NKPI

Maraqlı Məlumatlar

MAQSUDOV FƏRAMƏZ QƏZƏNFƏR OĞLU

(1930-2000)

Maqsudov Fəraməz Qəzənfər oğlu 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini (BDU) bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

1954-2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA FRTE Bölməsinin akademik-katibi (1980-1997), AEAprezidenti (1997-2000) olmuşdur.

1994-2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, 1995-2000-ci illərdə Milli Məclisin üzvü olmuşdur.

F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir. Kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoymuşdur. Azalan po- tensiallı Şredinger operatorunun müsbət məxsusi ədədlərinin olmaması haq­qında yeni meyar vermişdir. Eksponensial azalan kompleksqiymətli potensial­lar halında yarımoxda sərhəd şərtinə parametr daxil olduqda Şturm-Liuvill operatorunun tam spektral analizini vermişdir. Bir ölçülü Dirak sistemi üçün həqiqi əmsallar halında tərs məsələni - səpilmə matrisinə görə operatorun bər­pası məsələsini həll etmişdir. Öz-özünə qoşma olmayan operator-funksiyanın rezolventinin kəsilməz spektrdən analitik davam oluna bilməsini göstərmiş, məxsusi ədədlərin, spektral məxsusiyyətlərin və kvazistasionar vəziyyətlərin ətrafında rezolventanın baş hissəsi üçün aşkar düstur tapmışdır.

Bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş tədqiqat­larında özlü-elastikiyyət nəzəriyyəsinin dinamik məsələlərini həll etmək üçün effektiv üsullar işləyib hazırlamışdır. Neftin yeraltı laylardan sıxışdırılıb çıxa­rılması prosesini riyazi şəkildə modelləşdirən qeyri-xətti inteqro-diferensial tənliklər sisteminin həlli üçün üsul təklif etmişdir. Onun təşəbbüsü ilə Elmlər Akademiyasının və Dövlət Neft Şirkətinin Birləşmiş Elmi-Texniki Şurası yara­dılmışdır.

F.Maqsudov 300-dən artıq elmi işin və 11 monoqrafiyanın müəllifidir. Rəh­bərliyi altında 100-dən artıq fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir.

1990-cı ildə Əlincə Xeyriyyə Cəmiyyətinin sədri, 1997-ci ildə İslam Akade­miyasının həqiqi üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının yaranması və formalaşmasında böyük xidmətləri olmuşdur.

1983-cü və 1990-cı illərdə SSRİ Nazirlər Sovetinin mükafatı, 1994-cü ildə H.Z.Tağıyev adma mükafatın laureatı olmuş, 1986-cı ildə "Xalqlar dostluğu” ordeni, 2000-ci ildə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

1990-cı ildə Əməkdar elm xadimi fəxri adma layiq görülmüşdür.

Akademik Fərəməz Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiya­banda dəfn edilmişdir.

2016-01-30   4455