NKPI

Maraqlı Məlumatlar

Coğrafiya ensiklopediyası - II

KAİNAT VƏ QALAKTİKALAR

Bizi əhatə edən maddi aləm Kainat və ya Kosmos adlanır. Kainat zamanca əbədi, məkanca sonsuzdur, materiyanın formasına görə çox müxtəlif və daim hərəkət edən maddi aləmdir. Kainat Qalaktikalardan təşkil olunur. Qalaktika müxtəlif ölçüdə olan və müxtəlif uzaqlıqda yerləşən planetlər və ulduzlar sistemidir. Hər bir Qalaktika 100 milyarddan artıq ulduz və ulduzlar yığınından, dumanlıqlardan və ulduzlararası cisimlərdən ibarətdir. Müasir teleskopların köməyi ilə tərkibinə yüz milyardlarla ulduzlar daxil olan çoxlu sayda Qalaktikalar müəyyən edilmişdir. Onlara qədər məsafələr işıq ili ilə ölçülür (işıq ili – sürəti saniyədə 300 000 km olan işığın bir ildə getdiyi məsafədir, 9,463·1012 km).

1990- cı illərin əvvəllərinə qədər 30-a yaxın Qalaktika müəyyən edilmişdir. Lakin 1990-cı ilin aprelində ABŞ-ın “Habbl” kosmik teleskopunun orbitə buraxılması və diametri 10 metrdən çox olan yerüstü teleskoplardan istifadə edilməsinə başlanmasından sonra müəyyən edildi ki, Kainat saysız-hesabsız Qalaktikalardan ibarətdir. Onlar boş məkanlarla bir-birindən ayrılır. Qalaktikalar müxtəlifliyi ilə fərqlənir. Kürə formalı, elliptik, spiral-disk formalı, cırtdan və qeyri-müəyyən formalı qalaktikalar vardır.

Bizim Qalaktika

Yerin və digər planetlərin də daxil olduğu Günəş sistemi belə Qalaktikalardan birinə aiddir. Bizim Qalaktikaya Süd yolu və ya Kəhkəşan da deyilir. Alimlərin fikrinə görə “Süd yolu” Kainatı təşkil edən yüz milyardlarla Qalaktikalardan biridir. Bizim Qalaktikaya qravitasiya qüvvəsi ilə yaxınlaşan, spiral formasına malik olan və yavaş-yavaş hərəkət edən 200 mlrd. ulduz daxildir. Onun diametri 100 min işıq ili (1018 km), mərkəzi nüvəsinin qalınlığı 6 min işıq ilidir. Günəş Qalaktikanın mərkəzindən 33 min işıq ili məsafəsində yerləşir. Bu məsafəni qət etmək üçün 25 min il vaxt lazımdır. Bizim Qalaktika “böyük hərflə”, digər ulduzlar toplusuna aid olan qalaktikalar “kiçik hərflə” yazılır.

Bizim Qalaktikaya qonşu olan qalaktikalara Böyük Magellan  Kiçik Magellan dumanlıqları aiddir. Onlar XVI əsrdə dünya səyahəti edərkən cənubda olan bürclərə əsasən istiqaməti müəyyən edən, Cənub Xaçbürcü ilə yanaşı iki qeyri-müəyyən ləkəni müşahidə edən F. Magellanın adını daşıyır. Böyük Magellan Buludluğu bizə ən yaxınıdır (160 min işıq ili məsafəsində), diametri təxminən 30 min işıq ilidir. Kiçik Magellan Buludluğu bizdən 30 min işıq ili məsafədə yerləşir, diametri 160 min işıq ilidir.

Magellan Buludları bizim Qalaktikanın peykləri sayılır, elliptika orbiti üzrə onun ətrafında 1,5 mlrd. ilə dövr edir. Vaxt keçdikcə onlar bizim Qalaktikaya birləşəcəkdir.

Andromeda qalaktikası bizim Qalaktikadan təxminən 2,5 milyon işıq ili məsafəsində yerləşir, ölçüləri daha böyükdür, tərkibinə 400 mlrd. ulduz daxildir. Hesab olunur ki, 5 mlrd. ildən sonra bizim Qalaktika Andromeda ilə birləşəcəkdir. Ona görə Kainatın xarakteri və strukturu daim dəyişir, Qalaktikaların sayı azalsa da, ölçüləri böyüyür.

Ulduzlar

Qalaktikaları təşkil edən və formalaşdıran əsas elementlərə ilk növbədə ulduzlar aid edilir. Ulduzlar qızmar qazlardan ibarət olan, özündən istilik və işıq saçan səma cisimləridir. Bizdən ulduzlara qədər olan məsafələr çox böyük olduğuna görə onlar parıldayan nöqtə kimi görünür. Yerə ən yaxın ulduz bizdən Günəşə qədər olan məsafədən 27l min dəfə uzaqda yerləşir. Müasir teleskopların köməyi ilə 1 milyarddan çox ulduzun şəklini çəkmək mümkün olmuşdur, onların çoxu Süd yolunda toplanmışdır. Bizim də daxil olduğumuz ulduz sistemində – Qalaktikada 100 mlrd.-dan çox ulduz vardır. Ulduzlar on və hətta yüz km/saniyə sürətlə hərəkət edir, lakin çox uzaqda olduğuna görə onların səmada qarşılıqlı yerdəyişmələri az hiss olunur. Yalnız dəqiq teleskopların köməyi ilə ulduzların hərəkəti müəyyən olunur.

Günəşdən böyük olan ulduzlar nəhəng, ondan kiçik olan ulduzlar cırtdan ulduzlar adlanır; Nəhəng ulduzlar Günəşdən bir neçə milyard dəfə böyük, cırtdan ulduzlar bir neçə milyon dəfə kiçik olur. Hazırda məlum olan ulduzların kütləsi 0,04 Gk.-dən 60 Gk.-nə qədərdir (Gk – Günəş kütləsi). Səthinin temperaturuna görə isti və soyuq ulduzlar vardır. Şimal yarımkürəsində ən parlaq ulduz Veqadır. Bütün səmada Sirius ən parlaq ulduz kimi görünür.

GÜNƏŞ SİSTEMİ

Günəş sistemi Qalaktika adlanan ulduzlar sisteminin toplanmasından təşkil olunmuş “Süd yolu”nun bir hissəsidir. Günəş sisteminin mərkəzində onun ən böyük obyekti olan Günəş yerləşir. O, qızmar kürəşəkilli ulduzdur. Məhz onun güclü cazibə və planetlərin hərəkətini idarəetmə qüvvəsi nəticəsində Günəş sistemi mövcuddur.

Günəş sisteminə Günəş, ətrafında fırlanan böyük planetlər və onların peykləri, kiçik planetlər (asteroidlər), çoxlu sayda kometlər, meteoritlər, xırda hissəciklər (meteorlar, kosmik tozlar) kimi fəza cismləri daxildir. Günəş sisteminin kütləsinin 98,0%-ni Günəş təşkil edir. O, ətrafında dövr edən cisimlərin hərəkətinə səbəb olan, onların orbitdən çıxmasına imkan verməyən əsas qüvvə rolunda çıxış edir. Bütün böyük planetlər, bu planetlərin peyklərinin əksəriyyəti Günəş ətrafında eyni istiqamətdə, demək olar ki, dairəvi orbit üzrə, ekliptika müstəvisinə az meylli hərəkət edir. Bütün planetlər öz oxu ətrafında fırlanır, lakin fırlanma dövrləri müxtəlifdir. Kiçik planetlər də böyük planetlərlə eyni istiqamətdə hərəkət edir, lakin onların orbiti daha çox dartılmışdır, bir-birinə görə meyllidir. Kometlərin əksəriyyəti çox dartılmış orbit üzrə hərəkət edir. Günəş sistemi 200 km/saat sürətlə Qalaktikanın mərkəzi ətrafında dövr edir və onu 250 mln. ilə başa vurur, diametri 12 mlrd. km-dir.

 

Günəş

Günəş sisteminin mərkəzi cismi olan Günəş Yerə ən yaxın olan ulduzdur. O, qaz halında olan qızmar kürədir. Günəşlə Yer arasındakı orta məsafə 149,5 mln. km-dir. Günəşin orta sıxlığı 1.41 q/sm3, diametri 1390,6 min km, yəni 109 Yer diametri qədərdir, həcmi 1.41xl027 m3 və ya Yerin həcmindən 1,3 mln. dəfə böyükdür, kütləsi 1,985xl033 qramdır, yəni Yerin kütləsindən 333 min dəfə çoxdur. Sahəsi 6,088xl018 m2-dir ki, bu da Yerin sahəsindən 1190 dəfə, cazibə qüvvəsi Yerə nisbətən 28 dəfə çoxdur.

Günəşdə istiliyin əsas mənbəyi hidrogenin heliuma çevrilməsindən ibarət olan zəncirvari nüvə reaksiyasıdır. Ona görə ki, Günəş 70% hidrogendən, 29% heliumdan, 1% digər qazlardan (oksigen, karbon, azot və digər yüngül qazlar) ibarətdir. Onun səthində temperatur 5500°-6000°C, mərkəzində güman edilir ki, 10.000.000°-15.000.000°C-yə çatır. Günəş 25,4 Yer sutkasına öz oxu ətrafında fırlanır. Günəş işığı Yer səthinə 8 dəq. 18 san. ərzində gəlib çatır.

Günəşdə və onun ətraf təbəqələrində gedən proseslər hər 11 ildən bir güclənir. Buna Günəş fəallığının dövriliyi deyilir.

Günəşin müşahidə olunması mümkün olan xarici təbəqəsi Günəş atmosferidir. O, aşağıdan yuxarı üç təbəqədən (fotosfer, xromosfer və Günəş tacı) ibarətdir. Ultrabənövşəyi şüalar əsasən bu təbəqələrdən ətrafa yayılır, bir hissəsi Yerə tərəf gəlir, onun atmosferinə və maqnit sahəsinə təsir göstərir.

Fotosfer Günəşin səthindən 200-300 km-dək məsafədə yerləşir. Burada temperatur 5700°C-dən çox olur. Fotosferdə yaranan dairəvi (diametri 200000 km-ə qədər) qara ləkələr Günəş ekvatorunun hər iki tərəfində müşahidə olunur.

Xromosfer Günəşin səthindən 14-15 min km məsafəyə qədər uzaqlaşan qaz təbəqəsidir. O, Günəş fotosferinin üzərində yüksək temperaturlu qazlardan ibarət olan təbəqədir. Xromosferdə bəzən fotosferdən şüalanan intensiv alovun püskürməsi yaranır və ətrafa yayılır. Ətrafa səpələnən qırmızı alov dillərindən ibarət olan, hündürlüyü bir neçə yüz km-ə (500 km) çatan qızmar kütlənin çıxıntısı protuberanslar yaranır. Bu zaman Yer atmosferinə və maqnit sahəsinə gələn ultrabənövşəyi şüaların təsiri güclənir.

Günəş tacı Günəşdən 5 mln. km-dək məsafədə yerləşir. O, Günəşdən ətraf aləmə səpələnən yüklü hissəciklərdən, tozlardan, qaz kütlələrindən (onlara koronium deyilir) ibarətdir. Bu plazma axınları Günəş küləyi adlanır. Onların sürəti 300-400 km/san.-yə çatır. Günəşin ətrafa şüalandırdığı ümumi enerjinin miqdarı 4xl033 erq/san-dir. Bu enerjinin 1/2.200.000.000 hissəsi Yer səthinə gəlib çatır.

Planetlər və peyklər

Günəş sisteminin tərkibinə planetlər və onların 67 peyki daxildir. Planetlər (yun. planetos – azmış) – Günəşin ətrafında fırlanan və Gunəş işığının əks olunması ilə işıqlanan kürə formasında böyük səma cisimləridir. Günəş sisteminə hazırda 8 böyük planet daxildir (son vaxtlara qədər Pluton da planetlər sırasına daxil idi). Bu göy cisimləri Günəşdən olan məsafəsinə, onun ətrafında fırlanma sürətinə, sndığına, ölçüsünə və kütləsinə görə bir-birindən fərqlənir. Onlar ölçülərinə və fiziki əlamətlərinə görə 2 qrupa ayrılır:

1) Yer qrupu planetlərinə Merkuri, Venera, Yer və Mars aiddir. Bu qrupa daxil olan planetlərin sıxlığı çox, kütləsi az, ölçüləri kiçikdir, ağır elementlərdən ibarətdir, Günəşə yaxın yerləşirlər, onun ətrafında az müddətə dövr edirlər. Onlara daxili planetlər də deyilir;

2) Yupiter qrupu planetlərinə Yupiter, Saturn, Uran, Neptun daxildir. Onlar başlıca olaraq hidrogendən ibarət nəhəng qaz cisimləridir və sürətlə fırlanması ilə fərqlənir, sıxlığı az, kütləsi çox, ölçüləri böyükdür, Günəşdən uzaqda yerləşirlər, onun ətrafında fırlanma müddəti çoxdur. Onlara xarici planetlər də deyilir.

Peyk – planetlərin cazibə təsiri altında onun ətrafında dövr edən təbii və süni səma csimləridir. Yerin 1, Marsın 2, Yupiterin 16, Saturnun 23, Uranın 17, Neptunun isə 8 peyki vardır.

Merkuri

Merkuri Günəşə ən yaxın planetdir. Onu Günəş şüalarının altında səhər və Günəş batdıqdan sonra parlayan nöqtə kimi görmək olur. Planet öz oxu ətrafında yavaş fırlanır, ekvator müstəvisinin orbit müstəvisinə meyli 7°-dir. Onun həmişə bir tərəfi Günəşə tərəf çevrilmiş olur. Merkurinin atmosferi çox seyrəkdir qaz tərkibi heliumdan ibarətdir. Planetin Günəş şüaları ilə qızdırılan tərəfində temperatur 430°C-yə qədər qalxır. Onun gecə olan əks tərəfində -180°C-yə qədər şaxtalar olur. Burada yüksək temperatur suyun olmasına imkan vermir. Merkurinin səthində müxtəlif ölçülü çoxsaylı meteorit kraterləri vardır.

Merkuri Qədim Roma əfsanələrində Ticarət və Yollar Allahı, səyahətçilərin himayədarıdır.

Venera

Veneranın ekvator müstəvisinin orbit, müstəvisinə meyli 2°-dir. Bu səbəbdən planetdə fəsillər dəyişmir. Oxu ətrafında şərqdən qərbə (Günəş ətrafında fırlanma istiqamətinin əksinə) dövr edir. Burada sutkanın uzunluğu 116,8 Yer sutkasına bərabərdir. Veneranın işıqlanmayan tərəfi həmişə Yerə tərəf çevrilir.

Venera səmada ən aydın obyekt olmaqla, Yerə ən yaxın planetdir. Günəşə yaxın olduğuna və atmosfer təbəqəsinin tərkibinə görə o çox qızır. Planetin qalın atmosfer təbəqəsi onun daxilindən ayrılan karbon qazından (97%) ibarətdir. Bu isə planetdə “istixana effekti” yaradır. Planetin səthində temperatur 480°-500°C-yə qədər qalxır. Atmosfer təzyiqi Yerdən 90 dəfə çoxdur. Onun səthində çoxlu fəaliyyətdə olan vulkanlar, onların nəticəsində yaranmış relyef formaları, hamarlanmış ərazilər vardır. Düzənliktər lava qatı ilə örtülürdü.

Veneraya Dan ulduzu, Şərq ölkələrində Zöhrə də deyilir. Ona Qədim Romanın gözəllik və Məhəbbət Allahının adı verilmişdir.

Yer və Ay

Yer

Yer, Venera və Mars planetləri arasında yerləşir. O, Günəşdən uzaqlığına görə üçüncü planetdir.

Ay

Ay Yerin yeganə təbii peyki, ona ən yaxın səma cismidir, Yer səmasında Günəşdən sonra ikinci parlaq obyektdir. O, Yerdən 384,4 min km məsafədə yerləşir. Diametri 3476 km-ə çatır, Yerdən 81,3 dəfə kiçikdir. Ayın öz oxu ətrafında fırlanma müddəti 29,5 sutkaya bərabərdir. O, Yer ətrafında isə 27,3 sutka müddətində fırlanır. Bu iki vaxt təxminən bərabər olduğundan Ayın həmişə bir tərəfi Yerdən görünür.

Ayın səthində relyef müxtəlifdir. Burada lavalar ilə örtülü olan geniş düzənliklər, Yerdəkinə nisbətən hündür dağlar, tektonik çatlar vardır. Hazırda da vulkan və zəlzələlər olur. Onun səthində çoxlu meteorit kraterləri də vardır. Onlar sonradan lava ilə örtülmuşdür. Ayın səthində olan süxurlar – reqolit – narın tozların və qayalardan qopan qırıntıların qarışığıdır. Süxurların günəş şüalarını müxtəlif dərəcədə əks etdirməsi ilə əlaqədar Ayın səthində daha parlaq görünən “quru” sahələri, qaranlıq görünən “dənizlər” fərqlənir.

Ayda hava və atmosfer yoxdur, ətrafındakı qazlar (hidrogen və neon) seyrək olduğundan onun Günəş işığı düşməyən səthi gecə çox soyuyur. Bu zaman Ayın səthində temperatur -160°C-yə qədər aşağı düşür. Onun Günəşə tərəf çevrilmiş hissələrində gündüz temperatur 120°C-yə qədər qızır.

Ay orbit üzrə Yer ətrafında fırlanır, bu zaman, Yer, Ay və Günəş arasında olan bucaqlar dəyişir. Biz bu hadisəni Ay fazalarının (bədirlərinin) dövrləri kimi müşahidə edirik: Yeni Ay, birinci çərək (dörddə bir), tam Ay, ikinci çərək (dörddə bir). İki yeni Ay arasındakı vaxt 29,5 sutkadır.

Ayı ilk dəfə 1609-cu iidə italyan fiziki və astronomu Qalileo Qaliley müşahidə etmişdir. 1966-cı ilin fevralında Rusiyanın avtomatik stansiyası, 20.VII.1969-cu ildə isə Amerika astronaftları (N. Armstronq, E. Oldrin və M. Kollinz) ilk dəfə Ayın səthində olmuşdur.

Mars

Mars qırmızı planetdir, Yerdən qırmızı-narıncı rəngdə görünür. Planet üçün atmosferin, buludların, qütblərdə “buz papaqlarının, səthində qaranlıq sahələrin olması səciyyəvidir. Onun qütb sahələrində karbon qazının donması nəticəsində yaranan örtüklər (“ağ papaqlar”) bəzən yox olur. Küləklər Marsın səthində sarı rəngli toz buludları yaradır. Onlar planetin Yerdən görünməsinə mane olur. Onun səthində temperatur Yerdəkinə nisbətən xeyli aşağıdır. Yalnız ekvator üzərində yayda temperatur 0°C-dən yuxarı qalxır. Marsda qütblərdə və buludlarda buz kristalları formasında su müəyyən edilmişdir. Mars planetində kraterlər vardır. Vulkanların fəaliyyəti indi də davam edir. Burada olan dağlar 11-13 km-dək yüksəlir. Planetin səthində olan açıq qırmızı sahələr “materiklər” adlanır. Onun üzərindəki “dənizlər” isə tünd qırmızı rəngdə görünür. Dənizlər qumlu səhralardır, materiklər isə yaylalara uyğun gəlir.

Yerdən qırmızı göründüyünə görə ona Qədim Yunan əfsanələrinin Müharibə Allahının adı verilmişdir. Demos və Fobos Marsın təbii peykləridir. Peykləri 1877-ci ildə A. Xoll kəşf etmişdir.

Yupiter

Yupiter Günəş sistemində ən çox kütləyə malik olan planetdir. Onun kütləsi bütün planetlərin birlikdə götürülən kütləsindən iki dəfə çoxdur. Fırlanma oxu orbit müstəvisinə perpendikulyardır.

Yupiteri Günəşlə qarşıdurma zamanı səmada adi gözlə sarı rəngli ulduz kimi görmək olur. Ona görə ki, Yupiter Günəş şüalarını əks etdirərək ona sarı rəng verir. Planet müşahidə edilərkən qaz təbəqəsi kimi görünür. Onun səthində olan atmosfer hidrogen, ammonyak, metan, helium qazlarından ibarətdir. Atmosferin aşağı qatlarında təzyiq çox yüksəkdir. Ona görə planetin səthi maye hidrogen ilə örtülür. Onun səthində temperatur -170°- 210°C arasında olur.

Yupiterin 16 peyki vardır. Yupiter Qədim Yunan əfsanələrində və dinində Baş Allahın adıdır. Ona, həmçinin göy gurultusu və ildırım Allahı kimi də sitayiş edirdilər.

Saturn

Saturn Günəş sisteminə daxil olan planetlər arasında peyklərinin sayının çoxluğuna görə fərqlənir. Planetin 23 peyki vardır. Ekvatoru yaxınlığında olan geniş və yastı həlqələr Saturnu digər planetlərdən fərqləndirir. Onlar müxtəlif ölçülü buz kristallarından və buzla örtülmüş meteorit kütlələrindən ibarətdit. Həlqələr işığı əks etdirdiyinə görə Saturn gecə səmada daha parlaq görünür. Planetin fırlanma oxu orbit müstəvisinə 63°36' meyllidir. Atmosferi hidrogendən, heliumdan, həmçinin metan və ammonyakdan təşkil olunur. Temperatur -145°C-dir. Saturnu teleskopla müşahidə etdikdə onun üzərində ekvatora paralel tünd və açıq rəngli ərazilər görünür.

O, Qədim Roma dini və əfsanələrindəki Səpin Allahının adını daşıyır.

Uran

Uran Yupiter və Saturndan sonra Günəş sisteminin üçüncü böyük planetidir. Onun sıx atmosferinin tərkibində olan hidrogen və heliuma metan da qarışır. Ona görə göy-yaşıl rəngdə görünür. Səthində temperatur -220°C-dir. Onun ekvatoru orbit müstəvisi ilə 98° bucaq əmələ gətirir. Bu əlamətinə görə Uran başqa planetlərdən fərqlənir. Onun fırlanma oxu orbit müstəvisinə paraleldir. Planet öz oxu ətrafında başqa planetlərə nisbətən əks istiqamətdə (saat əqrəbinin əksinə) dövr edir. Buhərəkət istiqaməti onun Günəş ətrafında dolanma istiqamətinə uyğun gəlir. O, Yerə nisbətən Günəşdən 370 dəfə az işıqlanır. 1986-ci ildə Uranın ətrafında ensiz və qara 11 həlqa kəşf edilmişdir. Onlar Saturnun enli həlqələrindən fərqlənir.

Uran 1781-ci ildə ingilis astronomu U. Herşel tərəfindən kəşf edilmişdir. Planetin ətrafında 16 peyk fırlanır. Uran Qədim Yunan əfsanələrində Səma Allahının adıdır.

Kometlər

Kometlər planetlərarası fəzada hərəkət edən kiçik göy cisimləridir. Onlar asteroidlərdən də kiçik olur, orbitləri Günəş sistemindən xeyli uzaqdır. Kometlərin Günəş ətrafında hərəkət orbiti dartılmış ellipsi xatırladır (bəzən parabolaya da oxşayır). Kometlər bərk halda olan və işıq saçan nüvədən, ərimiş vəziyyətdə olan ətraf hissələrdən, qaz və tozlardan təşkil olunmuş bir və ya bir neçə quyruqdan ibarətdir. Günəşin cazibə zonasına daxil olduqda nüvədəki buzlar əriyir, bərk hissəciklər səpələnir. Günəşə yaxın məsafədən keçdikdə kometlərdən çoxlu qaz və tozlar ayrılır, quyruq şəklində Günəşə əks istiqamətdə uzanır. Bu quyruqların uzunluğu mlrd. km-lərlə ölçülür.

Meteoritlər

Meteoritlər (yun. meteora – göy hadisəsi) – planetlərarası fəzadan Yer səthinə düşən, tərkibi dəmir və ya daş kütlələrindən ibarət olan göy cisimləridir. Adətən, meteoritlər Yerə çatmadan atmosferdə yanıb qurtarır, lakin onlar bəzən Yerə çatır. Güman olunur ki, meteoritlər asteroidlərin qalıqları və ya parçalarıdır. Lakin meteoritlərin Günəş sisteminə kənardan gəlməsi və ya burada olan planetlərin parçaları olması fikirləri də mövcuddur. Onların ölçüsü 5-10 km olur. Atmosferin yuxarı qatlarında uçarkən onlar meteor adlanır, Yer səthinə düşürsə meteoritlər deyilir. Atmosferin sıx qatlarına meteorit seli daxil olması “Ulduz yağışı” adlanır. Hər gün Yer səthinə 2 minə qədər meteorit düşür. Meteoritlər düşərkən güclü işıq verir, səs salır və mexaniki hadisələrə səbəb olur. Meteorit kütləsinin ağırlığı bir neçə kq-dan onlarla tona qədər olur. Yerə düşərkən çökəkliklər və qıfaoxşar kraterlər yaradır. Bu zaman səmada çoxlu bolid uçur.

Güman edilir ki, asteroidlərin düşməsi Yerdə dinozavrların ölümünə səbəb olmuşdur. Ross dənizinə 27-30 mln. il əvvəl asteroidin düşməsi Antarktidada buzlaşmaya səbəb olmuşdur. Burada olan kraterin diametri 500 km-ə yaxın, dərinliyi 4 km-dir.

Yer səthinə düşmək təhlükəsi olan nəhəng meteoritlərin qabaqcadan müəyyə edilməsi, onların hələ kosmosda partladılması, lazım gələrsə nüvə patrlayışı ilə məhv edilməsi istiqamətində layihələr hazırlanır.

Yerin forması və ölçüləri

Yer Günəşə yaxın olan planetlər arasında ən böyüyüdür. Onun diametri ekvatorda 12756 kilometrdən qütblərdə 12714 kilometrə qədər dəyişir. Yəni, öz oxu ətrafında fırlanması nəticəsində Yer planetinin qütblərə yaxın ərazilərdə müəyyən qədər basıqlığı yaranır. Yeri təşkil edən maddələrin sıxlığı (5,5 q/sm3) Günəş sisteminin başqa planetlərinə nisbətən yüksəkdir.

Yerin həqiqi forması kiçik oxu ətrafında fırlanan ellipsin əmələ gətirdiyi fırlanma ellipsoidini xatırladır, yəni qütblərdən basılmış, ekvatordan dartılmışdır. Bu fiqura sferoid də deyilir. Yerin forması onun öz oxu ətrafında fırlanma sürətindən, ölçülərindən, quruluşundan, müxtəlif qatlarda süxurların sıxlığının paylanmasından asılıdır. Bu amillər daim dəyişir.

Yer kürəsinin forması tam sferoid formasından da müəyyən qədər fərqlənir. 1873-cü ildə alman fiziki B. İ. Listinq Yerin geoid formasında olması fikrini söyləmişdir. Geoid suyun sakit səviyyə səthinin əmələ gətirdiyi formadır. Son vaxtlar kosmik aparatlardan aparılan hesablamaların köməyi ilə Yerin kardioid (ürək) formasında olduğu müəyyən edilmişdir.

1924-cü ildə Yerin ölçüləri müəyyən edilmişdir. 1940-cı ildə rus alimi F. N.  Krasovskinin rəhbərliyi ilə Yer kürəsinin müasir üsullarla yeni ölçüləri hesablanmış və 1946-cı ildə SSRİ Nazirlər Şurasının qərarı ilə təsdiq edilmişdir:

sahəsi 510,2 mln km2,

quru hissə 149,1 mln.km2,

su sahəsi 361,1 mln. km2,

ekvator radiusu 6378,160 km,

qütb radiusu 6356,777 km,

qütb basıqlığı 21383 m,

orta radius 6371,032 km,

meridianın uzunluğu 40008,550 km,

ekvatorun uzunluğu 40075,696 km,

həcmi l,083xl012 km3,

kütləsi 5,978xl024 kq,

sıxlığı 5,518 q/sm3.

Yerin kürə şəklində olması və öz oxu ətrafında fırlanması nəticəsində gecə-gündüz əmələ gəlir, saat qurşaqları ayrılır. Eyni zamanda hərəkət edən hava və suyun istiqaməti dəyişir, təbii proseslər və hadisələr coğrafi zonalıq əsasında yaranır. Günəş şüaları Yerin səthinin müxtəlif sahələrinə müxtəlif bucaq altında düşür. Nəticədə ekvatordan qütblərə doğru Yer səthinin qızması azalır.

Şimal və Cənub yarımkürələrində eyni coğrafi enliklər Günəşdən eyni miqdarda istilik alır. Ona görə bu ərazilərdə eyni iqlim şəraiti və təbii zonalar yaranır, onlar şərqdən qərbə uzanmaqla şimaldan cənuba bir-birini əvəz edir.

 

Mənbə: Z.N.Eminov, Q.M.Səmədov. Coğrafiya ensiklopediyası. I kitab. Bakı: “Çaşıoğlu Multimedia”, 2012, 368 səh.

2018-12-24   4284