NKPI

Maraqlı Məlumatlar

Samux rayonu

 

İnzibati mərkəzi Nəbiğalı olan Samux rayonu 1930-cu ildə yaranmışdır. Samux 1954-cü ildə Səfərəliyev rayonu (sonralar Xanlar rayonu, hal-hazırda Göy - göl rayonu) ilə birləşdirilmişdir. 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. 2008-ci ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Samux rayonunun Kolayır kəndi və Nəbiağlı qəsəbəsi birləşdirilərək Samux şəhəri yaradılmışdır. Bakıdan məsafəsi 362 km, inzibati mərkəzi Samux şəhəri, sahəsi 1450 km2-dir.

Samuxun tarixi və adının mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə “samux” sözü qədim alban dilində “ov üçün meşəlik yer” mənasını verir. Ərazi antik dövrlərdə Qafqaz Albaniyasının tərkibində olmuşdur (Kambisena). XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri idi.

Relyefi

Rayonun ərazisi, əsasən, düzənlikdən və boz dağ massivinə aid olan çox da hündür olmayan dağ silsiləsindən ibarətdir. Şimal hissəni Palantökən və Xocaşen silsilələri tutur. Şərq hissəsi Mingəçevir su anbarı və Ceyrançöl düzüdür. Ən hündür zirvəsi Elləroyuğu dağıdır (595 m).

Geoloji quruluşu

Ərazidə Yura, Tabaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

Rayon ərazisindən Kür, Qabirri, Qanıx, Gəncə və Quşqara çayları keçir. Mineral bulaqlarla zəngindir (Sərkar kəndində Zəhra bulağı, Nəbiağalı kəndində Xırmansuyu bulağı və s.).

Rayonun ərazisində “Eldar şamı” Dövlət Təbiət Qoruğu yerləşir. Bu qoruq məşhur eldar şamının qorunub saxlanması və öyrənilməsi məqsədilə yaradılmışdır. Buradakı təbii eldar şamı meşəliyinə dünyanın heç bir yerində rast gəlinmir.

Landşaftları və bioloji müxtəlifliyi

Ərazinin iqlimi mülayim isti yarımsəhra və quru - bozqır iqlimidir. Rayon quru kontinental iqlim şəraitinə malik olduğundan buranın bitki örtüyü, əsasən, bozqır və yarımsəhra tiplidir.

Ərazinin şiml - şərq hissəsi yüksək endemizmi ilə seçilən Elləroyuğu silsiləsindən ibarətdir.

Elləroyuğu ərazisinin ən nadir və qiymətli incisi eldar şamıdır. Bu ağac təbii stres şəraitini asanlıqla dəf edir: İsti və quraqlı yay, quru qış, minimum rütubətlik, kəskin temperatur fərqi. O, tamamilə qeyri münbit torpaqlarda, hətta qayalıqlarda belə bitir. Eldar şamı çox zəif inkişaf edən ağaclardandır. Buradakı ağacların bəzilərinin yaşı 1000 ildən çoxdur. Ağacların orta hündürlüyü 10 - 15 m, maksimal diametri 40 - 50 sm-dir. Elləroyuğu silsiləsinin meşə örtüyü özünəməxsus qanunauyğunluğa malikdir. Eldar şamı burada ardıc ağac növləri ilə bitərək arid tipli seyrək meşəlik yaradır. Tək - tək saqqızağaca rast gəlinir.

Şam - ardıc meşəliyinin birinci yarusunu tutur, ikinci yarusunda isə ardıclar – çoxmeyvəli ardıc və kəskiniyli ardıc yerləşir. Bəzən bozqır yaylanın endem növü olan eldar armuduna da rast gəlinir.

Eldar şamının təbii yayıldığı ərazi sahra, yarımsəhra və bozqırlardan təşkil olunmuşdur. Burada kserofil kollar üstünlük təşkil edir. Onlardan dovşanalması, qaratikan, acılıq, Pallas murdarçası, xırdayarpaq albalı, uzunsov ardıc, gəvən növlərini göstərmək olar.

Elləroyuğu dağının şimal yamacının aşağı hissəsində yovşan və yovşan - biyan yarımsəhrası Qabirri çayının ətrafındakı tuqay meşəsinə keçir. Həmin sahədə, çayın sağ sahili boyu sıx yulğun və zirinc kolları fonunda 30 - 50 illik cavan saqqız ağacları bitir.

Qabirri çayı boyu tuqay meşələri Mingəçevir su anbarına qədər yayılır. Burada saqqızağac meşələri üstünlük təşkil edir. Ağyarpaq qovaq meşələri, əsasən, Çaya bitişik sahələri tutur. Ona söyüd ağacları da qarışır. İydə, qarağac, yemişan, böyürtkan ağac və kol növlərinə rast gəlinir. Tuqay meşələri ətrafındakı ərazilərdə və çayın sağ sahillərində Palantökən silsiləsinin ətəklərində və dərə hissəsində tək - tək iri gövdəli saqqızağacları bitir.

Samux rayonunda Kürün Yenikənd anbarına töküldüyü yerdə 700 ha-ya qədər tuqay meşələri vardır. Meşə örtüyü, əsasən, ağyarpaq qovaq, söyüd, saqqızağac, uzunsaplaq palıd ağaclarından və yulğun kolluqlarından ibarətdir. Çay sahili boyu ərazilərdə ağyarpaq qovaq və söyüd üstünlük təşkil edən meşəliklər yayılmışdır. Burada sahildən uzaqlaşdıqca üstünlük saqqızağaca, bəzən isə uzunsaplaq palıda keçir. Seyrək saqqızağac meşəsinin altında və ətraf ərazilərdə qaratikan üstünlük təşkil edən kolluqlar yayılmışdır. Belə sahələrdə otlardan yovşan və dəvətikanına daha çox rast gəlinir.

Geoloji abidələri

Əli - Bayramlı kəndində müalicəvi istisu. Sərkar kəndində müalicəvi Zəhra bulağı. Nəbiağalı kəndində kükürdlü müalicəvi Xırmansuyu bulağı.

Çempion ağacları

Samux əfsanələr diyarı olmaqla bərabər buradakı kənd adları Azərbaycanın etnik salnaməsinin bir parçasıdır. Çox güman ki, Lək kəndi antik alban tayfa ittifaqına daxil olmuş leqlərin, Kəsəmən, Salahlı kəndləri qıpçaktürk tayfalarından olan kenqlərin, Tatlı kəndi qədim Sasanilər dövründən zərdüştiliyi yaymaq və imperiyanın şimal sərhədlərini qorumaq məqsədi ilə buraya köçürülmüş irandilli tayfaların, Çobanabdallı, Əhmədbəyli, Ziyadlı kəndlərinin adları oğuz - türk tayfalarının adları ilə bağlıdır.

 Nəinki Azərbaycanın, Qafqazın ən nadir və çox yüksək bəşəri əhəmiyyətli irsi dərəyə malik olan təbiət abidələrindən biri məhz Samux rayonunun Kolayır kəndində yerləşən qocaman şərq çinarıdır. El arasında “Düldülü çinar” adlanan, pir kimi ziyarət edilən, gövdəsinin diametri 8 - 10 m, hündürlüyü 45 m olan bu ağacın təxminən 1600 yaşı vardır. Bu ad islam aləminin ən müqəddəs və ali şəxsiyyətlərindən biri, Ərəb xilafətinin dördüncü xəlifəsi, İslamın şiə təriqətinin (isnəəşəriyyə) banisi Əli ibn Əbu Talibin atının adı ilə bağlıdır. Əfsanəyə görə İmam Əli ibn Əbu Talib “Düldül” adlı atını bu ağaca bağlamışdır. Böyük İmamın bu ərazilərdə olmasını tarix təsdiq etməsə də xronoloji fakt sübut edir ki, Məhəmməd Peyğəmbərdən yaşlı olan bu ağacın təvəllüdü təxminən V əsrin ortalarına düşür. Çox güman ki, bu əfsanə İmam Əlinin İslam aləmindəki böyük nüfuzunun nəticəsində yaranmışdır. İmam Əlinin adı ilə bağlı olan, müqəddəs sayılan bir sıra yerlər nəinki Qafqazda, hətta Orta Asiyada və Hindistanda da mövcuddur.

Ağac 15 əsrlik yaşa malik olmasına baxmayaraq hələ də inkişafda olub yüksək məhsuldarlıq qabiliyyətinə malikdir.

Arxeoloji abidələr

Nəbiağalı kəndi yaxınlığında diametri 10 - 20 m, hündürlüyü 1 – 1,5 m olan Tunc Dövrünə aid kurqanlar. Çobanabdallı kəndində Son Tunc Dövrünə aid kurqanlar.

Tarixi - mədəni abidələri

Zazalı kəndində İmamzadə türbəsi (VIII əsr). Zazalı kəndi yaxınlığında antik dövrə aid məbəd. Çoban Abdallı kəndində VI - VII əsrlərə aid “Abdal” pir ocağı, “İlanpiri ocağı” (XVII əsr), “Abdal” körpüsü (XIX əsr). Qarasaqqal kəndində Şəhərburnu yaşayış yeri, türbə. Qarayeri qəsəbəsində almanlar tərəfindən tikilmiş zirzəmi (1895). Samux qəsəbəsi yaxınlığında XIII - XV əsrlərə aid “Gil tikintisi”. Çobanabadlı kəndində “Narlı qoruq” (XIII əsr), “Dırnaq” (XV əsr) yaşayış yerləri. Zazalı kəndində XIV - XVI əsrlərə aid kəhrizlər: Kor arxı, Qızıl Hacılı arxı, Xan arxı, Karxana arxı, Arazbar, Şatır arxı, Xanlıq, Çölək arxı.

 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2016-01-18   36852