NKPI

Интересные Факты

OSMANLI İMPERATORLUGUNUN BANİSİ, ƏMƏLİSALEH, QƏHRƏMAN VƏ MƏRHƏMƏTLİ OSMAN QAZİ


Osman bəy, Osman Qazi və ya birinci Osman Əli Qazi 1258-ci ildə Göyutda doğulmuş, 1326-cı ildə vəfat etmişdir. O, Osmanlı türklərinin lideri, Osmanlı imperatorluğunun qurucusudur. Altı əsr boyunca dünyanın hakim güclərindən biri olan imperatorluq onun adı ilə adlandırılıb.

1299-cu ildə Anadolu Səlcuq dövlətinin əsarətindən çıxıb müstəqilliyini elan etmişdir.

1299-cu ildə İnegölü alması Osmanlı dövlətinin quruluşu olaraq qəbul edilir.

1302-ci ildə ilk dəfə Bizans imperatorluğunun ordusu ilə Qoyunhisar döyüşünə başlanmış və bu döyüşdə osmanlılar qalib gəlmişlər. Osman Qazi bir sıra döyüşlərdən sonra 1315-ci ildə Bursanı ələ keçirdi.

Osman Qazi döyüşlər zamanı xəstələndi. 1324-cü ildə dövlət işlərini oğlu I Orxana tapşırdı. Ancaq padşahlığı davam edirdi. Osman Qazi 1326-cı ildə nikris (podoqra) xəstəliyindən vəfat etmişdir.

Osman Qazi atası Ərtoğrul Qazidən qəbul etdiyi təxminən 4800 km2 Osmanlı torpağını oğluna 16000 km2 olaraq təhvil vermişdi.

Osman Qazinin oğlu Orxana Osmanlı dövlətinin siyasi gələcəyi üçün vəsiyyətnaməsi çox ibrətamizdir və ondan çox şeyləri öyrənmək məsləhətdir.

  • Oğul! Hər vəzifədən əvvəl dini vəzifələrə üstünlük ver. Dini qaydalar qüvvətli dövlət qurar.

  • Laqeyd, kafir, günahkar, diqqətsiz və ya təcrübəsiz bir adama dini xüsusları əhd etmə. Belə adamlara dövlət idarəsini tapşırma. Allahdan qorxmayan məxluqlardan qorxmaz.

  • Böyük günah işləyən və onu davam edən bir adam sadiq ola bilməz.

  • Sadiq məmur diləyənin özü də dürüst olmalıdır. O, Həzrəti Peyğəmbərin əmrlərinə itaət edəndir və şəriətdən vaz keçməyəndir. Zalım olmaqdan və xurafatdan (batil etiqaddan) çəkinəndir.

  • Bizim dövlətimizdə qəddarlıq və xurafatçılığa təşviq edənləri işlərindən çıxart.

  • Çünki bu insanlar sənin zavalına (zalinə) səbəb olacaqlar. Dövləti həmişə cihadla genişləndir, çünki çox uzun zaman səfərbərlik olmadan dayansaq, kişilərin mərdliyi, hərbi kəşfiyyatlar, məlumatlar və komandirlərin verdiyi tənzimlər zərər və dəyişikliyə uğrayar. Döyüşün ərbabları ölər və onların yerinə təcrübəsizlər keçər. Bundan səhvlər meydana gələr və dövləti çətin vəziyyətə salar.

  • Büyt-ül-malı (Dövlət xəzinəsini) mühafizə et və dövlətin sərmayəsini artırmağa səy göstər.

  • Əslində nə varsa ondan məmnun ol və israf etmə, ehtiyacdan başqa faydasız yerə xərcləmə.

  • Əsgərlərindən və malından qürurlanma, çünki onlar Allah yolunda xalqa xidməti və bütün dünyaya ədaləti və fəziləti yaymaq üçün vasitədir.

  • Allahın qürurunda çalışan məmurları qoru. Vəfatlarından sonra ailələrinə qayğı göstər və onların ehtiyaclarını qarşıla. Təzyiq və şiddətli rəhbərliklə ümumi mülkünü artırma.

  • Yoxsulların imdadına çat və qohumlarını bəladan qurtar.

  • Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri hima- yə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq.

  • Dövlətin dini xüsuslarını davam etdir. Məni nümunə götür, gücsüz komandir olaraq başladım və layiq olmağıma baxmayaraq, Allahın köməyi ilə müvəffəq oldum.

  • Mənim tərzimi təqib edərsənsə və Həzrəti Məhəmmədin dinini və möminləri müdafiə edəcəksənsə, sənin xələflərin də eynisini edəcəklər.

  • Allahın və qulların ədalətinə riayət et. Bunu davam etmələri üçün xələflərinə nəsihət və tövsiyə etməkdə əsla tərəddüd etmə.

  • Ədalət və hakimiyyətdə Allahın köməyini dilə, qəddarlığı yox etmək üçün bütün üsulları sına.

  • Millətini düşmənlərin və zalımların hücumlarından qoru.

  • Heç kimlə yanlış və insafsız davranma.

  • Milləti məmnun et və bütün sevdiklərini qoru.

Osman Qazi zamanında, 1324-cü ildə ilk Osmanlı pulu kəsildi. «Sikkə» adlanan bu pul gümüşdən idi.

Mənbələrdən əməlisaleh, dindar, cəsur və mərhəmətli bir insan kimi tanınan Osman Qazi hər üç gündən bir yemək bişirtdirib kasıbları doydurar, imkansızları geyindirib təchiz edər, dul qadınları və yetimləri hər cür haqsızlıqdan qoruyarmış. Haqq və ədalətə hörmətlə yanaşan, yüksək qabiliyyətlərə sahib bir hökmdar olan Osman Qazi özü haqqında belə gözəl fikirlərə qılıncından çox ədalətsevərliyi ilə sahib olmuşdu.

Hökmdarlığa başlayarkən iyirmi üç yaşında bir gənc olmasına baxmayaraq, siyasəti yaxşı bilir, həqiqəti müdafiə etməkdən çəkinməzdi.

Abbasi xəlifəsi ən-Nasir-li-Dinillahın (1180-1225) rəhbərliyi ilə qurulduğu söylənilən ahıllıq qısa zamanda İslam ölkələrində təsirini göstərməyə başladı.

Xüsusilə VIII yüzilliyin ikinci yarısından etibarən Abbasi ordusunun ayrılmaz bir parçası olan türklər də bu ordu ilə Anadolunun içərilərinə qədər gəlmişdilər.

Osmanlı dövlətinin qurulmasında ahıllığın oynadığı rol kiçik hesab edilə bilməyəcək qədər böyükdür. Həqiqətən də, Osman Qazinin fəaliyyəti əsasında Anadoluda ahıllıq böyük bir güclə fəaliyyətinə davam edirdi. Osman Qazi ahıllıq rəhbərlərindən olan və Əskişəhər ətrafında İtburnu deyilən mövqedə mədrəsəsi olan Edebalinin qızı ilə evlənməklə ahılların nüfuzundan faydalana bildi. Şeyx Edebali o zamanın ən hörmətli və etibarlı şəxsiyyətlərindən biri idi. Hər kəsə kömək edən bir insan olmaqla birlikdə kasıb dərviş olmağı seçən bir şəxsin kürəkəni olmaqla Osman Qazi ahılların gücündən istifadə etdi. Ahıllardan olan Mahmud Qazi, Ahı Şəmsəddin və oğlu Ahı Həsən ilə sonradan osmanlılarda şeyxülislam və vəzir olan Çandarlı Qara Xəlil Osmanlı bəyliyinin qurulmasına və böyüməsinə xidmət etmişdilər.

Osman Qazinin ətrafında cəmləşmiş elm və hikmət heyəti yalnız yaşadıqları dövrün mədəniyyətini - iman, əxlaq, idarə və hüquq xəritəsini çəkmirdilər. Onların xidmət və hədəfləri bir xanədan və bir zümrə ilə müəyyən bir zamana xas deyildi.

Osman Qazinin qardaşlarının seçdiyi birlik, əməkdaşlıq yolu bizim yolumuz olmalıdır. Xırda hislərə uyub vətəni alçaltmaq, zəiflətmək, düşmənə girəvə vermək olmaz. Türk dünyasını güclü bir zəncirə bənzədərək onun heç bir həlqəsini zəifləməyə qoymayın. Əgər zəncirin bir həlqəsi zəifdirsə, bütöv zəncir zəifdir. Artıq bu zəncirin mövcudluğunun faydası yoxdur.

Oyan, ey Türk! Babalarının keçdiyi yola bax. Birliyini təmin et, gücünü toparla, böyük Turanı qoru, gələcəyini qoru. Özünü gələcək nəsillərin qınağına məruz qoyma. Sabahı gözləmə. Sabah gec olacaq.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (I cild) “Təhsil” nəşriyyatı, Bakı, 2010

2015-09-19   43088