NKPI

Maraqlı Məlumatlar

Coğrafiya ensiklopediyası - III

GÜNƏŞ SİSTEMİNİN YARANMASI VƏ YERİN TƏKAMÜLÜ

Böyük partlayış

Yerin necə əmələ gəlməsi haqqında məsələ artıq min illərdir ki, insanları düşündürür. Kainat haqqında biliklərin səviyyəsindən asılı olaraq bu suala müxtəlif formada cavab vermişlər. Əvvəllər Yerin yastı olması haqqında təsəvvürlər: yaranmışdır. Sonra aparılan müşahidələr və təhlillər əsasında Yerin Kainatın mərkəzində mövqe tutması və onun kürə şəklində olmasi ideyası yarandı. Növbəti mərhələdə N. Kopernik elmdə inqilabi əhəmiyyəti olan nəzəriyyə yaratdı. Onun fikrinə görə Yer Günəş ətrafında fırlanan planetlər sırasına daxildir. O, Kainatın yaranması haqqında məsələnin elmi əsaslarla izah edilməsinin əsasını qoymuşdur.

Kainatın yaşı 12-15 milyard il hesablanmışdır. Onun necə əmələ gəlməsini izah edən çoxsaylı fikirlərdən “Böyük partlayış” fərziyyəsi daha çox qəbul edilir. Bu fərziyyəyə görə Kainat çox kiçik ölçüyə qədər sıxılmış maddələrin güclü partlayışı nəticəsində yaranmışdır. Bu partlayış təsəvvür edilməyəcək dərəcədə güclü olmuş, materiya, zaman və məkanın formalaşmasının əsasını qoymuşdur. Kiçik həcmdə maddələrdə cəmlənən və partlayış zamanı ayrılan enerji o qədər güclü olmuşdur ki, nəticədə Kainatın genişlənməsi başlanmışdır. Bu genişlənmə hazırda da davam edir.

Kainatın yaranmasından təxminən 8 milyard il sonra qaz-toz buludlarının - dumanlığın sıxlaşması nəticəsində Günəş formalaşmağa başlamışdır. Buludlar sıxıldıqca ağırlıq qüvvəsinin təsiri ilə onun fırlanma sürəti və temperaturu yüksəlmiş, sıx nüvə yaranmış, fırlanan qaz-toz həlqələri ilə əhatə olunmuşdur. Buludluğun mərkəzində temperatur 10 000 000°C-yə qədər yuxarı qalxdıqdan sonra hidrogenin heliuma çevrilməsindən ibarət olan istilik-nüvə reaksiyası başlanmışdır. Külli miqdarda enerji ayrılması nəticəsində sıxılma prosesi dayanmış və yeni ulduz olan Günəş yaranmışdır.

Günəş təxminən 4,6 mlrd. il əvvəl qaz-toz dumanlığının sıxılması nəticəsində yaranmışdır. Külli miqdarda enerji ayrılması ilə müşayət olunan nüvənin daxilindəki proseslər külli miqdarda ulduz maddələrinin püskürülməsi ilə nəticələnmişdir. Günəşin yaranmasından sonra qaz-toz həlqəsi daxilində soyuyan maddələrin hissəcikləri toqquşmuş, birləşmiş, ölçüləri böyümüşdür. Nəticədə Yer planeti də daxil olmaqla bir neçə iri göy cismi əmələ gəlmişdir.

Ölçüləri tədricən böyüyən bu cisimlər qaz-toz maddələrini özünə cəzb etmiş, son nəticədə Günəşdən müxtəlif məsafədə olan, hazırda da inkişaf edən planetlər yaranmışdır. Günəş sistemi planetlərinin yaranması prosesi 150 mln.il davam etmişdir.

Yerin Günəş ətrafında hərəkəti

Yerdə həyatın mövcud olması üçün zəruri olan amillərdən biri də normal temperatur rejiminin mövcud olması, onun ən yüksək və alçaq göstəriciləri arasında olan fərqlərin (yəni, temperatur amplitudunun) azlığıdır. Belə şərait məhz Yerin öz oxu və Günəş ətrafında fırlanması nəticəsində yaranır.

Yer səthinin qızması ilk növbədə Günəşdən gələn şüaların düşmə bucağından asılıdır. Yəni, bizim bildiyimiz və daim müşahidə etdiyimiz kimi Günəş üfüqdə nə qədər yuxarı qalxırsa, Yer səthi də bir o qədər çox istilik alır və qızır. Yerin kürə şəklində olması nəticəsində onun ayrı-ayrı əraziləri müxtəlif dərəcədə qızmış olur, Yer səthində əksər hadisələrin baş verməsinə səbəb olan günəş şüaları özü ilə enerji gətirir, Yeri həm qızdırır, həm işıqlandırır.

Qütblərə yaxın ərazilərdə günəş şüalarının düşmə bucağı ən kiçik, ekvatora yaxın sahələrdə ən böyük qiymətlər alır. Əgər şüalar şaquli düşürsə və öz yolunda maneəyə rast gəlmirsə, 1 sm2 əraziyə 1 dəqiqə ərzində təxminən 2 kalori enerji düşür. Bu göstərici günəş sabiti adlanır. Günəş şüalarının düşmə bucağı azaldıqca onların Yer səthinə gətirdiyi enerjinin miqdarı da azalır.

Yerin fırlanma oxu Günəş ətrafında hərəkət etdiyi orbit müstəvisinə 66°33' meyllidir. Ona görə də Yer səthinə gəlib çatan günəş enerjisi dəyişir və nəticədə fəsillərin dəyişməsi baş verir. İyun-avqustda Yerin Şimal yarımkürəsi Günəşə tərəf çevrilmiş olur. Ona görə də bura daha çox istilik alır və yay fəsli müşahidə olunur. Həmin vaxt Cənub yarımkürəsinə Günəşin işığı az düşdüyünə və soyuq olduğuna görə burada qış fəslidir. Dekabr-fevral aylarında Yer orbitin əks tərəfində dayanır. Bu zaman yarımkürələrin Günəşə tərəf çevrilmiş hissələri yerini dəyişir. Cənub yarımkürəsi daha çox qızır. Nəticədə burada yay fəsli olur. Şimal yarımkürəsi az işıqlandığına görə temperatur aşağı düşür, burada qış fəsli yaranır.

Yer oxunun meylliyi mövsümlərin növbələşməsinə səbəb olur. Buna görə günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir.

Yer Günəş ətrafında 365 gün 5 saat 48 dəqiqə 46 saniyə ərzində hərəkət edir. Bu dövrə il deyilir. İlin uzunluğunun 365 gün olduğunu ilk dəfə Qədim Yunan alimi Fales (b.e.ə. 624-543) söyləmişdir.

Günəş Yerin illik hərəkət orbitinin fokuslarından birində yerləşir Ona görə də il ərzində Yerdən Günəşə qədər olan məsafə dəyişir. Yerin illik hərəkət yolunun radiusu bərabər vaxtda bərabər sahə cızır (İ. Keplerin qanunu). Deməli, Yerin hərəkət sürəti də dəyişir. 3 yanvarda Yer Günəşə ən yaxın məsafədə olur. Ona periheli vəziyyəti deyilir. Həmin gün Yerin orbitdə hərəkət sürəti 30,3 km/saniyə olur. Yerlə Günəş arasındakı məsafə 147 mln. km-ə qədər azalır.

Yayda, iyulun 5-nə afeli vəziyyəti deyilir. Həmin gündə Yer Günəşdən ən uzaqda yerləşir. Onlar arasındakı məsafə 152 mln. km-ə qədər artır. Lakin afeli vəziyyətində Yer orbit üzrə aşağı sürətlə (29,3 km/san) fırlanır. Nəticədə Cənub yarımkürəsində yay Şimal yarımkürəsinə nisbətən qısa olur.

Yer səthinin yalnız müəyyən hisəsində Günəş üfüqdə zenitdə olur və həmin ərazilərdə günəş şüaları Yer səthinə perpendikulyar düşür. Günəşi yalnız 23°27' şm.e-də yerləşən Şimal tropiki ilə 23°27' c.e-də yerləşən Cənub tropiki arasında zenitdə müşahidə etmək olar. Tropiklərin üzərində Günəş ildə bir dəfə – Şimal tropikində iyunun 22-də, Cənub tropikində dekabrın 22-də zenitdə olursa, tropiklər arasında bunu ildə 2 dəfə görmək olur. Nəticədə tropiklər arasındakı qurşaq daha çox istilik alır. Ekvatordan qütblərə doğru uzaqlaşdıqca günəş şüalarının istiliyi azalır.

Yerin fırlanma oxu orbit müstəvisinə meylli olduğuna görə bəzi qütbətrafı rayonlarda Günəş ildə bir dəfə səmada bir sutka görünmür. Bu hadisənin müşahidə olunduğu ərazilərin sərhədləri rolunu Şimal və Cənub qütb dairələri oynayır. Qütb dairələri 66°33' şmal və cənub enliklərində yerləşir. Qütblərə yaxınlaşdıqca Günəşin üfüqdə görünmədiyi müddət də artır. Bu müddət qütb gecələri adlanır. Onun davametmə müddəti Şimal və Cənub qütb dairələrindəki bir sutkadan qütblərdə yarım ilə qədər artır. Məs. Şimal qütbündə Günəş 179 gün üfüqdə görünmür (23 sentyabrdan 21 marta qədər).

Qütb gecələri uzun qütb gündüzləri ilə əvəz olunur. Bu zaman Günəş ümumiyyətlə üfüqdə batmır və dairəvi olaraq fırlanır. Onun da davametmə müddəti Qütb dairələrindəki bir sutkadan qütblərdə 6 aya qədər artır. Şimal qütbündə 186 gün Günəş üfüqdə görünür (21 martdan 23 sentyabra qədər).

Yay fəsli müşahidə olunan yarımkürədə, qütbdə qütb gündüzləri, əks tərəfdə qütb gecələri müşahidə edilir. Günəşin Şimal tropikində zenitdə olduğu gün (22 iyun) Şimal qütb dairəsində 1 sutka qütb gündüzü, Cənub qütb dairəsində 1 sutka qütb gecəsi yaranır. Günəşin Cənub tropikində zenitdə olduğu 22 dekabr günü vəziyyət əksinə dəyişir, yəni Şimal qütb dairəsində 1 sutka qütb gecəsi, Cənub qütb dairəsində 1 sutka qütb gündüzü olur.

Hər bir yarımkürədə Günəşin üfüqdə ən yüksək enlikdə zenitdə olduğu vaxt dəyişmir və hər il bir dəfə təkrarlanır. Şimal yarımkürəsində bu gün 22 iyunda olur. Yay gündönümü (əslində gündurumu) adlanan həmin gündə Günəş Şimal tropiki və ya Xərçəng tropiki üzərində zenitdə olur, sonra dönərək cənuba doğru hərəkət edir. Həmin gün Şimal yarımkürəsində yay, cənubda qış başlanır. Ona görə şimalda ən uzun gündüzlər, ən qısa gecələr yaranır və Cənub yarımkürəsində əksinə olur. Günəş üfüqdə ən aşağı vəziyyətdə dayanır, az vaxtda görünür, sonra uzun gecələr başlanır.

Yarım il sonra, 22 dekabrda qış gündönümü (əslində gündurumu) günü yarımkürələr üzrə baş verən hadisələr yerini dəyişir. Günəş həmin gün Cənub tropiki və ya Oğlaq tropikində günorta zenitdə dayanır, sonra şimala dönür. Ona görə Cənub yarımkürəsi daha çox qızır, burada yay, şimalda qış başlanır.

Yerin Günəş ətrafında illik hərəkəti zamanı Günəşi ekvatorda ildə iki dəfə zenitdə müşahidə etmək olar. Onlar 21 mart – yaz gecə-gündüz bərabərliyi günü, 23 sentyabr – payız gecə-gündüz bərabərliyi günü adlanır. Həmin günlərdə Günəş Yerin tən ortasında zenitdə olduğuna görə Şimal və Cənub yarımkürələri bərabər işıqlanır və istilik alır. Bu zaman Yerin qütb dairələri arasındakı sahələrində gecə və gündüzün uzunluğu bərabər olur.

Yerin Günəş ətrafında hərəkəti nəticəsində vaxt vahidi olan il ayrılır, fəsillər əmələ gəlir. Fəsillərin əmələ gəlməsi isə təbiətdə mövsümi dəyişmələrə səbəb olur.

Yerdən Günəşə qədər olan orta məsafə (149,6 mln.km) uzunluq vahidi kimi bir astronomik vahidə bərəbərdir. 1964-cü ildə qəbul edilmiş bu vahid göy cisimləri, xüsusilə Günəş sistemində olan planetlər arasındakı məsafənin ölçülməsi üçün istifadə edilir.

Saat qurşaqları

Yerin öz oxu ətrafında fırlanması zamanı onun müxtəlif yerlərində sutkanın müxtəlif vaxtları olur. Bu məntəqələrin yerli vaxtlarının müəyyən edilməsi, onlar arasında əlaqə qurulması və günəş işığından daha səmərəli istifadə edilməsi üçün saat qurşaqları ayrılır.

Yer özü ətrafında 24 saata fırlandığına görə onun üzərində bir saat və ya 15° fərq olmaqla meridional istiqamətdə 24 saat qurşağı ayrılır (360°: 24 = 15°). 1924-cü, ildə olan Beynəlxalq razılığa görə saat qurşaqlarının hesablanması Qrinviç meridianından şərqə doğru aparılır. Orta xətti Qrinviç meridian olmaqla 0-cı və ya XXIV saat qurşağı 7,5° şərq uzunluğu ilə 7,5° qərb uzunluğu arasında yerləşir. Deməli, birinci saat qurşağı 7°30 ş.u və 22°30 ş.u. arasında, ikinci saat qurşağı 22°30 ş.u və 37°30 ş.u. arasında və s. yerləşir. Saat qurşaqlarının orta meridianı da hər 15°-dən bir artır. Məs. 0° ş.u. XXIV, 15° ş.u. birinci, 30° ş.u. ikinci, 90° ş.u. altıncı saat qurşağının orta meridianlarıdır.

Qurşaq daxilində olan vaxt qurşaq vaxtı, bir meridian üzərində olan vaxt yerli vaxt adlanır. Müxtəlif coğrafi uzunluğa malik olan məntəqələrdə saatlar müxtəlif vaxtları göstərir. Ona görə ki, müxtəlif coğrafi uzunluqlarda sutka müxtəlif vaxtlarda başlanır. Əsas vaxt vahidi kimi günəş sutkasının orta davametmə müddəti götürülür (Yerin orbitdə hərəkəti qeyri-bərabər olduğuna görə real günəş sutkaları davametmə müddətinə görə fərqlənir). Goğrafi uzunluğu 1° fərqlənən məntəqələr arasında 4 dəq. vaxt fərqi 1 saat olur. Qurşaq vaxtı saat qurşağının orta meridianında olan vaxta görə müəyyən olunur. Bir meridian üzərində olan məntəqələrdə yerli vaxt eyni olur. Azərbaycan üçüncü saat qurşqğına düşür.

Şərqə doğru getdikcə hər 15°-dən sonar zaman bir saat artır, qərbə getdikcə isə bir saat azalır.

Saat qurşaqlarının sərhədləri yalnız okean və dənizlərdə meridianlar üzrə keçir. Quruda ölkələrin və onların daxilində yerləşən inzibati ərazi vahidlərinin bir saat qurşağının daxilində olması üçün qurşaqların sərhədləri ölkə və ya inzibati-ərazi vahidlərinin sərhədləri ilə üst-üstə düşür.

Saat qurşaqlarının ayrılmasını ilk dəfə 1870-ci ildə Kanada mühəndisi Sandford Fleminq təklif etmiş, Qrinviç meridianından başlayaraq onların hər 15°-dən bir bölünməsi söylənmişdir. ABŞ və Kanadada saat qurşaqları layihəsi 1883-cü ildə, Rusiyada 1909-cu ildə qəbul edilmişdir.  

Yerin daxilinə səyahət

Planetimizin səthindən mərkəzinə doğru Yer qabığı, mantiya və nüvə təbəqələri ayrılır. Bu təbəqələrin öyrənilməsi ilə geologiya elmi məşqul olur. Geoloq alimlər Yer qabığını daha yaxşı öyrənmişlər. Yer qabığı planetimizin nazik üst qatıdır. Onun qalınlığı okeanlarda 5-15 km, materiklərdə 30-90 km arasında dəyişir (bax: “Yer səthinin quruluşu”). Digər qatlar haqqında məlumatlar isə vulkanlar, zəlzələ ocaqları və ya seysmik dalğaların köməyi ilə öyrənilir. Yer qabığında oksigen, silisium, alüminium, dəmir, kalsium, kalium, natrium və maqnezium elementləri çoxdur.

Yerin daxilinə doğru temperatur hər 100 m-də 3°C artır. Temperaturun belə artmasına geotermik qradiyent deyilir. Deməli, daxilə doğru temperaturun 1°C yüksəlməsi üçün 33 metr getmək tələb olunur. Lakin Yer kürəsinin ayrı-ayrı regionlarında geotermik qradiyent eyni olmur. Ona görə də geotermik pillə anlayışından istifadə olunur. Geotermik pillə Yerin səthindən daxilinə doğru temperaturun 1°C artması üçün lazım olan dərinlikdirə. Lakin tektonik proseslərin zəif getdiyi platforma sahələrində geotermik pillə az olur, Yerin səthindən daxilinə doğru temperatur tədricən artır. Afrikanın cənubunda Yohannesburq ətrafında geotermik pillə 111 m-dir. Zəlzələ və vulkanların tez-tez baş verdiyi seysmik cəhətdən fəal olan ərazilərdə isə geotermik pillə daha az, 5-20 m arasında ola bilər.

Daimi donuşluq ərazilərində isə 1000-1500 metr dərinliyə qədər temperatur 0°C-dən aşağıdır. Rusiyanın Kola yarımadasında 12 km dərinliyə qədər qazılmış quyudakı süxurların temperaturu isə 200°C-dən çox olmamışdır. Halbuki, bu dərinlkdə temperatur 300°-400°C arasında olmalı idi.

Yerin səthindən mantiya qatına qədər süxurlarda seysmik dalğaların sürətinin artması müəyyən edilmişdir. Seysmik dalğaların sürəti çökmə süxurlarda 2-5 km/san. qranit laylarda 6,0-6,5 km/san., bazalt laylarında isə 7,0-7,5 km/san.-yə çatır. Yer qabığı ilə üst mantiya birlikdə litosfer (yun. litos – daş, sfera – təbəqə) təbəqəsini əmələ gətirir. Onun qalınlığı materik Yer qabığında 150-200 km-ə qədər, okeanlarda isə 90 km-ə çatır. Yer qabığından aşağıda seysimik dalğaların sürətinin dəyişdiyi sərhəd Moxo sərhədi adlanır. Xorvat alimi A. Moxoroviçiç (1857-1936) Zaqreb şəhərinin yaxınlığında 1909-cu ildə baş vermiş zəlzələnin seysmoqramını (yun. seysmos – zəlzələ, qramma – ölçmə) öyrənərkən müəyyən etmişdir ki, təqribən 30 km dərinlikdə dalğaların sürəti artır. Əvvəlcə bunun yerli xarakterli olduğunu düşündülər. Lakin başqa seysmoloqlar da buna bənzər hadisələri təsdiq etdilər. Deməli, Yer qabığını mantiyadan ayıran hansısa bir sərhəd vardır. Bu sərhəd seysmik dalğaların yayılma sürətinin kəskin dəyişməsi ilə fərqlənərək litosferin səthindən 5 km-dən 75 km-ə qədər dərinlikdə yerləşir. Yer qabığının qalınlığına uyğun gələn bu sərhəd onu kəşf edən geofizikin şərəfinə Moxoroviçiç sərhədi və ya qısaca olaraq Moxo sərhədi (bəzən qısaca olaraq M sərhədi də) adlanır.

Litosferin aşağı sərhəddini “Benyof”zonası adlandırırlar. Litosferdən aşağıda elə bir qat yerləşir ki, orada uzununa və eninə seysmik dalğalar zəif paylanır. Ona görə də bu qatı astenosfer (yun. astenes – zəif) adlandırmışlar. 1914-cü ildə Barrel (ABŞ) mantiyada astenosfer adlanan plastik və özüllü qatın olmasını əsaslandırmışdır.

Müəyyən edilmişdir ki, astenosferdə, Yerin səthindən 100-150 km dərinlikdə temperatur və təzyiqin yüksək olmasına görə süxurlar ərimiş halda olur. Burada süxurların kipliyi azalır, yumşaq və plastik formada olur. Astenosferdə silisium və maqnezium elementləri çoxdur, litosferlə birlikdə tektonosfer qatını əmələ gətirirlər. Bütün tektonik hərəkətlərin, bəzi zəlzələlərin mənbəyi tektonosferdə yerləşir. Astenosfer üzərində litosfer tavaları sürüşərək hərəkət edirlər.

Mantiya. Yer qabığının altında qalınlığı 2900 km-ə çatan mantiya qatı yerləşir. Yunancadan tərcümədə “üst geyim”, “örtük” mənasını verir. Mantiya planetimizin həcminin 80%-dən çoxunu təşkil edir. O, üst və alt mantiya qatlarına bölünür.

Üst mantiya Moxo sərhəddindən aşağıda yerləşərək 650-700 km dərinliyə qədər olan ərazini əhatə edir. Üst mantiya süxurlar ərimiş və maye halındadır. Burada maqma ocaqları yaranır və çatlar boyu Yerin səthinə çıxırlar. Mantiyanın üst hissəsində, təqribən 70-100 km dərinlikdə temperatur 700°-1500°C-dir, təziq isə 13-15 kbar-dək yüksəlir. Burada süxurların sıxlığı 3,3-5,0 q/sm3-dir. Üst mantiya ərimiş halda olan alüminium, dəmir, maqnezium, kalsium, oksigen maddələrindən ibarət olsa da, dərinliyə doğru onun quruluşu müxtəlifdir.

Alt mantiyanın aşağı sərhəddi 2200- 2900 km-ə qədər dərinlikdə yerləşir. Burada maddələrin sıxlığının 5,5 q/sm3-dək, temperaturun 2800°-4000°C-yə qədər, təzyiqin 350-400 kbara qədər artdığı güman edilir. Alt mantiyada temperaturun yüksək olmasına baxmayaraq, təzyiq də böyük olduğuna görə buradakı maddələr kip və sıx haldadır, axıcılıq qabiliyyəti olmur.

Nüvə. Planetimizin mərkəzində nüvə yerləşir. Nüvənin xaricindən onun mərkəzinə qədər radiusu təqribən 3500 km-dir. Nüvənin özü də fiziki və kimyəvi xüsusiyyətlərinə görə fərqlənən xarici və daxili təbəqələrə ayrılır. İngilis fiziki İ. Nyuton Yerin fırlanma cismi olduğu üçün qütblərdən basıq olması fikrini irəli sürmüşdür. Fransız alimi J. L. Byuffon bu fikrə əsaslanaraq bunun ancaq Yerin daxili ərimiş olduqda mümkün ola biləcəyini əsaslandırmışdır. XIX əsrdə yaşamış fransız alimi Qabriel Dobrenin fikrinə görə Yerin dərinliklərində temperatur və təzyiqin yüksəlməsinə müxtəlif formada reaksiya verən daha ağır və bərk kütlələr mövcuddur. Dobre belə qənaətə gəlmişdir ki, bizim planeti təşkil edən süxurların da kütləsi hər yerdə eyni deyildir. Alman alimi Benq Qutenberq aşkar etmişdir ki, zəlzələ nəticəsində yaranmış uzununa dalğaların sürəti nüvənin xarici örtüyündə azalır, eninə dalğalar isə oradan keçə bilmir. Ona görə də Yerin xarici nüvəsinin maye olduğu güman edilir.

İngilis alimi Holms 1946-cı ildə nüvənin xarici sərhəddinin Yerin səthindən 2900 km dərinlikdə yerləşməsini müəyyən etdi. Yerin öz oxu ətrafında fırlanması prosesində dəmir, nikel və başqa ağır metallar Yerin mərkəzində toplanmış, yüngül maddələr (alüminium) isə Yerin səthinə doğru çıxmışdır.

Daxili nüvənin qalınlığı təqribən 1200 km-ə qədərdir. Seysmik dalğalara əsasən aparılmış tədqiqatlardan daxili nüvənin bərk kütlədən ibarət olduğu ehtimal edilir. Burada radioaktiv elementlərin parçalanması zamanı yüksək temperatur yaranır. Daxili nüvədə temperaturun 4000°C-dən, təzyiqin 3 milyon atmosferdən, maddələrin sıxlığının 12,5 q/sm3-dən çox olması ehtimal olunur.

XX əsrin 80-cı illərində amerikalı tədqiqatçılar D. Anderson və A. Cevonski seysmik tomoqrafiyanı kəşf etdilər. Tədqiqatlarla müəyyən edilmişdir ki, nüvə və mantiya arasındakı sərhəd heç də hamar deyil. Bura qalınlığı 150-350 km-ə çatan nəhəng “yeraltı dağlardır”, qalınlığı orta hesabla 260 km-dir. Məhz burada müxtəlif kimyəvi tərkibli dərinlik maddələrinin qarışması baş verir və bu səbəbdən də “yeraltı dağlar” yaranır.

Yer qabığının quruluşu

Materiklərin və okeanların altında yerləşən Yer qabığı həm quruluşuna, həm də qalınlığına görə fərqlənirlər. Ona görə də materik və okean tipli Yer qabığını fərqləndirmək qəbul olunmuşdur.

Materik tipli Yer qabığı materiklərin, materik mənşəli adaların bünövrəsini və dərinliyi 3000-4000 m-dən çox olmayan okeanların materikətrafı hissəsini və şelf düzənliklərini tutur. Materik Yer qabığının qalınlığı orta hesabla 30-40 km, dağlarda isə 70-80 km, Himalay və Hindquş dağlarında isə 90 km-ə qədər götürülür. Materik Yer qabığı 3 laydan – yuxarıda yerləşən çökmə süxurlardan, ondan aşağıda yatan qranit qatından və nəhayət bazalt laylarından ibarətdir.

Okean tipli Yer qabığı planetimizin səthinin 60%-ə qədərini əhatə edir. Onun əsas cəhəti nisbətən nazik olmasıdır, orta qalınlığı 5-7 km, Marian çökəkliyində 5-6 km-dir. Bu nazik qat da iki laydan – çökmə süxurlar və bazalt layından ibarətdir. Çökmə süxurların toplandığı layın qalınlığı 1-5 km arasında dəyişir. Çökmə qatın altında isə qalınlığı 5-10 km-ə çatan bazalt layı yerləşir. Sahil boyu yer qabığının qalınlığı azalır və keçid xarakteri daşıyır. Okeanların şelf və materik yamacı zonalarında qranit qatı vardır. 4000 m dərinlikdə qranit qatı ya yoxdur, ya da az qalınlığa malikdir.

Materiklərdə qranit və bazalt qatlarının arasındakı sərhəddi onu kəşf etmiş geofizik V. Konradın şərəfinə Konrad sərhəddi adlandırılır.

Minerallar və süxurlar

Yer səthi ayrı-ayrı kimyəvi elementlərin eyni fiziki xassəyə malik birləşmələrindən – minerallardan təşkil olunub. Yer səthində hal-hazırda 3000-dən çox mineralın olması məlumdur.

Müəyyən fiziki-kimyəvi xassəyə və kimyəvi tərkibə malik olan, təbii proseslər nəticəsində yaranan kristallik və bircinsli məhsula mineral deyilir.

Mineralların rəngi onların səciyyəvi xassələrindən biri hesab olunur. Hətta bəzi mineralların adlarında da onların rəngi ifadə olunur – radonit qızılgül rəngi (yun. radon – qızılgül), akvamarin (lat. aqua marina – dəniz) və s. Mineralların bəziləri özündən bərk əşya üzərinə çəkildikdə izinin müxtəlif rəngi alınır. Hematit adlı mineral tünd qırmızı rəngli iz yaratdığından onu “qan” adlandırmışlar. Bəzən mineralları onların sıxlığına görə də ayırırlar. Filizi yumaqla ağır mineralların çökdürülməsi şlix adlanır. Şlixdə ən ağır olan minerallar, sıxlığı 20 q/sm3-dən çox olan qızıl, platin, almaz kimi minerallar qalır. Mineralları təyin etməyin digər yolları da vardır.

Yerdə ən çox silikatlar, oksidlər, hidrooksidlər, sulfidlər, fosfatlar, karbonatlar və s. minerallar yayılmışdır. Mineralların əksəriyyəti bərk kristalik kütlədir, az miqdarda maye minerallar da vardır. Mineralların sərtliyi onların əsas xassələrindən hesab olunur. Mineralların sərtliyini Fridrix Moos (1773-1838) şkalasına əsasən (1811) təyih edirlər. Bu şkalada ən sərt mineral almazdır və 10 bal ilə qiymətləndirilir.

Süxurlar. Mineralların birləşməsindən süxurlar yaranır. Süxurların xassələrini, tərkibini, təsnifatını petroqrafiya elmi, onların əmələ gəlməsi, dəyişməsi xüsusiyyətlərini isə petrologiya elmi öyrənir.

Süxurlar mənşəyinə görə maqmatik, çöküntü və metomorfik mənşəli olurlar. Maqmanın Yer səthinə çıxması və ya müəyyən dərinlikdə soyuması nəticəsində maqmatik süxurlar yaranır. Maqmanın Yer səthinə çıxması prosesi effuziya adlanır. Bu proses nəticəsində effuziv süxurlar əmələ gəlir. Bazalt, vulkan şisti, pemza effuziv maqmatik süxurlardır. Lavanın tərkibində çoxlu qazlar olduqda məsaməli və yüngül süxurlar əmələ gəlir.

Maqmanın Yerin dərin qatlarında soyuması və bərkiməsinə intruziya (latınca intrusus – nüfuzetmə, daxilolma) deyilir. Bu proses zamanı intruziv maqmatik süxurlar (qranit) əmələ gəlir. İntruziya prosesi yüksək təzyiq şəraitində getdiyindən iri kristallardan ibarət olan çox sıx və möhkəm süxurlar yaranır.

Yer qabığında olan süxurların 64,1%-i maqmatik mənşəli süxurlardan ibarətdir. Maqmatik süxurlar digər süxurlar üçün mənbə rolunu oynayır.

Çöküntü mənşəli süxurlar Yerin səthində olan süxurların parçalanması və alçaq ərazilərdə toplanması nəticəsində yaranır. Çöküntü süxurları üzvi, qeyri-üzvi və kimyəvi mənşəli olur. Qum, gil, çınqıl, lil qeyri-üzvi mənşəli çöküntü süxurlarıdır. Süxurların suda həll olunması nəticəsində kimyəvi mənşəli çöküntü süxurlar əmələ gəlir. Bəzən süxurların kimyəvi tərkibi dəyişilir. Gips, kalium və xörək duzları belə süxurlara aiddir. Kömür, yanar şist, neft, təbii qaz, əhəngdaşı, dolomit, fosforit, təbaşir üzvi mənşəli çöküntü süxurlarıdır. Çöküntü süxurları əsasən laylar şəklində Yerin üst qatlarında toplanır. Çöküntü mənşəli süxurlar Yer qabığındakı süxurların 9,4%-ə qədərini təşkil edirlər. Onlar Yer səthinin 70%-ni örtürlər.

Metomorfik süxurlar yüksək təzyiq və temperatur şəraitində maqmatik və çöküntü mənşəli süxurların dəyişməsindən yaranır.

Belə dəyişmə prosesində süxurların kimyəvi tərkibi az, fiziki xassələri isə tam dəyişilir. Metomorfikləşmə prosesi nətiçəsində kristallik quruluşlu, möhkəm və davamlı süxurlar yaranır. Bu proses nəticəsində əhəng daşından mərmər, qum daşından kvarsit, qranitdən qneys gildən gilli şist, kömürdən almaz yaranır. Metomorfik süxurlar Yer qabığındakı süxurların 26,5%-ni təşkil edir.

Yerin inkişaf tarixi

Süxurların mütləq və nisbi geoloji yaşının qiymətləndirilməsi

Yerin mütləq yaşı 4,6 mlrd. il hesablanmışdır. Yer səthində ən qədin süxurların yaşı isə 3,0-3,5 milyard ildir.

Geoloji hadisələrin baş verməsindən indiki dövrə qədər keçən vaxt mütləq geoloji yaş adlanır. Mütləq geoloji yaş mineralların tərkibində olan radioaktiv elementlərin (uran, radium, torium, plutonium və s.) və onların izotoplarının parçalanma məhsullarının toplanmasına əsasən hesablanır. Hər bir radioaktiv elementin özünəməxsus parçalanma sürəti vardır və daimidir. Mineralın tərkibində olan radioaktiv elementin (məs. uranın) miqdarını onun parçalanma məhsullarının (helium, qurğuşun) miqdarı ilə müqayisə etməklə mineralın yaranma vaxtından keçən müddəti, yəni mütləq yaşı təyin etmək olar. Nəticədə mineralın daxil olduğu süxurların yaşı hesablanır. 100 qr. uranın 74 min il ərzində parçalanması nəticəsində 1 q qurğuşun alınır. Yerin geoloji inkişafında baş verən bir hadisənin başqa bir hadisəyə nisbətən vaxtı, ondan əvvəl, sonra və ya eyni vaxtda olması onların nisbi yaşına görə müəyyən edilir. Süxurların nisbi geoloji yaşı onların tərkibində tapılan bitki, heyvan qalıqlarına və süxurların yatım ardıcıllığına görə müəyyən edilir. Üzvi aləmin vaxta görə inkişafı daha sadə formalardan mürəkkəbə doğru gedir, yəni sadə orqanizmlər daha qədim süxurlarda toplanır. Süxurların nisbi yaşının hesablanması zamanı hadisələrin davametmə müddəti eralar və dövrlərlə müəyyən edilir.

Arxey – həyatın başlanğıc erası, Proterozoy – ilk həyat erası, Paleozoy – qədim həyat erası, Mezozoy – orta həyat erası, Kaynozoy – yeni həyat erası deməkdir. Geoloji dövrlərə adlar süxurların adlarına, onların ilk dəfə öyrənildiyi ərazilərin adına, qədim xalqların adına və ya bir neçə söz birləşməsinə əsasən verilmişdir. Geoloji eralar və dövrlərdə baş verən hadisələrin ardıcıllığı “Geoxronoloji şkala”ya əsasən müəyyən edilir.

 

Materiklər daim üzür

Materiklərin hərəkət etməsi haqqında ilk dəfə alman geofiziki Alfred Lotar Vegener (1880-1930) fikir söyləmiş və onu əsaslandırmağa çalışmışdır (1912). Onun fikrincə 250 milyon il əvvəl bütün quru sahəsinin birləşdiyi meqakontinent olmuşdur. A. Vegener bu meqakontinenti Pangeya”, onu əhatə edən okeanı isə “Pantalass” adlandırmışdır.

Daha sonralar isə o, Pangeyanın Lavrasiya və Qondvana kimi quru sahəsinə parçalanması və onların arasında Tetis adlanan okeanın olmasını söyləmişdir. Daha sonra isə müasir materiklərin və okeanların formalaşdığını irəli sürmüşdür. Lakin A. Vegener litosferin ayrı-ayrı tavalardan ibarət olduğunu, bu tavaların necə hərəkət etməsini, materiklərin üfüqi sürüşməsinə hansı qüvvənin səbəb olduğunu izah edə bilməmişdir.

Litosfer tavaları arasında düz xəttli qırılmalar boyunca üfüqi sürüşmələr baş verir. Tavaların sürüşməsi nəticəsində hərəkət bir zonadan digərinə ötürülərək transform adlanan qırılmalar əmələ gətirir. Litosfer tavaları mantiyanın ərimiş astenosfer adlanan təbəqəsi üzərində “üzür”. Müəyyən edilmişdir ki, bu “üzmə” litosfer tavalarının kütləsindən asılıdır. Litosfer tavası nə qədər ağır və qalın olarsa, onun hərəkəti də bir o qədər zəif olur. Əksinə, qalınlığı az olan litosfer tavası daha sürətlə hərəkət edir. Sakit okean tavasının nazik olması onun hərəkətinin digər tavalara nisbətən daha sürətli olmasına səbəb olur (ildə 10 sm-ə qədər).

Yer qabığı litosfer tavaları və ya plitələri adlanan hissələrdən ibarətdir. Yer üzərində Şimali və Cənubi Amerika, Afrika, Avrasiya, Hindistan-Avstraliya, Antarktida, Sakit okean, Naska kimi böyük əraziləri əhatə edən litosfer tavaları ayrılır. Bunlardan başqa kiçik ərazi tutan Amur, Filippin, Fici, Çin, Oxot dənizi, Kokos, Karib, Skoşa, Somali və Ərəbistan litosfer tavaları da vardır. Böyük litosfer tavalarını həm quru, həm də su sahələri əhatə edir. Ona görə litosfer tavalarının kənarlaşma və ya toqquşma sərhədlərinin qurudan və ya sudan keçməsindən asılı olaraq materik və okean tipli tavalar fərqləndirilir.

Litosfer tavalarının hərəkət etməsi və onların yerdəyişməsi mantiyada Yerin daxili enerji hesabına ərimiş maqmanın qalxan-enən hərəkəti, yaxud konveksiyası nəticəsində baş verir. Litosfer tavaları bir tərəfdə bir-birindən uzaqlaşır, digər tərəfdə toqquşurlar. Litosfer tavalarının bir-birindən kənarlaşması nəticəsində dərin çatlar əmələ gəlir. Okeanın dibində əmələ gəlmiş çatlardan maqma çıxaraq soyuyur və okean Yer qabığını əmələ gətirir. Beləliklə də, okeanın dibi genişlənir və bu proses spredinq adlanır. Okean tipli litosfer tavalarının bir-birindən kənarlaşması nəticəsində Atlantik və Hind okeanlarının sahəsi getdikcə artır. Okeanın dibində litosfer tavalarının kənarlaşdığı çatlar boyunca orta okean dağ silsilələri uzanır. Bu dağların zirvələri bəzən okeanın səthindən yuxarı qalxaraq vulkan mənşəli adalar əmələ gətirirlər (İslandiya, Azor, Müqəddəs Yelena, Pasxa və s.). Okean dağ silsilələrinin arasında eni 50 km, dərinliyi 400-2000 metrə qədər olan rift dərələri yerləşir. Litosfer tavalarının kənarlaşdığı sərhədlərə divergent sərhədlər deyilir.

Litosfer tavalarının bir-birinə qarşı hərəkəti nəticəsində onların toqquşması da baş verir. Belə toqquşma zonalarını konvergent sərhədlər adlandırırlar Litosfer tavalarını toqquşma xüsusiyyətlərinə görə fərqlənən iki tipə ayırmaq olar. Birinci halda materik Yer qabığı olan litosfer tavalarının toqquşması, ikinci halda isə materik və okean Yer qabığından ibarət olan litosfer tavalarının toqquşması baş verir.

Materik və okean tipli Yer qabığına malik olan litosfer tavaları toqquşduqda nazik okean tavası qalın materik tavasının altına keçir. Orada yüksək təzyiq altında sıxılaraq bünövrəsi astenosferə batır. Okean tipli tavanın əyilməsi və batması subduksiya (lat sub – alt, ductio – aparma) adlanır. Okean Yer qabığı olan litosfer tavasının batdığı yerlərdə dərin okean çökəklikləri və ya novlar əmələ gəlir, onlara paralel olaraq bəzi yerlərdə quruda iri dağ sistemləri, bəzilərində qövs formasında adalar (adalar qövsü) yaranır. Məs. Sakit okeanın qərb sahillərində bir-birinə paralel olaraq adalar qövsü və novlar əmələ gəlir. Onlardan ən dərini Marian çökəkliyidir (11022 m). Okeanın qərb hissəsində Naska və Cənubi Amerika litosfer tavalarının toqquşması prosesində novlara paralel olaraq And dağlarl yüksəlir. Materik və okean yer qabığına malik. olan litosfer tavalarının hərəkəti nəticəsində materiklərin kənarlarında qalxmalar baş verir və dağlar yaranır. Şimali Amerikadakı Kordilyer dağları, eləcə də Avrasiya materikinin şərqində yerləşən dağlar belə əmələ gəlmişdir.

Subduksiya prosesinin sürəti ildə 1-12 sm arasında dəyişir. Məsələn, Sakit okean və Avrasiya tavalarının toqquşması nəticəsində nəhəng okean ildə 10 sm sürətlə mantiyaya batır. Sakit okeanın sahəsi də məhz bu proses nəticəsində getdikcə azalır.

Hər ikisi materik Yer qabığı olan litosfer tavalarının bir-birilə toqquşması nəticəsində quruda iri dağ sistemləri yaranır. Tektonikada belə hadisəni kollizeya (ingiliscə collision – toqquşma) adlandırırlar. Materik tipli litosfer tavalarının toqquşması zamanı mantiyanın üzərindəki qranit qatı yüngül olduğundan astenosferə batır. Bu səbəbdən də laylar qırışaraq qalxır və uca dağları əmələ gətirir. Dünyanın ən hündür zirvəsi olan Comolunqmanın yerləşdiyi Himalay dağları ilə bərabər Alp-Himalay dağlıq qurşağı Afrika və Hindistan-Avstraliya litosfer tavaları ilə Avrasiya litosfer tavasının toqquşmasından əmələ gəlmişdir.

Yer səthinin şaquli və üfüqi hərəkətləri

Yerin daxilində baş verən proseslər nəticəsində onun səthində olan şaquli və üfüqi hərəkətlərə tektonik hərəkətlər deyilir. Şaquli hərəkətlərin illik sürəti 1 mm-dən 20 mm-ə qədər olur, Şaquli hərəkətlərə misal olaraq Skandinaviya yarımadasının sahillərinin qalxmasını, Şimal dənizinin sahillərinin isə enməsini göstərmək olar.

Orta əsrlər dövründə Skandinaviya sahillərində salınmış lövbərlərin izləri hazırda dəniz səviyyəsindən 10 m-ə qədər yüksəklikdə yerləşir. AFR-in, Danimarkanın və Niderlandın ərazisi isə ilbəil dəniz sularının altına qərq olur və getdikcə kiçilir. Ona görə də sahilboyu ərazilərdə bəndlər tikilir, sahil ərazilərinin səviyyəsini süni yolla qaldırırlar. Süni olaraq yaradılmış belə quru sahələri poliderlər adlanır. Hollandlar belə bir məsəl deyirlər ki, “torpağı Allah, Hollandiyanı isə hollandlar yaratmışlar”.

Yer səthində daxili proseslərin təsiri ilə yaranmış, faylarla əhatə olunmuş və süxur laylarının qırılaraq qalxmasına horst deyilir. Horstların əksinə olaraq faylarla əhatə olunan, süxur laylarının qırılaraq aşağı enən hissəsi isə qraben adlanır. Yer səthinin horstlarla və qrabenlərlə əvəz olunan sahələri fay adlanır. Onlar pilləkən formasında yerləşdikdə isə pilləvari fay əmələ gətirirlər. Bu relyef formaları ərazilərin kənarlaşması prosesində yaranır və qırılmalar adlanır.

Yerin daxilində baş verən tektonik hərəkətlər nəticəsində süxur qatlarının layları pozulmadan yatım formalarının dəyişməsinə qırışıqlıq deyilir. Bu zaman ərazilərin yaxınlaşması gedir. Qırışıqlıq nəticəsində bükülüb qalxmış sahələr antiklinallar bükülüb enmiş sahələr isə sinklinallar adlanır. Antiklinallar və sinklinallar növbələşərək qırışıqlığı əmələ gətirirlər. Diaxili qüvvələrin əmələ gətirdiyi relyef formaları ümumilikdə morfostrukturlar adlanır. Morfostrukturlara litosfer tavalarının hərəkəti nəticəsində yaranan relyef formaları ilə yanaşı, qırışıqlıqlar, qırılmalar, vulkanlar və s. də daxildir.

Yerin hərəkətdə olan və sabit sahələri

Geosinklinal qurşaqlar

Litosfer tavalarının toqquşduğu və ya kənarlaşdığı zonalar tektonik cəhətdən fəal olur. Belə ərazilərdə zəlzələlər, vulkan püskürmələri baş verir. Tektonik cəhətdən fəal olan belə ərazilərə geosinklinal qurşaqlar deyilir. Geoloji dövrlər ərzində geosinklinalların inkişafının ilkin mərhələsində əvvəlcə ərazilərin əyilməsi baş verir, burada süxurlar toplanır. Toplanan süxurların qalınlığı bəzən 20-25 km-ə qədər olur. İkinci mərhələdə ağırlıq qüvvəsinin təsiri ilə Yer qabığı aşağıya, mantiyanın yuxarı sərhəddinə qədər batır. Üçüncü mərhələdə Yer qabığının qalınlığının azalması nəticəsində daxili qüvvələrin fəallaşması, maqmanın hərəkətə gəlməsi ilə əlaqədar vulkanizm proseslərinin fəallaşması və zəlzələlərin olması ilə davam edən dağəmələgəlmə prosesləri baş verir. Dördüncü mərhələdə isə xarici qüvvələrin təsiri ilə Yer səthinin “hamarlanması” və nisbətən sabit ərazilərə çevrilməsi prosesləri gedir.

Yer üzərində olan geosinklinal qurşaqlara Alp-Himalay, And-Kordilyer və Sakit okeanın sahilləri boyu uzanan dağ sistemlərini (Sakit okean “Odlu qurşağı”), həmçinin orta okean dağ silsilələrini aid etmək olar. Bunlar litosfer tavalarının toqquşma sahələrinə uyğun gəlir.

Platforma sahələri

Platformalar Yer qabığının qədim, nisbətən sabit və hamar sahələridir. Onlar geosinklinallar sahəsində yaranan dağların sonrakı mərhələlərdə uçulub dağılması və hamar sahələrə çevrildiyi zaman əmələ gəlir. Onun əsasını qırışıqlıq, metomorfizm və intruzivlərlə bərkimiş süxurlar təşkil edir. Platformalar iki təbəqədən ibarət olur. Birinci, üst təbəqədə 3-4 km qalınlıqda olan çöküntü süxurları yerləşir. Bu süxurların dəniz və materik mənşəli olması onların hərəkətini, yəni okean dibinin qalxaraq quru sahələrinə çevrilməsi və ya əksinə prosesin getdiyini sübut edir. Çökmə süxurların altında yerləşən bərk, kristallik süxurlardan ibarət olan sahələr isə platformanın özülü və ya bünövrəsi adlanır. Platformanın özülü qədim geosinklinalın qalığı olduğundan qırışıq olur. Xarici qüvvələrin təsiri ilə qırışıqlığın səthə çıxan kristallik bünövrə qalxan və ya sipər adlanır. Qalxanların üzərində çökmə mənşəli süxurlar çox nazik olur.

Platformanın qalxanlarına misal olaraq Şərqi Avropa platformasında Baltik və Ukrayna qalxanlarını, Şimali Amerika platformasında Kanada qalxanını, Sibir platformasında Aldan və Anabar qalxanını və s. göstərmək olar. Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanları yerləşir.

Platformanın səthində çöküntü süxurları ilə örtülmüş əyilmə sahələri tava adlanır. Platformalarda Yer qabığının bir neçə yüz kilometr uzunluğunda olan az meylli, oval formalı enmə sahələrinə sinekliz (yun. syn – birlikdə, enklisis – toplanma) deyilir. Onların üzərində ölçüləri bir neçə yüz kilometrə çatan, tağ formasında az meylli əyilmə sahələri antekliz (yun. anti – əks, klisis – əyilmə) adlanır. Onlar yüz milyon illər ərzində fasiləsiz olaraq davam edən zəif tektonik qalxmalar nəticəsində yaranır. Anteklizlərin üzərində çox nazik çöküntü mənşəli süxurlar olur. Bəzən isə onların səthi xarici proseslər nəticəsində yuyulur və açıq olur. Sinekliz sahələrdə isə çökmə süxurlar toplanır və onların qalınlığı 4-5 km-ə çatır.

Platformaları əmələ gəlməsi dövrünə, yəni yaşına görə qədim və cavan platformalara ayırırlar. Qədim platformaların yaşı 3-4 milyard il götürülür. Onlar materiklərin bünövrəsini təşkil edir. Qədim platformalar Arxey və Proterozoy eralarında yaranmışdır. Yer üzərində əmələ gəlmiş Şimali Amerika, Cənubi Amerika, Şərqi Antarktida, Avstraliya və Afrika-Ərəbistan qədim platformalardır. Avrasiya materikində isə Şərqi Avropa, Sibir, Cənubi Çin, Çin-Koreya, Tarim və Hindistan kimi qədim platformalar vardır.

Cavan platformalarda Kembriyə qədərki qırışıqlıq sahələri ilə yanaşı Paleozoy və Mezozoy yaşlı süxurlar da vardır. Relyefin bu struktur elementləri ya qədim platformaların kənarlarında, ya da iki qədim platforma arasında yerləşir, üzərində Paleozoy və Mezozoy eraları və sonrakı dövrlərə aid olan süxurlar toplanır. Qərbi Sibir, Almaniya-Polşa, Pataqoniya, Ön Qafqaz və Turan cavan platformalardır, Onların bünövrəsi əsasən Kaledon və Hertsin qırışıqlığı zonalarında yaranmışdır.

Mezozoy qırışıqlığına məruz qalmış ərazilər hazırda geosinklinal inkişaf prosesindən platforma mərhələsinə keçir. Onların üzərində qalın çöküntü suxurları hələ toplanmamışdır. Belə ərazilərə inkişafı hələ başa çatmamış platformalar da deylir.

Zəlzələlər

Yerin daxilində baş verən tektonik proseslərin nəticəsində Yer səthinin ani vaxt ərzində titrəməsinə zəlzələ deyilir. Zəlzələ prosesi əsasən tektonik fəallığı yüksək olan litosfer tavalarının sərhədlərində müşahidə olunur. Ən çox zəlzələ Sakit okean “Odlu qurşağında”, yəni Avrasiya ilə Sakit okean tavasının, həmçinin Şimali və Cənubi Amerika tavalarının sərhədlərində baş verir. Alp-Himalay qırışıqlığı zonası və orta okean silsilələri də seysmik cəhətdən fəal ərazilərdir.

Qədim Yunanıstan əfsanələrində onun baş verməsini dəniz Allahı Poseydonun qəzəblənməsi ilə əlaqələndirirdilər. XIX əsrin ikinci yarısına qədər də zəlzələnin necə baş verməsi səbəbini izah etmək müşkül məsələ idi. Bu dövrdə zəlzələləri öyrənmək üçün seysmologiya (yun. seysmos – titrəyiş, loqos – elm) elmi yarandı.

Zəlzələlər əmələ gəlməsinə görə vulkanik və tektonik mənşəli olurlar. Zəlzələnin baş verdiyi Yerin daxilində olan mərkəzinə zəlzələ ocağı deyilir. Bu ocaq çox vaxt hiposentr adlanır. Hiposentr və ya zəlzələ ocağının Yer səthindəki proyeksiyasına isə episentr deyilir. Hiposentrin müxtəlif dərinliklərdə yerləşməsindən asılı olaraq zəlzələnin dağıdıcı gücü və əhatə dairəsi müxtəlif ola bilər. Hiposentr Yerin səthinə nə qədər yaxın yerləşərsə, onun dağıdıcı gücü də daha böyük olur. Yer səthində zəlzələnin gücü ən çox episentrdə olur.

Episentrdən uzaqlaşdıqca, hər 10-15 km-də dalğanın təsiri 1 bal zəifləyir. Zəlzələnin təsiri və dağıdıcı gücünü Rixter və Merkalli şkalaları üzrə 12 balla ölçürlər. Zəlzələni qeydə alan cihaz seysmoqraf adlanır. Bu cihaz vasitəsi ilə zəlzələnin titrəyişlərinin dərəcəsinin qrafik şəkildə qeydə alınmasına seysmoqram deyilir. Onlar seysmik stansiyalarda qurulur.

Zəlzələlərin intensivliyinin Merkalli şkalası onu xarici əlamətlərə, dağıntılar haqqında məlumatlara əsasən müəyyən edir. Şkala zəlzələnin qeydə alınması üçün müvafiq avadanlıqlar, yeraltı təkanların intensivliyi haqqında məlumatlar olmadıqda tətbiq olunur. Şkala onu tərtib edən, 1883 və 1902-ci illərdə istifadə etmiş amerikalı Cüzeppe Merkallinin adı ilə bağlıdır. Sonralar Ç. Rixter şkalaya müəyyən dəyişikliklər etmişdir. Hazırda Merkalli şkalası əsasən ABŞ-da istifadə olunur.

Zəlzələnin hiposentri 400-700 km-ə qədər dərinlikdə yerləşir. Lakin çox hallarda zəlzələlər 5-10 km-dən 50-100 km-ə qədər dərinlikdə baş verir. Yəni onlar Yer qabığında yerləşir. Ona görə də belə zəlzələlərin baş verməsi zamanı çoxlu dağıntılar olur. Bu zaman Yer səthində relyef tamamilə dəyişir, yeni relyef formaları – dağlar, çökəkliklər, göllər əmələ gəlir. 1139- cu ildə Gəncədəki zəlzələ zamanı Kəpəz dağı uçmuş və Ağsu çayının qarşısını kəsərək Göygölü yaratmışdır.

Seysmik proseslərin baş verməsi zamanı yeraltı təkanların eyni olduğu ərazilər xəritədə bir xətt ilə birləşdirilir. Belə xətlər izoseystlər (yun. izos – bərabər, eyni, seysmos – titrəyiş) adlanır.

Rixter zəlzələnin gücünü təyin edərkən asan olmaq üçün seysmoqrafın lentinə yazılan seysmik rəqslərin kəmiyyətlərinin onluq loqorifmlərindən istifadə etmişdir. Nəticədə 1-dən 9-a qədər dərəcə bölgüsü olan cədvəl tərtib etmişdir. Bu cədvəlin şərti vahidi maqnituda (latınca maqnitudo – kəmiyyət) adlanır. Seysmoloqlar bu cədvəldən istifadə edirlər. Lakin nəzərə almaq lazımdır ki, maqnituda zəlzələnin enerjisinə proporsional olan kəmiyyətdir. Ocağın dərinliyi və ballarla göstərilən intensivlik arasında sıx əlaqə vardır. Əgər ocaq Yer səthinə yaxın yerləşərsə, zəlzələnin maqnitudadakı orta göstəricisi belə dağıntılar törədir.

Maqnituda bir vahid artarsa, zəlzələnin enerjisi 30 dəfə çoxalar. Ona görə də maqnitudası 7,1 olan Raça-Cavsk zəlzələsində (Gürcüstan, 1991-ci il) yeraltı təkanlar zamanı, maqnitudası 5,3 olan Daşkənd (1966) zəlzələsində olduğundan 900 dəfə çox enerji ayrılmışdır. Baxmayaraq ki, Merkalli şkalası üzrə hər iki zəlzələ 8 bal gücündə olmuşdur. Daşkənd zəlzələsinin maqnitudası 5,3, onun dərinliyi 5-8 km olmuş və bu 8 bal gücündə titrəyiş törətmişdir. Əgər zəlzələ ocağı daha dərində, məsələn, 20-25 km dərinlikdə olsaydı, çox zəif titrəyiş ola bilərdi. Zəlzələlər okeanlarda nəhəng dalğalar olan sunamilərin yaranmasına səbəb olur.

Zəlzələni əvvəlcədən proqnozlaşdırmaq hələ ki, tam mümkün deyil. Bunun üçün təklif edilən fikirlər və təcrübələrdən heç biri tam olaraq öz təsdiqini tapa bilməmişdir. Lakin zəlzələlərin baş verməsini heyvanlar daha tez hiss edirlər. Bu təbii fəlakətin baş verməsindən bir neçə saat əvvəl ev heyvanları, akvariumlarda olan balıqlar çox narahat olurlar. Öna görə Yaponiyada əksər evlərdə akvariumda balıqlar saxlayırlar.

Sualtı zəlzələlər okeanlarda sunami dalğaları yaradır, onlar sahillərdə bəzən güclü dağıntılara səbəb olur.

Zəlzələdən sonra olan sakitləşmə

Zəlzələ hadisəsi hərdənbir baş versə də ilkin güclü təkanın ardınca çoxsaylı təkanlar olur. Belə təkanlar əsas zəlzələyə nisbətən zəif olur. Onlar afterşoklar (ingiliscə after – sonra, şok – zərbə) adlanır. Afterşoklar bir neçə gündən başlamış bir neçə ilə qədər davam edə bilər.

Bəzən zəlzələdən qabaq baş verən təkanlar olur ki, onları forşoklar (ing. before – əvvəl) adlandırırlar. Forşoklar bəzən insanları kütləvi faciədən xilas edir. Zəlzələ təkanlarını hiss edən insanlar evdən həyətə qaçırlar. Qısa müddətdən sonra isə daha güclü zəlzələ evləri tamamilə dağıda bilir. Seysmoloqlar zəlzələnin miqdarı ilə onların gücü arasında ciddi nisbəti müəyyən etmişlər. Bunun nəticəsində müəyyən intensivliyə malik olan zəlzələnin hansı tezlikdə baş verməsini təyin etmək olar.

Vulkanlar

Hələ qədimdən insanların qorxduğu təbiət hadisələrindən biri də vulkan püskürmələri olmuşdur. Vulkanus – latın dilində Qədim Romada od və dəmirçilik allahının adıdır. Vulkan püskürməsi hadisəsi Yerin geoloji inkişafının ən ilkin vaxtlarına, onun bir planet kimi formalaşdığı “Ay erası”na gedib çıxır. Yerin dərin qatlarında yüksək temperatur nəticəsində ərimiş maddələrin səthə çıxması prosesi vulkanizm adlanır. Bu zaman konus formasında dağ əmələ gəlir.

Vulkanların ocağı Yer səthindən 600-700 km-ə qədər dərinlikdə, mantiyada yerləşir. Buradan Yer səthinə çıxan yüksək temperaturlu ərimiş maddə maqma (yun. maqma – qatı məlhəm) adlanır. Maqmanın Yer səthinə çıxdığı kanal vulkanın boğazı səthə çıxmış maqma isə lava adlanır. Vulkanlar daimi və ya dövri surətdə qızmar qazlar, su buxarı, süxur qırıntıları, kül, toz, xırda daşlar – lapillalar püskürür. Maqmanın çıxdığı yerdə əmələ gəlmiş çökək sahə vulkanın krateri adlanır. Vulkanın boğazında qalıb soyumuş, bərkimiş maddəyə isə nekk deyilir.

Yer səthinə çıxdıqdan sonra maqma müəyyən qədər soyuyur, tərkibində olan su buxarı və qazlar uçur. Nəticədə o, lavaya çevrilir. Lavada silisium-oksidin miqdarı azalır, axıcılığı artır və Yer səthini örtərək bazalt süxurlarını yaradır. Bəzən vulkan borusunun yolu kəsildikdə növbəti püskürmə zamanı olan yüksək təzyiq vulkanın yamacında yan kraterin əmələ gəlməsinə səbəb olur. Diametri 1,5 km-dən çox olan krater kaldera (ispanca böyük qazan) adlanır. Onların dərinliyi 500-600 m, bəzən hətta 800 m-ə qədər olur. Kaldera güclü partlayış, vulkan konusunun uçması və ya eroziyası nəticəsində yaranır. Məs. Yaponiyada olan Aso vulkanı kalderasının diametri 23 km-ə çatır.

Maqmanın xüsusiyyətlərindən, onun temperaturundan, qazların miqdarı və tərkibindən asılı olaraq vulkan püskürmələri də müxtəlif olur. Məsələn, maqmanın tərkibində qazlar çox olduqda səthə çıxarkən köpüklənir və onun içərisində hava qabarcıqları olur. Əgər vulkan püskürdüyü zaman maqmanın tərkibindəki qazlar ani vaxtda öz həcmini artırırsa, bu zaman güclü partlayış baş verir.

Vulkan püskürərkən maqmadan qazın ayrılmasına və sürətinə görə effuziv, eksploziv və ekstruziv tiplərə ayrılır. Effuziv (lat. effuzio – tökülmə) püskürmədə maqma sakit, qazsız şəkildə səthə çıxaraq lava əmələ gətirir. Eksploziv (lat. eksplosio – partlayış) püskürmədə maqmadakı qazlar sürətlə ayrılır və bir anda maqma qaynayır və parçalanır. Ekstruziv (lat. ekatrusio – itələmə) püskürmə isə maqmanın çox qatı, temperaturunun isə aşağı olması zamanı tədricən sıxılması və səthə çıxmasıdır.

Vulkanların fəaliyyətdə olan və sönmüş növləri ayırılır. Sönmüş vulkanların püskürməsi haqqında heç bir məlumat yoxdur. Yer üzərində 820-yə yaxın fəaliyyətdə olan vulkan vardır. Sönmüş vulkanlara B. Britaniyada, Mərkəzi Avropada, Sibirdə, Ərəbistanda, Hindistanda rast gəlinir. Onlara Cənubi Ameri- kada Çimboraso (6310 m), Afrikada Keniya (5199 m), Qafqaz dağlarında Elbrus (5642 m) və Kazbek (5033 m) aiddir.

Fəaliyyətdə olan vulkanların 75%-i Sakit okeanın sahillərində yerləşir. Ona görə Sakit okeanın sahillərindəki ərazilər Sakit okean odlu qurşağı adlanır. Vulkanlar həmçinin Alp-Himalay qurşağında və Orta okean silsilələrinin rift dərələrində fəaliyyət göstərir Vulkanların püskürdüyü ərazilər zəlzələ rayonları ilə üst-üstə düşür.

Lyulyaylyako (6723 m), Kotopaxi (5897 m), Kilimancaro (5895 m), Popokatepetl (5452 m), Sanqay (5410 m), Klyuçi Sopkası (4750 m), Mauna-Loa (4170 m) ən hündür fəaliyyətdə olan vulkanlardır. Vulkan hadisəsi zamanı səthə çıxan lavanın temperaturu əksər hallarda 1200°C-dən yüksək olur. Əgər lavanın temperaturu 1050°C və ondan aşağı olarsa, onun axıcılığı olmur. Lakin bəzən temperaturu 800-850°C olan lavaların axması müşahidə edilir ki, bu da onun tərkibindəki elementlərdən asılıdır. Tərkibi silisiumla zəngin olan maqmanın 800°C temperaturda axması səciyyəvidir.

Vulkan hadisəsi zamanı həm püskürmə, həm də sonrakı dövrdə Yerin səthinə qazlar çıxır. Bu qazlar çox isti və ya mülayim temperaturda ola bilər. Vulkan püskürdükdən sonra səthə çıxan qazlar və su buxarı fumarollar (italyanca fumare – tüstülənən) adlanır. Qazın temperaturu 40°C-dən 1000°C-dək dəyişir.

Suyun altında vulkan püskürməsini freatik püskürmə (yun. frear – quyu) adlandırırlar. Belə püskürmədə qaynar maqma suyu ani anda buxarlandırır və vulkanın partlayışları daha da güclənir. Güclü freatik püskürmə 1964-cü ildə Atlantik okeanında baş vermiş və Syürtsey adasını əmələ gətirmişdir.

Qeyzerlər və isti bulaqlar

Yerin dərin qatlarından fasilələrlə fəvvarələr şəklində səthə çıxan qaynar sulara və buxara qeyzerlər deyilir. Qeyzerlər vulkan və zəlzələlərin tez-tez baş verdiyi seysmik cəhətdən fəal ərazilərdə çox olur. Qeyzer sözü İslandiyada olan bütün isti su mənbələrinə verilən addır (isl. geysir, geysa – fışqırmaq). Əksər hallarda qeyzerlər yerin səthində 30 m-dək, bəzən isə 50-60 m-dək yuxarı qalxır. Qeyzerlər İslandiyada, Yeni Zelandiyada, Şimali Amerikada, Kamçatkada, İtaliyada daha çoxdur.

Bəzi ölkələrdə, İslandiyada, Rusiyada (Kamçatka), ABŞ-da, Kanadada qeyzerlərin enerjisindən istifadə edilir, GeoTES-lər tikilir, evlərin, ofislərin, şitilliklərin qızdırılmasında istifadə olunur.

Qeyzerin yerin səthinə çıxdığı dairəvi çökmə sahə qrifon adlanır. Qeyzer sularının tərkibində həll olmuş halda mineral maddələr olur. Bunlardan ən çox rast gəlinən kükürdlü birləşmələrdir. Belə mineral sulardan müalicə məqsədləri üçün istifadə olunur. Qeyzerdə yerin səthinə çıxan mineral sular qeyzerit adlanan süxurlar əmələ gətirir.

Tektonik cəhətdən fəal ərazilərdə temperaturu 37°C-dən yüksək olan yeraltı sular səthə çıxaraq isti bulaqlar əmələ gətirir. Bu sular da isti su mənbəyi kimi və müalicə üçün istifadə olunur. Məs. Kəlbəcərdə İstisu bulağı vardır.

Yer səthinin relyefi

Daxili və xarici qüvvələrin təsiri ilə Yer səthində əmələ gələn bütün alçaq-hündürlüklər relyef (fr. relief – qabarıqlıq) adlanır. Relyef formaları qabarıq, nisbətən hündür (təpələr, tirələr, sıra dağlar) və batıq, alçaq (çökəkliklər, çay dərələri və s.) ola bilər.

Relyefin əmələ gəlməsi endogen (daxili) və ekzogen (xarici) qüvvələrin təsirinin nəticəsidir. Bu prosesdə daxili qüvvələrin təsiri ilə yaranan tektonik hərəkətlər mühüm rol oynayır. Endogen qüvvələr Yer səthində böyük müsbət və mənfi relyef formalarını yaradır. Ekzogen qüvvələr (axar sular, külək, hərəkət edən buzlar) süxurları dağıdır, onları alçaq yerlərə daşıyır, Yer səthini daim hamarlamağa çalışır.

Ən böyük müsbət relyef forması materiklər, mənfi relyef forması okean çökəklikləridir. Quruda əmələ gələn dağlıq qurşaqlar, vulkanlar, okeanlarda orta okean dağ sistemləri, rift dərələri, dərin okean novları və çökəklikləri morfostruktur relyef formalarına aid edilir.

Mütləq hündürlüyünə görə dəniz səviyyəsindən yuxarıda olan müsbət relyef formalarına materiklər, onlarda yerləşən dağarası çökəkliklər, sıra dağlar, təpələr, tirələr və s. aiddir. Dəniz səviyyəsindən aşağıda olan mənfi relyef formalarına okeanlar, depressiyalar, dərin okean çökəklikləri və s. daxildir.

Relyefin açıq və qapalı formaları da olur. Açıq relyef formalarına çay dərələri, yarğanlar, qobular, qapalı relyef formalarına təpələr, palçıq vulkanları, dağlar, çökəklikiər və s. aiddir.

Böyüklüyündən asılı olaraq Yer səthində olan relyef formaları 4 qrupa bölünür.

Relyefin planetar və ya meqaformalarına (yun. meqas –  nəhəng) dağlıq ölkələr, quruda və Dünya okeanında nəhəng sıra dağlar və geniş düzənliklər (yaylalar, ovalıqlar), novlar aiddir. Alp, Qafqaz, Ural, Tyan-Şan, And, Kunlun və s. dağ silsilələri meqarelyef formalarıdır. Makroformalara (yun. makros – böyük) meqaformaların bir hissəsi daxildir. Makroformalara dağ silsilələri, ayrı-ayrı dağlar böyük çay dərələri, dağlararası çökəkliklər aid edilir.

Onların sahəsi yüz min km2-lərlə ölçülür. Mezoformalar (yun. mezos – orta) makroformaları təşkil edən ayrı-ayrı relyef formalarıdır. Onlar adətən ekzogen mənşəli olmaqla, sahələri bir neçə km2-dən yüzlərlə km2-ə çatır. Məs: dərələr, çökəkliklər, buzlaq mənşəli relyef formaları, qobular, yarğanlar, çay dərələri və s. Mikrorelyef (yun. mikros – kiçik) formaları Yer səthinin ən kiçik relyef formalarıdır. Mikrorelyef formaları başlıca olaraq ekzogen proseslər nəticəsində yaranır, hündürlükləri bir neçə metrdən artıq olmur. Məs. çaybasar, dil, xırda dyunlar, qum təpələri, karst qıfı və s.

Dağların yaranması mərhələləri

Yer səthi relyefinin formalaşması uzun geoloji inkişaf dövrü keçmişdir. Bu müddət ərzində iri dağ sistemləri və düzənliklər əmələ gəlmişdir. Yerin geoloji inkişafında aşağıdakı dağəmələgəlmə mərhələləri ayrılır:

Ən qədim dağəmələgəlmə mərhələsi Baykal adlanır. Bu mərhələ Proterozoy erasında başlanmış, Paleozoyun Kembri dövründə də davam etmişdir. Baykal dağəmələgəlməsi zamanı Baykal gölünün ətrafında yerləşən dağlar, Ərəbistan, Braziliya, Cənubi Afrikada bəzi dağları Skandinaviya və Şimali Appalaç dağları yaranmışdır. Bu dağların yaşı 2,5 milyard ilə çatır.

Kaledon dağəmələgəlməsi zamanı Şotlandiya, Skandinaviya, Qrenlandiya, Labrador, Şpitsbergen adaları, Baykal gölünün ətrafı, Yenisey çayının ətrafı, Qazaxıstanın qərbi, Tyan-Şanın şimal silsilələri, Şimali Appalaç və Mərkəzi Asiyada olan dağlar yaranmrşdır. Kaledon dağəmələgəlməsi Paleozoy erasının əvvəlində, 0,3-0,5 milyard il əvvəl baş vermişdir.

Hertsen dağəmələgəlməsi Paleozoyun sonunda baş vermişdir. Bu zaman Ural, Tyan-Şan, Altay, Sayan, Appalaç dağları, eləcə də Mərkəzi Fransa massivi, Taymır, Qərbi Sibir düzənliyinin bünövrəsi, Orta Avropa, Cənubi Afrika və Şərqi Avstraliyada yerləşən dağlar da əmələ gəlmişdir.

Mezozoy dağəmələgəlmə prosesi Mezozoy erasında baş vermiş, təqribən 140-150 milyon il bundan əvvəl başlamışdır. Bu qırışıqlıq və dağ əmələgəlmə mərhələsi Sakit okean qırışıqlığı da adlanır. Mezozoy erasının əvvəli və ortalarında baş verən qırışıqlıq, dağəmələgəlmə, intruziv maqmatizm və şaquli qalxmalar mərhələsi Kimmeri dağəmələgəlməsi kimi ayrılır.

Mezozoyda, Təbaşirin ortalarında Avstriya və Təbaşirin sonunda Laramiya dağəmələgəlmə mərhələləri ayrılır. Mezozoy dağəmələgəlməsi Sakit okean geosinklinal sahəsində, xüsusilə onun şimal yarısında yerləşən Verxoyansk, Çukot, Sixote-Alin və Çerski geosinklinal vilayətində, Şimali Amerika Kordilyerlərində, Alp-Himalay qurşağının şərq hissəsində (Hind-Çin yarımadasında) özünü daha intensiv göstərmişdir.

Alp dağəmələgəlmə mərhələsində Sakit okean tavası ilə Avrasiya tavasının toqquşması zamanı yaranan Sakit okean sahili dağlar, eləcə də Kordilyerdə Sahil silsiləsi, And dağları, Alp-Himalay dağ sistemində yerləşən bütün dağ silsilələri (Pireney, Alp, Apennin, Karpat, Qafqaz, Himalay və s.) əmələ gəlmişdir.

Geoloqlar axtarışa çıxır

Yerin geoloji yaşı ilə faydalı qazıntıların yerləşməsi arasında sıx əlaqə vardır. Qədim dövrlərdə vulkanizm intensiv getdiyinə görə metal filizləri də maqmatik süxurların yayıldığı ərazilərdə yerləşir. Bu proses həm maqmanın Yerin dərin qatlarında soyuması (intruziya), həm də onun Yer səthinə çıxması prosesində (effuziya) gedir.

Qədim dağlıq sahələrin dağılması nəticəsində hazırda onların yerində platformalar əmələ gəlmişdir. Platformalarda maqmatik mənşəli faydalı qazıntılar qalxanlarda və ya çöküntü süxurlarının az qalınlığa malik olduğu yerlərdə daha çoxdur. Bu sahələrdə dəmir filizi, qızıl, gümüş, mis filizi, polimetal filizləri kimi faydalı qazıntılar, həmçinin qrafit, fosfor yataqlarına rast gəlinir. Braziliya dağlıq yaylasında, Şərqi Avropa düzənliyində, Orta Sibir yaylasında, Uralda, Avstraliyada və Cənubi Afrikada olan filiz faydalı qazıntıları bunlara misaldır.

Paleozoy erasında bitki və heyvanat aləmi güclü inkişaf etmişdir. Bu erada yaranmış süxurlarla örtülən ərazilərdə üzvi mənşəli faydalı qazıntılar çoxdur. Onlara kömür, neft, təbii qaz yataqları aiddir. Dünyada olan böyük daş kömür yataqları da məhz bu eralarda yaranmışdır. Bu proses Mezozoy erasına da aiddir.

Platformaların qalın çöküntü süxurları ilə örtülmüş ərazilərində çöküntü mənşəli faydalı qazıntılar çoxdur. Bu sahələrdə qumlu-gilli süxurlar, əhəngdaşı, təbaşir, müxtəlif şistlər, gips, duzlar yerləşir. Lakin onların qalınlığı az olur. Həmin faydalı qazıntıların bir qrupu bitki və heyvanların qalıqlarından yaranmışdır. İsti və quraq ərazilərdə olan şorsulu göllərin, dənizlərin quruması isə duz yataqlarının yaranmasına səbəb olmuşdur.

Kaynozoy erasında və Mezozoyun son dövrlərində formalaşmış daha cavan çöküntü süxurlarında qeyri-filiz faydalı qazıntıları, xüsusilə iri neft və təbii qaz yataqları əmələ gəlmişdir. İran körfəzinin sahiliərində, Qərbi Sibirdə, Missisipi ovalığında, Şimali Afrikada və Xəzər dənizinin hövzəsində tapılmış zəngin neft və təbii qaz yataqları əsasən Kaynozoy yaşlı çöküntü süxurlarında yerləşir.

Dağlarda aşınmış süxurların denudasiyası və alçaq ərazilərdə toplanması nəticəsində bəzən düzənliklərin çöküntü süxurlarında səpinti halında metal filizlərinə rast gəlinir.

Dağlar və düzənliklər

Yer səthində nisbi hündürlük fərqləri 200 metrdən çox olan, zirvəsi, yamacları və ətəyi aydın nəzərə çarpan kəskin parçalanmış relyef formasına dağ deyilir. Ərazidə nisbi hündürlüklər fərqi 200 m-dən az olan müsbət relyef formaları təpə adlanır.

Bəzən sıra dağların hündürlüyü az, zirvələri hamar və oval formaya malik olur. Onlara tirələr deyilir. Tirələr çox dağılmış qədim dağların qalıqlarıdır. Məs. Azərbaycanda Ələt, Qaraməryəm tirələri, Rusiyada Timan tirəsi vardır.

Eni və uzunluğu təxminən bərabər olan, zəif parçalanmış və ətraf ərazilərə nisbətən yalı düzənlik arasındakı sahələr ətək, zirvə ilə ətək arasında qalan maili ərazilər isə yamac adlanır.

İki dağ silsiləsi arasındakı düzənliklərdə vadilər yerləşir. Bəzən yüksək dağlıq ərazilərdə geniş sahələri tutan düzən səhələrə rast gəlinir. Belə relyef formalarına dağlıq yaylalar deyilir. Məs. Tibet və Meksika dağlıq yaylaları.

Dağlar əmələ gəlməsinə görə tektonik və vulkanik mənşəli olurlar. Tektonik mənşəli dağlar qırışıq, faylı və qırışıq-faylı qruplara ayrılır. Qırışıq dağlar geosinklinal sahələrdə bir neçə geoloji dövr ərzində toplanmış süxur qalıqlarının qırışması və qalxması nəticəsində yaranır. Alp, Himalay, Qafqaz, And, Kordilyer dağları qırışıq mənşəlidirlər. Belə dağlarda bir yamac dik, digər yamac isə maili olur. Faylı dağlar Yer qabığının elastikliyini itirmiş zonalarında əmələ gəlir, bu zaman horstlar və qrabenlər yaranır. Faylı dağlara qayma dağlar da deyilir. Faylı dağlar qırılmalarla hüdudlanır, yamacları sıldırımlı olur, zəif parçalanır. Afrikada Əjdaha və Kap dağları, Braziliya yaylası, Hindistanda Qərbi və Şərqi Qat dağları, faylı dağlara aiddir.

Yer qabığının öz elastikliyini tamamilə itirməmiş sahələrində hamarlanmış səthlərin təkrar dağəmələgəlməyə məruz qalması zamanı qırışıq-faylı dağlar yaranr. Onlara qırışıq-qayma dağlar da deyilir. Belə dağların zirvələri hamarlanmış, yamacları isə sıldırımlı olur. Ural, Tyan-Şan, Altay, Sayan Appalaç, Böyük Suayrıcı dağları qırışıq-qayma dağlardır. Qırışıq-qayma dağlar son mərhələdə faylı dağlara çevrilirlər.

Vulkan mənşəli dağlar isə ayrı-ayrı vulkanların fəaliyyəti nəticəsində yaranan vulkanların konusları və silsilələri, həmçinin vulkanik yaylalardır. Adətən belə dağlar konus formasında olurlar. Etna, Vezuvi, Krakatau, Kotopaxi, Mauna-Loa, Kilimancaro və s. dağlar vulkan mənşəlidir.

Mütləq yüksəkliyinə görə alçaq, orta və yüksək dağlar ayrılır. Alçaq dağlar 1000 m-ə qədər mütləq yüksəkliyə malik olur. 1000 metrdən 2000 metrə qədər mütləq hündürlüyü olan dağlar orta hündürlüklü dağlardır. Mütləq yüksəkliyi 2000 metrdən çox olan dağlar yüksək dağlardır.

Dağlar əsasən bir-birinin ardınca düzülərək sıra dağlar əmələ gətirirlər. Yerin quru sahələrində And-Kordilyer və Alp-Himalay ən uzun və hündür dağlıq qurşaqlardır.

Qurunun düzənlikləri

Qurunun geniş ərazi əhatə edən və nisbətən hamar, nisbi hündürlük fərqi 200 m-ə qədər olan sahələrı düzənlik adlanır. Düzəniiklər qurunun 20%-ni tutur. Düzənliklər hündürlüyünə, mənşəyinə və formasına görə qruplara ayrılır.

Okean səviyyəsindən 200 m-ə qədər mütləq hündürlüyə malik olan düzənliklərə ovalıq deyilir. Ovalıqlar fiziki xəritələrdə yaşıl rənglə göstərilir.

Mütləq hündürlüyü 200 metrdən 500 metrə qədər olan düzənliklər yüksək düzənlik və ya yüksəklik adlanır. Orta Rusiya, Lavrentiya, Valday və s. yüksəkliklərə aiddir. Mütləq hündürlüyü 500 metrdən çox olan düzənliyə isə yayla deyilir. Dünyada ən çox mütləq yüksəkliyə malik olan düzənlik Tibet yaylasıdır. Yer üzərində Braziliya, Meksika, İran, Orta Sibir, Dekan yaylaları da vardır.

Dibi okean səviyyəsindən aşağıda yerləşən ərazilərə isə depressiya (lat. depressio – enmə) deyilir, Bəzi depressiyalarda su hövzələri vardır. Onlara Qxor (-405 m) və Xəzər depressiyaları aiddir. Turfan (-155 m), Karagiye (-132 m) və Ölüm dərəsinin (-86 m) çökəklikləri qurudur.

Mənşəyinə görə akkumulyativ və denudasiya düzənlikləri ayrılır. Akkumulyativ (lat. accumulatio – toplanma) düzənliklər çökək ərazilərin və su hövzələrinin süxurlarla dolması nəticəsində formalaşır. Əgər çökmə süxurlar axar suların gətirdiyi çöküntülərdən ibarət olarsa, onların əmələ ğətirdiyi düzənliklər allüvial düzənliklər adlanır. Hind-Qanq, Mesopotamiya, Böyük Çin, Amazon, La-Plata, Kür-Araz ovalıqları akkumlyativ mənşəlidir.

Şimali Amerika və Şimali Avrasiyada yerləşən düzənliklərin formalaşmasında qədim. materik buzlaşmasının böyük rolu olmuşdur.

Süxurların aşınması, parçalanması və daşınaraq tədricən hamarlanması nəticəsində qədim dağların yerində əmələ gələn geniş, nisbətən düz olan ərazilərdə denudasiya düzənlikləri yaranır. Yüksəkliklər və yaylalar denudasiya mənşəlidir. Platforma sahələrinin əksəriyyəti düzənliklərdən ibarət olur. Dağlıq ərazilərdə nisbətən hamar relyefə malik olan düzənliklər peneplen adlanır.

Vulkan püskürmələri zamanı yerin səthinə axan lava çökək əraziləri doldurur. Əmələ gələn düzənliklər struktur düzənliklər adlanır. Lava axınları zamanı ərazini pilləkən formalı laylar örtür, buna trapplar deyilir. Trapplara Orta Sibir və Dekan yaylalarında rast gəlinir.

Okean dibinin relyefi

Okeanların dibinin relyefi də quruda olduğu kimi dağlardan, çökəkliklərdən və düzənliklərdən ibarətdir. Okeanlarda 200 m-ə qədər dərinlikdə yerləşmiş ərazilər materik dayazlığı və ya şelf zonası adlanır. Şelf materiklərin sualtı kənarları olmaqla materik Yer qabığından ibarətdir. Şelf düzənliklərinin ümumi sahəsi 27,5 milyon km2-dir. Dünya okeanının 8,0%-i onun payına düşür. Şimal Buzlu okeanının Avrasiya sahillərində, Cənubi Çin dənizində, Şimal dənizində, Avstraliyanın şimalında, Argentinanın şərqində şelf düzənlikləri geniş yer tutur. Şelf düzənliklərinin səthi materik mənşəli (terrigen) çöküntülərlə örtülür və onların qalınlığı 4 km-ə çatır. Terrigen (lat. terra – ərazi, torpaq) çöküntülərdə müxtəlif faydalı qazıntılar vardır. Okean mənşəli çöküntülərin qalınlığı 200 m-dən çox olmur. Bu çöküntülər bitki və heyvan (biogen) qalıqlarından ibarət olur. Düzənliklərdə çayların deltaları (Hind, Qanq, ponqo, Missisipi və s.) əmələ gəlmişdir.

Yaxşı işıqlanması və qızması ilə əlaqədar materik dayazlığı orqanizmlərlə zəngindir. Burada dünyanın ən mühüm balıq ovu rayonları yerləşir (Şimal dənizi, Barens dənizi, Böyük Nyufaundlend bankası və s.). Bəzi şelf zonalarında zəngin neft və qaz yataqları, digər iri faydalı qazıntı yataqları vardır.

Okeanlarda materik dayazlığı (şelf) ilə materik ətəyi arasındakı 200 m-dən 2500-3600 m-ə qədər dərinliklərdə materik yamacı adlandırılan düzənliklər yerləşir. Bu düzənliklər okeanların 12%-ni tutur. Okeanda dərinliyi 200-2000 m olan əraziləri batial zona adlanır. Burada materiklərdən və okeanların dayaz sahələrindən gətirilən çöküntülər toplanır, qalınlığı isə azdır. Materik yamacında sualtı yaylalar, dərin dərələr, parçalanmış terraslar və meyilli ərazilər böyük sahə tutur, onlardan aşağıda düzənliklər yerləşir. Materik yamacı üçün seysmiklik səciyyəvidir. Orada meylilik 4°-7°-yə qədərdir, lakin bəzi yerlərdə 45°-yə çatır.

Okeanların 2500-3000 m-dən 4500 m-ə qədər dərinliklər arasında olan hissəsini materik ətəyi düzəriliklər tutur. Bu dərinlikdə okean dibinin meyilliyi tədricən azalır, materik yer qabığı okean yer qabığı ilə əvəz olunur. Meyillik okean yatağının kənar sahələrinin struktur xüsusiyyətlərindən asılıdır. Burada terrigen çöküntülər az toplanır. Eni bir neçə yüz kilometrə çatır.

Okean dibinin və Yer qabığının ən böyük relyef forması okean yatağı və ya abissal sahələridir. Okean yatağının dərinliyi 6000 metrə çatır. Onlar Yerin ümumi sahəsinin yarısını, okeanların sahəsinin 75%-ni (187,7 mln. km2) tutur. Okeanların dərin qatlarında istilik və işıq az, duzluluq yüksək olduğuna görə burada bitki və heyvanat aləmi çox kasıbdır. Okeanların açıq hissələrində su hövzələrinin özündə yaranmış muxtəlif lillərdən, qırmızı gillərdən ibarət olan çöküntü süxurları yaranır.

Orta okean silsilələri XX əsrin 50-ci illərində kəşf edilmişdir. Bu dağ silsilələri qurudakı dağ silsilələrindən uzundur. Dağların eni 1500-2000 km, hündürlüyü 3-4 km, uzunluğu 70000 km-dir. Bu dağlar vulkan mənşəlidir İslandiya, Azor, Seyşel, Müqəddəs Yelena və Pasxa adaları orta okean dağlarının okeanın səthinə çıxmış zirvələridir. Atlantik okeanında Şimali və Cənubi Atlantika dağları, Hind okeanında Qərbi Hindistan, Ərəbistan-Hindistan silsilələri və Avstraliya-Antarktida qalxması yerləşir. Sakit okeanda Cənubi Sakit okean və Şərqi Sakit okean qalxmaları da orta okean dağ silsilələrinin davamıdır. Orta okean dağ Silsilələrinin zirvələri boyunca eni 50 km, dərinliyi isə 2000 m-ə qədər olan rift dərələri yerləşir. Rift dərələrinin daxili yamacı dik (tektonik çata doğru), xarici yamacı (litosfer tavasına doğru) isə mailidir.

Orta okean silsilələri ilə materiklər arasında okean çökəklikləri yerləşir. Atlantik okeanında Şimali Amerika, Braziliya, Argentina, Afrika-Antarktida, Anqola, Kanar çökəklikləri vardır. Sakit okeanda Bellinshauzen, Şimal-Şərqi, Şimal-Qərbi və Cənub çökəklikləri, Hind okeanında Ərəbistan, Somali Mozambik, Qərbi Avstraliya çökəkliklər yerləşir. Kanada, Makarov, Amundsen və Nansen çökəklikləri isə Şimal Buzlu okeanındadır.

Okeanlarda litosfer tavalarının toqquşduğu sərhədlərdə dərin okean çökəklikləri və ya novlar yerləşir. Bu çökəkliklərin yamacları sıldırımlı, dərinliyi isə 6000 m-dən çox olur. Dünya okeanında ən dərin çökəklik Sakit okeandakı Marian çökəkliyidir (11022 m). Okeanda Tonqa (10882 m), Filippin (10265 m) və Kermadek (10047 m) çökəkliklərinin dərinliyi də 10000 m-dən çoxdur. Okean çökəkliyinin yaxınlığında ona paralel yerləşən adalar qövsü olur. Adalar qövsünə Aleut, Kuril, Marian, Filippin, Tonqa və s.-i misal göstərmək olar.

Yer səthində bütün proseslərin səbəbkarı günəşdir

Daxili qüvvələrin təsiri ilə yaranmış relyef formaları xarici qüvvələrin işi nəticəsində uçulub-dağılır. Xarici proseslərə həmçinin ekzogen proseslər də deyilir. Ekzogen proseslər (yun. exo – xarici, genos – törəmə) Yer səthində və Yer qabığının az dərinliyində günəş radiasiyasının enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin fəatiyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslərdir. Xarici proseslər qismən də Ayın iştirakı ilə baş verir. Onların əsas enerji mənbəyi Yerdən kənarda yerləşdiyinə görə xarici proseslər adlanır. Ekzogen proseslərə süxurların aşınması, eroziya, ləpədöymə, axar suların, buzlaqların, küləyin, yeraltı suların toplayıcı və dağıdıcı fəaliyyəti daxildir. Xarici qüvvələr morfoskulptur relyef formaları yaradır.

Aşınma. Yer səthində və ya ona yaxın sahalərdə temperaturun dəyişməsi, atmosferin, suyun və orqanizmlərin kimyəvi təsiri ilə dağ süxurlarının parçalanması, xırdalanması və kimyəvi dəyişməsi aşınma adlanır. Yer səthində relyef formalarının əmələ gəlməsində, torpaq örtüyünün formalaşmasında aşınma mühüm rol oynayır. Fiziki (mexaniki), kimyəvi və üzvi aşınma növləri ayrılır.

Fiziki aşınma. Süxurlar uzun müddət fasiləsiz olaraq istidən genişlənir, soyuqdan isə sıxılır. Bu proses nəticəsində kövrək süxurların səthində çatlar əmələ gəlir və xırdalanır. Fiziki aşınma zamanı süxurlar isti və quru iqlim şəraitində temperaturun dəyişməsi və küləyin təsiri ilə kimyəvi tərkibi dəyişmədən mexaniki yolla parçalanır və kiçik hissələrə bölünür. Fiziki aşınma səhralarda, yarımsəhralarda və quraq ərazilərdə daha intensiv gedir.

Havanın temperaturu 0°C-dən aşağı olan dağların qar və buzla örtülmüş zirvələrində, Arktika və Subarktika zonalarında süxurlar və onların tərkibində olan sular donduqda genişlənir. Genişlənmiş buzlar çatın ölçülərini böyüdür və tədricən qayalar daha kiçik hissələrə parçalanır. Sonar sular süxurlardakı çatlar boyu dərinə süzülür, dağılmanı sürətləndirir. Bu proses şaxtadan aşınma adlanır. Şaxtadan aşınma fiziki aşınmanın bir növüdür.

Bəzən aşınma süxurda qabıq verərək deskbamasiyaya (latınca desquamo – xal çəkmə) səbəb olur. Süxurun üst qatı lay-lay qabıq verir.

Fiziki aşınma nəticəsində yumşaq süxurlar parçalanır, daha bərk süxurlar isə qalır. Bunun nəticəsində təbiətin “memarlığı” ilə yaranan “abidələr” əmələ gəlir. Belə “abidələr” Krımda Demerçi dağında, Şimali Qafqazda Kolço dağında, Böyük Səhrada, Kordilyer dağlarında və s. yerlərdə vardır.

Kimyəvi aşınma. Kimyəvi aşınma prosesində tərkibində oksigen, karbon qazı, duzlar, turşular və qələvilər olan süxurlar havanın və suyun təsiri altında dağılır və kimyəvi tərkibi dəyişikliyə məruz qalır. Bu zaman süxurların tərkibi dəyişərək yeni süxurlar və minerallar əmələ gəlir. Kimyəvi aşınma isti və rütubətli ərazilərdə daha intensiv gedir. Mineral və üzvi mənşəli turşular, duzlar kimyəvi aşınmada iştirak edir. Kimyəvi aşınma oksidləşmə, həllolma, hidroliz və hidratlaşma prosesində əmələ gəlir. Məsələn, çöl şpatı ağ rəngli kaolinit mineralına çevrilir.

Üzvi aşınma. Canlı orqanizmlər olan bitkilər və heyvanlar da süxurların mexaniki olaraq dağılması və ya kimyəvi dəyişməsinə təsir edir. Bitki növlərinin vegetasiyası zamanı ayrılan turşular və məhlullar süxurları dağıdır.

Mamır və şibyələr bitən süxurlara onlardan ayrılıan turşular təsir edir. Bu prosesdə süxurların kimyəvi tərkibi də dəyişə bilər. Məs; kimyəvi aşınma zamanı mineral çöl şpatı gilə çevrilir. Mikroorqanizmlərin ayırdığı turşular da kimyəvi aşınmada xüsusi rol oynayırlar. Bakteriyaların əmələ gətirdiyi azot turşusu, karbon qazı və s. maddələr kimyəvi aşınmada əsas rol oynayır. Üzvi aşınma isti və rütubətli rayonlarda sürətlə gedir. Ona bioloji aşınma da deyilir.

Aşınmaya məruz qalmış ərazilərdə aşınma qabığı yaranır. O, yumşaq süxurlardan ibarət olur, qalınlığı 30-60 m-ə çatır. İsti və rütubətli rayorlarda aşınma prosesləri daha sürətlə getdiyinə görə bu qat 100-200 m-dən 300 m-ə qədər olur. Ekvatorial enliklərdə qalınlığı bir neçə metrə çatan alüminium və dəmir oksidlərindən təşkil olunmuş təbəqə yerləşir. Belə aşınma təbəqəsinə laterit (lat. later – kərpic) deyilir.

Aşınma məhsullarının bir yerdən başqa yerə aparılmasına denudasiya deyilir. Yumşaq mineral materialların və üzvi qalıqların çökək ərazilərdə və su hövzələrinin dibində toplanması akkumulyasiya adlanır.

Aşınma – denudasiya – akkumulyasıya süxurların Yer üzərində dövranının əsas mərhələləridir.

Küləyin yaratdığı relyef formaları

İsti və quraq ərazilərdə, bitki örtüyü az olduqda küləklər dağıdıcı və toplayıcı işlər görür. Küləyin dağıdıcı fəaliyyəti deflyasiya (yun. deflatio – sovurma, oyulma) adlanır. Geoloji vaxt ərzində küləklərin gördüyü işlər isə eol (yun. Ailos – küləklər Allahı) fəaliyyəti adlanır. Küləyin fəaliyyəti nəticəsində qum təpələri, qum tirələri, barxanlar və dyunlar əmələ gəlir.

Belə relyef formalarına eol relyef formaları da deyilir.

Hərəkət edən qumlar maneəyə rast gəldikdə tədricən bir yerə toplanır. Əmələ gələn qum yığınlarına dyunlar deyilir. Dyunların hündürluyü 10-20 metr, bəzən 100 metrə qədər olur. Dyunlarda külək əsən tərəf çox meylli, külək tutmayan yamacı isə dik olur. Külək əsən zaman qumlar meylli yamacdan sovrulur, dik yamac boyu aşağı harəkət edir. Dyunlar səhralarda, həmçinin dənizlərin, göllərin və çayların sahillərində əmələ gəlir. Volqa və Don çaylarının aşağı axarlarında dyunlar vardır.

Səhralərda aypara formasında yaranan qum yığınlarına barxanlar deyillr. Barxanın daha çox qum toplanmış hissələri kənarlarına nisbətən yavaş hərəkət edir. Kənarlarında qum az olduğuna görə sürətlə irəliləyir. Ona görə də barxanlar aypara formasında olur. Onun külək əsən tərəfə olan hissəsi meylli, külək tutmayan yaması dik olur. Barxanların hündürlüyü Böyük Səhrada 300 metrə çatır. Barxanlar və dyunlar il ərzində 50-100 metrə qədər hərəkət edir.

Deflyasiya prosesinə mane olmaq və ya qumun hərəkətini zəiflətmək üçün səhralarda quraqlığa davamlı bitkilər əkmək lazımdır.

Deflyasiya prosesi nəticəsində qədim dağların yumşaq süxurları parçalanaraq denudasiya düzənliklərinə çevrilmişdir. Dağların bərk süxurlardan ibarət olan hissələri isə aşınmaya davam gətirmiş, “Şahid dağlara” çevrilmişdir. “Şahid dağlar” Böyük Səhrada (Tibesti, Darfur, Əhaqqar yaylaları), Qərbi Avstraliyada daha çoxdur. Bərk süxurların yatım formasından asılı olaraq “Şahid dağlar” eol dirəklər və arakəsmələr (arka) şəklində olur.

Buzların izi ilə

Dağların zirvələrində və qütb ərazilərində toplanmış buzlaqlar zəif də olsa hərəkət edirlər. Dağların zirvələrindən yamac boyu aşağı hərəkət edən buzlaqların geoloji fəaliyyəti daha böyükdür. Buzlaqların düzən ərazilərdə və dağların yamaclarında gördüyü dağıdıcı işlər ekzarasiya (yun. exaratio – qazımaq) adlanır. Buzlaqlar yamac boyu aşağı hərəkət edərkən qarşısına çıxan irili-xırdalı dağ süxurlarını özü ilə aşağı aparır. Dağ süxurlarının buzlağın altında hərəkəti zamanı səthi hamarlanır və cilalanır. Cilalanmış belə daşlar valunlar adlanır. Şimali Avropada qədim buzlaşma zamanı çoxlu valunlar toplanmışdır.

Buzlaqların fealiyyəti nəticəsində pikşəkilli zirvələr, troq və ya təknəvari dərələr, sirklər, morenlər əmələ gəlir. Troq dərələri (və ya təknəvari dərələr) (alm. troq – təknə, çanaq) dağ buzlaqlarının ekzarasiyası nəticəsində əmələ gələn, dik yamacı, hamar və çökmüş dibi olan çökəkliklərdir. Troq dərələri köndələn kəsiyində U hərfinə oxşayır. Aşağıda dərənin yamacı hamar olur. Yamacların ətəkləri az batır. Alp dağlarında və Qafqazda troq dərələri çox olur.

Buzlaqlar yumşaq materiallardan təşkil olunmuş yamaclar üzərində sürüşür və qarşısına çıxan süxurları aşağıya doğru hərəkət etdirir. Buzlar əridikdən sonar süxurlar dağın ətəyində toplanır. Onların gətirdiyi çöküntülərə moren çöküntüləri deyilir. Moren təpələri və ya tirələri də buzlaq çöküntülərinin toplanmas ilə yaranır.

Buzlaqların fəaliyyəti nəticəsində yaranmış çökək sahədə buzlaq mənşəli göllər əmələ gəlir. Kar və sirk dərələri də buzlaqların geoloji fəaliyyəti zamanı yaranır. Onların formas kasaşəkilli olur, əhatə edən yamaclar isə yarımdairəvi və uçurumludur. Sirklər ölçülərinə görə karlardan daha böyük olur. Sirklərin yamaclarında bir neçə kar yerləşə bilər.

Yeraltı dəhlizlər və ya yeraltı suların yaratdığı qaranlıq dünya

Yeraltı sular əhəng daşı, təbaşir, gips, dolomit, daş duz kimi yumşaq, suda asan həll olan və yuyulan süxurlardan keçir. Bu zaman sular həll olmuş süxurları özü ilə daşıyıb aparır və boşluqlar əmələ gətirir.

Suda asanlıqla həll olan süxurlarda baş verən proseslər karst prosesi adlanır. Karst prosesi yeraltı və səth sularının təsiri ilə baş verir. Bu süxurların suda kimyəvi həll olması ilə əlaqədar Yer səthində karst quyuları, karst qıfları, qapalı çökəkliklər, karrlar, Yerin dərin qatlarında boşluqlar, mağaralar, keçidlər, özünəməxsus yeraltı su sistemi, dərinliyə gedən çaylar, göllər yaranır. Karst prosesləri açıq və qapalı karst formasında gedir. Karst prosesləri gedən ərazilərin yuxarı hissələrində süxurların həll olması zəif olur. Bu zaman boşluqlar yaranır, sonra onların üstü açılır və müxtəlif formaları yaranır. Karstlar yağış və yeraltı suların təsiri ilə əmələ gəlir. Sular süxurların üzərindən axarkən onları həll edir və yuyub aparır. Karr (alm. Kar – ren) – karst prosesinin inkişaf etdiyi ərazilər üçün səciyyəsi olan relyef formalarından biridir. Karrların dərinliyi bir neçə sm-dən bir neçə metrə qədər olur. Paralel sıralar və ya budaqlar formasında yerləşir, ensiz, şiş uclu yallar ilə bir-birindən ayrılır.

Karst qıfı qalın əhəngdaşı süxurları, olan ərazilərdə dairəvi və ovalşəkilli çökəkliklərdir. Karst qıfları dairəvi, yamacları dik, dibi səthinə nisbətən iki dəfə kiçik olur. Qıfların dibində olan quyudan (ponor) su daha dərin qatlara hopur.

Təbii şaxtalar – şaquli və üfüqi hissələrdən ibarət olan dar, uzun və mürəkkəb formalı yeraltı boşluqdur. Qafqaz, Alp, Pireney dağlarında belə relyef formaları daha çox yayılmışdır. Dünyada ən dərin karst şaxtası Fransada Jan-Bernar şaxtasıdır. Onun dərinliyi 1490 m-ə çatır. İspaniyada Puertos de-İlyamina (1338 m), Ab-xaziyada Snejnaya karst şaxtası (1320 m) vardır.

Mağaralar yerin altına süzülən suların meylli yatmış karbonatlı süxur laylarından keçməsi və onları yuması nəticəsində yaranır. Mağaralar bəzən bir neçə mərtəbəli olurlar. Onlar bir-birləri ilə şaxtalar və quyular vasitəsilə birləşirlər.

Mağaranın tavanından damcılayan suların tərkibində karbonatlı əhəng çox olur. Damcılar süzülərkən karbonatlı əhəng çökür və yuxarıdan aşağı sallanan çıxıntı əmələ gəlir. Onlara stalaqtitlər deyilir. Həmin məhsullar aşağıya, döşəməyə düşərək sütun şəklində yuxarıya qalxır. Bu sütunlar isə stalaqmitlər adlanır. Bəzən bu iki formalar bir-birinə birləşərək mağara sütunları yaradır. Belə sütunlar stalaqnat və ya stalaqton adlanır. Soyuq ərazilərdə belə sütunlar buzdan yaranır.

Sürüşmələr

Yeraltı sular su keçirən qum, çınqıl kimi süxurlardan keçərkən suyadavamlı gil və gilli süxurlar üzərində toplanır. Əgər suyadavamlı süxurların meylliyi dağın ətəyinə doğru olarsa, yamaclarda sürüşmələr baş verir. Sürüşmələr güclü zəlzələ baş verdikdə, eləcə də leysan yağışlar yağarkən, yamacda suvarma işləri düzgün aparılmadıqda, tikinti işləri görüldükdə də ola bilər. Əgər belə ərazilərdə yaşayış binaları, yollar, rabitə xətləri varsa, sürüşmə nəticəsində bu obyektlər uçur və əhaliyə böyük maddi ziyan dəyir.

Sürüşmənin qarşısını almaq məqsədilə yağan yağışların yerin səthi ilə axıdılması üçün işlər aparılır. Su keçirən və su keçirməyən süxur layları borularla birləşdirilir. Yamacda bitki örtüyü tənzimlənir, heyvanların otarılmasına nəzarət edilir, yamaclarda terraslar yaradılır və ağaclar əkilir. Azərbaycanın Böyük Qafqaz və Talış ərazilərində sürüşmələr tez-tez olur.

Uçqunlar

Dik yamaclarda süxurların ağırlıq qüvvəsinin təsiri ilə aşağı qopub düşməsi uçqun adlanır. Dağların ətəklərində süxurların toplandığı yerlərdə təpələr və tirələr yaranır.

Uçqunlar yeraltı və səth sularının qayaların aşağı hissəsini yuması, ağırlıq qüvvəsi və ya zəlzələ nəticəsində əmələ gəlir. Uçqunlar bəzən çayların qarşısını kəsir və nəticədə uçqun mənşəli göllər yaranır. 1911-ci ildə Pamir yaylasında baş vermiş uçqun nəticəsində Murqab çayının dərəsində 800 metr hündürlükdə bənd yaranmış və Sarez gölü əmələ gəlmişdir. Golün sahəsi 88 km2, uzunluğu 60 km, dərinliyi 500 m-dir. Azərbaycanın Kiçik Qafqaz zonasında olan Göygöl də uçqun mənşəlidir. Qışda süxurlar arasında sular donur. Yazda və yayda isə daş kütlələrini bir-birinə heç nə bağlamır. Bu səbəbdən də yaz və yay aylarını uçqunlar ayı hesab etmək olar.

Dağlarda bəzən qar uçqunu və dik qayalardan sallanan buzlaqların kənarından qopan buz uçqunu da baş verir. Qar uçqunları dağların yamaclarından qoparaq aşağı hərəkət edən və bu zaman öz yolunda olan qar yığınlarını da aparan qar kütləsidir. Qar uçqunları baş verən yamacların dikliyi 15°-dən artıq olur. Qar uçqunları böyük dağıntı gücünə (100 t/m2) malik olur, yolları, tikililəri dağıdır. Bəzən insan təlafatına səbəb olur. Qafqazda, onun şimal yamaclarında (Hərbi Gürcüstan yolu sahəsində), həmçinin Alp, Kordilyer və dünyanın bir çox dağlıq ərazilərində tez-tez qar uçqunları baş verir.

Dalğaların əmələ gətirdiyi sahil formaları

Dalğalar sahilə yaxınlaşarkən həm uçurub dağıdır, həm də təbii memar kimi qurub yaradır. Dalğaların belə təzadlı, fəaliyyəti nəticəsində relyef və sahil formaları yaranır.

Dəniz və okean sahillərində dalğaların dağıdıcı işi abraziya (lat. abrasio – qazınma) adlanır. Abraziya prosesi iqlim şəraitindən asılı olmur və bütün iqlim qurşaqlarında gedir. Süxurların dağılması sahili təşkil edən süxurların möhkəmliyindən, dənizlərin dərinliyındən, sahillərin quruluşundan, suyun tərkibindən asılıdır.

Sahillər dik yamaclı olduqda dalğaların dağıdıcı işi çox olur. Dalğalar sahildəki süxurları yuyur, geri qayıtdıqda özü ilə aparır. Yamac az meylli olduqda dalğaların geri apardığı yuyulmuş süxurlar ilişərək qalır. Beləliklə, də sahildə abraziya və akkumlyativ terraslar yaranır.

Quru sahələrinin qalxması və ya enməsi, okean səviyyəsinin dəyişməsi sahil ərazilərində terrasların (latınca terra – torpaq) yaranmasına səbəb olur. Dalğalar yuxarı qalxmış quru sahəsinin aşağı hissələrini yuduqda süxur qatları ağırlıq qüvvəsinin təsiri ilə uçur. Bəzi hallarda süxur qatları möhkəm olur və dalğalar sahildə mağaralar əmələ gətirirlər.

Dalğalar sahildə toplayıcı işlər də görür. Bu zaman müxtəlif relyef formaları yaranır. Abraziya nəticəsində sahildə abraziya düzənlikləri, çimərliklər və s. ərazilər formalaşır. Sahillərin formasının yaranmasına, qurunun tektonik hərəkətləri, dəniz və okeanlarda suyun səviyyəsinin dəyişməsi, çayların gətirdiyi çöküntülər, qabarma-çəkilmə dalğaları, insanın təsərrüfat fəaliyyəti və s. amillər də təsir göstərir.

Düz sahillər. Dəniz və okeanların dərinliyinin az olan hissələrində düz sahillər yaranır. Düz sahillər tektonik hərəkətlər ilə ərazinin qalxması nəticəsində də formalaşır. Bu zaman əmələ gələn sahillər sıldırım və hündür olur. Afrikanın, Hindistanın və Ərəbistanın sahilləri sıldırım və düzdür.

Sahilboyu dağlar yerləşən ərazilərdə buxtalar olur. Buxtanın sahilləri girintili-çıxıntılı olur.

Dalmat tipli sahillər. Qurunun tektonik hərəkətlər zamanı enməsi ilə əlaqədar dalmat tipli sahillər əmələ gəlir. Bu zaman okean və dənizlərin suyu quru sahəsini müəyyən qədər basaraq dağlara paralel sahillər yaradır. Nəticədə uzun körfəz və boğaz yaranır. Belə sahillər Adriatik dənizi sahillərində vardır.

Rias sahilləri. Sahilin qarşısında yerləşən dağların vadilərini dəniz suyunun basması nəticəsində rias sahilləri yaranır. Bu zaman dağların çaylarla kəsilmiş vadilərinin sahilə yaxın dərin hissələri su altında qalır. Rias tipli sahillərdə dağlar yarımada və ada formasında dənizə doğru irəliləyir. Pireney dağlarının qərbində, Yaponiyada və Şərqi Çin dənizində rias tipli sahillər formalaşmışdır.

Liman tipli sahillər. Dənizlərin dayaz və ovalıqlara yaxın olan sahillərində liman tipli sahillər yaranır. Belə sahillərdə çay dərələrinin mənsəb hissələrində olan ovalıqlar, çayların fəaliyyəti ilə yaranmış dərələr dəniz suyu ilə dolaraq liman əmələ gətirir. Daha sonra abraziya prosesi nəticəsində liman dayazlaşaraq onu dənizin digər hissələrindən ayıran dillər və bəndlər yaranır.

Estuari tipli sahillər. Estuarilər dənizə və ya okeana tökülən çayın mənsəbidir. Onlar çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialları qabarma-çəkilmə və ya dəniz cərəyanlarının yuyub aparması nəticəsində əmələ gəlir. Çayın yatağı mənsəbə doğru getdikcə genişlənir və dərinliyi artır. Ən böyük estuari Ob çayının mənsəbindədir. Amazon, Konqo çaylarında da estuarilər vardır.

Fyord tipli sahillər. Qədim çay dərələri, tektonik proseslər nəticəsində əmələ gəlmiş çökəkliklər qədim materik buzlaşmasının təsirinə məruz qalaraq fyord tipli sahillərə çevrilmişlər. Fyord buzlaqlar vasitəsilə yenidən cilalanmış, müasir formaya salınmışdır. Fyordlar ensiz, sıldırımlı, çox dərin və uzun olan körfəzlərin şahilləridir. Fyord tipli sahiliər Qrenlandiyada, Skandinaviyada (Norveçdə), Şotlandiyada, Şimal Buzlu okeanındakı adalarda daha çoxdur.

Şxer tipli sahillər. Sahildə bir-birinə yaxın olan kiçik adalar, sualtı qayalar qrupunun əmələ gətirdiyi sahil formasına şxerlər deyilir. Şxerlər möhkəm kristallik süxurlardan ibarət olur. Onlar qədim materik buzlaşmasına məruz qalmışlar. Şxerlər sualtı dağlıq ərazilərdə yaranır. Şxer tipli sahillər Finlandiyanın cənubunda, İslandiya sahillərində və Ağ dənizin qərbində daha çoxdur.

Dəniz sahillərinin dayaz, çöküntü süxurlarından təşkil .olunmuş hissələrində Laqun tipli sahillər yaranır. Onlar quruya daxil olmuş körfəzlərin dolması, sahilə paralel olan dillərin, dayazlıqların, bəndlərin əmələ gəlməsi nəticəsində yaranır. Qvineya körfəzində, Şimali Amerika sahillərində, Baltik və Xəzər dənizi sahillərində laqun tipli sahil formaları çoxdur.

Belə ərazilər marşlar, onların sahilləri isə marş sahilləri (Rusiyada layda) adlanır. Marşlar dənizlərin geri çəkilməsi zamanı dayaz sahələrin dolması nəticəsində də yaranır (bəzən belə əraziləri vatta adlandırırlar).

Tropik və isti ərazilərdə marşlarda lil ilə örtülmüş manqr cəngəllikləri yaranır və belə sahilləri də manqr tipli sahillər adlandırırlar.

Litosferdə maddələr dövranı

Dağ süxurları, onları təşkil edən minerallar daim dəyişikliyə məruz qalır. Bu zaman mantiya və Yer qabığı qapalı sistem rolunu oynayır. Dağ süxurlarının dövranı prosesində onlar bir formadan digərinə çevrilir. Bu prosesin öyrənilməsi təbiətdə baş verən hadisələrin səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi üsullarından biridir. Axar sular, küləklər, hərəkət edən buzlaqlar dağ süxurlarını uzaq məsafələrə daşıyır, yüksək temperatur və təzyiq şəraitində onlar bir tipdən digərinə çevrilir. Dağ süxurlarının dövranı maqmatik, metomorfik və çöküntü süxurları arasındakı əlaqəni göstərir.

Dağ süxurlarının dövranı və Yerin geoloji inkişafının dövriliyi haqqında anlayış şotland geoloqu Ceyms Xatton (1726-1797) tərəfindən elmə daxil edilmişdir. Proses maqmanın soyuması və maqmatik süxurların yaranması ilə başlanır. Aşınma, eroziya və denudasiya prosesləri bu süxurları dağıdır, axar sular, küləklər, dalğalar parçalanmış hissəcikləri alçaq yerlərə və su hövzələrinə daşıyır, orada laylar formasında çökdürürlər. Yuxarı qatlarda olan süxurların təzyiqi ilə çöküntülər sıxlaşır, bərkiyir və çöküntü süxurlarını yaradır.

Yüksək olmayan təzyiq və temperatur şəraitində formalaşmış çöküntü süxurları təzyiq və temperatur artdıqca sonrakı dövrlərdə dəyişikliyə daha tez və asan məruz qalır. Böyük dərinlikdə yatan və ya dağəmələgəlmə proseslərində iştirak edən çöküntülər metamorfik süxurlara çevrilir. Əmələ gəlmiş metamorfik süxurların yenidən əriməsi və maqmaya çevrilməsi üçün daha yüksək temperatur şəraiti tələb olunur. Onlar Yer səthinə çıxdıqda maqmatik süxurlar yaranır.

Dağ süxurlarının dövranı həmişə çevrilmə mərhələlərinin ardıcıllıqla dəyişməsi formasında getmir, yəni onlar bir qayda olaraq əvvəlcə maqmatik, sonra çöküntü süxurlarının yaranması, onların hər ikisindən metamorfik süxurlara çevrilməsi kimi mərhələlərdən keçmir. Məsələn, metomorfik süxurlar eroziyaya uğrayaraq daşınır və alçaq yerlərdə çöküntü süxurları formasında toplanır. Çöküntü süxurları isə yüksək temperatura qədər qızdıqda ərimiş hala keçir, Yer səthinə çıxaraq soyuduqda yeni maqmatik süxurların yaranmasına səbəb olur. Eyni zamanda hər üç süxur toplandığı yerlərdə aşınmaya məruz qalır, uçulub dağılır, alçaq yerlərdə yeni çöküntü süxurları formasında toplanır.

Yerin maqnit sahəsi

Yer özünu nəhəng maqnit formasında aparır, ətrafında nüvəsindən kosmik fəzaya qədər uzanan maqnit sahəsi yaradır. Hesab edilir ki, Yerin maqnit sahəsi planetin xarici ərimiş nüvəsi ətrafında dövr edən elektrik axınlarının təsiri ilə yaranır. Bu axınların istiqaməti daim dəyişir, buna uyğun olaraq onların yaratdığı maqnit sahəsi də dəyişir. Yerin Şimal və Cənub maqnit qütbləri fasiləsiz olaraq yerini dəyişir və coğrafi qütblərlə üst-üstə düşmür. Hazırda Şimal maqnit qütbü Şimal qütbündən 950 km, Cənub maqnit qütbü Cənub coğrafi qütbündən 1500 km aralıda yerləşir. Yer səthinin müəyyən nöqtəsində maqnit və coğrafi meridianlar arasındakı bucaq maqnit meyl bucağı adlanır. O, maqnit kompası vasitəsilə məhəldə cəhətin təyin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Maqnitosfer

Yer maqnetizmi nəhəng maqnit sahəsi formalaşdıraraq atmosferdən kənara, kosmik fəzaya yayılır. O, qeyri-müəyyən formaya malikdir və maqnitosfer adlanır. Günəş küləkləri Yerin Günəşə tərəf çevrilmiş gündüz hissəsində maqnitosferi sıxır, əks tərəfdə uzun quyruq formasında uzanmasına səbəb olur. Yerin gündüz olan sahəsində, yəni Günəşə çevrilmiş tərəfində maqnitosfer onun səthindən 70 min km-ə qədər məsafəyə yayılır, əks tərəfdə quyruq formasında 1 mln. km-ə qədər uzanır. Maqnitosferin forması günəş küləyinin təsiri ilə də müəyyən olunur Günəş küləkləri-Günəş tərəfindən buraxılan 400 km/san. sürətlə ətrafa yayılan yüklənmiş hissəciklərin daimi axımıdır. Maqnitosfer Yerin atmosferini günəş küləyinin məhvedici təsirindən qoruyur. Yer maqnetizmi olmasa, günəş küləyi Yerin atmosferini məhv edər və burada canlıların yaşayışı mümkün olmaz. Maqnitosfer təkcə Yerdə mövcud deyildir. Kosmik zondlar Yupiter, Saturn, Uran və Neptun planetlərində də maqnit sahələrinin olmasını müəyyən etmişlər.

 

Mənbə: Z.N.Eminov, Q.M.Səmədov. Coğrafiya ensiklopediyası. I kitab. Bakı: “Çaşıoğlu Multimedia”, 2012, 368 səh.

2019-02-08   4413