elmi işlər üzrə direktor müavini vəsifəsində işləmişdir. 1997-ci ildən elmi fəaliyyətini AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirmişdir.

1989-cu ildə N.M.Seyidov yüksək molekullu birləşmələr ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2008-2013-ci ilərdə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır.

1962-ci ildə «Elastomerlər» laboratoriyasının rəhbəri kimi N.M.Seyidov yüksək molekullu birləşmələr kimyası sahəsində yeni istiqamət sayılan metal-üzvi katalizatorların iştirakı ilə aşağı molekullu olefinlər əsasında yeni sintetik kauçukların alınması sahəsində fəaliyyət göstərməyə başlayır və onun rəhbərliyi ilə etilenin propilenlə, butilenlərlə, penten-1, heksen-1, 4-metilpenten-l-lə Tsiqler-Natta katalizatorların iştirakı ilə birgəpolimerləşmə prosesləri hərtərəfli öyrənilməyə başlanır. Aparılmış tədqiqatlar nəticəsində etilen-propilen kauçuklarının alınması üçün iri həcmli təcrübə qurğusu inşa olunur və müxtəlif çeşidli kauçuklar burada alınmağa başlanır. Kauçukların rezinə çevrilməsini təmin etmək məqsədilə N.Seyidovun rəhbərliyi ilə etilen-propilen-dien kauçuklarının alınması texnologiyası yaradılır. Aparılan tədqiqatlar nəticəsində heksadien-l,4-ün alınması, eləcə də divinilin tsiklopentadienlə birgədimerləşməsi nəticəsində alınan vinilnorbornen və bunun katalitik çevrilməsindən alınan etilidennorbornenin əlverişli üçüncü komponent kimi yararlı olmasını təsdiqləmək və onun texnologiyasının yaradılması məqsədilə keçmiş Sovetlər Birliyində yeganə iri təcrübə sınaq qurğusu Ümumittifaq Elmi-Tədqiqat «Olefinlər» İnstitutunda inşa olunur, proses üçün texniki sənədlər hazırlanır və «Nijnekamsk-Neftexim» İstehsalat Birliyində tətbiq olunur.

Akademik N.M.Seyidovun rəhbərliyi altında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə yüksək indeksli mühərrik yağlarının alınması üçün etilen-propilen birgəpolimerlərinin parçalanma məhsulları əsasında özlülük aşqarının yaradılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılmışdır. Göstərilmişdir ki, etilen-propilen birgəpolimer-lərinin parçalanması nəticəsində yüksək qatılaşdırıcı xassəsinə malik komponent almaq mümkündür. Bundan istifadə etməklə M-8B, М-10В, o cümlədən, etilen-propilen kauçukundan müxtəlif çeşidli sintetik, yarımsintetik, neftdən çətin alınan yağlar (M-20, П-28, П-40, Oktol-600, kabel, elektrik təcridedici və s.) sintez edilmiş, istismar sınaqlarından keçirilərək, tətbiq üçün tövsiyə edilmişdir.

Akademik N.M.Seyidovun rəhbərliyi ilə dünya praktikasında yüksək aktivliyə və stabilliyə malik olan yeni növ katalizatorların alınma üsulları yaradılmışdır. Bu katalizatorların əsasını xlorlu karbohidrogenlərin metallik alüminiumla qarşılıqlı təsiri reaksiyasından əmələ gələn birləşmələr təşkil edir. Dördxlorlu karbonla metallik alüminiumun arasında gedən reaksiyanı tədqiq edərək N.M.Seyidov ilk dəfə olaraq göstərmişdir ki, aluminium dördxlorlu karbonu atomar karbona qədər reduksiya edir. Alınan reaksiya məhsulları sonradan nanokarbonun təsiri altında dayanıqlı quruluşa çevrilir və bunlar da yüksək aktivliyə malik katalitik sistemin alınmasını təmin edir. Sonralar müxtəlif sinif hallogen saxlayan karbohidrogenlərin alüminiumla qarşılıqlı təsirindən bir sıra yeni katalizatorlar sintez olunmuşdur. Göstərilən katalizatorların bu məqsədlər üçün geniş istifadə edilən AlCl3-dən 3 – 10 dəfə aktiv olduğu elmi dəlillərlə sübuta yetirilmişdir. Bu katalizator sənaye miqyasında bir sıra proseslərdə, о cümlədən, Sumqayıt «Üzvi Sintez» İB-də poliizobutilen, «Nijnekamsk-Neftexim» İB-də suspenziya metodu ilə alınan butilkauçuk, Tolyatti Sintetik Kauçuk zavodunda həlledici mühitində alınan butilkauçuk, Kremençuk zavodunda poliizobutilen istehsalında müvəffəqiyyətlə sınaqdan çıxarılmış və göstərilmişdir ki, ondan istifadə olunduqda prosesin iqtisadi göstəriciləri, məhsulun keyfiyyəti, eləcə də ekoloji parametrləri xeyli yüksəlmiş olur. Bunları nəzərə alaraq, həmin katalizatorların butilkauçuk, poliizobutilen, alkilbenzol istehsallarında istifadə edilməsi qərara alınmışdır. N.M.Seyidov və onun əməkdaşları tərəfindən ancaq bu katalizatorların alnması, onların istifadəsi sahəsində 30-dan çox müəlliflik şəhadətnaməsi, 16 xarici patent (ABŞ, Yaponiya, İtaliya, Rumıniya, Hindistan, Almaniya və s.) alınmışdır.

N.M.Seyidovun rəhbərliyi ilə olefinlər əsasında yüksək keyfiyyətə malik olan yeni tip termoelastoplastlar, о cümlədən, «yaddaşa» malik polimerlərin alınması, onların xassələrinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılmışdır.

N.M.Seyidovun rəhbərliyi ilə aparılmış geniş tədqiqat işləri içərisində ά-metilstirolun dimerləşmə reaksiyasının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif katalizatorlar tətbiq etməklə dimerləşmə reaksiyasını istənilən izomerin alınmasına yönəltməyin mümkünlüyü göstərilmiş və bu izomerlərin hidrogenləşməsindən sonra yüksək keyfiyyətli raket yanacağının əsasını təşkil etməsi sınaq təcrübələrilə təsdiq olunmuşdur. Sintez olunmuş yağlar Sovetlər İttifaqında ballastik raketlərdə yanacaq kimi uğurla sınaqlardan çıxarılmışdır.

Yüksək ixtisaslı mütəxəssis olan N.M.Seyidov yüksək molekullu birləşmələr sahəsində özünəməxsus istiqamət yaratmaqla, bu məktəbin əsasını qoydu. O, 400-dən çox elmi əsərin, о cümlədən, 4 monoqrafiya, 100-dən çox müəlliflik şəhadətnaməsi, 16 xarici patentin müəllifidir. Özünün «Etilen və ά-olefinlər əsasında yeni sintetik kauçuklar» monoqrafiyasında bu sahədə dünya ədəbiyyatı ilə yanaşı, apardığı işləri ümumiləşdirmiş, həmin monoqrafiya bu sahədə işləyən alimlərin nəzər-diqqətini özünə cəlb etmişdir. Xarici alimlərin bu kitaba etdikləri çox sayda istinadlar buna bir daha sübutdur.

Akademik N.M.Seyidovun elmi kadrların hazırlan-masında böyük xidmətləri olmuş, onun rəhbərliyi ilə 4 elmlər doktoru, 40 tədqiqatçı elmlər namizədi alimlik dərəcəsi almışdır. О, uzun illər Respublikamızın bir sıra ali məktəblərində, о cümlədən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Akademik N.M.Seyidov Respublikamızın elmini müxtəlif simpozium və konfranslarda, о cümlədən, Praqada, Budapeştdə, Milanda, Helsinkidə, Ankarada, Krakovda, Kiyevdə, Alma-Atada, Daşkənddə, Moskvada, Sankt-Peterburqda, Ufada, Yaroslavl və b. şəhərlərdə layiqincə təmsil etmişdir. O, 1997-ci ildə Beynəlxalq Energetika və Ekologiya Akademiyasının həqiqi üzvü seçilmiş, bir sıra ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü idi. N.M.Seyidov 1968-1980-ci illər ərzində sosialist ölkələri Qarşılıqlı Yardım Şurasının kauçuklar üzrə işçi qrupunun üzvü, SSRİ Neft Emalı və Neft-Kimya Nazirliyi nəzdində kauçuklar üzrə koordinasiya şurasının üzvü, SSRİ EA-nın yüksəkmolekullu birləşmələr üzrə koordinasiya şurasının üzvü, AEA-nın yüksəkmolekullu birləşmələr üzrə koordinasiya şurasının sədri (sonra müavini), 2003-2005-ci illərdə Azərbaycan Prezidenti yanında AAK-da kimya bölməsinin Ekspert Şurasının sədri olmuş, akademik Seyidov bir sira jurnalların redaksiya heyətinin üzvü, Kimya Problemləri jurnalının baş redaktoru idi.

Elmi və əmək fəaliyyətinə görə o, 1981-ci ildə «Şərəf Nişanı» ordeni, Neft Emalı və Neft-Kimya Nazirliyinin əlaçısı döş nişanı, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 2 medalı, AMEA-nın Fəxri Fərmanı və s. mükafatlandırılmışdır. 2002-ci ildə N.M.Seyidov Amerika Bioqrafiya İnstitutunun «Cəmiyyətin tərəqqisi naminə» təsis olunmuş qızıl «Amerika Şöhrət medalı»na layiq görülmüşdür. 2008-ci ildə «Şöhrət» ordeni ilə mükafatlandırılmış, 2009-cu ildə «Əməkdar Elm Xadimi» adına layiq görülmüşdür. N.M.Seyidov 2012-ci ildən Prezident təqaüdçüsü idi.

Nadir Mir-İbrahim oğlu Seyidov 5 oktyabr 2015-ci ildə vəfat etmişdir.

2015-12-19   6320