NKPI

Interesting Informations

Həzrəti Məhəmməd Peyğəmbərin (s.ə.s.) hikmət xəzinəsindən örnəklər

Həqiqətən, alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər dinar və dirhəm vərəsə qoymazlar. Onlar elm vərəsə qoyurlar. Kim ki ondan götürdü, zəngin bir xəzinə götürmüş olur.

***

Elm Çində olsa belə, axtarışında olun. Elm axtarışında olmaq hər bir müsəlmana fərzdir. Allah elm istəyində olanı sevir.

***

Elm axtarışında olmaq müsəlman kişi və qadına fərzdir.

***

Elm axtarışında ikən kiməsə ölüm gələrsə, islamı əhya etməkdə (dirçəltməkdə) olan peyğəmbərlərlə onun arasında eyni dərəcə vardır.

***

Yer üzündə olan alimlər göydə olan ulduzlar kimidir. Səhra və dəryanın qaranlığında onların vasitəsilə yol tapmaq olur. Əgər ulduzlar batsalar, yolçular yollarını itirərlər.

***

Qiyamət günündə alimin mürəkkəbi ilə şəhidin qanı bərabər tutular. Bunların heç biri o birindən artıq olmaz. Elm axtarışında olmaq yüz kərə qəzvədə (dini müharibədə) olmaqdan Allah üçün daha çox istəniləndir. Elm axtarışına çıxan hər kəsə cənnət müjdəsi verən bir mələk müvəkkil olur. Mirası mürəkkəb və qələm olan şəxs cənnətə daxil olar.

***

Hər kim elmi dost tutsa, cənnət ona vacib olar. Səhər-axşam Allah-təala ondan razılıq edər.

***

Elm axtarışında olana ölüm üz versə, o, bu halda şəhid kimi ölmüş olar.

***

... Bir işdə ki elmin olmadı, zənn elədin, hökm vermə.

***

O şəxslə oturub–durun ki, onun görkəmi Allah-təalanı sizin yadınıza salsın. Onun danışığı sizin biliyinizi artırsın. Onun elmi sizi axirətə rəğbətli etsin.

***

Elmin mərəzi unutmaqdır. Əhli olmayana söyləmək isə onu itirməkdir.

***

Alimin elmindən ən az istifadə edən ailə üzvləri və qonşularıdır.

***

İnsanıların qiyamət günündə ən çox həsrət çəkəni dünyada elm öyrənmək istəyib, imkan varkən öyrənməyən, öyrəndiyi elmdən eşidənlər faydalandığı halda, özü faydalanmayan kəsdir.

***

Elm Çində olsa belə, arayıb-axtarın. Çünki elm öyrənmək bütün müsalmanlara fərzdir. Həqiqətən, mələklər elm öyrənənin istəyincə olaraq qanadlarını onun üzərinə gərərlər.

***

Alimlərə hörmət edin. Çünki onlar peyğəmbərlərin varisləridir. Odur ki, onlara hörmət edən Allaha və peyğəmbərlərinə hörmət etmiş olur.

***

Ümmətimin yaxşıları (elmi ilə əməl edən) alimlər, alimlərin yaxşıları da mərhəmətli (elmləri ilə ətraflarına faydalı) olanlardır. Diqqət et, Allah-təala cahilin bir günahını bağışlamadan öncə alimin qırx günahını bağışlar. Diqqət et ki, mərhəmətli (çevrəsinə faydalı) alim qiyamət günü məhşər ortasında yeridiyi zaman nuru, parlaq ulduzun öz ətrafını aydınlaşdırdığı kimi, şərqlə qərbin arasını işıqlandırar.

***

Elm öyrənməkdə bir-biriniz ilə yarışın. Doğru sözlü kişinin sözündən öyrənilən elm dünyadan və onda olan qızıl-gümüşdən daha xeyirlidir.

***

Elm istəyən rəhmət istəyəndir; elm istəyən islamın rüknüdür. Mükafatı peyğəmbərlə bərabər verilər.

***

Elmi axtarış hər müsəlmana fərzdir. Elm öyrənən üçün, həqiqətən, hər şey, dənizdəki balıqlar belə bağışlanma dilər.

***

Elmindən istifadə edilən bir alim min abiddən daha xeyirlidir.

***

Alim və öyrənən xeyirdə otaqdırlar. Başqa insanlarda xeyir yoxdur.

***

Alim elmi ilə (və öyrətdikləri ilə yalnız) Allahın rizasını arzu edərsə, hər kəs ona hörmət edər. Əgər elmi ilə özünə bir xəzinə düzəldib sərvətini artırmaq istərsə, o, hər şeydən xoflanar.

***

Alim, elm və əməl, hər üçü də cənnətə girməyə layiqdir. Alim elmi ilə əməl etməzsə, öyrəndiyi elm və əməl cənnətlik, alim isə cəhənnəmlik olar.

***

Elm xəzinədir, açarı suallardır. Elə isə soruşun ki, Allah-təala sizə rəhm etsin. Çünki bu sorğudan dörd adam əcr qazanar: soruşan, öyrədən, dinləyən və bunlardan xoşlanan.

***

Elmi gizlədənə hər şey, hətta dənizdəki balıqlar, göydəki quşlar da lənət deyər.

***

Hər şeyə tərəf gedən bir yol vardır. Cənnətin yolu da elmdir.

***

Elmin helm (gözəl xasiyyət) ilə birləşməsindən daha fəzilətli heç bir şey başqa bir şey ilə birləşməmişdir.

***

Xeyirli işləri insanlara öyrədib özünü unudan alim insanlara işıq verib özünü yandıran çıraq kimidir.

***

Kim elmsiz fətva verərsə, yer və göy mələkləri ona lənət yağdırar.

***

Bilirsinizmi elmin aradan getməsi nə deməkdir? Dedik: “Yox”. Dedi: “Alimin aradan getməsi deməkdir”.

***

Bilirsənmi elm necə tükənir? Dedim: “Paltarın, pulun tükənməsi kimi”. Dedi: “Xeyr, bu, onlardan deyil. Elmin tükənməsi alimlərin məhvi ilə olur”.

***

Nə etmək istəyirsinizsə, öyrənəndən sonra edin. Allah sizi elmə görə mükafatlandırmayacaq, nə qədər ki, onu işlətmirsiniz.

***

Kim Allah xətrinə elmdən bir şey istərsə, Allah da ondan ona lazım olan qədər əta edər.

***

Alimin ölümü islamda bir boşluq yaradar, onu heç bir şey doldura bilməz; gecə ilə gündüzün fərqlənməsi kimi.

***

Elmin müzakirə olduğu məclis namaz məclisindən daha sevimlidir; ola bilsin ki, onlardan biri söz eşidib ondan sünnədə və ya qalan ömründə faydalansın.

***

Allah-təala elm istəyi ilə bir yol tutub gedən adamın cənnətə gedən yolunu asanlaşdırar.

***

Oğlum, həqiqətən, elm elmsiz əməldən xeyirlidir.

***

Alimin müctəhid üzərindəki üstünlüyü yüz dərəcədir. Hər dərəcə arasındakı məsafə isə ən sürətli atla beş yüz illik gedişdir.

***

Həqiqətən, mələklər öz qanadlarını elm axtarışında olanların axtarışlarından razı qalaraq üzərlərinə açarlar.

***

Elmi alimlər qarşısında lovğalanıb öyünmək, səfehlərdən şübhələnmək, insanları özünə cəlb etmək üçün arayan kəsi Allah cəhənnəmə salar.

***

Səhvlər üçün elm öyrənərək onunla işləyib sonra onu unudanı adam saymıram.

***

 

Müdriklərə yalan danışma, onlar sənə nifrət edərlər; səfehlərə də hikmət danışma, onlar səni yalançı hesab edərlər. Elmi elm əhlinə qadağan etmə, günah işlədərsən. Onu öz əhli olmayana da buraxma, cahillik etmiş olarsan. Həqiqətən, sənin öz malın üzərində olduğu kimi öz elmin üzərində də haqqın var.

***

Alimlərin kəlamları yoxsa, biz də yoxuq.

***

Elm sahibinə de ki, əlinə dəmirdən əsa alsın, ayağına dəmirdən ayaqqabı geyinsin, əsa sınana qədər, ayaqqabı yırtılana qədər elm axtarışında olsun.

***

Helm ilə elm kimi heç bir şey biri-birini zinətləndirmir.

***

Elmin zinəti elm əhlinin xeyirxahlığıdır.

***

Elmin daşıdığı şey xeyirxahlıq kisəsi timsalındadır.

***

Elm öyrənin, öyrəndinizsə, onu qoruyun. Onu gülüş və lağlağı ilə ləkələməyin. Qoy qəlblər belə şeyləri rədd etsin.

***

Elmin bəlası unutqanlıq və müzakirəni tərk etmədir.

***

Hər bir şeyin bir bəlası var; elmin bəlası unutqanlıqdır.

***

Elmin bəlası unutqanlıqdır; onun itirilməsi isə əhli olmayanına danışmaqdır.

***

Münafiqin əlaməti üçdür: danışanda yalan söylər, söz verəndə sözündən çıxar, ona bir şey əmanət edildikdə xəyanət edər.

***

Allahın gözləri ilə görən, qəlbi ilə gözləyən hiyləgər dostun şərindən sənə sığınıram. Çünki o məndə gördüyü yaxşılığı gizlədər, gördüyü pisliyi isə faş edər.

***

Üç şey vardır ki, kimdə olarsa, Allah o kimsəni öz himayəsində qoruyar, mərhəmətini üzərindən çəkməz və cənnətinə salar: 1) özünə bir şey verildiyi zaman şükür etmək 2) (intiqam almağa) ixtiyarı olduğu halda bağışlamaq; 3) qəzəblənən zaman özünü saxlamağı bacarmaq.

***

Hər kim iki qız uşağını yetkinlik çağına gəlincəyə qədər böyüdüb tərbiyə edərsə, qiyamət günü o kimsə ilə mən yanaşı olacağam.

***

Hər kim qız uşaqları ucbatından sıxıntıya uğrasa da, onlara yaxşı baxarsa, bu uşaqlar onu cəhənnəm odundan qoruyan sipər olarlar.  

***

Allahım, iki zəif kimsənin – yetim və qadının haqqını yeməkdən hər kəsi qətiyyətlə çəkindirirəm.

***

Zəif bir şəxsə yardım etmək sədəqələrin ən fəzilətlisidir.

***

Qəlbinin yumşalmasını və istədiyini əldə etməyi sevirsən? O halda yetimə rəhmin gəlsin, başını sığalla, öz yeməyindən ona yedirt ki, qəlbin yumşalsın və istədiyini əldə edəsən.

***

Qız uşaqlarına nifrət etməyin, çünki onlar munis və şəfqətlidirlər.

***

Böyük günahların ən ağırını sizə xəbər verimmi? Allaha şərik qoşmaq, ata-anaya itaətsizlik etmək, yaxşı dinləyin, bir də yalan söyləmək və yalançı şahidlik etməkdir.

***

Böyük günahlar bunlardır: Allaha ortaq qoşmaq, ata-anaya itaətsizlik etmək, haqsız yerə adam öldürmək və yalandan and içmək.

***

Allah-təala sizə ata-anaya itaətsizlik etməyi, verilməsi lazım olanı verməyib almağa haqqı olmayan şeyi istəməyi və qız uşaqlarını diri-diri torpağa quylamağı haram qılmış, dedi-qodu etməyi, çox sual verməyi və malı israf etməyi də məkruh qılmışdır.

***

İki şey vardır ki, Allah onların haqqında (qərar verməyə) tələsir; zülm və ata-anaya asi olmaq.

***

Allahın yanında insanların ən pisi düşmənçiliyi ən şiddətli olanıdır.

***

Yalandan çəkinin. Çünki yalan imana yabançıdır.

***

Şübhəli şeyləri burax. Şübhələnmədiyin şeyləri et. Çünki doğruluq bir arxayınlıq və etimada bir səbəbdir. Yalan da şübhə və etimadsızlığa səbəbdir.

***

Altı şey vardır ki, (saleh) əməllərin (savabını) batil edər: 1) insanların qüsurlarını araşdırmaqla məşğul olmaq; 2) ürəyin bərklik və sərtliyi; 3) dünyanı (çox) sevmək; 4) həyanın azlığı; 5) arzunun uzunluğu (tükənməzliyi); 6) zülmünə son qoymayan zalımın zülmü.

***

Ev satan onu öz həqiqi qiymətinə satmasa, onda onun üçün bərəkət olmaz.

***

Kimsə əzab verilərək öldürülməməlidir.

***

Allaha və axirət gününə iman gətirən kimsə qonşusuna yaxşılıq etsin.

***

Ruzisinin çoxalmasını, ömrünün uzanmasını istəyən kimsə əqrəbasını gözdən qoymasın.

***

... Heç kim başqasının evində, icazəsi olmadıqda, ev sahibinin özəl yerinə oturmasın.

***

(Həyat səviyyəsi) sizinkindən daha aşağı olanlara baxın; sizdən daha üstün olanlara baxmayın. Bu, Allahın üzərinizdəki nemətini xor görməmənizə daha uyğun bir davranışdır.

***

Kisənin ağzını sıxma, Allah da sənə sıxaraq verər.

***

... İnsanlar, yavaş olun (tələsməyin)! Tələsməklə savab qazanılmaz.

***

Yeməyi ayrı-ayrı deyil, birlikdə yeyin. Çünki bərəkət topluluqla birgədir. 

***

Xəstəni ziyarət edin, ac olanı doyurun, əsiri xilas edin.

***

Özünüzdən artıq mal və camal sahibi olana baxmıyın. Özünüzdən aşağı olanlara baxın.

***

Ev sahibinin qonağını həyət qapısına qədər ötürməsi sünnədəndir.

***

Ata cənnət qapılarından ən ortada olanıdır. O qapıya tələs və onu qoru.

***

Üç nəfər olsanız, qoy ikiniz üçüncü olmadan öz arasında pıçıltı ilə danışmasın. Həqiqətən, bu, onu kədərləndirər.

***

Kər kim sarımsaq, soğan yemiş olsa, bizdən, yaxud məscidimizdən uzaq durub evində otursun.

***

Gercək igid güləşdə rəqibini yenən deyil, qəzəbləndiyi zaman nəfsinə hakim olan kimsədir.

***

Ey müsəlmanlar, düşmənlə qarşılaşmağı arzu etməyin; Allahdan salamatlıq diləyin. Fəqət düşmənlə qarşılaşınca səbir edin və bilin ki, cənnət qılıncların kölgəsi altındadır.

***

... Yaxşılıqların ən dəyərlisi insanın atası öldükdən sonra onun dostunun ailəsini qoruyub gözləməsidir.

***

Kiçiklərimizə acımayan, böyüklərimizin şərəfini tanımayan bizdən deyildir.  

***

Yaxşılıq gözəl əxlaqdan ibarətdir. Günah isə qəlbini dırmaqladığı halda, insanların bilməsini istəmədiyin şeydir.

***

Minikli olan yeriyənə, yeriyən oturana, sayca az olan çox olana salam verər.

***

Özlərinin razılığı olmadan iki adamın arasında oturmaq bir kimsəyə halal olmaz.

***

İcazə istəmək üç dəfə olur. İcazə verilərsə, girərik, verilməzsə, geri dönərik.

***

Kim ki müsəlman qardaşı danışan zaman sözünü kəssə, onu təhqir etmiş kimi olur.

***

(Xəstələri) ziyarətin əcr baxımından ən fəzilətlisi xəstənin yanından tez qalxıb getməkdir.

***

Sizə ən qüvvətlinizin kim olduğunu xəbər verimmi? (O) qəzəbləndiyi zaman nəfsinə ən çox hakim olanınızdır. 

***

Üç şey vardır ki, Allah (qiyamət günündə) o kimsənin hesabını yüngülləşdirər və onu cənnətinə salar: 1) səni nədənsə məhrum edəni sən məhrum etmirsən; 2) sənə zülm edəni bağışlayırsan; 3) sənə yaxşılıq etməyənə yaxşılıq edirsən.

***

Üç şey vardır ki, kimdə olarsa, savab ona haqq, imanı da kamil olar: 1) insanlarla yaxşı keçinməyi saxlayan əxlaq; 2) Alah-təalanın haram etdiyi şeylərdən özünü saxlamaq; 3) cahilin cahlinə mülayimcəsinə cavab vermək.

***

İki xislət vardır ki, (imanı kamil olan) bir mömində toplanmaz; xasislik və əxlaq.

***

Bir ata üşağına gözəl bir ədəb verməkdən daha yaxşı bir şey verə bilməz.

***

İnsanları özü üçün ayağa qaldırıb ayaq üstə gözləmələrini sevən cəhənnəmdəki oturacağı yerə hazırlansın.

***

Müvəffəqiyyət səbirdədir; qurtuluş sıxıntı və müsibətlərə qatlaşmaqdadır; həqiqətən, çətinlikdə bir asanlıq, bir rahatlıq da vardır. 

***

Hiyləgər və əxlaqı pis olan cənnətə girə bilməz.

***

Təsadüfün verdiyi zənginlik zənginlik deyil, zənginlik nəfsin toxluğudur.

***

Atanın evladı üçün vəzifə borcları: uşağına gözəl ad qoymaq, tərbiyə vermək, oxuyub-yazmağı, ox atmağı, üzməyi, ancaq halal ruzi əldə etməyi öyrətmək və həddi-büluğa çatdıqda onu evləndirməkdir.

***

Ən xeyirliniz ailəsinə qarşı xeyirli olanınızdır. Mən aranızda ailəm üçün ən xeyirli olanam. Zövcəsinə ancaq övladı olanlar yaxşılıq edər, soysuz olanlar isə pis rəftar edərlər.

***

Ata-ananıza yaxşılıq və itaaət edin ki, uşaqlarınız da sizə itaət və yaxşılıq etsinlər. Qadınlara pis gözlə baxmayın ki, qadınlarınız ismətli olsunlar. Kişi ondan üzr diləməyə gələnin üzürünü qəbul etməzsə, ( qiyamət günündə su içmək üçün mənim kövsər) hovuzuma gələ bilməz.

***

Ata-anaya itaət etmək Allaha itaət etmək kimidir; ata-anaya asi olmaq Allaha asi olmaq kimidir.

***

Hər hansı bir şəxs ata-anasının üzünə şəfqət və mərhəmətlə baxarsa, Allah-təala o kimsə üçün məqbul olan bir həcc savabı qədər savab yazar.

***

Hər kim ata-anasının razılığını qazanarsa, Allahın rizasını qazanmış olur. Hər kim ata-anasına asi olub onları əsəbləşdirərsə, Allah-təalanı qəzəbləndirmiş olur.

***

Kim ata-anasına yaxşılıq edərsə, səadət əbədi onunladır və üstəlik Allah-təala onun ömrünü artırar.

***

Atalarınızdan üz çevirməyin. Kim atasından üz çevirərsə, şübhəsiz ki, o, nankorluq etmiş olur.

***

2016-01-01   44297