NKPI

Maraqlı Məlumatlar

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

 

Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akad. Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru Vaqif Məhərrəm oğlu Abbasov görkəmli neft kimyaçı alim, korroziya duz və parafinçökmə inhibitorlarının, inhibitor-bakterisidlərin, antistatik aşqarların sintezi və onların öyrənilməsi, unikal Azərbaycan neftlərinin tədqiqi sahələrində tanınmış mütəxəssisdir.

Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də Azərbaycan Respublikasının Tərtər rayonunun Cəmilli kəndində müəllim ailəsində anadan olmuşdur.

Atası – Abbasov Məhərrəm Qurban oğlu bir neçə kənd məktəblərinin müəllimi olmuşdur. O, rayonda 4 kənd məktəbinin yaradıcısı kimi tanınır.

Anası – Abbasova Abuzər Əhməd qızı 55 il ərzində Cəmilli kəndində kalxozçu işləmişdir.

V.M.Abbasov 1968-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra doğma kəndində orta məktəbdə (sentyabr-dekabr) kimya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

1973-cü ildə akademik Y.H.Məmmədəliyev adına NKPİ-nun aspiranturasına qəbul olunmuş və 1977-ci ilə kimi oranın aspirantı olmuşdur.

1974-1975-ci illərdə V.M.Abbasov hərbi xidmətdə olmuşdur.

l977-1981-ci illər ərzində V.M.Abbasov NKPİ-də kiçik elmi işçi vəzifəsində çalışmışdır.

l978-ci ildə «Sintetik naften turşuları əsasında antistatik aşqarların sintezi və sınaqları» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri namizədi (kimya üzrə fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.

V.M.Abbasov D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Azərbaycan İdarə Heyətinin fəal üzvlərindən biri olmuşdur. 1978-1981-ci illər ərzində iki dəfə bu cəmiyyətin mükafatına və diplomuna layiq görülmüşdür.

1984-cü ildən başlayaraq «Korroziya inhibitorları və konservasiya mayeləri» laboratoriyasına rəhbərlik etmiş, 2006-cı ildən eyni zamanda “Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası” şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2007-2008-ci illərdə laboratoriya müdiri, şöbə müdiri işləməklə yanaşı, NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir.

2011-ci il dekabr ayının 21-dən Neft Kimya Prosesləri İnstitutunun direktoru və şöbə müdiri vəzifələrində çalışır.

Professor V.M.Abbasovun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın unikal neftlərinin tədqiqi, onların yeni emal proseslərinin yaradılması, nitrobirləşmələrin, metal komplekslərinin, yüksək molekullu aminlərin, amin kompleks­lərinin və çoxfunksiyalı antistatik aşqarların, inhibitorların, inhibitor-bakterisidlərin, konservasiya mayelərinin və sürtkülərinin yaradılması və onların təsir mexanizminin tədqiqi kimi problemlərin həllinə həsr olunmuşdur.

Elmi problemləri irəli sürmək və onları yüksək nəzəri səviyyədə həyata keçirmək V.M.Abbasova xas olan xüsusiyyətlərdəndir. O, karbohidrogen mayelərin, о cümlədən reaktiv yanacaqlara əlavə kimi antistatik aşqarların sintezi sahələrində geniş elmi-tədqiqat işləri aparmışdır.

İlk dəfə olaraq V.M.Abbasov tərəfindən nitrobirləşmələr əsasında qarışıq komplekslərin alınmasının mümkünlüyü, dəyişgən valentli metalların naftenatlarının alınması və onların əsasında öz analoqlarından yüksək effektivliyi, stabilliyi və polifunksionallığı ilə fərqlənən antistatik aşqarların alınması tədqiq olunmuşdur.V.M.Abbasov üzvi nitrobirləşmələrin metal kompleksləri əsasında antistatik aşqarların sintezinin elmi əsaslarını işləyib hazırlamış və bu sahədə yeni elmi istiqamət yaratmışdır.

1984-cü ildə Severodonetsk şəhərində keçırilən «Xalq təsərrüfatında statik elektriklənmənin zərərli təsirindən müdafiə»yə həsr olunmuş III Ümumittifaq elmi-texniki konfransda «Açıq rəngli neft məhsullarına antistatik aşqarlar», «Aşqarların antistatik effektivliyinə müxtəlif faktorların təsirinin öyrənilməsi» mövzularında məruzələrlə müvəffəqiyyətlə çıxış etmişdir. Elə həmin il Bakıda «Elm» nəşriyyatında onun «Sənayedə statik elektriklənmə və onunla mübarizə» adlı monoqrafıyası nəşr olunmuşdur (prof. Q.Q.Vəliyev ilə birlikdə).

V.M.Abbasov tərəfindən işlənib hazırlanmış AP-L34-1 antistatik aşqarı Bakı Şin Zavodunda, Tbilisi Aviasiya Zavodunda və Perm Mühərriklər Zavodunda müvəffəqiyyətlə öz tətbiqini tapmışdır.V.M.Abbasov tərəfindən korroziya inhibitorlarının yaradılması və onların tətbiqi sahələrində geniş tədqiqat işləri aparılmışdır. Karbamid və aminlər əsasında yeni növ fosfat komplekslərinin sintez üsulu yaradılmışdır; «VFİKS-82», «Azəri», «Kaspi-2» və s. kimi çoxfunksiyalı korroziya inhibitorlarının istehsalı təşkil olunmuşdur. İnstitutun Təcrübə-Sənaye Zavodunda illik gücü 15000 ton olan «VFİKS-82» inhibitorunun istehsalı üzrə sənaye qurğusu yaradılmışdır. O, Rusiya Federasiyası «Azəri» inhibitorunun istehsal texnologiyasına lisenziya almış və Meleuz (Başqırdıstan) şəhərində 20000 ton gücündə qurğu yaratmışdır. Qərbi Sibir neft yataqlarında bu inhibitorlar Rusiya, Belçika və İngiltərədə istehsal olunan SNPX-6011B, İKB-4V, Korreksit-7755, Korreksit-7798 inhibitorların əvəzinə işlədilmişdir.

1988-92-ci illərdə «VFİKS-82» və «Azəri» inhibitorları Ukraynanın neft yataqlarında, Türkmənistanda və «Neft Daşları»nda (Azərbaycan) sənaye miqyasında müvəffəqiyyətlə sınaqdan keçmiş və tətbiq olunmuşdur. 1984-1992-ci illərdə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə Sənaye Zavodunda 5535 ton VFİKS-82 inhibitoru istehsal olunmuş və Azərbaycanın, Türkmənistanın və Ukraynanın neft yataqlarında istifadə olunmuşdur. Meleuz Mineral Gübrələr Zavodunda 1989-1997-ci illərdə 15854 ton VFİKS-82 inhibitoru istehsal olunmuş və Rusiya Federasiyasının neft yataqlarında istifadə olunmuşdur. VFİKS-82 inhibitorunun qış analoqu olan “Azəri” çoxfunksiyalı inhibitoru Meleuz Mineral Gübrələr Zavodunda 1989-1997-ci illərdə 6600 ton həcmində ishehsal olunmuş və Rusiya Federasiyasının neft yataqlarında istifadə edilmişdir.

1990-cı ildə SSRİ Elm və Texnika Komitəsi «VFİKS-82» inhibitorunu xaricə satmaq üçün lisenziya vermişdir.

1987-ci ildə V.M.Abbasov SSRİ-nin Xalq Təssərrüfat Nailiyyətləri Sərgisinin gümüş medalına və «SSRİ-nin qabaqcıl ixtiraçısı» döş nişanına layiq görülmüşdür.

V.M.Abbasov 1988-1992-ci illərdə korroziya üzrə ASSOKOR Beynəlxalq Assosiasiyasının Rəyasət Heyətinin üzvü olmuşdur. Onun rəhbərliyi altında α-olefinlər əsasında, tərkibində 25 həcm faizi H2S və CO2 olan mühitlərdə işləyə bilən çoxfunksiyalı hidrogen-sulfid korroziyası inhibitoru yaradılmış, sənaye sınaqlarından keçirilmiş və tətbiq edilmişdir. Bu iş keçmiş SSRİ üzrə vahid elmi proqram əsasında aparılmış, olefinlər əsasında inhibitorların yaradılması işinə rəhbərlik bilavasitə V.M.Abbasova tapşırılmışdır. Bu işlərin nəticəsi olaraq, «Kaspi-2», «Araz-1» və «Abşeron» adlı inhibitorlar yaradılmış, onların təsir mexanizmi öyrənilmişdir.

Kanadanın “Lavalin” firması Qərbi Qazaxıstanın neft yataqlarında istifadə olunmaq üçün keçmiş SSRİ-dən və dünyanın aparıcı firmalarından təqdim olunmuş 21 inhibitordan həmin yataqlara tətbiq üçün 3-nü təklif etmişdir ki, onlardan da ikisi «Kaspi-2» və «Abşeron»dur.

«Kaspi-2» 1988-90-cı illərdə Tengiz yatağında sənaye sınağından keçirilmiş və tətbiq üçün təklif olunmuşdur.

1991-ci ildə V.M.Abbasov «Olefinlər və bəzi turşular əsasında amin və xrom kompleksləri-korroziya inhibitorları və karbohidrogen mayelərə antistatik aşqarlar kimi» mövzusunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, «Neft kimyası» ixtisası üzrə kimya elmləri doktoru alimlik dərəcəsi almış və 1992-ci ildə ona professor elmi adı verilmişdir.

Professor V.M.Abbasovun rəhbərliyi altında yaradılmış «Kaspi-2» inhibitoru Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş “Azərneftyanacaq” UB) katalitik riforminq qurğusunda ABŞ-dan xarici valyuta ilə alınan «Yunikor» inhibitorunun əvəzinə ondan daha effektli olan inhibitor kimi tətbiqini tapmışdır.

V.M.Abbasov neftin ilkin emal qurğuları üçün dünyada analoqu olmayan «Kaspi-Х» neytrallaşdırıcı-inhibitor yaratmışdır. 95-97% müdafiə qabiliyyətinə malik bu inhibitor öz effektinə görə Almaniyanın “Xyoxst” firmasının «Dodigen-481» inhibitorundan üstündür. O, 1995-ci ildə H.Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emal qurğusunda tətbiq olunmuşdur.Haqqında danışdığımız inhibitor hazırda bu zavodda uğurla istifadə olunur (1995-ci ildən 01.04.2019-a qədər 22336,69 ton).

1988-92-ci illərdə Mərkəzi Elmi-Tədqiqat Gön-dəri Sənayesi İnsti­tutunun (Moskva) əməkdaşları ilə birlikdə fosfat kompleksləri əsasında yeni aşı maddəsi yaradılmış, Rusiya Fedirasiyası, Latviya, Qazaxıstan və Azərbaycanın gön-dəri zavodlarında müvəffəqiyyətlə tətbiq olunmuşdur. «Bepikor» adlanan reagent gön-dəri sənayesində 8 zəhərli kimyəvi maddəni əvəz edir, tullantıların miqdarını 6 dəfə azaldaraq, gön-dəri məmulatının istismar xassələrini yaxşılaşdırır. Bu keyfiyyətlər Türkiyənin «Sepici» və «Günder deri» fabriklərində keçirilmiş sınaqlar nəticəsində təsdiq olunmuşdur. 1989-cu ildə yeni texnoloji proseslərin işlənib hazırlanması və istehsalata tətbiqi nəticəsində kimya müəssisələrinin məhsuldarlığının artırılması sahəsində görülən fəal və böyük işlərə görə V.M.Abbasov SSRİ Kimya Sənayesinin Fəxri fərmanı ilə təltif edilmişdir.

V.M.Abbasovun rəhbərliyi ilə 1997-ci ildə çoxfunksiyalı parafinçökmə inhibitoru («Parkorin-l») yaradılmış, neftçıxarma üzrə Azərbaycan-Türkiyə müəssisəsinin birgə istismar etdiyi yataqlarda («Mişovdağ») sənaye sınağından keçirilmiş və 1998-ci ilin fevral ayından istifadəsinə başlanılmışdır.

1998-ci ildə V.M.Abbasovun ideyası və rəhbərliyi ilə «Xəzər» deemulqatoru yaradılmış, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda sınaqdan keçirilmiş və Almaniyada istehsal olunan PROQALİT deemulqatorunun əvəzinə tətbiqi təşkil olunmuşdur (1998-ci ildən 01.04.2019-a qədər 3031,74 ton).

2011-ci ildə çoxfunksiyalı “Xəzər-24” deemulqator-inhibitoru yaradılmış, təcrübə-sənaye istehsalı təşkil edilmişdir. Almaniyadan alınan “Disolvan” və Azərbaycanda istehsal olunan “Alkan” deemulqatorları ilə müqayisəli sənaye sınaqları keçirilmiş və “Xəzər-24” deemulqator-inhibitor analoqlarından daha effektli olduğu üçün sənayedə istifadəsi təklif olunmuşdur.

1998-2000-ci illərdə V.M.Abbasovun rəhbərliyi altında yüksək keyfiyyətli «Bakı» ərp həlledicisi yaradılmış, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda indiyədək istifadə olunur (1998-ci ildən 01.04.2019-a qədər 80,56 ton).

Akademik V.M.Abbasovun ideyası və rəhbərliyi ilə yaradılmış “Kaspi” inhibitoru 2000-cı ildən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istifadə olunur (01.04.2019-a qədər 168,76 ton).

Akademik Vaqif Abbasov “Əsrin müqaviləsi”nin uğurlu icrasında da öz böyük töhvəsini vermiş, BP şirkətinin Azərbaycanın Azəri, Çıraq yataqlarının istismarı üçün reagentlərlə və analiz üsulları ilə təminat üzrə elan etdiyi tenderlərdə (1998-2003 və 2003-2011-ci illər) Norveçin “Dino” firması ilə NKPİ və İNKOR MMC, ABŞ-ın “Çempion” firması ilə NKPİ və İNKOR MMC alyansı qalib olmuşdur. Reagentlərin analizi, istehsalının təşkili, tətbiqin nəticələrinin analizi işlərinə akademik V.M.Abbasov rəhbərlik etmişdir.

Analoqlarından yüksək effektivliyi ilə fərqlənən «NKPİ-34-2» köpükəmələgətiricisi yaradılmış və sənayedə tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həmin maddənin istehsalı və istifadəsi üçün lisenziya vermişdir. Sonralar onun “Naftapen” adlı daha səmərəli modifikasiyası yaradılmış və tətbiqə qəbul olunmuşdur.

2009-cu ildə V.M.Abbasovun rəhbərliyi ilə “Kaspi-X(M)” inhibitoru yaradılmış, Heydər Əliyev adına Neft Emalı Zavodunun kimyəvi təmizlənmiş su nəqli sistemini korroziyadan müdafiə üçün sənaye sınağından keçirilmiş və tətbiqinə başlanmışdır (2009-cu ildən 01.04.2019-a qədər 286,20 ton istifadə edilmişdir).

İlk dəfə olaraq V.M.Abbasov nitron turşuları əsasında çoxfunksiyalı inhibitor-bakterisidlərin yaradılması ideyasını irəli sürmüş və turşular əsasında çoxfunksiyalı reagentlərin yaradılmasının mümkünlüyünü təsdiq etmişdir. Müəyyən edilmişdir ki, nitron turşularında karbohidrogen radikallarında karbon atomlarının sayı ≥ 12 olduqda və radikal şaxələnməmiş olduqda, həmin turşuların duzlarının inhibitor xassələri kationun xarakterindən çox asılı olmur. Həmçinin, müəyyən edilmişdir ki, bu turşuların duzları həm CO2, həm də H2S korroziyasının qarşısını ala bilir və yüksək bakterisid təsirə malikdir.

V.M.Abbasovun neft kimyası sahəsində apardığı tədqiqat işlərindən biri, dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin struktur-qrup tərkibinin öyrənilməsi və onun yeni təmizlənmə texnologiyasının yaradılmasıdır. İlk dəfə olaraq, V.M.Abbasov Naftalan neftini təmizləmək üçün hidrotəmizləmə və hidrogenləşmə proseslərinin tətbiqi ideyasını irəli sürmüş və bu sahədə yüksək nəticələrə nail olmuşdur. Mövcud olan məlum üsullardan fərqli olaraq, kanserogen xassəli çoxnüvəli aromatik karbohidrogenlərin müalicəvi naften karbohidrogen­lərinə çevrilməsi texnologiyası işlənib hazırlanmışdır. Yeni üsulla təmizlənmiş Naftalan neftinin effektivliyi daha yüksəkdir. Akademik V.M.Abbasovun rəhbərliyi ilə Naftalan neftinin tədqiqatları sahəsində əldə olunmuş nəticələrə əsasən Azərbaycan Respublikasının 4 patenti alınmışdır: Patent (AZ) İ20050087. 2005, Patent (AZ) İ20070026. 2007, Patent (AZ) İ20070125. 2007, Patent (AZ) İ20180053. 2018.

2014-2017-ci illərdə akademik V.M.Abbasovun rəhbərliyi altında müalicəvi Naftalan neftinin adsorbentlə səmərəli təmizlənmə texnologiyası işlənib hazırlanmışdır ki, bu da distillatdan 70%-ə qədər çıxım ilə “Ağ Naftalan yağı” almağa imkan vermişdir. Ağ Naftalan yağı Neft-Kimya Prosesləri İnstitutu ilə AMEA-nın Təcrübə Sənaye Zavodu arasında bağlanmış müqaviləyə əsasən Təcrübə Sənaye Zavodunda istehsal olunur.

İlk dəfə olaraq V.M.Abbasovun yaratdığı texnologiya əsasında Naftalan neftinin naften karbohidrogenləri qarışığından ibarət olan 3 fraksiyanın və Ağ Naftalan mazının istehsalı üçün texniki standartları Respublika Səhiyyə Nazirliyi tərəfindən 2001-ci ildə təsdiq edilmişdir. Tibb elmləri doktoru Ə.V.Musayev və G.A.İsayeva ilə birlikdə «Elm» nəşriyyatında «Naftalan nefti və onun naften karbohidrogenləri» adlı monoqrafiyası çap olunmuşdur. “Ağ Naftalan yağı” 2014-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dərman preparatı kimi qeydiyyata alınmışdır (DV ME №15-00133, 2014).

“Ağ Naftalan yağı” 2017-ci ildə Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydiyyata alınmışdır. “Ağ Naftalan yağı” və bitki yağı əsasında hazırlanmış və I-III dərəcəli yanıqlara qarşı dərman preparatı kimi təklif olunan “Nafterm” preparatının texniki şərt hazırlanmışdır (TŞ–AZ-35-36601.251-2017).

2001-ci ildə V.M.Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

V.M.Abbasov 1994-2016-cu illərdə bir çox respublika və xarici ölkə konfranslarında, xüsusilə də Bakıda neft kimyası üzrə keçirilən Beynəlxalq Məmmədəliyev konfranslarında dəfələrlə elmi məruzələrlə çıxış etmişdir.

2017-ci ilin 5-8 iyununda Tibbi Hidrologiya və Klimatologiya Beynəlxalq Cəmiyyətinin “42-ci Ümumdünya konqresində” Naftalan nefti, Ağ Naftalan yağı və onun əsasında dərman preparatlarına aid məruzə ilə çıxış etmişdir. Konqres zamanı təşkil olunmuş Beynəlxalq sərgidə “Ağ Naftalan yağı” yüksək keyfiyyət sertifikatı almışdır.

Akademik V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış bitum üçün adgeziya aşqarı V-2 2015-ci ildən Azərbaycan Respublikasının yol tikintisində uğurla istifadə olunur və 01.04.2019-cu ilə qədər 362.8 ton istehsal edilmişdir.

Akademik V.M.Abbasovun ideyası və rəhbərliyi ilə yaradılmış “Azofos” və “Azofos-K” gübrələri sahə sınaqlarından müvəffəqiyyətlə çıxmış və tətbiq üçün tövsiyə olunmuşdur. “Azofos–K” gübrəsi Az Qranat MMC-nin Şamaxıdakı üzüm sahəsində İsrailin “Hayfa Chemikal” Şirkətinin gübrəsi ilə müqayisəli olaraq sınaqdan keçirilmişdir. Müəyyən edilmişdir ki, hər iki gübrə sahəyə eyni miqdarda verildikdə, Azofos-K gübrəsi verilən sahədə hər hektardan 20 ton üzüm yığılmış və üzümün şəkərliliyi 22% olmuş,“Hayfa Chemikal” şirkətinin gübrəsinin verildiyi hər hektardan isə 11 ton üzüm yığılmış və üzümün şəkərliliyi 18% olmuşdur. 2017-ci ildən bu gübrələrin istifadəsinə başlanmış və 25 ton (01.04.2019-a qədər) istehsal olunmuşdur.

Akademik V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış “Abşeron-2017”-bakterisid reagenti, “Azəri-2017” - duzçökmə inhibitoru və VFİKS-2017 - korroziya inhibitoru Qarasu yatağında və Binəqədi neft yatağında sənaye sınağından keçirilmiş və Binəqədi neft mədənində tətbiq olunmuşdur. 2017-ci ildən “Abşeron-2017” 24 ton, “Azəri-2107” 31 ton, VFİKS-2107-35 ton istehsal olunaraq, istifadə edilmişdir.

V.M.Abbasov ixtisaslı kadrların hazırlanması sahəsində böyük iş aparır. Onun rəhbərliyi altında 38 fəlsəfə doktoru və 11 elmlər doktoru müdafiə etmişdir. O, böyük elmi-təşkilati və ictimai iş aparır, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə D 01.031 Dissertasiya Şurasının sədridir.

V.M.Abbasov 1992-ci ildən 2013-cü ilə qədər Təhsil Nazirliyinin məktəblilərin Kimya Olimpiadasının Respublika turunu keçirən münsiflər heyətinin sədri, 2001-ci ildən 2013-cü ilə qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində Kimyadan Ekspert Şurasının və Seminarın sədri olmuş, 2001-ci ildən Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının “Kimya və kimya texnologiyası” bölməsinin sədridir. 2003-cü ildə Təhsil Problemləri İnstitutu ilə birlikdə “Kimya məktəbdə” elmi-metodiki jurnalı təsis etmiş və onun baş redaktorudur.

2000-ci ildən “Neft Kimyası və Neft Emalı Prosesləri” elmi jurnalının baş redaktorunun müavini işləmiş, 2016-cı ildən bu jurnalın baş redaktorudur. O, AMEA-nın təsis etdiyi və 2013-cü ildən çıxan “Elm Dünyası” jurnalının baş redaktorunun müavinidir. 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi onu ölkədə ilk dəfə yaradılan İçtimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü seçmişdir. O, 2005-2011-ci illərdə İçtimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması və inkişafı prosesində iştirak etmişdir. 2010-cu ildən 2011-ci ilin mart ayına qədər Təhsil Nazirliyi nəzdində Dərslikləri Qiymətləndirmə Şurasının sədr müavini olmuşdur.

V.M.Abbasov 2000, 2001, 2003, 2004, 2005-ci illərdə Azərbaycan məktəblilərinin Dünya olimpiadalarında, 2000, 2007 və 2010-cu illərdə Beynəlxalq Mendeleyev Kimya olimpiadalarında iştirak edən komandaların rəhbəri olmuşdur.

2000 və 2010-cu illərdə Bakıda keçirilən Beynəlxalq Mendeleyev Kimya olimpiadalarını keçirən Təşkilat Komitəsinin sədrinin müavini və Beynəlxalq Münsiflər Heyətinin sədri olmuşdur. Onun rəhbərlik etdiyi komandaların üzvləri Beynəlxalq və Dünya Kimya olimpiadalarından 110-dan çox qızıl, gümüş və bürünc medallar gətirmişlər və şagirdlərdən 21 nəfəri Moskva Dövlət Universitetinin Kimya fakultəsinə imtahansız qəbul olunmuşlar.

Onlardan biri İsmayıl Teyyub oğlu İsmayılov akademik V.M.Abbasovun rəhbərliyi altında yerinə yetirdiyi dissertasiya işini 2017-ci ildə uğurla müdafiə edərək, kimya elmləri doktoru elmi dərəcəsi almışdır. O, Azərbaycan elmində ən gənc elmlər doktorudur.

V.M.Abbasovun rəhbərlik etdiyi komandanın üzvü Sənan Eminov dünya olimpiadalarında 2003-cü ildə bürünc, 2004-2005-ci illərdə qızıl medallara layiq görülmüş, 2005-ci ildə, eyni zamanda dünyanın mütləq birincisi olaraq (nəzəri suallar üzrə), yeganə kubokun sahibi olmuşdur.

V.M.Abbasov elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının sərəncamları ilə “Azərbaycanın Əməkdar Müəllimi” fəxri adına layiq görülmüş və “Şöhrət” ordeni ilə təltif olumuşdur.

O, 2009-cu ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) elm və texnologiya üzrə baş mükafatına layiq görülmüşdür.

V.M. Abbasov istər Respublikamızda, istərsə də bir sıra xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif müəssisə və şirkətlərlə birgə apardığı tədqiqatlar üçün sistematik olaraq danışıqlar aparmışdır: xüsusilə də 2016-cı ildə Ukrayna Respublikası Severodonetsk şəhərinin Qeyri Standart Kimyəvi Avadanlıqlar Zavodu ilə apardığı danışıqlar, Moskva şəhərində Tibbi Reabilitasiya və Kurortologiya Elmi Mərkəzi ilə və Belarus Respublikasının Səhiyyə Nazirliyi ilə “Ağ Naftalan yağı” nın dərman preparatı kimi istehsalı barəsində keçirdiyi görüşlər və Misir Neft Tədqiqatları İnstitutu və AMEA Neft-Kimya Prosesləri İnstitutu arasında birgə əməkdaşlıq haqqında memerandum imzalanması üçün Qahirə və Bakı şəhərlərində apardığı danışıqlar, Belarusiya Elmlər Akademiyasında İnstitutun elmi inkişafının təbliğində və iqtisadi güçünün artmasında böyük əhəmiyyət daşıyır.

Akademik V.M. Abbasov 2018-ci il may ayının 21-27-də Tatarıstan dövlətinin “Alqarış” qrant layihəsi üzrə Kazan Milli Tədqiqat Texnologiya Universitetində tələbələrə mühazirə oxumuşdur. Eyni zamanda, həmin universitet ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlamışdır. Ezamiyyət zamanı Tatarıstan Elmlər Akademiyasının prezidenti Salaxov Myakzyum Xalimuloviç, Tatarıstan Respublikasının “Tatneftximinvest xoldinq” MMC-nin baş direktoru Yarulin Rafinat Samatoviç, Volysk Karbohidrogen xammalları elmi-tədqiqat İnstitutunun direktoru, Tatarıstan Elmlər Akademiyasının akademiki Marqarov Axmet Marqaroviç, Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzi Federal Dövlət Büdcə elmi müəssisəsinin rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Oleq Qeroldoviç Sinyaşin ilə görüşmüş, qarşılıqlı məsələlər müzakirə olunmuşdur.

2018-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyi günü münasibəti ilə akademik V.M.Abbasov SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin rəhbər və mühəndis pedaqoji işçiləri, həmçinin Sumqayıt Təlim, Tədris mərkəzinin şagirdləri ilə görüş-seminarda iştirak etmiş, məruzə ilə çıxış etmişdir.

3-7 dekabr 2018-ci ildə akademik V.M.Abbasov Belarus Respublikasının Prezidenti yanında Tibb Mərkəzində “Naftalan yağının tibbdə istifadəsi haqqında” aparılan tədqiqatların nəticələri haqqında məruzə ilə çıxış etmişdir.

Akademik V.M.Abbasovun “Kimya üzrə Nobel mükafatları laureatları” kitabında 1901-2011-ci illərdə kimya üzrə Nobel mükafatına layiq görülmüş 160-dan çox alimin həyatı və yaradıcılığı işıqlandırılmışdır.

“Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” adlı publisistik kitabında aşağıdakı alimlərin həyat və fəaliyyətləri geniş şərh olunmuşdur: İbn Sina, Əbu Həmid Əl-Qərəli, Nəsrəddin Tusi, İsaak Nyuton, Mariya Küri, Üzeyir Hacıbəyov, Yusuf Məmmədəliyev, Lütfi Zadə, Vasim Məmmədəliyev, Dmitri Mendeleyev, Nikola Tesla, Albert Eynşteyn, Sergey Korolev, Murtuza Nağıyev, Abbas Çayxorski, Xudu Məmmədov.

Akademik V.M.Abbasov AzTV-də “Akademiya” layihəsi üzrə elmi mühazirələr oxumuş, elmin ən müasir nəticələrini və onların insan həyatında rolunu müxtəlif aspektlərdə işıqlandırmışdır.

Akademik V.M.Abbasovun təşkilatçılığı və maliyyə dəstəyi ilə Tərtər rayonunun 4 kəndi üçün müasir tipli kitabxana inşa edilib və 24.12.2018-ci ildə təntənəli olaraq istifadəyə verilmiş, kitabxanaya AMEA-nın 13 idarəsindən 3000-dən çox kitab hədiyyə olunmuşdur.

Azərbaycan Britaniya kollecində 18 dekabr 2018-ci ildə akademik V.M.Abbasovun və professor Təranə Məmmədovanın rəhbərlik etdiyi “Nanoemulsiyalı dizel yanacağı” layihəsi (şagirdlər Bağırov İbrahim Nahid oğlu və Sadıqov Ələsgər Mehman oğlu) “Ekologiya” bölməsi üzrə ən yaxşı iş kimi qəbul olunaraq, qızıl medala layiq görülmüş və ABŞ-ın New York şəhərində 17.06.19-22.06.19-ci il tarixində keçirilən “Genius Olympiad” yarışına dəvət olunublar.

Akademik Vaqif Abbasovun birbaşa təşkilatçılığı və iştirakı ilə yaradılmış veb sayt ölkədə maarifləndirici və elmin sistemli təbliğini həyata keçirən əsas saytlardan biridir.

2015-ci ilin avqustundan 2019-cu ilin aprelin 4-ə qədər bu saytda 4231900-dən çox baxış olmuş, saytda kimya, fizika, biologiya, astranomiya, coğrafiya, məntiqə aid geniş materiallar verilmiş. kimya dərslərinin keçirilmə qaydaları hər mövzu üzrə geniş şərh olunmuşdur. Institutun veb saytında təbiət kimyasının möcüzələri, Azərbaycanın rayonları haqqında məlumatlar, AMEA-nın 1945-2019-cu illər ərzində müxbir və həqiqi üzvləri olmuş alimlər haqqında, dünyanın ən yaxşı futbol komandaları haqqında və s. geniş məlumatlar vardır.

V.M.Abbasov 2009-2016-cı illərdə bir sıra xarici təşkilatlar tərəfindən mükafatlara, ordenlərə və adlara layiq görülmüşdür. O, 2009-cu ildə Avropa Biznes Assambleyasının mükafatını almış, 2013-cü ildə “Elmdə ad” Sokrat mükafatına və ordeninə layiq görülmüş, elə həmin ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyasının akademiki seçilmiş və “Uluslararası Altın Yıldız Madalyası”ilə təltif olunmuşdur (Ankara), eləcə də Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının həqiqi üzvü seçilmiş və Kuratorluq və Elmi Şuranın qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə “Əsas Qızıl Cəngavər ulduzu”na layiq görülmüş, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyası “Neft və Qaz” seksiyası üzrə xarici üzv seçilmişdir (diplom №13-251 CНГ).

2014-cü ildə elm sahəsindəki fəaliyyətinə görə Avropa Əməkdar Elm Xadimi adına, eyni zamanda Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Xidmətə görə” Böyük Gümüş Xaç ordeninə layiq görülmüşdür.

2015-ci ildə böyük nailiyyətlərinə görə Rusiya Elm və İncəsənət Akademiyası laureatının Qızıl medalı ilə təltif olunmuş (diplom №18, 19.02.2015) və “Kim kimdir?” Ümumdünya nəşrinin biblioqrafik sorğu kitabının laureatı seçilmişdir (diplom №18, 20.02.2015).

Akademik Vaqif Abbasov Tərtər rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Tərtər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərman ilə təltif olunmuşdur.(24.12.2018 tarixli 208 nömrəli)

O, 1280 əsərin, o cümlədən, 609 elmi məqalənin, 434-ə qədər tezisin, 17 kitab və monoqrafiya, 21 dərslik, 24 dərs vəsaiti, 100 publisistik materialın (onlardan 13 kitab), 60 müəlliflik şəhadətnaməsi və patentin (21-i SSRİ-nin müəlliflik şəhadətnaməsi, 4-ü Rusiya Federasiyası, 31-i Azərbaycan Respublikası və 4-ü Avrasiya patentidir) müəllifidir. 6 Azərbaycan patentini almaq üçün müsbət rəy verilib.

2015-12-23   10833