NKPI

Maraqlı Məlumatlar

Rəsulov Çingiz Qnyaz oğlu

 

Çingiz Qnyaz oğlu Rəsulov  31 avqust, 1949-cu ildə  Azərbaycan Respublikası, Qazıməmməd rayonunun Ələt qəsəbəsində anadan olmuşdur.

1966-cı ildə Yevlax şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.

1971-1973-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra 1974-cü ilədək Yevlax Zonal Qaz İB-də əvvəl mühəndis, sonra texniki-istehsalat şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasının gündüz şöbəsinə daxil olub, 1977-ci ildə vaxtından əvvəl namizədlik dis-sertasiyası müdafiə etmişdir.

Rəsulov Çingiz Qnyaz oğlu həmin institutda əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi vəzifələrində çalışmışdır.

1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini, 2012-ci ildə isə professor elmi adını almışdır.

Kimya elmləri doktoru, professor Ç.Q. Rəsulov hal-hazırda Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiridir.

Professor Ç.Q.Rəsulovun  rəhbərliyi ilə alkil-, tsikloalkilfenollar əsasında poli-olefinlərə, sintetik kauçuklara, yağlara və yanacaqlara yüksəksəmərəli stabilləşdirici kimyəvi əlavələr, antioksidantlar, aşqarlar, vulkanlaşdırıcı agentlər və s. sintez olunmuş və sənayeyə tətbiq üçün tövsiyə edilmişdir. Təklif olunmuş tövsiyələr əsasında "Anqarski üzvi-sintez" İB-də( RF, İrkutsk vilayəti Anqarsk ş.) "VNİİ NP-360" aşqarının,”Stavropolpolimer“İB-də (RF, Stavropol vilayəti, Budyonovsk ş.) "Bisalkofen MTSP" stabilizatorunun sənayeyə tətbiqi həyata keçirilmişdir.

Təklif  olunmuş digər tövsiyə əsasında Sumqayıt "Aşqarlar" ATSC-də "Nef-ras 35/135", "Nefras 130/180", „Uayt-spirit“ həlledicilərinin istehsalı sənaye miq­ya­sında həyata keçirilmişdir. Laboratoriya əməkdaşlarının tövsiyələri əsasında Sum­qayıt „Aşqarlar“ ATSC-də məhsuldarlığı 5000 ton/ay olan qurğu tikilib sınaqdan çıxarılmışdır. Prosesin texnoloji reqlamenti, Texniki Şərti, texniki-iqtisadi göstəriciləri hazırlanmışdır.

Eyni zamanda, fəza çətinlikli fenollar əsasında olefinlərin selektiv oliqomerləşməsi prosesində istifadə olunan keçid-metal kompleksləri üçün yeni liqandlar sintez olunub müqayisəli yoxlanılmışdır.

Təklif olunmuş tövsiyələr əsasında Sumqayıtda - "Tural-110" elmi-istehsalat müəssəsində avtomobil benzinlərinə aşqarlar-metil, etil üçlü butil efirlərinin istehsalı üçün məhsuldarlığı 1000 ton/ay olan sənaye qurğusu tikilib sınaqdan çıxarılmışdır. Qurğuda 1000 tona yaxın metil və etil üçlü butil efirləri alınıb Ukraynada, Polşada, Almaniyada, Yunanıstanda oksigenat kimi sınaqdan çıxarılmış və müsbət rəylər alınmışdır. Proseslərin bütün texniki-normativ sənədləri (texnoloji reqlamenti, Texniki Şərti, texniki-iqtisadi göstəriciləri) hazırlanmışdır.

Prof. Ç.Q.Rəsulovun rəhbərlik etdiyi laboratoriyada fenolun pirolizin maye məhsullarının 130-1900C fraksiyası ilə yarım-sənaye qurğusunda katalitik arilalkilləşmə prosesinin texnologiyası  işlənib hazırlanmışdır. Alınmış para-arilalkilfenolun urotropinlə qarşılıqlı təsirindən para-arilalkilfenolamin qətranının təcrübə-sənaye nümunəsi alınıb (1 ton) lak-boya materiallarına örtük əmələgətirici kimi, transformator və mühərrik yağlarına antioksidant kimi sınaqdan çıxarılmışdır. Sınaqların nəticəsi müsbət olmuşdur. Prosesə Azərbaycan, Rusiya və Avrasiya patentləri alınmışdır.

AMEA Təcrübə-Sənaye Zavodunda Ç.Q.Rəsulovun rəhbərlik etdiyi laboratoriyanın təqdim etdiyi reqlament əsasında  2-morfolilmetil-5-metilfenolun kompleks xlorid duzu alınıb Azərb. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümçülükdə ziyanvericilərə qarşı dərman preparatı (pestisid) kimi sınaqdan çıxarılmışdır. Preparatın institutun  üzümçülük sahələrində 3 il ardıcıl geniş çöl sınaqları da səmərəli olmuşdır. Bundan başqa laboratoriyada sintez olunmuş izopropilaminofenol preparatı kartofçuluqda geniş yayılan kolorado böcəyinə, tərəvəz bitkilərində  əmələ gələn yaşıl qurdlara və mənənələrə qarşı insektisid kimi ilkin və geniş çöl sınaqlarından müvəffəqiyyətlə çıxmışdır.

İzopropilamin preparatı eyni zamanda Azərb. KTN  ET Baytarlıq institutunda heyvandarlıqla bağırsaq çöpləri mikrobuna qarşı bakterisid və dezinfeksiya edici kimi sınağı səmərəli olmuşdur.

Hal-hazırda alimin rəhbərlik etdiyi laboratoriyada yeni seolit tərkibli heterogen katalizatorların iştirakında fenolların alifatik və tsiklik sırası doymamış karbohidrogenlərlə katalitik alkilləşmə, alınmış alkil-tsikoalkilfenolların aminlərlə, sirkə turşusu və benzoil xloridlə aminometilləşmə, asilləşmə reaksiyalarının həyata keçirilməsi istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.

Bundan başqa, Ç.Q.Rəsulovun rəhbərliyi ilə laboratoriyada avtomobil mühərrikləri üçün yüksək oktanlı benzinlərin, keyfiyyətli dizel yanacaqlarının alınması üçün yeni kimyəvi quruluşlu oksigenatların, aşqarların və antioksidantların alınması istiqamətində də səmərəli tədqiqatlar həyata keçirilir.

Professor Ç.Q.Rəsulov eyni zamanda pedoqoji fəaliyyətlə də məşğul olur. O, uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr diplom işlərinə rəhbərlik etmiş, hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında pedoqoji fəaliyyətini davam etdirir. O, eyni zamanda  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyasının ekspertidir.

Rəsulov Çingiz Qnyaz oğlunun apardığı elmi tədqiqat işlərinin nəticələri 400-dən artıq elmi əsərdə, (xaricdə çıxmış elmi əsərlərin sayı - 120), 80 müəlliflik şəhadətnaməsi,  Azərbaycan və xarici ölkələrin  patentlərində öz əksini tapmışdır.

Onun rəhbərliyi ilə 9 nəfər fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir; hazırda onun rəhbərliyi ilə 3 fəlsəfə doktoru və 2 elmlər doktoru dissertasiya işi üzərində elmi tədqiqat işləri aparır.

2017-12-04   35932