NKPI

Maraqlı Məlumatlar

İSAAK NYUTON - ALİMLƏR ALİMİ, UGURSUZ SİYASƏTÇİ

İsaak Nyuton 1643-cü ildə - Qalileyin ölümündən bir il sonra anadan olmuş və 1727-ci ildə - Kantın anadan olduğu ildə vəfat etmişdir.

Nyutonun atası İngiltərənin cənub sahilləri yaxınlığında kiçik Qrantem şəhərciyinə yaxın Vulstop kəndində ferma sahibi idi. O, evləndikdən bir neçə ay sonra vəfat etmişdi və Nyuton atası öldükdən sonra dünyaya gəlmişdi. Nyutonun qohumları arasında fermerlərlə yanaşı, din xadimləri, həkimlər və əczaçılar da vardı. Kənddə nənəsinin yanında qalan Nyuton anası yenidən ərə getdikdən sonra Qrantemə köçdü, yerli əczaçının evində qaldı və kral məktəbində oxudu. Anası ikinci dəfə dul qalaraq yenidən Vulstopa qayıdanda Nyuton da kəndə qayıdır. Lakin 2 il sonra o, yenidən Qrantemə köçür və 1661-ci ildə Kembric Universitetinə daxil olur. O, Kembric Universitetinin tərkibində olan Tritini Kollecində subzayzer (kasıb tələbə) statusunda idi və öz yeməyini təmin etmək üçün alimlərdən birinin yanında xidmətçi vəzifəsində çalışırdı.

İsaak Nyutona Lyukasovsk kafedrasının ilk professoru İsaak Barounun böyük təsiri olmuşdur. 1663-1669-cu illərdə Baron bu kafedranın professoru oldu və elə həmin dövrdə Nyuton neofitdən (bir nəzəriyyənin yeni tərəfdarı) dahiyanə riyazi, mexaniki və fiziki ideyalara malik mütəfəkkirə çevrildi. Hələ məqalələri çap olunmasa da, onun haqqında müəyyən şeyləri bilirdilər. Hər halda, 1668- ci ildə magistr olana qədər bütün elmi dərəcələri almış Nyuton elmi dairələrdə qiymətləndirilmişdi. 1669-cu ildə Baron Lyukasovsk professor vəzifəsini Nyutona verdi və özü Londonda saray kapellanı (keşişi) oldu.

Nyuton özünün əsas elmindən çox uzaq olan elm sahələrində də əvəzsiz iz qoymuşdur - riyaziyyatın bir çox sahələrində, mexanikada, astronomiyada, fizikada, kimyada, qədim tarix sahəsində, ilahiyyətdə. 1664-1668-ci illərdə Nyuton maraqlandığı problemləri ciddi araşdırır, maksimum dəqiqlik əldə edənə qədər aldığı nəticələri nəşr etdirmir.

Nyutonda optika ideyaları, cazibə konsepsiyası və sonsuz kiçiklər nəzəriyyəsi, eyni zamanda yarandı və sonra bunlar paralel olaraq inkişaf etdi.

1665-1666-cı illərdə Nyuton artıq cazibə qanununun əsasını yaratdı: o, ağırlığı səma cisimlərini onların orbitlərində saxlayan qüvvə ilə eyniləşdirmiş və bu, qüvvənin məsafənin kvadratı ilə əks-asılılığını göstərmişdir.

Qeyd edək ki, XVII əsrin 60-cı illərinin sonundan 80-ci illərə qədər Nyuton optika problemləri ilə məhsuldar məşğul olmuşdur. İlk nəticə əksetdirici teleskopun yaradılmasıdır. Bu teleskopda ulduzların işığı şüşə linzadan keçmir, çökəkləşdirilmiş sferik güzgüdə əks olunur.

1664-cü ildə Nyuton teleskopu təkmilləşdirmək istəyir və 1666-cı ildə qeyri-sferik linzalar hazırlayır. Nyuton uzun müddət qeyri-sferik linzaların hazırlanması ilə məşğul oldu. Amma sonda belə nəticəyə gəldi ki, istənilən sferik və qeyri-sferik linza üçün başlıca problem odur ki, müxtəlif rəngli şüalar eyni qaydada sınmır və bu da işıqlanan nöqtənin haşiyələnmiş təsvirini verir. Odur ki, Nyuton əksetdirici teleskopun - reflektorun yaradılması ilə məşğul oldu.

1668-ci ildə o, kiçik əksetdirici teleskop, üç il sonra isə daha böyük belə teleskop yaratdı.

Nyuton 1704-cü ildə optiki hadisələrə aid «Optika» əsərini çap etdirdi.

Nyutonun əlkimyaya münasibəti maraq kəsb edir. O, bir metalın başqasına çevrilə bilməsinə inanırdı və 30 ilə yaxın müddətdə əlkimya tədqiqatları ilə məşğul olmuşdu. Qədim və orta əsr əlkimya əsərlərini öyrənmişdi.

Nyutonun əsas kimyəvi tədqiqatları da böyük əhəmiyyət kəsb edir. Maddə haqqında elmdə Nyuton kinetik konsepsiyalardan dinamik konsepsiyalara keçir (daimi geri qayıtmalarla). Onun atomistikasının əsasında daha az cəzbetmə qüvvələri ilə əmələ gələn korpuskullar durur. Maddənin diskret hissəciklərinin sonsuz ierarxiyasını əsas götürən bu ideya materiyanın vahidliyi haqqındakı ideya ilə əlaqədardır. Nyuton bir-birinə çevrilə bilməyən elementlərin mövcudluğuna inanmırdı. Əksinə, o ehtimal edirdi ki, hissəciklərin parçalanmaması haqqında təsəvvürlər və uyğun olaraq, elementlər arasında keyfiyyət fərqləri haqqındakı təsəvvürlər eksperimental texnikanın öyrənilməmiş imkanları ilə əlaqədardır.

Nyutonun həyatında ən mühüm hadisə «Natural fəlsəfənin riyazi başlanğıcı» adlı əsərinin çap etdirilməsi ilə bağlıdır. Bu əsər 1687-ci ildə çap olunmuşdur və üç kitabdan ibarətdir. Birinci kitabda cisimlərin qüvvələrin təsiri ilə hərəkətinə nəzər salınır. İkinci kitabda cisimlərin müqavimət göstərən mühitdə hərəkətinə baxılır. Üçüncü kitabda isə dünya sistemi təhlil olunur.

Nyutonun fikrincə, təcrübə ilə materiya, fəza, zaman və hərəkət haqqında əsas anlayışları üzə çıxarmaq olar. Materiya fəzadan fərqlənir, maddi cisim boşluqda hərəkət edir.

1689-cu ildə Nyuton Kembric Universitetinin nümayəndəsi kimi İngiltərə Parlamentinə seçilir. Dünyanın dahi alimlərindən biri, elmin bir çox istiqamətlərində fövqəl nəticələrə nail olan Nyuton parlamentdə olduğu zamanlarda, demək olar ki, heç nə danışmamış, yalnız bir dəfə əlini qaldıraraq sədrdən pəncərənin bağlanmasını xahiş etmişdir. Elmdə dahi olan bu şəxsiyyət siyasətdə özünü göstərə bilməmişdir.

1690-1695-ci illər Nyuton üçün ağır sınaqlar dövrü oldu. Baş verən təsadüfi yanğın nəticəsində alimin əhəmiyyətli əlyazmalarının məhv olması Nyutonda uzun müddət psixi pozğunluğa səbəb oldu və bu hal 1694-cü ilədək davam etdi. Sağaldıqdan sonra Nyuton səma mexanikası və digər sahələrdə tədqiqatlarını davam etdirdi.

1705-ci ildə o, Kembricə gəlir və bu vaxt universitetə gələn kraliça Anna ona «Ser İsaak» titulu verir. Kral sarayı Nyutonun tez-tez qonaq olduğu yerə çevrilir.

Nyuton 1727-ci il martın 20-də, 84 yaşında vəfat etmişdir.

Nyuton yaddaşlarda ortaboylu, ağ gur saçlı, təvazökar, xeyirxah, eyni zamanda qapalı adam kimi qalıb. Olduqca sadə, xarici görünüşü ilə fərqlənməyən dahi Nyuton adi həyatda da dahiliyini büruzə verməyə cəhd etmirdi. Əslində, əsl dahilər belə olurlar.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-09-13   10876