NKPI

Maraqlı Məlumatlar

HÜSEYN CAVİD – dilin şəhidi, XX əsr Azərbaycan romantizminin tarixi taleyi

 

Hüseyn Cavid Rasizadələr nəslindəndir. Rasizadələrin babası Məşədi Qulunun dörd oğlu olub: Məşədi Ənnağı, Məşədi Tağı, Kəblə Mirzəli, Hacı Molla Abdulla.

Cavidin atası Hacı Molla Abdulla 1843-cü ildə Şahtaxtı kəndində anadan olmuşdur. Aşağı ruhani zümrəsinə mənsub rövzəxan olub. Mollalıqdan daha çox musiqini, muğamatı və şeiri yaxşı bilib, məlahətli səsi ilə tanınıb.

Cavidin atası Hacı Molla Abdulla iki dəfə evlənib və iki həyat yoldaşından səkkiz övladı dünyaya gəlib. Birinci həyat yoldaşı Şahtaxtlı Ümmi Leyla olub və ondan altı uşaq dünyaya gəlib: Fatimə, Xurşud, Ümmi Səlimə, Məhəmməd, Hüseyn, Əlirza. İkinci həyat yoldaşı şamaxılı Töhfədən isə iki övladı: Əhməd və Ələsgər doğulub.

Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya gəlib. O, ilk təhsilini mollaxanada almış, 14 yaşında M.T.Sidqinin “Məktəbi-tərbiyə” məktəbinə daxil olmuş, orada bir sıra elmləri, rus, fars və türk dillərini öyrənmişdir. Elə həmin illərdə gənc şair Racinin təsiri altında “Çülçin” təxəllüsü ilə şeirlər yazır, bəzi əsərlərini isə “Salik” təxəllüsü ilə çap etdirir.

Hüseyn Cavid 1898-ci ildə M.T.Sidqinin məktəbini bitirir və gözünü müalicə etdirmək üçün Təbrizə, qardaşının yanına gedir. Burada o, gözlərini müalicə etdirir, həm də 1898-1903-cü illərdə Təbrizdəki ruhani seminariyasında təhsilini davam etdirir.

Belə ehtimal olunur ki, 1903-cü ilin mart ayından 1904-cü ilin mayına qədər Hüseyn Cavid Urmiyada yaşamışdır.

H.Cavid 1904-cü ildə xəstələndiyi üçün Naxçıvana qayıdır. Bir vaxtlar təhsil aldığı “Məktəbi-tərbiyə”də türk və fars dillərində dərs deyir.

Cavid 1905-ci ildə ikinci dəfə Universitetdə təhsil almaq üçün İstanbula gedir.

Əvvəlcə 5-6 ay orta məktəb proqramı üzrə hazırlaşıb imtahan verməli olur. Ancaq bundan sonra Hüseyn Cavid ədəbiyyat şöbəsinə daxil olur.

Hüseyn Cavid 1910-cu ildə İstanbuldan Naxçıvana qayıtmışdı. O, üç ay Naxçıvanda qaldıqdan sonra Bakıya gəlir və 1911-ci ilin sonuna qədər Bakıda yaşayan iranlılar üçün İran səfirliyi tərəfindən açılmış “İttihab” məktəbində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərir, özünün dediyinə görə, bu, bir il beş ay davam edir.

1912-ci ildə Hüseyn Cavid Gəncədə Axund Hüseyn Pişnamazzadənin müdir olduğu “Mədrəseyi-ruhaniyyə”də (seminariyada) müəllimlik edir.

1912-ci ildə Gəncədə Cavid “Maral” faciəsini yazır. 1912-ci ilin avqustunda Hüseyn Cavid Tiflisə gəlir və 1914-cü ilə qədər burada iranlıların “İttifaq” məktəbində dərs deyir.

Hüseyn Cavid “Şeyx Sənan (Türbəsi önündə) şeirini 1914-cü ildə Tiflisdə qələmə almışdı”.

Hüseyn Cavidin “Ana” və “Keçmiş günlər” adlanan ilk kitabları da 1913-cü ilin mayında Tiflisdə nəşr olunub. 1914-cü ilin sonlarında Hüseyn Cavid səhhəti ilə əlaqədar Kaxetiyaya getmiş və burada dəmir yolu üzrə işçi qüvvəsini qeydiyyata alan tabelçi vəzifəsində çalışmışdır.

1915-ci ildə Hüseyn Cavid Bakıya qayıdır və 1918-ci ilə qədər Tağı Nağıyevin “Səfa” məktəbində müəllimlik edir.

Azər Turan qeyd edir: “Məlumdur ki, “İblis”in yazıldığı ərəfələrdə - 1918-ci ildə Cavid “Təbriz” mehmanxanasındakı 21 nömrəli otaqda məskunlaşmışdı”.

1918-ci ildə ermənilərin Bakıda törətdiyi qırğınlar zamanı Cavid də çox çətin anlar yaşayıb. Mişkinaz xanım “Cavid haqqında xatirimdə qalanlar” adlı memuarında bu hadisəni təfərrüatı ilə qələmə alıb: “1918-ci ilin martında olurmuş Təbriz mehmanxanasında. İndiki Sabir bağından bir az aşağı tərəfdə beş-on başıboş erməninin sərəncamı ilə günahsız insanları vəhşicəsinə qırırmışlar. Bu vaxt mehmanxananı mühasirəyə alırlar. 70 nəfərdən ibarət olan sakinləri əsir edirlər. Əsirləri indiki opera və balet teatrına aparırlar.

Cavid özü belə nəql edirdi:

- Onlar içəri girəndə mən dəftərlərimi, paltomu və bir düzüm bublikim vardı, onu da götürdüm. Oradakılardan biri:

- Sağ qalmağa ümidin varmı? – dedi.

- Çıxmayan cana ümid çoxdu – dedim.

Yolun hər ayrıcında bizi aparanlar çəkilirdilər kənara və əsirləri atəşə tuturdular.

Bizi aparanlardan biri hər dəfə məni də özü ilə bərabər çəkirdi kənara. Birisi isə qabağa itələyirdi. Elə bu vaxt məni qabağa itələyən adama güllə dəydi. O biri isə deyirdi: “Gərək bu işi başlayanlar öləydilər...”

70 nəfərdən qaldıq 10 nəfər, hamısını yolda qırdılar...

Heç kəsin yadına yemək düşmürdü, gətirdiyim bublikləri verdim Seyid Hüseynə, dedim: - Elə et ki, bir neçə günə çatsın...

Bir həftədən sonra bizi azad etdilər. Çıxdım. Ev yox, pul yox. Nə edim? Saatımı verdim bir nəfərə, dedim ki, “əgər pulunu qaytarsam, verərsən, qaytara bilməsəm, saat sənin olsun”.

Azadlığa buraxıldıqdan sonra Cavid iki ay Təbriz şəhərində olur, sonra Naxçıvana qayıdır. 1918-ci ildə o, Mişkinaz xanımla evlənir.

Belə qeyd olunur ki, Hüseyn Cavid 1919-cu ildə Bakıya siyasi məsələlərlə əlaqədar Cənubi Qafqazın rəsmi nümayəndəsi statusu ilə gəlmişdir. 1920-ci ildə “Yaşıl qələm” cəmiyyətinin qurultay səviyyəli yığıncağına dəvətli olan səksən nəfər nümayəndədən biri də Hüseyn Cavid idi.

Xalq Cümhuriyyəti illərində dərsliklərə Cavidin həyat və yaradıcılığı haqqında mövzular daxil edilirdi. Hətta 1919-cu ildə Hüseyn Cavid Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümü münasibəti ilə Gəncədə keçirilən mərasimə dəvət olunmuş və həmin tədbirdə iştirak etmişdi”.

Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” kitabı da Cümhuriyyət dövründə nəşr olunmuşdu.

Azər Turan “Cavidnamə” kitabında ilk illərdə Şura hökumətinin Cavidə münasibətinin yaxşı olduğunu qeyd edir: “1920-ci ildə qurulan şura hökumətinin Cavidə münasibəti, ümumiyyətlə, müsbət olmuşdur. Həmin il Cavid, Turan Cavidin də təsdiq etdiyi kimi, Nəriman Nərimanovun qayğısını dərindən hiss etmişdi. Hüseyn Cavidin sonralar danışdığı söhbətlərə istinad edən Turan xanım qeyd edirdi ki, 1920-ci illərin əvvəllərində doktor Nərimanov tez-tez Cavidə baş çəkər və fikir mübadiləsi edərmiş. Bir dəfə İstiqlaliyyət küçəsindəki evində söhbət əsnasında Cavidin: “Türkləşdirmək, daha çox türkləşdirmək lazımdır” tövsiyyəsinə Nərimanov: “Artıq gecdir!” deyə cavab vermişdir.

20-ci illərin əvvəllərində Cavidin adını daşıyan qızlar məktəbi fəaliyyət göstərib. Kövkəb Səfərəliyeva Cavid haqqındakı xatirəsində yazır ki, qızlar məktəbində Nəriman Nərimanovun təklifi ilə Cavid gecəsi də keçirib, “İblis” faciəsindən parçalar göstəriblər.

1920-ci illərin əvvəllərində Bakıda Təzə Pir məhəlləsində Hüseyn Cavid adına Xeyriyyə Cəmiyyəti fəaliyyət göstərib. İstiqlaliyyət küçəsində Cavidin yaşadığı binada, həm də Mərkəzi İcraiyyə Komitəsi yerləşirdi. Turan Cavidin bildirdiyinə görə, Cavidə xüsusi hörmət bəsləyən dövlət adamlarından biri – MİK-in sədri Sultan Məcid Əfəndiyev şairə daha münasib bir ev təklif etsə də, Hüseyn Cavid ona buradan köçmək istəmədiyini deyib.

Bu ev Cavid əfəndiyə Nəriman Nərimanovun yadigarıdır”.

Dünyanın çox dahilərinin çətin və əzablı yolu kimi, Cavidin də həyatı əzablı, acılı-ağrılı zamanları ilə tarixin yaddaşında qalıb.

1921-ci ildə Mişkinaz xanım xəstələnib cərrahiyyə əməliyyatı olunanda o, dərman və ərzaq almaq üçün kitabxanasında olan bir neçə kitabı satmaq məcburiyyətində qalıb. “Ehtiyac ucbatından dolabındakı paltarlarını da satır”. Belə əzablı yaşam şəraitində 1921-ci il avqustun 23-də dünyaya gəlmiş ikinci övladı Tumrus bir yaşı tamam olmamış vəfat edir. 1923-cü ilin iyulunda Cavidin evində qardaşı Əlirza vəfat edir. O, həmin dövrdə yazılmış yeni əsərlərindən birini məhv edir.

Hüseyn Cavidin gözləri xəstə idi və onu müalicə etdirmək üçün 1926-cı ildə Almaniyaya getmiş, 3 ay orada qalmışdı.

Qeyd edək ki, keçən əsrin 30-cu illəri dahi Hüseyn Cavidin başının üzərində “qara buludların” gəzdiyi vaxtlar idi. Onun 1936-cı il oktyabrın 3-də Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırova yazdığı məktub “qara buludların” getdikcə sıxlaşdığı və çoxaldığı dövrü çox aydın təsvir edir: “Möhtərəm M.Cəfər Bağırov yoldaş! Son zamanlarda mənə və yazılarıma qarşı istər mənəvi, istər maddi cəhətdən qaba və soyuq bir keçimsizlik var. Bu da yalnız tək-tək şəxslərin kaprizindən irəli gəlməkdədir. Cəsarət olsa da, fikrinizi bu nöqtəyə cəlb etməklə, 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halını düşünmənizi rica edirəm”.

1937-ci il iyulun 3-dən 4-nə keçən gecə Hüseyn Cavid həbs olunur. Onun ailəsi ilə son görüşü 1939-cu il iyulun 2-də olur. NKVD-nin 39-cu kamerasında saxlanılan Cavidin istintaq prosesi iki il bir ay davam etmişdir. Heç bir dəlil, sübut olmadan 1939-cu il iyunun 9-da keçirilmiş xüsusi müşavirədə Hüseyn Cavid “antisovet təşkilatda iştirakına və təbliğatına”, “Türkiyənin şpionu, müsavatçı-pantürkist, əksinqilabi təşkilatın üzvü, əksinqilabi fəaliyyətinə, ədəbiyyat və dramaturgiya sahəsində gənclərin millətçi, əksinqilabi ruhda tərbiyə olunması istiqamətində gördüyü işlər, pantürkist ideyalarının yayılmasına xidmət etdiyinə görə” (və guya Hüseyn Cavid... İran, Dağıstan, Ermənistan və Gürcüstan ərazilərindəki bütün Azərbaycan torpaqlarını birləşdirib, burjua təmayüllü müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda fəaliyyət göstərən pantürkist əksinqilabçı təşkilatın üzvləri arasındaymış) səkkiz il müddətinə azadlıqdan məhrum edilir və islah əmək düşərgəsinə göndərilməsi qərara alınır. Müşavirənin başqa bir qərarı ilə o, 1939-cu il iyulun 4-də Vladivastoka sürgün edilir. İstiqamət olaraq Kolıma qeyd olunur.

1941-ci il dekabrında 59 yaşlı Hüseyn Cavidin vəfatı ilə əlaqədar olaraq 21 saylı əlillər zonasının rəisi Sinitsin, həkim Vartminski, palata növbətçisi Fisunenko 59 saylı akt tərtib edirlər. Hüseyn Cavid sepsisdən, iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də, gecə saat 2230-da Sibirdə dünyasını dəyişdi.

 

Dahi Hüseyn Cavidin aşağıdakı fikirləri onun hər bir yazılan əsərinin insanlara nə qədər müsbət və ya mənfi təsir etdiyini göstərir:

“Əgər bir millətin fəlsəfi və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələmlərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil cərəyanla qapalıb da həp o yolda hərəkət edər və mümkün deyil, selə qarşı üzə bilməz. Məsələn, gənc bir şeir, bir hekayə, bir roman, bir tarix, bir faciə oxuyacaq olursa, dərhal özünə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənər və o ruhda yaşamağa çalışar və o məsləkdə yaşamaq istər və bu yazılan əsərlər isə, adətən, aləm-şümul bir müəllim yerinə keçər, oxucuların ruhuna nüfuz etməyə başlar.

İştə belə əsərlər zəhərli, əxlaqsız, kevşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar. Kəskin, ciddi bir istiqamətdə yazılmışsa, şübhəsiz, oxucuda da eyni fikri, eyni duyğunu oyandırmış olar”.

Dahi Hüseyn Cavidin nə qədər sadə, müəlliminə ehtiramlı olduğunun inikasıdır.

Onun “Qoca bir türkün vəsiyyəti” şeiri böyük Turana bir çağırış, min illərə istiqamətlənmiş proqram, xilas, birlik, ucalmaq yolunun kompasıdır.

 

Qoca bir türkün vəsiyyəti
 
Yavrularım! Ey ömrümü şənləndirən, güldürən,
Alnıaçıq oğullarım, gözəl yosma qızlarım,
Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən,
Ömrüm vəfa etməz bana, bəlkə, pək az yaşarım.
 
Artıq bana dar gəliyor həp şu əngin üfüqlər,
Sanki ruhum qanadlanıb şimdi pərran olacaq.
Qarşımızda yanğın kibi görünən al şəfəqlər,
Ehtimal ki, yarınki gün bəni sönmüş bulacaq
 
Əcəl güclü, bən gücsüzəm, kimsə ondan qurtulmaz,
Toplaşınız, vardır sizə bir qaç sözüm, dinləyin.
Getməliyim, vəsiyyətsiz ölsəm, ruhum şad olmaz,
Qulaq verin sözlərimə, birər-birər bəlləyin.
 
İlk istəyim: hiç bir zaman sevgidən əl çəkməyin,
İnsan oğlu sevgi için yaratılmış, doğmuşdur.
Yer yüzünü qardaş bilin, insan qanı dökməyin,
Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur.
 
Kimsəyə kin bağlamayın, yigit olun, mərd olun,
Vicdanınız elmas kibi nur saçaraq parlasın.
Qonum-qomşu, yaqın-uzaq, hər kəslə həmdərd olun,
Qırıq gönülləri yapın, bıraqmıyın sızlasın.
 
Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın,
Tanrı haqdır, haqqı sevər, ədalətdən xoşlanır.
Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın,
Öz haqqını bilməyənlər ən sonunda daşlanır.
 
Arslan kibi cəsur olun, fəqət haqsız çıqmayın,
Haqsızlığa qarşı qoyun, bırakmayın şımarsın.
Zalımları, cəlladları çeynəyin, hiç qorqmayın,
Türk milləti, görülməmiş boyun büksün, yalvarsın.
 
Baq! Şu yanda gülümsəyən yeni doğmuş ay nədir?
Şəfəqlərin doğurduğu bir qızdır ki, hər yerdə
Türk adını elan için bir səmavi ay nədir,
İştə! Bizim tariximiz...  həm yerdə, həm göylərdə.
 
Ey sevgili quzularım! Sizdən bən ayrılırkən,
Bəndən sizə son vəsiyyət: hərgiz məhzun olmayın.
Vicdanımla, namusumla yaşar, haqqı bilirkən,
Güclükmü var himmətinə qovuşmaqda Tanrının!?
 
Namus, vicdan insanlarda iki böyük qanatdır,
Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.
Namus, vicdan bizlər için daimi bir həyatdır,
Türk eli həp o hiss için doğmuş, onunla yaşar.
 
Biz millətin tarixidir kökü, yurdu, yuvası,
Tariximiz baş ucundan hərgiz əskik olmasın.
“Altay” dağı, “Makan” çölü, həm də “Yasın ovası”,
Birər aydın səhifədir, hər türk gərək anlasın.
 
Südü təmiz, əsl oğul bilməzmi ki, əcdadı,
Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər.
Bilməli ki, tez məhv edər zaman nankor evladı,
Öz nəslini unutanlar çoqdan sönüb getmişlər.
 
Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz,
Baqın, görün tarixiniz sizə nələr göstərir.
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.
 
Mərd atalar yigitlikdə nam almamış yalnız,
Ta əskidən onlarda var elm, hikmət həvəsi.
Günəş kibi tarixləri partlatıyor, baqsanız,
Səmərqəndin darülfünunları, rəsədxanəsi.
 
Əvət, arslan yavrularım! Türk eli həp şanlıdır,
Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın.
Əsr iyirminci əsrdir! Vəzifəsi pək ağır,
Qomşular yol aldı, geri qalmayın!

 

Bu çağrışa qoşulun Turan dünyasının bütün gəncləri. Babanızın vəsiyyətlərinə əməl edin. XXI əsrin vəzifəsi XX əsrdən də ağırdı. Davam etdirin türkün şanlı tarixini. Oxuyun, öyrənin, vicdanlı, ədalətli olun, qorxmaz, əyilməz kökünüzə bağlı olun. Yoxsa dahi Cavidin ruhu sizdən inciyər.

Hüseyn Cavid yaradıcılığının ən nadir nümunələrini Səfəvilərdən əvvəlki dövrə həsr etdi: “Topal Teymur”, “Xəyyam”, “Peyğəmbər”, “Səyavuş”. Bu əsərlərin hər biri bəşəriyyət tarixinin yeni mərhələlərinin əks-sədası idi. Peyğəmbər Şərq renesansının başlanğıcı, Xəyyam  yeni türk dövlətçiliyinin əks-sədası, Topal Teymur nəhəng türk yürüşlərinin simvolu, Səyavuş türk və islam vəhdətinin romantikası idi.

Bir sözlə, yeni janr, yeni mövzu, yeni qəhrəman və bütövlükdə yeni poetika müəllifi olan Hüseyn Cavid XX əsr Azərbaycan romantizminin tarixi taleyidir”.

“Azərbaycan ədəbiyyatı tarixinin 1000 ilə yaxın bir mərhələsinə hakim olan şəxsiyyət ətrafındakı hərəkət ənənəsini Hüseyn Cavid dəyişdirdi və yeniləşdirdi, şəxsə və şəxsiyyətə olan qlobal marağın yaddaşla bədii əsər arasındakı qabarıq əlaqəsini ilk dəfə önə - açıq müstəviyə çıxardı. Bu, böyük kəşfv idi”.

 “Azərbaycan ədəbiyyatı tarixinin 1000 ilə yaxın bir mərhələsinə hakim olan şəxsiyyət ətrafındakı hərəkət ənənəsini Hüseyn Cavid dəyişdirdi və yeniləşdirdi, şəxsə və şəxsiyyətə olan qlobal marağın yaddaşla bədii əsər arasındakı qabarıq əlaqəsini ilk dəfə önə - açıq müstəviyə çıxardı. Bu, böyük kəşfv idi”.

H.Cavidin dramaturgiyasını təhlil edərkən onun bu qəbildən olan əsərlərinin yazılma tarixləri aşağıdakı kimidir:

Ana” – 1910-cu ildə qələmə alınmış, 1913-cü ildə Tiflisdə çap edilmişdir. Nəzmlə yazılmışdır. Bir pərdəli dramdır;

Maral” – 1912-ci ildə qələmə alınmış, 1917-ci ildə Bakıda çap edilmişdir. Nəsrlə yazılmışdır. Dörd pərdəli faciədir;

Şeyx Sənan” – 1912-1914-cu illərdə qələmə alınmışdır. 1915-1916-cı illərdə Bakıda müxtəlif qəzetlərdə, 1917-ci ildə isə ayrıca kitab şəklində çap edilmişdir. Mənzum faciədir. Dörd pərdədən ibarətdir;

Şeyda” – 1913-cü ildən əvvəl qələmə alınmış və 1916-cı ildə çap edilmişdir. Nəsrlə yazılmışdır. Beş pərdədən ibarət faciədir;

Uçurum” – 1917-ci ildə qələmə alınmış, 1926-cı ildə Bakıda nəşr edilmişdir. Mənzum pyesdir. Dörd pərdədən ibarət faciədir;

İblis” – 1918-ci ildə qələmə alınmış, 1924-cü ildə çap edilmişdir. Mənzum pyesdir. Dörd pərdəli faciədir;

Afət” – 1921-ci ildə qələmə alınmış, ilk dəfə “Maarif və mədəniyyət” jurnalında hissə-hissə, 1969-cu ildə isə kitab şəklində çap edilmişdir. Nəsrlə yazılmışdır. Dörd pərdəli faciədir;

Peyğəmbər” – 1923-cü ildə tamamlanmış və elə həmin vaxtda da həm hissə-hissə jurnalda çap edilmiş, həm də kitab şəklində ayrıca çap olunmuşdur. Mənzum pyesdir. Dörd pərdədən ibarətdir;

Topal Teymur” – 1925-ci ildə qələmə alınmış, 1926-cı ildə kitab şəklində nəşr edilmişdir. Nəsrlə yazılmışdır. Beş pərdədən ibarətdir;

Knyaz” – 1928-1929-cu illərdə qələmə alınmışdır. Mənzum faciədir. Beş pərdədən ibarətdir;

Səyavuş” – 1932-ci ildə qələmə alınmış və 1933-cü ildə nəşr edilmişdir. Mənzum faciədir. Beş pərdədən ibarətdir. H.Cavid epiqrafda yazır ki, “Şərqin böyük dahilərindən Firdovsinin min illiyinə ithafdır”;

Xəyyam” – 1935-ci ildə qələmə alınmış, ilk dəfə 1963-cü ildə çap edilmişdir. Mənzum pyesdir. Altı pərdədən ibarətdir.

 

Hüseyn Cavidin ev muzeyinin yaradılması haqqında 604 saylı ilk qərar Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti tərəfindən 25 noyabr 1981-ci ildə qəbul edilib. Respublika Mədəniyyət Nazirliyinin 16 aprel 1991-ci il 74 saylı qərarı ilə muzey üçün Azərbaycan Dövlət Əlyazmalar İnstitutunun yerləşdiyi binanın birinci mərtəbəsində 5 otaq ayrılıb. Nəhayət Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə H.Cavidin ev-muzeyi həmin binanın 3-cü mərtəbəsində yerləşən və şairin 1920-ci ildən 4 iyun 1937-ci ilə qədər yaşadığı, əsərlərinin əksəriyyətini yaratdığı mənzilə köçürülüb. H.Cavidin ev-muzeyinin açılışı 2002-ci il oktyabr ayının 24-də şairin 120 -ci doğum günündə olub. 

 

1982-ci il oktyabrın 26-da Cavid Moskvadan Bakıya,  sonra  isə Naxçıvana “uçdu”.  Cənazəsi Bakıya gətirilərək yaşadığı evdə, EA-nın Əlyazmalar İnstitutunda əhalinin vidalaşması üçün qoyuldu. Bundan sonra doğulduğu diyara aparıldı. H.Cavid müsəlman qayda-qanunu ilə Naxçıvanda torpağa tapşırıldı.

Qəbrin nurla dolsun, ruhun şad olsun, dahi insan, dilin şəhidi Hüseyn Cavid!!!

 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (II cid).  Bakı, “Təhsil” nəşriyyatı, 2013, 616 səh.

2016-04-21   41184