NKPI

Maraqlı Məlumatlar

Coğrafiya ensiklopediyası - IX

Qlobus

Qlobus (latınca – kürə deməkdir) Yerin kiçildilmiş modelidir. Qlobusda Yer səthində olan bütün coğrafi obyektlərin bir-birinə nəzərən mövqeyi dəyişmir. Qlobusda təhrif az olur, sahə, bucaq, istiqamət olduğu kimi saxlanılır.

Dünyada ən qədim qlobusların eramızdan əvvəl Misirdə, Yunanıstanda hazırlanması ehtimal olunur. III əsrdə yaşamış yunan kartoqrafı Karates Malloskinin ilk qlobusu hazırlaması barədə bəzi ehtimallar vardır. XI əsrdə yaşamış özbək alimi Əl-Biruni (973-1048-ci illər) diametri 5 metrə çatan nəhəng qlobus hazırlamışdır. Əl-Biruninin qlobusunun oxşarını hazırlayan özbək alimləri onu Səmərqənd Universitetinin muzeyinə vermişlər. Avropada isə ilk qlobusu 1492-ci ildə alman kartoqrafı Martin Behaym düzəltmişdir. O, qlobusu hazırlayarkən Ptolomeyin xəritəsindən istifadə etmiş, N. Tusinin əsərlərindən faydalanmışdır. M. Behaymın “Yer alması” adlandırdığı qlobusdan X. Kolumbun öz səyahəti zamanı istifadə etdiyi ehtimal olunur. Hazırda bu qlobus Almaniyanın Nürnberq şəhərindəki müzeydə saxlanılır.

Rusiyada hazırlanan qlobuslar miqyasına görə böyük (1:30000000), orta (1:50000000) və kiçik (1:83000000) miqyasda olur. Orta miqyaslı qlobuslardan daha çox istifadə olunur. Qlobus üzərində əsasən fiziki və siyasi məzmunu olan xəritələr verilir.

Qlobusda Yerin qütblərdən basıq olması nəzərə alınmır. Qlobusun oxu onun dayandığı üfüqi müstəviyə 66°33' (≈66,5°) bucaq altında meyllidir. Bu bucaq Yerin fırlanma oxunun orbit müstəvisinə olan meylliyinə bərabərdir.

Qlobus üzərində Yerin fırlanması ilə əlaqədar hadisələr (ilin fəsilləri, gecə-gündüzün əmələ gəlməsi, qurşaq vaxtları) izah edilir. Yerin öz oxu və Günəş ətrafında hərəkətini telluri adlanan qurğunun köməyi ilə öyrənmək olar.

 

Coğrafi qütblər meridianlar və paralellər

Coğrafi qütblər – Yerin öz oxu ətrafında hərəkəti zamanı sabit qalan nöqtələrdir. Coğrafi qütblər eyni zamanda Yerin fırlanma oxunun Yer səthi ilə kəsişdiyi nöqtələrdir. Yerin Şimal və Cənub Coğrafi qütbləri vardır. Şimal coğrafi qütbü Şimal Buzlu okeanının mərkəzində yerləşir. Cənub coğrafi qütbü Antarktida materikində, onun Sakit okean sahilinə yaxın hissəsində yerləşir.

Bütün coğrafi meredianlar Coğrafi qütblərdə birləşir. Burada üfüqün cəhətləri yoxdur, yalnız bir cəhət vardır. Şimal qütbündə bütün ərazilər cənubda, Cənub qütbündə isə şimalda yerləşir. Coğrafi qütblərdə Günəş ilin yarısında üfüqdə görünür və yarısında görünmür.

Meridianlar və paralellər

Yer üzərində xəyali (şərti) olaraq çəkilmiş xətlər onun öyrənilməsi, istənilən nöqtənin yerinin müəyyən edilməsi və ya bu nöqtələrin xəritəyə köçürülməsi üçün əhəmiyyətlidir. Bu xətlərə meridianlar və paralellər aiddir.

Ekvator (lat. aequator – bərabərləşmə) Yerin coğrafi qütblərindən bərabər məsafədə çəkilən xəyali çevrədir. Yerin sutkalıq fırlanma oxu ekvator müstəvisinə perpendikulyar yerləşir. Ekvator, Yeri Şimal və Cənub yarımkürələrinə bölür. Ona görə ən böyük paraleldir, qiyməti 0° götürülür. Ekvator çevrəsinin uzunluğu 40075,696 km, radiusu 6378,160 km, onun 1° qövsünün uzunluğu 111,3 km-dir. Burada gecə və gündüzün uzunluğu daim bir-birinə bərabərdir. Günəş ildə iki dəfə – zenitdə olur.

Meridianlar (lat. meridianus – günorta) Yerin Şimal və Cənub coğrafi qütblərini birləşdirən, ekvatorla düz bucaq altında kəsişən xəyali yarımçevrələrdir. Meridianların istiqaməti günorta vaxtı yerə basdırılmış şaquli dirəyin (qnomonun) kölgəsinin düşdüyü xəttə uyğun gəlir. Bütün meridianların uzunluğu bir-birinə bərabərdir, onlar şimaldan cənuba çəkilir. Yerin coğrafi qütblərdən keçən çevrəsinin uzunluğu 40009 km olduğuna görə meridianların uzunluğu onun yarısını təşkil edir. Meridianlar paralellərlə birlikdə xəritədə dərəcə torunu əmələ gətirir.

Bütün dünyada vahid hesablama sistemi qurmaq üçün Beynəlxalq razılığa görə (1844-cü il) London şəhəri yaxınlığında olmuş Qrinviç rəsədxanasından keçən meridian başlanğıc və ya 0° meridian kimi götürülür. Başlanğıc meridian 180°-lik meridianla birlikdə Yeri Şərq və Qərb yarımkürələrinə bölür.

Ekvatora paralel çəkilmiş xəyali çevrələrə paralellər deyilir. Ekvatordan şimala və cənuba getdikcə paralel çevrələrinin uzunluğu azalır. Məs. 30° paralellərin l° qövsünün uzunluğu 96,5 km, 40° paralellərin 1° qövsünün uzunluğu 85,4 km, 60°-nin 1° qövsünün uzunluğu 55,8 km, 80°-nin qövsünün uzunluğu 19,4 km-dir. Ekvator müstəvisi üzərində paralellərin proyeksiyası konsentrik çevrələr formasındadır. Paralellər şərqdən qərbə çəkilir. Ona görə xəritələrdə paralellərə əsasən şərq və qərb istiqamətləri müəyyən olunur.

 

Coğrafi koordinatlar

Meridianlar və paralellərin köməyi ilə Yer səthində olan məntəqələrin vəziyyətini ekvator çevrəsinə və başlanğıc meridiana nəzərən təyin etmək üçün coğrafi koordinatdan istifadə olunur. Coğrafi koordinat coğrafi enlik və coğrafi uzunluğa əsasən müəyyən olunur.

Coğrafi enlik – ekvator və verilmiş məntəqədən keçən paralel arasında qalan meridian qövsünün uzunluğudur. Onu məntəqədən keçən paralelin ekvatordan şimala və cənuba doğru dərəcələrlə olan ölçüsü müəyyən edir. Coğrafi enlik ekvatordan şimala və cənuba doğru 0°-90° arasında hesablanır. Ekvatordan şimalda olan məntəqələr üçün şimal enliyi (şm.e.), cənubda olan məntəqələr üçün cənub enliyi (c.e.) hesablanır.

Coğrafi uzunluq – Qrinviç meridian və verilmiş məntəqədən keçən meridian arasında qalan ekvator (paralel) qövsünün uzunluğudur. O, məntəqədən keçən meridianın başlanığıc meridiandan şərqə və qərbə doğru dərəcələrlə olan ölçüsünə görə hesablanır. Coğrafi uzunluq başlanğıc meridiandan şərqə və qərbə 0°-180° arasında dəyişir. Başlanğıc meridiandan şərqdə olan məntəqələr üçün şərq uzunluğu (ş.u) və qərbdə olan məntəqələr üçün qərb uzunluğu (q.u.) müəyyən edilir. Məs. Bakı şəhərinin coğrafi koordinatı 40° şm.e., 50°ş.u.-dur.

 

Coğrafiya xəritələri

Xəritə bəşəriyyətin böyük ixtiralarından biridir. Yer səthində və ya onun ayrı-ayrı hissələrində olan obyektləri, çayları, dağları, şəhərləri, kəndləri, ölkələri, xalqları və s. xəritə əsasında müəyyən etmək olar. Deməli, xəritə coğrafi biliklərin əsas mənbəyidir. Xəritələrə əsasən müxtəlif təbii komplekslərin əmələ gəlməsi, onların səbəb-nəticə əlaqələrinin aşkara çıxarılması mümkündür.

Yer səthinin və ya onun ayrı-ayrı hissələrinin qəbul edilmiş şərti işarələrlə müstəvi üzərində olan təsvirinə coğrafiya xəritəsi deyilir. Xəritədə geniş ərazilər verilir, dərəcə toru çəkilir, Yerin əyriliyi nəzərə alınır. Qlobusla müqayisədə xəritədə bucaq, sahə, istiqamət təhrifi olur, meridian və paralellər müxtəlif yerlərdə müxtəlif bucaq altında kəsişir.

Yeri kürə səthindən müstəvi səthə köçürərkən müəyyən kənara çıxmalar olur. Bu zaman Yer səthindəki obyekt və hadisələrin öz həqiqi formalarından kənara çıxması təhrif adlanır. Xəritədə uzunluq, bucaq, sahə və coğrafi obyektlərin formalarının təhrifi olur.

Lakin xəritələrin məqsədi və tətbiq sahələrindən asılı olaraq bu təhriflərin bir hissəsini azaltmaq olar.

Gəmilərin və təyyarələrin hərəkəti zamanı istiqaməti düzgün təyin etmək üçün bərabərbucaqlı xəritələrdən istifadə edilir. Belə xəritələrdə bucaq təhrifi olmur. Bərabərsahəli xəritələrdə materik və okeanların sahəsi təhrif olunmur, bucaq və forma təhrifi isə çox böyük olur. İxtiyari proyeksiyalı xəritələrdə isə bütün təhriflər olur. Lakin sahə təhrifi bərabərbucaqlı, bucaq təhrifi isə bərabər sahəli proyeksiyalarda olduğundan az olur.

Xəritələr bir neçə istiqamətdə qruplara bölünür. Xəritələr böyük miqyaslı (1:10000 – 1:200000), orta miqyaslı (1:200000 – 1:1000000) və kiçik miqyaslı (l:1000000-dan kiçik) qruplara ayrılır. Böyük miqyaslı xəritələr topoqrafik (yun. topos – yer, qrafo – yazıram), orta miqyaslı xəritələr icmal-topoqrafik, kiçik miqyaslı xəritələr icmal xəritələr adlanır.

Ərazini əhatə etməsinə görə dünyanın, yarımkürələrin, materiklər, okeanlar və onların bir hissəsinin, dövlətlər və onların bir hissəsinin xəritələri olur. Ərazini əhatə etməsindən asılı olaraq xəritələrin miqyası müxtəlif olur. Məsələn, dünyanın, Avrasiyanın xəritələri kiçik, Azərbaycanın divar xəritələri orta (1:600000), Bakı, Sumqayıt, Gəncə şəhərlərinin xəritələri böyük miqyaslı olur. Təsvir olunan ərazi böyüdükcə, xəritənin miqyası kiçilir.

Xəritələr məzmununa görə ümumcoğrafi, tematik və kompleks qruplara ayrılır. Ümumcoğrafi xəritələrə fiziki və topoqrafik xəritələr daxildir. Onların üzərində bütün coğrafi obyektlər (çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar

və s.) eyni səviyyədə təsvir edilir. Tematik xəritələrdə hər hansı bir mövzu təsvir olunur. Onun üzərində yalnız bir obyekt və ya hadisə daha qabarıq və aydın verilir. Tematik xəritələrin təbii hadisələri göstərən və iqtisadi prosesləri əks etdirən xəritə qrupları vardır. Məs. iqlim, torpaq, əhalinin sıxlığı, yerləşməsi və s. tematik xəritələrdir. Kompleks xəritələrə iqtisadi və kompleks xəritələr aiddir.

 

Xəritələrin şərti işarələri

Tematik xəritələrdə müxtəlif təsvir üsulları tətbiq edilir. Bu üsullara keyfiyyət fonu üsulu, izoxətlər üsulu, hərəkət xətləri üsulu, areal üsulu, nöqtələr üsulu və s. daxildir.

Keyfiyyət fonu üsulu təsvir olunan bütün ərazi hansısa keyfiyyət əlamətinə görə fərqləndirildikdə tətbiq olunur. Siyasi xəritədə dövlətlərin əraziləri, fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər, yaylalar, eləcə də dağlıq ərazilər, bitki, torpaq zonaları, süxurların geoloji yaşına görə yayılma əraziləri keyfiyyət tonu üsulu ilə verilir.

İzoxətlər üsulu xəritədə hər hansı hadisə və prosesləri xarakterizə edir. İqlim xəritəsindəki izotermlər, izobarlar, izogeytlər, izotaxtlar, eləcə də relyefi ifadə edən horizontallar (izohipslər) izoxətlər üsulu tətbiq edilməklə göstərilir.

Hərəkət xətləri üsulu yer səthində hərəkətdə olan obyektlərin istiqamətini göstərir. Okean cərəyanları, dənizdə gəmilərin hərəkəti, təyyarələrin, avtomobillərin, qatarların hərəkət istiqamətləri hərəkət xətləri üsulu ilə ifadə edilir.

Areal üsulu da xəritələrdə təsvir olunan coğrafi obyektlərin yayıldığı əraziləri (sahələri) təsvir edir. Faydalı qazıntılar, bitki və heyvanların yayıldığı sahələr arealların köməyi ilə göstərilir.

Nöqtələr üsulu ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması, eləcə də onların kəmiyyət göstəriciləri verilir. Nöqtələrin ölçüləri onların kəmiyyət göstəricilərini ifadə edir. Bu üsulla əhalinin yerləşməsini, heyvanların sayını, əkin sahələrinin və suvarılan sahələrin ölçülərini göstərirlər.

Diaqram üsulu hər hansı hadisənin xarakteristikasını bütöv təsvir etmək üçün tətbiq edilir. İllik temperaturun gedişini, yağıntıların aylıq miqdarını və s. göstərmək üçün bu üsuldan istifadə olunur.

Kartodiaqram üsulundan istifadə etməklə müxtəlif ölkələrdə və regionlarda sənaye istehsalının həcmi, torpaq fondunun strukturu, meşə ehtiyatı və s. göstərilir. Bu üsul statistik və iqtisadi materialların təhlili və emalı zamanı tətbiq edilir.

Kartoqram üsulundan hər hansı ərazini xarakterizə edən göstəriciləri müqayisə etmək üçün istifadə edilir. Məsələn, kənd təsərrüfatı üçün yararlı olan ərazilərdə əkin yerlərinin tutduğu sahə, əhaliyə düşən məhsul istehsalının həcmi və s. Kartoqram üçün əsas cəhət müxtəlif ərazilərdə bir və ya bir neçə rəngin, eləcə də ştrixlərin köməyi ilə göstəricilərin əks olunmasıdır. Rənglərin müxtəlifliyi və ştrixlərin yerləşməsi elementlərin yerləşməsi intensivliyini və ya sıxlığını göstərir.

 

Coğrafiya atlası

Coğrafiya atlası eyni formada tərtib və çap edilən, ümumi proqram əsasında yerinə yetirilən coğrafiya xəritələrinin sistemli toplusudur. “Atlas” sözü ilk dəfə flamandiya xəritəşünası H. Merkator tərəfindən işlənmişdir. O, özünün 1519-cu ildə tərtib etdiyi xəritələrin toplusuna Liviyanın əfsanəvi şahzadəsi Atlasın adını vermişdir. Coğrafiya atlasları daxili cəhətdən vahid formada olur və bir-birini tamamlayır.

Əl ilə çəkilmiş xəritələrin ilk toplusu II əsrdə yunan alimi K. Ptolomey tərəfindən hazırlanmışdır. Onun tərtib etdiyi xəritələr uzun müddətdir ki, öz əhəmiyyətini saxlayır. XVI əsrdə, Böyük Coğrafi kəşflər dövründən başlayaraq yeni ərazilərin kəşf edilməsi, müstəmləkələrin və ticarət əlaqələrinin artması müxtəlif məzmunlu xəritələrin yaradılmasını zəruru edirdi. İri həcmli “Coğrafiya atlasları” XVI əsrdən tərtib olunur. “Sibirin cizgi kitabı” adlanan ilk rus atlası 1701- ci ildə Tobolda S. U. Remezovin tərəfindən tərtib edilmişdir. Bu atlasa 23 böyük formatda xəritə daxildir. Dünyada ən nəhəng atlas Berlin şəhərindəki kitabxanada saxlanılır. Onun ölçüləri 110x170 sm, kütləsi 175 kq-dır. Bu atlasa 35 xəritə daxilldir.

“Azərbaycanın atlası” 1963-cü ildə çap olunmuşdur. Azərbaycan dilində “Aqroiqlim atlası” (1993), “Ekoloji atlas” (2008) və tədris atlasları vardır.

Əhatə etdiyi əraziyə görə dünyanın, ayrı-ayrı ölkələrin, vilayətlərin atlası, məzmununa görə ümumcoğrafi, tematik, kompleks, məqsədinə görə elmi-məlumat, məlumat, ölkəşünaslıq, turist, tədris atlasları hazırlanır.

 

Kartoqrafik generalizasiya

Kartoqrafik generalizasiya (lat. generalis – ümumi, əsas) xəritənin miqyasına, məqsədinə və ya ərazinin xüsusiyyətinə uyğun olaraq təsvir edilən obyekt və hadisələrin seçilməsi və ümumiləşdirilməsidir. Xəritədə təsvir edilən hadisələr və obyektlər həm riyazi, həm də coğrafi baxımdan düzgün olmalı və bir-birini tamamlamalıdır. Bununla belə, xəritə kiçildilmiş təsvir olduğundan, Yer üzərində olan bütün obyektləri təsvir etmək mümkün deyil. Ona görə də böyük ərazilərin təsvir edildiyi kiçik miqyaslı xəritələrdə coğrafi obyektləri və hadisələri seçmək və bir-biri ilə uzlaşdırmaq lazımdır. Kartoqrafik ümumiləşdirmə həmişə xəritənin miqyası və məzmunu nəzərə alınmaqla aparılır. Ümumiləşdirmə nəticəsində xəritə “yüngülləşir”, miqyasa uyğun olaraq əhəmiyyətli olmayan komponentlərdən azad olur, ən vacib hesab olunan elementlər göstərilir.

Dünyanın siyasi xəritəsində Azərbaycanın ərazisi çox kiçik göstərilmiş və onun paytaxtı olan Bakı şəhəri qeyd edilmişdir. Bu xəritədə Azərbaycanın bütün şəhər və rayonlarının adlarını göstərmək mümkün deyil. Ölçüsü eyni olan, lakin dünyanın siyasi xəritəsinə nisbətən daha böyük miqyasda tərtib edilmiş Qafqazın siyasi-inzibati xəritəsində Azərbaycanın əksər rayonları və şəhərləri göstərilmişdir. Xəritənin miqyası böyüdükcə, onun müfəssəlliyi artır, daha çox coğrafi obyektləri qeyd etmək imkanı yaranır.

Kartoqrafik proyeksiyalar

Yerin kürə səthinin müstəvi səthinə keçirilməsi zamanı istifadə edilən vasitələrə kartoqrafik proyeksiya deyilir. Bu zaman həndəsi səthlərdən – konus, silindr və müstəvi səthlərindən istifadə edilir.

Silindrik proyeksiyalarda tərtib edilən xəritələrin səthi silindrin səthinə açılır. Belə xəritələrdə meridian və paralellərin kəsişməsi düz bucaq altında (90°-də) olur. Bütün paralel qövslərinin uzunluğu eyni olmaqla meridian qövsləri də bir-birinə paralel çəkilir və onlar bir-birləri ilə kəsişmirlər. Əslində isə ekvatordan qütblərə doğru getdikcə paralel çevrələri qısalır, meridianlar isə Yerin coğrafi qütblərində kəsişirlər. Ona görə də silindrik proyeksiya ilə tərtib edilmiş xəritələrdə ekvatorda təhrif olmur, qütblərə doğru təhrif artaraq qütblərdə maksimal həddə çatır. Silindrik proyeksiyalı xəritələrdə bucaq təhrifi olmadığından onlar təyyarələrin, gəmilərin hərəkət xəttinin müəyyən edilməsi üçün əhəmiyyətlidir.

Konus proyeksiyası əsasında tərtib edilən xəritələrdə kürə səthi orta enliklərdə, 40-65° paralellər üzərində müstəvi ilə (konusla) kəsişir. Konus proyeksiyalarında paralellər qövsvari xətlər, meridianlar isə bir nöqtədən şaxələnən şüalardır. Konus proyeksiyalı xəritələrdə orta enliklərdə təhrif azdır, ekvatora və qütbə doğru getdikcə artır.

Azimutal proyeksiyada isə kürənin (qlobusun) hər hansı bir nöqtəsi müstəviyə toxunur. Toxunma nöqtəsində təhrif olmur. Ona görə də kürə səthi ilə müstəvi səthinin toxunduğu nöqtə sıfır təhrifli nöqtə də adlanır.

Çoxüzlü proyeksiyada müstəvi hər hansı nöqtədə qlobusa toxunur. Bu üsul ilə istənilən meridian və paralel arasındakı ərazi müstəviyə köçürülür.

 

Mənbə: Z.N.Eminov, Q.M.Səmədov. Coğrafiya ensiklopediyası. I kitab. Bakı: “Çaşıoğlu Multimedia”, 2012, 368 səh.

2019-07-16   37196