NKPI

Maraqlı Məlumatlar

ƏN DADLI RESEPTLƏR - Gavalı mürəbbəsi

Dənəsiz gavalı mürəbbəsi. (I üsul)

Hazırlıq:

Dənəsiz gavalı – 1 kq, şəkər 1.3 kq, su – 600 ml.

Hazırlanma üsulu:

Dənələri çıxarılmış gavalıları mürəbbə bişiriləcək ləyənə tökün.

Sudan və şəkərin yarısından sirop hazırlayın və onu gavalının üzərinə töküb 8 saat saxlayın. Sonra meyvələri siropdan çıxarın və onları aşsüzənin üzərinə tökün. Siropa 300 qr şəkər əlavə edib od üzərinə qoyun, qaynayana qədər qızdırın və 15 dəqiqə bişirin, sonra od üzərindən götürün, gavalıları siropun içinə tökün və yenə 8 saat saxlayın.

Sonra siropu boşaldın, ona qalan şəkəri əlavə edin, od üzərinə qoyun, qaynayana qədər qızdırın və gavalını əlavə edin. Qaynamağa başladıqdan sonra hazır olana qədər bişirin. Soyuduqdan sonra mürəbbəni quru bankalara doldurun və qapaq ilə bağlayın. 

Dənəsiz gavalı mürəbbəsi. (II üsul)

Hazırlıq:

Gavalı – 1 kq, şəkər – 1.2 kq, su – 400 ml.

Hazırlanma üsulu:

Gavalını iki yerə ayırın və dənəsini çıxarın. Sudan və 800 qr şəkərdən sirop bişirin və gavalıların üzərinə tökün. Zəif odda 5 dəqiqə bişirin (qaynamağa çatdırmayın). Sonra gavalıları od üzərindən götürüb 8-10 saat saxlayın.

Mürəbbəyə 200 qr şəkər əlavə edin və od üzərinə qoyub qaynamağa başadıqdan sonra 5 dəqiqə bişirin, sonra od üzərindən götürün, otaq temperaturunda daha 7-8 saat saxlayın.

Mürəbbənin üzərinə qalan şəkəri səpin, qaynayana qədər qızdırın və 5 dəqiqə qaynadın. Siropun gavalıya yaxşı hopması üçün ləyəni silkələyin və daha 7-8 saat saxlayın.

Həmin vaxt keçdikdən sonra ləyəni od üzərinə qoyun, qaynayana qədər qızdırın və hazır olana qədər bişirin.

Soyumuş mürəbbəni quru bankalara yığın və qapaq ilə bağlayın.

 

Dənəli gavalı mürəbbəsi.

Hazırlıq:

Gavalı – 1 kq, şəkər – 1.2 kq, su – 450 ml.

Hazırlanma üsulu:

Dənəli gavalını qaynar suya tökün və 4-5 dəqiqə pörtlədin, sonra soyuq su axınında soyudun. Sonra iti ağac çöplərlə gavalını deşdəkləyin.

Su və şəkərdən sirop hazırlayın  və onu bir neçə qat cunadan süzün, sonra onu gavalıların üzərinə töküb 6 saat saxlayın. Sonra ləyəni od üzərinə qoyub qaynayana qədər qızdırın, sonra od üzərindən götürün. 4 belə prosedur həyata keçirin. Sonuncu bişirmə mərhələsində siropun qaynama temperaturu 104-1050C-ə çatmalıdır. Qalan mürəbbəni quru bankalara yığın və metallik qapaq ilə bağlayın. 

2015-12-29   35574