NKPI

Maraqlı Məlumatlar

Abdullayev Elmar Şahmar oğlu

Elmar Şahmar oğlu Abdullayev 1947-ci il yanvarın 26-da Goranboy rayonunun Şəfəq kəndində anadan olmuşdur. 1964-cü ildə Şəfəq kənd orta məktəbini bitirib, həmin ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasının qiyabi şöbəsinə daxil olmuşdur.

Elmar Abdullayev 1970-1978-ci illərə qədər mühəndis, və kiçik elmi işçi kimi fəaliyyətini davam etdirmişdir. 1970-1987-ci illərdə apardığı elmi tədqiqat işlərinin əsas istiqaməti neft məhsullarından karbamidin iştirakı ilə normal parafinləri ayırmaqla mənfi 60°C-qədər donmayan yanacaqların alınması prosesi olmuşdur. Yaradılmış proses 1976-ci ildə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Sonralar E.Ş.Abdullayevin rəhbərliyi altında təkminləşdirilən bu prosesdə eyni zamanda yüksək təmizliyə malik (99,7%-ə qədər) normal parafinlərin ayrılmasına nail olunmuşdur. Təkminləşdirilmiş proses keçmiş SSRİ-nin Xalq Təsərrüfatı Nailiyyətləti Sərgisinin bürünc medalına layiq görülmüş, Bakı, Ufa, Volqoqrad, Kuybişev, Novokuybişevsk, Sızran, Quryev şəhərlərinin neftemalı zavodlarında sənaye qurğuları tikilərək işə buraxılmışdır. 1977-ci ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1978-1994-cü illərdə baş elmi işçi, 1994-cü ildən 10-il muddətinə aparıcı elmi işçi kimi işini davam etdirmişdir.

1988-ci ildən bu günə kimi E.Ş. Abdullayev öz elmi tədqiqat istiqamətini dəyişərək neftçıxarma və neftin emalı prosesləri üçün respublikamızda böyük ehtiyac duyulan kimyəvi reagentlərin yaradılması və alınma texnologiyasının işlənib hazırlanması ilə məşğuldur.

Müəlliflərindən biri olduğu “Azəri” korroziya inhibitoru MDB məkanında sənayedə geniş tətbiq olunmuşdur. 1999-cu ildə Rusiya Federasiyası Meleuz kimya zavodunda E.Ş.Abdullayevin nəzarəti altında tikilmiş, məhsuldarlığı 20 min ton olan qurğuda istehsal olunan “Azəri” inhibitoru Tümen Neft-qaz çıxarma sənayesini korroziyadan qorumaq üçün geniş miqyasda istifadə olunmağa başlanmışdır. Respublikamızda “İNKOR” MMC-də istehsal olunan “Azəri” inhibitoru isə Ukrayna, Azərbaycan və Türkmənistan neft-qaz çıxarma sənayesində istifadə olunur.

E.Ş. Abdullayevin rəhbərlik etdiyi laboratoriyada respublikamızda ilk dəfə olaraq yanğınsöndürən köpükəmələgətirici tərkib (“NKPİ-34-2”) yaradılmış və “İNKOR” MMC və “Kaspian sintez” MMC-də istehsalı təşkil edilərək yanğınsöndürmə məntəqələrinə istifadəyə verilmişdir.

Respublikanın neft emalı zavodlarında istifadə olunan qurğuları korroziyadan qorumaq üçün E.Ş.Abdullayevin iştirakı ilə “Kaspi-X”, “Kaspi-XM” korroziya inhibitorları “Bakı” ərp təmizləyici tərkibləri yaradılaraq istehsalı təşkil olunub və sənayedə müvəffəqiyyətlə tətbiq olunmaqdadır.

2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək yanacağın kimyası və texnologiyası ixtisası üzrə texnika elmləri doktoru adına layiq görülmüşdür. Dissertasiya işi Ali Atestasiya Komisiyası tərəfindən kimya sahəsində 2003-cü ilin ən yaxşı işi kimi qəbul olunmuşdur.

2004-cü ildən 2012-ci ilin fevral ayına qədər Neft və qaz çıxarma və onun emalı prosesləri üçün kimyəvi reagentlərin alınma texnologiyasının yaradılması laboratoriyasına rəhbərlik etmiş və həmin ildə NKPİ-nin baş texnoloqu vəzifəsinə təyin edilmişdir.

2015-ci ilin iyul ayından NKPİ-nin baş mühəndis vəzifəsinə təyin edilib.

Müəlliflərindən biri olduğu “Xəzər-24” deemulqatoru Respublikanın neftçıxarma və neft emalı sənayelərində 2011-ci ildə müvəffəqiyyətlə sınaqdan çıxmışdır.

E.Ş.Abdullayev bu günə kimi 149 elmi əsərin, o cümlədən 80 məqalənin (34 xaricdə çap olunub), 24 müəlliflik şəhadətnaməsi və patentin (SSRİ və RF-9, Az.Respub-14 və Avrasiya-1), iki dərsliyin və 1 monoqrafiyanın müəllifidir. Onun müəlliflik şəhadətnamələrinin və patentlərinin 14-ü artıq sənayedə tətbiq olunub.

Kimya və texnika üzrə 5 fəlsəfə doktoru hazırlamışdır. Hazırda texnika üzrə fəlsəfə doktoru işini icra edən 4 və kimya üzrə elmlər doktoru işini icra edən 2 nəfərin rəhbəri və məsləhətçisidir.

Təltiflər: 1978-ci il Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı

E.Ş.Abdullayev Neft-Kimya Prosesləri İnstitunun nəzdindəki D 01.031 Dissertasiya Şurasının üzvüdür.

Monoqrafiya: Е.Ш.Абдуллаев “Научные основы и технология процесса депарафинизации нефтепродуктов раствором карбамида в изопропиловом спирте.” Баку, ИПО “Азербайджанская Энциклопедия”, 2000г.

2017-12-11   35832