NKPI

Xəbərlər

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərtib ediblər.

Bu barədə NKPI.AZ AZƏRTAC-a istinadla məlumat verir. Lüğətin elmi redaktoru, akademik Möhsün Nağısoylu, məsul redaktorlar filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir. Nəşrin rəyçiləri professorlar Buludxan Xəlilov, Qəzənfər Kazımov və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədovadır.

Lüğətə 5000-dən çox söz daxil edilib. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına yaranmış neologizmlərdən ibarətdir. Məsələn: buraç, paylaşım, tanıtım, uzadıcı və s.

Ümumilikdə yeni lüğətdə söz sayı 90 minə yaxındır.

Əvvəlki orfoqrafiya qaydaları ilə müqayisədə bir sıra yenilikləri əhatə edən orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş və 2020-ci il 3 noyabr tarixli qərarı ilə müəyyən edilib.

Lüğətdə müasir dövrdə inkişafda olan elm və texnikanın müxtəlif sahələrində, eləcə də mətbuat, radio, televiziya, kino dilində bu sahələrin sıx bağlı olduğu informatika, informasiya texnologiyaları, logistika, idman, kulinariya və turizm terminləri də verilib. Həmçinin dünya təcrübəsinə əsasən dialekt leksikasına, danışıqda işlənən sözlərə də müəyyən yer ayrılıb.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün tez-tez nəzərə çarpan sinonimlərinin verilməsi halları yeni nəşrdə aradan qaldırılıb. Məsələn, dildə istifadə olunma vəziyyəti nəzərə alınmaqla əvvəlki lüğətə daxil edilmiş kvorum-yetərsay, plyaj-çimərlik, svetofor-işıqfor, vzvod-taqım, yubka-ətək kimi sinonim sözlərdən yalnız ikincilər yeni lüğətdə saxlanılıb.

Lüğətin 2013-cü il nəşrində eyni sözün müxtəlif variantlarına rast gəlmək mümkündür. Altın-altun, qaboy-qoboy, təlmə-tələsik-tələm-tələsik. Lüğətin yeni nəşrində yuxarıdakı nümunələrin ikinci variantları saxlanılıb, çoxvariantlılıq aradan qaldırılıb. Lüğətə bəzi yeni sözlər - vatsap, vaksin, vayfay, tviter, tvit, manipulyasiya, status-kvo, feysbuk daxil edilib.

2021-04-20   295