NKPI

Maraqlı Məlumatlar

Əliyeva Leylufər İmran qızı

 

Leylufər İmran qızı Əliyeva 19 noyabr 1949-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 15 saylı orta məktəbi bitirmiş və həmin il indiki Azərbaycan Sənaye və Neft Universiteti (ADNSU) daxil olmuşdur. 1971-ci ildə institutun kimya-texnologiya fakültəsini bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. İnstitutda təhsil alan müddətdə “Tələbə Elmi Cəmiyyəti”nin işində fəal iştirak edərək, TEC-in qırmızı diplomuna layiq görülmüşdür. Əmək fəaliyyətini 1972-1975 ci illərdə ADNSU-nun “Neft kimya sintezi texnologiyası” kafedrasının nəzdində “Xlor üzvi birləşmələr” laboratoriyasında mühəndis kimi başlamışdır.

1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əyani aspiranturasına daxil olmuşdur. L.İ.Əliyeva 1980-ildən başlayaraq tsikloolefinlər sırası karbohidrogenlərin sintez üsullarını işləyib hazırlamış, çevrilmələrini öyrənmiş və alınan məhsulların səmərəli tətbiq sahələrini müəyyənləşdirmişdir. Divinil-stirol oliqomerinin oksidləşməsi yolu ilə aldığı lak və boyalar aparıcı təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək sənaye miqyasında istehsal olunmaq üçün tövsiyə edilmişdir. O, akademik S.C.Mehdiyevin bilavasitə rəhbərliyi ilə elmi tədqiqatlar aparmış və 1982-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Divinil-stirol oliqomerinin epoksidləşməsi reaksiyasının tədqiqi və prosesin işlənib hazırlanması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müdafiədən sonra NKPİ-da kiçik elmi işçi, elmi işçi, 1988-ci ildən etibarən böyük elmi işçi vəzifələrində çalışmışdır.

1990-cı ildən etibarən NKPİ-nun “Metalların inhibitorlu mühafizəsi” laboratoriyasında çalışaraq, sərt şəraitlərdə işləyə bilən metalların korroziyaya uğramasının qarşısını ala bilən reagentlərin sintezi sahəsində elmi tədqiqatlar aparmışdır.

1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə L.İ.Əliyeva “Böyük elmi işçi” elmi adına layiq görülmüşdür.

1999-2000-ci illərdə Rusiya Elmlər Akademiyasının Fiziki Kimya İnstitutunda elmi stajirovkada olmuş və müasir üsullar vasitəsilə NKPİ-da sintez edilmiş reagentlərin korroziya prosesinin ləngitməsinə aid tədqiqatlar aparmışdır.

2002-ci ildə “Oksigen və azot törəməli xətti olefinlər əsasında korroziyaya qarşı polifunksional inhibitorlar, mühafizəedici tərkiblər və onların komponentləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və “Neft kimyası” ixtisası üzrə texnika elmlər doktoru alimlik dərəcəsini almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2010-cu ildə “Neft kimyası” ixisası üzrə “Professor” elmi adına layiq görülmüşdür.

NKPİ-da 2002-ci ildən aparıcı elmi işçi, 2007-2011 ci illərdə baş elmi işçi kimi fəaliyyət göstərmiş və 2012-ci ildən etibarən şöbə müdiri vəzifəsində çalışır.

Alınan inhibitorlar və bakterisidlər sənaye sınağından keçirilmiş və müəyyən edilmişdir ki, onlar neftçıxarma və neft emalı sənayesində yüksək göstəricilərlə tətbiq oluna bilər.

Aparılan tədqiqatlar nəticəsində professor L.İ.Əliyeva müxtəlif mühitlərdə korroziyadan mühafizə etmək üçün mineral yağlara aşqarlar almış və bu kompozisiyalar konservasiya mayeləri kimi sənayedə, kənd təsərrüfatında tətbiq olunmaq üçün tövsiyə edilmişdir.

Leylufər xanım bir neçə Beynəlxalq elmi konfransların və simpoziumların təşkilatçılarından biridir. O, dəfələrlə Beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmiş, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Respublika İdarə Heyətinin mükafatlarına layiq görülmüşdür.

Professor L.İ.Əliyevanın apardığı elmi-tədqiqat işlərinin nəticələri 335-elmi əsərdə, o cümlədən 7 kitab, 20-dən çox müəlliflik şəhadətnaməsi, Azərbaycan, Rusiya patentlərdə öz əksini tapmışdır. Leylufər xanım dərslik və Almaniyanın “LAP Lambert Academic Publishing” nəşriyyatında çap olunan 2 monoqrafiyanın müəllifi və bir çox elmi kitabların tərtibatçısı və redaktorudur.

Onun rəhbərliyi ilə 5 fəlsəfə və 2 elmlər doktorları hazırlanmışdır. L.İ.Əliyeva Neft-Kimya Prosesləri İnstitutunun iki doktorantın və Moskva Dövlət Universitetin Bakı Filialının diplomantların elmi rəhbəridir.

Təltiflər: 2009-cu ildə AMEA-nın Fəxri Fərmanı

Professor L.Əliyeva NKPİ-nun Elmi Şurası və Dissertasiya Müdafiə Şurasının üzvü, “Neft kimyası və neft emalı prosesləri” elmi jurnalının redaksiya heyətinin üzvü və məsul katibi,”Elm dünyası” elmi-populyar jurnalın redaksiya heyətinin üzvü, 2010-cu ildən Amerika Kimyaçılar Cəmiyyətinin üzvüdür.

Beynəlxalq Bioqrafik Mərkəz (Kembric,Ingiltərə) professor L.İ.Əliyevanın adını “Dünyada kim kimdir” 2012 ci ilin 29-cu nəşrinə (Who's is Who in the World 2012-29th edition) daxil edilməyə layiq görmüşdür.

L.İ.Əliyeva 1995-ci ildən Respublika Qadın Hərəkatında fəal iştirak edir və professor E.T.Süleymanova tərəfindən yaradılan ilk elmi-tədqiqat və praktiki yönəmli “Azərbaycan Qadın və İnkişaf Mərkəzi”nin vitse-prezidentidir. Qadın və uşaq problemləri üzrə bir neçə publisistik və elmi-publisistik məqalələrin müəllifidir.

2017-12-01   35640