NKPI

Maraqlı Məlumatlar

SERGEY KOROLYOV – kosmosa yol açan böyük alim

 

O, ölüm düşərgəsində can verməkdə olan məhbusdan kosmosu fəth etmək səviyyəsinə yüksəlməyi bacardı. Heç kim onun adını da bilmirdi. Sovet kosmik gəmilərinin yaradılması o qədər məxfiləşdirilmişdi ki, mətbuatda onun adı ilk dəfə ölümündən sonra çəkildi.

Sergey Korolyov 1906-cı il dekabrın 30-da Ukraynanın Jitomir əyalətində dünyaya gəlmişdi.

O vaxt inkişafın göstəricilərindən biri də yeni yaranan aviasiya idi. O, ilk Odessa təyyarəçiləri ilə tanış oldu.

1922-ci ildə Sergey Odessada 1 saylı tikinti peşə məktəbinə daxil oldu. Burada Sergeyin uçan aparatlar düzəltmək üçün lazımi bilikləri almasına kifayət qədər şərait var idi. Korolyovun K-5 planerini qurması üçün nüfuzlu komissiya tərəfindən icazə veriləndə onun cəmi 18 yaşı var idi. Növbəti modellər də uğurlu oldu. «Koktebel»də uçuş uzaqlığı rekordu əldə olundu.

1924-cü ildə o, Kiyev Politexnik İnstitutuna daxil olmuşdu və burada aviatexnik ixtisasına yiyələnmək istəyirdi. İki ilə əsas mühəndislik fənlərini mənimsəyərək Korolyov 1926-cı ilin payızında Moskvaya, Bauman adına ali texniki məktəbə köçürüldü.

Moskvada Korolyov təkcə oxumaqla kifayətlənmirdi. O, 4-cü kursdan başlayaraq həm də konstruktor bürosunda və aviasiya zavodlarında işlədi.

Siakovskinin məsləhəti ilə Korolyov mərkəzi aerohidrodinamik instituta keçir və 1931-ci ilin yazında uçuş sınaqları üzrə baş mühəndis işləməyə başlayır. Xüsusi olaraq Korolyov yoldaşları ilə birlikdə ilk sovet avtopilotu sınaqdan keçirir. Amma o vaxtın ən əhəmiyyətli hadisəsi Korolyovun Fridrix Arturoviç Sandrla (Siakovskinin tələbəsi ilə) görüş oldu. Fridrix planetlərarası əlaqəni öyrənmə cəmiyyətinin təşkilatçılarından biri idi. O, ciddi olaraq kosmosun fəthi haqqında düşünən ilk alimlər sırasında idi. Sandr artıq qanadlı raketlər ideyasını irəli sürmüşdü və Marsa uçuş trayektoriyasını hesablamışdı, 30-cu illərin əvvəllərində raket mühərriki işləyib hazırladı və Korolyov da böyük fəallıqla onun sınaqlarına qoşuldu.

Korolyov uçan aparatların konstruksiyalaşdırılması briqadasına rəhbərlik edirdi. Artıq 1932-ci ilin mayında qrupun rəhbəri oldu. Onun rəhbərliyi altında «RMOQ» heyrətləndirici dərəcədə aktiv işlədi. Maye yanacaqla işləyən «OR-2» raket mühərriki və onunla işləyən raket planeri «RP-1», həmçinin maye yanacaqla işləyən «RMOQ-X» raketi yaradıldı.

1938-ci ilin mayında ilk sovet rakettoplanının (RP-218-1) sınaqlarında qəza baş verdi və Korolyov başından zədə alaraq xəstəxanaya düşdü. O, xəstəxanadan yenicə çıxmışdı ki, onun ardınca gəldilər.

Korolyovun əzablı, məşəqqətli həbsxana həyatı

Korolyov1938-ci il iyunun 27-də həbs edildi.

Sonralar müəyyən oldu ki, o vaxt o dindirilərkən ifadə vermişdir ki, ETRİ-də trotskiçilər təşkilatı mövcuddur və onun üzvləri arasında Lanqemakla yanaşı, Korolyov, Valentin Qluşko, Kleymenov və digərləri də var. Bu, o demək idi ki, onların hamısı «birinci növ üzrə» məhkəmə olunacaqdılar və onlara ən ağır cəza - güllələnmə kəsiləcək.

Amma hansısa möcüzə nəticəsində nə Korolyovu, nə də Qluşkonu güllələdilər, lakin ağır işgəncələrlə onları etiraf izahatı verməyə məcbur etdilər. Əks-inqilabi fəaliyyət maddəsi (58-ci maddə) ilə Korolyova 10 il islah əmək düşərgələrində həbs, 5 il hüquqlarından məhrumolma və əmlakının müsadirə olunması cəzası verildi.

Hələ məhkəməyə qədər dindirmə zamanı onun çənəsini qırmışdılar, sonra sınığa beyin silkələnməsi də əlavə olundu. Cəmi bir neçə ay müddətində Korolyov düşərgədə ən çox arıqlamış adamlardan biri oldu, ayaqları şişdiyindən yeriyə bilmirdi, sınmış çənəsi yeməyə mane olurdu, sinqa (vitaminsizlik nəticəsində əmələ gələn xəstəlik) xəstəliyi səbəbindən dişləri tökülürdü. Onu möcüzə xilas etdi.

Korolyovun ailəsi onun azad olması üçün hər yerə müraciət edirdi. Bu sahədə əsas işi anası Mariya Nikolayevna Balanina görürdü. Hətta anası məşhur təyyarəçilər Mixail Qromov və Valentin Qrizodubova da müraciət etmişdi. Onlar çəkinmədən Lavrenti Beriyaya xahiş məktubu yazmışdılar. Nəhayət, işə yenidən baxmaq üçün onu Moskvaya çağırdılar.

Geriyə yolu Korolyov çox çətinliklə keçə bildi. Maqadana qədər yolda o, acından ölməkdən zorla qurtara bildi. Təkrar istintaq bir neçə ay davam edir. Məhkəmə ərəfəsində Korolyov Stalinə məktub yazır və bu məktubda özünə bəraət istəmir. Məktubunda reaktiv təyyarəqayırmanın vacibliyi haqqında fikirlərini bildirir: «Mən öz günahsızlığımı sübut edə bilərəm və SSRİ-nin müdafiəsi üçün raket təyyarələri üzərində işimi davam etdirmək istəyirəm». Lakin arzu olunan bəraət baş vermədi. Məhkəmə cəza müddətini 10 ildən 8 ilə azaltdı, siyasi hüquqlarını müttəhimə qaytardı və müsadirə olunmuş əmlakın bir hissəsinə görə pul ödənişi müəyyən etdi. Amma hökmdə göstərilən Sevjeldorlaq əvəzinə Korolyovu Tupolevin xahişi ilə Daxili İşlər Xalq Komissarlığının Xüsusi Konstruktor Bürosu - 24 xüsusi həbsxanasına göndərdilər. Tam həcmli aviakonstruktor bürosunda çalışanların hamısı məhkumlar idi.

Burada Korolyov bombardmançı «TU-2» və «P-2» təyyarələri, idarə olunan radiotorpedalar, raket tutucuları layihələri üzərində işləyirdi.

Hətta həbsxanada da Korolyov raketlər haqqında düşünürdü və eşidəndə ki, Kazanda yerləşən digər həbsxanada - konstruktor bürosunda onun keçmiş həmkarı Valentin Qluşko raket mühərrikləri işləyib hazırlayır, xahiş etdi ki, onu həmin həbsxanaya köçürsünlər. Qızının sözlərinə görə, bununla o öz həbsxana müddətini artırmış oldu. Belə ki, «TU-2»-ni yaratdıqlarına görə tupolevçiləri təxminən 1 il əvvəl azad etdilər.

Sergey Korolyovu xidmətlərinə görə 1944-cü ilin iyulunda əfv etdilər, məhkumluğu üzərindən götürdülər, amma reabilitasiyasız. O, yalnız 1957-ci ildə yerin birinci peykinin kosmosa buraxılmasına bir neçə ay qalmış bəraət qazandı.

Məhbusluq həyatı onda qızıla nifrət yaratmışdı

Sergey Korolyov heç vaxt Kolımada yaşadığı məhbus həyatını xatırlamaq istəmirdi. Bütün həyatı boyu qızıla nifrət etdi. Çalışırdı ki, vaxtını boş keçirməsin.

1945-ciildə Korolyov hərbi təyyarələr üçün reaktiv mühərriklər yaratdığı üçün ilk təltifi - «Xidmətə görə ordeni» aldı. Həmin vaxta qədər Korolyovun yeni ideyası yaranmışdı.

1946-cı ilin mayında SSRİ hökuməti ölkədə raket quruculuğu haqqında qərar qəbul etdi və bu qərara əsasən Moskva ətrafında yerləşən Kalininqradda (indi şəhər Korolyovun adını daşıyır) Dövlət İttifaq Reaktiv Silahlar Elmi Tədqiqat İnstitutu (ETİ -88) yaradıldı. Sergey Korolyov şöbələrdən birinin rəisi və uzaq məsafəli ballistik raketlərin baş konstruktoru təyin olundu. Onun rəhbərliyi altında yerli materiallar əsasında «Fau-2»-nin analoqu olan «R-1» raketinin istehsalı təşkil edildi (bu tapşırığı Korolyova Stalin şəxsən vermişdi) və bir neçə daha təkmil variantlar yarandı.

Korolyovun uğurlu tədqiqatları sürətlə artırdı

Müharibədən dərhal sonra, cəmi bir neçə il ərzində Korolyov əməkdaşları ilə birlikdə bir neçə növ idarə olunan ballistik raketlər yaratdı. Onlardan ən perspektivlisi «R-1», «R-5»-in layihə uzaqlığı 1200 km idi. İkipilləli ilk qitələrarası «R-7» raketi yaradıldı ki, onun layihə uçuş məsafəsi 5,7 min km idi. «R-11» raketinin ölçülərinin kiçik olması səbəbindən onu sualtı qayıqlarda da yerləşdirmək olardı.

Cəmi 3 ildə raket kompleksləri quruldu. Qazaxıstan Turpa-Tam stansiyası rayonunda (sonralar Baykanur adını aldı) buraxılış və nəzarət xidməti yaradıldı.

Yerin ilk süni peyki 1958-ci ilin oktyabrın 4-də saat 22-28 dəqiqə 34 saniyədə (Moskva vaxtı ilə) həyata keçirilib. 314,5 saniyədən sonra efirdə ilk dəfə olaraq «Bip! Bip!» siqnalı eşidildikdə, kosmodromu sevinc qışqırtıları bürüdü. Sputnikin buraxılmasında iştirak edənlərin hamısı kosmik eranın başlanğıcını qeyd etdi.

1959-cu ilin oktyabrın 31-də «Luna-3» stansiyası Yerə Ayın əks tərəfinin şəklini verdi.

1960-cı ilin avqustunda Sputnik-5-də kosmosa uçan heyvanlar kosmosda olduqdan sonra Yerə qayıda bilmişlər. Cinssiz «Belka» və «Strelka» dərhal dünyanın məşhur itləri oldular. Uçuşdan bir neçə ay sonra Strelkanın doğduğu küçüklərdən birini Nikita Xruşşov o vaxtki ABŞ prezidentinin qızı Karolina Kennediyə hədiyyə göndərmişdi.

Uçuş üçün onlarca təşkilat, yüzlərcə mütəxəssis, minlərcə istehsalatçı çalışmışdı və hər bir xırda şeyi də Korolyov şəxsən izləyirdi.

İnsanın kosmosa ilk uçuşu 1961-ci il aprelin 12-də baş verdi. Yuri Qaqarin 108 dəqiqə Yer ətrafında dövrə vurdu və Saratov vilayətində yerə endi.

Doğma planetə qayıdan kosmonavt bütün bəşəriyyət üçün qəhrəman oldu. Moskvada onu bütün yüksək rütbəli şəxslər qarşıladı. Təkcə Sergey Korolyov Qızıl Meydanda yox idi. Natalya Sergeyevna Korolyova xatırlayırdı ki, baş konstruktor həyat yoldaşı ilə birlikdə Vnukovo təyyarə limanında Qaqarini qarşılayanlar arasında idi, amma rəsmi şəxslərin kalonunda Korolyovun maşını sonunculardan biri idi və sadəcə, onlar meydana daxil ola bilmədilər. Mitinqə televizorda baxmalı oldu. Bu, taleyin qisməti idimi? Ya da ölkəni idarə edənlərin diqqətsizliyi idimi? Əzablarla, təhqirlərlə dolu bir ömür yaşamış, Lakin xalqından və vətənindən küsməmiş Korolyov SSRİ-ni ABŞ ilə siyasi müharibədə qələbə kürsüsünə qaldırmış, bəşər tarixində ilk olaraq məhz sovet insanının kosmosa uçuşunu təmin etmiş görkəmli alim olması zəfər mitinqinin təşkilatçılarının diqqətindən kənarda qalmışdı. Bu, ən böyük ədalətsizlik, sayğısızlıq idi.

Korolyov və onun bütün əməkdaşları həmişə «naməlum qəhrəmanlar» olmuşlar. Söyləyirdilər ki, hələ ilk süni peyk buraxıldıqdan sonra Nobel komitəsi Sovet İttifaqından baş konstruktor haqqında məlumatlar istəmiş və Xruşşov bu istəyə belə cavab vermişdi ki, sputniki bütün sovet xalqı yaratmışdır. Qaqarindən sonra da eyni hadisə təkrar olunmuşdu. Korolyov yenə də naməlum olaraq qalmışdı. Hətta belə bir lətifə də yaranıb ki, bir dəfə kosmonavtika gününü qeyd edərkən Korolyovu birinci sıralara buraxmayıblar ki, o yerlər birbaşa bayram edilən hadisə ilə əlaqədar olan adamlar üçündür.

Xatırlayırlar ki, Korolyov Qaqarinə ata nəvazişi ilə yanaşırdı. O digər kosmonavtlara da belə diqqət və qayğı göstərirdi.

1966-cı il yanvarın 14-də Ko­rolyov ürəyinin dayanması səbəbindən vəfat etdi.

İki gün sonra qəzetlərdə nekroloq çap olundu və dünya ilk dəfə olaraq kosmosun kəşfinə görə kimə borclu olduğunu bildi.

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (II cid).  Bakı, “Təhsil” nəşriyyatı, 2013, 616 səh.

2016-04-12   39128