NKPI

Maraqlı Məlumatlar

Gədəbəy rayonu

 

Əsasən, dağlıq rayon olan Gədəbəy rayonu 1930-cu ildə təşkil edilmişdir. Bakıdan məsafəsi 444 km, inzibati mərkəzi Gədəbəy şəhəri, sahəsi 1290 km2-dir.

Relyefi

Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq qurşağında yerləşir. Rayon ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir.

Geoloji quruluşu

Ərazisə, əsasən, Yura, Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qranitlə zəngin metamorfik süxur olan gədəbəyit ilk dəfə (1903) Gədəbəy mis-kolçedan yatağında öyrənilmişdir.

Çayları və su hövzələri

Çay şəbəkəsi sıxdır. Mormor, Turşsu, Koroğlu, Şahzadə, Narzan, Böyük Bulaq və s. mineral və süfrə su bulaqları ilə zəngindir. Əsas çayları Axınca, Zəyəm, İnəkboğan, Babacan, Şəmkir, Gədəbəy, Cəhri və s. çaylardır. Tranzit çay olan, 12 qollu Axınca öz mənbəyini kiçik Qafqazın Keçəldağ silsiləsinin Başkənd aşırımındakı 1950 m yüksəklikdən götürüb Kürə tökülür. On dörd qolu olan Zəyəmçay Şahdağ (2901 m) silsiləsindən formalaşır. Üç qolu olan Cəhriçay da öz mənbəyini Şahdağ silsiləsindən – 1800 m yüksəklikdən götürür. Səkkiz qolu olan Şəmkirçayın mənbəyi Hinaldağdan (3220 m) formalaşan Sarısu hesab edilir.

Landşaftları və bioloji müxtəlifliyi

İqlimi, əsasən, yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq tundra iqlimidir. İllik yağıntı 600-900 mm təşkil edir. Qonur dağ-meşə, çimli dağ - çəmən və s. torpaqlar yayılmışdır.

Orta dağlıqda kollu və seyrək meşəli çəmənliklər, enliyarpaqlı meşələr yayılmışdır. Meşələrdə palıd, fıstıq, qafqaz vələsi ağacları üstünlük təşkil edir. Yüksək dağlıq ərazilərdə subalp və alp çəmənlikləri vardır.

Meşələr burada 2000-2400 m-ə qədər yüksəlir. Yüksək dağlıq meşələrinin tərkibi, əsasən, şərq palıdı, şərq fıstığı, tozağac, trautvetter ağcaqayını, buasye quşarmudu, adi meşə gilasından ibarət olur.

Ərazinin subalp bitkiləri 1800-2600 m yüksəklikləri əhatə edir. Burada qaragilə, topaçiçək əsmə, şərq nəmgülü, adaçayı, alışan lalə, kəpənəkçiçək, yeddidilimli acıçiçək, keçiqulağı, iberiya ətirşahı, sarımsaqyarpaq zəngçiçəyi, meşə moruğu, adi boğazotu və s. bitkilərə rast gəlinir.

Alp yüksəkliyinin əsas bitkiləri taxıllar və cil fəsiləsinə aiddir. Bu bitkilər burada alp xalıları yaradır. Alp xalılarının əsas tərkibini qafqaz zirəsi, şaxduran, qaya bağayarpağı, çəmən yoncası, cil, steven zəncirotu, sibbaldia, üçdişli zəngçiçəyi, cinotu təşkil edir.

Fauna

Qayakeçisi, cüyür, qonur ayı, canavar və s. Quşlardan arıquşaoxşar bığlıca, qaraquş, ispan sərçəsi, daşlıq sərçəsi, qafqaz tetrası, qafqaz uları və s. quşlara rast gəlinir.

Geoloji təbiət abidələri

Ərazinin ən gözəl geoloji təbiət abidələri mənzərəli landşaftlara malik olan Axıncaçay, Şəmkirçay, Zəyəmçay dərələridir. Digər mənzərəli ərazi İnəkboğançay boyunca uzanan Keçidərəsidir. Burada Haçaqaya dağının ətəyində, “Şır-şır” şəlaləsi vardır.

Arxeoloji abidələri

Xarxar kəndində Tunc Dövrünə aid müdafiə qalaçası. Slavyanka kəndində Tuinc Dövrünə aid müdafiə qalaçaları. Maarif kəndində Tunc və Dəmir Dövrlərinə aid Şıx müdafiə qalası. Söyüdlü kəndi yaxınlığında Tunc Dövrünə aid Pirdağ qalası. Kiçik Qaramurad kəndində Dəlmə, Sarıdaş müdafiə qalaçaları. Rüstəm Əliyev qəsəbəsi yaxınlığında Paleolit Dövrünə aid Şirzağa düşərgəsi. Qalakənd kəndində Tunc və Dəmir Dövrlərinə aid Ağsu, Çapığın, Xınalıtəpə müdafiə qalaçaları.

Tarixi - mədəni abidələri

Söyüdlü kəndində, Şəmkirçayın üstündə IX əsrə aid Qız qalası (“Namərdqala”). Qalakənd kəndində Koroğlu qalası (XVI əsr). Səbətkeçməz kəndində akvedukformalı biryollu dəmiryol körpüsü (1878). Böyük Qaramurad kəndində məbəd (1634).

 

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2016-02-01   36661