NKPI

Maraqlı Məlumatlar

MURTUZA FƏTULLA OĞLU NAĞIYEV – dünyanın qəbul etdiyi böyük alim

 

Murtuza Fətulla oğlu Nağıyev 1908-ci il mayın 5-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur.  

…Bakıya gələndə Murtuza 14 yaşında idi. Atası Fətulla kişinin yolu ilə getdi, tezliklə leytenant Şmidt adına maşınqayırma zavodunda işə düzəldi. 

1922-ci il. Hər şey bu tarixdən başladı. Bu cavan oğlan işlədiyi zavodda adi işçi kimi qalmaq fikrindən çox uzaqdı. Hələ 1926-cı ildə onu partiya sıralarına qəbul eləmiş, ictimai vəzifə də tapşırmışdılar.

Işlədiyi zavodun ictimai həyatını əks etdirən qəzet materiallarının hazırlanması ilə ciddi məşğul olduğundan hamı onu jurnalist kimi tanıyırdı. Rus dilini yaxşı mənimsəmişdi, hər iki dildə mükəmməl yazırdı. 1922-ci ilin iyulunda respublika mətbuatında ilk məqaləsi dərc olunanda cəmi on dörd yaşı vardı. Əsasən tənqidi mövzuda yazırdı.

1922-26-cı illərdəki ictimai fəaliyyətinin nəticəsi kimi görünən, həqiqətdə isə dövrünə görə əsl jurnalist fəaliyyəti kimi dəyərləndirilə bilən məqalələrin siyahısı da xeyli uzundur.

Dəqiq elmlərdəki qabiliyyətini elə özü kəşf eləmişdi. Elm onu öz cazibəsinə salmışdı, daim çəkir, jurnalistikanın əlindən qoparırdı. 1923-29-cu illərə aid sənədlərdə (onun pasportu yox idi) bütün soydaşları kimi milliyyəti türk yazılan Murtuza Fətulla oğlu Nağıyevə bir neçə onillikdən sonra nə sərablı, nə bakılı –  böyük AZƏRBAYCANLI alim deyəcəkdilər!   

Azərbaycan Dövlət Universitetinin fəhlə fakültəsində təhsilini 1929-cu ildə uğurla başa vurub birdən-birə iki ali məktəbə daxil olmuşdu! O, bununla da vərdiş etdiyi, bir növ artıq tənzimlənmiş həyatdan imtina etdi, özünə yaxşı məlum olmayan bir dünyaya baş vurdu – təhsilini davam etdirmək üçün Moskvaya gedən ilk azərbaycanlılardan biri oldu. Moskvanın iki ali məktəbinin – Moskva Ali Texniki Məktəbinin və Mədən Akademiyasının (indiki I.Qubkin adına Neft və Qaz Institutu) tələbəsi idi. Lakin 1932-ci ildə anasının xəstəliyi ilə bağlı Bakıya qayıdıb təhsilini   Azərbaycan Sənaye Institutunda davam etdirməli olur.

1935-ci ildə ali təhsilini başa vurandan sonra V. Strua ad. Bakı krekinq zavodunda  mühəndis, sex rəisinin müavini, mühəndis-konstruktor, baş mühəndis vəzifələrində işlədi. Bakı sovetinə deputat seçilməsi ilə əsl ictimai fəaliyyətinə yol açıldı. Bundan sonra o dəfələrlə  Azərb. SSR Ali Sovetinə deputat seçiləcək, mühüm komissiyalara rəhbərlik edəcəkdi.

Əsl elmi fəaliyyətə başladığı vaxt 37-ci illərə təsadüf etmişdi. Bu, hər kəsin özündən də qorxduğu dövr idi. Böyük uğurlara çox çətin yollarla gedəcəkdi. 1939-cu ildə yazdığı elmi-tədqiqat işi sonralar geniş inkişaf etmiş riyazi modelləşdirmə və kimyəvi proseslərin sistemli analizi sahəsində ilk iş kimi dəyərləndiriləcək, yeni elmi istiqamətin – resirkulyasiya prosesləri təliminin başlanğıcı olacaqdı. M.Nağıyev ən mürəkkəb struktura malik  kimya texnologiyası obyektlərində o vaxta qədər aparılan uzun hesablamaların əvəzinə daha tez və dəqiq hesablamaların aparılmasının  riyazi ifadəsini verərək kimya sənayesi üçün yeni riyazi model işləmişdi.

Akademik Murtuza Nağıyev öz nəzəriyyəsinin ən sadə izahını belə verirdi – «resirkulyasiya nəzəriyyəsi xammalın əsaslı çevrilməsini həyata keçirməyə, kənar məhsul çıxımını minimuma endirməyə və ya onu xammaldan tamamilə xaric etməyə, reaksiyanı yüksək sürətlə aparmağa,  reaktor həcmi vahidinin maksimum həddinə nail olmağa imkan verir. Elmi əhəmiyyətinə gəlincə, resirkulyasiya nəzəriyyəsi fiziki biliklərin kimyaya və kimya texnologiyasına tətbiqi bu elmlərin inkişafında kimyanın bir sıra prinsiplərinin dialektik inkarı halları ilə aydın xarakterizə olunaraq nüfuzetmə anlarını əks etdirir».

1940-cı ildə alimin həyatında iki mühüm hadisə baş verdi. O, ailə qurmuşdu. Içindəki tənhalığı anası qoparıb özü ilə aparmış, onu gəlini Nərgizə əmanət etmişdi,  haqq dünyasında rahat idi – oğlu  ta ömrünün sonuna kimi tənha olmayacaqdı. O həm də «Resirkulyasiyalı krekinq zamanı benzin çıxımının tədqiqi» mövzusunda dissertasiyasını uğurla müdafiə edib elmlər namizədi adı almışdı. Beş il əvvəl bitirdiyi Azərbaycan Sənaye Institutunda auditoriyaya ilk dəfə müəllim kimi daxil olmuşdu. Neft zavod mexanikası kafedrasının dosenti idi, krekinq texnologiyası və proses aparatlarının hazırlanması kursunda mühazirələr oxuyurdu.

Neft emalı üzrə yaxşı mütəxəssislərdən sayılan Nağıyevi 1941-ci ildə Qroznıdakı Neft Institutuna direktor göndərirlər. Qısa bir müddətdən sonra Qroznı almanların əlinə keçir və o, Bakıya ailəsinin yanına dönür.

1941-ci ildə «Krekinq texnologiyası və aparatların hesablanması» adlı ilk monoqrafiyasını nəşr etdirir. Akademik Yusif Məmmədəliyevlə birgə 1943-cü ildə nəşr etdirdikləri «Aviasiya yanacaqlarının kimyası və texnologiyasının müasir vəziyyəti»  kitabına bu nəticələri əks etdirən iki böyük elmi məqaləsini daxil etmişdi. 1944-cü ilin yanvarında  Moskvada SSRI EA Qazıntı Yanacaqları Institutunda «Krekinq prosesinin kinetikasının və texnologiyasının əsas məsələlərinin tədqiqi» mövzusunda doktorluq dissertasiyasını da müvəffəqiyyətlə müdafiə etdi. O, son dərəcə istedadlı və böyük elmi potensiala malik bir alim idi. Həyatında hər şey öz axarı ilə getsəydi, çətinliklər bir qədər az olsaydı, yəqin ki, bu müdafiə 36 yaşdan da əvvəl baş tutardı. 1945-ci ildə o artıq professor idi.

Murtuza Nağıyev 1941-1945-ci illərdə ölkə miqyasında dəyərləndirilən, xüsusi elmi xidmətlərinə görə qorunan sovet alimlərindən idi.

Təəssüf ki, sovet elminə şərəf gətirən, azərbaycanlı sovet aliminin sovet pasportu yox idi! Yəni, onun vətəndaşlığı yox idi! Nə qədər qəribə olsa da, onu hələ 1926-cı ildə kommunist partiyası sıralarına qəbul etmişdilər, buna baxmayaraq, ona hücumlar və təqiblərlə əslində dissident həyatı yaşadır, daim sıxışdırırdılar. Onun həyat və fəaliyyətini öyrənərkən bir şey aydın olur ki,   nə Nağıyevsiz keçinə bilirdilər, nə də onu olduğu kimi qəbul edə bilirdilər. Bunlar böyük alimi daxilən üzsə də, elmə olan məhəbbəti ilə yenə də mübarizənin qalibi çıxırdı. Bu təzyiq və təqiblərin onu daha da gücləndirdiyini isə başa düşmürdülər.

1950-ci ildə «Sənaye sistemləri kinetikasının əsasları» adlı monoqrafiyası çapdan çıxmışdı.

Alimin apardığı kimya texnologiyası üzrə ilk işində, termiki krekinqi tədqiq edərkən, o,  dünyada ilk dəfə olaraq elementlərindən hər birinin başqaları ilə həm birbaşa, həm də resirkulyasiya (əks əlaqə) axınları ilə birləşmiş olduğu mürəkkəb kimyəvi-texnoloji kompleksin riyazi modelini təklif etdi və bununla da «resirkulyasiya nəzəriyyəsi»nin və bir sıra gələcək fənlərin – bu cür komplekslərin tədqiqi üçün sistemli təhlilin, onların riyazi modelləşdirilməsi və optimallaşdırılmasının  əsasını qoydu. Moskvada 1991-ci ildə «Vısşaya şkola» nəşriyyatı tərəfindən təxminən iki min il ərzində kimyəvi biliklərin inkişafını ümumi şəkildə əks etdirən «Dünyanın görkəmli kimyaçıları»  («Выдaющиеся химики мира»; В.A.Волков, E.В.Вонский, Г.И.Кузнецова). bioqrafik məlumat kitabı nəşr olundu. Kitabın «Kimyada mühüm hadisələrin və kəşflərin xronologiyası» bölməsi oxucuda yalnız məlumat xarakterli olduğuna görə yox, həm də dünya miqyasında tanınmış görkəmli alimlərə görə fərəh hissi doğurur.  Bu xronologiyanın mühüm kəşfləri siyahısında 1939-cu il, həm də həmvətənlimiz Murtuza Nağıyevin adının resirkulyasiya nəzəriyyəsinin əsas prinsiplərini işləyib hazırlayan alim kimi göstərilməsinə görə əhəmiyyətlidir. Bu fundamental, prinsiplərsiz, xüsusilə klassik kinetikanın istifadə edildiyi birdəfəlik proseslərdə reaksiyalar klassik kinetika qanunlarına əsasən aparıldığından kimyəvi reaksiyanın gedişatına xas xüsusiyyətlər verərək təshihlər tələb edirdi. Buna görə də reaksiya axınlı  mürəkkəb sistemlərin ciddi elmi, riyazi hesablanması və layihələndirilməsi  mümkün deyildi.

«Dünyanın görkəmli kimyaçıları» kitabının 2000 ili əhatə edən «Kimyada mühüm hadisələrin və kəşflərin xronologiyası»na Azərbaycandan yeganə alim kimi daxil edildikdən, «Resirkulyasiya nəzəriyyəsi və kimyəvi proseslərin optimallığının yüksəldilməsi» və «Əks əlaqəli kimyəvi sistemlər haqqında etüdlər», «Kimyəvi resirkulyasiya» monoqrafiyaları nəşr olunandan sonra dərk olunmağa başlayacaqdı. 

Murtuza Nağıyıev 1952-ci ildə Azərb. SSR EA-nın həqiqi üzvü və akademik katibi, həmçinin «Azərbaycan SSR EA-nın məruzələri» jurnalının redaksiya heyətinin üzvü seçilmişdi. O, böyük alim, bacarıqlı təşkilatçı, gözəl ictimaiyyətçi idi.

1956-cı ilin sentyabrında, doğrudan da inanılmaz  bir hadisə baş verdi. O dövrdə xarici ölkələrdə keçirilən elmi konfranslarda sovet alimləri mütəmadi olaraq iştirak etsələr də, iştirakçıların milli tərkibinə xüsusi diqqət yetirildiyindən bu, hər alimə qismət olmurdu. Ilk dəfə idi ki, SSRI-dən müsəlman, həm də türk millətindən olan alim ABŞ-a göndərilirdi. Bu şəxs görkəmli kimyaçı alim, azərbaycanlı Murtuza Nağıyev idi! Onun uzaqgörən nəzəriyyəsi və bu nəzəriyyənin prinsipləri, həmçinin yeni elmi istiqamət diqqətdən yan keçməmişdi. O, Filadelfiyada keçirilən kataliz üzrə I Beynəlxalq konqresdə «Çoxpilləli və kompleks kimyəvi resirkulyasiya proseslərinin material balansı»  mövzusunda   məruzə ilə çıxış etdi. Nəticələrin «Kemikl injenerinq proqress»   («Chemical engineering progress») jurnalında dərc olunması ilə sovet aliminin tədqiqatlarına və onların nəticələrinə maraq təkcə Amerikada deyil, həm də beynəlxalq miqyasda artdı.

Bakıda fəaliyyət göstərən Neft Institutuna 1946-56-cı illərdə Murtuza Nağıyev rəhbərlik edirdi. Bu institut 1959-cu ildə Elmi Tədqiqat Neft Emalı Institutu ilə birləşdirilib Neft Kimyası Prosesləri Institutu yaradılandan sonra görkəmli alim strukturun elmi mövzularını həll edərək 1962-ci ilə qədər oraya rəhbərlik etmişdi. 1959-cu ildən ömrünün sonuna kimi «Azərbaycan kimya jurnalı»nın redaktoru olan M. Nağıyev «Azərbaycan SSR Elmlər Akademiyasının məruzələri» və «Neft-kimya» jurnalları redaksiya heyətinin üzvü idi.

Kimya elminin, neft kimyası və texnologiyasının inkişafına verdiyi töhfələrə görə ona 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı, həmçinin «Oraq çəkic» qızıl medalı və Lenin ordeni verilmişdi. Yeri gəlmişkən, o dövrdə elm sahəsində bu ada layiq görülənlərin sayı çox az idi.

Akademik Murtuza Nağıyevin kimya və kimya texnologiyası üçün işləyib hazırladığı bütün anlayışlar, yaratdığı metod və prinsiplər, elm və texnikanın başqa sahələrində  – biologiyada, iqtisadiyyatda və s.-də tətbiq oluna bilər. Bioloji proseslər üçün səciyyəvi olan problemlərdə (məsələn, Bauerə görə, canlı sistemlərdə tarazlığın olmaması,) «Resirkulyasiya nəzəriyyəsi» xüsusilə dəqiq işlənmişdir.

Beynəlxalq aləmdə onun tədqiqatlarına böyük diqqət vardı. Bu, yəqin ki, alimin öz zəkası ilə  vaxtın önündə gedərək zamanı qabaqlaması ilə bağlı idi. 1968-ci ildə ABŞ-ın Çikaqo şəhərində çap olunmuş «Elmdə kim kimdir» («World Who ́s Who in Science») adlı geniş arayış kitabına akademik M.F.Nağıyev haqqında da məlumat daxil edilmişdi. Azərbaycanlı alim oxuculara iri kimya komplekslərinin optimizasiyasının əsasını təşkil edən resirkulyasiya proseslərinin yaradıcısı, neft kimyası və texnologiyası üzrə çoxsaylı dəyərli əsərlərin müəllifi kimi təqdim olunurdu. 1972-ci ilin mayında Hollandiyada keçirilən Kimya texnologiyaları üzrə V simpoziumun iştirakçısı olan akademikin 1974-cü ildə Amerika Kimyaçılar Cəmiyyətinin illik məcmuəsində – «Kimya yenilikləri seriyasında–133» («Advances in Chemistry – Series–133/ Chemical Reaction Engineering-11», The Conjugate Dehydrogenation of Hidrocarbonas) oğlu, gənc alim, bügünkü elmi irsinin əsl varisi Tofiq Nağıyevlə birlikdə yazdıqları «Karbohidrogenlərin əlaqəli dehidrogenləşdirilməsi» adlı məqaləsi dərc olumuşdu. Maraqlı burası idi ki, dörd kontinenti, 13 ölkəni əhatə edən məcmuədə məqalə müəlliflərinin qarşısında SSRI-nin yox, məhz Azərbaycanın adı yazılmışdı. Məcmuədə Asiya ölkələrini yalnız Yaponiya və Azərbaycan (T.M. və M.F.Nağıyevlər) alimləri təmsil edirdi.

Bu möhtəşəm xəbəri alanda o, böyük çətinliklə də olsa, yarımçıq işlərini başa çatdırmağa tələsirdi… Dünyasını dəyişəndən 15 il sonra bu nəzəriyyənin əhəmiyyəti daha aydın dərk olunacaq, yaradıcısı akademik M.Nağıyevin adı Moskvada 1991-ci ildə «Vısşaya şkola» nəşriyyatnın buraxdığı «Dünyanın görkəmli kimyaçıları» kitabına daxil ediləcəkdi.

M.F.Nağıyev 1975-ci il yanvar ayının 28-də vəfat etmişdir. Akademik M.F.Nağıyevin adını əbədiləşdirmək məqsədilə yaratdığı və rəhbərlik etdiyi Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna 1991-ci ildə onun adı verilmışdir.

Akademik Murtuza Nağıyev 320 elmi işin, ikisi xaricdə  ingilis və çin dilində nəşr olunmuş 30 monoqrafiyanın,  12 müəlliflik şəhadətnaməsinin, ömrünün sonunda, ağır xəstə olduğu vaxtlarda yazdığı və sağlığında nəşr olunmamış iki əsərin müəllifidir. O, jurnalistika ilə ömrü boyu məşğul olmuş, mütəmadi olaraq ölkə mətbuatında, həmçinin mərkəzi mətbuatda cəmiyyəti düşündürən mövzularda məqalələrlə çıxış etmişdir. Əsasən gənclik illərində gənc fəhlələri narahat edən problemlərə həsr olunmuş məqalələrinin əksəriyyəti  «Kommunist», daha sonralar isə «Vışka» və «Bakinski raboçi» kimi respublika qəzetlərində dərc olunmuşdu.

Görkəmli alim son dərəcə zəngin və maraqlı müsahib olduğundan dərc olunan müsahibələri də maraqlı alınırdı. O, mükəmməl və dəqiq  tərcüməçi, gözəl redaktor idi, buna görə də bu sahənin mütəxəssisləri əsərlərini nəşrə hazırlayarkən məhz onun qələmindən çıxmasına çalışırdılar. Murtuza Nağıyev kimya texnologiyasının problemlərinə dair doqquz elmi kitabı tərcümə, on beş əsəri redaktə etmişdi.

 Öz bilik və təcrübəsini həm də elmi və mühəndis-texniki kadrların hazırlanmasına sərf edən alim respublikanın ali məktəblərində mühazirələr oxumuş, onun rəhbərliyi ilə çoxsaylı doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur. Böyük alimin adı həm də elmi məktəbini keçən 5 akademikin adı ilə bağlıdır və onların arasında elmi varisi və oğlu akademik Tofiq Nağıyev də var. 

Mənbə: Vaqif Abbasov. Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. (II cid).  Bakı, “Təhsil” nəşriyyatı, 2013, 616 səh.

2016-04-29   39761