NKPI

Maraqlı Məlumatlar

DADAŞOV SADIQ ƏLƏKBƏR OĞLU

(1905-1946)

Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur.

O,1929-cu ildə Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir.

S.Dadaşov 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Me­marlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur. Görkəmli alim 1941-ci ildə SSRİ Memar­lıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) həqiqi üzvü seçilmişdir. 1940-cı ildə ona Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı verilmiş, 1941-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. «Lenin» ordeni, «Qırmızı Əmək Bayrağı» ordeni və medallarla təltif edilmişdir.

S.Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934-1940 və 1944-1946-cı illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlərə çıxmış­dır. O, memarlıq üzrə elmi-nəzəri əsərlərini görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Useynovla birgə yaratmışdır. Alimin layihəsi ilə Ba­kıda və respublikanın başqa şəhərlərində çoxlu yaşayış, ictimai və mədəni-məi­şət binaları tikilmiş və bu memarlıq əsərləri Azərbaycan memarlığının inkişa­fında böyük rol oynamışdır.

Görkəmli memar 1929-1933-cü illərdə 23 tikilinin layihəsini vermişdir. Bunlara 1932-1933-cü illərdə inşa edilmiş Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Aka­demiyası), İncəsənət İşçiləri Evi, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (hamısı 1933-cü ildə) aiddir.

S.Dadaşovun əsas işləri sırasında Azərbaycan Texniki Universitetinin binasını (1931-1933), "Nizami" kinoteatrının binasını (1937), Bakı Musiqi Akademiya­sının binasını (1938), Nizami Gəncəvi adma Milli Azərbaycan Ədəbiyyatı Muze­yinin binasını (1940) və s. göstərmək olar. O, Nizami Gəncəvinin 1946-cı ildə Gən­cədə, 1949-cu ildə Bakıda qoyulmuş abidələrinin layihə müəllifidir.

Akademik Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.

2016-04-19   35764