NKPI

Maraqlı Məlumatlar

Məmmədova Təranə Aslan qızı

 

Təranə Aslan qızı Məmmədova  9 sentyabr 1963 il tarixində Bakı şəhərində ziyalı  ailəsində anadan olmuşdur. 1981-cı ildə Bakı şəhəri 39 saylı orta məktəbi bitirmiş və həmin il Moskva Lomonosov adına Zərif Kimya  Texnologiyası İnstitutuna  daxil olmuşdur. 1987-ci ildə institutun mühəndis-texnoloq ixtisası üzrə  kimya-texnologiya fakultəsini bitirərək Azərbaycan Elmlər Akademiyasının Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) “Katalitik krekinq və piroliz laboratoriyasına” mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 1987-1993-ci illər ərzində həmin laboratoriyada mühəndis-texnoloq, kiçik elmi işçi, elmi işçi, vəzifəsində çalışaraq akademik M.İ Rüstəmovun bilavasitə rəhbərliyi ilə elmi tədqiqatlar aparmış və 1992-ci ildə texnika  elmləri namizədi alimlik dərəcəsi almaq üçün  “Təkrar emal benzin fraksiyalarının seolit tərkibli katalizatorun iştirakı ilə  metanolla birbaşa aşağı temperaturda kontaktı nəticəsində zənginləşmə prosesinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2002-ci ildə böyük elmi işçi, 2005-ci ildə isə aparıcı elmi işçi vəzifəsində çalışmış və 2007-ci ildən  “Neft və bitki mənşəli üzvi turşular əsasında ekoloji təhlükəsiz mühərrik yanacaqlarının və onlara olan əlavələrin alınması proseslərinin tədqiqi və işlənib hazırlanması” adlı doktorluq dissertasiyası üzrə  tədqiqatlara başlamışdır. 2011-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə T.A. Məmmədova  “dosent” elmi adına layiq görülmüşdür. 2012-ci ildə yeni yaranmış “Bərpa olunan yanacaqlar” laboratoriyasının müdiri təyin edilmişdir.

 2014-cü ildə yuxarıda adı qeyd olunmuş doktorluq dissertasiyasını  müdafiə etmiş və “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini almış və həmin ilin 17 sentyabr tarixində Neft Kimya Prosesləri İnstitutunun Elmi İşlər üzrə direktor müavini vəzifəsinə təsdiq edilmişdir.

Məmmədova Təranə Aslan qızı  AMEA akad. Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru, dosent NKPİ-nin nəzdində fəaliyyət göstərən Elmi və Müdafiə Şuralarının üzvüdür.

T.A. Məmmədovanın  apardığı elmi-tədqiqat işlərinin nəticələri 200-dən çox elmi əsərdə öz əksini tapmış, o cümlədən 1 müəlliflik şəhadətnaməsinin, 2 Azərbaycan patenti və 2 kitabın müəllifidir. Onun rəhbərliyi altında 2 namizədlik dissertasiyaları yerinə yetirilmiş və müvəffəqiyətlə müdafiə olunmuşdur. Hal-hazırda o, 5 namizədlik və üç doktorluq dissertasiyaları üzrə rəhbərlik edir.

 Təranə Aslan qızı   Məmmədova dəfələrlə Beynəlxalq simpozium və konfranslarda AMEA NKPİ-ni təmsil etmiş, “EURO-ECO-2012” Beynəlxalq simpoziumunun plenar iclasında AMEA NKPİ-də Azərbaycanın bərpa olunan xammal əsasında ekoloji təhlükəsiz avtomobil yanacaqlarının və onlara əlavələrin alınması sahəsində görülən işlərdən məruzə ilə çıxış edərək Avropa Elmi Cəmiyyətinin Reyasət Heyətinin qərarı əsasında Leybnis adına medala layiq görülmüş və “Avropanın Fəxri Alimi” diplomu ilə təltif olunmuşdur.

2016-cı  ildə T.A. Məmmədova  Tərəqqi medalı  ilə təltif edilmişdir.

2014-cü ildən pedaqoji fəaliyyətə başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neftin qazın kimyası və emal texnologiyası” kafedrasında müəllim  vəzifəsində çalışır  və həmin kafedrada  5 magistr onun rəhbərliyi altında  müvəffəqiyətlə magistr dissertasiyası müdafıə etmişdir.  

T.A. Məmmədovanın elmi fəaliyyəti  Azərbaycanın bitki resursları - pambıq, günəbaxan və qarğıdalı yağları əsasında məhsuldarlığı 720 l/s olan kavitasiya reaktorundan istifadə etməklə biodizel yanacaqlarının alınma texnologiyası və həmin yağların neft emalı zavodunun əmtəə dizel və benzin yanacaqları alınması texnoloji sxeminə birbaşa daxil edilməsi texnologiyaları işlənib-hazırlanması ilə bağlıdır. 

Azərbaycan neftlərindən ayrılan neft turşuları, bitki yağlarından ayrılan turşular və qlikollar əsasında heterogen tipli katalizatorların iştirakı ilə monoefirlərin alınması prosesinin optimal şəraiti təyin edilib və alınmış efirlər dizel yanacaqlarına resurs qənaətedici, yağlama və aşağı temperatur xassələrini yaxşılaşdıran çoxfunksiyalı əlavələr kimi tədqiq olunub. Pambıq yağının termokatalitik çevrilməsi prosesi tədqiq olunub və nəticədə C2-C4 olefinlər 65,1-78,1% küt çıxımla əldə edilib.

Vakuum qazoylunun  və onun müxtəlif  bitki  yağları ilə qarışıqlarının maqnit sahəsində aktivləşməsilə  sənaye seolittərkibli  katalizatorların  iştirakında aparılan katalitik krekinq prosesi işlənilib və  bu prosesdə dizel fraksiyasının artımı 25-23% (küt.),  xammalın çevrilmə dərinliyi 85.7% təşkil etdiyi təyin edilmişdir.

Azərbaycanın alümosilikatlar yataqlarından götürülmüş süxurlar, təbii və sintetik seolitlər,  pambıq gövdələrinin yanmasından əldə olunan aktivləşmiş kömürdən adsorbent kimi istifadə edərək müxtəlif növ dizel distillatlarının adsorbsiyalı aromatiksizləşmə prosesi işlənib-hazırlanmış və tərkibində 11% küt.-dək politsiklik aromatik karbohidrogenlər saxlayan dizel yanacaqlarının alınması üçün tövsiyyələr verilmişdir.

 

2017-12-18   35741