NKPI

Maraqlı Məlumatlar

Coğrafiya ensiklopediyası - IV

Atmosferin tərkibi və quruluşu

Atmosferin əhəmiyyəti.

Atmosfer (yun. atmos – buxar, sphaira – kürə və ya təbəqə) Yer planetini əhatə edən hava-qaz təbəqəsidir. O, təqribən 5 milyard il bundan əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi nəticəsində atmosfer ona bağlanmışdır. Yer üzərində həyatın yaranması və mövcud olmasında atmosferin əhəmiyyəti böyükdür. Atmosfer Günəş və Yer arasında süzgəc (filtr) rolunu oynayaraq, zərərli və cod – kosmik şüaların, meteoritlərin Yer səthinə düşməsinə mane olur. Canlıların yaşaması və tənəffüs etməsi atmosferin mövcudluğu ilə əlaqədardır. Yerin gündüzlər çox qızmasının, gecələr çox soyumasının da qarşısını alan atmosferdir. Səs dalğalarının yayılması və bizim danışıb-eşitməyimiz də məhz atmosferin mövcudluğu əsasında baş verir. Yağıntıların yaranması, buludların hərəkəti, günəş şüalarının səpələnməsi də atmosferdə olur. Ona görə də biz atmosferi öyrənməli və onu qorumalıyıq.

Atmosferin tərkibi

Atmosfer mantiyadan Yer səthinə çıxan qazlardan yaranmışdır. Sonradan onun tərkibi ciddi şəkildə dəyişmişdir. Atmosferin qaz tərkibinin dəyişməsi Yer səthində həyatın yaranması ilə əlaqədar olmuşdur. Vulkan püskürmələri zamanı atmosferə karbon qazı çıxmışdır. Yer üzərində həyat atmosferdə karbon qazı olan zaman yaranmışdır. Yerin quru səthində bitki örtüyünün geniş yayılması ilə əlaqədar olaraq fotosintez prosesi getmiş, nəticədə oksigen yaranmışdır.

Yer səthində 100 km-dək hündürlükdə atmosferin kütləsinin 99,95%-i cəmlənmişdir. Atmosferin əsas tərkibi azot, oksigen və arqon qazlarından, eləcə də su və toz hissəciklərindən ibarətdir. Karbon qazı və ozonun miqdarı yerləşdiyi ərazidən və mövsümdən asılı olaraq dəyişir.

Oksigen qazı canlıların tənəffüs etməsi üçün lazım olan əsas elementdir. Canlılar oksigenin hesabına enerji alırlar.

Karbon qazı canlıların yaranması və onların qidalanması üçün vacib elementdir. Karbon qazı canlı maddələrin yaranmasına sərf olunur, Yerin şüa buraxmasına (18%) mane olur. O, canlıların tənəffüsü prosesində, vulkan püskürməsi, yanğınlar, sənaye müəssisələrinin işləməsi zamanı atmosferə atılan tullantılar, eləcə də üzvi birləşmələrin parçalanması nəticəsində yaranır. Son vaxtlarda sənayenin sürətli inkişafı, havaya atılan tullantıların miqdarının çoxalması nəticəsində karbon qazının miqdarı 0,001% artmışdır. Bu isə iqlimin qlobal miqyasda istiləşməsinə gətirib çıxarır. Karbon qazı su buxarı ilə birlikdə Yer səthində “istixana effekti” yaradır, yəni istiliyi Yerdən çıxıb kosmosa getməyə qoymur.

Atmosferdə müəyyən qədər su buxarı, eləcə də kiçik asılı hissəciklər də vardır. Belə asılı hissəciklər aerozollar adlanır. Aerozollar atmosferə iki mənbədən daxil olur.

Təbii mənbələrə vulkan püskürməsi zamanı daxil olan kül və tozlar, küləyin havaya qaldırdığı tozlar və duzlar, meşə yanğınları zamanı ayrılan tüstü və hislər aiddir. İkinci mənbə isə insanların atmosferə atdığı tullantılardır. Yağışın, qarın əmələ gəlməsində kiçik aerozolların rolu böyükdür. Bu zaman onlar kondensasiya nüvəsi rolunu oynayır. Sənaye müəssisələrindən, eləcə də nəqliyyatdan atmosferə atılan tullantılar çox təhlükəlidir.

Atmosferin quruluşu

Yer səthindən yuxarıya doğru qalxdıqca atmosferdə bir-birindən fərqlənən təbəqələr ayrılır. Bu təbəqələrin hər birinin özünəməxsus xüsusiyyəti və əhəmiyyəti vardır.

Atmosferin Yerin səthinə yaxın olan birinci təbəqəsi troposfer (yun. tropos – dönmə, dəyişmə, sphaira – kürə, təbəqə) adlanır. Troposfer qatının qalınlığı ekvatorda 17-18 km, mülayim enliklərdə 10-12 km, qütblərdə isə 8-10 km-ə qədər olur. Troposferdə atmosferin ümumi kütləsinin 80%-i cəmlənmişdir. Buludların əmələ gəlməsi, suyun ümumi dövranı, hava kütlələri, atmosfer cəbhələrinin formalaşması məhz troposferdə baş verir.

Troposferdə hava şəffaf olduğuna görə o, Yer səthindən qızmağa başlayır. Günəş şüaları atmosferdən keçərək Yerə çatır və aşağıdan yuxarıya doğru qızma prosesi gedir. Belə qızma prosesi troposferin yuxarı sərhədlərinə qədər davam edir.

Troposferin havası əsasən Yer səthindən əks olunan istiliklə qızdığına görə yuxarı qalxdıqca orta hesabla hər km-də temperatur 6°C aşağı düşür və onun yuxarı sərhəddində -80°C-yə qədər olur.

Troposferdən yuxarıda tropopauza adlanan və qalınlığı 1-2 km olan aralıq qatı yerləşir. Bu qatdan yuxarıda stratosfer (lat. stratum – lay, yun. sphaira – kürə, təbəqə) adlanan təbəqə yerləşir. Stratosferdə yuxarı qalxdıqca hava seyrəkləşir. Atmosferin qalan 20%-ə qədəri stratosfer təbəqəsində toplanır. Stratosferdə ozon qatı vardır.

Stratosfer təbəqəsində, 20-30 km hündürlükdə kosmik və vulkanik tozlardan ibarət olan sədəfi buludlar əmələ gəlir. Sədəfi buludlar Günəş çıxmazdan əvvəl və batdıqdan sonra qaranlıq səmada görünürlər.

Stratosferin aşağı hissəsində temperatur -40°C-dən -75°C-yə qədər, yuxarı sərhəddində isə 0°C-yə, bəzən +20°C-yə çatır. Stratosferin yuxarı hissəsi istiliyi birbaşa Günəşdən alır. Stratosferdən yuxarıda qalınlığı 1-2 km olan stratopauza qatı yerləşir.

Stratopauza qatından yuxarıda, qalınlığı 30 km-ə. çatan mezosfer (yun. mezos – orta, sphaira – kürə, təbəqə) təbəqəsi ayrılır. Mezosferin aşağı sərhəddi Yerin səthindən 50-60 km yüksəklikdədir. Mezosferin aşağı yarısında havanın temperaturu 20° -30°C-yə qədər artır, yuxan sərhədlərində isə temperatur -90°C-yə qədər düşür. Mezosferin yuxarı hissəsində mezopauza qatı yerləşir. Orada seyrək buz kristallarından ibarət olan gümüşü buludlar əmələ gəlir. Onlar nazik bulud laylarıdır.

Mezosferdən 700-800 km-ə qədər yuxarıda termosfer (yun. therme – istilik, sphaira – kürə, təbəqə) təbəqəsi yerləşir. Termosferdə, 300 km hündürlükdə temperatur 1000°C, 600 km-də 1500°C-dən çoxdur. Burada Günəşdən gələn rentgen şüalarının köməyi ilə qazlar ionlara parçalanır və nəticədə plazma adlanan hala keçir. Azot, oksigen, arqon və hidrogen molekullarının ionlaşması daha çoxdur. Buna görə də bəzən bu qat ionosfer (yun. ion - gedən, sphaira - kürə, təbəqə) də adlanır.

İonosferdə seyrək olan qazlar yüksək elektrik keçiriciliyi ilə fərqlənirlər. Burada radiodalğalar əks olunur və uzaq məsafələrdə yerləşən obyektlərlə radio əlaqələri saxlamaq mümkün olur. İonosferdə elektrik cərəyanı axınları ilə əlaqədar qütb parıltıları və maqnit burulğanları yaranır. Buradakı ionlar Yeri Günəşdən gələn rentgen şüalarından qoruyur.

Termosferdən yuxarıda ekzosfer (yun. exo – xarici, sphaira – kürə, təbəqə) adlanan təbəqə yerləşir. Burada çox seyrək atomlardan və elektronlardan ibarət olan qazlar (oksigen, hidrogen və helium) yerləşir. 2000-3000 km hündürlükdə hidrogen atomları daha çoxdur. Bu zərrəciklər Yerin cazibəsindən asanlıqla çıxır və kosmik fəzaya uçur. Ona görə də atmosferin yuxarı sərhəddini konkret olaraq ayırmaq cətin olur. Yerdən 20000 km yüksəkliyə qədər hidrogen və digər yüngül zərəciklərdən ibarət olan Yerin tacı yerləşir.

Günəş radiasiyası

Günəşdən yer səthinə şüa şəklində gələn istilik və işığın miqdarına günəş radiasiyası deyilir. Yerə gəlib çatan günəş radiasiyası coğrafi təbəqədə baş verən bütün təbii proseslərin enerji mənbəyidir. Radiasiya müxtəlif şüa spektrindən ibarətdir, elektromaqnit dalğaları şəklində olur.

Günəş radiasiyası Yer səthinə düz və səpələnən formalarda gəlir. Düz radiasiya Günəşdən birbaşa düşən və kölgə yaradan radiasiyadır. O, Yer səthini bilavasitə qızdırır və işıqlandırır.

Səpələnən radiasiya isə buludlardan, su hissəciklərindən, aerozollardan keçərkən şüaların sınması nəticəsində süzülüb gəlir. Səpələnən radiasiya nəticəsində günəş şüalarının birbaşa düşmədiyi ərazilərdə işıqlanır. Ona görə də buludlu havada kölgə yaranmır. Düz və səpələnən radiasiyanın cəmi ümumi radiasiyanı əmələ gətirir.

Günəş radiasiyasının miqdarı 1 dəqiqə ərzində 1 sm2 əraziyə düşən enerjinin kilokalori ilə miqdarıdır. Radiasiyanın ölçü vahidi kilokalori/sm2-dir (kkal/sm2). Günəş radiasiyasının miqdarını ölçmək üçün günəşli saatların 1 il ərzində miqdarından da istifadə edirlər. Ümumi radiasiyanın miqdarı ekvatordan qütblərə doğru azalır. Çünki o, günəş şüalarının düşmə bucağından, gündüzün uzunluğundan, buludluluqdan, atmosferin şəffaflığından asılı olur. Günəş radiasiyasının illik miqdarı ekvatorda (0° paraleldə) 140-160 kkal/sm2, tropik enliklərdə (20° paraleldə) 220-250 kkal/sm2 qeydə alınmışdır. Tropik enliklərdə radiyasiyanın miqdarının çox olması buludluluğun az olması, düz radiasiyanın yüksək olması ilə əlaqədardır. Radiasiya 1 ildə mülayim enliklərdə (40°-60° paraleldə) 80-130 kkal/sm2, qütb ətrafında (60°-70° paraleldə) 50-70 kkal/sm2, qütblərdə isə 30-40 kkal/smmiqdarında düşür. Günəşdən gələn radiasiyanın bir hissəsi Yer səthində udulur, bir hissəsi isə əks olunur, qalan hissəsi şüalanmaya sərf edilir. Yer səthinin günəş şüalarını əks etdirməsinə albedo deyilir. Albedo quru səthinin rəngindən, günəş şüalarının düşmə bucağından, ərazinin rütübətliyindən və istilik tutumundan asılıdır. Təzə yağmış qarda albedo 95%, buzda 90%, meşə və çəmənlikdə 25-30%, şumlanmış qara torpaqda 5-10% təşkil edir. Suda albedonun qiyməti günəş şüalarının düşmə bucağından asılı olaraq dəyişir. Günorta vaxtı tropik enliklərdə yerləşən su səthi üzərində albedo 10-15%, səhər və axşam saatlarında 80-85%-ə çatır.

Günəşdən gələn və Yer səthi tərəfindən əks olunan radiasiya arasında qalan fərqə radiasiya balansı deyilir. O, udulan radiasiyanın miqdarını göstərir.

İstilik qurşaqları

Yer səthində havanın temperaturunun paylanmasından asılı olaraq 7 istilik və ya temperatur qurşağı ayrılır. Onların sərhədləri izoterm xətlərinə əsasən müəyyənləşdirilir.

Şimal və Cənub yarımkürələrində orta illik temperaturu 20°C olan izotermlər arasında isti qurşaq yerləşir. Quruda bu qurşaq daxilində palma ağacları bitir, okeanlarda isə mərcan polipləri əmələ gəlir. İsti qurşağın sərhədləri 30° şimal və cənub enliklərinə uyğun gəlir.

Orta illik temperaturu 20° olan izotermlərlə ən isti ayın (Şimal yarımkürəsində iyul, Cənub yarımkürəsində yanvar) orta temperaturu 10°C olan izotermlər arasında Şimal mülayim və Cənub mülayim qurşaqları yerləşir. Bu qurşaqların şimal və cənub sərhədləri meşələrin yayılma sərhədlərinə uyğun gəlir.

Şimal və Cənub yarımkürələrində ən isti ayın orta temperaturu 0°-10°C izotermləri arasında qalan sahələr Şimal və Cənub soyuq qurşaqlara aid edilir.

Bütün il ərzində temperaturun 0°C-dən aşağı olduğu ərazilərlə coğrafi qütblər arasında isə Şimal və Cənub daimi şaxta qurşaqları ayrılır. Burada yağan qar heç vaxt ərimir, hündür buz təbəqəsi əmələ gəlir.

Atmosfer təzyiqi və təzyiq qurşaqları

Atmosfer Yer səthinə, burada olan bütün cismlər və canlılara müəyyən ağırlıq qüvvəsi təsiri göstərir. Müəyyən edilmişdir, onun kütləsi 5,15x1015t, sıxlığı isə 1,225 kq/m3-dir. 1 m3 havanın çəkisi orta en dairəsində (45°enlikdə), 0°C temperaturda, dəniz səviyyəsində 1,033 kq-dir.

Atmosfer təzyiqini ölçmək üçün barometr adlanan cihazdan istifadə olunur. Ölçmə işlərində həmişə maye və qaz barometrlərindən istifadə etmək olmur. Ona görə də barometraneroid (mayesiz barometr) adlanan cihazdan istifadə edilir. Onun daxilində vakuum şəraiti yaradılmış kiçik qab (qutu) yerləşdirilir. Atmosfer təzyiqi çoxaldıqda qutu sıxılır, azaldıqda genişlənir. Qutunun sıxılıb-genişlənməsi əqrəbə ötürülərək atmosfer təzyiqini göstərir. Atmosfer təzyiqinin dəyişməsini avtomatik qeydə alan cihaz isə baroqraf adlanır. Atmosfer təzyiqi eyni olan məntəqələri xəritədə birləşdirən xətlər izobarlar adlanır (yun. isos – eyni, baros – ağırlıq). Yanvar izobarları qara və ya göy xətlərlə, iyul izobarları qırmızı xətlərlə verilir. İzobarlara, əsasən Yer səthində ekvatorial və mülayim enliklərdə barik minimumlar (alçaq təzyiq qurşaqları), tropik və qütb sahələrində barik maksimumlar (yüksək təzyiq qurşaqları) ayrılır.

Atmosfer təzyiqi mm civə stunu (mm.c.s.) və ya milli barla (mbar) göstərilir.

Yer üzərində atmosfer təzyiqinin ən böyük qiyməti qışda Turuxanskda 815,85 mm c.st. (Rusiya FR), ən kiçik qiyməti isə Sakit okean üzərində olan “Nensi” tufanında 641,3 mm c.st. qeydə alınmışdır.

Atmosfer təzyiqi hava kütlələrinin təsirindən, temperatur və yüksəklikdən asılı olaraq dəyişir. Temperatur artdıqca atmosfer təzyiqi azalır. Temperaturun aşağı olması ilə əlaqədar yüksək atmosfer təzyiqi müşahidə edilir. Sutka ərzində səhər və axşamüstü atmosfer təzyiqi yüksəlir, günortadan və gecə-yarısından sonra azalır.

Atmosfer təzyiqi yüksəkliyə doğru getdikcə azalır Müəyyən edilmişdir ki, troposferin aşağı qatlarında hər 10 metr yüksəklikdə atmosfer təzyiqi 1 mm c.st. azalır (hər 1000 m-də atmosfer təzyiqi 100 mm civə sütunu aşağı düşür). Buna barik qradiyent də deyilir. Barik qradiyent temperaturdan asılı olaraq dəyişir. Ona görə də 3000 m hündürlükdə təzyiqin 1 mm c.st. dəyişməsi üçün 15 m, 5000 metrdə isə 25 m lazım gəlir. Atmosfer təzyiqinin l mm c.st. dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır.

Atmosfer təzyiqi qurşaqları

Yer səthinin müxtəlif sahələrinin il ərzində qeyri-bərabər qızması nəticəsində onun üzərində müxtəlif atmosfer təzyiqi sahələri əmələ gəlir. Ekvatorial qurşaqda qızmış hava genişlənir və yuxarı qalxır, nəticədə bu enliklərdə alçaq təzyiq sahəsi yaranır. Alçaq atmosfer təzyiqi sahəsinə bəzən barik minimum və ya barik depressiya da deyilir.

Yuxarı qalxan hava axınları troposferin yuxarı hissələrində qütblərə tərəf yönəlir, lakin soyuyur, ağırlaşır. Ona görə 25°-30° şimal və cənub enliklərində aşağı enir. Nəticədə tropik yüksək təzyiq sahələri yaranır. Yüksək atmosfer təzyiqi sahələrinə bəzən barik maksimum və ya antisiklon da deyilir.

Qütblərdə havanın temperaturunun aşağı olması ilə əlaqədar o, ağırlaşır və aşağı enir. Ona görə qütblərdə yüksək atmosfer təzyiqi sahələri formalaşır. Mülayim alçaq təzyiq sahələrinin yaranmasına səbəb tropiklərdən və qütb enliklərindən hava axınlarının Yer səthi ilə bu enliklərə gəlməsi, qızması və yuxarı hərəkət etməsidir.

Beləliklə, Yer səthi üzərində 1 ekvatorial və 2 mülayim alçaq təzyiq sahələri, 2 tropik və qütb yüksək təzyiq sahələri əmələ gəlir. Lakin materiklər və okeanlar qeyri-bərabər qızdığından, atmosfer təzyiqi sahələri qışda cənuba, yada şimala şürüşdüyüynə görə onlar yerini dəyişir. Mülayim qurşaqlarda qışda materiklər üzərində hava soyuq olur. Ona görə də onların daxili hissələrində yüksək təzyiq sahələri formalaşır. Yayda materiklər okeanlara nisbətən tez və çox qızdığına görə onların üzərində alçaq təzyiq sahələri olur. Nəticədə atmosfer təzyiqi sahələri mülayim qurşaqlarda parçalanır.

Küləklər

Təzyiqin bərabərləşməsi üçün hava yüksək təziq sahəsindən alçaq təzyiq sahəsinə hərəkət edir. Havanın bu hərəkətinə külək deyilir. Küləklər sürətinə, istiqamətinə, gücünə və davamlılığına görə fərqlənirlər. Küləyin sürəti Bofort cədvəlinə əsasən 12 balla ölçülür. Bofort cədvəlində 1 ballıq küləyin sürəti 2 m/san-yə bərabərdir.

Yer səthində ən güclü və sürətli küləklər Antarktida materikinin ətrafında yaranır. Burada materikin mərkəzi sahələri ilə kənarları arasındakı təzyiq fərqinin çoxluğu nəticəsində sürəti 87 m/saniyəyə çatan küləklər yaranır.

Küləyinin sürəti məntəqələr arasındakı təzyiq fərqindən asılıdır.

Küləyin istiqaməti üfüqün cəhətlərinə əsasən haradan əsməsinə görə müəyyən olunur. Əgər külək şimaldan əsirsə şimal küləyi adlanır və s. Küləyin əsməsinin cəhətlər üzrə təkrarlanmasını göstərmək üçün külək gülü adlanan qrafik çəkilir. Külək gülünə əsasən ərazidə bir ay, mövsüm və ya il ərzində üfüqün hansı istiqamətindən daha çox külək əsdiyini bilmək olar. Külək gülünün mərkəzində küləksiz günlərin sayı qeyd olunur.

Küləyin gücü onun istiqamətinə perpendikulyar yerləşən vahid sahəyə (1 m2-ə) göstərdiyi təsirdir. Küləyin gücü onun havanın sıxlığmdan və sürətindən asılıdır. Küləyin istiqaməti və gücü flügerlə, sürəti anemometrlə ölçülür. Anemorumometr adlanan cihaz isə küləyin gücünü, sürətini və istiqamətini eyni vaxta qeydə alır.

Küləyin növləri

Küləklər əsmə müddətinə görə sutkalıq, mövsümi və daimi olur. İlin əksər vaxtları əsən və ərazinin iqlimini formalaşdıran küləklər hakim küləklər adlanır.

Sutkalıq küləklər dənizlərin, iri göllərin və çayların sahillərində yaranır. Belə küləklər brizlər (fr. brises – xəfif külək, meh) adlanır. Brizlər quru və su səthinin sutka ərzində qeyri-bərabər qızması və onlar arasında təzyiqlər fərqinin yaranması nəticəsində əsən küləklərdir. Gündüz quru üzərindəki hava su səthində olan havaya nisbətən tez qızır və yuxarı qalxır. Ona görə su üzərində olan sərin hava quruya axır. Bu hava axınları gündüz brizi adlanır. Gecələr quruda olan soyuq hava nisbətən isti olan dənizə və ya gölə tərəf axır və gecə brizi yaranır. Brizlər tropik və mülayim enliklərdə sahillərdən 30-40 km məsafəyə qədər özünü göstərir. Brizlər iqlimə təsir göstərmir. Mövsümi küləklər okean və materik səthi üzərində əmələ gəlir və mussonlar adlanır.

Hava kütlələri və atmosfer cəbhələri

Ümumi fiziki xassələrə malik olan troposferin böyük ərazi əhatə edən hissələri hava kütlələri adlanır. Hava kütlələri materiklərdə və ya okeanların böyük ərazilərində əmələ gəlir, atmosferin ümumi dövranında iştirak edir. Onlar bir iqlim qurşağından digərinə keçdikdə havanın dəyişməsinə səbəb olur.

Hava kütlələri geniş ərazilərdən keçərkən öz xassələrini müəyyən qədər dəyişir və yerli ərazinin xüsusiyyətlərini kəsb edir. Bu proses havanın transformasiyası adlanır. Məs. dəniz hava kütlələri materiklərə daxil olarkən havanın rütubətliyi azalır, qızır və kontinental hava axınlarına çevrilir.

Hava kütlələri materiklər və okeanlar üzərində formalaşır. Hər bir hava kütləsi daxilində formalaşdığı əraziyə uyğun olaraq dəniz (okean) və kontinental (və ya materik) hava kütlələri yarım tipləri ayrılır. Dəniz hava kütlələri okean və dənizlər üzərində formalaşır. Onlar quruya hərəkət edərkən özü ilə çoxlu rütubət gətirir, havanın amplitudunu azaldır və onu mülayimləşdirir. Kontinental hava kütlələri materiklərin daxilində yaranır, qışda şaxtalı və quru, yayda isə isti və quru hava şəraitinin formalaşmasına səbəb olur. Bu ərazilərdə havanın illik temperatur ampiltudu yüksək olur.

Yerləşdiyi coğrafi əraziyə (enliyə) uyğun olaraq ekvatorial, tropik, mülayim və qütb (Arktika və Antarktika) hava kütlələri tipləri vardır.

Ekvatorial hava kütlələri ekvator üzərində formalaşır, yüksək temperaturu, havanın nisbi rütubətliyinin yüksək göstəriciləri və bol yağıntı düşməsi ilə fərqlənir. Yağıntıların çox olmasına səbəb havanın yuxarıya hərəkəti və buludluğun yüksəlməsidir. Havanın xassələri okeanlar və materiklər üzərində fərqlənmir.

Tropik hava kütlələri şimal və cənub yarımkürəsində olan tropik sahələrdə yaranır. Tropik hava kütlələri il boyu tropiklərin ətraf ərazilərində hakim olur. Dəniz və kontinental tropik hava kütlələrinə ayrılır.

Kontinental tropik hava kütlələri quru üzərində yaranır. Burada hava axınları aşağı hərəkət etdiyinə görə doyma vəziyyətindən uzaqlaşır və bulud əmələ gəlmir, yağıntı olmur. Sahil boyu soyuq okean cərəyanlarının keçməsi də səhraların və quraq ərazilərin formalaşmasına səbəb olur. Kontinental tropik hava, kütlələri Böyük Səhrada, Ərəbistanda, Viktoriya və Kalaxari səhralarında yaranır.

Dəniz tropik hava kütlələri tropik və subtropik enliklərdə olan dənizlər üzərində yaranır. Bu ərazilərdə hava rütubətli, temperatur yüksək olur. Burada Azor və Havay maksimumları formalaşır.

60° şimal və cənub paralelləri ətrafında mülayim hava kütlələri əmələ gəlir. Mülayim hava kütlələri mülayim yə yağıntılıdır, kifayət qədər (600-800 mm) yağıntı düşür. Yağıntıların düşməsi havanın yuxarıya hərəkəti və buludluluğun yüksəlməsi ilə əlaqədardır. Onun da dəniz və kontinental tipləri vardır.

Mülayim kontinental hava kütləsi materiklər üzərində yaranır. Qışda soyuq, quru və aydın olur. Yayda isə hava çox qızır və quru olur.

Mülayim dəniz hava kütlələri okeanların üzərində formalaşır. Qışda hava mülayim keçir. Qar yağmasına, buludluğun artmasına, yağıntılar düşməsinə və duman əmələ gəlməsinə səbəb olur. Yayda sərin və yağıntılı hava olur, temperatur tez-tez aşağı enir. Bu hava tipi həm şimal, həm də cənub enlikləri üçün səciyyəvidir.

Arktika hava kütlələri Şimal Buzlu okeanın üzərində, qışda isə Şimali Amerika və Avrasiya materiklərinin şimalında yaranır. Bu hava kütlələrinin də dəniz və kontinental tipləri vardır.

Dəniz Arktika hava kütlələri Şimal Buzlu okeanı və Avropa üzərində yaranır. Əraziyə isti Şimali Atlantika cərəyanı təsir edir. Ona görə də temperatur nisbətən isti, rütubətliyi çox olur.

Kontinental Arktik hava kütlələri isə Arktikanın buzla örtülmüş hissələrində, Taymır, Çukot, Şimali Kanada üzərində formalaşır. Temperaturu aşağı, rütubətliyi az, şəffaflığı yüksəkdir.

Antarktika hava kütlələri Cənub qütbü ətrafında formalaşır. Bu hava kütlələrinin yalnız kontinental tipi vardır. Burada hava daha soyuq, quru, şəffaf və küləkli olur.

Hava kütlələri hakim olduğu ərazilərin iqlimini müəyyən edir. Onlar formalaşdığı əsas ərazidə il boyu hakim olur. Günəşin zenitdə olmasına görə yayda onlar şimala, qışda cənuba sürüşür.

Atmosfer cəbhələri

Hava kütlələri il ərzində yerlərini dəyişir. Onlar bir-birinə yaxınlaşaraq keçid zolaqları ilə ayrılırlar. Bu keçid zolaqları atmosfer cəbhələri adlanır. Atmosfer cəbhələri Yer səthinə l°-dən az meylli olur. Üfüqi istiqamətdə atmosfer cəbhələrinin eni bir neçə 10 km olduğu halda, şaquli qalınlığı bir neçə on metrdən artıq olmur uzunluğu min kilometrə çatır. Atmosfer cəbhələrində soyuq hava üzərində isti havanın yüksələn hərəkəti zamanı cəbhə buludlar sistemi yaradır. Atmosfer cəbhələrinin keçməsi zamanı hava şəraiti kəskin dəyişir.

Ərazidə isti və soyuq hava kütlələrinin hakim vəziyyətindən asılı olaraq isti cəbhə və soyuq cəbhələr ayrılır. Atmosfer cəbhələrinin birləşməsi nətiçəsində okklyuziya cəbhələri əmələ gəlir.

İsti atmosfer cəbhələrində havanın temperaturu artır, atmosfer təzyiqi azalır, küləklər güclənir, buludluluq artır, yağıntılar düşür, duman əmələ gəlir.

Soyuq atmosfer cəbhələrində atmosfer təzyiqi artır, hava soyuyur, güclü küləklər əsir, ildırım çaxır, leysan yağışları yağır, dolu düşür. Adətən soyuq cəbhənin axırında yağıntı müşahidə edilir.

Yer üzərində arktik (antarktik), mülayim və tropik planetar atmosfer cəbhələri ayrılır.

Arktika və mülayim hava kütlələri arasında Arktika cəbhəsi, Antarktika ilə mülayim hava kütlələri arasında Antarktika cəbhəsi yerləşir. Bu cəbhələr 60°-65° enliklərdə formalaşır. Mülayim və tropik hava kütlələri arasında mülayim cəbhələr ayrılır. Onlar yayda 50°, qışda 30° enliklərdə yerləşir. Tropik və ekvatorial hava kütlələri bir-birindən tropik atmosfer cəbhələri ilə ayrılırlar. Bu cəbhələr 10°-15° enliklər üzərində formalaşır. Ekvator üzərində olan hava kütlələri üzərində atmosfer cəbhəsi yaranmır. 

Atmosferin ümumi dövranı

Daimi küləklər

Atmosferdə havanın şaquli və üfüqi hərəkəti bütün Yer kürəsi (planetar), miqyasında baş verir. Bu proses atmosferin ümumi sirkulyasiyası və ya dövranı adlanır. Hərəkət sxemini A. İ. Voyeykov (1884), onun ümumi sxemini isə Norveç iqlimşünası V. Byorknes (1921) vermişdir.

Ümumi sirkulyasiyaya aid olan küləklərin istiqaməti Yerin öz oxu ətrafında fırlanması nəticəsində Koriolis qüvvəsinin təsiri ilə Şimal yarımkürəsində sağa, Cənubda isə sola meyl edir.

Passatlar, Qərb küləkləri, şimal-şərq və cənub-şərq küləkləri həmişə bir istiqamətdə əsir və daimi küləklər adlanır.

Passat küləkləri Şimal və Cənub yarımkürələrində tropik enliklərin yüksək təzyiq sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru əsir. Passatların Yer səthində sürəti 5-6 m/san, şaquli istiqamətdə orta qalınlığı 4 km-dir.

Bu küləklər Cənub-Qərbi Asiyadan Afrikanın şimal hissəsinə quru və isti hava axınları gətirirlər. Onlar burada quru iqlimin yaranmasına səbəb olan amillərdən biridir.

Tropik enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin alçaq təzyiq sahələrinə doğru (45°-60° enliklərə) əsən küləklər isə qərb küləkləri adlanır. Şimal mülayim qurşağında qərb küləkləri daha aydın hiss edilir, Ural dağlarına qədər bütün Avropanın iqliminə güclü təsir göstərir, bol yağıntı gətirir. Qütblərdə yaranan yüksək təzyiq sahələrindən mülayim enliklərdəki alçaq təzyiq sahələrinə doğru hərəkət edən hava axınları Şimal yarımkürəsində şimal-şərq küləklərinin, Cənub yarımkürəsində isə cənub-şərq küləklərinin yaranmasına səbəb olur. Antarktidada cənub-şərq küləklərinin sürəti daha çoxdur. Bu küləklər sahil ərazilərin iqliminə güclü təsir edir.

Dəyişən istiqamətli küləklər

Materiklər və okeanlar arasındakı hava və rütubət mübadiləsinin əsas formalarından birini musson küləkləri (ərəbcədən tər. mövsüm) əmələ gətirir. Musson zamanı hava axınlarının istlqaməti mövsüm ərzində sabit qalır.

Yayda quru tez qızdığına görə onun üzərində alçaq təzyiq sahəsi, okean suyu səthində yüksək təzyiq sahəsi olduğundan hava axınları okeanlardan quruya yönəlir. Buna yay mussonu deyilir. İlin isti dövrlərində davam edən yay mussonları materikə isti hava və rütubət gətirir.

Qışda nisbətən isti olan okeanların səthində alçaq təzyiq sahəsi yaranır. Bu halda havanın istiqaməti materikdən okeanlara yönəlir və qış mussonu yaranır. Qış mussonu zamanı Avrasiyanın Sakit okean sahillərində soyuq, quru və az buludlu hava şəraiti yaranır.

Musson küləkləri Şərqi, Cənub-Şərqi və Cənubi Asiyada hakim olur, bu ərazilərdə musson iqlimi yaranır. Musson yağıntıları Xuanxe, Yantszı, Mekonq, Qanq, Amur və Braxmaputra çaylarının rejiminə, regionun təsərrüfatının quruluşuna böyük təsir göstərir. Bu çaylar yayda gursulu olur.

Mülayim qurşaqdan kənarda musson küləkləri yaranır. Bu küləklər Avrasiyanın şimal-şərqındə, Şərqi Sibir və Çukot dənizləri üzərində əsir. Mülayim və qütb enliklərində əsən musson küləkləri tropikdən kənar mussonlar adlanır. Bu küləklər quruya yağıntı gətirmir.

Tropik enliklərdə Hind okeanı hövzəsində tropik mussonlar səciyyəvidir. Asiyanın cənubunda yayda əsən tropik mussonlar okeandan, yəni cənub-qərb istiqamətindən əsir və materikə bol rütubət gətirir. Qış tropik mussonları isə şimal-şərqdən əsir və kontinental, az buludlu, quru hava yaradır.

Yerli küləklər

Dünyanın bir çox regionlarında yalnız həmin ərazilər üçün səciyyəvi olan yerli küləklər əmələ gəlir. Relyef, su hövzələrinin və quru səthinin gecə-gündüz və fəsillər üzrə qeyri-bərabər qızması yerli küləklərin yaranmasına səbəb olur. Briz, bora, fön, səmum, xəmsə, sirokko, xəzri və gilavar dünyanın müxtəlif regionlarında əsən yerli küləklərə aiddir.

Dağlarda müxtəlif yamacla ətək arasında olan təzyiq fərqi fön (fyon) küləklərinin yaranmasına səbəb olur. Mərkəzi Asiyada, Qafqazda, Alp dağlarında, Şimali Amerikada müşahidə edilən fön isti, quru və güclü küləklərdir. Onlar bir sutka, bəzən bir neçə gün davam edir. Qışda və yazda yamac boyu yuxarı qalxan hava axınları digər yamaca keçdikdən sonra aşağı enərkən qızır və nəticədə quru küləklər əmələ gəlir, kənd təsərrüfatına ciddi ziyan vurur. Fön küləkləri yuxarı qalxarkən soyuyur və yağıntı əmələ gətirir. Onlar dağlıq ərazilərdə antisiklonlar (hər iki yamac boyu hava aşağı enir) və siklonlar keçərkən də yaranır.

Qara və Adriatik dənizlərinin sahillərində olan alçaq dağlarda soyuq hava digər yamacdakı isti dənizə keçərkən bora küləkləri əmələ gəlir. Bora güclü küləklər formasında ilin soyuq vaxtlarında əmələ gəlir. Bora küləklərinin yaranmasına səbəb sahilə paralel yerləşən alçaq dağların iki yamacı arasında təzyiq və temperatur fərqinin yaranmasıdır. Arktikadan gələn hava axınları dağların bir yamacından digərinə keçir. Yamac boyu aşağıya hərəkət edən soyuq hava sahil boyu suların donmasına səbəb olur, limanların (Rusiyada Novorossiysk limanı) işinə mənfi təsir göstərir.

Yerli küləklər Baykal gölünün sahillərində sarma adlanır. Sarma küləkləri soyuq olur və bora tiplidir. Arktika hava kütlələrinin Sibirin cənub rayonlarına daxil olması zamanı onlar dağları aşaraq Sarma çayının mənsəbi rayonunda Baykal gölünə doğru əsir. Sürəti 40 m/san-yə çatan sarma ən çox oktyabr-dekabr aylarında təkrar olunur. Bora tipli küləklər Abşeron yarımadasında (xəzri), Fransada Rona çayının dərəsində (mistral), Yeni Torpaq adasında da yaranır.

Yaxın Şərq ölkələrində, əsasən də Şimali Afrikanın və Səudiyyə Ərəbistanının səhralarında əsən isti və quru küləklər xəmsə (xəmsin), səmum və sirokko adlanır.

Xəmsin(ər.) Afrikanın şimal-şərqində (Misirdə) cənubdan əsən quru, isti və tozlu küləkdir. Yazda Aralıq dənizi və Böyük Səhranın şimalı üzərində alçaq, Nil çayının yuxarısında yüksək təzyiq sahəsi yaranarkən müşahidə olunur. Xəmsin bu ərazilərdən siklon keçərkən tez-tez əsir, özü ilə çoxlu toz və qum gətirir. Küləyin sürəti bəzən fırtına gücünə qədər qalxır. Yer səthi həddən artıq qızdıqda formalaşır. Bu zaman havanın temperaturu 40°C-yə qədər yüksəlir.

Sirokko – İtaliyada əsən quru küləklərdir. Küləklər Səudiyyə Ərəbistanı və Şimali Afrikanın səhralarından gəlir, havanın temperaturunu 35°C-yə qədər qaldırır.

Səmum (ər. isti külək) – Ərəbistan yarımadasının və Şimali Afrikanın səhralarında böyük qüvvə ilə əsən isti və quru küləkdir. Səmum əsəndə havaya qalxan narın qum və tozlar temperaturun daha da yuxarı qalxmasına (50°C və artıq) səbəb olur, qum fırtınaları yaradır, bəzən tufanla müşayət olunur. Çox vaxt qısa müddətli olan (20 dəqiqədən 2-3 saata qədər) səmum ilin bütün vaxtlarında, daha tez-tez yaz və yay aylarında müşahidə edilir.

Abşeronda yerli küləklərə şimaldan əsən xəzri, cənubdan əsən gilavar aiddir. Xəzri ilin bütün fəsillərində əsir. Uzun müddət əsərkən havanı qurudur və soyudur, yayda sərin hava şəraiti yaradır. Orta sürəti 8 m/san-dir. Bəzən küləyin sürəti 20-30 m/san, hətta 40 m/san. olur. Gilavar isti küləkdir, havanı qurudur, yay aylarında cənub və cənub-şərq istiqamətlərindən əsir.

Əfqanıstandakı yerli küləklər əfqani adlanır. Əfqani Amudərya çayının yuxarı axarında 40-70 gün əsən tozlu küləklərdir. Küləklər cənub-qərb istiqamətinə əsir.

Siklonlar

Mülayim enliklərdə, yerləşən Qərb küləkləri zonasında olan hava mübadiləsində siklon və antisiklonlar mühüm rol oynayır.

Atmosfer cəbhələrinin xətləri həmişə meyilli olur. İsti cəbhələr şimala tərəf olan çıxıntılarda, soyuq cəbhələr cənuba tərəf olan çıxıntılarda yerləşir. Bu əyilmələrin birləşmə zolaqlarında siklonlar və antisiklonlar yaranır.

İsti və soyuq, havanın qarşılaşması zamanı soyuq hava isti havanı geriyə sıxışdırır. İsti hava soyuq havanın üzərinə qalxaraq burulur, siklonlar yaranır. Siklonun (yun. kuklon-fırlanan) mərkəzində təzyiq artır. Fırlanan hava axınları getdikcə daha gehiş əraziləri əhatə edir. Yuxarı qalxan hava axınları kənarlara doğru getdikdən sonra siklonun fəaliyyəti dayanır. Siklonlarda hava spiral formasında yuxarı qalxır. Kənardakı soyuq hava yüksək təzyiq sahəsi yaratdığına görə havanın hərəkəti mərkəzdəki alçaq təzyiq sahəsinə doğru yönəlir. Yerin öz oxu ətrafında hərəkəti ilə əlaqədar olaraq siklonun hərəkəti Şimal yarımkürəsində saat əqrəbinin hərəkatinin əksinə doğru yönəlir. Cəhub yarımkürəsində isə saat əqrəbinin hərəkəti istiqamətində fırlanır.

Siklon yarandıqda ərazidə güclü küləklər yaranır, buludluluq artır, bol yağıntı olur. Yayda sərin, qışda isə mülayim hava formalaşır. Mülayim və qütb enliklərdəki siklonlar qərbdən şərqə doğru hərəkət edirlər. Siklonun əhatə dairəsi bəzən 2-3 min km-ə çatır. Onlar saatda 30-40 km/saat sürətlə hərəkət edir. Siklon zamanı cəbhənin keçməsi və hava kütlələrinin əvəz olunması temperaturun kəskin dəyişməsinə səbəb olur.

Tropik siklonlar

Tropik enliklərdə, alçaq atmosfer təzyiqi və güclü küləklər əsən ərazilərdə yaranan çox böyük atmosfer burulğanı formasında hava axınları tropik siklonlar adlanır. Tropik siklonlar Filippin, Böyük Antil adaları, Benqal körfəzi, Cənubi Çin, Karib və Ərəbistan dənizləri üzərində, Cənub yarımkürəsində isə Hind okeanındakı Maskaren adalarında, Sakit okeandakı Yeni Hebrid və Samoa adaları üzərində formalaşır. Onların yarandığı ərazilər 8°-15° şimal və cənub enlikləri arasındakı okeanlar üzərində yerləşir, tropik hava kütləsinin yay aylarında ekvatordan ən çox uzaqlaşdığı sahələrdə baş verir. Tropik siklonlar şərqdən qərbə doğru irəliləyərək yüksək enliklərə tərəf meyl edir. Onlar Şimal yarımkürəsində şimal-qərbə, tropik enliklərdən sonra şimal-şərqə dönür. Cənub yarımkürəsində tropik siklonlar cənub-şərqə doğru meyl edir. Tropik siklonlar dənizlərdə güclü dalğalanmaya səbəb olur, quruya hərəkət edərkən yaranan güclü küləklər və leysan yağışları böyük dağıntılar əmələ gətirir. Onlar 10-15 km/saat sürətlə yerini dəyişir, hündürlüyü 2 km-dən 20 km-ə qədər olur. Yer üzərində il ərzində 70-ə qədər tropik siklonlar yaranır, onlara konkret adlar verilir. Tropik siklonlar Cənubi və Cənub-Şərqi Asiyada tayfun, Amerikada tufan adlanır.

Quruda hava qızarkən alçaq təzyiq sahələrində, ildırım çaxan buludlar altında diametri bir neçə on metrə çatan güclü burulğan (smerç) yaranır. Onlara tromb (yun. trombos – laxta, qatılaşmış) deyilir. Tromb sütun kimi topa-yağış buludlarından qıf formasında Yer səthinə gəlir və sürətlə fırlanır. Bu zaman küləyin sürəti 50-100 m/saniyəyə çatır. Onlar güclü dağıntılara səbəb olur. Tromb ABŞ-da tornado adlanır.

Antisiklonlar

Antisiklonlarda hava axınları siklonun əksinə olaraq mərkəzdən kənarlara doğru hərəkət edir. Onun mərkəzində atmosfer təzyiqi normal atmosfer təzyiqindən yüksək olur, kənarlara doğru isə azalır. Antisiklonda hava aşağı enir, Şimal yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində, Cənubda isə onun əksinə doğru yönəlir. Ona görə də antisiklonda hava aydın, quru, az buludlu və sakit olur. Antisiklonlar adətən subtropik və qütbətrafı ərazilərdə yaranır. Buludluq az olduğundan hava yayda çox isti, qışda isə şaxtalı olur. Sutka ərzində havanın temperaturu kəskin dəyişir. Antisiklonlar 2-3 min km-lik ərazini əhatə edir, küləyin sürəti saatda 30-40 kilometrə çatır, 18 km-ə qədər hündürlüyü olan əraziləri əhatə edir. Onlar qərbdən şərqə hərəkət edir.

Antisiklonun mərkəzində hava sakit keçir və bu vəziyyətə şəlakət deyilir.

Doymuş və doymamış hava

Havada suyun miqdarı buxarlanmadan və temperaturdan asılı olur. Ona görə də isti yerlərdə okean və dənizlərin üzərindəki havada suyun miqdarı çox olur. Belə havanı rütubətli hava adlandırırlar. Soyuq havada eləcə də isti quru üzərində olan havada isə suyun miqdarı az olduğundan belə havaya quru və ya az rütubətli hava deyilir.

Hava su buxarı ilə doymuş və doymamış vəziyyətdə olur. İsti və quru səth üzərində olan havada həmin temperaturda ola biləcəyindən az su buxarı olursa, bu halda ona doymamış hava deyilir. Quru və isti səth üzərində mütləq rütubətlilik az olur.

Müəyyən temperaturda havanın tərkibində mümkün ola biləcək qədər suyun olduğu vəziyyətdə o doymuş halda adlanır. Doymuş hava maksimum mütləq rütubətliliyə malik olur. O, soyuduqda yağış yağır. Havanın nisbi rütübətliliyi 40%-dən aşağı olduqda yağıntı olmur.

Buludlar

Sərbəst atmosferdə su buxarının kondensasiyası və sublimasiyası nəticəsində yaranan su damlaları, buz kristalları və ya onların qarışığı bulud adlanır. Buludlarda su zərrəcikləri çox kiçik olur. Buludların əmələ gəlməsi hündürlüyü havanın temperaturundan və nisbi rütubətliyindən asılıdır. Atmosferdəki su damcılarının buz kristallarına çevrilməsi üçün onun yuxarı qatlarında havanın temperaturunun 0°C-dən aşağı olması vacibdir.

Səmanın buludlarla örtülmə dərəcəsinə buludluq deyilir. Buludluq 10 balla və ya faizlə ölçülür. Yer səthinin buludla örtülmə dərəcəsi orta hesabla 5,4 bal və ya 54%-dir. Okeanlar üzərində buludluluq 5,8 baldır.

Buludların hərəkət sürəti və istiqaməti nefoskopla müəyyən edilir.

Buludların beynəlxalq təsnifatı

Buludlar formasına görə lələkvari, laylı və topa olurlar. Lələkvari buludlar – Yer səthindən 6000 metrdən yuxarı sahələrdə və troposferin yuxarı hissələrində (10-12 km) əmələ gəlir. Alçaq temperatur şəraitində yarandığına görə (0°C-dən aşağı) buz kristallarından ibarət olur, yağıntı vermir. Lələkvari, lələkvari-topa və lələkvari-laylı formaları olur. Lələkvari buludlar nazik lifli quruluşlu və ya sapşəkilli olur, kölgələri olmur, rəngi ağ və şəffafdır. Bəzən xırda dalğalar və ya şəffaf lopalar şəklində laylar yaradır.

Topa buludlar əsası 2000 metrdən aşağıda, qübbəvari zirvələri 5000 metrdən də hündürə qalxan, boz və mavi rəngli, adətən yağıntı verməyən buludlardır. Quru üzərində orta enliklərdə, başlıca olaraq ilin isti dövründə, topiklərdə isə daha tez-tez əmələ gəlir. Aşağı hissəsində su damcıları, yuxarı hissəsində isə buz kristalları olur.

Laylı buludlar 2000 metrə qədər yüksəklikdə yaranır, uzunmüddətli yağıntılar və zəif qar verir. Onlar yekcinsboz laylı olur yuxarı qalxmış dumana oxşayır. Bu buludlar səmanı örtür və tutqun olur. Laylı buludlar bəzən səmada boz çalarlı iri təpələr, dalğalar kimi görünür. Laylı-yağış buludları çox hündürlüyə qalxır, bəzən güclü yağış və ya qar verir. Buludların aşağı hissələri iri su damcılarından, yuxarı hissələri kiçik su damcılarından ibarət olur,

Bu qruplarla yanaşı qarışıq buludlar da vardır. Bu qrupa yüksək-topa və ya dalğavarı buludlar daxildir. Onlar 2 kilometrdən 6-8 kilometrə qədər yüksəkliklər arasında əmələ gəlir. Eyni ölçülü damcılardan ibarət olan buludlar az hallarda yağıntı verir. Onlara laylı-topa buludlar deyilir. Qarışıq buludlar qrupuna yüksək-laylı buludlar da daxildir. Onlar qar dənələri və kiçik damcılardan ibarət olur, dumanşəkillidir. Qışda güclü qar verir. Buludların növünü müəyyən etmək üçün “Bulud atlasından” istifadə olunur.

Müxtəlif formalı yağıntılar

Yağıntılar buludlardan yağış, qar, dolu şəklində düşür, yaxud bilavasitə havadan şeh, qırov və sırsıra şəklində çökür. Yer səthi il ərzində orta hesabla 1020 mm yağıntı alır ki, bunun 70%-i okean və dənizlərin, 21%-i qurunun üzərinə düşür.

Yağış maye halda, qar və dolu sülb (bərk) halında düşür. Yağış damcılarının diametri 0,05-0,1 mm arasında olur. Yağışlar düşmə xarakterinə görə leysan, aramsız-narın və çiskin formada olur. Leysan yağışları qısa müddətli, gur və çoxsulu olur. Bu yağışlar əsasən topa-yağış buludlarından yağır.

Aramsız-narın yağışlar bərabər, az intensiv olur. Belə yağışlar bir neçə gün müddətində davam edir. Yağış zamanı ərazi yaxşı rütubətlənir. Ona görə də kənd təsərrüfatı məhsullarının becərilməsi üçün aramsız-narın yağıntıların əhəmiyyəti çoxdur. Bu yağış növü laylı-yağış və yüksək-laylı buludlardan əmələ gəlir. Çiskin yağışların damcıları çox krçik olur (0,5 mm-dən az), havadan asılı vəziyyətdə yerə düşür və su damcılarının sürəti zəif olur. Çiskin yağışlar laylı və laylı-topa buludlardan yağır.

Qar yağması bərəkət gətirir

Atmosferdə, buludlar yerləşən yüksəklikdə havanın temperaturu 0°C-dən aşağı olduqda buradakı su buxarından qar dənələri yaranır. Onun dənələri müxtəlif formalı kristallardan ibarətdir. Maraqlıdır ki, sonsuz sayda olan qar dənələrinin heç biri digərinə bənzəmir. Qar çoxbucaqlı, adətən altıbucaq ulduzcuq formasında olur. Bəzən iynə formasında kristallar, 3 və ya 12 bucaqlı ulduzlar da olur. Qar kristallarının diametri bir neçə mm-dən 1-2 sm-ə qədər ola bilər. Qar yağmasının intensivliyi ətraf ərazilərin görünməsi, qar örtüyünün çoxalması ilə səciyyələnir. Azərbaycanda qarın yağmasına görə quşbaşı, alaçarpa, sulu qar kimi növləri vardır. Yer səthinə yaxın havanın temperaturu 0°C-dən yuxarı qalxarsa, qar dənələri əriyərək sulu qara çevrilir.

Qar ilin soyuq dövründə bir çox bulud növlərindən, əsasən də laylı-yağış və yüksək laylı buludlardan buz kristalları şəklində düşür. Yazın əvvəli və payızda 0°C-yə yaxın temperatur şəraitində lopa qar yağır.

Qütblərdə il boyu, mülayim enliklərdə 6 aya qədər qar daimi örtük əmələ gətirir. 45° şimal enliyində qar örtüyü bir ay davam edir. Ondan cənubda daimi qar örtüyü olmur. Subtropik enliklərdə yağan qar bir neçə gün qaldıqdan sonra əriyir və daimi örtük əmələ gətirmir.

Mülayim enliklərdə qar örtüyünün qalınlığı 30-50 sm-ə, dağlarda bir neçə metrə çatır. Qar örtüyünün hündürlüyü, sıxlığı, miqdarı və toplanmış suyun həcmi müəyyən edilir. Qar örtüyünün qalınlığı qarölçən xətkeşlə, sıxlığı qarölçənlə təyin edilir. ABŞ-da yerləşən Reynir vulkanının ətəklərinə (14,6 m), Kaliforniyada Tamarak rayonuna (11,5 m) il ərzində ən çox qar düşmüşdür.

Qar örtüyünün istilik keçirmə qabiliyyəti az olduğuna görə torpağı və onun üzərindəki bitkiləri donmaqdan qoruyur, zərərverici həşəratları məhv edir, günəş radiasiyasının çox hissəsini əks etdirməklə Yeri çox qızmağa qoymur, quru sularını qidalandırır, torpağı rütubətləndirərək məhsulun bolluğuna şərait yaradır. Ona görə də qar çox yağdıqda ilin “ruzili, bərəkətli” olacağını deyirlər.

Yazın və yayın fəlakətli anları

İlin isti dövründə sıx topa-yağış buludlarından buz kristalları formasında dolu yağması baş verir. Dolunun düşməsi yazın axırı və yayın əvvəllərinə təsadüf edir. Bu zaman buxarlanan su qızmış hava ilə birlikdə dağların aşağı hissələrindən, temperaturu -10-15°C olan yüksəkliyə (4-6 km) qalxır. Sublimasiya nəticəsində dolu dənələri yaranır. Havanın bir neçə dəfə aşağı-yuxarı hərəkəti ilə dənələr soyuq suları özünə birləşdirir və daha da böyüyür. Onlar Yer səthinə çatana qədər ərimirsə dolu yağır. Bu zamam ildırım çaxır, leysan yağışları yağır.

Dolu yağması subtropik və mülayim enliklərdə, dağətəyi və dağlıq ərazilərdə müşahidə edilir.

Ekvatorial enliklərdə də tez-tez dolu yağması müşahidə edilir. Dolu dənələrinin diametri 0,5 sm-dən bir neçə sm-ə qədər, çəkisi 300 qramdan çox ola bilər. ABŞ-ın Kanzas ştatına 750 qramlıq dolu düşməsı (1971) qeydə alınmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində tez-tez dolu yağır.

Dolunun düşməsi təsərrüfata ciddi ziyan vurur, əkin sahələrini, mal-qaranı, ev heyvanlarını məhv edir, tikililəri, yolları, körpüləri dağıdır Onlarla mübarizə aparmaq üçün uzaq vuran toplarla dolunu əmələ gətirən buludlar dağıdılır.

Yer səthində əmələ gələn yağıntılar

Yer səthində əmələ gələn yağıntılara şeh, qırov, duman, sırsıra aiddir. Yer səthində yağıntıların əmələ gəlməsinə səbəb axşamüstü hava soyuduqdan sonra buxarlanan suyun yuxarı qalxmağa imkan tapmamasıdır.

Axşamüstü havanın temperaturunun aşağı düşməsi zamanı Yerə yaxın sahələrdə olan su buxarının kondensasiyası nəticəsində yaranan su damcılarına şeh deyilir. Əmələ gələn su damcıları Yerin səthinə, əşyaların və bitkilərin üzərinə çökür. Şehin əmələ gəlməsi üçün havanın doymuş hala keçməsi və temperaturun 0°C-dən yuxarı olması vacibdir. Mülayim qurşaqda şeh 10-50 mm, tropiklərdə 100 mm-ə qədər yağıntı qatı yaradır.

Havadakı su buxarı soyuq səthə təmas etdikdə qırov əmələ gəlir. O, ayaz gecələrdə Yerin və cisimlərin səthi soyuyaraq temperatur mənfi olduqda onların səthinə, otların üzərinə buz kristalları formasında çökür.

Yer səthinə yaxın havanın temperaturu 0°C-dən -3°C-yə qədər (bəzən daha aşağı) olarkən soyumuş yağış və ya duman damcılarının donması zamanı budaqlar, məftillər, sütunlar üzərində bərk yağıntı əmələ gəlir və ya qalın buz qatı çökür. Buna sırsıra deyilir. Sırsıra yüksək intensivliyə malik olan zaman təhlükəli olur, məftillər qırılır, budaqlar sınır, rabitə xətlərinin dirəkləri aşır.

Duman və çən

Atmosferin Yer səthinə yaxın hissələrində su buxarının və kondensasiya məhsullarının toplanması zamanı duman yaranır. Duman Yer səthində yaranan yağıntı növlərindən biridir, yuxarı qalxmağa imkan tapmayan su buxarıdır. İsti hava axınlarının soyuq olan əraziyə daxil olması, havanın dağların yamaclarında yuxarı qalxması, qurudan soyuq hava axınlarının isti suyun üzərinə hərəkəti, isti və soyuq hava axınlarının qarşılaşması zamanı duman yaranır.

Tropik səhralar yerləşən sahillərdən keçən soyuq cərəyanlar burada rütubətin əsas mənbəyidir. Soyuq Peru cəryanının keçdiyi Ekvador, Peru və Çili sahillərində qışda əmələ gələn sıx və çiskinli dumana yerli əhali qarua deyir. Qütb enliklərində, mülayim enliklərin sahil rayonlarında duman tez-tez müşahidə olunur. O, naviqasiyanın fəaliyyətinə mənfi təsir göstərir. Hava qızdıqca dumanı təşkil edən sular buxarlanır, yuxarı qalxır və buluda çevrilir.

Quru havada toz və tüstü kimi bərk hissəciklərin toplanması nəticəsində yaranan tutqun havaya çən deyilir.

Atmosferin mühafizəsi

Planetimizi əhatə edən “gözlə görmədiyimiz” havanın insanların həyatında, eləcə də bütövlükdə coğrafi təbəqənin formalaşmasında mühüm rolu vardır. Canlıların yaşaması, süxurların aşınması, küləyin əmələ gətirdiyi relyef formaları və s. proseslər bütünlüklə atmosferlə əlaqədardır. Bundan əlavə insanların qida mənbəyi olan bitki və heyvanların mövcud olmasında, torpaqların yaranmasında da atmosferin əvəzolunmaz rolu vardır. Atmosferin bir hissəsi olan iqlim Yer səthində istilik və rütubət rejimini müəyyən edərək bitki və heyvanlar aləminin, torpaq örtüyünün zonal paylanmasını müəyyən edir. “İqlimin məhsulu” adlandırılan çaylar, eləcə də bütövlükdə quru suları məhz suyun atmosferdəki böyük dövranının nəticəsi olaraq əmələ gəlir. İnsan 5 həftə ac, 5 gün susuz qala bildiyi halda, 5 dəqiqə havasız qala bilməz.

Əhəmiyyətinin çox az hissəsini qeyd etdiyimiz atmosferin çirklənməsi, onun tərkibinin dəyişməsi insanlara və bütün canlılara mənfi təsir göstərir.

Atmosferin çirklənməsi həm təbii, həm də insanların təsərrüfat fəaliyyəti nəticəsində baş verir. Təbii çirklənmədə təbiət özü tarazlığı bərpa edir.

İnsanlar tərəfindən atmosferin çirklənməsi son 50-60 ildə daha da güclənmişdir. Bu da atmosferin, eləcə də bütün ekosistemlərin özünü tənzimləmə proseslərini böhranlı vəziyyətə gətirmişdir. Atmosferə atılan çirkləndirici maddələr uzaq məsafələrə qədər hərəkət edə bilir. Antarktidadan götürülən buz nümunələrinin tərkibində kükürd, qurğuşun, radioaktiv izotoplar və s. ağır metallar müəyyən edilmişdir.

Atmosferi çirkləndirən mənbələrdən biri yanacaq sənayesidir. Karbohidrogen mənşəli yanacağın yandırılması nəticəsində hər il atmosferə 25 milyard ton CO2, 200 milyon ton SO2 atılır. Son 100 il ərzində atmosferin tərkibi xeyli dəyişmişdir. Bu dövrdə kükürdlü birləşmələr 25 dəfə, metan qazı 2 dəfə, karbon qazının miqdarı isə 25% artmışdır. Vulkanların püskürməsi ilə ildə atmosferə 3 milyon ton kükürd-oksidi atılır.

Atmosferdə olan kükürd qazı insanların sağlamlığı, eləcə də bütün canlılar üçün olduqca təhlükəlidir. O, havada olan su buxarı ilə birləşərək kükürd turşusunu (H2SO4) – sulfat turşusunu əmələ gətirir. Havada olan bu birləşmələr “turşulu yağışların” yağmasına səbəb olur. Kükürd birləşmələri daş binaların, metal konstruksiyaların korroziyasına səbəb olur, bitkiləri məhv edir, insanın ağ ciyərlərində xərçəng xəstəliklərinin yaranmasına səbəb olur.

Turşulu yağışlar nəticəsində Qərbi Avropada və ABŞ-da 30 milyon hektardan çox meşə sahəsi yox olmuşdur.

Kükürd qazı atmosferə neftin, qazın, daş kömürün yanmasından, kağız, kükürd istehsalından daxil olur. Turşulu yağışlar terminini ilk dəfə ingilis kimyaçısı A. Smit işlətmişdir. O, daş kömür yandırıldıqdan sonra turşulu yağışların yağdığını müşahidə edərək onun elmi izahını vermişdir.

Atmosferdə kükürd oksidi hər yerdə eyni deyil. Onun yayılması çirkli sənaye müəssisələrinin yerləşməsindən asılıdır. Kükürd oksidinin 90%-dən çoxu planetimizin Şimal yarımkürəsində cəmlənmişdir. Bu ilk növbədə emal sənayesinin cəmləndiyi üç mərkəzin – Qərbi Avropa ölkələri, Yaponiya və ABŞ-ın burada yerləşməsi ilə əlaqədardır.

Ağır metal tozlarının havada su buxarı ilə birləşərək yenidən torpağa və suya qarışması ekoloji baxımdan çox təhlükəlidir. Civə, qurğuşun və s. ağır metal birləşmələri ən təhlükəli maddələrdir. XX əsrin ortalarından aparılan müşahidələr və elmi tədqiqatlar sübut edir ki, sənaye istehsalının həcmi hər 10 ildə təxminən 2 dəfə artır. Bunun nəticəsində də təbiətə texnogen təsir gündən-günə çoxalır.

Atmosferi çirkləndirən mənbələrdən biri də karbon oksididir (CO). Avtomobillərin mühərriklərindən xaric olan karbon oksidi kiçik dozada olduqda qan-damar fəaliyyətinin pozulmasına səbəb olur, çox olduqda isə insanların ölümü ilə nəticələnir.

Atmosferin qorunması sahəsində bir sıra Beynəlxalq Konvensiyalar qəbul edilmişdir. Bunlara ozon qatını parçalayan maddələr haqqında Monreal protokolu (1987), Ozon qatının qorunması üzrə Vyana konvensiyası (1985), BMT-nin iqlimin dəyişməsinə aid konvensiyası (1992) aiddir. 1990-cı ildə Londonda dünyanın 92 dövlətinin iştirakı ilə freon qazı istehsalının dayandırılması haqqında sənəd imzalanmışdır. Azərbaycan da bu müqavilələrə qoşulmuşdur.

 

Mənbə: Z.N.Eminov, Q.M.Səmədov. Coğrafiya ensiklopediyası. I kitab. Bakı: “Çaşıoğlu Multimedia”, 2012, 368 səh.

2019-02-17   3519