NKPI

Maraqlı Məlumatlar

Kimyadan 02-ci DƏRS - Atom-molekul təlimi

Atom-molekul təlimi

Bütün maddələr “korpuskullardan” ibarətdir.
Molekullar “elementlərdən” ibarətdir
M.V.Lomonosov

Dərsin məqsədi:

  • Atom molekul təliminin əsas müddəaları ilə şagirdləri tanış etmək, onun kimya elmində zəruriliyini açıqlamaq.

  • Müəllimə diqqətlə qulaq asmaq, aldıqları məlumatları təhlil edib təcrübədə tətbiq etmək.

  • Ətraf mühitin qorunması hissini şagirdlərdə tərbiyə etmək.

Dərs vəsaitləri. M.V.Lomonosovun portreti, “Hə” - “Yox” oyununun sualları, didaktik kartlar.

Dərsin gedişi:

Müəllim: (hazırlıq aparır)

“Hə-yox” oyunu

Aşağıda verilən suallara “hə” və “yox” cavabı verin (sualları əvvəlcədən lövhəyə yazmaq və ya bir başa ekranda göstərmək olar).

  1. Dəniz suyu-təmiz maddədir

  2. Su molekulunun tərkibində olan oksigen-bəsit maddədir.

  3. Fosfor-metaldır

  4. Mürəkkəb maddə müxtəlif atomlardan ibarətdir.

  5. Dəmir-qeyri molekulyar quruluşlu maddədir.

  6. Xörək duzu-mürəkkəb maddədir.

  7. Distillə suyu-təmiz maddədir.

  8. Qəndi su məhlulundan filtrlənmə üsulu ilə ayırmaq olar.

  9. Bəsit maddə eyni atomlardan ibarətdir.

  10. Xörək duzunu su məhlulundan buxarlanma üsulu ilə ayırmaq olar.

Yuxarıda verilən mətindən maddələrin adların ayrıca qeyd edin. Bu maddələrin formullarını yazın. Bu maddələri bəsit və mürəkkəblərə, metal və qeyri metallara ayırın.

  • (şifahi cavab vermək):

  1. Maddələri hansı əlamətlərə görə təsnif edirlər?

  2. Hansı maddələrə bəsit maddə deyilir?

  3. Hansı maddələrə mürəkkəb maddə deyilir?

 Verilən kəlamı müasir molekul və atom təsvirləri ilə müqayisə edin:

1741-ci ildə “Riyazi kimyanın elementləri” kitabında M.V.Lomonosov yazırdı: “Element cismin elə hissəsidir ki,  hər hansı kiçik və ondan fərqlənən cisimdən ibarət deyil. Korpuskullar elmentin bir kiçik kütlə əmələ gətirən toplusudur. Korpuskullar eyni elementin eyni sayda atomlarından, eyni qaydada birləşdikdə bircinslidir. Korpuskulların elementləri fərqli olduqda və müxtəlif formada və müxtəlif sayda birləşdikdə korpuskullar müxtəlif növ olur; cisimlərin sonsuz sayda müxtəlif növlülüyü bundan asılıdır.

Maddələrin kiçicik hissəcikləri barədə təsvir ilk dəfə olaraq qədim yunan filosoflarının işlərində meydana gəlmişdir. Eramızdan çox əvvəl filosoflar təbiətin sirlərini təbii səbəblər ilə, görünməyən və daima mövcud olan atomların birləşməsi və ayrılması, yerdəyişməsi ilə izah etməyə cəhd göstərirdilər. Qədim filosoflar indi bizim molekullar adlandırdığımız hissəcikləri atom hesab edirdilər. Bu səbəbdən onlar yalnız təbiətin külək, qasırğa, qoxuların yayılması, suyun buxarlanması kimi fiziki proseslərini izah edə bilirdilər.

Kimyanın nəzəri əsasını molekul və atomlardan ibarət olan maddələrin quruluşu haqqında təlim və ya atom molekul təlimi təşkil edir. Bu nəzəriyyə XVIII əsrin ortalarında dahi rus alimi M.V.Lomonosov tərəfindən formalaşdırılmışdır. Bu nəzəriyyə ingilis kimyaçısı Con Daltonun işlərindən sonra ümumi olaraq qəbul olundu. Atom-molekul təlimi molekul və atom nəzəriyyəsindən ibarətdir.

Molekullar haqqında təsvirlər molekul nəzəriyyəsinin əsas müddəalarında açıqlanıb:
  • Maddələr molekullardan ibarətdirlər. Molekul - maddənin kimyəvi tərkibini saxlayan ən kiçik hissədir.
  • Molekullar kimyəvi elementlərin atomlarından ibarətdirlər.
  • Molekullar dayanmadan hərəkətdədirlər.
  • Molekullar həm eyni həmdə müxtəlif atomlardan ibarətdirlər.
  • Fiziki proseslər zamanı molekullar dəyişməz qalır, kimyəvi proses zamanı isə dağılırlar.
Atom nəzəriyyəsinin əsas müddəaları atomlar haqqında elmi təsviri ümumilləşdirir:
  • Maddələrin molekulları daha kiçik hissəciklərdən - atomlardan ibarətdirlər. Atom-kimyəvi elementin ən kiçik hissəsidir və onun xassələrinin daşıyıcısıdır.
  • Fərqli kimyəvi elementlərin atomları kütlələri, ölçüləri və digər xassələri ilə fərqlənir.
  • Atomlar dayanmadan hərəkətdədirlər.
  • Atomların hərəkət etməsinin bir növü-kimyəvi reaksiyalardır, yəni o proseslərdir ki, onların nəticəsində ilkin maddənin molekullarını təşkil edən atomlardan yeni maddənin molekulları əmələ gəlir (reaksiya məhsulları).

Bu iki nəzəriyyə atom-molekul təlimində birləşir. Bu nəzəriyyənin əsasını bir neçə müddəa şəklində ümumilləşdirmək olar.

  • Maddələr sonsuzluğa qədər bölünə bilməz, yalnız molekullara qədər bölünə bilər.

  • Bir kimyəvi elementin atomları bir-birilə uyğundur, hər hansı başqa elementin atomlarından isə fərqlidirlər.

  • Yeni alınan maddələr (reaksiya məhsulları) kimyəvi reaksiya zamanı ilkin maddənin tərkibində olan atomlardan əmələ gəlirlər.

XIX əsrin sonuna kimi sayılırdı ki, atom molekul təlimi kimyəvi proseslərin daha da asan anlaşılması üçün elmə tətbiq olunmuşdur. Atom və molekulların real mövcud olmaqları onların bilavasitə ölçülüb və çəkilməsinin imkanı olmadığından təsdiq oluna bilmirdi. Fransa alimi Jan Batist Perren klassik təcrübələr nəticəsində atom və molekulların mövcudluğunun şübhələrinə son qoydu. Bu təcrübələrdə o, suda həll olmayan, suya düşən kimi çoxlu sayda yumru dairələrə dağılan rezin qətranından istifadə etmişdir. O, qətranla su qarışığını sınaq şüşəsinə yerləşdirib mikroskop altında onların şüşənin müxtəlif dərinliklərində sayının dəyişməsini müşahidə edirdi. Onların miqdarını şüşənin müxtəlif dərinliklərində həcmdə hesablayaraq, alim təyin etmişdir ki, qətran hissəciklərinin suda paylanması qaz molekullarının atmosferdə paylanması qanuna əsasən baş verir. Bu ona oksigen molekullarının kütləsini təyin etmək imkanı yaratdı və bununla da onların mövcud olduqları sübut edildi.

İndiki zamanda müasir cihazlar nəyinki ayrı-ayrı  molekulların və onların mütləq kütlələrini və ölçülərini hesablaya bilir, hətta onların arasında olan məsamələrin ölçülməsinə, bəzi hallarda isə şəkillərinin çəkilməsinə imkan verir.

Atom-molekul təlimi elmin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Hesab edirlər ki, kimya elmi məhz o anda elm hesab olundu ki, kimyəvi reaksiyalar atom-molekul təlimi nöqtəyi nəzərindən öyrənilməyə başlandı.

200 ildən çoxdur ki, M.V.Lomonosov maddələrin strukturunun öyrənilməsini kimyanın əsas məsələlərindən olduğunu demişdir. Bu müddət ərzində onun maddələrin quruluşu haqqında olan ideyaları hər tərəfli yoxlamadan keçdi, və onların düzgünlüyü təsdiq olundu.

Atom-molekul təliminin vacibliyi ondan ibarətdir ki, onda materiyanın quruluşu, maddələrinin xassələri, fiziki və kimyəvi hadisələrin təbiəti  haqqında müasir təsəvvürlər ona əsaslanır.

Ehtimallardan elmi nəzəriyyəyə çevrilmiş atom-molekul təlimi təbiətin olduqca müxtəlif hadisələrini izah etmək üçün güclü instrumentdir.

Tapşırıqlar (öncədən kartlarda yazılmış):

  1. Atom-molekul təlimi nöqteyi nəzərdən məhlul və kimyəvi reaksiya nədir?

  2. Cümlələrdə buraxılmış yerlərdə “atom” və ya “molekul” sözlərini yazın:

a) Şəkər siropunda şirin dad onda şəkərin .... olduğuna görə təyin edilir.

b) Hemoqlobinin ....... tərkibinə dəmir ... daxildir.

c) Oksigeni suda həll etdikdə onun....... su ....... arasında paylanır.

d) Yod cövhərinin xüsusi iyi ondan yod .... buxarlanması ilə əlaqədardır.

e) Su ......... hidrogendən və oksigendən ibarətdir.

f) Hava qarışıq olub onun tərkibinə  oksigen ... daxildir.

3. Atomlar haqqında nəzəriyyənin mövcud olmasından əvvəl kimyaçılar neçə əsrlər boyu uğursuzluqla adi metalları qızıla çevirmək cəhdləri göstərirdilər. Bu məsələnin mümkünsüzlüyü atom-molekul təlimi nöqteyi nəzərindən necə izah edilə bilər?

Nəticələr:

  1. Atom-molekul təlimi-kimyanın nəzəri əsasıdır.

  2. Atom-molekul təlimi atom və molekullar haqqında təlimlərdən yaranıb.

  3. Atom-molekul təliminin əsas müddəaları M.V.Lomonosov tərəfindən formalaşıb və öz təsdiqini ingilis alimi C.Daltonun apardığı işlər nəticəsində tapıb.

  4. J.B.Perrenin apardığı təcrübələr atom və molekulların mövcud olduğunu sübut edib.

Yaradıcı ev tapşırığı:

Atom-molekul təliminin əsas müddəalarını öyrənin.

Dəftərin vərəqini iki hissəyə bölün.

Dəftərin sol tərəfində bu təlimin əsas müddəalarını, sağ tərəfində isə onları şəkillərlə, sxemlər və s. ilə təsvir edin.

2015-09-15   40875