NKPI

Maraqlı Məlumatlar

Xocalı rayonu

 

Xocalı rayonu 1930-cu ildə təşkil edilmişdir. 1978-ci ilədək Stepanakert, 1991-ci ilədək Əskəran rayonu adlanmışdır. 1991-ci ildən indiki adını almış, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.

Bakıdan məsafəsi 375 km, inzibati mərkəzi Xocalı şəhəri, sahəsi 940 km2-dir.

Relyefi

Səthi, əsasən, dağlıqdır. Ərazinin qərb sərhədi boyu Qarabağ silsiləsi uzanır. Silsilənin Qarabağ və Mil düzlərinə tərəf alçalan şərq yamacları dərin çay dərələri ilə parçalanmış və erozion dağ qolları əmələ gəlmişdir.

Geoloji quruluşu

Ərazidə Yura, Tabaşir, dağarası çökəkliklərdə və dağətəyi düzənliklərdə Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

Əsas çayları olan Qarqar, Badara, Ballıca və s. Kür, qismən Araz hövzələrinə aiddir. Qarqarçay kiçik Qafqazın Qarabağ silsiləsindəki 2080 m yüksəklikdən formalaşır. Çay suyunu Kürə çatdırmayaraq Ağgöl yaxınlığında qamışlıqda itir.

Landşaftları və bioloji müxtəlifliyi

Qəhvəyi dağ - meşə, dağ - çəmən və çimli dağ - çəmən torpaqları yayılmışdır. İqlimi, əsasən, qışı quraq keçən mülayim - istidir. Yüksək dağlıq ərazilərdə soyuq iqlim üstünlük təşkil edir. Ərazinin təxminən 40%-i meşədir.

Xocalı rayonunda Bədərə çayı hövzəsində 20 ha sahədə fıstıq - palıd meşəsinin altında qırmızı kitaba salınan hirkan pirkalı kolları bitir. Meşələrində şərq fıstığı, cökə, ağcaqayın ağaclarına rast gəlinir.

Rayonun ərazisində meşə altında müxtəlif kol cinsləri - fındıq, murdarça, alça, göyəm, gərməşov, yemişan, əzgil, itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, gilas, göyrüş və palıd növləri yayılmışdır.

Geoloji təbiət abidələri

Xankəndi şəhərində 19 km şimal - şərqdə, dəniz səviyyəsindən 850 m yüksəklikdəki qayalıqda Xramort kars mağarası. Girişinin eni 7.25 m, hündürlüyü 3 m-dir. Mağara yeraltı suların təsiri ilə tektonik çatların aşınması nəticəsində yaranmışdır. Mağaranın uzunluğu 29 m, sahəsi 47 m2-dir.

Arxeoloji abidələri

Xankəndi şəhəri yaxınlığında Eneolit və Tunc Dövrlərinə aid Xankəndi kurqanları. Kurqanaltı dəfn kameraları dairə formasında olub dayaz xəndəklə əhatələnib. Qəbilə üzvləri sol və ya sağ yanı üstə bükülü, yaxud oturdulmuş, qəbilə başçıları isə arxası üstə uzadılmış vəziyyətdə dəfn olunmuşlar.

Tarixi - mədəni abidələri

Badar kəndində məbəd kompleksi (VII əsr) və orta əsrlərə aid Qırxlar qülləsi. Anabert kəndində Aslanqalası (IX əsr). Şuşa kəndində Alban məbədi (905). Çanaxçı kəndində alban məbədi (1100). Xaşmas kəndində alban məbədi (1122). Armudlu kəndində alban məbədi (1202). Xocalı şəhərində dairəvi məbəd (1357), türbə (XIV əsr). Əsgəran qalası Əsgəran qəsəbəsində, Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilmiş, XVIII əsrə aid iki istehkamlı, dördkünc bürclü qala. Çay daşlarından tikilmiş qala divarlarının qalınlığı 2-3 m-dir. Rusiya - İran müharibələri zamanı (1804-1813) rus qoşunlarının düşərgəsi bu qalanın yaxınlığında olmuşdur. Rusiya - İran sülh danışıqları (1810) bu qalada aparılmışdır.

 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2016-01-06   36925