NKPI

Maraqlı Məlumatlar

Kəlbəcər rayonu

 

Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. Bakıdan məsafəsi 445 km, inzibati mərkəzi Kəlbəcər şəhəri, sahəsi 3050 km2-dir.

2.04.1993-cü il tarixində ermənilər tərəfindən işğal edilmişdir.

Relyefi

Səthi dağlıqdır (Murovdağ, Şahdağ, Şərqi Göyçə, Vardenis, Mıxtökən və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə 80-ə yaxın hündürlüyü 2000 m-dən yüksək olan zirvə mövcuddur.

Geoloji quruluşu

Yura, Tabaşir, Paleogen, Neogen, Antropogenin çökmə, vulkanogen - çökmə və vulkanik süxurları yayılmışdır.

Çayları və su hövzələri

Əsas çayları Tərtər və onun qolları olan Lev çayı, Tutqunçay, Bazarçaydır. Alagöllər, Qaragöl və Zalxagöllər kimi çox gözəl gölləri vardır. Göllərin ümumi çayı 10-dan çoxdur. Tərtərçay Kiçik Qafqazda 3120 m yüksəklikdən başlayır. Tərtərçayın 31 qolu vardır. Ərazi həmçinin bulaqlarla zəngindir (Ceyran bulağı, Yüzbulaq, Qiblə bulağı, Qırxbulaq, Ayğır bulağı və s.). Bolsulu və itiaxınlı çayları yüksək raftinq (iti axında xüsusi qayıqda (raft) üzmə) potensialına malikdir.

Landşaftları və bioloji müxtəlifliyi

Əsasən, çimli dağ - çəmən və qonur dağ - meşə torpaqları yayılmışdır. Rayonun mərkəzi və şərq hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə - bozqır bitkiləri, yüksək və qismən orta dağlıqda subalp və alp çəmənlikləri vardır.

Meşələrdə respublikanın başqa rayonlarında geniş sahələrdə təsadüf edilməyən ayı fındığı meşəliyi mövcuddur. Ayı fındığı Kəlbəcər meşələrində, əsasən, Levçayın sol sahilində yayılıb. O, dəniz səviyyəsindən 1500-2100 m yüksəkliklər arasında Çiçəkli meşəsində - Alalı, Tala, Böyük Quzey adlanan sahələrdə şimal, şimal - şərq, cənub - şərq yamaclarda yayılıb. Burada meşənin tərkibində ayı fındığı, palıd, vələs, qoz, cökə, fıstıq cinsləri ilə qarışıq halda bitir. Ağacların orta hündürlüyü 25 m, diametri 48 sam, bəzi nüsxələrdə 120 sm-ə çatır. Bundan əlavə Kəlbəcərdə cır badam, qaraçöhrə, tozağac və s. nadir ağac cinsləri də yayılmışdır.

Rayonun orta dağlıq hissəsində meşə örtüyü, yüksək dağlıqda isə subalp və alp çəmənləri geniş sahə tutur.

Ümumi meşə ilə örtülü sahə 28000 hektardır. Onun 11000 hektarında vələs, 9400 hektarında isə iberiya palıdı və şərq palıdı üstünlük təşkil edir.

Orta dağlıq zonanın meşələrində palıd, fıstıq və vələs meşələrinə ağcaqayın növləri, qarağac, cökə, ayı fındığı, adi göyrüş və b. ağac cinsləri qarışır. Meşəaltı kollardan yemişan, əzgil, doqquzdon və b. bitir.

Yüksək dağlıq zonada Ağqayaçayın sol sahilində (Dəlidağsuçayın qolu) dəniz səviyyəsindən 2200-2400 m yüksəklikdə dik yamacların şimal cəhətlərində geniş sahədə tozağacı meşələri saqqallı tozağac, sallaq tozağac meşələri yayılmışdır. Bu meşələrin tərkibinə çoxlu miqdarda qafqaz quşarmudu, şərq palıdı, Trautvetter ağcaqayını, yalançı çinaryarpaq ağcaqayın qarışır. Kol cinslərindən gərməşov, doqquzdon, itburnu, qarağat, moruq geniş yayılmışdır.

Ot bitkiləri örtük əmələ gətirir. Onlardan qırtıc, şaxduran, novruzçiçək, çiyələk, sürvə, gicitkanı göstərmək olar.

Hündürboylu subalp otluqlarına az rast gəlinir. Dəniz səviyyəsindən 2400 m-dən yüksəklikdə - alp zonasında taxılotlu çəmənlərin tərkibinə topal, ağbığ, qırtıc çəmənlikləri daxil olur. Zəngiçiçəyi, şaxduran üstünlük təşkil edən müxtəlifotlu alp çəmənlikləri də geniş yayılmışdır. Alp xalılarına az rast gəlinir. Burada həmçinin cil çəmənlərinə təsadüf edilir.

Fauna

Ərazidə qayakeçisi, qonur ayı, canavar, çaqqal, adi tülkü, boz dovşan, cüyür, qaban, daşlıq dələsi, qafqaz uları, qartal və s. canlılara rast gəlinir.

Geoloji təbiət abidələri

Əsrarəngiz 30-a qədər göllər sistemi olan Ala göllər qrupu, kaskad şəlalələr, karst mağaraları, müalicəvi mineral su mənbələri mövcuddur. İstisu kəndinin dünyada məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdır. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovi - Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Digər geoloji təbiət abidəsi bazalt süxurlarından formalaşmış (Tabaşir Dövrünə aid; 150-200 mln.il əvvəl) sütunvari ayırmalar, kanyonlar (Çiçəklidağ, Qamışlı, Levçay, Tutxunçay ətrafı, Tatlar k.), qayalıq dağlar (Keçəldağ), müxtəlif qaya kompozisiyalarıdır (“Papaq qaya” və s.). Tərtər, Qaraarxac, Tutxun, Hapım, Lev və s. çaylar boyu xırda şəlalələr (şırşırlar) mövcuddur. Tərtər, Ağzıbir (Bəyli k.) və Hapım (Bağırlı k.) şəlalələri çox mənzərəlidir. Qamışlı kəndində Qamışlı karst mağarası, Zar kəndində mağaralar və dirək qayalara rast gəlinir.

Azərbaycanda ilk yüksək dağlıq zonaya aid Tunc dövrünün yaşayış məskəni (Qaragöl və Zalxa gölləri sahillərində, Ayıçınqıllı və Pəriçınqıllı dağlarındakı e.ə. III minilliyə aid qaya təsvirləri).

Arxeoloji abidələri

Qaragöl və Zalxagöl sahillərində, Ayıçınqıl və Pəriçınqıl dağlarında, dəniz səviyyəsindən 3000 m yüksəklikdə Kəlbəcər Qaya Təsvirləri möhkəm bazalt qayalara döymə və kəsmə üsulu ilə həkk edilmişdir. Rəsmlərdə öküz qoşulmuş ibtidai xışla yer şumlanması, taxıl biçini və döyülməsi, ov və dini mərasim səhnələri, maral, dağ keçisi, canavar, bəbir təsvir olunmuşdur. Təsvirlər Tunc Dövrünün başlanğıcına (m.ə.III minilliyə) aid edilir. Təsvirlərin yaxınlığında m.ə. III minilliyə aid yaşayış yeri, diametri 20 m, divarların qalınlığı 2 m olan dairəvi tikili qalığı, gil qablar, dən daşları, obsidiandan hazırlanmış bıçaqlar, ox ucluqları tapılmışdır. İstisu qəsəbəsi yaxınlığında Tunc Dövrünə aid yaşayış yeri.

Tarixi - mədəni abidələri

Çıldıran kəndində alban məbədi (XII əsr). Dovşanlar kəndində kilsə (1668). Kolatağ kəndində müqəddəs Yaqub kilsəsi (635). Bazarkənddə məbəd (1251). Yayıcı kəndində alban məbədi (672). Cormanlı kəndində alban məbədi (X əsr). Vəngli kəndində Gəncəsər monastrı (1238). Həsənriz kəndində alban məbədi (1283). Qozlu kəndində Xatırvəng məbədi (1204). Şorbulaq qəsəbəsində alban məbədi (XIII əsr). Qaladüzü alban məbədi. Qaraxançallı kəndində Uluxan qalası (XVII əsr).

 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2016-01-09   36853