NKPI

Katalitik krekinq və piroliz laboratoriyası (4 saylı lab.)

Struktur bölmənin rəhbəri: İbrahimov Hikmət Camal oğlu
İşçilərin ümumi sayı: 24
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft emalının dərinləşdirilməsi və neft-kimya sintezi üçün xammalın alınması mıqsədilə neft mənşəli xammalın destruktiv emalı üçün yeni səmərəli texnoloji proseslərin (katalitik krekinq, destruktiv izomerləşmə və piroliz) yaradılması və onların elmi əsaslarının işlənib hazırlanması. Həmin proseslərdən alınan yan maye məhsullarının kompleks emalının işlənib hazırlanması.
Struktur bölmənin əsaselmi nəticələri: Kontakt-katalitik heterogen proseslərinin aparılması üçün kiçik dispersli katalizatorların "qaynar lay" və birbaşa axınlı yeni yüksək səmərəli sistemlərinin elmi əsasları işlənib hazırlanmış və bunun əsasında katalitik krekinq sistemlərinin yeni nəsli-Q-43-107 sistemi yaradılmışdır. Mövcud katalitik krekinq proseslərinin intensivləşdirilməsi və kiçik kapital qoyuluşu ilə yüksək keyfiyyətli məhsulların alınmasına imkan verən yeni proseslərin yaradılması istiqamətində tədqiqatlar aparılmışdır. Q-43-107 katalitik krekinq qurğusunun bütün aparatlarının diaqnostikası edilmiş və qurğunun işə salınma xüsusiyyətləri nəzərə alınmaqla tövsiyyələr verilmişdir. Aşağı temperaturlu krekinq, aşağı temperaturda zənginləşmə, müxtəlif məqsədli katalitik krekinq proseslərinin yaradılması üzrə tədqiqatlar aparılmış və katalitik krekinq prosesinin neft-kimya və dizel yanacağı variantları üçün optimal parametrlər müəyyən edilmişdir. İlk dəfə olaraq üzərinə buxar fazada yüksək dərəcədə dispersləşdirilmiş metallarla hopdurulmuş katalizatorlardan istifadə edərək müxtəlif siniflərə mənsub olan model karbohidrogenlərinin aşağı temperaturlarda (100-1500C) parçalanmasının mümükünlüyü göstərilmişdir. Katalitik krekinq və digər təkrar proseslərdən alınmış benzinlərin metanolla alkilləşdirmə reaksiyaları seolit tərkibli katalizatorların iştirakı ilə tədqiq edilmişdir. Prosesin ximizmi model karbohidrogenlərdə və məlum tərkibli qarışıqlarda təsdiq edilmişdir. Polietilen təbəqəsinin katalitik parçalanması prosesi tədqiq edilmiş və onun emalı üçün itkisiz qapalı texnoloji tsikl təklif edilmişdir. Oksigenli birləşmələrin (naften turşuları və onların törəmələrinin) seolit tərkibli katalizatorların üzərində neft karbohidrogenlərinin katalitik çevrilmələrinə təsirinin qanunauyğunluqları geniş tədqiq olunmuşdur; müəyyən olunmuşdur ki, bağlı oksigenə malik əlavələrin ilkin xammala, xüsusilə vakuumda qovulma məhsuluna daxil edilməsi benzinin çıxımını 3-5% artırmaqla bərabər, koks əmələ gəlməsini iki dəfəyə qədər azaldır. Bərk oksidləşmə promotorlarının dəyişkən valentli metal oksidlərinin seolit tərkibli krekinq katalizatorlarının səthindəkoksun əmələ gəlmə və yanma sürətinə və həmçinin CO-nun CO2-yə qədər yanma sürətinə təsiri tədqiq olunmuşdur; promotorun bağlı oksigeninin reaksiyada iştirakı aşkar olunmuş və promotorun kimyəvi təbiətini dəyişməklə, koksun və CO-nun CO2-yə qədər yanma sürətinin tənzimlənməsinin mümkümlüyü müəyyən olunmuşdur. CO2-nin iştirakı ilə aparılan katalitik krekinq prosesinin qanunauyğunluqları öyrənilmişdir. Aşkar olunmuşdur ki, "zəif" oksidləşdirici kimi karbon dioksidinin tətbiq olunması, həm koks fraqmentlərinin oksidləşməsinə, həm də katalizatorun əsasi mərkəzlərinin təcrid olunmasına gətirib çıxarır və nəticədə katalizator səthinin turşu xassələrinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bundan başqa, reaksiya mühitini bilavasitə reaksiya zamanı fəal oksigenlə təmin edən "zəif" oksidləşdiricidən istifadə olunması, əsas etibarilə, katalizator səthində gedən proseslərə, yəni koksun əmələ gəlməsinə təsir göstərir və praktiki olaraq parçalanma məhsullarını oksidləşdirmədən reaksiyanı aparmağa imkan verir. İlkin turşu mərkəzlərinin koks fraqmentləri vasitəsilə əvvəlcədən təcrid olunması və sərbəst vakansiyalara yeni funksiyaların verilməsi yolu ilə, katalizatorun "yaddaşına" başlanğıc funksiyaların daxil edilməsinin yeni prinsipial üsulu təklif olunmuşdur. Kokslaşmış krekinq katalizatorunun karbon dioksidlə regenerasiyasının mümkünlüyü müəyyən olunmuş və aşkar olunmuşdur ki, katalizatorun manqanla modifikasiya olunması, prosesin sürətinin artmasına, metanın, hidrogenin və karbon monooksidinin əmələ gəlməsinə və koksçıxarma sürətinin artmasına səbəb olur. Tərkibində seolit saxlayan alümosilikat katalizatorunun iştirakı ilə vakuum qazoylunun və katalitik krekinq qazlarının birgə katalitik krekinqinin qanunauyğunluqları tədqiq edilmiş və müəyyən edilmişdir ki, katalizatorun üzərində koksəmələgəlmənin azalması ilə bərabər krekinqin yüngül məhsullarının tərkibində doymamış karbohidrogenlərin miqdarı artır, orta fraksiyalarda isə olefinlərin miqdarı azalır. "Qreys Devison" firmasının seolittərkibli sənaye katalizatorunun iştirakı ilə katalitik krekinq qazları ilə vakuum qazoylunun qarışığının katalitik krekinq prosesinin qanunauyğunluqları tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, prosesdə qaz və koksun çıxımı az, benzin və onun oktan ədədi isə kifayət qədər yüksəkdir. Bu da propan=propilen və butan-butilen fraksiyalarının tərkibindəki reaksiya qabiliyyətli karbohidrogenlərin oliqoalkilləşmə və izomerləşmə reaksiyaları ilə izah olunur. Enerjiyə qənaət edən, vakuum qazoylundan benzinin çıxımını və onun oktan ədədini xeyli artıran pirokondensatla vakuum qazoylunun qarışığının katalitik krekinqinin yeni texnologiyası işlənib hazırlanmış və "Azərneftyanacaq" İB-də tətbiq olunmuşdur. Yeni sintez olunmuş yüksək səmərəliliyə malik (xammala görə sərfi 0,2% təşkil edən) alüminium-haloid kompleksin iştirakı ilə pirolizin ağır qətranından yüksək dərəcədə (99%) təmizliyə malik naftalinin və eyni zamanda xassələri tənzim oluna bilən polimer örtükəmələgətiricinin alınmasını təmin edən birmərhələli emal texnologiyası işlənib hazırlanmışdır. Tətbiq olunmaq üçün təklif verilmişdir. Yeni katalitik kompleksin tətbiqi ilə qatılığı 85%-dən az olmayan texniki benzol fraksiyasının və onun əsasında təmizliyi 99,5%-dən az olmayan etilbenzolun alınmasına imkan verən pirokondensatın azmərhələli kompleks emal sxemi işlənib hazırlanmış və "Azərkimya" şirkətində sənayedə həyata keçirilmişdir. İlk dəfə olaraq (KTK-1) katalitik kompleksinin iştirakilə müxtəlif qeyri-stabil və aşağı oktan ədədli (kokslaşma, katalitik krekinq) benzinlərin BBF və PPF qazlar qarışığı ilə birgə emalı prosesi yaradılmışdır. Müəyyən edilmişdir ki, benzin və qazlarda olan doymamış birləşmələrin 90-92% alkilləşmə və oliqoalkilləşməyə məruz qalır. Bunun nəticisində yuxarı oktan ədədli stabil avtomobil benzini və yüksək keyfiyyətli dizel yanacağı alınır. AMEA Kimya Problemləri İnstitutu ilə birgə dəmirin yeni mono-alkil bis-tsiklopentadienil törəməsi sintez edilmiş və müxtəlif benzinlərdə oktan yüksəldici əlavə kimi tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, bu əlavə istər birbaşa qovulmuş, 53-64 oktan ədədli benzinlərlə, istərsə də 64-69 oktan ədədli stabil qaz benzinlərinə əlavə edildikdə, onların oktan ədədlərini 20-25 vahidə qədər qaldırmaq, bu benzinləri uzun müddətə stabil saxlamaq və alınmış yüksək oktanlı benzin qarışığında dəmirin miqdarını məlum ferrosen analoquna görə ~2,5 dəfə azaltmaq imkanı verir.