NKPI

Maraqlı Məlumatlar

Ağdaş rayonu

 

Ağdaş rayonu 1930-cu ildə təşkil edilmişdir. Bakıdan məsafəsi 249 km, inzibati mərkəzi Ağdaş şəhəri, sahəsi 1050 km2-dir.

Rayon ərazisi tarixi Ərəş sultanlığının ərazisinə uyğundur. Sultanlıq XVI - II əsrdə Şirvan bəylərbəyliyinin, XIX əsrdə isə Şəki xanlığının tərkibində olmuşdur. O dövrdən 1929-cu ilədək Ərəş qəzası şəklində fəaliyyət göstərmişdir.

Relyefi

Ağdaş rayonu Şirvan düzünün şimal - qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Səthi, əsasən, düzənlik, şimal hissədə (Bozdağ silsiləsi, 400-600 m) dağlıqdır.

Geoloji quruluşu

Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntülər yayılmışdır.

Çayları və su hövzələri

Əsas çayları Türyan və Kür çaylarıdır. Türyan Tikanlıçay, Ağçay (Qalaçay), Bumçay və Dəmiraparan çaylarının qovuşmasından yaranır. Əsas çay kimi götürülən Tikanlıçay öz mənbəyini Bazardüzü dağının cənub - qərb yamacından (3680 m) götürür. Çayın 10 qolu var.

Landşaftları və bioloji müxtəlifliyi

İqlimi düzənlik hissədə mülayim - isti və quru - subtropikdir. Əsasən, boz - çəmən, cənub hissədə şoran torpaqlar yayılmışdır. Rayonun şimal hissəsi Bozdağ silsiləsi olub yarımsəhra və seyrək arid meşəlik landşaftına malikdir. Meşəlik, əsasən, saqqızağac və ardıcdan ibarətdir. Türyançay Dövlət Təbiət Qoruğunun mərkəzi hissəsi buraya düşür.

Bitkiləri, əsasən, bozqır və yarımsəhra tiplidir. Burada 60-a yaxın ağac və kol növlərinə rast gəlinir. Kür çayı sahilində tuqay meşələri, rayonun şimal hissəsində iberiya palıdı, saqqızağacı və ardıc növləri ağaclarından ibarət seyrək arid meşələr vardır. Ardıclar, əsasən, 3 növ ilə təmsil olunur: çoxmeyvəli, kəskiniyli və uzunsov ardıclar. Burada rast gəlinən digər ağac və kollar adi göyrüş, qafqaz dağdağanı, gümüşü söyüd, adi nar, sarağan, çaytikanı, qaratikan, doqquzdon, kolvari jasmin, əzgil, tikanlı itburnudur.

Fauna

Ağdaş rayonu ərazisində 100-dən çox quş, 30-a yaxın məməli, 20-dən çox sürünən, 5-ə qədər suda - quruda yaşayan növü qeyd edilmişdir. Sürünənlərdən ən çox aralıqdənizi tısbağası, Levant irigürzəsi, Qırmızıqarın təlxə, qafqaz kələzi yayılmışdır. Ərazinin quş faunası landşaft və biotoplardan asılı olaraq dəyişir. Tuqay meşələri üçün qırqovul, adi qurqur, saxsan, qarabaş vələmirquşu, ağ titəkquyruq, abıquş xarakterikdir. Seyrək meşəliklər üçün yaşıl qızlarquşu, adi sığırçın xarakterikdir. Bozqır və yarımsəhra ərazilərdə çobanaldadan, muymulu qızılquş, böyük qartala rast gəlinir. Bedlend ərazilərdə isə boz kəklik, qayalıq kəkliyi, ağbaş kərkəs və s. quşlara rast gəlinir. Yırtıcılar dəstəsi ərazidə qonur ayı, canavar, adi tülkü, porsuq, daşlıq dələsi, qamışlıq pişiyi, vaşaq, yenot ilə təmsil olunmuşdur.

Tarixi - mədəni abidələri

Türyançay qəsəbəsində Şahərgah arxeoloji abidəsi (XVI əsr). Ərəb kəndi yaxınlığında Surxay qalası (XVIII əsr). Bulaqotağı kəndində türbə (XVIII əsr). Ağdaş şəhərində Qarabəy karvansarası, Hacı Osman məscidi (XIX əsr).

 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-12-23   36626