Maraqlı Məlumatlar
Göygöl rayonu
Rayonun mərkəzi 1819-cu ildə alman kolonistləri tərəfindən salınmış və 1938-ci ilədək Yelenendrof adlandırılmışdır. İcma tərəfindən burada kilsə (Müqəddəs Yohan kilsəsi), uşaq baxçası, ibtidai məktəb və peşə məktəbi təsis edilmişdir. Qafqazın ən məşhur fayton və furqon istehsalı məhz burada yerləşirdi. Rayon inzibati vahid kimi 1930-cu ildə təşkil olunaraq əvvəlcə Nərimanov rayonu, 1938-ci ildən 2008-ci ilədək Xanlar rayonu, adlandırılmışdır.
Bakıdan məsafəsi 364 km, inzibati mərkəzi Göygöl şəhəri, sahəsi 1030 km2-dir.
Relyefi
Rayonun hüdudları və xarakterik relyefi Gəncə - Qazax düzənliyi, Ceyrançöl, Eldar çölü, Acınohur ön dağlığı, Gəncə Bozdağının qərb qurtaracağı ilə təyin olunur. Ən yüksək zirvəsi, zəngin bioloji müxtəliflik və yüksək bitki endemizminə malik olan Murovdağdır (3462 m).
Geoloji quruluşu
Ərazidə Yura, Tabaşir, Neogen, Antropogen cöküntüləri yayılmışdır.
Çayları və su hövzələri
Ərazi zəngin çay sisteminə və bulaqlara malikdir. Əsas çayları Gəncəçay, Kürəkçay, Qoşqar çaylarıdır. Qoşqarçay öz mənbəyini Kiçik Qafqazın Murovdağ silsiləsinin Qoşqar dağının (3367 m) şimal yamacından götürür. On qolu vardır. Kürəkçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal - şərq hissəsində (3100 m) yaranır. Onun əsasını İlxıdərə, Ömərçay və Bənövşəli çaylarının qovuşması təşkil edir. Azərbaycanın ən mənzərəli gölləri olan Göygöl və Maralgöl burada yerləşir. Göygöl Kürəkçayın sağ qolu olan Ağsu çayının orta axınında (1556 m) yerləşir. Göl uçqun mənşəli və axarlı göldür. Onun su səthinin sahəsi 0.8 km2, su həcmi 24 mln. m3, uzunluğu 2.4 km, maksimal eni 0.7 km, maksimal dərinliyi 93 km-dir. Göl dekabrın sonlarından martın sonlarınadək 14 - 27 sm qalınlığında buz bağlayır. Gölün suyu çox şəffaf olub 13 m-ə bərabərdir. Göygöl güclü zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin parçalanaraq çay dərəsinə düşməsi nəticəsində yaranmışdır. Burada bir sıra xırda göllər – Maralgöl, Qaragöl, Zəligöl, Şamlıqgöl və s. xırda göllər vardır.
Landşaftları və bioloji müxtəlifliyi
İqlimi çimalda mülayim - isti yarımsəhra və quruçöl tipli, mərkəzi hissədə mülayim - isti, cənubda soyuqdur. Qışı quraq keçir.
Boz - çəmən və çəmən - boz, boz - qonur, şabalıdı, açıq - şabalıdı, qəhvəyi dağ - meşə, dağ tünd - şabalıdı, qonur dağ - meşə, çimli dağ - çəmən torpaqları yayılmışdır. Rayon ərazisində Toğana və Toğanlı kəndləri yaxınlığında Gğygöl Milli Parkı yerləşir.
Bitki örtüyü şimalda və mərkəzi hissədə, əsasən, bozqır və yarımsəhra tiplidir. Cənubda, dağlıq sahələrdə dağ çölləri, fıstıq meşələri, subalp və alp çəmənləri vardır. Meşələri, əsasən, iberiya palıdı, şərq fıstığı və qafqaz vələsindən ibarətdir. Meşələrdə onlarla yanaşı qafqaz cökəsi, adi göyrüş, trautvetter ağcaqayını, sallaq tozağacı, Litvinov tozağacı, Kox şamı, alça, alma, armud, əzgil, yemişan, itburnu kimi ağac və kol növlərinə rast gəlinir.
Ərazi florasının 20-dən çox növü nadir Qafqaz endemidir. Bunlar Trautvetter ağcaqayını, Nizami itburnu, buruncuqlu kəpənəkçiçək, ipək şaxduran, qanaləkəli gəvən, ətirli qərənfil, təkçıxıntılı zanbaq, hamar güyənə, qafqaz və hamar xəndəkotu, Ruprext ətirşahı.
Dəniz səviyyəsindən 1100 - 1700 m yüksəkliklərdə təmiz fıstıq, fıstıq - vələs, vələs və palıd - vələs meşələri vardır. 1600 - 2000 m intervalında fıstıq və vələs meşələri üstünlük təşkil edir. Daha yüksək qurşaqda (1800 - 2300 m) əsasən, Kox şamı, Lutvinov tozağacı, şərq fıstığı, şərq palıdı meşələri yayılmışdır. Meşəaltı sahələr doqquzdon, itburnu, ardıc kollarından və sıx otluqlardan ibarətdir. Bəzi ağaclar, əsasən, tozağacı 2300 m yüksəkliklərə qədər qalxır. Nadir kox şamının ən böyük sahəsinə (450 ha) burada – Göygöl Milli Parkı ərazisində rast gəlinir. Ərazidə subalp çəmənlikləri, əsasən, 1600 - 2000 m-lik zolaq təşkil edir. Bu qurşağın xarakterik bitkiləri bunlardır: qafqaz skabiozası, iriçiçək nəmgülü, iriçiçək andız, giləmərcan, alban güləbətini.
Alp çəmənliyi (2100 - 3200 m), əsasən, çoxillik çəmən bitkilərindən ibarətdir. Növ müxtəlifliyi (20-ə yaxın növ) nisbətən zəifdir. Burada alp qırtıcı, tonqalotu, sallaq ağbığ, qafqaz və alp bənövşələri, steven zəncirotu, xırdaçiçək sibbaldiya daha çox rast gəlinir. Seyrək ləkələr şəklində rast gəlinən alp xalılarının əsasını qafqaz zirəsi, bulaqotu, üçdişli zəngçiçəyi, alp xırdaçiçəyi təşkil edir.
Fauna
Dağ çaylarında və göllərində göl və dağ çayı qızılxallısı yaşayır. Göygöldə forelin xüsusi göygöl papulyasiyası formalaşmışdır. 8 əsrlik izolyasiya nəticəsində o, xeyli fərqli cəhətlər əldə etmişdir. Burada suda - quruda yaşayanlardan ağac qurbağasına rast gəlinir. Ərazidə sürünənlər cılız koramal, rostombeyov qayalıq kərtənkələsi, qafqaz kələzi, adi suilanı, suilanı ilə təmsil olunmuşdur.
Göygöl rayonu ərazisində 100-ə yaxın quş növünə rast gəlinir ki, onlardan 35 növü meşə zolaqlarında yaşayır. Ərazidə ən çox yayılmış quşlar hörücü, iri arıquş, qara qaratoyuq, kölgəlik yarpaqgüdəni, qarabaş pıhrəcil, adi yaşılca, qara çalağan, dam bayquşu, adi sar, boz yapalaqca və s. quşlardır. Subalp və alp qurşaqda alp çərənçisi, dağ kətanquşu, dağ vələmirquşu, adi mərciməkquşu, dağ haçaqanadı, qırmızıpapaq sərçəyəoxşar, qayalıq kəkliyi, xəzər uları kimi quşlar yuvalayır. Orta meşə qurşaqlarında qafqaz maralına rast gəlinir. 1961-ci ildə Göygöl Milli Parkına 7 qafqaz maralı gətirilmişdir. Rayonun subalp ərazilərin seyrək meşələrində və sıx kolluqlarında cüyür yaşayır. Kəpəz dağının yamaclarında qafqaz turuna rast gəlinir. Burada yırtıcılardan qonur ayı, canavar, çaqqal, adi tülkü, porsuq, meşə pişiyi, adi dələ, süleysin, meşə siçanı, boz dovşan və s. canlılara rast gəlinir.
Geoloji təbiət abidələri
Ərazinin ən gözəl geoloji təbiət abidələri buranın dağ gölləridir. Göygöl Azərbaycanın ən böyük və ən gözəl dağ gölüdür. Gölün sahil xəttinin uzunluğu 6460 m, sahəsi 79 ha-dır. Maralgöl Ağsu dərəsinin yuxarı hissəsində, 1902 m yüksəklikdə yerləşir. O da Göygöl kimi dağların əhatəsindədir. Bura təkrarolunmaz peyzaja malikdir: yamac meşəliyini subalp çəmənlikləri əvəz edir. Gölün sahəsi 23 ha, maksimal dərinlik 61 m-dir. Gölün uzunluğu 840 m, eni 583 m-dir. Ərazinin digər mənzərəli gölləri Zəligöl, Qaragöl, Şamlıqgöldür.
Çempion ağacları
Ərazinin meşələrində onlarla yaşı 150 - 350 il olan palıd, fıstıq və vələs ağacları vardır.
Arxeoloji abidələri
Zurnabad kəndi yaxınlığında erkən Tunc dövrünə aid kurqan, qəbir abidəsi. Buradan üzərində quş şəkilləri çəkilmiş qırmızı və qara rəngli gil qablar, tunc bəzək əşyaları tapılmışdır.
Tarixi - mədəni abidələri
Zurnabad kəndi yaxınlığında XII əsrə aid qala. Göygöl şəhərində lüteran kilsəsi (1854), Ağ körpü (XII əsr), İkigöz körpü (XVI əsr). Dozular kəndi yaxınlığında körpü (XVI əsr). Zurnabad kəndində qala (XII əsr).
Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015
2016-01-27 36697
Ətraflı
Son Xəbərlər
Neft-Kimya Prosesləri İnstitutu 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu 2024-cü il üçün elmlər və
2024-04-15
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır.
2024-04-09
Neft-Kimya Prosesləri İnstitutunun gənc alimləri Beynəlxalq konfransda uğur qazanıblar
3-4 aprel 2024-cü il tarixində Rusiya Federasiyası Xanti-Mansisk şəhərində 15 ölkənin iştirakı ilə keçirilən VII Beynəlxalq «Neftyanaya
2024-04-05