NKPI

Maraqlı Məlumatlar

Coğrafiya ensiklopediyası - I

İnsanlar ətraf əraziləri və təbiəti öyrənməyə başlayır

İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri, onların təbii-coğrafi şəraitini, təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişlər. Ətraf ərazilərə olan maraq və onlar haqqında məlumat toplamaq yaşamaq uğrunda mübarizənin bir hissəsinə çevrilmişdir. Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqları tanımaq, onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplanması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi. Bu dövrdə təbii fəlakətlər və ya vəhşi heyvanlarla mübarizə üçün birləşmək tələb olunurdu.

İnsanların sayının artması, müxtəlif ərazilərdə yaşayan tayfaların birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. Qədim Misir, Babilistan, Yunanıstan, Roma, Çin və Hindistanda dövlətlərin yaranması daha uzaq əraziləri öyrənməyə marağı artırırdı. Onlar yeni əraziləri zəbt etmək, əsir almaq, qənimətlər əldə etmək və ya özlərini hücumlardan qorumaq üçün yürüşlər təşkil edir, bu zaman ətrafların təbiətini də öyrənməyə çalışırdılar.

Qədim Misirdə coğrafi biliklər

Ətraf ərazilərə ilk səyahətlər qədim misirlilərə məxsusdur. Müxtəlif tikililərdə, daşlarda, fil sümüyü və ya papirus üzərində olan və bizə gəlib çatan yazılarda onların hərbi yürüşləri haqqında məlumatlar vardır. Bu məlumatlarda göstərilir ki, onlar b.e.ə. XXIX əsrdə Süveyş körfəzinə çatmış, b.e.ə. XXVIII əsrdə Sinayda olan sərhalarda hərbi yürüşlər zamanı müvəqqəti su axımı yerləri, tikinti daşı, mis, malaxit, firuzə yataqları tapmış və onlardan uzun illər istifadə etmişlər.

Sonrakı dövrlərdə, təxminən b.e.ə. 1530-cu ildə firon I Tutmos Suriyanı keçərək Fərat çayının yuxarı axarına, b.e.ə. 1493-cü ildə Xatşepsut dəniz səyahəti zamanı Punt ölkəsinə (indiki Somali yarımadası və Yəmən) çatmış, buradan xeyli miqdarda ağac materialları, fil sümüyü, qızıl, heyvanlar, qullar gətirmişdir. Qədim misirlilər uzun illər ərzində Nil çayının yuxarı axını, Qırmızı və Aralıq dənizi sahili ərazilərdə üzmüş və ticarət aparmışlar.

B.e.ə. IV əsrdə Makedoniyalı İsgəndər Misiri işğal edərkən onların topladığı coğrafi məlumatlardan istifadə etmişdir. Eyni zamanda bu məlumatlar Qədim Yunanıstan alimlərinin əsərləri üçün zəngin mənbə olmuşdur.

B.e.ə. VII əsrin sonunda firon Nexo Misir-Finikiya donanmasında Qrmızı dəniz boyu cənuba üzərək üç il ərzində Afrikanın ətrafına dolanaraq geri qayıtmışdır. Bu səyahət barədə qədim yunan alimi Herodot da məlumat vermişdir.

Çaylararasında coğrafi biliklərin toplanması

Mesopotamiya ilkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biridir. Dəclə və Fərat çayları arasında əlverişli təbii şəraiti və məhsuldar torpaqları olan ərazilərdə məskunlaşan, şumerlər adlanan xalqlar tarixi boyu bir neçə dövlət qurmuşdur. Burada təsərrüfatın yüksək inkişafı elmin və mədəniyyətin də yüksəlişinə, ətraf ərazilərin öyrənilməsinə şərait yaradırdı. B.e.ə. XXVIII əsrdə onlar gil lövhələr üzərində hecalı yazı üsulu kəşf etmişdilər.

Şumerlərin b.e.ə. XXV əsrə aid gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Bu lövhələrdə balıq pulcuqlarına oxşar simvollarla Livan dağları, mərkəzdə paralel xətlərlə şumerlər üçün mühüm cəhət təyini obyekti olan Fərat çayının orta axarı, Zaqros dağları çəkilir.

Şumer padşahı I Sarqon və onun davamçıları ömrünün çox hissəsini yürüşlərdə keçirmişdir. B.e.ə. XXIV-XXIII əsrlərdə şumerlərə Fərat çayı boyu əksər ərazilər, Dəclə (İndiklad) çayının sol qollarının keçdiyi ölkələr, İran (Anşan), Bəhreyn (Dilmun) və Oman (Maqan) ölkələri məlum olmuşdur. Qədim Babilistana aid olan (b.e.ə. V əsr), hazırda Britaniya muzeyində saxlanılan xəritələrdən birində şəhərlərin təsvirindən görünür ki, Dünya dairəvi və yastı formadadır. Fərat çayı dağlardan başlayaraq ölkədən keçir və okeana tökülür. Quru sahələri hər tərəfdən okeanla əhatə olunur, onun kənarında yeddi ada yerləşir. Xəritənin mərkəzində Babilistan, həmçinin kənarda Assuriya və Urartu dövlətlərinin adları yazılmışdır.

Qədim İranda ətraf ərazilər haqqında məlumatlar

İndiki İran ərazisində qədim dövrlərdə mövcud olmuş dövlətlər o dövr üçün güclü olan imperiya qurmuşlar. Bu dövlət Əhəmənilər ipriyası adlanır. Böyük II Kirin hakimiyyəti dövründə (b.e.ə. 558-530) İran, Midiya, Lidiya, Kiçik Asiyada olan yunan şəhərləri, Mesopotamiya, o cümlədən Babilistan, Mərkəzi Asiyanın çox hissəsi, Qafqaz onun tabeliyində olmuşdur. I Dara dövründə (b.e.ə. 522-486) farslar Pamir yaylası (qədim fars dilində Pa-i-muxr – Günəş allahı olan Mitra damı), Fərqanə vadisi, Amurdərya çayının yuxarı axını, Hind çayının sağ sahillərindəki əraziləri tanıyırdılar. I Daranın dövründə olan yürüşlər və zəfər qazandıqları ölkələr haqqında məşhur Behistan yazıları qalmışdır (b.e.ə. 521-518). Behistan yazıları Kerman şəhərindən 30 km məsafədə yerləşir. Onların oxunması XIX əsrdə mümkün olmuşdur.

Farsların məlumatları əsasında Herodot göstərir ki, Xəzər daxili su hövzəsidir, heç bir dənizlə əlaqəli deyildir. Onun uzunluğu avarlı gəmidə 15 günlük, eni ən geniş yerdə 8 günlük yoldur. O dövrdə avarlı gəminin bir gündə 80 km yol getdiyini nəzərə alsaq Xəzərin uzunluğu 1200 km olar.

Finikiyalılar və karfagenlilər dənizə çıxır

Finikiya və Karfagen dənizçiləri Aralıq dənizi sahillərini öyrənmiş, ilk dəfə o dövrdə “Herakl sütunları” adlanan, indiki Cəbəlüttariq boğazından Atlantik okeanına çıxmış, Avropa və Afrikanın sahilboyu ölkələrində olmuşlar.

Finikiya Aralıq dənizinin şərq sahillərində yerləşmiş, Tir, Sidon, Bibl və s. şəhərlərdən ibarət olmuşdur. Onlar b.e.ə. I minillikdə dənizdə və quruda fəal ticarətlə məşğul olmuş, misirlilərin təcrübəsindən istifadə edərək 22 hərfdən ibarət əlifba yaratmışlar.

Torpaqları az olduğuna görə finikiyalılar sənətkarlıq, balıqçılıq və ticarətlə məşğul olurdular. Onlar b.e.ə. XII-X əsrlərdə Aralıq dənizində olan adaları və sahil boyu əraziləri tutmuşdular. Karfagen şəhəri də onlar tərəfindən b.e.ə. IX-VIII əsrlərdə salınmış, az vaxtda müstəqil dövlətə çevrilmişdir.

B.e.ə. 609-595-ci illərdə karfagenlilər misirlilərlə birlikdə Qırmızı dənizlə üzərək Afrikanın ətrafına dolanmışlar. B.e.ə. VI əsrdə (525-ci ildə) yaradılmış “Peripl” adlı səlnamədə Hannonun başçılığı ilə karfagenlilərin 60 gəmidə 30 min nəfərlə Afrikanın qərb sahilləri boyu üzməsi haqqında xəbər verilir.

Finikiyalılarla yanaşı karfagenlilər də Atlantik okeanında üzmüş, burada olan Azor, Kanar, Madeyra adaları, Afrikanın şimalında olan Atlas dağları haqqında ilk coğrafi məlumatları vermişlər. Onların karvanı Böyük Səhranı keçərək Niger çayına çatmışdı. Karfagenlilər b.e.ə. VII-V əsrlərdə Afrikanın Atlantik okeanı sahillərini, Priney yarımadasını, Aralıq dənizi sahillərini tutmuşdur. B.e.ə. 146-cı ildə Karfagen Qədim Roma ilə müharibədə məğlub olmuş və dağıdılmış, əhalisi isə əsir alınmışdır.

Bəzi məlumatlar kipr adası sakinləri və finikiyalıların Baltik dənizinə qədər getdiyini, buradan kəhrəba apardığını sübut edir. Kəhrəba müalicə daşı, qiymətli bəzək əşyası və tilsim-qoruyucu kimi istifadə edilirdi. Bu dövrdə Britaniya adaları Qalay adaları kimi məlum idi. Buradan tunc əritmək üçün lazım olan qalay daşı gətirilirdi.

Qədim Hindistanda “Coğrafiya”nın yaranması

Qədim Hindistan coğrafi biliklərin toplandığı əsas mərkəzlərdən biridir. B.e.ə. III minillik-II minilliyin əvvəlində Hind çayı hövzəsində cənubi Asiyanın qədim sivilizasiya mərkəzi yaranmışdır. O, indiki Pakistan ərazisində tapılan Xarappa şəhərinin adı ilə adlanır. Dünyada məşhur olan Moxenco-Daro şəhəri də bu dövrdə Hindistanda mövcud olmuşdur.Onlar haqqında yazılı məlumatlar azdır, lakin Tar səhrası, Hindistan yarımadasının geniş ərazilərini mənimsəmələri, Himalay dağlarına qədər yayılmaları məlumdur. Sahilboyu Ərəbistan dənizi və Oman körfəzində üzərkən xarappalılar küləklərin istiqaməti və onların mövsümlər üzrə dəyişməsi haqqında məlumatlardan istifadə edirdilər.

Sonrakı dövrlərdə bu ərazilərə şimal-qərbdən gələn hind-arilər ilkin vaxtlarda Qanq çayının axınında yaşamışlar. Onlar dağlar və səhralardan keçərək Mərkəzi Asiyaya yol açdılar. Bu yol b.e.ə. II əsrdən başlayaraq Böyük İpək yolu kimi istifadə edilmişdir. Qədim İpək yolu Çindən Aralıq dənizi hövzəsinə, oradan Avropaya gedən ticarət yolu rolunu oynamışdır.

Qədim hindlilər b.e.ə. III əsrdə Misir, İran, Aralıq dənizi hövzəsi ölkələri ilə ticarət əlaqələri saxlayırdılar. Onlar Hind-Çin yarımadasını kəşf etmiş, bu əraziləri Suvarnabxumi (Qızıl torpaqlar) adlandırmış, okeanda sahilboyu yerləşən Lakkodiv, Maldiv, Andaman və Nikobar adalarını mənimsəmişlər.

Qədim çinlilərin “Coğrafiya”nın inkişafına töhfəsi

Qədim Çin coğrafiyanın inkşaf etdiyi mərkəzlərdən biri olmaqla bərabər, həm də o dövrdə öyrənilən ərazilərin geniş olması, əkinçiliyin yaxşı inkşaf etməsi ilə fərqlənir. Qədim Çində ilk dövlət b.e.ə. II-I minillikdə Xuanxe və Yantszı çaylarının arasında yaranmışdır. Burada b.e.ə. XVI əsrdə İn (San) dövləti qurulmuş, əhali ieroqlif yazısını kəşf etmiş, tunc əridilməsi texnikasına yiyələnmiş, döyüş – cəng arabası (ikitəkərli araba) yaratmışlar. Çinlilər b.e.ə. XIV əsrdə şimalda Böyük Çin düzənliyinin şimal sərhədlərinə, qərbdə Tayxanşan dağlarına, şərqdə Sarı dənizə, b.e.ə. XIII-XII əsrlərdə Yantszı çayının mənsəbinə, cənubda Nanlin dağlarına çatmışdılar.

B.e.ə. XIII əsrin sonunda Si çaylarının tacir-dənizçiləri yelkənli yastı gövdəli gəmilərdə Sarı dənizdə üzərək Lyaodun körfəzini kəşf etmiş, Koreya yarımadasına, oradan da Yapon dənizinə çatmışlar. Yantszı çayının hövzəsində yerləşən bu çarlığın sakinləri b.e.ə. VII əsrdə onun mərkəzi hissələrini mənimsəmiş, Şərqi Çin çin dənizi sahillərində Tayvan adasını kəşf etmiş, Cənubu Çin dənizini öyrənmişlər.

B.e.ə. 985-980-cı illərdə Çin padşahı Mu Xan Qobi səhrasına və Kukunor gölü əyalətlərinə yürüş keçirmiş, bu dövrdə 190000 li (100 min km) yol qət etmişdir (1 li = 576 m).

 B.e.ə. IV əsr – III əsrin əvvəllərində Çində tamamilə “Coğrafiya”ya həsr edilən əsərlər yaranmışdır. Belə ki, b.e.ə. III əsrdə Çin çarlığında adı məlum olmayan coğrafiyaçı o dövrdə məlum olan ərazilərin təsvirini verilmişdir.

B.e.ə. II əsrdə ölkələr və əraziləri təsvir edən xüsusi növ coğrafi əsərlər yaranmışdır. Bu formada coğrafi təsvirlərdən birinin müəllifi olan Çjan Syan b.e.ə. 138-ci ildə imperator tərəfindən Yeddi çay rayonunda köçəri həyat sürən usun tayfalar birliyinə səfr göndərilmişdir. O, Daxili Monqolustan və Baykal ətrafında əsirlikdə olmuş, Tyan-Şanda, İssık-Kul gölü sahilində, Fərqanə vadisində, Pamirdə, Təklə-Məkan səhrasında, Lobnor gölü ətrafında da olmuşdur.

Qədim Çində məlum olan geniş ərazilərin xəritələri hazırlanmışdır. Onlar yürüşlərdə və tikinti işlərində istifadə edilmişdir. Xəritələrin dəqiq çəkilməsi üçün b.e.ə. III əsrdən başlayaraq kompaslardan istifadə edimişdir.

III əsrdə məsafəni təyin edən aparat yaradıldıqdan sonra 18 vərəqdə “Regional atlas” və ipək üzərində “Çinin böyük xəritəsi” hazırlanmışdır.

Antik “Coğrafiya”

Qədim Yunanıstan və Qədim Roma b.e.ə. I minillikdən eramızın V əsrinə qədər yüksək inkişaf səviyyəsində olmuşdur.

Eyni zamanda indiyə qədər gəlib çatan mənbələr göstərir ki, digər elmlərlə yanaşı burada “Coğrafiya” da yüksək inkişaf etmişdir.

Bu dövrdə elm sahələri “Fəlsəfə” adı altında öyrənilmişdir.

Dünyanın ilk dəfə dərk edildiyi mərkəz

Qədim Yunanıstanı əslində bütün elmlərin “ilk beşiyi” adlandırmaq olar. B.e.ə. XVI-XV əsrlərdə Aralıq və Qara dənizləri birləşdirən Hellesnont (Dardanel) və Bosfor boğazları artıq yunanlara məlum idi.

Yunanlar-axeylilər az vaxtda Krit adası da daxil olmaqla ətrafda olan Rodos, Kipr, Evbeya adaları və digər sahilboyu əraziləri öz əsarətlərinə aldılar. Bu adalarda məşhur şəhər-dövlətlər (polislər) olan Korinf, Afina, Fiva, Delfi və başqaları yarandı və az vaxtda sürətlə inkişaf etdirildi.

B.e.ə. VIII-V əsrlərdə yunanlar Aralıq dənizinin bütün sahələrinə yayıldılar. Kiçik Asiya sahillərindən olan ioniyalılar Siciliya adasının şimal və şərq sahillərində Messana (Missina), Apennin yarmadasının qərbində Neapol, Rona çayının mənsəbinə yaxın Massaliya (Marsel) məntəqələrinin əsasını qoydular.

B.e.ə. VIII əsrin ortalarında Milet şəhərindən olan dənizçilər Nil çayının mənsəbində olarkən onun yunan hərfi olan deltaya (∆) oxşadığını nəzərə alaraq bu ərazini Delta adlandırdılar.

Onlar Qara dənizin şimal sahillərində 50-dən çox məntəqənin əsasını qoydular (Tira, Feodosiya, Patikapey, Borisfenida və Olviya).

B.e.ə. VII əsrdə yunanlar Pont dənizinin (Qara dəniz) Qafqaz sahələrinə gəlmiş, bu ərazilərdə hal-hazırda da mövcud olan bir çox şəhərlərin əsasını qoymuşlar. Bunlara Hermonassa (Taman), Fasis (Poti), Dioskurida (Suxumi), Pitiunds (Pitsunda) və b. aiddir.

Qədim Yunanıstanda elmin yüksək inkişaf səviyyəsi

Qədim Yunanıstanda təbiətşünaslığın əsasını Miletli Fales (b.e.ə. VII əsrin sonu-VI əsrin ortaları) qoymuşdur. Fales hesab edirdi ki, su hər şeyin əsasını təşkil edir, kainat ilahi qüvvə tərəfindən yaradılmışdır. O, “üfüq” (bu söz sonradan yaranmışdır) terminini, “üfüqün cəhətləri” (şimal, cənub, şərq, qərb) sözlərini işlətmişdir. O vaxtdan coğrafiya xəritələri cəhətlərə əsasən tərtib olunur.

İlk belə xəritənin tərtib edilməsi (b.e.ə. 550 il) Falesin şagirdi Aneksimandrın adı ilə bağlıdır (b.e.ə. 610-547). O, “Dünyanın xəritəsi” və “Qlobus” traktatlarını yazmışdır. Aneksimandr hesab edirdi ki, Yer silindr formasındadır, biz onun mərkəzində yerləşirik. Onun ölçüsü Günəşin ölçüsünə bərabərdir. Ay Günəşə nisbətən Yerdən 1,5 dəfə uzaqda yerləşir. Ulduzlar buludlardan müəyyən qədər yuxarıda yerləşir. Canlılar Günəş şüaları altında, rütubətli yerlərdə təbii proseslər nəticəsində yaranır.

Miletli coğrafiyaçılar “qitələr” terminindən istifadə edərək “Asiya” və “Avropa”nı ayırmağa başladılar. Bu gün həmin adların assuriya dilindəki “asu” – “günçıxan” və “ereb” – “gün batan” sözlərindən alınması mütəxəssislər tərəfindən qəbul edilir. “Yerin təsviri” traktatının müəllifi, Aneksimandrın müasiri olan Miletli Hekatey Liviyanı (Afrikanı) da əlavə qitə kimi ayırmışdır. İlkin vaxtlarda Afrika Karfagenə aid edilirdi. İlk dəfə romalı Kvint Enninin (b.e.ə. III əsr) şeir formasında yazılmış tarixi “Annalı” əsərində “Afrika” sözünə rast gəlinir. Romalılar Karfagen dövlətini dağıdaraq tutulmuş ərazilərdə Afrika əyaləti yaratdılar. Sonralar bu ad bütün materikə aid edildi.

B.e.ə. V əsrin əvvəlində Miletli Hekatey dünyanın yunanlara məlum olan hissəsinin bizə gəlib çatan ilk xəritəsini tərtib etmişdir. Burada Aralıq dənizində olan dörd böyük yarımada (Kiçik Asiya, Balkan, Apennin və Pireney) təsvir olunur.

Herodot (b.e.ə. 490-480-cı illər arası-425) özünün “Tarix” kitabında təkcə hadisələr haqqında deyil, həm də gəzdiyi ərazilərin əhalisi, təsərrüfatı, coğrafi təsviri haqqında da məlumat verir. O, Kiçik Asiyada, Babilistanda, Misirdə, Finikiyada, Siciliyada olmuş, Qara dəniz sahillərində məskunlaşan skiflər haqqında yazmışdır. Herodot göstərir ki, İstr (Dunay) bütün Avropadan keçərək axır. İkinci böyük çay olan Borisfenin (Don) aşağı axarları meşələrlə örtülüdür. Çayın bir tərəfində əkinçi – skiflər, digər sahilində köçəri – skiflər yaşayır. Skiflər qərbdən şərqə doğru 9 günlük yolu olan ərazidə məskunlaşmışlar. Skiflər ölkəsi cənubda Krıma qədər, şərqdə Tanais (Don) çayına qədər uzanır. Onun əsərlərində Volqa çayının adı çəkilmir. Herodot məlum ərazilərin xəritəsini çəkmişdir.

Yerin kürə şəklində olması əvvəlcə b.e.ə. VI əsrdə Pifaqor, sonra Eleyadan olan Parmenid (b.e.ə. V-IV əsrlər) trəfindən irəli sürülmüşdür. Bu fikirlər faktlarla təsdiq edilmirdi. Pifaqorun fikrinə görə kürə ideal formadır. Ona görə ilahi qüvvə bütün göy cisimlərinə belə ideal forma vermişdir.

Yerin kürə şəklində olmasını Stagirdən olan məşhur filosof Aristotel  və Knidadan olan astronom Evdoks (b.e.ə. IV əsr) sübut etmişdir. Şimaldan cənuba gedərkən ulduzların biri görünür, digəri üfüqdə gözdən itir. Bunu Yer səthinin əyri olması ilə izah etmək olar. Gəmilər səthinin əyri olması ilə izah etmək olar. Gəmilər açıq okeanda uzaqlaşdıqca üfüqdə əvvəlcə onların gövdələri, sonra isə tədricən dor ağacları gözdən itir. Aristotel ona diqqət yetirmişdir ki, Ay tutulan zaman Yerin kölgəsi onun üzərində dairəvi görünür, dağlara qalxdıqca üfüqdə görünən ərazilər genişlənir. Bu fikirlər qədim insanların Yerin kürə şəklində olması haqqındakı fikirlərinin əsasını təşkil edir.

Qədim yunan səyyahları sırasına əslində Makedoniyalı İsgəndəri də aid etmək olar. B.e.ə. 327-323-cü illərdə şərqə doğru yürüşü zamanı sərkərdə o dövrdə məlum olmayan min kilometrlərlə məsafə qət etmiş, ölkələr fəth etmişdir. Bu ərazilərin öyrənilməsi coğrafiyanın inkişafına böyük təkan vermişdir.

Yerin kürə şəklində olması ideyasını qəbul edərək Misirin İsgəndəriyyə şəhərində yaşayan Eratosfen (b.e.ə. 276-194) onun ölçülərini hesablamışdır. Eyni zamanda Eratosfen Yerin radiusunun 6310 km, 1°-lik meridian qövsünün 110 km olduğunu da hesablaya bilmişdir.

Eratosfen o dövrə qədər toplanmış coğrafi bilikləri qələmə almışdır. O, yunanlara məlum olan və insanlar yaşayan əraziləri “oykumen” adlandırmışdır. Eratosfeni çox vaxt “Coğrafiyanın atası” adlandırırlar. Alim özünün “Coğrafi qeydlər” kitabında ilk dəfə “Coğrafika” (Coğrafiya) sözünü işlətmişdir. O, bu ad ilə Yerin təsviri vermiş və məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. Bu xəritə o vaxt üçün məlum ərazilərin ən dəqiq təsviri hesab olunurdu. Burada şimaldan cənuba, şərqdən qərbə xətlər çəkilmişdir ki, bu xəritədən istifadəni asanlaşdırmışdır. Onları faktiki olaraq meridianlar və paralellər hesab etmək olar.

Lakin enliklərin dərəcələrlə hesablanmasını ilk dəfə Hipparx (b.e.ə. 160-125) aparmışdır. O, ilk dəfə meridianı 180 dərəcəyə bölmüş, xəritədə dərəcə şəbəkəsi çəkmiş, Yerin məskunlaşan hissəsində 12 iqlim (yun. klima – meyl), yəni enlik zonası ayırmışdır. Onlar Günəşin üfüqdə hündürlüyünə və şüaların düşmə bucağına əsasn müəyyən olunur.

Sonrakı dövrlərdə, b.e.ə. II əsrin sonu, I əsrin əvvəlində (b.e.ə. 135-b.e. 51) bu formada hesablamanı Posidoniy iki dəfə aparmış və Yer çevrəsi uzunluğunun 180 min stadi olduğunu müəyyən etmişdir. Yerin ölçüləri haqqında rəqəmlərin azalması Böyük Coğrafi kəşflər dövründə xüsusi əhəmiyyət kəsb etmişdir. Məhz bu məlumatların əsasında avropalılar hesab edirdilər ki, Avropadan qərb istiqamətində gedib Asiyanın şərqinə asanlıqla çatmaq olar.

Posidoniy Yer üzərində 13 qurşaq ayırmağı təklif edir. Onlara Şimal yarımkürəsində iki yaşayış olmayan qurşaq (isti və soyuq qurşaqlar), 4 yaşayış olan qurşaq (skif-kelt, orta, quru səhra, efiopiya qurşaqları), Cənub yarımkürəsində iki yaşayış olmayan qurşaq, 4 yaşayış olan qurşaq, hər iki yarımkürə üçün ümumi olan ekvatorial yaşayış olan isti qurşaq aiddir.

Posidoniy Yerin kürə şəklində olmasını müəyyən etdikdən sonra yunanlar onun üzərində 5 qurşaq ayırdılar. Onlara yaşayış mümkün olmayan və donmuş dənizlərdən ibarət olan Şimal soyuq qurşaq, yerdə məlum yaşayış əraziləri olan şimal mülayim qurşağı, qaynar okean suları olan, yaşayış mümkün olmayan isti qurşaq, məlum olmayan, lakin yaşayış olması güman edilən cənub mülayim, yaşayış olmayan cənub soyuq qurşaq aiddir.

Antik coğrafiyanın ən mühüm ideyalarından biri Dünya okeanının vahidliyi haqqındadır. Bu fikri ilk dəfə Aristotel söyləmiş, sonra Eratosfen tərəfindən inkişaf etdirilmişdir.

O, deyirdi ki, “əgər Atlantik okeanının geniş suları mane olmasa, eyni paralel üzrə İberiyadan (Pireney yarımadası) Hindistana üzüb keçmək olar”. Bu dövrdə Cənubda olan torpaq sahələri Terra Australis İncognita (Naməlum Cənub Torpaqları) adlanmış və 1,5 min ilə yaxın sirr olaraq qalmışdır.

Qədim Roma imperiyasında “Coğrafiya” elmi

Qədim Romada sərkərdələrin hərbi yürüşlərini əsl coğrafi səyahət hesab etmək olar. B.e.ə. 350-320-ci illərdə romalılar və yunanlar Böyük Britaniya adalarına qədər üzürdülər (Pifey). Yuli Sezar b.e.ə. 55-54-cü illərdə Böyük Britaniya adalarına olan yürüşdə iştirak etmiş, adanın cənub yarısını tutmuşdu. Eramızın 55-ci ilində romalılar Skandinaviya sahillərinə qədər üzmüşdülər. 84-cü ildə isə Y. Aqrikolun başçılığı ilə Roma donanması B. Britaniya adalarının ətrafına dolanmış, ətraf adaları öyrənmişlər.  

Uzaq ölkələrlə ticarət aparmaq üçün coğrafi biliklərin olması mütləq vacib idi. Bu zərurət nəticəsində Qədim Romada bir neçə iri həcmli “Coğrafiya” kitabları yazılmışdır. Bu kitablar hazırda da öz əhəmiyyətini saxlayırlar.

Bu kitablardan birinin müəllifi olan Strabon (b.e.ə. 63-b.e.ə. 24) iki eranın qovşağında yaşamışdır.

Strabon varlı və məşhur ailədən idi, yaxşı təhsil almışdı. Kiçik Asiyada yerləşən Amasiyadan olan Strabonun “Coğrafiya” əsəri 17 kitabdan ibarətdir. O, Roma imperiyasına daxil olan İtaliya, Kiçik Asiya, Misir, Efiopiya, Şimali Afrikada olmuş, zəngin məlumatlar toplamışdır. Onların əsasında “Coğrafiya” ilə yanaşı “Tarixi qeydlər” kimi fundamental əsərlər yaratmışdır. İkinci əsər dövrümüzə gəlib çatmamışdır. “Coğrafiya” kitabında Strabon o dövrdə məlum olan bütün ölkələr, onların tarixi, əhalisi, təsərrüfatı haqqında digər mənbələrdə olmayan məlumatlar verir. Strabonun bu kitabında ilk dəfə Azərbaycanın təbiəti, təsərrüfatı və əhalisi haqqında yazılı məlumat verilir.

Eramızın II əsrində Misirin İsgəndəriyyə şəhərində yaşamış yunan alimi Klavdiy Ptolomey (90-160) öz dövrü üçün fundamental əsər sayılan “Coğrafiya” kitabını yazmışdır. Kitab bir çox əsrlər boyu, yəni “İntibah” dövrünə qədər ölkələr və regionlar haqqında zəngin məlumat mənbəyi kimi istifadə edilmişdir. 8 hissədən ibarət K. Ptolomeyin birinci kitabı nəzəri məsələlərdən bəhs edir. Kitab bütünlükdə Yer kürəsində coğrafi koordinatların təyin edilməsini, kartoqrafiyaya aid olan müəyyən məsələlərin əhatə edir. Sonrakı kitablarda şərhlər insanlar məskunlaşan ərazilər (oykumen) Müqəddəs adalardan (Kanar adaları) başlayaraq təsvir edilir.

İkinci və üçüncü kitablar Avropaya, dördüncü Afrikaya, beşinci və altıncı kiçik Asiyaya, yeddinci Cənubi Asiyaya həsr edilmişdir. Sonuncu səkkizinci kitabda K. Ptolomeyin tərtib etdiyi xəritənin təsviri verilir. Kitabda Avropa dəqiq təsvir edilsə də, Çin və Hindistan haqqında məlumatlar ümumi xarakter daşıyır. Çinə Hindistana gəmilər üzüb gəlir. Ptolomeyin əsərlərində Volqa (Ra çayı) çayına qədər ərazilər haqqında məlumat verilir.

Romada III əsrdə xüsusi “yer ölçmə xidməti” yaradılmışdır. Bütün Roma imperiyasında yollar ölçülür və xüsusi işarələr qoyulurdu. Bu dövrdə Roma imperiyasının yol şəbəkəsi xəritəsi tərtib edilmişdir. 

 

Şərq ölkələrində “Coğrafiya”nın inkişafı

Ərəb ölkələrində coğrafi biliklər

Ərəb Xilafətinin yaranması ərəblərin Ərəbistan yarımadasından bütün Yaxın və Orta Şərq ölkələrinə, Mərkəzi Asiyaya, Şimali Afrika və Cənubi Avropaya yayılmasına imkan vermişdir. İşğal edilmiş ərazilərdə vahid ərəb dilinin istifadə edilməsi, Qədim Yunanıstan, Hindistan, Suriya və İran elmi mənbələrinin bu dilə tərcümə edilməsi elmin əsas mənbələri olmuşdur.

VIII-IX əsrlərdə Ərəb Xilafətində elm və mədəniyyət yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu dövrdə Bağdad siyazi-inzibati paytaxt olmaqla yanaşı, Xilafətin mühüm elm və mədəniyyət mərkəzinə çevrilir, müxtəlif xalqların yazılı mədəniyyət mənbələri burada toplanır, bura müxtəlif regionlardan alimlər dəvət edilirdi.

Artıq VIII-IX əsrlərdə ərəb ölkələrində elm antik mənbələrin nailiyyətlərindən istifadə etməkdən müstəqil fəaliyyətə keçdi. Harun ər-Rəşidin oğlanlarından biri əl-Məmun elmin əsas himayəçisi kimi şöhrət tapmışdır. Onun köməyi ilə “Müdriklər evi” və ya “Müdriklər xəzinəsi” adlanan elm mərkəzinin fəaliyyəti genişləndi və Xilafətin elm mərkəzinə çevrildi. Mərkəzdə digər ölkələrdən gətirilən kitablar tərcümə edilirdi və onun əsasında böyük kitabxana yaradılmışdır. Az vaxtda burada alimlər yunan mütəfəkkirlərinin əsərləri ilə tanış oldular.

“Müdriklər evində” qədim astronomların aldığı nəticələri yoxlamaq və yeni məlumatlar almaq üçün iki rəsədxana qurulmuşdur. Əl-Məmun dövründə “Müdriklər Evinə” öz dövrünün böyük alimi Əl-Xarəzmi (787-850) başçılıq edirdi. Onun ən məşhur əsəri hesab və cəbr sahəsində traktatdır. “Bərpa olunma və qarşı-qarşıya qoyulma haqqında kitab” əsərinin əvvəlində təqvim, coğrafi və astronomik hesablama üsulları verilir. Burada istənilən yerdə enliyin necə təyin edilməsi, sutkanın işıqlı və qaranlıq vaxtının 1/12 hissəsinin necə təyin edilməsi, Günəşin üfiqdə hündürlüyünə görə istənilən cismin kölgəsinin təyin edilməsi haqqında danışılır. Əl-Xarəzminin “Yerin mənzərəsi kitabı” ərəb coğrafiyası ədəbiyyatının ümumi vəziyyətini əks etdirirdi. Dövrümüzə bir nüsxədə gəlib çatan kitab Ptolomeyin “Coğrafiya” kitabının yunan-suriya tərcüməsi, ərəb və fars dilində mənbələr, əl-Məmunun xəritəsi və başqa mənbələr əsasında yazılmışdır. Kitabda 2402 məntəqənin koordinatı verilmişdir.

Orta əsrlərə aid ərəb dilində olan “Coğrafiya” kitabları zəngin məlumatlı olması ilə tanınır. Ərəb alimləri bu dövrlərdə “Yolların və ölkələrin kitabı”, “Ölkələrin möcüzəsi” adlı əsərlər yaratmışlar. Onlar tacirlər və zəvvarların getdiyi yolların təsvirini veir, görməli yerləri tərənnüm edirlər.

Bu istiqamətdə ilk əsərlərdən birini IX əsrdə İbn Xordadbəy (820-912/913) yazmışdır. Onun “Yollar və məmləkətlər haqqında kitab” əsərinin əsas məzmununu Bağdaddan şimala, Mərkəzi Asiyaya qədər və cənuba – Hindistana qədər yolların təsviri təşkil edir.

X əsrin birinci yarısında Əl-Bəlxinin fundamental “Yer qurşaqları kitabı” yayılmışdır. Kitab sonrakı dövrlərdə coğrafi təsviretmə istiqamətində yaranan çoxlu sayda kitablar üçün mənbə rolu oynamışdır.

IX-X əsrlərdə yaşamış ərəb coğrafiyaçı və səyyahlarından Əl-İstərxi “Məmləkətlərin yolları kitabını” yazmışdır. O, Mavərənnəhr, İran, Ərəbistan, Suriya və Misirdə olmuşdur. Əl-İstərxi Yerin əhali məskunlaşan hissələri, onun dənizləri haqqında xəbər verir. Burada Yer kürəsi 20 iqlimə bölünür, Ərəbistan, Hind okeanı, Məğrib (Əndəlus və Siciliya ilə birlikdə), Misir, Suriya, İran, Azərbaycan, Xəzər dənizi, Rusiya ərazisində olan dövlətlər və şəhərlər haqqında məlumat verilir.

X əsrin məşhur səyyahı İbn Fadlan Volqa boyunda yaşayan bulqarlar və peçeneqlər, Qara dənizin şimalında yaşayan köçəri tayfalar haqqında zəngin məlumatlar vermişdir. 

Bu dövrdə Yəməndən olan alim və şair Əl-Həmdani (X əsr) “Ərəbistanın təsviri” kitabında öz doğma ölkəsinin təsvirini verir. Tarix və astronomiyaya dair əsərlərin də müəllifi olan, “Qrammatik” təxəllüsü ilə tanınan alimin məntəqələr, bazarlar, məscidlər, təsərrüfat, təbiət haqqında məlumatları çox maraqlıdır.

Orta əsrlərdə ərəb ölkələrində xəritə çəkilməsi işlərinə xüsusi diqqət yetirirdilər. IX əsrdə “Müdriklər evində” məlum məntəqələrin koordinatlarının köməyi ilə dünyanın kifayət qədər dəqiq xəritəsi (əl-Mamun xəritəsi) tərtib edilmişdir. Lakin o dövrümüzə qədər gəlib çatmamışdır.

XII əsrdə Əl-İdrisi dünyanın ümumi xəritəsini tərtib etmiş və 70 xəritədə yaşayış məntəqələrinin təsvirini vermişdir. O, gümüş üzərində dünyanın dairəvi xəritəsini çəkmiş, bu zaman Ptolomeyin xəritəsindən istifadə etməklə yanaşı, onu yeniləşdirilmiş və xeyli düzəlişlər aparmışdır.

Orta əsrlərdə ərəb ölkələrində “Coğrafiya” yüksək inkişaf etmişdi.VII əsrdə yaşamış ərəb səyyahı Übeyd İbn Şəriyyə Azərbaycanda və Ərəb Xilafətinə daxil olan digər ölkələrdə olmuş, onlar haqqında zəngin məlumatlar vermişdir.

IX əsrin sonu – X əsrin əvvəllərində yaşamış fars mənşəli ərəb coğrafiyaçısı İbn Rusta Şərqi Avropa, Ön Asiya, Mərkəzi asiya ölkələrində və İranda olmuşdur. Səyyah 903-cü ildə yazdığı əsərdə (“Nəfis daş-qaşlar kitabı”) öz dövründəki coğrafi və astronomik məlumatları, gəzdiyi yerlərdə olan obyektlərin təsvirini vermişdir. O, dünyanın 7 iqlimindən, heyvanlar, bitki aləmindən və müxtəlif möcüzələrdən danışır. Azərbaycanda olan Xəzər dənizi, Kür və Araz çayları V iqlim qurşağında təsvir olunur. Burada Yerin kürə şəklində olduğunu sübut edən dəlillərə də rast gəlinir.

X əsrdə yaşamış Bağdadlı ərəb səyyahı Əl-Məsudi (?-956) Ön Asiyanın, Mərkəzi Asiyanın, Qafqazın, Şərqi Avropanın, Şimali və Şərqi Afrikanın, İndoneziyanın, Çinin təbiəti, tarixi və xalqları haqqında əsər yazmışdır. Onun “Qızıl yuyulan yer və cəvahirat mədənləri” əsəri (947-ci ildə bitmiş, 956-cı ildə yenidən işlənmişdir) tarixi-coğrafi ensiklopediyadır. “Xəbərdarlıq və yenidən gözdən keçirmə kitabı” alimin coğrafi görüşlərini əks etdirir.

XIII əsrin birinci rübündə Yaqut Əl-Həməvinin çoxcildlik “Coğrafiya” lüğətində Antik, Bizans, Avropa və ərəb müəlliflərinin coğrafi fikirləri ümumiləşmiş halda verilir.

XIV əsrin ortalarında yaşamış və indiki Mərakeşin Təncər (1304-1377) şəhərindən olan İbn Bəttutə Afrikanın Niger və Nil çaylarında üzmüş, Böyük Səhranı iki dəfə keçmişdir. Səyyah Afrikanın şərq sahillərində olmuş, Volqa çayı boyu Bulqar şəhərinə qədər getmişdir. Bundan sonra Bəttutə Ön Asiyada, Mərkəzi Asiyada, Hindistanda, Hind-Çində və Çində olmuşdur. Vasko da Qama bu ərazilərə gələrkən ərəblər Hindistan, Hind-Çin ölkələri və Çin ilə geniş ticarət əlaqələrinə malik olmuşlar.

Antik dövrdə yaradılan elmi mənbələr əsrlərdə ərəb ölkələrində inkişaf edən elm sahələri üçün əsas mənbə rolunu oynayırdı. Yəni antik mənbələrin müəyyən mənada qorunub saxlanmasında ərəb dünyasının xüsusi rolu olmuşdur. İntibah dövründə Avropa ölkələri bunlardan istifadə etməyə məcbur idilər. Onların qorunmasına görə avropalılar ərəblərə borcludur.

Ərəb Xilafətinin ilkin orta əsrlərdə (1259) dağılması bu ölkələrdə elmin inkişafına mənfi təsir göstərmişdir.    

Digər Şərq ölkələrində “Coğrafiya”nın inkişafı

Orta əsrlərdə Aralıq dənizindən Çinə qədər ərazilərdə ərəb dili əsas elmi və ədəbi dil kimi istifadə edilirdi. Bura daxil olan ölkələri birləşdirən digər cəhət isə islam dini idi. Bu ölkələr Şərq ölkələri adı altında birləşirdilər. Bu dövrdə ən çox inkişaf edən sahələrə astronomiya, riyaziyyat, tibb, fəlsəfə ilə yanaşı coğrafiyanı da aid etmək olar. Əl-Xarəzmi tərəfindən məharətlə işlənib hazırlanan astronomik və coğrafi üsullarla öyrənilən, riyaziyyat istiqamətli ərəb coğrafi fikirləri sürətlə yayılmağa başladı.

Orta əsrlərdə Çində ərazilərin təsvir olunması sahəsində xeyli işlər görülmüşdür. Tan dövründə (618-907-ci illər) əyalətlərin başçılarına hər üç ildən bir imperiya mülklərinin xəritələrinin mərkəzi hökumətə verilməsi (780-ci ildən sonra 5 ildən bir) haqqında göstəriş verilmişdir. Orada səfirlər və tacirlərdən daxil olan coğrafi məlumatlar da toplanırdı. Onların əsasında Tszya Tan 801-ci ildə “Asiman və vəhşi ölkələrin xəritəsini” tərtib etdi. Burada Asiyanın böyük hissəsini əhatə edən dənizlərin təsviri verilirdi. O, həm də imperator sarayı üçün nəzərdə tutulan “Böyük Tan xəritəsinin” müəllifidir. Ola bilər ki, ondan Siani (Sensi) şəhərində daşlarda oyulan Çinin məşhur xəritəsinin (1137-ci il) tərtib edilməsi zamanı istifadə etmişlər. Xəritədə 100 li (57,6 km) tərəfi olan kvadrat şəbəkəyə malikdir.

Elmə məlum olan xəritələrin ilk dəfə çap edilməsi XII əsrdə Çində həyata keçirilmişdir.

Riyazi-coğrafi biliklər XIV əsrə qədər ərəb dilli ölkələrdə yazılan “Zic”lərin əsas tərkib hissəsi idi. “Zic”də yeni kəşf edilən ölkələr, şəhərlər və başqa coğrafi obyektlər haqqında yeni məlumatlar verilirdi. Bu dövrdə olan kitablarda qısa nəzəri hissədən sonra astronomiya və coğrafiyaya aid tədqiqatlar yerləşdirilirdi. Ərəb astronomu və riyaziyyatçısı əl-Bəttatinin (IX əsrin sonu-X əsrin əvvəli) “Zic-Sabey” əsərində 93 ölkə, 200 şəhər və başqa yaşayış məntəqələri haqqında məlumatlar vardır.

Əbu-Reyhan Biruni (973-1048) Xarəzm şəhərində anadan olmuş, 1018-ci ildə Qəzvinə aparılmışdır. Alim 1030-cu ildə yazdığı “Astronomiya və ulduzlar haqqında Məsud Cədvəli” kitabında coğrafi koordinatların təyin edilməsi üsullarını izah etmiş, 600-dən çox yaşayış məntəqəsinin enlik və uzunluq koordinatını vermişdir. “Nücumluq sənətinin ibtidası (haqqında) anlayış” kitabında iqlim qurşaqları və dənizlərin təsviri verilir. Əl-Biruninin “Hindistan”, “İranın icmalı” əsərləri böyük maraq və əhəmiyyət kəsb edir. Hindistan haqqında kitab “Əql tərəfdən qəbul və ya inkar edilən, hindlilərə məxsus elmlərin izahı” adlanır.

Əl-Biruni diametri 5 m olan qlobus hazırlamış, 1°-lik qövsün uzunluğunu (111,6 km), Yerin meridian çevrəsinin uzunluğunu hesablamış (41500 km), onun Günəş ətrafında fırlanmasını söyləmişdir. O, Yerin frlanma oxunun 29°34ʹ olduğunu müəyyən etmişdir.

Mərkəzi Asiyada məskunlaşan türk xalqlarının o zamankı ədəbiyyatı və dilinin öyrənilməsində Mahmud Qaşqarinin (1029-1126) “Divani-Lüğəti-it-türk” əsərinin böyük əhəmiyyəti vardır. 1071-1074-cü illərdə yazılmış əsərlərdə türk xalqlarının yaşadığı ərazilərin xəritəsi verilmiş, bu xalqların dilinə aid lüğət tərtib edilmişdir. Burada, həmçinin xalqların istifadə etdiyi il təqvimi, bürclərin adı, xalqların tarixi və adət-ənənələrinə aid zəngin məlumatlar vardır.

Nəsirəddin Tusi (1201-1274) 1259-cu ildə İranın Marağa şəhərində rəsədxana qurmuşdur. Burada o, astronomik hesablamalar aparmış, Yerin fırlanmasını sübut etmişdir. N. Tusi “Zic-Elxani” sərində yaşadığı dövrdə məlum olan 256 şəhərin koordinatlarını göstərmişdir.

Uluqbəy Məhəmməd  (1394-1449) özbək astronomu və riyaziyyatçısıdır. O, Səmərqənd şəhərində qurduğu rəsədxanada göy cismlərini öyrənmiş, “Yeni astronomik cədvəllər” və “Zic” əsərlərində apardığı müşahidələr əsasında mindən artıq ulduzun kataloqunu tərtib etmişdir. Göy cismləri haqqında alimin verdiyi məlumatlar hazırkı rəqəmlərdən az fərqlənir. Bu istiqamətdə olan əsərlərdən biri də Əl-Fərqaniyə aid olan “Göy cismlərinin hərəkəti haqqında” kitabdır.

Orta əsrlərdə yaşamış coğrafiyaçı alimlər arasında Əbdürrəşid Bakuvinin də adını çəkmək olar. O, XIV əsrin sonu – XV əsrin əvvəlində yaşamışdır. Ə. Bakuvi Yeri 7 iqlim qurşağına bölmüşdür. Burada hər bir qurşaqda yerləşən ölkələr, şəhərlər və digər coğrafi obyektlər haqqında məlumatlar verilmişdir. “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” (1404) adlanan əsərində Ə. Bakuvi Azərbaycan və onun şəhərləri haqqında da məlumat vermişdir. O, Azərbaycanı 4-cü və 5-ci iqlim qurşaqlarına aid edir.

XVI əsrdə məşhur türk dənizçisi Piri Rəis Atlantik okeanının Afrikanın sahillərində üzmüş, 1513-cü ildə Atlantik okeanının dəqiq topoqrafik xəritəsini tərtib etmişdir.

PTOLOMEYDƏN KOLUMBA QƏDƏR

Avropada orta əsrlərdə coğrafi biliklər

Qərbi Avropada bizim eranın I minilliyinin ortalarında xristianlıq bərqərar oldu. Bu dövrdə yeni dini təlimlər dünyanın quruluşu haqqında avropalıların təsəvvürlərini müəyyən edirdi. Elmi biliklər müqəddəs kitablara və kilsənin müəyyən etdiyi məhdudiyyətlərə uyğun öyrənilir və təbliğ edilirdi, xəritələr isə monastrlarda tərtib edilirdi. Orta əsrlərdə Yer səthi disk formasında təsvir olunurdu. Məlumatların çoxu antik mənbələrdən götürülsə də “Bibliya”nın tələblərinə uyğun dəyişdirilirdi. Bu tipli xəritələrin mərkəzində Yerusəlim, yuxarı hissədə Asiya, aşağıda Avropa və Afrika təsvir olunurdu. Avropa və Asiyanı Don çayı, Asiya və Afrikanı Nil çayı, Afrika və Avropanı Aralıq dənizi ayırırdı. Hər üç qitə kənardan Dünya okeanı ilə əhatə olunurdu. Okean suları bir-birinə qarşı duran Ekvatorial və Meridional okeana ayrılırdı.

Bu zaman az sayda tacirlər, zəvvarlar uzaq ölkələrə gedir, onlar haqqında məlumat gətirirdilər. Zəvvarların əsas axını Avropadan Yaxın Şərqə doğru idi. IV əsrdən başlanan bu prosesdə iştirak edən dini zəvvarları “piliqrimlər” (zəvvarlar) adlandırırdılar. 333-cü ildə Fransanın cənubundan Yaxın Şərqə gedən yol haqqında bəhs edən “Coğrafi bələdçi kitabı” çap edildi.

VI əsrdə Bizans şəhəri olan İsgəndəriyyədə Kosma İndikoplov (latınca İndikoplevst, yəni Hindistana üzən) adlı tacir yaşayırdı. Digər tacirlərlə görüşlərdə o, həmkarlardan gəzdikləri, gördükləri ölkələr haqqında soruşur, məlumatları bir yerə toplayırdı. O, müəyyən vaxtlarda (525-ci il) Hindistan, Ərəbistan, Misir və Efiopiyada olmuş, antik dövrün “Coğrafiya” əsərləri ilə tanış olmuşdur.

547-ci ildə K. İndikoplov keşiş kimi monastra getmiş və “Xristian topoqrafiyası” adlı kitab yazmışdır (“Xristianların şüphə etməsi mümkün olmayan, Müqəddəs yazılarda məlum adlara əsaslanan Kainatın Xristian Topoqrafiyası”). Burada Kosma yol qeydlərini sistemə salmış, onları Bibliya təsəvvürləri ilə uzalaşdırmağa çalışmışdır. K. İndikoplov hesab edirdi ki, Yer dartılmış dördbucaqlı formaya malikdir, hər tərəfdən okeanlardan və səma divarlarları ilə əhatə olunur. Şimalda hündür dağlar yerləşir. Günəş dağların ətrafında fırlanır, onun arxasına keçdikdə gecə olur, axrasından göründükdə yenidən səhər açılır.

VIII-XI əsrlərdə Skandinaviya və Yutlandiyada yaşayan şimali alman tayfaları Avropa tarixində əsas rol oynamağa başladılar. Sərt şimal dənizlərinin dənizçiləri olan normandlar “vikinqlər” də (mənası “istilaçı” və ya “quldurlar” deməkdir, digər fikrə görə “fyord sakinləri”) adlanırdılar. Onlar mahir dənizçilər idi, yaxşı döyüşürdülər, gəmiləri davamlı olmaqla bərabər sürətlə hərəkət edirdi. Onları soyub talamaq üçün varlı ölkələr maraqlandırırdı. Dənizçilər Şotlandiyadan Siciliya adasına qədər sahilboyu ərazilərdə şəhərlərə, monastrlara hücum edir, talanlar törədirdilər.

Bununla yanaşı, hazırda Avropanın soyuq şimal rayonlarında və Şimali Amerikada yerləşən torpaqlara ilk dəfə normandlar və islandlar ayaq basmışdır. Hələ VIII əsrdə İrlandiya sakinləri İslandiya adasını kəşf etdilər və az sayda məskənlər yaratdılar. Yüz il sonra normandlar bu adaya gəlib çatdılar. Onların ilk böyük məntəqəsi sonradan paytaxt Reykyavikə çevrildi. Norveç dənizçiləri bu ərazilərdə məharətlə üzürdülər.

670-ci ildə irlandlar Farer adalarına, 875-ci ildə normandlar Ağ dənizə, 1194-cü ildə Şpitsbergen adalarına qədər üzmüşdülər.

X əsrin ikinci yarısında Torvald adlı şəxs Skandinaviyadan İslandiya adasına üzüb keçir, onun oğlu Eyrik Ruda (Kürən) sonra adanın cənub qərbində sıx əhali yaşayan ərazilərə köçməli olur. Lakin yerli əhali ilə münaqişə nəticəsində öz tərəfdarları ilə birlikdə qərbdə yeni torpaqlar tapmaq üçün səfərə çıxır. Bir neçə gündən sonra onlar sahilləri yaşıl otlar və kollarla örtülü sahilə yaxınlaşır və burada yaşamağa başlayırlar, adanı Qrenlandiya (Yaşıl Torpaq) adlandırırlar. Bu, 981-982-ci illərə təsadüf edir. Bu ərazilər hazırda Eyriks-fyord adlanır. Sonradan onlar İslandiya adasına qayıdırlar.

Onun oğlu Leyf 35 nəfərlə təxminən 1000-ci ildə Qrenlandiyadan qərbə tərəf üzərək Şimali Amerikanın şərq sahillərinə çatdılar. Burada meşə sahələri olan əraziləri Markland (Meşə Torpağı), cənub əraziləri Vinland (Üzüm Torpağı) adlandırdılar.  Təxminən XI əsrin ilk illərində ərazini tərk etdilər (1007-1010). Normandlar hesab edirdilər ki, yeni torpaqlar olan Qrenlandiya və Vinland Avropanın davamıdır. 1427-ci ildə danimarkalı Klausun xəritəsində də ərazilər belə təsvir olunur.

Bizans imperiyasında aşağı səviyyədə olsa da, ətraf ölkələr haqqında məlumat toplanırdı. X əsrdə imperator Konstantin VII Baqryanorodnıy (913-956) taxt-tacın gənc varisi üçün “İmperiyanın idarə olunması haqqında” məsləhət kitabı tərtib etmişdir. Burada Şimali Afrikadan Volqa çayına, İspaniyadan Ərəbistana qədər olan ərazilər haqqında təsvirlər vardır.

Yeni dövrdə “Coğrafiya”nın inkişafına təkan verən hadisələrdən biri də Çin və Hindistan haqqında Avropaya zəngin məlumatlar gətirən Marko Polonun (1254-1324) səyahəti idi. Tacir ailəsindən olan Marko Polunun atsı İran, Rusiya və digər Şərq ölkələrində olmuşdur. O, 17 yaşında ikən atası ilə birlikdə uzaq səyahətlərə gedirdi. Səfəri Hörmüzdən başlayan tacirlər Mərkəzi Asiyanın səhra və dağlarından keçərək Çinə çatdılar. Az vaxtda Marko Polo yerli dili öyrənir, İmperator Xubilay xanın (Çingiz xanın nəvəsi) yanında böyük hörmət qazanır. Ailəsi ölkədə ticarətlə məşğul olur. Xan Markonu əyalətlərin birinə başçı təyin edir. O, Asiyanın bir çox daxili əyalətlərində olmuşdur. Çindən İrana kəniz gətirən gəmi karvanını müşayət edən M. Polo 1292-ci ildə 14 gəmi ilə Zaytun (hazırda Tyunçjou) limanından çıxıb Şərqi və Cənub-Şərqi Asiyadan keçərək Hörmüzə çatır.

Oradan səyyah və tacir 1295-ci ildə Venetsiyaya qayıdır. Genuya ilə olan müharibədə əsir düşən M. Polo həbsxanada öz xatirələrini diqtə edərək Rustiçiano adlı şəxsə yazdırır. Öz kitabında ad vermədiyinə görə 1298-ci ildə hazır olan əsər “Marko Polonun kitabı” adı ilə nəşr olunur. Bizim dövrümüzə onun 80 səhifəsi çatmışdır. 1375-ci ildə kitabdakı məlumatlardan istifadə edilməsi əsasında xəritə çəkildi, Şərqi Asiya, Hind okeanı, Hind-Çin yarımadası və Sumatra adası daha dəqiq təsvir olundu. 1477-ci ildə kitab böyük tirajla çap olunmuşdur. Kitabda olan məlumatlara görə Asiya okeanla əhatə olunur. Kosmoqraf və astroloq Paolo Toskanelli Kolumba göndərdiyi məktubda bu amili nəzərə almağı təklif etmişdir.

Venesiya taciri Konti Nikkolo 1424-1444-cü illərdə Hindistan, Hind-Çin, İndonezoya, Seylon və Yaxın Şərqdə olmuş, bu ölkələr haqqında zəngin məlumatlar vermişdir.

Bu səyyahlar arasında Rusiyadan olan tacir Afanasi Nikitinin də adını çəkmək olar. O, 1466-cı ildə Moskva knyazı III İvanın yanına gələn Şirvanşah diplomatları ilə birlikdə cənuba doğru yola düşür. Tver şəhərindən olan tacir Qafqazda (Şamaxıda), İranda, Ərəbistanda, Somalidə, Hindistanda olmuşdur. 1472-ci ildə geri qayıdarkən Türkiyədə, Krımda gəzmişdir. Lakin doğma şəhərinə çatmamış, Smolensk yaxınlığında vəfat etmişdir (1473). Tacir səyahət boyu tutduğu gündəliyə “Üç dəniz arxasına səyahət” adı vermişdir. Burada gəzdiyi ölkələr haqqında kifayət qədər ətraflı məlumatlar toplanmışdır.  

Naməlum ərazilərin axtarışı

Heç vaxt üzməyən dənizçi

XV əsrdə Avropa ölkələri içərisində İspaniya və Portuqaliya iqtisadi inkişafına görə fərqlənirdi. Eyni zamanda onlar güclü donanmaya, mahir dənizçilərə malik idilər. Ərəb xilafətindən yeni azad olan İspaniyada bütün ərazilər birləşdirilmişdi. Bu dövrdə saraylarda ən çox söhbət açılan, həll edilməsinə böyük səylər göstərilən vəzifə Hindistan və Çinə dəniz yollarını müəyyən etmək idi. Portuqallar XV əsrin əvvəllərindən Afrikanın ətrafından dolanaraq Hindistana dəniz yolu axtarırdılar. Bu işdə Portuqaliya Şahzadəsi Dənizçi Enrike (Henrix) (1394-1460), onun oğlu I İohan da iştrak edirdi. Henrix Dənizçi səyahətlərdə özü iştirak etməsə də, bu istiqamətdə daim ekspedisiyalar təşkil edirdi. O, xəritəşünasları, astronomları, naviqasiya cihazlarını bilənləri saraya dəvət edirdi.

1419-cu ildə portuqallar tərəfindən Madeyra adaları, az sonra Azor adaları kəşf edildi, 1462-ci ildə Syerra-Leone sahillərinə, 1470-1473-cü illərdə Qvineya körfəzi sahillərinə, 1487-ciildə Bartolomeu Diaşın başçılığı ilə olan ekspedisiya materikin cənubuna çatdı. Bura Ümid burnu adı verildi.

Portuqallar çatdıqları sahillərdə daş sütunlar – padranlar qoyurdular. Onun üzərində portuqal kralının, dənizçinin adı və gəldiyi tarix göstərilirdi.

Yeni torpaqlar fəth edən admiral

Portuqalların kəşfi müəyyən əhəmiyyət kəsb etsə də, Böyük Coğrafi kəşflər dövrü 1492-ci ildə Xristofor Kolumbun Yeni torpaqları (Amerikanı) kəşf etməsi ilə başlanır. Bu dövr XVII əsrin ortalarına qədər davam etmişdir. X. Kolumb (1451-1506) İtaliyanın Genuya şəhərində anadan olmuş, 1476-1485-ci illərdə Portuqaliyada yaşamışdır. Burada o dənizçilik işini öyrənmiş, ətraf ərazilərə olan ekspedisiyalarda iştrak etmişdir.

Yer kürə şəklində olmasına əsaslanan Xristofor Kolumb hesab edirdi ki, qərbə üzməklə Hindistana da çatmaq olar və bu yol daha qısa olmalıdır. O, vəzifəsinin öhdəsindən gəlmək üçün aparılan hesablamaların nəticələrini (Kanar adalarından Yaponiyada Sipanqo adlarına qədər olan məsafəni 3,5 dəfə) xeyli azaltdı. O, layihəni portuqal kralı II İohana təqdim edir, lakin 1485-ci ildə onun həyata keçrilməsinin mümkün olmaması haqqında cavab alır. Ona görə də layihəni İspaniyada həyata keçirmək isdəyirdi. Uzun süründürmələrdən sonra İspaniya hakimiyəti buna razılıq verir. Səyahət müvəffəqiyyətlə başa çatarsa, X. Kolumba admiral vəzifəsi verilməli idi. O, kəşf edilən ərazilərdə başçı və şahzadənin müavini (Vitse-Kral) olmalı, ərazilərdən əldə edilən gəlirin 1/10-nə yiyələnməli idi.

İspan dənizçiləri X. Kolumbun başçılığı ilə 3 avqust 1492-ci ildə “Pinta”, “Nina” və “Santa-Mariya” gəmilərində İspaniyanın Palas limanından çıxaraq Hindistana getmək üçün qərbə yola düşür. 12 oktyabr 1492-ci ildə artıq üfüqdə torpaqlar göründü. Bura indiki Baham adaları idi. X. Kolumbun Hindistana çatdığını fərz etdiyinə görə əhalini hindular, kiçik adaları isə San-Salvador (Müqəddəs Xilaskar) adlandırdı. Sonra Kuba adasına yaxınlaşdılar. Burada şəhərlər, svlizasiya axtarsalar da tapa bilmədilər. Yeni qonaqlar buranı Asiyanın çıxışı hesab etdilər və sonra növbəti böyük adaya yaxınlaşdılar. Onun Espaniyola (İspaniya adaları, indiki Haiti) adlandırdılar. Gəmilərdən birini itirdikdən sonra 25 dekabırda vətənə qayıdan heyət 15 mart 1493-cü ildə İspaniyaya çatdı.

X. Kolumb sonradan 3 dəfə də Yeni Torpaqlara səyahət etmişdir. 1493-cü il oktyabrın 11-də Kanar adalarından uzaqlaşan 17 gəmidən ibarət ekspedisiya 3 noyabrda Kiçik Antil adalarında olan Dominika adasına (bazar günü olduğuna görə latın dilində “Tanrı günü”, yəni “voskresenye” deməkdir) çatdı. Bu dövrdə X. Kolumb Kiçik Antil adaları ilə yanaşı (Qvadalupa, Montserrat, Sent-Kristofer), Puerto-Riko, Yamayka, Virginiya adalarını kəşf etdi. O, bu qənaətə gəldi ki, Kuba Asiyanın bir hissəsidir.

1498-1500-cü illərdə olan üçüncü ekspedisiya zamanı X. Kolumb Trinidad adasına (üç dağ olduğuna görə Troitsa adına uyğun), Marqarita (Mirvari), 5 avqustda Orinoko çayının mənsəbinə yaxınlaşaraq ilk dəfə Cənubi Amerika materikinə çatdılar. 1500-cü ildə X. Kolumbu həbs edərək İspaniyaya gətirdilər, az vaxtdan sonra bəraət verdilər.

1502-ci ilin mayında X. Kolumb dördüncü dəfə Atlantik okeanını keçdi. O, hesab edirdi ki, qərbə tərəf üzməklə Hindistana çatmaq olar. Kolumb indiki Mərkəzi Amerika sahillərində üzərək qərbə doğru səyahəti davam etmək üçün yol axtarsa da onu tapa bilmədi. Burada sular dərin olduğuna görə səyyah əraziləri “Onduras” (ispanca “dərinlik”, rusca Qonduras) adlandırdı. Burada şərq sahilləri boyu Panamaya qədər üzən Kolumb nəticə olmadığına görə 1504-cü ilin noyabrında İspaniyaya geri qayıtdı.

X. Kolumb 1506-cı ildə Valyadolide şəhərində dünyasını dəyişdi. Ölümündən sonra onun cənazəsi bir neçə dəfə Avropadan Amerikaya aparılmış və geri qaytarılmışdır. Hazırda Kolumbun qəbri Sevilyo şəhərində yerləşən monastırdadır.

Hindistana ilk ayaq basan Avropalı dənizçi

1488-ci ildə B. Diaş nəticəsiz geri qayıtdıqdan, ispanlar isə Yeni Torpaqlar kəşf etdikdən sonra portuqallar daha ciddi şəkildə Hindistana dəniz yolunun axtarışına başladılar. Bunun üçün xüsusi gəmilər quruldu, peşəkarlardan ibarət heyət seçildi. Kral I Manuel (1495-1521) taxt-taca oturduqdan sonra ekspedisiyanın hazırlığına başladı. Bu işin Vasko da Qamaya (1469-1524) tapşırılması qərara alındı.

1497-ci il iyulun 8-də Lissabondan yola düşən “San Qabriel”, “Berriu” və “San Rafael” gəmiləri Azor və Yaşıl Burun adalarını keçdi. Vasko da Qama marşrutun əks istiqamətində əsən küləklərdən (Bengel cərəyanı) yan keçmək üçün Afrika materikindən xeyli uzaqlaşdı, cənub qurtaracağına yaxın enliklərdə cənub-şərqə istiqamət aldı və onlar 15 dekabrda Afrikanın cənubuna çatdılar. Onların yeni ili keçirdiyi ərazi hazırda da CAR-da Natal (Doğum günü-Yeni il) adlanır. Onlar az vaxtda Mozambikə çatdılar, burada ərəb dilində danışanlar olsa da, onlara bələdçilik edən olmadı. Yoluna davam edən V. da Qama bir az şimalda Malindi limanına çatdı. Burada onlara ərəb losman və xəritəşünas Əhməd ibn Məcid kömək etdi. 1498-ci il mayın ortalarında onlar Hindistanın qərbində olan Kalikut şəhərinə çatdılar.

Səyahət nəticəsində ilk növbədə ölkəyə külli miqdarda gəlir gətirən ticarət yolları açıldı. İlk dəfə avropalılar Hind okeanına çıxdılar, Afrikanın ölçüləri və böyüklüyü müəyyən edildi.

Adına iki materik verilən ikinci sırada duran səyyah

X. Kolumb ilə eyni vaxtda və sonrakı dövrdə yeni tapılan ərazilərə çoxlu sayda dənizçilər qənimət və talan üçün üz tutrdular. Lakin yeni əraziləri ilk növbədə yaxından öyrənmək, Asiya ilə nə dərəcədə əlaqəli olduğunu bilmək və hansı şəraitə malik olduğunu müəyyən etmək lazım idi. Onlar arasında Ameriqo Vespuççi (1454-1512) də olmuşdur. O, İtaliyanın Florensiya şəhərində anadan olmuş, 40 yaşına qədər bank işində çalışmışdır. 1499-cu ildə A.Vespuççi İspaniyaya gəlir, Alonso-de Oxedanın ekspedisiyasının hazırlanmasında iştirak edir və özü də onlarla yola düşür. 18 may 1499-cu ildə Oxedanın gəmiləri Kadisdən yola düşdü. İyunun sonunda onlar Yeni Torpaqlarda 400-600 şm.e. zonasına çatdılar. Ameriqo Vespuççi gəmidə sahil boyu cənub-şərqə tərəf üzür. Görünür, o, hesab edirdi ki, artıq Asiya sahillərindədir və onun ucqar cənub-şərq sahillərinə çatmaq zəruridir. İyulun 2-də onlar Amazon çayının mənsəbinə çatdılar. Lakin güclü əks istiqamətli küləklər onların irəliləməsinə imkan vermədi. Ona görə 200 c.e.-dən geri döndülər. Karib dənizində Oxedaya qoşulub 1500-cü ildə İspaniyaya qayıtdılar.

Dənizçilər Karib dənizində yerli əhalinin suda dirəklər üzərindəki evlərini gördülər. Buranı Venetsiyaya oxşadan heyət üzvləri əraziyə Venesuela (Kiçik Venetsiya) adı verdilər.

1501-ci ildə Ameriqo Vespuççi Portuqaliya xidmətinə keçir və həmin il mayın 10-da Qonsalu Kuelyunun ekspedisiyasında Braziliyaya yola düşür. Sahil boyu cənuba doğru üzən dənizçilər 1502-ci il yanvarın 1-də Quanabara buxtasına daxil oldular. Limanı çay mənsəbi kimi qəbul edərək Rio-de-Janeyro (Yanvar çayı) adlandırdılar. Onlar cənub-şərqə tərəf istiqamət götürüb 520 cənub enliyinə qədər üzərək burada adaya çatdılar, sonra 1502-ci ilin sentyabrında Lissabona döndülər.

Ameriqo Vespuççinin Yeni Torpaqların öyrənilməsində xidmətləri böyükdür. Səyyah müəyyən etdi ki, X. Kolumbun kəşf etdiyi ərazilər Asiya deyil. 1503-cü ildə o öz məktubunda yazırdı ki, “Bu ölkəni “Yeni Dünya” adlandırmaq lazımdır. Bizdən əvvəlkilərin bura haqqında heç bir təsəvvürü yoxdur”. Səyyahın əsas faktları o idi ki, Asiya Şimal yarımkürəsində yerləşir və ekvatoru kəsmir. Yeni kəşf edilmiş torpaqlar təkcə ekvatordan deyil, Cənub tropikindən də cənubda yerləşir. Ameriqo Vespuççi gəzdiyi ərazilər haqqında yazılar dərc etdirir, onların təbiəti, əhalisi, əxlaqi qaydaları, adətləri barədə geniş məlumat verirdi. Lakin bu ərazilər haqqında məlumatlar əksər halda gizli saxlanılırdı.

1507-ci ildə Lotaringiyada, San-Dye şəhərində Martin Valdzemüller nəşr etdirdiyi “Kosmoqrafiyaya giriş” əsərində Ameriqo Vespuççinin iki məktubunu latın dilində çap etdirir. O göstərir ki, “qədim dövrdə Yer kürəsi Avropa, Asiya və Afrika kimi 3 hissəyə (qitəyə) ayrılırdı. İndi Ameriqo Vespuççi tərəfindən kəşf edilən 4-cü hissəni (qitəni) “Ameriqo ölkəsi” və ya “Amerika” adlandırmağı heç kim və heç bir haqla qadağan edə bilməz”.

O dövrdə hesab edirdilər ki, Kolumb Köhnə Dünyanı – Asiyanın tropik şərq hissəsini öyrənib. Ameriqo Vespuççi isə Yeni Dünya kəşf etmişdir. Məşhur flamand xəritəşünası Herard Merkator (1512-1594) ilk dəfə Amerika adını şimal materikinə də aid edir. O, 1538-ci ildə çap edilən xəritədə cənub materikində “Amerikanın cənub hissəsi”, şimalında “Amerikanın şimal hissəsi” sözlərini yazır.

Belə vəziyyət həmin əraziləri kəşf etmiş və öyrənilməsi üçün böyük xidmətlər göstərmiş X. Kolumba qarşı böyük tarixi haqsızlıq və ədalətsizlik idi. Lakin XIX əsrdə A. Humbolt göstərirdi ki, burada Ameriqo Vespuççinin günahı yoxdur.

Onlar dünya səyahəti etmək fikrində deyildi

XVI əsrin əvvəlində yeni tapılan ərazilərin Asiya ilə əlaqəli olub-olmaması, onların bir-birindən nə qədər məsafədə yerləşməsi sual olaraq qalırdı. 1513-cü ildə ispan dənizçisi Vasko Nunyes de Balboa  (1475-1517) Panama bərzəxindən keçərək Cənub okeanını (Sakit okeanı) kəşf etdi. Lakin onun ölçüləri məlum deyildi. Eyni zamanda okeana dəniz yolu da tapılmamışdı. Şimal əraziləri çox soyuq olduğuna görə bu dəniz yolunu cənubda axtarmağa üstünlük verirdilər. Lakin sərt təbii şəraitdə üzmək üçün insanları məcbur etmək və məharət tələb edilirdi.

1494-cü ildə İspaniya və Portuqaliya arasında Tordesilyas sazişi imzalandı. Müqavilədə nəzərdə tutulurdu ki, Hindistana dəniz yolunu ispanlar qərbdən, portuqallar şərqdən axtarmalı idi. 55° q.u. üzrə Atlantik okeanı təsir dairəsinə bölünmüşdü. Ona görə qərb istiqamətindən ədviyyatın əsl vətəni olan Molukk adlarına dəniz yolunu tapmaq ispanlar üçün çox vacib vəzifə idi. Müqavilə öz qüvvəsini 1755-ci ilə qədər saxlamışdır.

1518-ci ildə portuqal dənizçisi Fernan Magellan (1470-1521) bu yolu açmaq istədiyini bildirdi və layihəni Hindistan işləri üzrə İspaniya Şurasına təqdim etdi. F. Magellan təqdim etdiyi xəritədə cənubda boğaz olduğunu deyirdi. O, artıq Hindistanda və Malakkada olmuş, buradakı bir çox döyüşlərdə iştirak etmişdir. Magellanın bu təklifi Portuqal kralına təqdim edilsə də qəbul edilməmişdir (1513).

Lakin İspaniya üçün bu yolun açılması çox vacib və əhəmiyyətli idi. Ona görə 20 sentyabr 1519-cu ildə 5 gəmi ilə (“San-Antonio”, “Konsepsion”, “Trinidad”, “Viktoriya”, “Santyaqo”) 265 nəfərdən ibarət heyət cənuba tərəf yola düşdülər. Onlar sahilə yaxın məsafədə üzərək 1521-ci il oktyabrın 21-də Böyük okeana keçidi tapa bildilər. Dənizçilər böyük çətinliklə olsa da, küləklərə rast gəlmədiklərinə görə Sakit adlandırdıqları okeanı keçdilər. Aclıq xeyli dənizçinin ölümünə səbəb oldu. Az vaxtdan sonra onlar Marian adalarına, sonra Filippinə (taxt-tacın varisi şəhzadə Filippin-sonralar ispan kralı olan II Filippin şərəfinə adlanıb) çatdılar.

Bu zaman artıq 3 gəmi qalmışdı. “Santyaqo” Atlantik okeanında kəşfiyyata gedərkən məhv olmuş, “San-Antonio” geri qayıtmışdı. 1521-ci il apreli 27-də yerli tayfalarla toqquşmada F. Magellan həlak oldu. 20 nəfər təcrübəli və bacarıqlı zabiti də yerli başçılar öldürdülər. Ekspedisiyanı geri qaytaran Xuan Sebastyan El-Kano “Viktoriya” gəmisində portuqllardan qaçaraq səyahəti davam etdirir, qərbə tərəf üzərək 8 sentyabr 1522-ci ildə Sevilyada lövbər salır. “Trinidad” gəmisini geri qaytarmaq istəyirlər. Lakin onlar portuqallara əsir düşür. Dənizçilərdən sağ qalan 3 nəfər 5 il sonra İspaniyaya qayıtmışdır.

Səyahət çox vaxt El-Kanonun adı ilə adlandırılsa da, F. Magellanın bu ekspedisiyadakı rolu danılmazdır. Səyahət “Coğrafiya” elminin, ticarətin, dənizçilik işinin inkişafında xüsusi əhəmiyyətə malik idi. Onun nəticələrinə aşağıdakıları aid etmək olar: X. Kolumbun başladığı iş nəhayət ki, başa çatmış oldu; Şərq ölkələrinə qərb istiqamətdən dəniz yolu açıldı; Yerin kürə şəkildə olması praktiki olaraq müəyyən edildi; Sakit okeanın ölçüləri məlum oldu; qurunun suya nisbətən çox sahə tutması ideyası təsdiqini tapmadı. Səyahət göstərdi ki, X. Kolumb tərəfindən yeni kəşf edilmiş ərazilər Asiyadan ayrıdır və müstəqil materikdir.

Materiklər eyni vaxtda öyrənilir və işğal edilir

Bu dövrdə ərazilərin işğalı geniş şəkildə aparılırdı. Hələ 1497-1498-ci illərdə ingilis xidmətində olan italiyan Con Kabot Nyufaundlend adasını və Labrador yarımadasını kəşf etmişdir. 1509-cu ildə Sebastyan Kabot (C. Kabotun oğlu) ilk dəfə hudzon boğazı və Hudzon körfəzində olmuşdur. Həmin ildə ispan V. Y. Pinson Kampeçe və Honduras körfəzlərinin, Yukatan yarımadasını kəşf etmişdir. 1513-cü ildə ispanlar Florida yarımadasına, 1528-1535-ci illərdə Böyük Düzənliklərə, Qayalı dağlara çatmışdılar. 1534-1541-ci illərdə fransız ekspedisiyası Jan Kartyenin başçılığı ilə Müqəddəs Lavrenti çayının mənsəbinə çatmış, çay boyu materikin daxilinə doğru üzmüşlər. Çay boyu sıra ilə olan evlərin yerləşdiyi ərazini Kanada adlandırmışlar. Hindu dilində kənd “Kanada” adlanır. Lakin onlar bütün əraziləri Yeni Fransa adlandırdı. Səyahət zamanı dənizçilər Ontario çayı, Monreal yüksəkliyini (Monreal – “Kral dağları” deməkdir) kəşf etdilər.

Bu dövrdə Asiyaya şimal-qərb yolunun açılması mühüm vəzifə hesab edilirdi. Bir neçə dəfə buna cəhd olsa da nəticəsi olmamışdır. 1585-1587-ci illərdə ingilis Con Deyvis Şimal-qərb dəniz yolunu tapmaq üçün üç dəfə cəhd etmiş və Deyvis boğazından keçmişdir.

İngilis dənizçisi Henri Hudzon da Şimal-qərb dəniz yolunu açmaq isdəmişdir. H. Hudzon sonralar onun adına verilmiş boğaz və körfəzlərdən keçmiş, lakin burada hələk olmuşdur.

Abel Tasmanın kəşfləri

1602-ci ildə yaradılan Holland “Ost-Hind şirkəti” az sonra portuqallardan burada olan əraziləri aldı və cənubda yeni ərazilərin axtarışını davam etdirdi. 1605-1606-cı illərdə Villem Yanszon Arafur dənizini keçərək Keyp-York yarımadasının qərb sahillərinə çatdı. Bu, avropalıların Avstraliyaya ilk çıxışı oldu.

1642-ci ildə məşhur holland dənizçisi Abel Tasman (1603-1659) Hind okeanının cənubunda olan materiki 52°-54° c.e-dən axtarmaq, Yeni Qvineya və Solomon adalarını tapmaq üçün səyahətə yollandı. Onlar Holland şirkətinin mərkəzi Bataviyadan (Cakarta) qərbə tərəf üzərək Mavriki adalarına, oradan 49°04' cənub enliyi boyu şərqə tərəf üzərək Van-Dümen adasına rast gəldilər (ekspedisiyanı təşkil edən Ost-Hind qubernatoru Van Dümenin adına), sonra indiki (1853-cü ildən) Tasmaniya adasına çatdılar. Səyahət zamanı, 1642-ci ildə Yeni Zelandiya kəşf edilsə də onun ada olub-olmamasını müəyyən edə bilmədilər (hesab olunurdu ki, bura Cənub Torpağının kənarıdır). Onlar Tonqo və Fici adalarını kəşf etdilər, Yeni Qvineyadan keçərək 1643-cü ilin iyununda geri döndülər.

Bu səyahət müəyyən etdi ki, Avstraliya cənub materikinə aid deyil, onu Yeni Hollandiya adlandırdılar. Lakin, səyahət prosesində quruya yaxınlaşmadılar, onun materik və ya ada olması qeyri müəyyən olaraq qaldı.

Bu problemi həll etmək üçün 1644-cü ilin yanvarında A. Tasmanın başçılığı ilə yeni ekspedisiya təşkil edildi. Onlar yeni Qvineya adasının cənubundan, Torres boğazının yanından keçərək Keyp-York yarımadasının qərbindən Şimal-Qərb burnuna qədər 5500 km ərazini xəritəyə köçürdülər.

XVII əsrin ikinci yarısında C. Kukun səyahəti sübut etdi ki, Cənub Torpağı mövcud deyildir. Ona görə ingilis səyyahı Metyu Flindersin təklifi ilə ona əvvəlki adı (Avstraliya) qaytarıldı (latın dilində australus – cənub).

XVIII-XIX əsrlərdə “Coğrafiya”nın inkşafı XVIII əsrin coğrafi kəşfləri

XVII əsrdə artıq İspaniya və Portuqaliya qarşısında duran əsas vəzifə tapılmış torpaqlarda möhkəmlənmək, onları mənimsəmək idi. Həm də bu dövrdə İspaniya və Böyük Britaniya arasında münasibətlərin gərginləşməsi 1588-ci ildə müharibəyə gətirib çıxardı. “Məğlubedilməz armadanın” darmadağın edilməsi ispan donanmasına ciddi zərbə vurdu. Eyni zamanda ingilislər okeanda daha fəal axtarışa başlamaqla yanaşı, artıq kəşf edilmiş və mülkiyyət elan edilmiş əraziləri tutmağa cəhd edirdi. Ona görə XVIII əsrdən sonra ingilislərlə yanaşı fransızlar, hollandlar, eyni zamanda rusların fəallığı artırdı. Ruslar XVIII əsrin əvvəlində Sakit okeana çıxdıqdan sonra Asiya və Amerikanın bitişik və ya ayrı olması müəyyən edilməli idi.

1725-ci ilin yazında I Kamçatka ekspedisiyası Vitus Berinqin (1681-1741) başçılığı ilə yola düşdü. 1728-ci ildən onlar Amerikaya çatmasa da, boğazdan keçərək Asiyanın ayrıca olmasını müəyyən etdilər. Sonra C. Kuk buranı Berinq boğazı adlandırmağı təklif etdi. 1733-1743-cü illərdə olan II Kamçatka (Böyük Şimal) ekspedisiyası bu ərazilərin öyrənilməsində xüsusi rol oynamışdır.

İlk sülhməramlı səyyah

XVIII əsrin ortalarında ingilislərin Amerikada fəal işğalçılıq siyasəti və dənizlərdə hökmranlığı öz nəticəsin verdi. 1756-1763-cü illərdə aparılan yeddi illik müharibə nəticəsində Fransanın Şimali Amerkada olan mülkləri alındı. Bu ərazilərin ilk xəritəsini hazırlamaq səyyah və kartoqraf Ceyms Kuka (1728-1779) tapşırıldı (1763). Burada topladığı təcrübə onun üç dəfə apardığı dünya səyahəti üçün çox əhəmiyyətli oldu.

“İndeveor” (ingilis dilində endeavorr-cəhd) gəmisində 1768-1771-ci illərdə olan Birinci ekspedisiyanın əsl məqsədi 3 iyun 1769-cu ildə Cənub tropikində Veneranın Günəş dairəsindən keçməsini müşahidə etmək idi. Əslində C. Kuk naməlum Cənub Torpağını tapmalı, A. Tasmanın müəyyən etdiyi əraziləri qərbdən öyrənməli idi.

C. Kuk səyahət zamanı müəyyən etdi ki, Yeni Zelandiya boğazla ayrılan iki adadan (Şimal və Cənub) ibarətdir, Yeni Qvineya Avstraliyadan ayrıldı. Bu zaman Avstraliyanın şərq sahilləri öyrənildi.

1772-1775-ci illərdə olan İkinci ekspedisiya “Rezoluşen” (Qərar) və “Advençur” (İdarə) gəmilərində baş tutdu. 1773-1774-cü illərdə C. Kuk Cənub qütb dairəsini keçdi, nə qədər üzmək mümkündürsə getdi. O düşünürdü ki, “burada materik, üzmək mümkün olmayan qütbə yaxın ərazilərdə ola bilər, buradan cənubda olan torpaqlar heç vaxt tədqiq edilməyəcəkdir”.

1776-1779-cu illərdə baş tutan Üçüncü ekspedisiyada məqsəd Sakit okeandan Atlantik okeanına keçmək idi. “Revolyuşen” və “Diskoveri” (Kəşf) gəmilərində C. Kuk Şimali Amerikanın qərb ucqar nöqtəsinə çatıb onu “Uels Şahzadəsi” adlandırdı. Şimal Buzlu okeanında buzlaqlar nə qərbdən, nə də şərqdən üzməyə imkan vermədi. Geri qayıdarkən C. Kuk Havay adalarını kəşf etdi və 1779-cu ilin fevralında burada yerli əhali tərəfindən öldürüldü.

Fransızlar dünya səyahətində

XVIII əsrin ikinci yarısında Fransa hökuməti yeni torpaqlar tapmaq üçün Sakit okeana bir neçə ekspedisiya göndərmişdir. Onlar arasında 1766-1769-cu illərdə dünya səyahəti etmiş Lyu Antuan de Buhenvil (1729-1811), 1785-1788-ci illərdə səyahət edən Jan Fransua Laperuz (1741-1788) və 1826-1828-ci illərdə səyahət edən Jül Sebasten Sezar Dümon-Dürvil (1790-1842) daha böyük işlər görmüşdür. Onlar Sakit okeanda olan adaların öyrənilməsi və xəritəyə köçürülməsində böyük işlər aparmışdır. J. F. Laperuz 1787-ci ildə Sakit okeanın şimalında, Uzaq Şərq rayonunda olmuş, Çindən şimalda olan əraziləri Tatariya, Saxalini materikdən ayıran boğazı Tatar, Kuril adaları arasındakı boğazlardan birini “Bussol” (gəmilərindən birinin adı ilə) adlandırmışdır. O, Saxalini yarımada hesab etmiş, onu Xokkaydo adasından ayıran boğazdan (hazırda onun adını daşıyır) keçərək Sakit okeana çıxmışdır. Heyət 1788-ci ildə Melaneziyada, Santa-Kruz adaları yaxınlığında qəzaya uğramışdır.

Gəminin qalıqlarını 40 il sonra J. Dümon-Dürvil müəyyən etmişdir. O, Okeaniya adalarını ilk dəfə üç qrupa ayırmışdır (Meloneziya, Mikroneziya, Polineziya). J. Dümon-Dürvil 1823-1824-cü illərdə olan dünya səyahəti zamanı Yeni Qvineya, Yeni Britaniya, Hilbert, Marşall və Tuamotu adalarını öyrənmişdir. 1826-1828-ci illərdə olan ikinci ekspedisiyada bu adalarla yanaşı Yeni Zelandiya, Fici, Marian adalarında olmuşdur. O, 1837-1840-cı illərdə Antarktidaya səyahət etmişdir.

XIX əsrin coğrafi kəşfləri. Sonuncu materikin gecikmiş kəşfi

Uzun illər ərzində cənubda olması güman edilən torpaqlar rus dənizçiləri F. F. Bellinshauzen (1778-1852) və M. M. Lazarev (1788-1851) tərəfindən kəşf edilmişdir. Ekspedisiya 16 iyul 1819-cu ildə başlamışdır. Səyahətçilər “Vostok” və “Mirnı” gəmilərində 27 yanvar 1820-ci ildə cənub qütb dairəsini keçdi, bir gün sonra onlar tamamilə buz sahəsindən ibarət olan qayalara çatdılar. Həmin gün yeni materik olan Antraktidanın kəşfi günüdür. Onlar Avstraliya və Yeni Zelandiyada qışlama keçirdikdən sonra 1821-ci ilin yanvarında Cənub qütb dairəsindən cənubdakı materikə yenidən yaxınlaşdılar. I Pyotr və I Aleksandr adlarını kəşf etdilər, ətraf adaları (Cənubi Setlend) öyrəndilər və 1821-ci ildə geri qayıtdılar.

 

XX əsdə “Coğrafiya”nın inkişafı

Arktikanın fəth olunması

XX əsrdə dünya xəritələrində olan “ağ ləkələr” tədricən azlmış və demək olar ki, yox olmuşdur. Bu dövrdə əraziləri öyrənmək üçün texniki imkanlar çox böyük sürətlə artmış, təbiətdə baş verən proses və hadisələrin səbəb-nəticə əlaqələri müəyyən edilmiş, sərt təbii şəraitə malik olan qütb ətrafı ərazilərlə yanaşı, okeanların dərin sahələri, atmosferin yuxarı qatları tədqiq olunmuşdur. Bu dövrdə elmi biliklərin toplanması və onlardan istifadə edilməsi yüksək səviyyəyə çatmışdır. XX əsrdə də səyyahların zəfərləri ilə yanaşı, çoxsaylı faciələr də baş vermiş, neçə-neçə insan bu yolda həlak olmuşdur.

Fritof Nansenin Şimal qütbünə çatmaq cəhdi

Şimal qütb rayonlarının öyrənilməsi prosesində ilk addımlarından birini Norveç dənizçisi və səyyahı Fritof Nansen (1861-1930) atmışdır. Hələ 1888-ci ildə F. Nansen ilk dəfə Qrenlandiya adasını gəzib keçmişdir. O, 1893-cü ildə “Fram” gəmisində Şimal qütbünə çatmaq üçün səyahətə çıxır, Avrasiyanın şimal sahilləri ilə üzərək Novosibir adalarına qədər gedir. Səyyah gəmini üzən buzlar arasında dondurub onlara birləşdirir və hesab edir ki, üzən buzlar onu qütbə apara bilər. Lakin buzların cənuba getdiyini görən Nansen həmkarı Frederik Yalmar İohansen ilə gəmini tərk edib 86°14' şm.e-nə çatdılar. Səyyahlar buz dağlarına rast gəldiklərinə görə geri qayıtdılar. Onlar Frans İosif adasında qışlayıb 1896-cı ildə ingilis ekspedisiyası ilə vətənə döndülər. Bu dövrdə F. Nansen ən çox şimala gedən qütb tədqiqatçısı olmuşdur.

Şimal qütbünə çatmaq uğrunda mübarizə

1900-cu ilin aprelində italiyan Umberto Kani F. Nansenin getdiyindən onlarla kilometr şimala irəliləyir, lakin qütbə çata bilmir.

 Şimal qütbünə ilk dəfə ayaq basmaq amerikalı Robert Edvin Piriyə (1856-1920) nəsib olmuşdur. O, 20 il ərzində Qrenlandiya adası və digər soyuq, ucqar, yüksək enliklərdə təcrübə toplamışdır. R. Piri 4 dəfə dünyanın ucqar Şimal nöqtəsinə çatmaq üçün cəhd göstərmişdir. 1906-cı ildə isə 87° şm.e-nə qədər gedib çatmışdır.

Nəhayət, 6 aprel 1909-cu ildə Şimal qütbünə və ya eskimosların dilində “Böyük Mismar” adlandırılan bu əraziyə ilk insan çatır. 4 eskimos və xidmətçisi ilə birlikdə Şimal coğrafi qütbünə çatan R. Piri bu haqda ABŞ-ın Prezidenti Uilyam Taftuya teleqram göndərir.

R. Pirinin həmyerlisi Frederik Albert Kuk (1865-1940) sübut etmək isdəyirdi ki, 1908-ci ilin aprelində ilk dəfə iki eskimosla Şimal qütbünə çatmışdır. Uzun mübarizələr iki nəfər arasında kimin haqlı olduğunu aydılaşdıra bilmədi. F. Kukun gündəliyi və kifayət qədər sübutu olmadığına görə R. Piriyə üstünlük verənlər çoxluq təşkil edirdi. Lakin onun vəsiyyətinə uyğun olaraq 1990-cı ildə, ölümündən 70 il sonra arxiv sənədləri açıldıqda məlum oldu ki, R. Piri Şimal qütbünə çata bilməmişdir. Son məntəqəyə 200 km qalmış ekspedisiyanın ərzaq ehtiyatı tükəndiyinə və fiziki sağlamlıqları imkan vermədiyinə görə onlar geri qayıtmışlar. Lakin o dövrdə R. Piri qütbə ən çox yaxınlaşan səyyah olmuşdur. Ona görə də bu şərəf onun adına yazılaraq qalır. Eyni zamanda hər iki səyyahın Şimal qütbünə çatması haqqında faktlar sübutlar onlardan hər hansının haqlı olması üçün kifayət deyildir.

Şimal qütb rayonlarının öyrənilməsi üçün rus dənizçiləri də xeyli əmək sərf etmişlər. Onlar arasında Georgi Yakovleviç Sedov (1877-1914) və Aleksandr Vasilyeviç Kolçaq (1874-1920) xüsusilə fərqlənir. G. Sedov 1912-ci ildə Şimal qütbünə çatmaq üçün “Foka” gəmisində Arxangelskdən yola düşür. Lakin həyat 1914-cü ildə Frans İosif Torpağında buzlar arasında qalır, ekspedisiyanın rəhbəri G. Sedov həlak olur, qalan üzvləri isə sağ-salamat geri dönür.

1920-1930-cu illərdə Şimal qütb rayonlarının öyrənilməsi üçün yeni yaradılmağa başlayan dirijabl və hava şarlarından geniş istifadə edilməsinə başlanır. 1926-cı ildə italiyan aviasiya konstruktoru Umberto Nobilenin hazırladığı “Norge” hava gəmisi Şimal qütbünə çatdı. Burada Rual Amundsen və Linkoln Elsuert də iştirak edirdi. 1928-ci ildə “İtaliya” gəmisi ilə Şimal qütbünə çatdılar, buranı öyrəndilər, lakin hava gəmisi yolda Şpitsbergen adalarına yaxın qəzaya uğradı, heyətin üzvlərini xilas etmək üçün ekspedisiya təşkil edildi. Onların axtarışında iştirak edən, tərkibində R. Amundsenin də olduğu fransız-norveç heyətindən ibarət “Latam” hidrotəyyarəsi itkin düşdü və tapılmadı.

Şimal qütbünə 1948-ci ilin aprelində Rusiyanın “Şimal” ekspedisiyası çatmışdır. Onlar ilk dəfə burada okeanın dərinliyinin 4033 metr olduğunu müəyyən etmişlər.

1937-ci ildə Şimal qütbündən keçməklə rus təyyarəçiləri V. V. Çkalovun rəhbərliyi ilə Amerikaya (ABŞ-ın Vankuver şəhərinə) çatdılar. Onlar 63 saat 25 dəqiqə ərzində 12 min km yol getmişdilər.

Rusiyanın “Arktika” atom buzqıran gəmisi ilk dəfə Şimal qütbünə çatdı. Bu, insanın su yolu ilə Yerin ən şimal nöqtəsinə ilk gəlişi idi. “Arktika” gəmisinin uzunluğu 150 m, eni 30 m, su basımı 25 min tondur. Gəmi hər cür naviqasiya avadanlığı ilə təmin edilmişdir, elmi-tədqiqat və müşahidə aparmaq imkanlarına malikdir. 3 və daha çox metr qalınlığa malik olan buzlar arasında üzmək çox çətin şəraitdə keçirdi. 17 avqust 1977-ci ildə “Arktika” gəmisi Şimal qütbünə çatmışdır. Bu imkanı yaratmaq texnikanın mühüm nailiyyətlərindən biri idi.

Bu nöqtəyə atom su altı qayığında ilk dəfə 1958-ci ilin avqustunda ABŞ-ın “Nautilus” gəmisi çatmışdır. O, 96 saat ərzində Berinq boğazından keçərək Mərkəzi Arktika, Şimal qütbündən keçərək, Qrenlandiyaya çatmış, buzun altı ilə 3300 km yol qət etmişdir. Həmin ildə ABŞ-ın “Skeyt” atom su altı qayığı buzun altı ilə 4500 km yol keçmişdir. Rusiyanın sualtı qayığı Yerin ən şimal məntəqəsinə 1962-ci ildə gəlmişdir. Bu işdə Arktikanın məşhur tədqiqatçısı Y. Hakkelin mühüm rolu olmuşdur.

Cənub qütb sahəsinin öyrənilməsi

XIX əsrin əvvəllərində Antarktida kəşf edildikdən sonra onun öyrənilməsi çətin şəraitdə getmişdir. Sərt təbii şərait daha yaxşı hazırlıq, mərdlik, cəsarət, daha böyük imkanlara malik olan gəmilər tələb edirdi. Lakin bu ərazilər və ətraf sular az vaxtda balina, xəz dəri ovçularını da cəlb etməyə başladı. 1838-1842-ci illərdə Çarlz Uilksin baçşılığı altında olan amerikan ekspedisiyası Antarktidanın şərq sahillərini (UilksTorpağını) öyrənmişdir. Fransız dənizçisi İ. S. Dümon-Dürvilin rəhbərliyi ilə olan ekspedisiya 1837-1840-cı illərdə Cənub maqnit qütbünü axtarmış, Adeli Torpağını və Lui Filipp Torpağını kəşf etmişdir. 1840-1843-cü illərdə ingilis qütb tədqiqatçısı Ceyms Klark Ross materikə üç dəfə ekspedisiya təşkil etmişdir. Onlar 78° c.e-də uzun məsafədə sahil zolağını tədqiq etdilər, materikin xəritəsinə Uilks torpağı, Viktoriya Torpağını, Ross şelf buzlaq zonasını köçürdülər, bunlar arasında olan iki vulkana öz gəmilərinin adını (“Erebus” və “Terror”) verdilər.

1895-ci ildə Antarktida sahillərinə ilk insan ayaq basdı. Bu şərəf Norveç mənşəli avstraliyalı Henrix İohann Bull adlı səyyaha nəsib oldu. 1898-ci ildə onun ekspedisiyasının üzvü, norveçli Karsten Borxqrevink burada ilk qışlama keçirdi.

Antarktidanın mərkəzi hissəsində yerləşən Cənub qütbünə çatmağı çoxları arzu edirdi və buna çalışırdı. Onlar arasında fransız qütb tədqiqatçısı Jan-Batist Şarko, norveçli F. Nansen də var idi. 1909-cu ildə ingilis Ernest Sekltonmaterikin daxilinə irəliləmiş, lakin Cənub qütbünə 100 mil qalmış ərzaq çatmadığına görə geri qayıtmışdır.

1911-ci ilin oktyabrında eyni vaxtda Norveç və İngiltərə ekspedisiyaları dünyanın ən cənub nöqtəsinə can atırdı. Onlardan birinə başçılıq edən Raul Amundsen (1872-1928) XIX əsrin sonunda Antarktika sularındakı gəmidə qışlama keşirmiş, 1903-1906-cı illərdə Kanada Arktika arxipelaqını üzüb keçmişdir.

R. Amundsen təcrübəli dənizçi idi, onun dəstəsi Antarktidada 52 seçilmiş itin köməyi ilə nartları daşıyırdı (narta – it və ya maral qoşulan kirşə). Onlar çətinlik çəkmədən 14 dekabr 1911-ci ildə Cənub qütbünə çataraq Norveçin bayrağını bura sancdılar və sağ-salamat geri döndülər.

İkinci ekspedisiyanın başçısı Robert Skott (1868-1912) ingilis dəniz zabiti idi. O, XX əsrin əvvəllərində Antarktika sularında 2 il olmuş, başçılıq etdiyi dəstə sahildən Cənub qütbünə doğru 1000 mil irəliləmişdir. İngilislər əsas nəqliyyat vasitəsi kimi alçaq boylu və dözümlü mancur atları, motorlu xizək və itlər götürmüşdülər. Lakin yolda atlar dözmədilər, axırıncı 150 mili 5 nəfər piyada getməli oldu. Ona görə onlar son məntəqəyə xeyli gec çatdılar. Burada insan izləri gördükdə çox məyus oldular, geri qayıdarkən çovğuna düşdülər. Az vaxtda onlar yoldaşlarından ikisini itirdilər. Növbəti bazaya 11 mil qalmış donaraq öldülər. R. Skott, Henri Bauers və Edvard Uilsonun cəsədləri və gündəliyi 7 aydan sonra xüsusi qrup tərəfindən aşkar edildi. Onların həyatı xidmət etdiyi iş, elm, vətən, amal uğrunda canından keçən insanların əsl qəhramanlıq səlnaməsidir.

Cənub qütbünə ilk təyyarə 1929-cu ilin noyabrında amerikalı Riçard Berd (1888-1957) tərəfindən endirilmişdir.

Dağlar fəth olunur. Alp dağlarına doğru

Dünyanın əksər ərazilərinin öyrənilməsi başa çatsa da, insanların maraq dairəsi daim genişlənir, yeni-yeni əraziləri öyrənməyə can atırdılar. İsveçrə təbiətşünası Oras Benedikt de Sossyur təklif edirdi ki, dağlara qalxmaq və Yeri dərk etmək lazımdır. O, Alp dağlarının ən yüksək zirvəsi olan Monblana (4807 m) qalxmaq işini təklif etmişdir. Bura 7 avqust 1786-cı ildə iki isveçrəli-doktor Mişel Pakkar və müşayətçi Jak Balma qalxmışdır. Alp dağlarının Fransaya aid olan hissəsində yerləşən Pti-Dryu (3733 m) piki ən çətin keçilən ərazi hesab olunur. Bu pik 1952-ci ildə fəth edilmişdir. Dağların bu hissəsində 1100 m hündürlükdə meyllik 82°-yə çatır.

Qafqaz dağlarına yürüş

Qafqaz dağlarında olan zirvələrə XIX əsrin əvvəllərindən başlayaraq qalxırlar. Qafqaz sərhəd xidmətinin başçısı G. Emmanuelin rəhbərliyi ilə baş tutan ekspedisiya 1829-cu ildə Elbrus zirvəsinin şərq hissəsinə (5621 m) çatmışlar. Bu nöqtəni kabardin Killar Xaşirov fəth etmişdir. Qafqazın ən yüksək nöqtəsi olan qərb zirvəsinə (5642 m) çıxmaq şərəfi 1874-cü ildə ingilis qrupuna nəsib olmuşdur.

Qafqazda fəth edilməsi çətin hesab olunan, yerli əhalinin (Gürcüstanda svanlar) müqəddəs hesab etdiyi Uşba zirvəsinə 1888-ci ildə D. Kokkinin başçılığı ilə olan alpinistlər (Şimal zirvəsi, 4694 m) qalxa bilmişlər. Onun cənub nöqtəsinə isə yalnız 1934-cü ildə A. Caparidzenin rəhbərliyi ilə Sovet alpinistləri qalxmışlar.

Mərkəzi Asiya dağlarının zirvələrində

1933-cü ildə Pamir yaylasında olan ən yüksək zirvəyə (7495 m) E. Abalakov qalxmışdır. Bu dövrdə o Stalin zirvəsi, 1962-ci ildə Kommunizm piki adlandırılmışdır. Hazırda Tacikistanda yerləşən zirvə İsmayıl Samoni adlanır. Dağlarda 1928 və 1932-ci illərdə xeyli sayda zirvələr, buzlaqlar müəyyən edilmişdir.

Tyan-Şan dağlarının (Çin dilində “Tanrı dağları”) ən yüksək zirvəsi Qələbə pikidir (7439 m). Uzun illər Tyan-Şan dağlarının ən yüksək zirvəsi Xan-Tenqri (türkcə “ruhun hökmdarı”) hesab olunurdu (6995 m). 1936-cı ildə E. və V. Abalakov qardaşları məlum olmayan daha yüksək zirvə müəyyən etdilər. 1939-cu il 29 oktyabrda üç alpinist (L. Qutman, A. Sidorenko və E. İvanov) bu əraziyə qalxaraq, hündürlüyünü də düzgün müəyyən etmədilər (6930 m). 1944-cü ildə onun 7439 metr olduğu müəyyən edildi, Qələbə piki adlandırıldı.

Dünyanın ən yüksək zirvəsinə 1953-cü il mayın 29-da Yeni Zelandiyalı Edmund Hillari və şerp Tensinq Norgey qalxmışlar. 1949-cu ilə qədər Nepal hökuməti öz ərazisinə xarici vətandaşları buraxmadığına görə yalnız Şimali Tibetdən buna cəhd etmək olardı. 1924-cü il 4 iyunda Edvard Norton 8572 m yüksəkliyə qalxmışdır. 1933-cü il 1 iyunda Frenk Smit, 1934-cü ildə Moris Uilson Comolunqmaya qalxmaq istəsə də, buna nail ola bilməmişlər.

Comolunqma ətrafında dünyanın ən yüksək zirvələri olan Lxotse (8501 m), Makalu (8481 m), Çomolenzo (7815 m), eyni zamanda Kxarta dərəsi, Everest və Lxotsre zirvələri arasında dünyanın ən hündür aşrımı olan Cənub Yəhəri (8000 m), Kxumba buzlağı yerləşir.

Okeanlar öz sirlərini insanlara açır. İlk addımlar

XIX əsrin sonu XX əsrdə okeanlar əsaslı şəkildə öyrənilməyə başlandı. 21 dekabr 1872-ci ildə Böyük Britaniyanın “Çellencer” gəmisi okeanları öyrənmək üçün səyahətə çıxdı. 1876-cı ilə qədər toplanmış materiallar əsasında sonrakı 25 il müddətində 50 cildlik əsərlər çap edildi. Sübut edildi ki, okeanların dib relyefi şox mürəkkəbdir. Burada müxtəlif relyef formaları vardır, okeanların dərin qatları heyvanat aləmi ilə zəngindir.

1898-ci ildə dünyada ilk dəfə olaraq Rusiyada okeanlarda tədqiqat işləri aparmaq üçün xüsusi olaraq yelkənli paroxod hazırlanmışdır. Onunla ilk ekspedisiyaya hidrobioloq N. Knipoviç başçılıq etmişdir. Gəmi aparatlar və təcrübə üçün avadanlıqlarla təchiz edilmişdir. Onlar Barens dənizində okean sularının xassələrini və canlı aləmini öyrənmişlər.

I Dünya müharibəsi zamanı okeanların dərinliyini ölçmək üçün exolot kəşf olundu. Exolotun okean dibinə göndərdiyi səs dalğası 1500 m/san. sürətlə hərəkət edir, geri qayıdır və qəbul edilir. 1923-cü ildə ilk Sovet ekspedisiya gəmisi “Persey” şimal dənizlərində tədqiqatlara başladı. İlk olaraq müəyyən edildi ki, Şimal Buzlu okeanında buzlar əriyir. 1941-ci ilə qədər gəmi Norveç, Qrenlandiya, Barens, Kara və Ağ dənizlərdə müşahidələr aparmışdır.

Alman alimi Valter Meynardus 1901-1903-cü illərdə “Qauss” gəmisində həmyerlisi Erix Dragilskinin ekspedisiyasının müşahidə nəticələrini təhlil edərkən müəyyən etdi ki, Dünya okeanında xüsusi sərhədlər vardır. Bu sərhəddə soyuq Antarktika suları isti subtropik sularla birləşir. Alim bu sərhəddi Antarktika konvergensiya (latınca converqo – yaxınlaşıram) xətti adlandırmışdır. Sonralar məlum oldu ki, bu okeanlarda Antarktikanın təbii sərhəddidir (0°C izoterm xətti).

1924-1928-ci illərdə Atlantik okeanının cənubunda Almaniyanın “Meteor” elmi-tədqiqat gəmisi exolotla ölçmələr aparmışdır. Aydın olmuşdur ki, hələ “Çelencer”in səyahəti zamanı tapılan silsilələr bütün okean boyu uzanan vahid dağ sistemidir. Onu Orta okean silsiləsi adlandırdılar. Dağlarda dərin vadilərlə (rift dərələri) ayrılan iki və ya üç yal vardır. Ekvatora yaxın ərazilərdə okean dibindən götürülən lava və pemzanın öyrənilməsi əsasında fransız okeanoqrafı Kamill Vallo bu nəticəyə gəldi ki, Orta okean silsiləsi litosferin hərəkətdə olan qeyri-sabit zonalarının sərhədləridir. Vulkan mənşəli Vozneseniya və Müqəddəs Yelena adaları silsilələrin su üstündə olan zirvələrdir.

Alman tədqiqatçıları okeanda planktonla zəngin ərazilər sualtı axınlar müəyyən etdilər.

1925-1929-cu illərdə “Diskoveri-1”, sonrakı 10 ildə “Diskoveri-2” gəmisində ingilislər Antarktida sularında balina ovu imkanlarını öyrənmək üçün 13 tədqiqat səfəri etmişdir. Səyahət zamanı qurudakı iri dağlar və düzənliklərlə müqayisə edilən Afrika-Antarktida çökəkliyi, Avstraliya-Antarktida qalxması, Yeni Zelandiyadan şərqdə Çatem, Cənubi və Şərqi Sakit okean qalxmaları, sonradan 1938-ci ildə Yeni Zelandiya platosu kəşf edildi.

1935-ci ildə buzqıran “Sadko” gəmisində aparılan müşahidələr sübut etdi ki, Atlantik okeanından gələn sular Mərkəzi Arktikada xeyli uzağa gedir, Kara dənizdə olan şelfdə iki dərin çökəklik (Müqəddəs Anna və Veronika) əmələ gəlmişdir.

 1937-ci ildə Arktika İnstitutunun ekspedisiyası Yakov Hakkelin rəhbərliyi ilə Şimal Buzlu okeanının dibində əvvəlcə Lomonosov, sonra Orta Atlantik silsiləsinin davamı olan Hakkel və Mendeleyev silsilələrini kəşf etdilər. Eyni zamanda silsilələri ayıran dərin sulu Amundsen, Makarov, Podvodniki çökəkliklərini müəyyən edib xəritəyə köçürdülər.

İkinci Dünya müharibəsindən sonra

Okeanların öyrənilməsi İkinci Dünya müharibəsindən sonra da böyük vüsətlə davam etmişdir. 1947-ci ilin iyulunda Hans Petterssonun rəhbərliyi ilə dörd dorlu “Albatros” gəmisində isveç ekspedisiyası Vest-Hində tərəf yollandı. Onların məqsədi Dünya okeanının yaranması tarixini öyrənmək idi. Orta atlantik silsiləsi rayonunda okeanın dibində süxur nümunələri götürüb son 3 milyon ildə okeanın təkamülü haqqında məlumat almaq istəyirdilər. Panama kanalı rayonunda ekspedisiya müəyyən etdi ki, Atlantik okeanına nisbətən Sakit okeanın yumuşaq süxurları daha cavandır, vulkan lavaları ilə növbələşir.

Müasir dövrün ikinci dünya səyahəti 1950-1952-ci illərdə ingilis T.F.Heskellin başçılığı ilə “Çellencer” gəmisində olmuşdur. Gəmidə ilk dəfə seysmozondlama üsulu tətbiq edilmişdir. Bu zaman geniş ərazilərdə okean dibində olan elastik dalğaları qəbul edə bilən cihazlardan istifadə edilmişdir. Nəticədə Yer qabığının qalın kəsilişlərinin onlarla profili quruldu. Müəyyən edildi ki, okean dibi quruya nisbətən daha nazikdir, tərkibi materiklərdən fərqlidir. Alınan nəticələr okean dibinin əsa relyef formalarını müəyyən etməyə imkan verdi. Bütün okeanlarda mərkəzi silsilələrin olması, onların okean dibində gedən fəal tektonik və vulkanik proseslərlə əlaqədar olması haqqında mülahizələr təsdiqləndi.

Okeanların ənginliklərinə səyahət

Okeanların canlı aləmini öyrənmək, burada müxtəlifliyi və zonallığı müəyyən etmək üçün dərinliyi fəth etmək tələb olunur. Bunun üçün xüsusi aparatlar hazırlamaq lazımdır. İlkin dövürlərdə yalnız 1,5-2,0 dəqiqəyə 30-40 m-ə qədər dərinliyə getmək olardı. XIX əsrin birinci yarısında hazırlanan ağır dalğıc kostyumu 100 m dərinliyə enməyə imkan verirdi.

1930-cu ildə amerikalı mühəndis – Otis Borton və hidrobioloq Uilyam Bib okeanların dərin sahələrini öyrənmək üçün batisfer adlanan aparat yaratdılar. Batisfer diametri 1,5 m olan metal kürədir, ərimiş kvarsdan ibarət üç illüminatoru vardır. Aparat gəmidən trosla suya endirilir, hava verilən, karbon kənar edilən qurğulara malikdir. Onun köməyi ilə 19 iyun 1930-cu ildə Bermud adaları rayonunda 400 m, 19 avqust 1934-cü ildə 940 m dərinliyə enmək mümkün olmuşdur. Sonralar bu göstərici 1360 metrə qədər artmışdır (1948).

1943-cü ildə fransız hərbi dənizçisi Jak İv Kusto və mühəndis suyun nisbətən dərin olmayan (40 metrə qədər) sahələrini öyrənmək üçün akvalanq hazırladı. Bu aparat skafandrdan fərqli olaraq pərlərin köməyi ilə insana sərbəst hərəkət etməyə imkan verir. Xüsusi geyim formasında olan akvalanqın üzərində qurulmuş iki hava balonunun 1,5-2,0 saat hava ehtiyatı vardır. Xüsusi eynək ətrafı görməyə və fotoşəkil çəkməyə imkan verir

Okeanların dərin sahələrini fəth etmək üçün müstəqil hərəkət edə bilən aparatlar tələb olunurdu. Belə aparat yalnız 1960-cı illərdə yaradıldı və batiskaf adlandı.

Hələ 1932-ci ildə İsveçrə alimi Oqyust Pikkar özünün hazırladığı xüsusi aparatla 16200 m yüksəkliyə qalxaraq stratosferdə kosmik şüaları öyrənmək isdəyirdi. XX əsrin 50-ci illərində oxşar aparat yaradıb okeanın dərin sahələrinə enmək istəyi O. Pikkarın batiskaf yaratması ilə nəticələndi. 1953-cü ildə o, oğlu Jak Pikkar ilə Tirren dənizində 3000 m dərinliyə çatdılar. Az sonra Rusiyanın “Vityaz” tədqiqatçı gəmisi (23 avqust 1957) Sakit okeanda ən dərin çökəklik olduğunu (Marian adaları yaxınlığında), burada dərinliyi 11022 m-ə çatdığını müəyyən etdi.

23 yanvar 1960-cı ildə Quam adası yaxınlığında oğlu Jak Pikkar və ABŞ dəniz zabiti olan Don Uolş “Triyest” batiskafının köməyi ilə ilk dəfə Marian çökəkliyindən 11022 metr dərinliyə çatdılar. Əsas nəticə o oldu ki, hətta bu dərinlikdə də canlılar vardır. 10910 m dərinlikdə suyun temperaturu 3700 m dərinlikdən yüksəkdir. Buraya okean dibinin qızdırıcı təsiri çoxdur.

 

Mənbə: Z.N.Eminov, Q.M.Səmədov. Coğrafiya ensiklopediyası. I kitab. Bakı: “Çaşıoğlu Multimedia”, 2012, 368 səh.

2018-11-19   36851