NKPI

Maraqlı Məlumatlar

ƏBU HƏMİD ƏL-QƏZƏLİ

Qədirbilən müasirlərinin “İnamı dirildən”, “İslamın sübutu” kimi ləqəb verdikləri Əbu Həmid əl-Qəzəli (1058-1111) təkcə islam dünyasının mənəvi irsinin ayrılmaz hissəsi deyil, həm də insanlığın özünü dərk etməsinin əsaslarından və mənbələrindən biridir. Çünki Əl-Qəzəlinin ideya təkamülü prosesində təkcə Xilafət mədəniyyətinin uğurları yox, həm də qədim intellektual adətlərin özəyi əksini tapmışdır.

Əl-Qəzəli 1058-ci ildə Xorasanın Tus şəhərində doğulmuşdur. Uşaqlıqdan atasını itirən Əl-Qəzəli qardaşı Əbül-Futuh ilə birlikdə əmisi sufi Yusif Nəssacdan ilk dərsini almış, sonra Nişapurda dövrünün tanınmış alimi Əl-Cüveynidən kəlam, fith və məntiq elmlərini öyrənmişdir. Müəllimliklə məşğul olduğu illərdə fəlsəfə ilə də maraqlanmışdır. 1095-ci ildə əvvəlcə Şamda iki il tənha həyat sürmüş və sonra Qüdsə gedərək ibadət və mütaliə ilə məşğul olmuşdur. Sonra Həcc ziyarətində olmuş və İsgəndəriyyəyə gəlmişdir.

1105-ci ildə Nişapur şəhərində bir il müəllimlik etdikdən sonra yenidən Tus şəhərinə qayıdır və ömrünün sonuna qədər tənha həyat sürür. Onun çoxlu sayda qiymətli əsəri vardır:

  1. İhyayu-ulumid-Din.
  2. Əl-Munkiz Minel-Dalal (özünün mənəvi həyatından və onun mərhələrindən yazmışdır).
  3. Məkasudul-Fəlasifə (fəlsəfənin mahiyyətini və filosofların dəlillərini açıqlayır).
  4. Məkasudul-Fəlasifə (məşşailiyi və əl-Fərabi fəlsəfəsini tənqid edir).

Onun əxlaqa və sufiliyə aid olan əsərləri də çoxdur:

  1. Əl-iqtisad fil-etiqad.
  2. İcamul-Avam ən İlmil-Kəlam.
  3. Mizanül-Əməl.
  4. Ər-Risalətül-Zudaniyyə.
  5. Mişqatul-Ənvar.
  6. Cəvahürül-Quran.
  7. Feysalu-Təfriqa.
  8. Kitabi Kimyayi Saadat.
  9. Kitabül-Erbain fi Usulid-Din.
  10. Meraricil-Qüds fi Medarici Marifetin Nəfs.

O, dini qanunvericiliyi də çox gözəl bilmişdir. Bu sahədə iki məşhur əsəri vardır:

  1. Əl-Müstəsfa min ilimil-Usul.
  2. Əl vaciz.

Əl-Qəzəli “Din haqqında elmlərin intihabı” adlı kitabında hakimiyyətin mahiyyəti barədə özünün kompleks fəlsəfəsi konsepsiyasını təklif edir, xilafətin siyasi tarixinin hadisələrinə tənqidi yanaşır və onun öz terminləri ilə desək, onları “siyasi ranqa” görə yerləşdirir. Onun fikrincə, siyasət dünyanın dayaqlarından biridir, çünki adamları sivilləşdirir və birləşdirir, onlar üçün səmərəli qaydalar müəyyən edir. Əl-Qəzəlinin fikrincə, siyasətin dörd ranqı və ya ümumi tipi vardır.

Peyğəmbərlərin siyasəti və onların hakimiyyəti aristokratiya, sadə adamlar, aydın olan hər şey üzərində olub, gizli, sirli olan üzərində deyil.

Xəlifələrin, çarların, sultanların siyasəti və onların hakimiyyəti aristokratiya, sadə adamlar, aydın olan hər şey üzərində olub, gizli, sirli olanlar üzərində deyil.

Ülamələrin siyasəti və onların hakimiyyəti aristokratlar üzərində olub, sadə adamlar üzərində deyil, gizli və sirli olanlar üzərində olub, aşkar olanlar üzərində deyil.

Təbliğatçıların siyasəti və onların hakimiyyəti aristokratlar üzərində yox, adi adamlar üzərindədir, gizlilərin üzərində yox, aşkar olanların üzərindədir”.

Əl-Qəzəlinin təbrincə, hakimiyyətin kökləri dərinliklərdə, qanadları isə göylərdədir. Bu müqayisə birliyin vacibliyini göstərir. Bu birlik dövlətin ədaləti və ictimai tarazlığı yaratmaq fəaliyyəti ilə dövlət qayğılarının əsaslarının birliyidir.

Əl-Qəzəlinin “Hökmdarlara nəsihət” kitabından bəzi qeydləri verməklə iki məqsədi qarşıya qoyduq. Birincisi, istədik ki, oxucular Əl-Qəzəli kimi dahi şəxsiyyətin həyat tərzini, fəlsəfi görüşlərini az-çox duya bilsin. İkincisi, istədik ki, onun hakimiyyət və hökmdar haqqında bu gün də öz əhəmiyyətini itirməyən fikirlərini rəhbər olmaq istəyindəki hər bir kəs öyrənsin və bundan faydalansın. XI əsrə qədər yaşamış əksər hökmdarların həyat tarixini yorulmadan öyrənmiş və təhlil etmiş Əl-Qəzəlinin nəsihət formasında söylədiyi hər bir fikir öyrənilməyə və nəzərə alınmağa layiqdir.

Əbu Həmid Məhəmməd Əl-Qəzəli ət-Tusi Səlcuqlar sülaləsinin görkəmli nümayəndələrindən olan Sultan Məhəmməd ibn Məlik Şaha müraciətində demişdir: “Dünyanın sultanı, Şərqin və Qərbin çarı, bil ki, Allah sənə həqiqi mərhəmət və çoxlu hədiyyə vermişdir. Sən bu hədiyyəyə görə Ona minnətdar olmalı və onları elan etməli, deməlisən... Sultan, bil ki, sən yaranmısan və səni Yaradan var. O, dünyanı və dünyada olanların hamısını Yaradandır. O, birdir, onun şəriki yoxdur və O, təkdir, Ona oxşar yoxdur. O, əbədilikdəndir və Onun varlığının sonu yoxdur. O, sonsuzluqla yanaşıdır, Onun varlığında fanilik (müvəqqətilik) yoxdur. Onun varlığı başlanğıcsız və sonsuzdur, vücudsuzluq Ona yaxın dura bilməz. O, öz-özünə mövcuddur, hər şey və hər kəs Ona möhtacdır, amma Onun heç nəyə və heç kimə ehtiyacı yoxdur. Onun vücudu Odur. O, hər şeyin varlığının səbəbidir.

Bil ki, Yaradan nə obraz, nə də forma deyil. O, hər hansı bir formaya köçmür, yerləşmir və O, “necə?”, “nə qədər?”, “nə?” və “nə üçün?” suallarından uzaqdır. O, ətrafda olanların heç birinə bənzəmir...”.

“... O, hər şeyə qadirdir və Onun Qüdrəti və Hakimiyyəti kamillik həddidir. Ona xəstəlik və itki yaxın düşə bilməz. O, istədiyi hər şeyi etmişdir və edir. Bütün yeddi səma və yeddi torpaq, həmçinin Taxt-tac və Səltənət Onun Qüdrətinin hakimiyyətində, Onun tabeliyində və İradəsindədir. O, hər şeyin hökmdarıdır və Onun hakimiyyətindən ayrı hakimiyyət yoxdur”.

“O, hər şeyi biləndir və Onun biliyi hər şeyi əhatə edir. Yerlə göy arasında elə bir şey yoxdur ki, Onun xəbəri olmasın, çünki hər şey Onun Biliyi vasitəsilə baş vermişdir və Onun Qüdrəti sayəsində yayılmışdır. O, hər şeydən uca, səhrada nə qədər qum, yağışda damcı, ağaclarda yarpaq sirləri olduğunu, ləçəklərin nəyin üstə əsdiyini bilir, Ona səmadakı ulduzların sayı da bəllidir”.

“... Həqiqətən də, dünyada nə mövcuddursa, Onun İradəsi və Onun İstəyi ilə mövcuddur. Hər şey – az və çox miqdarda, kiçik və ya böyük, yaxşı və pis, xeyir və zərər, inkişaf və azalma, sakitlik və yorğunluq, sağlamlıq və xəstəlik – hər şey Onun yaratma qaydası ilə baş verir, Onun istəyinə tabedir və Onun istehsalına uyğun baş verir...”.

“... O, eşidilən hər şeyi eşidir. O, görünən hər şeyi görür. Onun eşitməsi üçün yaxın da, uzaq da eynidir”.

“...”Quran”, “Tövrat”, “Zəbur” və digər dini kitablar Onun Sözləridir, Onun Nitqidir – Onun Keyfiyyətidir, Onun Keyfiyyətləri əbədidir, yox olmayandır”.

“... Bu dünyada nə varsa, O, yaratmışdır, O, vahid yaradandır. Və baxmayaraq ki, O, çətinliklər, qorxu, kasıblıq, xəstəliklər, ədəbsizlik yaratmışdır – O, haqlıdır. Onun etdiklərində ədalətsizlik ola bilməz, çünki ədalətsiz o adamdır ki, ona aid olmayana sahib çıxır”.

Ədalətliliyin və düzlüyün əsasları:

Birinci əsas.   “Sən hakimiyyətin əhəmiyyətini bilməli və onun təhlükəsini başa düşməlisən. Həqiqətən hakimiyyəti ifadə etmək istedaddır. Kim ki, onu düzgün və tam istifadə edir, ona hüdudsuz xoşbəxtlik nəsib olacaqdır və bundan savayı xoşbəxtlik yoxdur; kim ki, bunu edə bilmədi, o, bədbəxtliyə düçardır. Allahsızlıqdan qorxulu bədbəxtlik yoxdur”.

“...Hörmətli sultan, bil ki, hakimiyyətin təhlükəsi olduqca böyükdür, onun bəlaları olduqca çoxdur və bu, uzun söhbətdir. Hökmdar yalnız din alimləri ilə yaxınlaşmaqla xilas ola bilər, çünki onlar hökmdara ədalət yollarını öyrədib, onun vəziyyətinin təhlükəliliyini azaldırlar”.

İkinci əsas.   Sən hər zaman belə alimlərə yaxınlaşmalı və onların nəsihətlərinə qulaq asmalısan. Bu dünyadakı həyatın ləzzətinə can atan alimlərin varislərindən özünü qoru, onlar səni tərifləyir, aldadır və çalışırlar ki, sən onlardan razı qalasan.

Üçüncü əsas. Özünü ədalətsizlikdən qorumaqla öz xidmətçilərini, sərdarlarını və müavinlərini tərbiyə etməklə kifayətlənmə və imkan vermə ki, onlar ədalətsizliyə yol versinlər. Çünki sən öz ədalətsizliyinlə yanaşı, onların ədalətsizliyinə görə də cavab verməli olacaqsan.

O adam ağıllıdır ki, hər şeyə hərtərəfli baxır və onların xarici görünüşünə aldanmır. Biz bu işlərin mahiyyətini göstərdik və izah etdik; kim buna inanmadısa – ağılsızdır. Ağılsız bir kəs ədalətli ola bilməz və onun yeri cəhənnəmdir. Bu səbəbdən də istənilən xoşbəxtliyin əsası ağıldır.

Dördüncü əsas.  Hökmdarlar, əsasən təkəbbürlü olur və təkəbbürlükdən qisas və qəzəbə aparan narazılıq baş verir. Qəzəb isə ağlın şeytanı, onun düşməni və bəlasıdır. Əgər qəzəb üstünlük təşkil edirsə, onda sən işlərində mərhəmətli olmağa çalışmalısan, səxavətli və bağışlayan olmağı öyrənməlisən; bu, vərdişə çevrildiyi zaman sən peyğəmbərlərə və Allahın dostlarına bənzəyəcəksən. Əgər qəzəbin aşıb- daşması səndə vərdiş olacaqsa, onda sən heyvanlara və vəhşilərə bənzər olacaqsan.

Beşinci əsas.  Sənə təqdim olunan hər bir işdə hesab et ki, sənə tabe olanlardan birisən, hökmdar kimsə başqasıdır. Özünə rəva bilmədiklərini digər müsəlmanlara rəva görmə. Əgər sən onlara qarşı bunu etsən, onda sən öz təbəələrini satmış və aldatmış olursan.

Altıncı əsas.   Ehtiyacı olanlara və sənin qapında duranlara etinasız yanaşma. Bu təhlükədən özünü qoru. Sənə ehtiyacı olan müsəlmanların sayı nə qədər çox olsa da, əlavə səcdə qılmaları xatirinə onların ehtiyaclarını ödəmək işindən imtina etmə, çünki müsəlmanlara kömək etmək əlavə səcdələrdən yaxşıdır.

Yeddinci əsas.  Həqiqətən də, sən bəzəkli paltarlar geyinmək və dadlı yeməyə, sevgi kimi kəsilməyən istəklərə özünü öyrətməməlisən, amma həmişə həddi gözləməlisən, çünki həddi gözləmədən ədalət olmaz.

Səkkizinci əsas.  Əgər həqiqətən də, incə və yumşaq hərəkət edə bilirsənsə, sərt və kəskin hərəkət etmə.

Doqquzuncu əsas. Sən çalışmalısan ki, dini qanunlara riayət etdiyin üçün sənə tabe olanların hamısı səni sevsin. Hökmdar onun qəbuluna düşən və onu tərifləyənlərə aldanmamalı və fikirləşməməlidir ki, onun təbəələrinin hamısı ondan razıdır, çünki kim ki, onu bol-bol tərifləyir, ondan qorxduğu üçün edir.

Onuncu əsas. Sən dini qanunları pozmaqla, kimliyindən asılı olmayaraq hər hansı bir adamı razı salmağa çalışma, çünki kim ki, dünyanın rifahı naminə Allahın qəzəbinə tuş gəlir, onun yeri cəhənnəmdir.

Qeyd edək ki, Əl-Qəzəli ağlın və ağıllı insanların məziyyətləri haqqında da diqqətəlayiq fikirlər yazmışdır. Onlardan faydalanmaq vacibdir, xüsusən də gənclər üçün.

Əl-Qəzəli yazmışdır: “Bil ki, Böyük Allah ağlı kamil yaratmışdır və ona demişdir: “Yaxınlaş” və o, yaxınlaşdı. Sonra ona dedi: “Geri çəkil” və o, geri çəkildi. Və Allah dedi: “Öz gücümə və Öz Böyüklüyümə and içirəm ki, Mən, səndən ali heç nə yaratmadım. Sənin köməyinlə Mən alıram, sənin köməyinlə verirəm, sənin köməyinlə Mən mühakimə edirəm, sənin köməyinlə Mən cəza verirəm”.

Əl-Qəzəlinin naməlum müdriklərin dili ilə dediklərini onun öz kəlamları kimi qəbul etmək olar. Ümumiyyətlə, onun “Hökmdarlara nəsihət” kitabında apardığı təhlillər, gəldiyi nəticələr, kəlam və fikirləri, əslində onun həyata baxışının inikasıdır. Bütün əsər boyu alimə, biliyə, ağla, səxavətə, mərhəmətə, səbirliliyə, barışa, ədalətə, düzlüyə, sədaqətə çağırış onun, həqiqətən də, müdrik, dahi filosof olduğunu göstərir. Əsərdə tarixi faktlara yerli-yerində istinad müəllifin fikirlərinin vacibliyinin təsdiqidir. Onun fikrincə, hər kəsin mənəvi ucalığı yuxarıda qeyd edilən keyfiyyətlərlə bağlıdır.

Dahi Əl-Qəzəlinin ruhu şad olsun, qəbri nurla dolsun. O, Allahı sevən idi və Allahın sevdiyi olaraq da qəlblərdə yaşayır. O, müdriklik, alilik zirvəsidir. Alilər heç vaxt unudulmur, tarixin yaddaşında gələcəyə gedir. Ölümsüzlük alilərə, müdriklərə xasdır.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-09-04   10454