NKPI

Maraqlı Məlumatlar

“QABUSNAMƏ”Nİ YAZAN - KEYKAVUS

“QABUSNAMƏ”Nİ YAZAN MÜDRİKDİR, DÜNYANI DƏRK EDƏNDİR, ALİDİR, EHTİRAMA LAYİQDİR – BU, ƏMİR ÜNSÜRÜL-MƏALİ KEYKAVUS İBN İSGƏNDƏR İBN QABUS İBN VƏŞİMGİR İBN ZİYAR, MÖVLA ƏMİRƏLMÖMİNDİR

(SADƏCƏ, KEYKAVUS)

Keykavus 1021 və ya 1022-ci ildə (doğum tarixi dəqiq deyil) anadan olmuşdur. Bir çox alimlər qeyd edirlər ki, Keykavus 21 il, oğlu Gilanşah isə 7 il hökmdarlıq etmişdir.

Əslində oğluna “məktub” kimi yazdığı “Qabusnamə” yalnız böyük analitik düşüncə, geniş dünyagörüşü, geniş ürək sahibi, ali sevgiyə malik bir insan tərəfindən yazıla bilər. Bir çox xalqların dilinə tərcümə olunan “Qabusnamə” yaşam fəlsəfəsidir – məntiqə, təcrübəyə söykənən yaşam fəlsəfəsi. Bu əsər dünyaya adam (bioloji varlıq) kimi gələn və insan (ictimai varlıq) adına layiq olmaq istəyən, həyatda daha az riskli, daha çox xoşbəxt günlər yaşamaq arzulayan hər kəs üçün yolgöstərəndir, qaranlığa işıq saçandır.

Keykavusun oğlu Gilanşaha yazdığı fikir aşağıdakı kimidir:

- “Ey oğul, öz adımı bu dünyanın köçənlərinin siyahısında gördükdə belə qərara gəldim ki, köç naməsi mənə çatmamış, mən sənə bir namə yazım, orada dünyanın yaxşı və pis işlərini, dövranın düz və gəc gərdişini təsvir edim, fürsət əldən getməmiş yaxşı bir ad qoyum. Ata məhəbbəti naminə qoy o sənə yar olsun (atadan oğula yadigar olsun)”.

- «Ey oğul, zəmanə səni yumşaltmamış sən öz ağlının gözləri ilə mənim sözlərimi oxu və ona əməl et, onda sən xoşbəxt olarsan, hər iki dünyada (həm sağlıqda, həm də öldükdən sonra) yaxşı ad qazanarsan. Amandır, sən çalış bu kitabda deyilənlərə qulaq as. O zaman mən atalıq borcumu yerinə yetirmiş olaram. Əgər sən mənim dediklərimdən yaxşı fayda götürməsən, başqa adamlar da var ki, onlar yaxşı sözləri eşidib, ona əməl etməyi qənimət sayırlar. Hərçənd zəmanə belə gətirib ki, heç bir övlad öz atasının nəsihətinə qulaq asmır, gənclərin qəlbində elə bir qəflət atəşi var ki, onlar qocalardan daha çox bildiklərini güman edirlər. Mən bunları bilsəm də atalıq məhəbbəti məni susmağa qoymur. Odur ki, xoşuma gələn, təbiətimə uyğun olan sözləri toplayaraq fəsillərə ayırdım, daha qısa və layiq olanları bu kitaba köçürdüm. Əgər əməl etsən, daha gözəl, etməsən də mən atalıq vəzifəsini yerinə yetirmiş olaram. Deyiblər: “Məsləhətçinin vəzifəsi deməkdir, qulaq asmasalar, inciməyinə dəyməz”».

Müdrik Keykavus nümunəsi. Böyük İran hökmdarı Keykavusun dediyi bu cümlə çox ibrətamizdir: “Ey oğul, bil, insanların fitrətində elə bir xüsusiyyət vardır ki, onlar dünyada əldə etdiklərini həmişə ən əziz adamları üçün qoyub getməyə çalışırlar. Bu dünyada mənim əldə etdiyim bu sözlərdir, ən əziz adamım isə sənsən. İndi köçməyə hazırlaşarkən, əldə etdiklərimi sənə yadigar qoymaq istəyirəm. İstəyirəm, sən onları oxuyub xudpəsəndliyə yol verməyəsən, yaramaz işlərdən çəkinəsən, elə yaşayasan ki, o, sənin pak əcdadlarının adına layiq olsun”.

“Ey oğul, ağıllı ol, öz əcdadının qədrini bil, nanəcibliyə yol vermə. Hərçənd mən səndə yaxşılıq əlamətləri və xoşbəxtlik nişanələri görürəm, lakin bu sözləri təkrar etməyi lazım bilirəm: ey oğul, bil və agah ol, mənim getməyim yaxındır, sənin də mənim dalımca gəlməyin o qədər uzaq deyildir. Ona görə nə qədər sağsan, gərək iş görüb fəaliyyət göstərəsən, bəlkə, beləliklə, Əbədiliyi bu dünyada qazanasan. Bu dünya tarla kimi bir şeydir, nə əksən, onu da biçərsən. Əbədilik sarayının bünövrəsi bu dünyada qoyulmalıdır. Yaxşı adamlar bu dünyada aslan təbiətli olarlar, pis adamlar isə it təbiətli. İt tapdığı şeyi ordaca yeyər, aslan isə ovladığını başqa yerdə. Bu dünya bir ovlaqdır, sən isə ovçu, sənin ovun da yaxşı əməllərindir. Çalış indi yaxşılıq elə ki, sonra xeyrini görəsən...”.

44 fəsildən ibarət “Qabusnamə”, əslində, Keykavusu ölməzliyə – əbədiliyə ucaltdı, minlərlə, milyonlarla insanı haqq yoluna qaytardı, hətta ola bilsin ki, öz ölkəsini və bir çox ölkələri fəlakətlərdən qurtarmağa qadir olan sərkərdələr, fatehlər, hökmdarlar, alimlər yetişməsinə səbəb oldu.

Siz də bu müdriklik məktəbindən faydalanın!

“Sən yaradılmışa diqqət et ki, Yaradanı əqllə dərk edə biləsən. Ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir, keçici şeyin isə əvvəli və sonu olur. Bağlı gördüyün bu dünyanın bağlılığına heyran olma və güman etmə ki, bu bağ həmişə açılmamış qalacaq. Sən Yaradanın yaxşılıqları və nemətləri haqqında fikirləş, özün barəsində fikirləşmə, çünki yolu o adam daha çox azır ki, yol olmayan yerdə yol axtarsın”.

“Ey oğul, bil ki, böyük Yaradan bu dünyanı məqsədli yaratmış, hədər yerə yaratmamışdır, onu ədalət və hikmət əsasında qurmuşdur, çünki o, varlığın yoxluqdan, xeyirin şərdən, bolluğun qıtlıqdan, gözəlliyin eybəcərlikdən daha yaxşı olduğunu bilir”.

“İndi ki, dünyanın Allah tərəfindən hədər yerə yaradılmadığını bildin, onu da bilməlisən ki, bu yaradılan nemətlər kimə isə ruzi verilməsəydi, mənasızlıq olardı. Ruzi ona deyir ki, sən çörəyi ehtiyacı olana verəsən ki, o da yeyə. Bax, ədalət buna deyərlər. O, insanları yaratmaq istədi ki, onlara ruzi versin, indi ki, insanlar yaranıbdır, deməli, bütün nemətlər onlarındır”.

“Ədalət və qayda-qanun olmadıqda ruzi yeyən adam ruzi verənin qədir-qiymətini bilməz”.

“İstəyirsən ki, qulun sənə itaət etsin, sən də öz ağana itaət etməkdən boyun qaçırma, boyun qaçırsan, öz qulundan itaət gözləmə, çünki sənin öz quluna etdiyin mərhəmət Allahın sənə göstərdiyi mərhəmətdən çox ola bilməz.

İtaət etməyən bəndə olma, çünki itaət etməyən bəndə Allahlıq iddiasına başlar və tez məhv olar ”.

“Ata-anaya hörmət o böyük və izzətli Allahın əmrlərindəndir”.

“Ana və Ataya, ən azı ona görə hörmət etmək lazımdır ki, onların hər ikisi səninlə Yaradan arasında vasitədir”.

“Ağlı başında olan hər bir övlad heç vaxt Ata və Ana haqqını unutmaz”.

“Ehtiyatlı ol, ey oğul, Ata və Ananın qəlbini incitmə, onların ürəyinə toxunma, çünki Yaradan Ana və Atanı incidənə ağır cəza verir”.

“Amandır, miras xatirinə Ata və Ananın ölümünü arzulama. Ata-Anan ölməsə də, sənin ruzin yetişəcəkdir, çünki hər kəsin qisməti özünə çatacaqdır”.

“Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi olub kölgəsi olmayan Muğilan ağacı kimi faydasız olar, nə özlərinə xeyir verərlər, nə başqalarına”.

“Onu da bil ki, bütün sənətlər içində ən gözəl sənət danışmağı bacarmaqdır. İndi ki, bunu bildin, gərək sən dilini gözəl danışmağa və yaxşı şeylər söyləməyə öyrədəsən, yaxşıdan başqa heç bir şey deməyə adət etdirməyəsən, çünki dilə nə öyrədibsən, nəyə adət etdiribsənsə, həmişə onu da deyəcəkdir”.

“Hansı sənətin sahibi olursansa ol, ancaq sözü yerində deməyi bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin görünər. Faydasız sözlərdən qaç, çünki faydasız sözlərdən həmişə ziyan gələr. Yalan iyi verən və hikmət ətri saçmayan sözlər deyilməsə, daha yaxşıdır ”.

“Dindirilməmiş danışma, xahiş edilməmiş məsləhət verib nəsihət etmə, xüsusilə nəsihətə qulaq asmayana, elə adam axırda özü yıxılır. Camaat içində heç kəsə nəsihət etmə. Deyiblər ki, adamlar içərisində nəsihət məzəmmətə bərabərdir”.

“Çoxdan yolunu azmışları düzəltmək fikrinə düşmə, bacarmazsan”.

“Xalqın qəm və kədərinə gülmə ki, xalq da sənin qəm və kədərinə gülməsin, ədalətli ol ki, ədalət görəsən, xoş  de ki, xoş eşidəsən”.

“Yaxşılıq et və yaxşılıq öyrət, çünki bunlar əkiz qardaşlardır. Nə qədər bacarırsansa yaxşılığı heç kəsdən əsirgəmə, yaxşılıq bir gün öz bəhərsini verəcəkdir”.

“Bütün  işlərdə ədalətli ol, çünki özü ədalətli olanın qazıya ehtiyacı olmaz ”.

“Yaxşı və pisə fikir ver, insanların müsbət və mənfi cəhətlərini öyrən, onların nədən və nə qədər xeyir götürüb ziyan çəkdiklərinə diqqət yetir və öz xeyrin üçün onlardan istifadə et, bax gör, insanları zərərə yaxınlaşdıran nədir, ondan qaç və ona yaxınlaş ki, o, insanları xeyirə yaxınlaşdırır”.

“Özünə elm və sənət kəsb etməyi öyrət. Bilmədiyin şeyi öyrənməyə çalış. Bunun sənə iki faydası olar: ya bildiyin şeyləri təcrübədən keçirmiş olarsan, ya bilmədiyin şeyi öyrənərsən”.

“Sən bilik yollarını tapmalısan, elə etməlisən ki, hansı vəziyyətdə olursansa ol, bir saatın belə öyrənmədən, boş keçməsin”.

“Elm və sənət öyrənmək istər böyük olsun, istərsə kiçik, hamıya vacibdir, çünki insan öz tay-tuşları arasında üstünlüyü yalnız elm və sənətə görə əldə edə bilər. Bilik əldə etmək tay-tuş üzərində üstünlük əldə etməkdir, elm və sənətdən əl çəkmək isə geriliklə razılaşmaq deməkdir”.

“Nadan adamı adam hesab etmə, əməlsiz alimi alim. Elmsiz pəhrizkarı zahid bilmə, cahil adamla isə dostluq etmə. Xüsusən özlərini ağıllı hesab edən və öz avamlığı ilə lovğalanan axmaqlarla oturub-durma. Müdrik adamlardan başqa heç kimlə ünsiyyət saxlama, çünki yaxşılarla ünsiyyət saxlayanın adı da yaxşıya çıxar”.

“Yaxşıların məsləhətlərini unudub naxələf çıxma, sənə möhtac olan adama etdiyin yaxşılığı da başına vurma. Yaxşılığı başa vurmaq, həmin yaxşılığı etməmək kimi bir şeydir”.

“Xoşxasiyyət və insanpərvər olmağı özünə peşə et, pis adətlərdən qaç və ziyankar olma, ziyankarlığın səmərəsi məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın bəhrəsi alçalmaq olar. Cəhd et ki, səni tərifləyən xalq olsun ”.

“O qədər yumşaq olma ki, səni çox yumşaq və həlim olduğun üçün “hop” eyləyib udsunlar, o qədər də sərt olma ki, sənə salam verməyə də qorxsunlar. Hamı ilə yola getməyi bacar, bu üsulla həm dostdan, həm də düşməndən istifadə edib arzuna çata bilərsən. Heç kəsi pislik etməyə öyrətmə, pislik öyrətmək pislik etmək kimi bir şeydir”.

“Səmimi sözə qiymət verən, dünyagörmüş, sınaqdan çıxmış dostların nəsihətinə qulaq as və öz məşvərətçilərinlə həmişə təklikdə məsləhətləş, çünki sənin onlardan ala biləcəyin fayda yalnız təklikdə ola bilər”.

“Ey oğul, sən özünü hamıdan bilikli hesab etmə, elə ki, özünü bilməyən hesab etdin, bilən olarsan, əsl bilən ona deyirlər ki, bilmədiyini bilə”.

“Ey oğul, nə qədər böyük alim olsan da öz biliyinlə qürrələnmə, öhdəsindən gələ biləcəyin işlərdə də öz rəyin haqqında böyük fikirdə olma, özləri haqqında böyük fikirdə olanlar həmişə peşmançılıq çəkərlər. Başqaları ilə məsləhətləşməyi özünə əskiklik hesab etmə, ağıllı qocalar və sınanmış dostlarla məsləhətləş”.

“Yaxın bir adamın sənə işi düşsə, ona kömək etməyə çalış, rəqib və düşmənin olsa belə, yardım əlini və malını ondan müzayiqə etmə”.

“Görüşünə gələn söz ustadlarına bəxşiş ver ki, sənin görüşünə həris olsunlar (yəni, tez-tez gəlsinlər). Adamların ən yazığı odur ki, alim olsa da, heç kəs onun görüşünə getməsin”.

“Camaatla mehriban danış və qaş-qabağını turşutma. Qaş-qabaqlı adam yaxşı sayılmaz. Adam nə qədər hikmət sahibi olsa belə, qaş-qabağını tökdükdə onun nə hikmətində hikmətlik qalar, nə sözündə gözəllik”.

“Ey oğul, insan söz anlamağı və söz deməyi bacarmalı, pis adamlardan isə dilini saxlamalıdır. Ey oğul, sən doğru danışan ol, özünü doğru danışan tanıt ki, işdir bir gün zərurət üzündən yalan deməli olsan, doğru qəbul etsinlər. Lakin yalana oxşar doğru danışma. Doğruya oxşar yalan, yalana oxşar doğrudan yaxşıdır, çünki o yalana inanarlar, doğruya yox”.

“Onu da bilməlisən ki, söz dörd cürdür: birini nə bilərlər, nə deyərlər, birini həm bilərlər, həm də deyərlər, birini deyərlər, lakin bilməzlər, birini bilərlər, lakin deməzlər. Dörd növ sözün ən yaxşısı odur ki, onu həm bilmək olar, həm də demək”.

“Camaat  arasında danışarkən sözlərin gözəllərini danış ki, xalqın xoşuna gəlsin və qabiliyyətinin dərəcəsi məlum olsun. Böyük və ağıllı adamları sözlərinə görə tanıyırlar, sözləri adamlara görə yox”.

“Nə desən düzünü de, mənasız müddəalarda olma. Hər müddəa üçün isə çox da sübuta can atma. Bilmədiyin elmdən dəm vurma, o elmdən çörək gözləmə, çünki sən elə elmdən, elə minbərdən məqsədinə çata bilməzsən, yalnız bildiyin elmdən məqsədə çata bilərsən”.

“Sənin yaxşı və pisliyinə dəxli olmayan sirləri öyrənməyə çalışma, özündən başqa heç kəsə sirr demə, desən, artıq onu sir hesab etmə”.

“İşinə yarasa da, yaramasa da, heç bir sözü dinləməkdən darıxma, beləliklə, qoyma söz qapıları sənin üçün bağlansın, sözün faydasından məhrum olasan. Heç vaxt soyuq danışma, soyuq danışmaq elə toxumdur ki, onun meyvəsi düşmənlik olar”.

“Alim olsan özünü nadan hesab et ki, bilik qapıları sənin üzünə açılsın. Nə qədər ki, sözün eybini və hüsnünü anlamayıbsan, heç vaxt onu kəsmə və ya tərifləmə. İstərsə böyük olsun, istərsə kiçik, hər kəslə öz dili ilə danış ki, hikmətdən xaricə çıxmayasan və dinləyicini darıxdırmayasan”.

“Əgər söz ustadı olsan, özünü bildiyindən az göstərməyə çalış ki, söhbət vaxtı “piyada” olduğun meydana çıxmasın. Çox bilən, lakin az danışan ol, az bilib çox danışan olma”.

“Ey oğul, söz danışan ol, söz güləşdirən olma. Söz güləşdirmək divanəlik kimi bir şeydir. Hər kimlə danışsan, diqqət et, gör o, sənin sözlərinin müştərisidir, ya yox”.

“Çalış adamla adam ol, insanla insan, çünki adam başqadır, insan başqa”.

“Bacardıqca söz deyib, söz eşitməkdən çəkinmə, çünki insanlar söz eşitmək vasitəsilə söz deməyi bacaran olarlar”.

“Sözlərə qulaq as və yadda saxla, xüsusilə hökmdarların və alimlərin dedikləri hikmətli sözlərə. Demişlər ki, alimlərin, hökmdarların nəsihətlərinə qulaq asmaq ağlın gözünü işıqlandırır, çünki ağıl gözünün tutiya və sürməsi hikmətdir”.

“Ey oğul, cavan olsan da qoca ağıl ol. Demirəm ki, cavanlıq etmə, lakin özünü ələ alan cavan ol, dağınıq və ölüvay cavan olma, diribaş cavan yaxşı olar”.

“Nə qədər cavan olsan da, izzətli və böyük Allahı unutma, heç vaxt ölümdən arxayın olma, çünki ölüm qocalıq və cavanlığa baxmır”.

“Ey oğul, ayıq ol, cavanlığına qürrələnmə”.

“Həmişə cavanlarla oturub-durma, hərdənbir qocalarla da get-gəlişin olsun. Dost və aşinaları həm cavanlardan, həm də qocalardan seç. Cavanlıq edib nalayiq bir iş görmək fikrinə düşsən, qocalar sənə mane olarlar, çünki qocaların bildiklərini cavanlar bilə bilməzlər”.

“Hərçənd cavanlar özlərini hamıdan ağıllı, çoxbilən hesab edirlər, sən belə cavanlardan olma və qocalara hörmət et, onlara nalayiq sözlər demə, qocaların cavabı ağır olar”.

“Cavanlara qocalıq yaraşmadığı kimi, qocalara da cavanlıq yaraşmaz. Qoca vaxtı eşqə düşüb cavanlığa başlamaq, məğlub ikən zəfər təbili çalmaq kimi bir işdir. Şıltaq qoca olma. Deyiblər ki, şıltaq qoca daha pis olur”.

“Həmişə qocalara qarşı mərhəmətli ol, çünki qocalıq elə bir xəstəlikdir ki, heç kəs onu yoluxmağa gəlməz, elə bir dərddir ki, ölümdən başqa heç bir həkim onu sağalda bilməz”.

“Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-qanun, nizam-intizam olmaz, onlar bir şeyin vaxtı olub-olmadığına fikir verməzlər. Ağıllı və böyük adamlarda isə hər işin öz vaxtı olur, gecə-gündüzün iyirmi dörd saatını öz işləri arasında bölərlər. İşlər bir-birinə qarışmasın deyə onların hərəsinə müəyyən vaxt və hədd-hüdud qoyarlar”.

“Yemək vaxtı çatdıqda kim səninlə bir yerdə çörək yeyəcəksə, de, onları çağırsınlar ki, gəlib səninlə birlikdə yesinlər. Lakin yeyərkən tələsmə, təmkinlə ye”.

“Şərab içmə, çünki cismi və ruhi xəstəliklərə düçar olarsan. Şərabın zehnə və əqlə də böyük təsiri vardır. Sayıqlamaq, dəlilik və əsəb xəstəlikləri yaradır”.

“Ey oğul, şərabdan uzaqlaş, çünki o, bütün xoşagəlməz, nalayiq işlərin açarıdır. Əgər şərab içməkdən uzaqlaşsan, hər iki dünyada fayda götürmüş olarsan. Həm böyük Allah səndən razı qalmış olar, həm xalqın danlağından qurtarmış olarsan. Ağılsız adamların adət və peşələrindən, xoşagəlməz əməllərindən uzaqlaşarsan, israfçılığa yol verməzsən, maddi güzaranın isə xeyli yaxşı keçər. Bütün bu dediklərimi nəzərə alıb şərab içməyə meyl göstərməsən, məni çox sevindirmiş olarsan. Lakin bilirəm, cavansan və yoldaşların səni bu işə dəvət edəcəklər, amma ağıllı ol, içmə, həmçinin pis yoldaşla oturub-durma”.

“Yad adamları hər gün qonaq etməyə çalışma, çünki hər gün qonaqların xərcini çatdırmaq olmaz. Bax gör, ayda neçə dəfə qonaqlıq edə bilərsən. Üç dəfə edə bilsən, bir dəfə et, lakin həmin üç qonaqlığın xərcini bir qonaqlığa sərf et, qoy süfrəndə heç bir eyib olmasın və eyib axtaran adamların ağzı sənin süfrən haqqında bağlansın. Evinə qonaq gəldikdə onu qarşılamaq üçün adam göndər, ona mehribanlıq et. Hər kəsə özünə layiq qayğı göstər”.

“Meyvə varsa, xörəkdən əvvəl meyvə gətir yesinlər, bir az ara ver, sonra xörəkləri süfrəyə düzdür, lakin özün oturma, qoy qonaqlar sənə bir dəfə, iki dəfə desinlər “otur”, əgər qonaq çox böyük deyilsə və sənin oturmağın münasibsə, yalnız bundan sonra onların təklifini qəbul edib yemək ye və hamıdan aşağı otur. Qonaqdan üzr istəmə, çünki qonaqdan üzr istəmək qara camaat və bazar əhlinin xasiyyətidir”.

“Xalqın minnətini götürən, xoşsifət, gülərüz ol, lakin yersiz gülmə, şərab içmə, qonaqlarla mehriban olub bir az zarafatlaş, şuxluq et, lakin yersiz gülən olma, çünki yersiz gülmək dəlilik kimi bir şeydir. Qonaq getmək istəsə, bir-iki dəfə qalmasını xahiş et, qayğıkeşlik göstər, qoyma getsin, üçüncü dəfə icazə ver getsin”.

“Bil, ey oğul, deyiblər: “Zarafat şərin müqəddiməsidir”, yəni zarafat bütün bəlaların bələdçisidir. Bacardıqca şit zarafatlardan qaç, əgər zarafat etsən, heç olmasa, həddini aşma, belə halda şər və bəla daha çox olar. İstər yaxın adam olsun, istərsə də özgəsi, nalayiq zarafatlardan və söyüş söyməkdən utan, xüsusilə nərd və şahmat oynadıqda, çünki bu iki oyunda adamlar daha tez əsəbləşir və zarafata az davam gətirirlər”.

“Şərab içmək, zarafatda həddi aşmaq, eşqbazlıq bunların hamısı çirkin işdir, əgər bunların çirkinliyini bilsən və bu yolda nəfsini məğlub edə bilsən, camaat sənə irad tuta bilməz”.

“Aşiq olmaq barədə bil, ey oğul, kimin təbiəti zərif olmasa o, aşiq də ola bilməz. Eşq təbiətin zərifliyindən doğur, hər şey isə şübhəsiz zərif olar”.

“Əgər cavanlıqda aşiq olsan yeri var, başa düşərlər, üzürlü sayarlar, deyərlər, cavandır. Çalış qoca vaxtı aşiq olma. Qocanı üzürlü hesab etməzlər”.

“Qonaq getsən, sevgilini özünlə aparma, aparsan, xalqın qarşısında onunla mazaqlaşma, bütün fikir-zikrini ona vermə, qorxma, onu heç kəs yeməz. Bir də ona fasiləsiz olaraq meyvə, noğul vermə, dəqiqəbaşı qonaq etmə, hər saatdan bir çağırıb qulağına söz demə”.

“Bil, ey oğul, hamama gedəndə tox getmə, ziyanı var. Hamam çox yaxşı şeydir, lakin bütün yaxşılıqlarına baxmayaraq, hamama hər gün getmək olmaz”.

“Qışda və yayda hamama getdikdə əvvəlcə soyuq otaqda bir az otur ki, təbiətin oranın havasına öyrənsin, sonra orta otağa keçib bir qədər də orda otur ki, o otaqdan da fayda götürmüş olasan, sonra isti otağa get, orada da bir az otur ki, bədənin istiyə alışsın. Hamamdan çıxdıqda başını yaxşı-yaxşı qurutmalısan, sonra çölə çıxa bilərsən. Hamamdan saçı yaş çıxıb böyük adamların yanına getmək yaramaz, bu, tərbiyəsizlik sayılır”.

“Çox yatmaq ziyan olduğu kimi az yatmağın da ziyanı vardır. Əgər bir adam 70 saat qəsdən yatmasa və ya zorla onu oyaq saxlasalar, ölüm təhlükəsi qarşısında qalmış olar ”.

“Səhər tezdən durmağa adət etmək lazımdır. Elə etmək lazımdır ki, gün çıxmamışdan qabaq durasan və Allahın borcunu vermiş olasan. Gün çıxanda duran adamın ruzisi az olar”.

“Ata mindikdə alçağına minmə, adam yekəpər olsa da, alçaq at onu hündür göstərər. Yalnız səfərə çıxarkən yorğa və sakit ata min, çünki at sakit olanda adam özünü boş saxlayır. Şəhər içərisində və başqa atlılarla birlikdə getdikdə, oynaq və tünd qaçan ata min ki, onun tündlüyü səni ayıq olmağa məcbur etsin. Həmişə atda düz, şəstlə otur ki, gözə pis dəyməyəsən”.

“Yırtıcı heyvanın arxasınca at salma, çünki yırtıcı heyvan ovundan xeyir gəlməz, həyat üçün isə təhlükəli olar”.

“Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri qoyma. Düşmən tərəfindən mühаsirəyə alınsan, vuruşu dayandırma, çünki yalnız vuruşla düşməni ram etmək olar. Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və süstlük oldumu, min canın olsun, birini də salamat apara bilməzsən”.

“Nahaq qan tökməyə həvəskar olma. Nahaq qan hər iki dünyanın qapılarını sənin üzünə açmış olar. Qiyamətdə cəzasını alarsan, bu dünyada pis ad qazanarsan. Gücsüzlər sənə etibar etməz. Xidmətçilərin ümidi qırılar. Xalq səndən nifrət edər. Camaat ürəklərində sənə kin bəslər. O dünyada bütün əzab-işgəncələr nahaq qan üstündə verilər”.

“Bil ki, çörək və adı bu dünyada qazanırlar. Elə ki, qazandın, çalış mal-dövlət topla, topladığını yaxşı saxla və yerində xərclə”.

“Zəhmət və səy nəticəsində ələ gəlmiş şeyi, tənbəllik və xamlıq üzündən itirmək ağıllı iş hesab edilməz. Ehtiyac günü peşimançılıq fayda verməz. Zəhmətini çəkirsənsə, çalış bəhrəsini də özün götür. Əşya nə qədər qiymətli olursa-olsun, onu layiqli adama müzayiqə etmə, çünki heç bir şeyi özü ilə gora aparmayacaqdır. Lakin başqalarına möhtac olmamaq üçün gərək insanın çıxarı gəlirinə uyğun olsun, çünki ehtiyac yalnız yoxsulların evində deyil, bütün evlərdə ola bilər”.

“Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul sərf etmə. İsrafı düşmən bil, onu uğursuzluq hesab et”.

“Var-dövlətini paxıl adamlara tapşırma, qumarbazlara, əyyaşlara etibar etmə”.

“Hər zərurət üzündən borc alıb, girov qoyma, pulu sələmə verib sələm alma, borc istəməyi ən böyük rəzalət və həyasızlıq hesab et, bacardıqca özün də  heç kəsə borc vermə, xüsusilə də dostlara, çünki dostlardan borcu geri istəmək ən ağır işdir”.

“Ey oğul, bir adam sənə əmanət versə, qətiyyən götürmə, elə ki, götürdün, möhkəm saxla. Əmanət saxlamaq bəladır”.

 “Ey oğul, bil və agah ol ki, əgər, ev, kənd, torpaq, ümumiyyətlə, alınıb, satıla bilən hər nə alırsansa, qanuna riayət et. Hər nə alırsansa, bolluqda al, hər nə satırsansa, qıtlıqda sat, qazanmağa çalış və bundan imtina etmə”.

“Müflis olmaq istəmirsənsə, qazanmamış xərcləmə. Mayana ziyan vurmaq istəmirsənsə, paxıl və həris olma. Hər işdə səbirli ol. Səbirli olmaq ağıllı olmağa bərabərdir”.

“Ev almaq istəyirsənsə, elə küçədə al ki, adamları etibarlı olsun. Şəhər kənarında alma, divar altında olanını alma, ucuzluq xatirinə dağılmış ev alma, hər şeydən əvvəl qonşusuna bax”.

“Küçənin və məhəllənin adamları ilə mehriban dolan, xəstələrinin kefini soruş, təziyə yerlərinə get, cənazələrini basdırmaqda iştirak et, ümumiyyətlə, qonşuya bütün işlərində kömək et, şadlıqları ilə şadlan, öz imkanına görə pay göndər, hədiyyə ver. Beləliklə, sən küçənin ən hörmətli adamı olarsan.

Küçə və məhəllənin uşaqlarını dindir, başlarını sığalla, qocalarının kefini soruşub hörmətlərini saxla”.

“Torpaq alsan, qonşusu olmayan torpaq alma. Nə alsan, bolluq içində al, şəriksiz və şübhəsiz olmayan torpaq tapsan, şəriklə və şübhəli torpaq alma, torpağın xətərsiz bir dövlət olduğunu bil”.

“Ey oğul, at alanda çalış səhv etməyəsən. Adamın və atın mahiyyəti eynidir. Yaxşı adama və yaxşı ata nə qədər qiymət qoysan layiqdir.

Atın necəliyini bilməzdən əvvəl onun görünüşünə bax. Xasiyyətdə səhv etmək mümkün olsa, görünüşdə etməzlər, yaraşıqlı atların əksəriyyətinin xasiyyəti də yaxşı olar”.

“Ey oğul, öz hörmətini qoru, mal şirin olsa da, onu arvad-uşağına əsirgəmə. Lakin arvadı yaxşı saxla, övladı üzüyola, mehriban tərbiyə et”.

“Arvad alanda malına görə alma, çox gözəlini də axtarma, gözəlliyə görə məşuqəni seçərlər. Arvad ismətli, namuslu, evdar, dindar, ərini sevən, həyalı, başı aşağı, üzüyola, əli düz, malyığan olmalıdır.

Arvad mehriban, ürəyə yatan, gözəl olsa da, o saat özünü arvadın ixtiyarına verib, onun əmrlərinə tabe olma”.

“Özündən daha adlı-sanlı arvad alma. Bakirə qız varkən ər görmüşə meyl salma”.

“Qızını kifir adama vermə. O qız çirkinə könül verməz, sən də rüsvay olarsan, əri də. Kürəkən həm dövlətdə, həm şöhrətdə səndən aşağı olmalıdır ki, səninlə fəxr etsin, sən onunla yox, belə olan halda qızın da rahat yaşayar”.

“Ey oğul, insan nə qədər sağdır, onun dosta ehtiyacı vardır. Qardaşı olmayan adam dostu olmayan adamdan daha yaxşıdır”.

“Tez-tez dost dəyişdirməyə adət etmə, dostu çox olanın eyibləri örtülər, ləyaqətləri meydana çıxar. Lakin təzə dost tapanda köhnəsinə arxa çevirmə”.

“Oğluna qız alarkən və qızını ərə verərkən, çalış öz qohumlarından olmasın, qızı özgələrdən al”.

 “Dostunla düşmənlik edənlərdən də özünü qoru. Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə”.

“Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi dost tutarlar, səni yox”.

“Danlanmaq istəmirsənsə, dostların haqqını tapdalama. Deyiblər ki, iki cür adam məzəmmət edilməyə layiqdir. Bir dostların haqqını tapdalayanlar, ikincisi, yaxşı işə qiymət qoymayanlar”.

“Adamlarla orta dost ol, dostlarının çoxluğuna bel bağlama, əsl dost özünü hesab et, arxana, qarşına diqqətlə bax, dostlarının etibarlılığına ümid edib arxayınlaşma, min dostun olsa belə, hər kəs sənə özündən artıq dost ola bilməz”.

“Yoxsul olsan dövlətli dost axtarma, çünki yoxsulu heç kəs sevməz, xüsusilə dövlətlilər. Dostu özünə bab seç, varlı olsan, dövlətli dost seçə bilərsən. Lakin dostluqda möhkəm ol, onda sənin də işlərin möhkəm  olar”.

“Tamahkar dostdan qaç, onun dostluğu tamah üzündən olar, həqiqi dostluq olmaz. Kinli adamlarla dostluq etmə, kinli adam dostluğa layiq deyil, ürəyi həmişə kinlə dolu olan adamın qəlbinə dostluq daxil ola bilərmi?”

“Mümkün qədər çalış özünə düşmən qazanma, lakin düşmənin olsa, kədərlənmə, ondan da qorxma, çünki düşməni olmayan adam düşmən sevindirən olar”.

“Düşmənin səninlə işi olmayınca, sən öz düşmənliyini bildirmə, özünü əvvəldə olduğu kimi apar. Düşmənin şirin dilinə uyma, düşmən sənə şəkər versə, sən onu zəhər hesab et”.

“Güclü düşməndən özünü gözlə, ondan qorx, çünki iki adamdan qorxmaq lazımdır: biri güclü düşmən, ikincisi xain dost. Heç vaxt düşməni zəif hesab etmə, kiçik düşmənlə də böyük düşmən kimi mübarizə apar, demə ki, o, kimdir, nə edə bilər?”

“Düşmənə elə zərər vur ki, bundan özünə ziyan dəyməsin. Çalış dostlarının sayı düşmənlərindən ikiqat artıq olsun. Çox dostlu, az düşmənli ol. Min dosta ümid edib, bir düşmən qazanma və bil ki, o min dost sənin hayına qalmaz, bu bir düşmən isə vayına çıxar”.

“Kimin ayağından yapışıb yıxsan, onun əlindən tutub qaldır, çünki ipi həddindən artıq bərk dartsan qırılar. Demək, bütün işlərin əndazəsini bil”.

“İstər dostluqda, istərsə də düşmənçilikdə mötədil ol, çünki mötədillik bütün ağıllıların məcmusunun orta ağlıdır. Çalış, həsəd doğura biləcək şeyləri sənin paxıllığını çəkən adama göstərmə. Həyatları boyu sənə kin bəslərlər”.

“Hansı vəzifədə olursansa-ol, adamlarla insan kimi rəftar etməyi heç vaxt unutma, hirsləndikdə acığını boğmağı bacar, dost və düşmənlə qışqıra-qışqıra danışma, dili şirin ol, şirindilli olmaq ovsunçuluğa bərabərdir”.

“Heç vaxt ikiüzlü olma və ikiüzlü adamlardan qaç. Sözgəzdirən adamdan qorx, çünki onun bir saatda sökdüyünü bir ilə tikmək olmaz”.

“Günahkar üzr istəsə, onu qəbul et, çünki bağışlanması mümkün olmayan günah yoxdur”.

“İşin rəzil adama düşsə, özünü yazıqlar cərgəsində hesab et. Deyiblər üç adam yazıq sayılır: axmağın əli altında işləyən ağıllı, güczüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli”.

“Elmi yaxşı öyrən, öyrəndiyini isə ibrətlərlə ifadə et ki, mənasız müddəa, yersiz söz üçün xəcalət çəkməyəsən”.

“Bil, ey oğul, şah olsan, əməli saleh ol, elin qadınına, qızına göz dikmə, düz və iffətli adam ol. Hər əməlində ağlınla məsləhətləş, şahlığın əsl vəziri ağıldır, ağlın tərəddüd etdiyi yerdə tələsmə, hansı işə girişmək istəsən, oradan çıxmaq yolunu əvvəldən düşün. Axırını görmədiyin işin əvvəlini başlama, həlimliklə yerinə yetirilə bilən işi heç vaxt başqa yolla icra etmə”.

“Zülmü sevən olma. Zülm sevən şahın aqibəti fəlakətli olar. Bütün iş və sözlərə ədalət gözü ilə bax ki, hər işdə haqqı və nahaqqı görə biləsən”.

“Həmişə doğru de, lakin az danışan və az gülən ol ki, sənə tabe olanlar qudurmasınlar”.

“Oğruya rəhm etmə, qatili bağışlama, bağışlasan, qiyamətdə cəzasını çəkərsən”.

“Sən birinə iş verib, vəzifə tapşırarkən diqqətli ol, hərəyə özünə layiq iş ver, ləyaqəti olmayana vəzifə tapşırma”.

“Çalış şahlıq şərabı səni məst etməsin və altı xasiyyəti əldən vermə: zəhmətkeşlik, ədalət, səxavət, həyalılıq, mülayimlik və doğruluq”.

“Elə ki, vədi verdin, üzürlü səbəb olmadan onu pozma. Vədə xilaf çıxmaq hər kəs üçün yaxşı deyil. Padşah üçün isə çox pisdir”.

“Kimə bu üç şey verilibsə, onlar Allah-təalanın xüsusi bəndələri hesab edilməlidir: birincisi, ağıl, ikincisi, düzlük, üçüncüsü, insanlıq”.

“Qabusnamə”dən götürülmüş bu qeydlər Keykavusun nə qədər zəngin dünyagörüşə, analitik təfəkkürə malik müdrük insan olduğunu bir daha təsdiq edir.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-09-04   10607