NKPI

Avtomobil benzinləri laboratoriyası (18 saylı lab.)

Struktur bölmənin rəhbəri: Sahib Hacı oğlu Yunusov
İşçilərin ümumi sayı: 9
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Biratomlu C1-C3 spirtlərinin, doymamış karbohidrogenlərin ilkin və ikinci emalından alınan benzinlərin əsasında perspektiv keyfiyyətli yüksək oktanlı avtomobil benzinlərinin və onlara yüksək oktanlı əlavələrin alınması üçün texnoloji proseslərin və onların elmi əsaslarının işlənib hazırlanması.
Struktur bölmənin əsaselmi nəticələri: Yüksək oktanlı benzinlərin istehsalının xammal bazasını genişləndirən, benzinin tərkibindən kanserogen əlavələri (TEQ) kənarlaşdıran, kükürdlü xammalı və aşağı oktanlı termiki destruksiya benzinlərini emala daxil etməyə imkan verən katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 avtomobil benzininin alınması texnologiyası işlənib hazırlanmışdır. Prosesin elmi əsasları işlənmiş və onun rejim parametrlərini, xammalın karbohidrogen tərkibini tənzimlənməsi etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən tövsiyələr verilmişdir. Proses H.Əliyev adına Bakı Neft Emalı Zavodunda tətbiq edilmişdir. Alınmış benzinin təcrübə-sınaq nümunəsi ÜNEETİ-də yağların və yanacaqların sınaqdan keçirilməsi üzrə DÜİST 2084-77 ilə yoxlanılmış və tətbiqə buraxılmışdır. Riforminq prosesi üçün xammal ehtiyatını artırmaq məqsədi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda tətbiq olunan işlərdən biri də Al-Ni-Mo və Al-Co-Mo sənaye katalizatorlardan istifadə etməklə aşağı keyfiyyətli kokslaşma benzininin iki mərhələli hidrotəmizləmə prosesinin işlənib hazırlanmasıdır. Metaloksid katalizatorlarının iştirakı ilə yanacaqların və tərkibində 90-95% hidrogen olan hidrogen tərkibli qazın alınmasını təmin edən ağır neft qalıqlarının emalı prosesi işlənib hazırlanmışdır. Bu prosesdə maye krekinq məhsullarının kükürdlü birləşmələrində olan kükürd dəmir (II) sulfid şəklində (FeS) kənarlaşdırılır ki, bu da kükürdlü və yüksək özlülüyü olan xammaldan istifadə etməyə imkan verir. Termiki destruksiya benzinləri və katalitik krekinq benzinlərinin 1:6 nisbətində katalitik zənginləşdirilməsi aparılaraq, aşağı keyfiyyətli benzinlərin səmərəli istifadə edilməsi problemi həll edilmiş, nəticədə etilləşməmiş Aİ-93 benzini alınmışdır. Kokslaşma benzininin katalitik zənginləşdirilməsi zamanı A-76 satış benzininin alınmasının mümkünlüyü müəyyən edilmişdir. Tərkibində doymamış karbohidrogenlərin miqdarını və uyğun olaraq oktan ədədini aşağı salmadan, hidrogen qazından istifadə etmədən katalitik krekinq benzininin tərkibində tuf külü və γ- Al2O3 üzərinə çökdürülmüş Mo və Co ionları olan heterogen katalizatorların iştirakında oksidləşdirici kükürdsüzləşmə prosesi üzrə tədqiqatlar aparılıb. Prosesdə oksidləşdirici kimi 35%-li H2O2 məhlulu və onun karbamidlə əmələ gətirdiyi kompleksi istifadə olunub. Bu proses katalitik krekinq benzininin tərkibində kükürdün miqdarını 33 ppm-ə qədər azaltmağa imkan verir və 35-40% əmtəə benzinin tərkibində istifadə edildikdə kükürdün ümumi miqdarı 11-13ppm təşkil edərək müasir tələblərə cavab verir. Katalitik krekinq benzininin tərkibində kükürdün miqdarını aşağı salmaq məqsədi ilə onun tərkibindəki ümumi və merkaptan kükürdünün, həmçinin doymamış karbohidrogenlərin miqdarının fraksiyalar üzrə paylanmasını, kükürdlü üzvi birləşmələrin təbiətini və stabilliyini nəzərə alaraq, S-12 və ГКД-205 sənaye katalizatorlarının iştirakı ilə kükürdün ümumi miqdarını 60% və merkaptan kükürdünün miqdarını 84% aşağı salmağa və benzinin oktan ədədini ilkin həddə saxlamağa imkan verən katalitik krekinq benzinindən ayrılmış q.b.-130°C fraksiyasının yumşaq, 130°C-q.s. fraksiyasının isə nisbətən sərt rejimdə aparılan hidrotəmizləmə prosesinin texnologiyası işlənib hazırlanmışdır. Təkrar emal benzinlərinin doymuş biratomlu C1-C3 spirtləri ilə bilavasitə qarşılıqlı çevrilmə prosesi işlənib hazırlanmışdır ki, bu da doymamış birləşmələrin miqdarını azaltmaqla benzin fraksiyasının davamlılığını artırmış və müasir benzinlərin vacib komponentlərindən biri olan oksigen tərkibli birləşmələrin alınmasına imkan vermişdir. Katalitik krekinq benzininin başlanğıc fraksiyasının doymuş biratomlu C1-C3 spirtləri ilə efirləşməsindən və 85°C-dən yuxarıda qaynayan fraksiyanın katalitik zənginləşməsindən alınan məhsulların sonradan kompaundlaşdırılması benzinin çıxımını qeyri-neft mənşəli məhsullar hesabına 3,8-4,4% artırmış, oktan ədədini motor üsulu ilə 86,1-86,7 ədədə, tədqiqat metodu ilə 93,4-94 ədədə çatdırmıdır və bu zaman benzinin tərkibində oksigentərkibli birləşmələrin miqdarı 2,5% olmuşdur. Doymuş biratomlu C1-C3 spirtləri, onların qarışığı və katalitik krekinq və piroliz proseslərinin doymamış karbohidrogenləri əsasında sənaye tipli seolittərkibli Al-Si katalizatorlarından istifadə etməklə, avtomobil benzinlərinə yüksək oktanlı oksigen tərkibli əlavələrin alınması prosesi işlənib hazırlanmışdır. Riforminq benzininin tərkibində benzolun miqdarını aşağı salmaq məqsədi ilə homogen və heterogen katalizatorlardan istifadə etməklə q.b.- 85°C fraksiyasının aşağı molekul kütləli olefinlərlə (C3-C4) alkilləşməsi prosesi aparılmışdır ki, bu da benzolun miqdarını kütləcə 0,8-1,0%-ə qədər azaltmış, benzin fraksiyasının miqdarını 15-18% artırmışdır. Ni-Cr və Pt-tərkibli sənaye katalizatorlarından istifadə etməklə riforminq benzininin benzol fraksiyasının (q.b.- 85°C fraksiyası) iki mərhələli: əvvəlcə hidrogenləşmə və sonra hidroizomerləşmə prosesləri üzrə işlənib hazırlanmış texnologiya fraksiyanın tərkibində benzolun miqdarını sıfra endirməyə oktan ədədini isə m.ü. ilə 71-dən 86-ya qədər artırmağa imkan vermişdir. Pt-tərkibli sənaye katalizatorlarından (R-132, R-164) istifadə etməklə riforminq benzinin tərkibindəki polialkil aromatik karbohidrogenlərin hesabına oktan ədədinin cüzi artması ilə benzolun miqdarını 2,5%-ə qədər azaltmağa imkan verən transalkilləşmə prosesi işlənib hazırlanmışdır. Əmtəə benzinlərində transalkilləmə prosesindən sonra riforminq benzininin tərkibindəki benzolun miqdarı 0,9% təşkil edir. Alternativ xammal kimi kənd təsərrüfatı tullantılarından istehsal olunmuş bioetanoldan istifadə etməklə turşulaşdırılmış Al-Si sənaye (Цеокар-2) katalizatorunun iştirakında doymamış karbohidrogenlərin miqdarını azaltmaq və uyğun olaraq ekoloji xassələrini yaxşılaşdırmaq məqsədi ilə katalitik krekinq benzininin yüngül fraksiyasının (q.b.-130°C) efirləşməsi prosesindən tərkibində 15,2%-ə qədər alkiletil efiri olan, motor üsulu ilə oktan ədədi 86 olan biokomponent alınmışdır. Avtomobil benzinlərinin keyfiyyətini yaxşılaşdırmaq və çıxımını artımaq məqsədi ilə reaktora aşağıdan vakuum distillatı və yuxarıdan kokslaşma benzini verməklə katalitik krekinq prosesi tədqiq olunmuşdur. Prosesdən alınmış benzin katalitik zənginləşdirmə prosesinə uğradılaraq, çıxımı 59% olan Aİ-93 markasına uyğun benzin alınmışdır. Qudronun hidrokrekinq prosesindən alınmış benzin fraksiyaları əsasında müxtəlif variantlarda Aİ-93 markasına uyğun əmtəə benzinlərinin tərkibi müəyyən edilmişdir.