NKPI

Maraqlı Məlumatlar

TEYMURLƏNG – MƏĞLUBEDİLMƏZ FATEH, BÖYÜK MONQOL TARİXİNİN YARADICISI

Teymurləng 1336-cı il aprelin 8-də Səmərqənddən yüz kilometrlərlə uzaqda yerləşən Xoca İlqar kəndində, müasir Şəhrisəbzədə, “yaşıl şəhər”də doğulmuşdur. Onun atası barlaslar tayfasının rəhbəri Torağay və anası Tikinəxatun idi. Onlar yeni doğulan uşağa Teymur adı verdilər. Şikəst olduqdan sonra fars sifəti “ləng” əlavəsi ilə Teymurləng adı almışdır. Ailə müsəlman-monqol ailəsi kimi tanınırdı, amma tam türkləşmiş ailə idi. Bu ailə türk dilində danışırdı və özünü türk hiss edirdi. Teymurləng anasını çox erkən itirmişdi və onu kişilər tərbiyə etmişdi. O, şəriət qanunlarını çox yaxşı bilirdi. Tarixə aid bilikləri də geniş idi.

Teymurləng dünya tarixində silinməz iz qoyan, lakin birmənalı qəbul edilməyən dahilərdəndir. Böyük Monqol tarixinin əsası onun adı ilə bağlıdır. Teymurləng ömrünün 20-35 yaş arasındakı dövrünü hakimiyyət zirvəsinə qalxmaq üçün hazırlığa sərf etmişdir.  O, 1370-1401-ci illərdə fasiləsiz hərbi yürüşlərini – qalibiyyət yürüşlərini həyata keçirdi. Dehli və Egey dənizi, Dəməşq və Çin Türküstanı arasında olan ərazilərdə yüzlərlə şəhərləri, qalaları, istehkamları ələ keçirdi, xaraba qoydu, qana qərq etdi. Teymurləng bilmirdi ki, hadisələrin miqyası nə qədər böyük olsa da, hansısa hədd ölçülərinə malik olur. Onun üçün hədd, ölçü mövcud deyildi. Onu heç nə dayandıra bilmirdi: nə döyüşlərin ağırlığı, nə yaş, nə də xəstəlik. Yalnız ölüm ona qalib gələ bilərdi. Teymurləng 35 il hökmdarlıq etdi və bu müddətdə daxili gərginlik bir an da olsa onu tərk etmədi.

Ola bilsin ki, Teymurləng savadsız idi, amma incəsənəti və ədəbiyyatı sevirdi. Dahi rəssamları inandırmaq yolu ilə, ya da güclə öz sarayına gətirirdi. O, gülməyi sevməzdi, amma məzəli danışanları yüksək qiymətləndirirdi. O, rəhmsiz idi, mərhəmətli deyildi, amma qəflətən bağışlaya bilirdi. Teymurləng vəhşi, insafsız təsəvvürü yaradırdı, amma eyni zamanda öz balalarını, bacısını çox sevirdi, nəvəsinin doğulması xəbərini eşitdikdə hədsiz dərəcədə sevinmişdi. Onun hərəkətləri qeyri-adi idi. İncəliklə, alicənablıqla fərqlənirdi. Məsələn, o, döyüşdə həlak olmuş dövlət başçısını Osmanlılara qaytarmışdı ki, onu ləyaqətlə dəfn etsinlər. Əslində Teymurləngə bərabər ola biləcək şəxsiyyətlər azdır.

Çinlə müharibə etmək üçün o, 1404-cü ilin dekabrın 27-də, qışın ən sərt vaxtında yürüşə başladı. Sırdəryanı buzların üzərində keçdi. Soyuqdan xeyli heyvan donmuşdu. Teymurləng heç bir döyüşə belə ciddi hazırlaşmamışdı və təsüdüflərə heç bir şans qoymamışdı. O, uğur qazanmalı idi.

Dahi əmir planlaşdırmışdı ki, üç ay ərzində Mərkəzi Asiyanı keçib, qəflətən Çinə zərbə endirsin. Otrarda Teymurləng xəstələnir. Deyilənlərə görə, bütün kədərli əlamətlər birləşmişdi ki, onun yaxınlaşan ölümünü xəbər versinlər. Berdi-Bəy sarayına çatan gecə sarayda yanğın baş verdi. Ulduzları oxuyanlar elan etdilər ki, planetlərin düzülüşü əlverişli deyil. Bu, bir qədər narahatlıq yaratdı. Amma astroloqlar Teymuru uğurları əvvəlcədən görəndə maraqlandırırdı.

O, ağrıyırdı, amma xəstəliyi mətanətlə keçirirdi. Dağlarda həddən çox qar yağmışdı. Yollar təmizlənməyi tələb edirdi. Dahi əmir onu Otrara qədər müşayət etmiş şahzadələr və şahzadə xanımlarla vidalaşma ziyafətinə hazırlaşır ki, ziyafətdən sonra onlar Səmərqəndə qayıtsınlar.

Ziyafət 1405-ci il yanvarın 12-də təşkil olunmuşdu. Bu ziyafətdə Teymurləngin xəstəliyi daha da şiddətləndi. O, güclü qızdırmadan yatağa düşdü.

Teymurləng bir həftə ölümlə döyüşdü və 19 yanvarda  ölümə təslim oldu. O, oğlu Cahangirin oğlu Pir Məhəmmədi varis elan etdi.

Ölümündən əvvəl arvadlarını, qohumlarını və əyanlarını yanına çağıraraq onlara demişdi: “Qışqırmayın, inildəməyin. Mənim üçün Allaha dua edin.”

Teymurləng öz nəvələrinə demişdi:

“Mənim balalarım, sizi tərk edirəm. Xalqı rahat etmək üçün sizə dediyim qaydaları unutmayın. Hər bir kəsin vəziyyəti ilə maraqlanın. Zəifləri müdafiə edin, tamahınızı və özündən müştəbehliyi boğun. Qoy həmişə ədalətlilik və xeyirxahlıq sizin hərəkətinizə rəhbərlik etsin. Həmişə ölən atanın son sözlərini xatırlayın”.

Onun cəsədi mumiyalanır və qara ağacdan düzəldilmiş, üzərinə gümüşü parça çəkilmiş tabuta qoyularaq Səmərqəndə gətirilir. Tabut yaşıl nefritin bütöv parçasından yonulmuş sarkofaqa qoyulmuş və möhtəşəm Əmir movzoleyində yerləşdirilmişdir.

Sonralar bu mavzoleydə oğlanları Miranşah və Şaxrux, nəvəsi Uluqbəy, həmçinin çox sevdiyi Məhəmməd – Sultan da dəfn edilmişdir. Qəribədir ki, mavzoleydə mötəbər yer Teymurləngin yox, onun dini müəllimi Səid Barakındır.

Teymurləng vəsiyyət etmişdi ki, onu müəlliminin qəbrinin aşağı tərəfində dəfn etsinlər ki, qorxulu məhkəmədə müəllimi onu müdafiə etsin.

Dünya tarixinin ən amansız, məğlubedilməz fatehlərindən olan Teymurləngin müəlliminə bu ehtiramı onun birmənalı qarşılanmayan, çox vaxt ədalətsiz tənqid olunan şəxsiyyətinə böyük hörmət yaratdı.

Teymurləng dövrünün məşhur tarixçisi İbn Ərəbşah yazırdı ki, o, yürüş edəcəyi şəhərlərin topoqrafiyası haqqında əvvəlcədən elə dəqiq məlumat toplayırdı ki, həmin şəhərlərə daxil olanda onları çoxdan tanıyırmış kimi hərəkət edə bilsin. Görüşməli olduğu adamlar haqqında da belə səhih məlumatlar toplayırdı. O, rəsmi qəbullarda görüşdüyü adamlara da sanki çoxdan tanıdığı adamlar kimi müraciət edirdi. Bütün bunlar onun fenomenal yaddaşa malik olduğunu göstərir.

Teymurləng, həmçinin parapsixoloji keyfiyyətlərə də malik olmuşdur. Özünün iti, dözülməz baxışları ilə qarşısındakı insanın reaksiyasını əvvəlcədən anlayaraq, onlara tяsir edə bilirdi. Teymurləng başqalarının fikirlərini dəqiqliklə oxuya, düşmənlərinin gizli məqsədlərini duya və heyrətləndirici dəqiqliklə hadisələrin gedişini əvvəlcədən görə bilirdi. Onun intuisiyası bəzən möcüzə yaradırdı. O, çox düşünməzdi və uzunmüddətli daxili debatlar olmadan qərar qəbul edərdi.

Teymurləngin xüsusi inamı var idi. O inanırdı ki, Allahın adından və onun istəyi ilə fəaliyyət göstərir.

Teymurləng hər hansı bir qələbədən öyünmürdü və bunu Allahın bir bəxşişi kimi qəbul edirdi.

O, kütləni heyrətə salan quruluşları sevirdi. Hər şeyi çox böyük ölçülərə çatdırırdı, bu da onun həyata keçirdiklərinə möhtəşəmlik verirdi.

Böyük əmir əsl, həqiqi məhəbbətlə sevə bilirdi və sədaqətli idi. O, ailəsinə sonsuz dərəcədə bağlı idi, bu ailə üçün hər şeyə hazır idi. Teymurləng həyatının sonuna qədər gəncliyində onun köməyinə çatan Türkan-Akaya hörmət etmişdi və onun üçün dünyada mövcud olan ən gözəl, ən təsiredici mavzoley tikdirmişdi. O, atasına övladlıq sevgisini də heç zaman itirməmişdi. İki yürüş arasında gərgin işlərlə məşğul olduğu zamanda da vaxt tapıb atasının qəbrini ziyarət edirdi. Monqolustanda ağır döyüşlər getdiyi zaman, gecə yuxuda gördükdə ki, oğlu Cahangir ölüm ayağındadır, döyüşü dayandırmış və Səmərqəndə qayıtmışdı. Böyük əmir İsfahanı tərk etmişdi ki, qızının dəfnində iştirak edə bilsin. Nəvəsi Uluq bəyin doğulmasından o qədər sеvinmişdi ki, bütün Mardin əhalisini bağışlamışdı. Varisi hesab etdiyi 19 yaşlı nəvəsi Məhəmməd-Sultanın ölümü onun qəlbində böyük ümidsizlik doğurmuşdu. Teymurləng, həm də sədaqətli dost idi. Toxtamış ona nankorluq etsə də, onunla dostluqdan əl çəkməmişdi. O, sevdiyi adamların ölümünə çox acıyırdı, bu, yaşlı vaxtlarında ona daha pis təsir edirdi.

Teymurləngin alicənablığı düşmənə münasibətdə də özünü göstərirdi. O, Osmanlı prinsi Musaya icazə vermişdi ki, atasının cənazəsini Bursaya qədər müşayiət etsin, ona son ehtiramını göstərə bilsin.

Əmir ölkəsində dilənməyi qadağan etmişdi. Onun dövlətində hər kəs ən azı tox olmaq haqqına sahib idi. Onun məhkəməsi sürətli, rəhimsiz idi və ondan qaçmaq praktiki olaraq mümkün deyildi. Teymurləng hər dəfə yürüşdən qayıdarkən müstəntiq kimi hesabat tələb edir, çəki daşlarını və ölçüləri, həmçinin malların qiymətini yoxlayır, qüsurlar tapırdı. Vəzifəsindən asılı olmayaraq, günahı olan hər kəsi cəzalandırırdı. Bu vaxt heç bir güzəşt etməzdi, hansısa bir imtiyaz, var, mövqe kara gəlməzdi. Teymurləngi savadsız adlandırırdılar. Əslində o, ərəb dilini bilmirdi, amma fars, türk və monqol dillərini çox yaxşı bilirdi, hətta belə tarixi məlumatlar var ki, o, uyğur dilində də yaza bilirmiş. Əmir tarixə aid dərin biliklərə malik olmuşdur.

Teymurləng musiqini çox sevirdi, özü kifarda çala bilirdi və onun bütün bayramları sonda konsertlə bitirdi. Qəribədir ki, Teymurləngin musiqi zövqü elektrik idi: o, eyni diqqətlə ərəb, türk, monqol, fars və çin artistlərinə qulaq asırdı.

Teymurləng hərbçi kimi fitri istedada malik idi, bu sahədə həqiqətən dahi idi.

Teymurləng türk olmaqla yalnız türk dünyasına, habelə böyük İrana istiqamətlənmişdi. Bunun səbəbi o idi ki, İran bir çox yüzilliklər ərzində türklərin ov yerləri rolunu oynamışdı. Onun Çinə hücumu da bununla bağlı idi ki, Teymurləngin monqol babaları (Teymurləng onları da “türk” hesab edirdi) çox vaxt Çinə hakim olmuşlar.

Teymurləng yalnız Böyük əmir olsa da, hər şeyi xalqın adından həyata keçirirdi, faktiki olaraq, dövlət başçısı rolunu icra edirdi. Heç kim onun istəyinə qarşı çıxa bilməzdi.

Kim ona qarşı çıxmaq istəyində olurdusa, onu dizinin üstündə sındırırdı.

Müharibə və sülh haqqında qərarları o, qəbul edirdi. O, eyni zamanda baş komandan idi. Onun qərarlarından şikayət qəbul edilmirdi.

Teymurləngin dövlət rəhbəri kimi üstünlüklərinə onun sadə insanlara diqqəti, qiymətlərə, vergi yığanlara və digər dövlət xadimlərinə nəzarəti, çar kimi səxavətliliyi də aiddir.

Teymurləng həyatının son günlərində ona ən yaxın olan komandirlərdən yeganə sağ qalan və çoxdan qoşunbaşı rütbəsi alan Nurəddini yanına çağırır. Əmir əlindəki ipək parçaya bükülən əşyanı ona uzadaraq zəif səslə deyir: “Bunu götür!”. Nurəddin parçanı açır və onun arasında köhnə, paslanmış nizəni görür. “Bu, Tale Nizəsidir?” deyə sakitcə soruşur. 

- Bəli. Səndən başqa bu sirri bilənlərin hamısı ölmüşdür. Nizəni götür! Sən onu hakimiyyətə layiqli adam gələnə qədər gizlətməlisən. Mən istərdim ki, bu, Pir Məhəmməd olsun. Amma kim bilir, tale necə olacaq? Qoy, hələlik Tale Nizəsi Şah Zindədə, müqəddəs Kusamın ilahi müdafiəsi altında qalsın. Orada gizli yer hazırla və nizəni gizlət!

Nurəddin hökmdara onun dediklərinə əməl edəcəyini bildirir. Hökmdar: ”İndi isə get. Mən çox yorulmuşam...” deyir. Nurəddin çıxmaq istədikdə Əmir onu yenidən saxlayır: 

- And iç ki, mən dediyim kimi edəcəksən...

        - And içirəm və Allah buna şahiddir...

Hökmdarın qaldığı yurtun (Orta Asiyada dəridən düzəldilən, çox möhkəm və çox gözəl görünən yaşam evi, çadır) çıxışında saqqallı imamlar və din adamları ara vermədən dua edirdilər. Hərbi rəhbərlər qorxa-qorxa pıçıldaşırdılar. “Teymurləngin ölümündən sonra onları nə gözləyir?” Heç kim hökmdarın ölümündən sonra özünün vəziyyətini təsəvvür edə bilmirdi.

Bu tarixi həqiqət bir daha Attillanın idarəçilik fəlsəfəsində varisklik ideyalarının nə qədər doğru olduğunu təsdiq edir. Teymurləng heç bir döyüşdə təsadüflərə şans qoymadığı halda, dövlət idarəçiliyində varisliyin əvəzsiz rolunu kifayət qədər qiymtləndirə bilməmişdi. Məhz bu səhv Böyük Əmirin cənazəsinin nəvəsi tərəfindən təhqir edilməsi, Səmərqəndin divarları arxasında saxlanmasına gətirib çıxardı. Bu, əsl həyat dərsidir. Bunu hər kəs bilməlidir. Ən azından, Əmir Teymurləngin arzuolunmaz sonluğunu yaşamamaq üçün....

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-09-06   10599