NKPI

Интересные Факты

NƏSRƏDDİN TUSİ – DAHİ ASTRONOM, RİYAZİYYATÇI, XIII ƏSRİN ƏN BÖYÜK ALİMİ

 

Nəsrəddin Tusi 1201-ci il fevralın 18-də Tus şəhərində anadan olub.

Nəsrəddin Tusi dövrünün tanınmış və savadlı adamı – Firuzşah Cehrudi ləqəbi ilə tanınan Məhəmməd bin Həsən Tusinin oğludur.

Nəsrəddin Tusinin ilk şəriət müəllimi öz atası olmuşdur. O, ilk elmi təhsilini, həm də dayısı Nəsrəddin Əli Məhəmməd Şaidən (rasional elmlər üzrə) və atasının əmisi Nəsrəddin Abdullah ibn Həmzədən (müsəlman hüququ, hədislər üzrə) almışdır.

Atası vəfat etdikdən sonra Nəsrəddin Tusi onun vəsiyyətinə sadiq qalaraq elm yolunu seçir və kamillik zirvəsinə çatmaq üçün səyahətlərə çıxır, rast gəldiyi ustadlardan öyrənməyə çalışır. Bu haqda o, belə yazmışdı: “Mən də atamın vəsiyyətinə əməl edərək  səyahətə çıxdım. Hər fənn üzrə hansı bir ustada rast gəlirdimsə, ondan istifadə edərdim. Lakin daxilən meylim və marağıım həqiqəti batildən təmizləmək olduğundan hikmət və kəlam kimi elmlərin mahiyyətinə varmaq istəyirdim.”

Onun arzusu yeni müəllimlər tapmaq, daha çox elm öyrənmək idi və bu məqsədlə də Nişabura gəlir. Burada onun müəllimləri İmam Siracəddin Qəməri, Qütbəddin Sərəxsi və Fəridəddin Damad idi. Nəsrəddin Tusinin Nişaburda təhsil almasında, elmə dərindən yiyələnməsində məşhur alim Əl-Əttar, Əl-Rif ləqəbləri ilə tanınan Şeyx Əttarın da böyük xidməti olmuşdur. Nişaburdan sonra Qama gələn Nəsrəddin Tusi dövrünün çox görkəmli alimi Əbu-s-Səadət İsfahanidən dərs alır.

1924-cü ildə Nəsrəddin Tusi Kühistana gəlir. Kühistan vilayətinin hökmdarı, alim və filosof Əbülfəth Əli Şəhabəddin Mənsur onun alimliyini, istedadını, uzaqgörənliyini çox yüksək qiymətləndirirdi, bir sıra mühüm dövlət məsələlərinin həlli zamanı onunla məsləhətləşirdi. Nəsrəddin Əbülfəth Əbi Şəhabəddinin İslamı müdafiə etməsi, ismaililər təriqətinə qarşı mübarizəsi və öz ətrafına İslam tərəfdarlarını cəmləşdirməsi ismaililərin qəti narazılığına və etirazına səbəb oldu. İsmaililərin başçıları Əlamut qalasına məktub göndərib bildirmişdilər ki, əgər Şəhabəddinin İslam tərəfdarlarına olan bu rəğbəti davam etdirsə, ismaililər dövlətinin bütün əmlakı müsəlmanlara bağışlanacaqdır. Bu məsələdə ismaililər əsas günahı Şəhabəddinin yaxın məsləhətçisi Nəsrəddin Tusidə görürdülər. Beləliklə, Şəhabəddin hökmdarlıqdan uzaqlaşdırıldı və Nəsrəddin Tusi Əlamut qalasında zindana salındı və bununla da Tusinin 20 illik zindan həyatı başlandı. Bir şey Nəsrəddin Tusini yaşatmağa, zindan həyatına dözməyə imkan yaradırdı. Bu da Əlamut qalasında olan zəngin kitabxanadan istifadə etməsinə icazə verilməsi idi. Tale elə gətirdi ki, sonsuz istilalar və yürüşlər keçirən monqolar Əlamutu aldılar.

Aldığı ölkələrdə ağlasığmaz vəhşiliklər törədən monqollar Nəsrəddin Tusini öldürmürlər. Əlamut zindanında olduğu illərdə Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” kimi möhtəşəm əsərini yazır. Eyni zamanda onun “Şərh ül-işarət”, “Təhrir məcəsti”, “Təhrir-i Eqlidis” əsərləri də zindan həyatı dövründə yazılıb. 1256-cı il noyabrın 20-də Nəsrəddin Tusi Hülaki xanın hökmü ilə Əlamut qalasından azad olunur. Monqollar Nəsrəddin Tusini zindandan xilas etsələr də, o, xalqının halına yanırdı, məğrurluğunu itirməmişdi, 20 illik zindan onu sarsıtmamışdı. Nəsrəddin Tusinin dərin və uzaqgörənliyinə, müdrikliyinə çoxdan bələd olan Hülaki xan onu yanına dəvət etdi və xahiş etdi ki, alim onu tərk etməsin və xanın məsləhətçisi kimi onun yanında qalsın, alim də buna razılıq verdi. O bilirdi ki, Hülaki xanın hücumları davam edəcək. Belə hücumların birində Hülaki Bağdadı darmadağın etdi. Nəsrəddin Tusi Hülaki xanın razılığı ilə Bağdadda qaldı. Nəsrəddin Tusi Bağdadda Hülaki xanın razılığını almışdı ki, Marağa rəsədxanası tikilsin, kitabxanalardan oğurlanmış kitablar tapılıb Marağaya qaytarılsın, görkəmli alimlər Marağada işləməyə dəvət olunsun. 1259-cu ildə Marağa Hülaki dövlətinin paytaxtı oldu. Qeyd edək ki, rəsədxananın məhz Marağada tikilməsi bir neçə əlverişli səbəblə bağlı idi. Marağa dəniz səviyyəsindən 1113 metr hündürdə yerləşir, şəhərdə ildə cəmi 53 gün yağış yağır, səma daim açıq və buludsuz olurdu. Rəsədxananın tikinti layihələri bilavasitə Nəsrəddin Tusinin rəhbərliyi ilə işlənib hazırlanırdı. Tusi görkəmli alimlərdən ibarət elmi mərkəz yaratmışdı.

Səmanı, kainatı, səma cisimlərini öyrənmək üçün tikilmiş Marağa rəsədxana kompleksi, əslində böyük tədqiqat mərkəzi idi. Bu kompleks 16 əsas və köməkçi binalardan ibarət olmuş, binaların 7-i isə dairəvi formada tikilmişdi. Onların ortasında isə rəsədxananın əsas qülləsi ucalırdı. Qüllənin daxili diametri 22 metr idi.

Nəsrəddin Tusi, əslində Marağada böyük elmi-tədqiqat mərkəzi yaratmışdı və eyni zamanda dünyanın məşhur alimlərinin, xüsusən də yunan alimlərinin əsərlərini tərcümə etmək üçün özünün rəhbərlik etdiyi tərcümə mərkəzini də təşkil etmişdi. 1259-cu ildə tikintisinə başlanan Marağa rəsədxanası 1271-ci ildə tam fəaliyyətə başladı. Rəsədxanada səmanı və kainatı tədqiq etmək üçün çoxlu astronomik cihazlar var idi. Onların bir qismi rəsədxana alimləri tərəfindən ixtira olunmuş, digərləri xarici ölkələrdən alınmışdı. Marağa rəsədxanasında 1273-cü ildə hazırlanan ulduz qlobusu indi Almaniyanın Drezden şəhərindəki rəsm qalereyasının riyaziyyat-fizika salonunda nümayiş etdirilir. Nəsrəddin Tusi Marağa rəsədxanasında astronomiyaya aid iki möhtəşəm tədqiqat əsərini tamamlamışdı: “Zic-i Elxanı” və “Astronomiya və astrologiya haqqında otuz fəsil”.

“Zic-i Elxanı” dörd kitabdan ibarətdir. Birinci kitabda Çin, uyğur, yəhudi və ərəb təqvimlərinin əsasları və bir təqvimdən digərinə keçmək üsulları şərh olunub; ikinci kitabda planetlərin və Günəşin hərəkətləri təsvir olunub, Günəş diski mərkəzinin Marağa meridianında həqiqi günorta vaxtı müəyyən tarixlərdə ekliptik uzunluğu, planetlərin orta sutkalıq hərəkətlərinin dəqiqləşdirilmiş qiymətləri verilir; üçüncü kitabda vaxtın təyini üsulu şərh olunur; dördüncü kitabda astronomiyaya aid müxtəlif məlumatlar verilmişdir. Dördüncü kitabda verilmiş məlumatlara aiddir: planetlərin müəyyən anlarda koordinat cədvəlləri, Mars, Yupiter və Saturnun geosentrik uzunluqları, bu planetlərin geosentrik  enlikləri, prossesiyanın qiyməti. Nəsrəddin Tusi dünyanın 256 şəhərinin coğrafi enlik və uzunluq koordinatlarını dəqiqləşdirməklə astronomiya elminə çox böyük töhfə vermişdi. Qeyd edək ki, Marağa rəsədxanasının zəngin kitabxanası var idi. Burada İrandan, İraqdan, Suriyadan, Misirdən gətirilmiş kitablar toplanmışdı. Kitabların ümumi sayı 400 min idi.

Rəsədxanada böyük nəzəri tədqiqatlar da aparılırdı. Bu tədqiqatlar astronomiyaya lazım olan riyazi elmlərin, ilk növbədə triqonometriya və həndəsənin inkişafına kömək edirdi.

Nəsrdəddin Tusi 30-dan artıq elmi əsər yazmışdır ki, bunların arasında “Təhrir-i Eqlides” (“Evklidin şərhi”) adlı kitabını xüsusi qeyd etmək lazımdır. Bu klassik traktat dəfələrlə görkəmli alimlərin diqqətini cəlb etmişdir. Nəsrəddin Tusinin bu əsəri ilə ilkin tanışlıq göstərir ki, o, Evklidin təklifləri üçün çoxlu yeni isbatlar vermiş və bir çox hallarda həmin təkliflər yeni nəticə və ümumiləşdirmələrlə tamamlanmışdır.

Nəsrəddin Tusi Evklidin 28-ci təklifini şərh etdikdən sonra həmin təklifə V postulatın ekvivalent olduğunu isbat edir. Nəsrəddin Tusinin bu əsəri ona görə çox böyük əhəmiyyət kəsb edir ki, burada o, ilk dəfə olaraq mütləq həndəsənin əlavə aksiomları olmadan Evklidin paralel xətlər barədə aksiomunu isbat etməyin qeyri-mümkün olması məsələsinə yaxınlaşır və Evklidin V postulatının əvəzinə başqa bir postulatın dürüst və dəqiq ifadəsini verir. Sonra həmin VI təklifə əsasən Nəsrəddin Evklidin V postulatını isbat edir.”

Həmişə ədalətin əsasını insanın təbiətində görən Nəsrəddin Tusi insanları beş sinfə bölürdü. Birinci, təbiətən xeyirxah olanlar və başqalarına xeyir verənlər. Belələri yaradılmışın məğzidir, öz zatları etibarı ilə böyük rəisliyə layiqdirlər, ona görə padşahın ən yaxın adamları bunlar olmalıdır, onlara hörmət edilməli, onlar irəli çəkilməli, böyüdülməli, təqdir və təltif edilməli, bir an belə unudulmamalıdırlar, onlara xalqın gələcək başçıları kimi baxılmalıdır. İkinci, təbiətən xeyirxah olanlar, lakin başqalarına xeyir verə bilməyənlər. Belə adamları əzizləmək, işlərində onlara kömək etmək, təbiətindəkiləri büruzə verməsinə şərait yaratmaq lazımdır. Üçüncü, təbiətən nə xeyirxah, nə də bədxah olanlar. Bunları sakit buraxmalı, xeyirxahlığa təhrik etməli, bu vasitə ilə layiq olduqları dərəcəyə çatdırmalı. Dördüncu, təbiətən bədxah olanlar, lakin başqalarına bədxahlıq edə bilməynlər. Belə adamları danlayıb məzəmmət etməli, qorxudub hədələməli, nəsihət verməli, şirnikləndirməli. Xasiyyətlərini dəyişib, xeyirxahlığa meyl etsələr, deməli, düzələcəklərinə ümid var, əks təqdirdə rəzil və bədxah olaraq qalacaqlar. Beşinci, təbiətən bədxah olanlar və başqalarına bədxahlıq edənlər. Bunlar ən rəzil, ən murdar məxluqlardır. Onların təbiəti ilahi təbiətin ziddinə olar, birinci sinfə aid olan təbiətlə əkslik təşkil edir.

Nəsrəddin Tusi natiqlik sənətinə çox böyük qiymət verirdi. Onun “Natiqlik sənəti haqqında” əsəri çox böyük əhəmiyyətə malikdir. Onun fikrincə, natiqlik sənəti elmdir. Bu sənət natiqin mənəvi, elmi imkanlarının nəticəsidir. Natiqlik diskussiyadan üstündür. Natiqlikdə müdriklik əsas rol oynayır.

Bundan başqa, Tusi sufizmə maraq göstərmişdir. Məlum olduğu kimi, sufizm – insan şəxsiyyətinin mənəvi təkamülündən keçməklə, Allahı dərk etmək haqqında təlimdir.

Təkamülün başlanğıc mərhələsi. Tusiyə görə, ətraf aləmin inkişafı haqqında nəzəriyyənin başlanğıc nöqtəsi materiyanın məhv olmaması haqqında müddəadır. Alim yazır: “Əgər hər kim diqqətli və hər şeylə maraqlanan alim gözü ilə maddələrin dəyişmə prosesinə, onların tərkibinə, çevrilmələrinə və əksliklərinə diqqət yetirərsə, onda başa düşər ki, heç bir cisim tam yox olmur. O, yalnız öz formasını, vəziyyətini, tərkibini, rəngini (və digər) keyfiyyətlərini dəyişir, mürəkkəb və ya elementar maddəyə çevrilir... Ona görə ki, maddi cisim məhv olmaq xassəsinə malik deyil”.

Bu sözlərə nüfuz edək. Mixail Lomonosovdan (1711-1765-ci illər) yüz illər öncə Tusi materiyanın saxlanması qanununu ifadə etmişdir. Tusiyə görə, təkamülün birinci mərhələsində dünya eynicinsli elementlərdən ibarət olur, hansı ki, “bir-birinə bərabərdir, onların heç biri digərini nə təkamüldə, nə də nəzəriyyələrdə üstələmir, ona görə ki, onların hamısı... eyni ilk materiya xassəsinə malikdir”.

Beləliklə, dünya təkamülə qədər Nəsrəddin Tusiyə görə eynişəkilli, bir-biri ilə eyni və nisbi sükunətdə olan ilk elementlərdən ibarətdir. Amma bu statistik dünyanın daxilində əksliklər yetişir və nəhayət: “Tarazlıq pozulur və mahiyyət fərqləri əmələ gəlir. Elementlərdən bəziləri nisbətən daha proqressiv kefiyyət əldə edir”. Tusi bu fikri ilə təkamül prosesini təbiətin inkişafının əsas vektoru kimi qəbul edir.

Dəyişkənlik təkamülün əsas hərəkətverici qüvvəsidir. Beləliklə, qeyri-üzvi dünyanın təkamülündə ilk addım atılmışdır. Tusiyə görə, əvvəlcə eynicinsli substansiya inkişaf etməyə başlayır. Həm də onlar müxtəlif istiqamətlərə və müxtəlif surətlərlə inkişaf edir. Odur ki: “Digər cisimlər üzərində o cisimlər nisbətən üstünlük əldə edir ki, onların maddələri digərlərindən daha sürətlə yeni xassələr əldə edir və daha asan dəyişkənliyə meyllidirlər” .

Beləliklə, alim təbiətin hər bir elementinə xas olan dəyişkənlik qabiliyyətini əsas götürür və qeyd edir ki, müxtəlif maddələrdə bu qabiliyyət nə qədər çox inkişaf edirsə, o, bir o qədər yüksək inkişaf pilləsinə çıxır. Tusiyə görə, elementlər bir-biri ilə özünəməxsus yarışa girir. Nəticədə, onlardan biri daha yüksək pilləyə qalxır, digəri daha az, üçüncüsü isə ümumiyyətlə, ilkin nöqtədən tərpənmir.

Bununla müəllif onu izah edir ki, təbiətdə olduqca müxtəlif inkişaf səviyyələri müşhidə olunur – ilkin elementdən (“ilkin substansiya” – N.Tusi) sonradan bitkilərə, müxtəlif heyvanlara və nəhayət, insana çevrilə bilən mürəkkəb minerallara qədər. Beləliklə, Tusi dəyişkənliyi təkamülün əsas təkanverici qüvvəsi hesab edir. Tusinin bu fikri Darvinin nəzəriyyəsinin uyğun müddəaları ilə oxşardır.

Belə dəyişkənliyin səbəbi nədir? Tusi hesab edir ki, dəyişkənlik elemetlər arasında “qarışma və qarşılıqlı təsir” nəticəsində, başqa sözlə, ətraf mühitin təsiri ilə baş verir.

Ətraf mühitə uyğunlaşma. Ardıcıl dəyişkənlik nəticəsində müxtəlif həyat formaları yaranır. Tusi onları bəsit və mürəkkəblərə, təkmil və təkmil olmayanlara bölür. Aydınlaşdırmaq vacibdir ki, mütəfəkkirdə kamillik anlayışı kifayət qədər konkret xarakter daşıyır. Tusiyə görə, kamillik (yetkinlik) nisbidir, şərtidir və müəyyən mühitin xüsusiyyətlərinə bağlıdır. Deməli, Tusiyə görə, o orqanizmlər daha kamildir ki, dəyişərək öz yaşam mühitinə uyğunlaşa bilmişdir. Bu şərtdən çıxış edərək hər bir canlı varlıq kamildir, ona görə ki, yaşamaq üçün lazım olan bütün kefiyyətlərə malikdir. Mütəfəkkir yazır: “Əgər heyvanlar və quşlar aləminə diqqətlə baxılsa, onda aydın olar ki, mübarizə və müdafiə, qidalanma və normal mövcudluq, heyvanlar nəyə ehtiyac duyurlarsa (güc, cəsarətlilik, silah) onlar lazımi həddə malikdir”.

Xarici mühitə uyğunlaşma təkcə görünüşün dəyişməsinə səbəb olmur, həm də heyvanların davranışında da dəyişmələrə səbəb olur: “Müdafiə vasitələrinə malik olmayan digər heyvanlar qaçmaqla xilas olur, müxtəlif hiyləgərliklərdən istifadə edərək qorunurlar, məsələn, ceyran və tülkü”.

Bitkilərin və heyvanların mənşəyi. Tusi canlı təbiəti üç ayrı-ayrı qrupa bölür: bitkilər, heyvanlar və insan. Bu halda Tusi onlar arasında aram, tədrici keçidləri inkar etmir: “Beləliklə, elementlər təkamül prosesində tədricən inkişaf edərək toxumlu bitkiləri və ağacları yaradırlar.O vaxtdan onlarda özünümüdafiə qüvvəsi və çoxalma qüvvəsi inkişaf edir. Bundan sonra nəcib bitkilərdə tozlayıcı erkəklər və dişilər biri-birindən fərqlənir. Sonra heyvanlara xas olan bəzi əlamətlərə malik xurma ağacı gəlir... Bu, bitkilərin təkamülünün ali nöqtəsi və eyni zamanda heyvanlara keçid pilləsidir. Bu sərhədlərin kəsişməsində heyvanlar aləminə keçid başlayır, elə aləm ki, başlanğıcı keçid bitki aləmi ilə sıx əlaqədardır. Məsələn, yer qurdları, həmçinin, bəzi həşərat və böcəklər ilin bir fəslində doğulur, digər fəslində ölür. Onların bitkilərdən üstünlüyü başadüşülmüş hərəkət, faydalı maddələri tapmaq və yemək qabiliyyətidir. Bu həddin keçidində, həmçinin, təhlükədən qorunmaq üçün “nifrət gücünə” malik heyvanlar əmələ gəlir”.

Tusi yazır: “Heyvan növləri və bitkilər arasında olduqca böyük fərqlər mövcuddur. Birinci, o görünür ki, heyvanlar aləmi daha mürəkkəbdir. Ona görə ki, heyvanlar şüur kimi qiymətli keyfiyyətə malikdir. Onlar öz şəxsi təcrübələri əsasında öyrədilməyə və öz-özünü öyrətməyə qabildir. Bunun nəticəsində də onlar doğularkən onlara xas olmayan keyfiyyətlər əldə edirlər... Necə ki, məsələn, öyrədilmiş at və ya ovçular tərəfindən ələ öyrədilmiş şahin... Bu, heyvanların inkişafının ali pilləsidir, insanın təkamülünün ilk addımları burdan başlanır”.

İnsanın mənşəyi. İnsanın mənşəyi haqqındakı məsələyə Tusi aşağıdakı kimi yanaşmışdır. Alim hesab edir ki, adamlar daha kamilləşmiş (mükəmməlləşmiş) heyvanlardan yaranmışdır və onların arasında aralıq pillələr mövcuddur. “Əxlaqi Nasir”də bu haqda aşğıdakılar deyilmişdir: “Belə adamlar (başqa sözlə, insanabənzər meymunlar – Fərid Ələkbərli) misal olaraq, Qərbi Sudanda və dünyanın başqa yerlərində ibtidai cəngəlliklər arasında yaşayırlar. Öz davranışlarına, işlərinə və hərəkətlərinə görə onlar heyvanlardan uzağa getməmişlər”.

Tusi insandan danışarkən mütləq onda bioloji və ictimai əlaqəni qeyd edir. Müəllif yazır ki, heyvandan insana keçid pilləsi təmiz biolojidən biososial mövcudluğa keçid pilləsidir. Tusi yazır: “Bu pilləyə qədər fərqlər və üstünlüklər təbii, irsi xarakter daşıyırdı. Sonrakı pillə təkmilləşmək, iradə, müşahidəçilik və ağıl ilə əlaqədardır...”

Tusi insanın heyvandan əsas fərqi haqqında danışır və hesab edir ki, “o, əmək alətləri istifadə edir”. Tusiyə görə, heyvan şüuru insan şüurundan abstraktlaşdırmağa çox və ya az qabiliyyəti ilə fərqlənir.

Sonda Tusi yazır: “Bu danışıqların, bütün bu izahatların və kəşflərin səbəbi odur ki, insan başa düşsün ki, yaranaraq o, hazırda təkamüllə inkişafın orta pilləsindədir, doğulduğu keyfiyyətlərlə daha yüksək pillədə olan heyvanlarla əlaqəlidir və yalnız öz şəxsi iradəsinin gücü ilə daha yüksək pilləyə çata bilər”.

Nəticələr: yuxarıda göstərilən faktları ümumiləşdirərək, N.Tusinin nəzəriyyəsinin mahiyyətini təkamül təlimi kimi, qısa olaraq, müəyyən edə bilərik.

  1. N.Tusi materiyanın yox olmamasını qəbul edir: “Heç bir cisim tam yox olmur. O, sadəcə formasını, vəziyyətini, tərkibini, rəngini (və digər) kefiyyətlərini dəyişir, mürəkkəb və ya elementar maddələrə çevrilir...”
  2. Canlı materiyanın cansızdan yaranması. Tusinin təkamül pilləsinin əsasında cansız elementlər durur, sonra minerallar, bitkilər, heyvanlar və insanlar gəlir.
  3. Tusi təkamülün hərəkətverici qüvvəsi kimi xarici mühütin təsirinin nəticəsi olan irsi dəyişkənliyi qəbul edir: “O cisimlər digər cisimlər üzərində nisbi üstünlüklər əldə edir ki, onların maddələri digərlərindən daha sürətlə yeni kefiyyətlər qazanır və daha asan dəyişmələrə meyillidir”.
  4. Tusiyə görə, inkişafın ümumi meyli xarici mühitə uyğunlaşmadır: ”Mübarizə və müdafiə, qidalanma və normal mövcudluq üçün heyvanlar nəyə ehtiyac duyurlarsa (güc, ya cəsarət olsun, ya silah olsun) onlara lazımi miqdarda malikdirlər”.
  5. Tusi insanı heyvan aləminin məhsulu kimi qəbul edir: “İnsan... doğulduğu kefiyyətlərinə görə daha aşağı pillədə yerləşən heyvanlarla əlaqədardır”.
  6. Tusi birbaşa yazmasa da, yaşam mübarizəsinin olduğunu qəbul edir. O, qeyd edir ki, hər bir heyvan xarici və növdaxili mübarizədə yaşamaq üçün lazım olan bütün vacib olanlara (buynuz, dırnaqlar, davranış xüsusilikləri) malikdir.
  7. Tusi təbii seçmə haqqında dəqiq heç nə qeyd edilməmişdir, görünür, o, buna böyük əhəmiyyət verməmişdir.

Yekun. Yuxarıda sadalanan faktlar təsdiq etməyə əsas verir ki, Nəsrəddin Tusi XIX əsr Avropa təkamülçülərinin bir çox ideyalarını qabaqlamışdır – Jan Batist Lamarkı (1744-1824-cü illər), hətta Çarlz Darvini (1809-1882-ci illər). Müəllifin bəzi sadəlövh fikirlərini (məsələn, xurma ağacının heyvan aləminə yaxın olması haqqında) o dövrün elmi inkişafının ümumi səviyyəsi ilə izah etmək lazımdır. Darvindən fərqli olaraq, Tusi dünya səyahətinə çıxmamış, qazıntı halında tapılan heyvanların qalıqlarını toplamamış və müqayisə etməmiş, ümumiyyətlə, təkamül nəzəriyyəsini yaratmaq fikrində olmamışdır.

Alimi təbiət elmi yox, fəlsəfi maraqlar istiqamətləndirmişdir. O, təbiət və insanın mənşəyinə aid fikirlərini qısa və kifayət qədər yığcam formada ifadə edərək, sonuncunu (insanı) daha mükəmməl və Allaha yaxın olan mövcudat kimi təqdim etmişdir.

Faktiki materialların çatışmazlığı, yunanlardan götürülmüş dedektiv dərketmə üsulu alimə öz nəzəriyyəsini tam mükəmməlləşdirməyə imkan verməmişdir.. Buna baxmayaraq, Nəsrəddin Tusinin nəzəriyyəsi – şübhəsiz ki, ətraf aləmin tədqiqində nəhəng addım idi, təbiətin təkamül ilə inkişafının elmi əsaslandırılmış nəzəriyyəsini yaratmaq üçün ilk cəhdlərdən biri idi.

Tusiyə görə, dünya məxsusi, ona xas olan qanunlarla inkişaf edirsə, onda onun nəzəriyyəsi materiyanın öz-özünə inkişafı haqqındadır. Tusi hesab edirdi ki, təbiət sərbəst inkişaf edir, baxmayaraq ki, son nəhayətdə, bu proses Allah tərəfindən istiqamətləndirilir. Təkamülçü olaraq, Tusi eyni zamanda dərin inanclı müsəlman olmuşdur. Tusinin müddəalarında bəzi ziddiyyətlər ortodoksal İslamın, həm də neoplatonizm və aristotelizmin simasında antik fəlsəfənin təsirlərinə məruz qalmış həmin dövrün dini-fəlsəfi baxışlarının estetik xarakteri ilə əlaqədardır.

 Alimə görə, insan təkamülün ali məhsuludur, amma o özünün bütün imkanlarını qurtarmamışdır. O, hesab edir ki, insan inkişafın elə pilləsindədir ki, onun sonrakı mükəmməlləşməsi bioloji inkişaf yolu ilə yox, sosial, əxlaqi və intellektual inkişaf yolu ilə getməlidir. Bu arada Tusi insanlıq üçün tükənməz imkanların olduğunu görür və həqiqətən inanır ki, haçansa, dünya daha ədalətli, insan isə daha kamil olacaq.

Dünyanın müdrik alimlərindən biri, öz xalqının və bəşəriyyətin iftixarı olan Nəsrəddin Tusi 1274-cü il iyunun 25-də vəfat etmişdir. 

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-09-04   43815