NKPI

Maraqlı Məlumatlar

Müdrik kəlamlar - Nəsrəddin Tusi

Vəfat etməmişdən əvvəl dediyi sözlər onun nə qədər müdrik, iradəli və qorxmaz olduğunun təsdiqi idi.

“Dünyanın var-yoxu elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir. Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm.... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et...

- Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür...”                        

* * * * * *

Xörəyi səhhət üçün yeyərlər, kef üçün yeməzlər.

***

Paltar isti və soyuqdan qorunmaq, eyib yerləri örtmək üçün lazımdır; başqalarının tənəsinə məruz qalmamaq, məsxərəyə qoyulmamaq xatirinə daha yaxşı geyinmək olar.

***

Maddi dövlətin yanmaq, batmaq, yazıların çevrilişi, ədədlərin gərdişinə məruz qalmaq, qarət edilib oğurlanmaq qorxusu olduğu halda, mənəvi (əsl) dövlət olan hikmətin xərclənməkdən, müsadirə edilməkdən, bəlaların enməsindən, ünsürlərin hiddətlənməsindən qorxusu olmaz.

***

Xasiyyət – ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyətdir.

***

Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq.

***

Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin.

***

Dərk sürəti ona deyilir ki, nəfs yalnız öyrəniləsi şeylərə doğru yönəldilsin, mənimsəmədə “dayanmaq”, “duruxmaq” kimi “rəzilətlərə” ehtiyac qalmasın.

***

Zehin sürəti ona deyilir ki, nəfsin istedadı iztirab və təşviş keçirmədən, tərəddüdə yol vermədən istənilən məqsədə yönəldilmiş olsun.

***

Öyrənmə asanlığı (diqqət) ona deyilir ki, nəfs diqqəti nəzəri üzərində səyi artırsın, o, müxtəlif xatirələr, ümumiyyətlə, özünə aid olan məsələlərlə deyil, heç bir maneəyə baxmadan yalnız tələb edilən məsələyə yönəldilmiş olsun.

***

Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin.

***

Hafizə ona deyilir ki, ağıl, təsəvvür, təfəkkür və ya təxəyyül vasitəsilə ümumiləşdirilib yığcamlaşdırılmış anlayışlar (surətlər) yaxşı mühafizə edilib, yaxşı yadda saxlanıla bilsin.

***

Hazırcavablıq ona deyilir ki, dərk edilmiş və yadda saxlanılmış anlayışlar istənilən vaxt asanlıqla xatırlanıb deyilə bilsin.

***

Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət.

***

Nəfsin ağayanalığı ona deyilir ki, nəfs var-yoxluğa, az-çoxluğa böyük əhəmiyyət verməyə, mülayim və qeyri-mülayim işləri yola verməyi bacara.

***

Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin.

***

Alicənablıq ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya.

***

Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya.

Helm ona deyilir ki, nəfsdə həlimlik olsun, qəzəb onu tez yerindən oynada bilməsin, xoşuna gəlməyən bir hadisə baş verəndə özündən çıxıb fitnə qoparmasın.

***

Sakitlik (təmkin) ona deyilir ki, şəriətin hörmətini saxlamaq və ya qayda-qanunlarına tabe olmamaq üstündə edilən düşmənçilik və müharibələrdə nəfs boşboğazlıq və sadəlövhlüyə yol verməsin.

***

Hünər ona deyilir ki, yaxşı ad qazanmaq üçün nəfs böyük işlər görməyə həris olsun.

***

Dözümlülük ona deyilir ki, nəfs xoşagələn işlər uğrunda öz gücünü işlədib, yorulmaqdan çəkinməsin (dözsün).

***

Təvazö ona deyilir ki, özünü daha aşağı mövqedə olanlara nisbətən üstün hesab etməyəsən.

***

Qeyrət ona deyilir ki, xalqı, ya da qorunması vacib olan başqa şeyləri mühafizə etməkdə laqeydlik göstərməyəsən.

Riqqət ona deyilir ki, başqasının başına gələn bədbəxtlikdən, onun işinə dəxalət etmədən təəssüflənib, mütəəssir olasan.

***

“İffət”ə daxil olan növlərin sayı on ikidir: birinci, həya, ikinci, həlimlik, üçüncü, səmimiyyət, dördüncü, dinclik, beşinci, pəhriz, altıncı, səbir, yeddinci, qənaət, səkkizinci, vüqar, doqquzuncu, ehtiyat, onuncu, nizam, on birinci, hürriyət, on ikinci, səxavət.

***

Həya ona deyilir ki, məzəmmət edilib danlanmamaq, nalayiq hərəkətlər müqabilində utanmamaq üçün nəfs biabır işlərin qarşısını alsın.

***

Həlimlik ona deyilir ki, nəfs könüllü olaraq qaydadan kənar işlərə razılıq versin. Bunu “mülayimlik” də adlandırırlar.

Səmimiyyət ona deyilir ki, nəfs özünü təkmilləşdirərkən xoşagələn, bəyənilən, rəğbət oyandıran sədaqətli xüsusiyyətlər kəsb etsin.

***

Dinclik ona deyilir ki, Allahın sirri, ruhların mahiyyəti haqqında müxtəlif rəylər çarpışıb, zidd fikirlər mübarizə edən vaxt nəfs dinc otura, şirin dil töküb, gah o tərəf, gah bu tərəfə meyl etməyə (tərəddüdə yol verməyə).

***

Pəhriz ona deyilir ki, şəhvət cuşa gəldikdə nəfs özünü saxlayıb şəhvəti cilovlaya bilə.

***

Səbir ona deyilir ki, nəfs öz arzu və istəklərinə müqavimət göstərə bilə və ondan xoşa gəlməyən işlər baş verməyə.

***

Qənaət ona deyilir ki, nəfs yemək, içmək, geyim və başqa şeyləri asan ələ gətirdikdə də onların sərf edilməsində müəyyən hədd qoya.

***

Vüqar ona deyilir ki, nəfs müəyyən məqsədə çatmaq istədikdə təmkinli ola, boyun əyməyə, əl-ayağa düşməyə, lakin bu şərtlə ki, fürsəti də əldən verməyə.

***

Ehtiyat ona deyilir ki, nəfsi yaxşı işlər gördükdə, layiqli hərəkətlər etdikdə diqqətli ola, artıq-əskikliyə yol verməyə.

***

Nizam (səliqə) ona deyilir ki, nəfsi işləri lazım olduğu şəkildə tərtib edib nizama sala, ən əlverişli və münasib surətdə saxlamağı özünə adət edə.

***

Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin.

***

Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq.

Kərəm (kəramət) ona deyilir ki, nəfs ümumun xeyrinə olan işlər üçün asanlıqla çoxlu mal-dövlət paylaya bilsin, məsləhət olduqda miqdarını daha da artırsın.

***

Əliaçıqlıq ona deyilir ki, nəfs özünün çox ehtiyacı olduğu şeyləri asanlıqla daha çox ehtiyacı olan başqa bir adama versin.

***

Əfv ona deyilir ki, nəfs pislik üstündə veriləcək cəzanı, yaxşılıq müqabilində alınacaq mükafatı birincini verməyə qadir, ikincini almağa qüdrətli olduğu halda bağışlasın.

***

Mürüvvət ona deyilir ki, nəfs həmişə gözəl ifadə, ürərkləndirici ibarələr işlətməklə lazım olduğu qədər və ya ondan çox şey bağışlasın.

Xeyirxahlıq ona deyilir ki, xoşagələn işlərin yerinə yetirilməsindən, tərifəlayiq hərəkətlərin davam etdirilməsindən zövq alınsın, sevinc əmələ gəlsin.

***

Yardım ona deyilir ki, dost, tanış və ehtiyacı olanlara mal, dövlət, azuqə və yaşayışa lazım olan başqa şeylərdə kömək edilsin.

Pay ona deyilir ki, verilməsi məcburi olmayan şeylərdən bir hissəsini könüllü olaraq başqasına verəsən.

***

Üzüyumşaqlıq ona deyilir ki, istəmədiyi halda könüllü olaraq edilməsi vacib olmayan şeyləri edəsən.

***

Ədalətə daxil olan növlərin miqdarı on ikidir: birinci, sədaqət, ikinci, ülfət, üçüncü, vəfa, dördüncü, şəfəqqət, beşinci, rəhmdillik, altıncı, mükafat, yeddinci, ortaqlığın hüsnü, səkkizinci, hökmün hüsnü, doqquzuncu, hörmət, onuncu, təslim, on birinci, təvəkkül, on ikinci, ibarət.

***

Sədaqət ona deyilir ki, bəslənilən məhəbbət dostun bütün arzularının yerinə yetirilməsinə səbəb olsun, mümkün ola biləcək hər şey onun yolunda qurban edilsin.

***

Ülfət ona deyilir ki, öz məişətlərini təmin etmək üçün müəyyən bir dəstə həmfikir və həməqidə olub, bir-birinə kömək etsin.

***

Vəfa ona deyilir ki, yardım və kömək lazım olan yerdə heç bir şey əsirgənməsin.

***

Şəfəqqət ona deyilir ki, birinə namünasib bir iş üz verdikdə narahat olasan və onu aradan qaldırmağa çalışasan.

***

Rəhmdillik ona deyilir ki, dünyadakı xeyir işlərdə vətəndaşlara, qohum-qardaşlara, dost-aşnalara əl tutasan.

Mükafat ona deyilir ki, biri bir yaxşılıq etsə, ona müvafiq, ya da ondan da artıq yaxşılıq edilsin, pislikdə isə əksinə, daha az pislik edilsin.

***

Ortaqlığın hüsnü ona deyilir ki, alverdə, xərcdə bərabərliyə riayət edilsin, başqalarının hüququ tapdalanmasın, minnət və üzrə yer qalmasın.

***

Hörmət ona deyilir ki, öz tay-tuşunun və fəzilət sahiblərinin yerini biləsən və bununla əlaqədar olaraq, onların bütün ehtiyaclarını gülər üz, xoş sözlə yerinə yetirəsən.

***

Təslim ona deyilir ki, Allah-taalaya və ya etiraz etmək mümkün olmayan adama aid olan işə, könlün olmadığı halda razılıq verəsən, xoşhallıq və məmnuniyyətlə yerinə yetirəsən.

***

Təvəkkül ona deyilir ki, yerinə yetirilməsi insan qüdrəti və imkanı xaricində olan işlərdə, xalqın ağlı işləməyən, qəti bir fikir söyləmək mümkün olmayan hallarda tələsmə və yubanmaya, artıq və əskikliyə yol verilməsin, vəziyyəti dəyişməyə meyl göstərilməsin.

***

İbadət ona deyilir ki, öz böyük Yaradanına, Ona yaxın olanlara, məsələn, məlaikələrə, peyğəmbərlərə, imamlara, övliyalara sitayiş edib onlara şükür deyəsən, onların dediklərinə tabe olub, halal və haram haqqında şəriət sahibinin əmrlərini yerinə yetirəsən, bir sözlə, möminliyin ən yüksək dərəcəsi olan “təqva”nı özünə şüar edəsən.

Fəzilət növlərinin əhatə etdiyi anlayışlar bunlardır. Bunların bəzilərinin tərkibinə daxil olanları isə hədsiz-hüdudsuz təsəvvür etmək olar, onların bəzilərinin özünəməxsus adı var, bəzilərinin isə yoxdur...

***

İnsanlar öz həmnövlərinin hüquqlarını qorumalı, böyüklərə hörmətlə yanaşmalı, əmanətə xəyanət etməməli, müamilədə insaflı olmalıdırlar.

İnsanlar öz ata-babalarını, məsələn, adət-ənənələrini, məsləklərini, nüfuzlarını, vəziyyətlərini və sairəni qoruyub saxlamalıdırlar.

***

Ömrümüz boyu öyrəndik, axırda onu bildik ki, heç nə bilmirik.

***

Biz demişik ki, ədalət bütün fəzilətlərin yekunudur və onun yeri “ortaqlıqdır”.

***

“Elmlərin cilovunu əldən buraxmayın, elmlər şahlıq quşuna oxşarlar, bəzən başa qonarlar, bəzən başdan uçurlar”.

***

Bütün hallarda rəzilətlərdən, onunla məşğul olanlardan qaçmaq lazımdır, kiçik səhvlərə göz yummamalı, onların təkrarına qətiyyən yol verməməlidir, çünki belə kiçik qəbahətlər yavaş-yavaş böyük cinayətlərə səbəb olar.

Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər.

Əvvəllər buna oxşar hallar baş verdikdə ola bilər belə adam dözməyi lazım bilməyib istər söz, istərsə əl ilə cavabını vermiş olsun.

***

Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir.

***

Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır.

Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar.

***

Qəzəbin əlacı. “Qəzəb” nəfsin şəhvət və intiqam hissindən doğan hərəkətidir. Bu hərəkət şiddətləndikcə hirs alovlanar, qan coşar, beyin qızışar, damarlar qara dumanla dolar, ağıl başdan çıxar, şüur fəaliyyətini zəiflədər. Necə ki, filosoflar deyiblər, insanın bədəni (bu vaxt), içi od-alov və boğanaqlı tüstü ilə dolu olan, ağzından çıxan uğultu, gurultu, yanğın, his və dudadan başqa heç bir şey görünməyən köhülə oxşar, bu halda odu söndürüb qəzəbi yatırtmaq son dərəcə çətinləşər, belə yanğını söndürmək üçün nə işlətsələr, alovun güclənməsinə səbəb olar, nəsihətə  başlasalar, qəzəbi artar, sakitləşdirmək üçün hiylə işlətdikdə, od və şöləsi yuxarı qalxar. İnsanların təbiətindən asılı olaraq, bu hal onlarda müxtəlif şəkildə baş verər, eləsi var ki, kibrit kimi, qığılcımdan odlanar, eləsi olar ki, yağ kimi, alovlandırmaq üçün daha çox vasitəyə əl atmaq lazım gələr; eləcə də adam var quru ağaca oxşar, adam var yaş ağaca, od vurub alovlandırmaq çox çətin olar.

Hərəkətin başlanğıcı qəzəb dərəcələri deyilən kimidir, lakin amil ardıcıl təsir etdikdə dərəcələrin birləşməsinə səbəb olar, necə ki, balaca bir çaxmaqdan od tutmuş kiçik bir çubuqda əmələ gələn alov qalın bir meşənin, yoğun ağacların, istər yaş, istərsə quru, yanmasına səbəb olar. Şimşək və ildırımdan baş verən hadisələr haqqında da fikirləşmək lazımdır, orada da quru və yaşın bir-birinə toxunmasından ildırım və şimşəklər əmələ gəlib sıldırım dağları, sərt qayaları dağıdır. Kiçik bir sözdən qəzəbin coşması və böyük zərər vurması da buna oxşayar.

Həkim Boqratis deyir ki, mən güclü fırtınaların, dağlar qədər böyük olan dəhşətli dalğaların girdaba atdığı və ya qayaya çırpdığı gəminin xilas olmasına daha çox inanıram, nəinki ağzı köpüklənən qəzəblinin sakit olmasına; çünki dənizçilər, bəlkə, bir hiylə, çarə tapıb o gəmini xilas edərlər. Lakin aşıb-coşan qəzəbi heç bir şeylə söndürmək mümkün deyil, nə qədər çox nəsihət etsən, yalvar-yaxara başlayıb könlünü almaq istəsən, içərisində tez-tez quru təlaşa atılan oda oxşar, o qədər də çox alovlanıb özündən çıxar.

Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar.

***

Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər).

Əli Əmirəlmöminin buyurmuşdur: “Qəzəb və hirs bir növ dəlilikdir, çünki sahibini peşman edər, peşman olmasa, deməli, əsl dəlidir”.

***

Nadanlıqdan can qurtarmaq, qorxu və xofdan azad olmaq üçün alim və filosoflar böyük əziyyətlərə dözür, cismani ləzzət və istirahətdən əl çəkir, yuxusuz gecələr və ağır zəhmətlərə razı olurlar. Əsl rahatlıq bədəni ağrılardan xilas olmaq, əsl əziyyət isə cəhldir. Deməli, əsl rahatlıq elmdir. Elm adamlarının ruhi və rahatlığı elmdir, çünki dünya var-yoxu onların gözündə əhəmiyyətsiz və dəyərsiz olar. Elmə yiyələnərək əbədi səadət, həmişəlik istirahət əldə etdiklərindən tez ötüb keçən bəlalara məruz qalan, böyük baş ağrısına səbəb olan, müxtəlif qəm və kədər yaradan, təşviş və təlaş törədən dünya işlərindən əl çəkər, zəruri ehtiyacı ilə kifayətlənər, dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, bir arzuya çatdımı, başqa arzu eşqinə düşər.

***

Xoşa gələn adətlərdən biri budur ki, olana sevinəsən, itənə təəssüf etməyəsən. Belə olduqda insan həmişə şad və xoşbəxt yaşayar.

***

Doğum baş tutduqdan, uşaq doğulduqdan sonra tərbiyəsi düz olmazsa, böyüdükdə onun da zəhməti valideynin boynuna düşər. Adamlar artdıqca, yəni qadın, kişi, övladlar çoxaldıqca, bu adamların yeməklərini çatdırmaq, ehtiyaclarını ödəmək bir adam üçün çox çətin olar, köməkçilərə, xidmətçilərə ehtiyac yaranar və mənzilin rüknünü təşkil edən bu camaatın məişətini nizama salmaq məsələsi ortaya çıxar.

***

Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz,  daha bərəkətli saymaq lazımdır.

***

Evlənməyin səbəbi iki şey olmalıdır: malın mühafizəsi, nəslin davamı. Burada şəhvətin söndürülməsi, ya başqa məqsədin güdülməsi doğru olmaz.

Yaxşı arvad malda, böyüklükdə, ev dolandırmaqda kişinin şəriki olar, ər bir yerə getdikdə onun yerini tutar. Arvadın ən yaxşısı odur ki, ağıl, dəyanət, iffət, həya, ismət, riqqət və nəzakətdə, ərinin sözünə baxmaqda, fədakarlıqda, dostluqda tayı-bərabəri olmaya, qohum-əqrəbaları arasında vüqarlı, hörmətli, hümmətli hesab edilə, doğumlu ola, tərbiyə verməkdə, səliqə yaratmaqda, pul xərcləməkdə, təsərrüfatı idarə etməkdə mahirlik göstərə, qayğıkeşliyi, mehribanlığı, şux təbiəti, xoş xasiyyəti ərinin könlünü açmağa, dərdini dağıtmağa səbəb ola.

***

Qadını gözəlliyi xatirinə almaq doğru deyildir. Gözəlliklə iffət az halda bir yerdə olar, çünki gözəl qadına gözü düşən çox olar, ağıllarının zəifliyindən davam gətirə bilməyib gönü siya verərlər. Belə evlənmələrin aqibəti ya qeyrətsizliklə yaşayıb rüsvayçılıqla ölmək, hər iki dünyada biabır olmaqla, ya da mal-dövlət sərf edib müxtəlif tədbirlərə əl atmaq, qəm və kədərə batmaqla nəticələnər.

***

Zəhm ona deyərlər ki, ər lap birinci gündən arvadın gözünün odunu ala, elə edə ki, onun əmrlərini yerinə yetirməkdə, göstərişlərinə əməl etməkdə arvad heç bir səhlənkarlığa yol verməsin. Bu, ailə dolandırmağın ən böyük şərtidir. Bu şərt bir balaca da pozulsa, qadında dikbaşlıq meylləri güclənər, özbaşınalıq qapıları onun üzünə açılar, bununla kifayətlənməyib əri özünə tabe etməyə çalışar, şıltaqlıqlarını yerinə yetirməyə məcbur edər, əlində oyuncağa çevirər, sonra nə istəsə, ərinin başına o oyunu açar, onun əli ilə də öz mətləbinə çatar. Deməli, amir məmura çevrilər, rəis tabeliyə keçər, hakim məhkumluğa düşər. Bu hal və minvalın axırı hər ikisi üçün acınacaqlı olar, dedi-qodu, dava-dalaş başlayar, o qədər xoşagəlməz hadisələr, biabırçılıqlar və rüsvayçılıqlar ortaya çıxar ki, heç kəs onların qarşısını ala bilməz.

***

Kəramət ona deyərlər ki, arvadın məhəbbət və şəfəqqətini artıran şeyləri ondan əsirgəməyəsən. O, bunları itirə biləcəyindən qorxaraq, ev işlərinə diqqətini artırar, ərinin sözünə baxıb hayına qalar və beləliklə, ailədə mühribanlıq və qayda-qanun olar.

***

Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:

Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.

İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.

Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır.

***

Filosoflar deyiblər ki, yaxşı qadın ana, dost və kəniz, pis arvad isə zalım, düşmən və oğrulara oxşayar.

***

Ləyaqətli qadını ona görə anaya oxşatmışlar ki, ərinin yanında olmasını istər, səfərə gedəndə darıxar, onun arzu və istəklərini yerinə yetirmək üçün əzab-əziyyətə dözər, ana da övladı üçün belə edər.

***

Ona görə dosta oxşatmışlar ki, əri nə versə, razı qalar, vermədiyini üzürlü sayar, malını ondan əsirgəməz; ərinin danlağına dözər, eyiblərini gizlədər, onu tərifləyər, çörəyini itirməz, ərinin xoşuna gəlməyən işləri görməz.

***

Ləyaqətsiz arvadı ona görə zalıma oxşatmışlar ki, işləməyi sevməz, söyüşkən olar, qara yaxar, tez-tez özündən çıxar, ərinin nəyi bəyənib, nəyi xoşlamadığını bilməz, qulluqçu və xidmətçilərə rahatlıq verməz.

***

Ona görə düşmənə oxşatmışlar ki, ərini təhqir edər, alçaldar, dava-dalaş salar, açıqdan-açığa abrını alar, şikayət edib əleyhinə iş qaldırar, eyiblərini aləmə yayar.

***

Ona görə oğrulara oxşatmışlar ki, ərinin malına xəyanət edər, ehtiyac olmadan pul istər, var-dövlətini dağıdar, ona lazım olan şeyləri kənara paylar, zahirdə dostcasına göz yaşı axıdar, batində öz mənafeyini ərindən yüksək tutar.

***

Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir.

Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:

Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.

İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.

Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.

Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun.

Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”.

“Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər.

“Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər.

“Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər.

“Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər.

“Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar.

***

Uşaq olan kimi, ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar, övlad bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar. Sonra ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər:

Südəmər bir uşaq tutmamış maya,

Tutmayın siz, axmaq, xəstə bir dayə,

Süd ilə bədənə girərsə azar,

O, bədəndən, yalnız öləndə çıxar!

 

Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir.

***

Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər.

Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.

***

Çox yemək, çox içmək, bahalı, dəbli paltar geyməyi onun gözündən salmalı; qarınqululuq, əyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir. Başa salmaq lazımdır ki, bəzək-düzəkli paltarlar qadınlar üçündür, ağıllı kişilər, böyük adamlar həmişə sadə geyinirlər.

***

Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır.

***

Eyni zamanda, uşağı çox danlamaq, ona hər şeyi qadağan etməkdən də çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb həmin işi bir də görməyə sövq edər (insan qadağan olunmuş şeylərə həvəskar olar); nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, “qorxaq” olmadığını sübut etmək üçün bəd əməllərə başlayar, bəlkə, daha incə hiylələrə əl atar.

***

Uşağa şam xörəyini səhər yeməyindən çox vermək lazımdır. Səhər yeməyini çox yesə, yuxu basar, zehni kütləşər. Əti az yedirtsələr, çeviklik, ayıqlıq, şənlik, oynaqlıq, anlaqlıq və s. xeyri olar. Xörək arasında su içməyə icazə verilməməli, həddi-büluğa çatmamış şərab, məstedici içkilər qadağan edilməlidir, çünki bunlar onun nəfsinə və bədəninə zərər vurar, qəzəb, çılğınlıq, şəhvət və ehtirasını artırar; o, içki məclislərinə aparılmamalıdır.

***

Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir.

Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər.

Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, ymşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq.

Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz.

***

Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın.

***

Qızıl və gümüşü, pulgirliyi onun gözündən salmaq lazımdır. Qızıl və gümüşün gətirdiyi kədəri heç əfi ilan zəhəri də gətirə bilməz.

Nə vaxt oynamaq istəsə, icazə verilməlidir, lakin oyun gözəl olmalıdır, onu yorub əldən salmamalı, qanını qaraltmamalı, zehnini kütləşdirməməli, təlim-tərbiyəsini çətinləşdirmməməlidir.

***

Həkim Sokratdan soruşdular: “Sən nə üçün çox vaxt yeniyetmələrlə həmsöhbət olursan?”. Dedi: “Ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”.

***

Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurmamalı, onun danışıb qurtarmasına imkan yaratmalıdır.

***

Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan danışmamalı, sözünü mülayim səslə deməlidir.

***

Məclisdə yalan, doğru üstündə höcət etməməli, xüsusilə də böyüklər və səfehlərlə.

***

Çox yüngül yeriyib tələsməməlidir: bu, yüngüllük və yelbeyinliyə dəlalət edər; çox ağır yeriyib ləngiməməlidir: bu, kəsalət və tənbəlliyə dəlalət edər. Təkəbbürlü adamlar kimi özünü çəkə-çəkə yeriməməli, arvadlar və ədabazlar kimi özünü burcuda-burcuda irəliləməməli, əllərini yanına sıxmamalı və yellədə-yellədə getməməlidir. Bütün hallarda həddi gözləməlidir. Yeriyəndə çox o yan-bu yana baxmamalıdır, bu, gözüdağınıq, huşu yerində olmayanların işidir; həmişə başını aşağı salmamalıdır; bu, qəmli, kədərli və fikri yerində olmayanların işidir.

***

Övladın məhəbbəti atanınkından az olar, çünki o, məhsul və nəticədir, uzun müddət özünün necə əmələ gəldiyini, səbəblərinin kim olduğunu başa düşməz, nə qədər ki, ağlı bir şey kəsmir, atası sağdır, qədrini bilməz, elə ki, ağlı başına gəldi, gözü açıldı, həyatı başa düşdü, ya atası öldü, əli onun qazancından kəsildi, onun böyüklüyünü dərk edər, qəlbində ona qarşı məhəbbət əmələ gələr. Buna görədir ki, övladlara valideynləri ehsan verməyi vacib buyurublar, valideynlərə isə övladlara ehsan verməyi vəsiyyət etməmişlər.

***

Bir adama müxtəlif sənətlər tapşırılmamalıdır. Bunun üç səbəbi vardır:

Birinci, hər təbiətin bir xüsusiyyəti vardır, hər təbiət də hər işlə məşğul ola bilməz.

İkinci, bir sənət sahibi uzun müddət öz sənəti üzərində əmək sərf edib, nəzəri və əməli cəhətdən onun incəliklərinə yiyələndikdə böyük mütəxəssis olub ondan zövq alar; lakin əmək və səy müxtəlif sənətlər arasında bölündükdə hamısı bir-birinə qarışar, yarımçıq qalar.

Üçüncü, bəzi peşələr var ki, vaxtla əlaqədardır, vaxt keçdimi, o peşəyə ehtiyac olmaz; bəzən iki sənət eyni zamanda lazım olar, lakin bir-birinin ardınca icra edilər. Əgər bir adam bir neçə sənəti bilirsə, ona ən yaxşı bildiyini tapşırıb, o birilərini qadağan etmək məsləhətdir.

***

Aristatalis demişdir: “İnsanlar bütün hallarda dosta möhtacdırlar. Lakin iki halda daha çox: bolluqda – bir yerdə yeyib kef çəkmək; qıtlıqda – əlbir olub kömək etmək üçün”.

***

Əgər bütün dünya, ya dünyanın bütün nemətləri bir adama nəsib ola, lakin ondan bircə bu ünsiyyət istedadı alına, həyat ona zəhrimar olar, yaxud onun yaşaması mənasızlaşar. Kim qarşılıqlı kömək və əməyə xor baxır, onu kiçik, əhəmiyyətsiz bir şey hesab edirsə, həqiqətdə rəzil və xırda adam o özüdür. Kim belə sədaqətli köməkçilərin tez tapılacağını güman edirsə, bərk yanılır. Çünki sədaqətli adamları seçmək üçün böyük imtahanlar, sınaqlar və məhək daşlarından keçirmək lazım gəlir.

***

Bir az diqqət edilsə, naşükür adamların xasiyyətindən daha murdar xasiyyət tapmaq olmaz.

Ən yaxşı xasiyyətlər içində isə qədir bilməkdən gözəl sifət ola bilməz.

***

Dost çox olduqda, dostluq tələbatı da çox olar, birini yerinə yetirdikdə, o birini nəzərdən qaçıra bilər, ürəyinə dəyə bilərsən. Məsələn, bir dostunun sevinci ilə sevinməli olduğu halda, o birinin kədəri ilə kədərlənməli olarsan, ya birinin xahişinə görə getmək, o birininkinə görə oturmaq lazım gələr, eyni zamanda iki zidd iş mümkün olmadığından ya avara qalar, ya bir tərəfin ürəyinə toxunarsan.

***

Əsas məsələ orasındadır ki, dost olduğun adamın hayına qalıb nazını çəkəsən, şıltaqlığına dözəsən, ən kiçik haqqını belə tapdalamayasan, xeyrində, şərində iştirak edəsən, ağır gündə arxasında durasan, büdrəyəndə əlindən tutasan, yoxsulluğa düşəndə gülərüzlə, xoşsifətlə qarşılayasan, qəlbində ümid məşəli yandırasan, gözlərində sevinc atəşi alovlandırasan.

***

Sataşmaq, yalan danışmaq, ümumiyyətlə, pis şeydir, xüsusilə dostlara. Dostluqla yalan bir yerə sığmaz. Bunun səbəbi odur ki, yalan ixtilafa, ixtilaf düşmənçiliyə aparıb çıxarar, düşmənçilik isə bütün şərlərə bais olar. Əslinə qalsa, ülfət dostluq, doğruluq xatirinə yaradılmışdır.

***

Dünya malını dosta əsirgəmək, xüsusilə az tapılan şeyləri gizlədib dostu zəhmətə salmaq qəbahətdir, xüsusilə səxavətdən artan, xəsislikdən azalan bilik və sənət kimi nemətləri. Bu sahədə çəkilən zəhmət hədərə getməz, naqislik və geriliyə səbəb olmaz, birinin xeyri o birinin zərəri ilə nəticələnməz. Bu məsələnin məğzi ondadır ki, elmi gizlətmək ya savadın azadlığından, ya cahil adamlardan özünü çox üstün tutmasından, ya biliyinin aşağı düşmək qorxusundan, ya paxıllıqdan olar. Bunların hamısı məzəmmətə layiqdir.

***

Həmişə öyrən və öyrənməklə məşğul ol. Əvvəl məqsədi müəyyənləşdir, sonra elmi seç.

***

Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt.

***

Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz.

***

Nalayiq həyat keçirmə ki, nalayiq ölüm də ona əlavə edilsin.

***

Xeyirə həsr edilməmiş həyat və ölümü hədərə getmiş hesab et.

Üç şeyin haqq-hesabını özündən çəkməmiş, dincəlib yatmağa başlama: birinci, həmin gün səndən bir xəta üz verib-vermədiyini fikirləş. İkinci, sonra bir xeyir əldə edib-etmədiyini hesabla. Üçüncü, hansı işdə səhlənkarlıq edib fürsəti əldən vermədiyini yadına sal.

***

Heç kəsi qınama, dünya işinin həmişə dəyişən və çevrilən olduğunu nəzərə al.

***

Bədbəxt o adamdır ki, həyatını düşünməsin, aqibətini fikirləşməsin.

***

Xeyirxahlıq etmək üçün ehtiyacı olanların xahişini gözləmə, onlar deməmiş sən öz kömək əlini uzat.

***

Dünyanın ləzzətindən başını itirib şadlanan, ruzigarın müsibətindən ağlını çaşdırıb qəmlənən adamı hikmət sahibi hesab etmə.

***

Həmişə ölümü yadına sal və ölmüşlərdən ibrət dərsi al.

***

Dəfələrlə fikirləş, sonra dilinə gətir, dönə-dönə götür-qoy et, sonra həyata keçir, çünki şərait dəyişilə bilər.

***

Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə, sonra qəzəb vərdişə keçə bilər.

***

Bu gün sənə işi düşmüş adama köməyi sabaha qoyma, haradan bilirsən ki, sabah bir hadisə baş verməyəcəkdir.

***

Rəqiblərin sözləri və işləri sənə aydın deyilsə, onlar haqqında hökm vermə.

***

Yalnız sözdə deyil, həm də işdə hikmət sahibi ol, sözdəki hikmət bu dünyada qalar, işdəki hikmət o dünyaya çatar, əbədi yaşar.

***

Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçər, yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

***

O günü yadına sal ki, səni çağıracaqlar, eşitməyəcəksən, danışıq qabiliyyətini itirəcəksən, nə eşidəcəksən, nə danışacaqsan, nə yada sala biləcəksən.

***

Yəqin  bil, elə bir yerə gedəcəksən ki, orada nə dostu tanıyacaqsan, nə düşməni. Ona görə burada heç kəsə naqislikdə tənə vurma.

***

Onu da bil ki, böyük Yaradanın bəxş etdiyi nemətlər içərisində hikmətdən daha yaxşısı yoxdur.

***

Hikmətli o adamdır ki, onun fikri, sözü və işi bərabər və bənzər olsun.

***

Yaxşılığı mükafatlandır, pislikdən çəkin.

***

Öyrən, yadda saxla, mənasını anla.

***

Yaxşı ad qazanmaq xatirinə heç bir qanunsuzluğa yol vermə.

***

Müsbət adət-ənənələri rədd etmə. Heç bir işə vaxtı çatmamış başlama, bir işə girişəndə onu ağıllı-başlı, şüurlu şəkildə, namus, vicdanla yerinə yetir.

***

Dövlətlilikdə qudurub yan-yörəni qapma, yoxsulluqda ruhdan düşüb, yazıq-yazıq baxma.

***

Dostla elə dolan ki, hakimə düşməyəsən, düşmənlə elə davran ki, məhkəmədə üstün gələsən.

***

Heç kəslə dava-dalaş salma, hamı ilə təvazökar ol, heç yerdə təvazönü yersiz sayma. Özünə rəva bildiyin şeylər üstündə qardaşını danlama.

***

Özünü işə verməməklə şadlanma, bəxtinə bel bağlama, yaxşı işdən peşman olma, heç kəsi dolama, həmişə ədalət, doğruluq, xeyirxahlıq yolunu seç ki, səadətə çatasan. Allah qoysa, çatarsan”.

          Alimin ölüm günü onun adına deyilmiş bu sözlər dahilik zirvəsində olan Nəsrəddin Tusinin kim olduğunu aydın təsəvvür etməyə imkan verir: “Millətin və dövlətin köməkçisi”, “Ana – zaman doğmuş yeganə adam”, “Dövlətin və dinin köməkçisi”, “Fəzl ölkəsinin padşahı”, “Hünər asimanı”, “Yerin Günəşi”, “Dahi mövlanə”, “Bəşər nəslinin müəllimi”, “Müdsriklərin sultanı”, “Son dövrün ləyaqətli xadimi”, “Dövlətin əsl arxası”, “Şeyx-i Əzəm”.

          Nəsrəddin Tusinin dahi alim, filosof, mütəfəkkir olduğunu təsdiq edən ən böyük sübut onun əsərləridir. Tarixdə Nəsrəddin Tusinin əsərləri kimi tam təsdiq olunan 206 əsərin sadəcə adı onun necə məhsuldar alim olduğunu bir daha təsdiq edir.  

 

2015-09-04   11811