NKPI

Maraqlı Məlumatlar

GENERAL NAPOLEON VƏ ONUN TARİX DƏRSLƏRİ

 

Napoleon Bonapart 1769-cu il avqustun 15-də Korsika əyalətinin Ayaçço şəhərciyində anadan olmuşdu. Həmin vaxt onun anası Letissinin cəmi 19 yaşı var idi. Napoleon uşaqlıqdan davakar idi. Napoleonun anası əri Karlodan dünyaya səkkiz övlad bəxş etmişdi.

Ailə kasıb idi, amma ata uşaqlarının qayğısına qalırdı. O, tanışlarının köməyi ilə Napoleonu Brienndəki fransız hərbi məktəbinə qoydu. İlk dəfə evi uzun müddətə tərk edərkən Napoleonun 9 yaşı yenicə tamam olmuşdu.

Məktəbdə onun üçün heç də asan deyildi. O, demək olar ki, fransızca danışmırdı. İstənilən istehza sərt davaya çevrilmək qorxusu yaradırdı. O, cəsarətlə dalaşırdı və demək olar ki, həmişə qalib gəlirdi, bəzən, doğrudur, hiss olunacaq itki verməklə. Sonralar aydın oldu ki, bu keyfiyyət onunla həmişəlik qalmışdır.

Müəllimlərdən birinin bu arıq, cılız oğlana rəhmi gəlir və boş vaxtlarında ona fransız dili öyrədir. Artıq üç aydan sonra Napoleon fransız dilində kifayət qədər danışa bilirdi. O, ağlasığmaz sayda kitablar oxuyurdu, özü də çox sürətlə oxuyurdu və yadında saxlayırdı. Napoleon riyaziyyat və coğrafiyanı çox asanlıqla mənimsəyirdi. Qədim Roma və Qədim Yunan tarixini çox gözəl bilirdi.

Kiçik oğlanın daha bir maraq dairəsi əsgərcik oyunu idi. Kasıb olduğundan onun əsgərcikləri yox idi, onları kiçik daşlar əvəz edirdi. Kiçik daşlar sıravi, bir az böyük daşlar zabitlər, ən böyük daşlar isə generallar idi. Bir dəfə şagird yoldaşlarından biri onu bu oyun zamanı görür və ona gülür. Hirslənən Napoleon öz «ordusu»ndakı «zabit»lərdən birini götürüb sinif yoldaşına tərəf tullayır. Daş şagirdin alnına dəyir.

İyirmi beş il sonra imperator Napoleona məruzə edirlər ki, bir zabit onun qəbuluna düşmək istəyir və deyir ki, imperator onu məktəb illərindən şəxsən tanıyır. Napoleon heç vaxt onu həyatının əvvəlki illərində tanıyan adamlarla görüşdən imtina etmirdi. Çox adamın bundan xəbəri var idi və bundan istifadə edərək onun qəbuluna düşmək istəyirdilər. Napoleon adyutantına xahiş edənin adını dəqiqləşdirməyi tapşırır. Adyutant öyrənir və məlumat verir.

Napoleon başını bulayaraq yadına sala bilmədiyini deyir.

Başqası olsaydı, bununla da qəbuldan imtina edərdi, amma imperator adamlara belə yanaşmırdı.

- O adama deyin ki, bizim görüşdüyümüz hansısa bir vəziyyəti xatırlasın, - deyə imperator tapşırır.

Adyutant Napoleonun sözünü ona çatdırır.

- O, sadəcə, alnındakı çapığı mənə göstərdi! - deyə adyutant özünü itirmiş halda məruzə edir.

Napoleon gülümsəyir:

- Dəqiqdir! Mən ona general-anşef atmışdım! Tez çağırın...

Onun yumor hissi çox güclü idi.

1784-cü ildə Napoleon kursu bitirir və 15 yaşında Napoleon ilk dəfə olaraq Parisə gəlir. Napoleon məktəbə qəbul olunduqdan yarım il sonra atası Korsikada vəfat edir. Napoleon atasını sevir və ona hörmət edirdi. Çox illər sonra öz şöhrətinin zirvəsində olarkən Napoleon anası ilə söhbətində kədərlə belə demişdi: «Təəssüf ki, atam bütün bunları görmədi!..»

Atası öldükdən sonra ailə faktiki olaraq vəsaitsiz qaldı və qocalan ananın, kiçik qardaşların və bacıların bütün yükü 16 yaşlı Napoleonun üzərinə düşdü. Odur ki, bir il oxuyandan sonra subleytenant (kiçik leytenant) rütbəsi alan Napoleon inqilab bürümüş Parisi tərk edir, Fransanın cənubuna, kiçik Valense şəhərində zabit xidmətinə yollanır.

Artıq 16 yaşlı oğlan pulun çox hissəsini anasına göndərirdi. Napoleon özünə yemək üçün cüzi pul saxlayırdı. Anasının həyatını bir qədər də yüngülləşdirmək üçün Napoleon kiçik qardaşı Luini də öz yanına aparır.

İnqilabın başladığı 1789-cu ildə gənc artilleriya zabitinin polku paytaxt çaxnaşmaları ilə əlaqədar olaraq qayda-qanun yaratmaq üçün Sore şəhərciyinə göndərilir.

Həyəcanlı 1793-cü il gedir. Parisdə başlar kəsilərkən Fransanın cənubunda başqa işlər törədilir. Tulonda inqilab əleyhinə qiyam qalxır. İnqilab generalı Kartonun rəhbərliyi altında fransız ordusu Tulonu qiyamçılardan geri almağa hazırlaşır. Artilleriya kapitanı Napoleon da ora göndərilir.

Dekabrın 16-da Napoleonun artilleriyası artıq hazırlığa başlayır, dekabrın 17-də şəhərin planında Napoleonun göstərdiyi nöqtə alınır.

Dekabrın 18-də Eqiyet və Balone istehkamları alınır, 19-da respublika ordusu şəhərə daxil olur. Tulonun alınmasında alçaq boylu, arıq kapitanın rolu hamı üçün aydın idi. Və Napoleona dərhal general rütbəsi verilir. Həmin vaxt Napoleonun 24 yaşı var idi, amma zahiri görünüşcə ona 20 yaş vermək olmazdı.

Bu, onun birinci qələbəsi idi... Sonralar, tarixçilərin doğru olaraq qeyd etdikləri kimi, özünün qalibiyyətli 22 illik hakimiyyəti dövründə Napoleon, demək olar ki, döyüşlərin hamısını udmuşdu. Amma bunların hamısı Tulondan başlanmışdı...

Tulon alındıqdan sonra Oqusten Robesper Napoleona təklif edir ki, onunla birlikdə Parisə getsin və Paris qarnizonunun rəisi olsun. Parisə getməkdən imtina Napoleonu həbsdən xilas etmədi. Amma ölümdən xilas etdi.

Həbsxanadan buraxıldıqdan sonra Napoleon Parisə gedir və yeni hakimiyyətin ona hansı təyinatı verəcəyini gözləyir.

Barras xahiş edir ki, Napoleonu onun yanına dəvət etsinlər və vəziyyəti olduğu kimi ona izah edir: «Onlar bizdən 4 dəfə çoxdur və vaxt yoxdur». Barrasın Napoleona verəcəyi yeganə şey sərbəst fəaliyyətdir.

Səhər silahlı kütlə Konventə yaxınlaşır və inanmır ki, toplar xalqa atəş açacaq. Amma toplardan atəş açılır.

Təşvişə düşən qiyamçılar küçələrdə yüzlərlə qana boyanmış cəsəd qoyaraq siçovul kimi qaçırlar. Hər şey həll edilir. Axşam Barras gənc generalın əlini möhkəm sıxaraq onu bütün arxa cəbhə qoşunlarının rəhbəri təyin edir. Sonralar Napoleon bu gözəl səhər haqqında deyirdi ki, əvvəlcə atılan top güllələri həqiqi güllələr idi. Amma qiyamçılar təşvişə düşdükdən sonra atılan güllələr boş idi və qorxuducu xarakter daşıyırdı, nəticədə, qiyam yatırıldı və ölənlərin sayı az oldu.

1796-cı il martin 9-da Napoleon evlənir və iki gün sonra İtaliyaya döyüşməyə gedir.

Napoleon əvvəlcə Nissə gəlir, Napoleona verilmiş orduda kasıblıq o qədər idi ki, ayaqqabı altlığını çəkməyə kəndirlə bağlayırdı.

Belə orduda intizamdan danışmağa dəyməzdi. Əvvəlcə orduda səliqə- sahman yaratmaq, sonra vuruşmaq lazım idi.

Cəmi iki həftədə intizamı bərpa etdi, amma Napoleon gözləmədi ki, ordu lazım olan hər şeylə təmin edilsin. Qərara gəlir ki, lazım olan hər şeyi düşməndən almaq lazımdır. 1796-cı il aprelin 9-da Napoleonun ordusu Alpdan irəliləməyə başladı. Dağları uğurla keçərək Napoleon İtaliya ərazisinə keçir.

İtaliyada olduğu ilk altı gün ərzində o, altı döyüş keçirir və altısını da udur. Beləliklə, Sardinya krallığının ordusu ilə işi həll etdikdən və sülh sazişi bağladıqdan sonra Napoleon avstriyalılarla təkbətək qalır.

Napoleon növbə ilə Salo yaxınlığında, sonra Breşidə, daha sonra isə Lonato yaxınlığında Kastilono altında avstriyalıları məğlub edir.

Qeyd edək ki, həmişə Napoleonun ətrafında enerji ilə qaynayan gənclər həddən artıq olurdu. Və təkcə hərbi işdə yox. Napoleonun dövründə 29 yaşlı Mole Dövlət şurasının üzvü və dəmiryolu naziri olmuşdu.

Burada Napoleonun az məlum olan riyazi uğurlarından da danışmaq lazımdır. Öz şəxsi maraqları üçün riyaziyyatla məşğul olan Napoleon indi Napoleon teoremi adlanan teoremi sübut etmişdi. Bu teorem belədir: «İstənilən üçbucağın tərəfləri üzərində xarici bərabərtərəfli üçbucaqlar qurulmuşdur. Sübut edin ki, bu xarici üçbucaqların mərkəzləri bərabər tərəfli üçbucaq əmələ gətirir».

Napoleonun dövründə Fransada elm çiçəklənirdi. Məhz Napoleonun dövründə ölkədə peşəkar alimlər, başqa sözlə, yalnız elmlə məşğul olan və çörək pulu haqqında düşünməyən adamlar meydana gəldi. Belə ki, imperator dövlət tərəfindən alimlərə maliyyə dəstəyi haqqında qərar verdi.

Napoleon dövründə Qumboldt, Geylussak, Laplas, Kulon, Araqo, Amper, Fure, Frenel, Koşi, Puasson kimi görkəmli adamlar meydana gəldi. Onların adları ilə bağlı olan «Koşi teoremi», «Fure sırası», «Frenel zonaları», «Gey-Lussak qanunu», «Puosson paylanması» kimi məşhur ifadələr elm tarixində əbədiləşib.

Napoleon yazırdı: «Mən alimləri həvəsləndirmək üçün o alimə 60 min frank mükafat təsis edirəm ki, eksperimentlər və kəşfləri ilə elektriki və qalvanizmi Voltanın və Franklinin tədqiqatları ilə müqayisə olunan səviyyəyə qaldırsın. Xaricilər də bərabər əsaslarla müsabiqəyə buraxılmalıdır».

Misiri fəth etməyi planlaşdıran Napoleon düşünürdü ki, onun əsgərləri parlaq Afrika Günəşi şəraitində necə vuruşacaqlar. Və külli miqdarda «nil çirki» rəngli tünd eynək sifariş verdi. Beləliklə, dünyada ilk eynək sənaye partiyası dəb üçün yox, Napoleon Bonapartın sifarişi ilə hazırlanmışdı (bu sifariş 1798-ci ildə yerinə yetirilmişdi).

1804-cü ildə Napoleona məlumat verirlər ki, hansısa parisli aşbaz Fransua Apper qida məhsullannın uzunmüddət xarab olmadan saxlanmasının ağlasığmaz üsulunu tapmışdır, sadə dildə desək, konservlər kəşf etmişdir. Ordunun təchizatı həmişə ağrılı yer olmuşdur. O vaxt soyuducu yox idi, konservlər yox idi, sublimasiya kəşf olunmamışdı.

Konservləşdirmə insanlığın irəliyə doğru çox böyük kəşfi idi və bu, yalnız karavellanın (üç və ya dörd dorlu yelkənli gəmi) və barıtın kəşfi ilə müqayisə oluna bilərdi. Əbəs deyildi ki, Napoleon ordunu təmin etmək üçün konservlərin kəşfindən istifadə edərək konservlərin sənaye istehsalını təşkil edir və ixtiraçını «bəşəriyyətin xeyirxahı» adlandırır.

Ola bilsin ki, qol saatını Napoleon özü kəşf etmişdir. O vaxta qədər gəzdirilən bütün saatlar cib saatları idi. Breq şirkətinin arxivlərində saxlanılan sənədlərdə göstərilir ki, belə saatların ilk sifarişçisi məhz Napoleon Bonapart olub.

Avropada teleqrafın yayılmasında da Napoleonun xidmətləri az olmamışdir. Bu, optiki teleqraf idi. 1792-ci ildə Şapp qardaşları Konventə müraciət edirlər ki, bütün Fransanı semaforla təmin edə bilərlər. Semaforlar qüllə olub, hərəkətli plankalara malik idilər və bu plankalar yerlərini qarşılıqlı dəyişə bilirdi. Qüllələr bir-birindən görünmə məsafəsində yerləşməli idilər və gecələr onların üzərində işıq yanırdı. Teleqrafçının plankaların qarşılıqlı yer dəyişdirilməsi kod təşkil edirdi. Məlumat qüllədən qülləyə ötürülürdü.

1809-cu ilin aprelində sakitlik bilməyən avstriyalılar Bavariyanı tutaraq Münhenə yaxınlaşırlar. Bu haqda məlumat Münhendən Parisə optiki teleqraf vasitəsilə göndərilir. Bu xəbəri alan Napoleon tələsik toplanaraq ildırımsürətli yürüşlə irəli hərəkət edir və tezliklə avstriyalıların başlarının üstünü alaraq məhv edir.

Napoleon əsas diqqəti texniki yeniliklərə və dəqiq elmlərə yönəldirdi, incəsənətin və poeziyanın inkişafına bir o qədər diqqət etmirdi. Ruhən riyaziyyatçı olaraq o, əla bilirdi ki, ölkənin gücü onda deyil ki, hansısa dahi rəssam yeni əsərini çəkəcək, şair isə dahiyanə şeirlərini yazacaq. O, əla bilirdi ki, ölkənin gücü sürətli elmi tərəqqidədir. Və müasir dünyada daha çox elmi-texniki yeniliyə can atan xalq udur.

1797-ci ilin dekabrın 7-də Napoleon Parisə gələrək Fransaya sülh gətirərkən şəhər onu ağlasığmaz sevinclə qarşılamışdı.

Napoleon bilirdi ki, dənizlərin kraliçası İngiltərə ona La-Manşı döyüşə-döyüşə keçməyə imkan verməz. O, limanları yoxlayaraq bir daha əmin olur ki, Fransa donanması İngiltərə donanması ilə vuruşmaq iqtidarında deyil. Nə etməli?

Onda Misiri işğal edərik.

Ekspedisiya korpusu 30 min adamdan ibarət olmalı idi. Napoleon korpusa əsgərləri, demək olar ki, bir-bir seçirdi. O, böyük sayda əsgərləri fərdi tanıyırdı. Onun fenomenal yaddaşı həmişə və sonralar ətrafdakıları heyrətə salırdı.

Napoleon, təkcə əsgərləri yadında saxlamırdı. Məlum olduğu kimi, Misir yürüşünə onunla böyük alimlər ordusu da getmişdi ki, onların arasında, təkcə akademiklər yox, adi tələbələr də vardı. Artıq çox illər sonra Müqəddəs Yelenada məhbus olarkən Napoleon, təkcə tanınmış mütəxəssisləri yox, adi tələbələri də adbaad xatırlayırdı.

1798-ci il iyulun 2-də Napoleon İsgəndəriyyəni alır.

Sonra Napoleonun ordusu Qahirəyə yollanır. Misir piramidalarının yaxınlığında əsas döyüş baş verir və qələbə ilə nəticələnir.

Döyüşdən əvvəl Napoleon öz ordusu qarşısında çıxış edərək deyir: «Əsgərlər! Bu piramidaların zirvələrindən sizə tarixin 40 əsri baxır!» Əsgərlər təsirlənir və artıq sonrakı gün Napoleon Qahirəyə daxil olur. Az sonra isə fransız ordusu Yuxarı Misiri tutaraq Asuana yaxınlaşır. Misir üçün tarixin «frankofon» dövrü başlayır.

Əslində, Napoleonun Misirə yürüşünü elmi-hərbi ekspedisiya adlandırmaq olar. Burada heç bir şişirtmə yoxdur. Bu yürüşün elmi nəticələri hərbi-siyasi nəticələrdən yüksək oldu.

Misirdə Napoleonun söylədiyi ən məşhur ifadə «Eşşəkləri və alimləri mərkəzə!» ifadəsi idi. O bu ifadəni mamlyuklarla döyüşdən əvvəl çətin vəziyyətlərdən birində söyləmişdi. İfadə gülməli alınmışdı və odur ki, xalqın yadında qalmışdı. Amma mahiyyətcə o, olduqca səciyyəvi idi və əyani olaraq dəyərlər sistemini nümayiş etdirirdi: bütün ən əhəmiyyətliləri və zəifləri (millətin beyni və ləng hərəkətli yüklü eşşəklər) Napoleon ən təhlükəsiz yerdə öz ordusunun ortasında gizlətdi. Qoşunlarda eşşəyin nədən olması aydındır. Amma hərbi yürüşdə alim nəyə lazım idi?

Burada bir qədər geriyə qayıtmaq lazımdır, çünki Misir yürüşünün hazırlanmasında alimlər az rol oynamamışdı.

Yuxarıda qeyd etdiyimiz kimi, Robesperin tör-töküntüləri Elmlər Akademiyasını dağıtmış və alimləri sağa-sola edam etməyə başlamışdılar. 1795-ci ildə burjua Direktoriyası Akademiyanın fəaliyyətini bərpa etdi, amma başqa ad - Fransa İnstitutu adı altında.

Faktiki olaraq Fransa İnstitutu Elmlər Akademiyası funksiyasını yerinə yetirdi, odur ki, Fransa İnstitutunu Elmlar Akademiyası kimi oxuculara təqdim etmək daha doğru olar. İtaliya yürüşündən sonra vətən qarşısında xidmətlərinə görə və riyazi istedadını nəzərə alaraq general Bonapart Akademiyanın üzvü seçilir. Həm də bu, sadəcə, fəxri seçim deyildi, çünki Napoleonu siyasi və əxlaqi elmlər bölməsi yox, «tam həqiqi» fizika-riyaziyyat bölməsi mexanika bölməsində akademik seçmişdi.

Maraqlıdır ki, o, sadəcə, iştirak etmirdi, o, məruzələr edirdi. Alimlərin arasında olduğu qədər Napoleon heç yerdə özünü belə yüngül və sərbəst hiss etmirdi. Hətta Napoleon onlarla zarafatlaşırdı.

Praktik məqsədlərlə yanaşı, alimlər Misirdə sırf elmi maraqları da sınaqdan keçirirdilər. Bu, əfsanə ölkə idi ki, avropalılar çox az şey bilirdilər. Və daha çox bilmək istəyirdilər. Odur ki, Napoleon Monja elmi-ekspedisiya korpusu ideyasını verdikdə o bu ideyanı böyük sevinclə qarşıladı. Nəticədə, Napoleonla birgə yürüşə elmin ən müxtəlif sahələrindən olan böyük alimlər qrupu da yola düşmüşdü. Ekspedisiyanın tərkibinə 167 alim və incəsənət adamı daxil idi. Onların arasında botaniklər, geoloqlar, kimyaçılar, coğrafiyaçılar, mühəndislər, fiziklər, astronomlar, ədəbiyyatçılar, iqtisadçılar, şərqşünaslar, bəstəkarlar, rəssamlar var idi. Maraqlıdır ki, general Napoleon Misir xalqına bəyannaməni Milli Akademiyanın üzvü kimi imzalamışdı. Ekspedisiyanın üzvü olan alimlərdən biri Napoleon haqqında demişdi: «Elm onun həqiqi ehtirası idi».

Piramidalar yaxınlığında döyüşdən dərhal sonra Napoleon Qahirədə Elmi İnstitut yaradır və onun qarşısında məqsəd qoyur ki, bu ölkənin təbii hadisələri, sənaye fəaliyyəti və tarixi hadisələri tədqiq olunsun və öyrənilsin. 1798-ci ilin avqustun 23-də Qahirə İnstitutunun birinci iclası keçirilmişdir.

Hər şey noyabrın 9-da səhər başlayır. Zabit və generallar Napoleonun evinə gələrək öz qoşun hissələrinin ona tabe olduğunu bildirirlər. Artiq naharda Napoleonun evinin ətrafında qoşun dəstələri düzülmüşdü.

Həmin gün deputatlar özlərinin adi maneraları ilə tribunadan qışqırırdılar ki, Napoleon qəsbkardır və onu Sezar kimi kəsmək lazımdır. Saatlar gedirdi. Qaranlıq düşürdü. Deputatlar isə hakimiyyəti Bonaparta vermək fikrində deyildi.

Deputatlar özünüburaxma və ölkə üzərində hakimiyyəti üç konsula - Bonaparta, Sieysə və Roje Dukoya vermək haqqında qərar qəbul edirlər.

Napoleonun hakimiyyəti zorla ələ alması haqqında fikirlərin yanlış olduğunu göstərmək üçün qeyd edək ki, 1799-cu il oktyabrın 25-də ümumxalq səsverməsi keçirildi və fransızların 99%-i Napoleon başda olmaqla hakimiyyətin yeni konstruksiyasına səs verdi.

Hamı Napoleondan, hər şeydən əvvəl, quldurluğun kökünü kəsməyini gözləyirdi.

Napoleon əmr verir ki, quldurları əsir götürməsinlər ki, məhkəmə prosesləri uzanmasın. Onlar yerindəcə edam olunmalıdır. Həmçinin əmr verir ki, kim quldurlardan oğurluq şeyləri satın alırsa, onlara gecələməyə yer verirsə, onlarla hər hansı bir münasibətdə olursa, onlar da edam olunsun. Bununla yanaşı, polisin yerli bölmələrində banditlərin təsiri altına düşmüş korrupsioner polisləri də güllələmək əmrini vermişdi.

1800-cü ilin yazında o öz nazirlərinə əla təşkil olunmuş dövlət maşınının idarəçiliyini tapşıraraq özü Fransanı qorxudan Avropa ölkələri koalisiyası ilə döyüşə gedir.

Napoleonu inqilabın varisi kimi tanıyan Avropa öz xalqları üçün pis nümunə ola biləcəyindən qorxaraq ona yenidən müharibə təklif edir

Sonra Napoleon çar Aleksandrin 16 yaşlı bacısı Anna Pavlovna ilə ev- lənmək təklifini edir. Lakin rus çarı qızın hələ çox kiçik olmasını bəhanə edərək bu təklifdən imtina edir.

İkinci təklif Avstriyanin imperatoru Fransin qizi Mariya-Luiza üçün olur və bu təklifi sevinclə qarşilayan Avstriya dərhal razilaşir. Mariya-Luizanin həmin vaxt 19 yaşı var idi. Napoleon onu ən dərin məhəbbət və qayğı ilə əhatə edir. Qeyd edək ki, onların bir oğlu olur və doğuş çox ağır keçdiyindən Mariya-Luiza sonra ana olmaq imkanından məhrum olur.

1811-ci ilin aprelin 1-də hərbi nazir Aleksandra təklif edir ki, nə qədər ki, Napoleon Parisdədir, gözləmədən hücuma keçmək lazimdir.

1811-ci il iyunun 24-də Napoleon Nemanı keçir və düşmənə qarşı irəliləyir. Qeyd edək ki, burada da Kutuzovun qorxaqlığı özünü göstərir. O, Moskvanı müdafiəsiz qoyaraq qaçır.

Napoleon Moskvaya daxil olur. Bu vaxt əhalinin xeyli hissəsi təşviş içində şəhəri tərk edir.

Moskvaya daxil olan kimi Napoleon birinci olaraq əhaliyə müarciət edir ki, heç nədən qorxmasınlar və onları qorumağa, o cümlədən əhalini özündən olan talançılardan qorumağa söz verir.

Qeyd edək ki, Moskvanın general qubernatoru Rostopçin əmr etmişdi ki, Moskvanı yandırmağa başlasınlar. Nəticədə, şəhərin üçdə ikisi yandı.

Napoleon yandırılmış Moskvada qalmağı mənasız hesab edirdi.

1812-ci ildə güclü şaxtalar üç həftə əvvəl başladı. Napoleon Moskvadan 100000 adam çıxarmışdı, Nemanı cəmi 30000-ə yaxın adam keçmişdi.

1814-ilin yanvarında antifransız koalisiyası Reyni keçərək Fransanın hüdudlarına daxil oldular. Napoleon yenidən döyüşə başladı, sonra Ob çayını keçib körpüləri partladır və Trua şəhərini tutur. Napoleon müttəfiqlərin sülh təklifini rədd edir və onda onlar «atla gediş» edirlər. Napoleonun ardınca qaçmaq əvəzinə onlar paytaxta doğru irəliləyərək Parisi tuturlar. Parisin alınmasını eşidən Napoleon deyir: «Əla şahmat gedişi!» Bundan sonra o, on beş dəqiqə düşünür və paytaxtın azad olunmasının təxmini planını təklif edir. Lakin Parisin almmasının şokunu yaşayan marşallar onun təklifini qəbul etmirlər. Onda Napoleon bir dəqiqə susqunluqdan sonra elan edir ki, belə halda hakimiyyətdən gedəcək.

Müttəfiqlər Fransanın ən çox qorxduğunu etdilər. Onlar Burbonları hakimiyyətə qaytardılar. Onlar Napoleonun hakimiyyətindən əlçəkmə sənədini aldıqda o qədər sevindilər ki, Napoleona Aralıq dənizində Elba adalarını, Mariya-Luizaya isə şəxsən İtaliyanı idarə etməyə razılıq verdilər.

Müttəfiqlər imperator vəzifəsinə iyirmi il öncə edam olunmuş kralın qohumu Lüdovik-Stanislav-Ksaveni təyin etdilər.

1814-cü il mayın 4-də Napoleon Aralıq dənizindəki kiçik kasıb adada trapdan endi. Napoleonun həmin vaxt 40-dan bir qədər artıq yaşı var idi və o, enerji ilə qaynayırdı. İlk vaxtlar Napoleon arvadının və oğlunun adaya gəlməsini səbirsizliklə gözləyirdi. Amma müttəfiqlər onu bu imkandan məhrum etdilər. Onlar Mariya-Luizani oğlu ilə birlikdə Vyanaya, atasının yanına göndərirlər, ona deyirlər ki, evə getmək sürgün deməkdir və o heç vaxt ərini, oğlu isə atasını görməyəcək.

Artıq heç nə Napoleonu adada saxlaya bilməzdi. 1815-ci il martın 1-də bir neçə gəmicikdən ibarət olan kiçik flotiliya Fransanin cənub sahilində Juan buxtasında lövbər salir.

Napoleon Parisə nə qədər yaxınlaşırdısa, onun qoşunu da bir o qədər artırdı.

Martın 1-də Fransa sahillərinə çıxan Napoleon martın 20-də axşam özünün Paris sarayına daxil olur. Həmin vaxta qədər XVIII Lüdovik artıq qaçmışdı.

Artıq Fransanın üzərinə 900 min süngülü ordu gəlirdi. Ölkənin «alovda yanmasını» uzatmaq və ona əzab verməmək üçün Napoleon könüllü olaraq hakimiyyətdən gedir. O getməyə də bilərdi. Çünki xalq onu sevirdi. Bir çağırışı ilə o, xalqı müdafiəyə qaldıra bilərdi. Amma bu zaman bütün ölkə cəbhəyə çevrilərdi.

Napoleon dənizə gedir. Artıq o, sərbəst idi, Amerikaya getmək və Yeni Dünyada yeni həyat başlamaq istəyirdi. Sevdiklərinin, demək olar ki, hamısı ya onu satmışdı, ya da ölmüşdü. İndi onu Avropaya heç nə bağlamırdı.

Amma onlar limandan çıxa bilmirlər. İngilis eskadrası limanı mühasirəyə alır.

İngilislər onu Atlantikadakı Müqəddəs Yelena adasına gətirirlər. Gündə 18 saat fasiləsiz işləməyə öyrəşmiş Napoleonun bədəni bu işsizlik şəraitinə dözmür.

Ömrünün son altı ilini Müqəddəs Yelena adasında saxlanılan Napoleon 1821-ci il mayin 5-də vəfat edir.

Napoleon vəsiyyət edir ki, onun cənazəsini Sen sahillərində dəfn etsinlər. Amma ingilislər Napoleonun bu xahişini nəzərə almayaraq, onu Müqəddəs Yelenada dəfn edirlər. Yalniz ölümündən 20 il sonra fransızlar çətin danışıqlardan sonra öz imperatorlarının nəşini Parisə gətirməyə nail olurlar. Napoleonun nəşinin Fransaya gətirilib dəfn edildiyi gün qar çovğunu olmasina baxmayaraq, bütün Paris fransizlarin ən dahi oğlunu son mənzilə yola salmaq üçün çıxmışdı.

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (II cid).  Bakı, “Təhsil” nəşriyyatı, 2013, 616 səh.

2015-12-26   40565