NKPI

Maraqlı Məlumatlar

ƏLİZADƏ AKİF AĞA MEHDİ OĞLU

(1934)

Akif Ağa Mehdi oğlu Əlizadə 1934-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.

A.Əlizadə 1961-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1969-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. 1990-2007-ci illərdə AMEA Yer Elmləri Bölmə­sinin (YEB) akademik-katibi, 2007-2013-cü illərdə AMEA-nın vitse-prezidenti olmuşdur, 2013-cü ildə isə AMEA-nın prezidenti vəzifəsinə seçilmişdir.

A.Əlizadə əmək fəaliyyətinə Suraxanıneft mədənində quyuların tədqiqi üzrə texnik vəzifəsindən başlamışdır. 1957-ci ildə AEA-nın Geologiya (indiki Geologiya və Geofizika) İnstitutuna baş laborant vəzifəsinə işə qəbul olunmuşdur. Ardıcıl ola­raq kiçik, böyük elmi işçi vəzifələrində işləmişdir. 1970-1976-cı illərdə Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 1976-cı ildən isə Geologiya və Geofizika İnstitutunun direktorudur.

A.Əlizadə görkəmli alim-geoloq və elmin böyük təşkilatçılarından biridir. Onun elmi maraq dairəsi təbaşir çöküntülərinin regional stratiqrafiyasını əhatə edir. A.Əlizadənin rəhbərliyi və iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dövründə faunanın inkişafi və s. məsələlərə dair müasir ba­xışları əks etdirən zəngin paleontoloji-strariqrafik materiallar araşdırılıb ümumi­ləşdirilmişdir. Alimin çoxillik tədqiqatları əsasında Azərbaycanın təbaşir mollusk faunasına (belemnitlər) kompleksləri haqqında nəzəriyyənin əsas müddəaları irəli sürülmüş, onların təsnifatı və filogeniyası verilmiş, morfofünksional təhlil apa­rılmış, paleobiocoğrafi rayonlaşdırmanın prinsipləri işlənib hazırlanmış, ekologiya və paleontoloji məsələlər işıqlandırılmışdır. Alim ilk dəfə olaraq, təbaşir dövründə Aralıq dənizi hövzələrində təbaşir dövrü onurğasızlarının zaman-məkan daxilində paylanma mərhələlərini müəyyən etmiş və paleocoğrafi taksonları ayırmışdır.

A.Əlizadə Qafqazın təbaşir dövrü hövzələrinin biogeokimyəvi rayonlaşdırılma me­todlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrin geokimyəvi şəraitinin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Fossil orqanizmlərin ske­let hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauy­ğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirmişdir. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nis­bətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperaturun mütləq qiymətini təyin etmişdir. Elm dünyası Azərbaycan aliminin elmi xidmətlərini nəzərə alaraq, öyrəndiyi belemnitlərin yeni ailəsini onun adı ilə "Akifibelidlər" adlandırmışdır.

A.Əlizadə Azərbaycan Dövlət Neft Akademiyasında, Bakı Dövlət Universitetində mühazirələr oxumuşdur. O, 250 elmi əsərin, 7 monoqrafiyanın, 6 müəlliflik şəha­dətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 15 fəlsəfə doktoru hazırlanmışdır.

A.Əlizadənin xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndiril­miş və o, "Fədakar əməyə görə" yubiley medalı; "Şərəf nişanı”, "Şöhrət”, "Şərəf' və "İstiqlal” ordenləri ilə təltif olunmuşdur. A.Əlizadə Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Azərbaycan Dövlət Mükafatı laureatıdır. A.Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmiş və bu Akademiyanın "Elm və mədəniyyət fədakarı” fəxri nişanı ilə təltif edilmişdir.

2016-01-30   4807