NKPI

Xəbərlər

Akademik Musa Rüstəmovun 91 yaşı tamam olur

Bu gün görkəmli kimyaçı alim, Azərbaycanın əməkdar elm xadimi, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, akademik Musa İsmayıl oğlu Rüstəmovun 91 yaşı tamam olur.

Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. M.İ.Rüstəmov 1937-ci ildə Ordubad 1 saylı orta məktəbinə daxil olmuş və 1947-ci ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbay-can Dövlət Neft və Sənaye Univer-siteti kimya-texnologiya fakultəsinə daxil olmuşdur. Hələ o, tələbə olarkən institutun Tələbə Elmi Cəmiyyətində öz elmi fəaliyyətinə başlamışdır. Professor S.M.Voloxun rəhbərliyi altında elmdə ilk addımları öz müsbət nəticəsini verdi. N.A.Baklanov metodu ilə boruvari sobaların hesabat tənliyinə düzəlişlər edildi ki, bu da hesablamaların dəqiqliyini artırdı.

M.İ.Rüstəmov 1952-ci ildə institutu kimyaçı-texnoloq ixtisası üzrə qurtardıqdan sonra V.V.Küybışev adına AzETNEİ-yə işə qəbul olundu. Qeyd etmək lazımdır ki, V.V.Küybışev adına AzETNEİ-i 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu kimi fəaliyyətini davam etdirir.

1953-1959-cu illərdə M.İ.Rüstəmov əvvəlcə böyük mühəndis, sonra kiçik elmi işçi işlədi. 1959-cu ildə o, laboratoriya rəhbərinin müavini vəzifəsinə irəli çəkilmişdir.

M.İ.Rüstəmov 1961-ci ildə institutun Elmi Şurasında “Xırda dispers materialların yarımaxın xətti tətbiq olunmaqla kontakt katalitik heterogen proseslərin aparılması üçün yeni yüksək səmərəli sistemlərin işlənib hazırlanması” adlı mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etdi. Bu dövrdə M.İ.Rüstəmovun apardığı elmi-tədqiqat işlərinin əsas hissəsi 1966-cı ildə nəşr olunmuş “Katalitik krekinqin müasir vəziyyəti və katalitik krekinq prosesinin intensivləşmə yolları” adlı monoqrafiyada toplanmışdır.

M.İ.Rüstəmovun təşkilatçılıq qabiliyyəti erkən üzə çıxmışdır. 1967-ci ildən o, “Katalitik krekinq və piroliz” laboratoriyasına rəhbərlik edir, 1968-ci ildən isə institut direktorunun elmi işlər üzrə müavini vəzifəsinə irəli çəkilir.

M.İ.Rüstəmov Azərbaycanda neft emalı proseslərinin riyazi modelləşdirilməsi və optimallaşdırılması sahəsində ilk tədqiqat aparanlardan biridir. O, neftin, mazutun, vakuum qovulma məhsulunun katalitik krekinq proseslərinin determinləşmiş riyazi modelini işləyib hazırlamış, prosesin qeyri-stasionar şəraitdə getdiyi halın optimallaşması məsələsini həll etmiş, bu proseslərin optimal idarə olunma sxemlərini tərtib etmişdir.

M.İ.Rüstəmovun modelləşdirilmənin və optimallaş-dırmanın müasir metodları tətbiq olunmaqla həyata keçirdiyi elmi işlər onun elmi nəticələrini elmin qabaqcıl səviyyəsinə çıxarmaqla, ona tanınmış və yenilikçi alim şöhrəti gətirmişdir.

Bu dərin və ciddi tədqiqatlar 1968-ci ildə aşağıdakı mövzuda doktorluq dissertasiyası müdafiəsi üçün təqdim olunur: “Yarımaxın xətli reaktorlarda neft xammallarının katalitik krekinq proseslərinin texnologiyasının tədqiqi və işlənib hazırlanması”. Elə həmin ildə ona texnika elmləri doktoru elmi dərəcəsi verilir.

1973-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə M.İ.Rüstəmova “Yanacaq və qazın kimyası və texnologiyası” ixtisası üzrə professor elmi adı verilmişdir.

1973-cü ildə İraq Respublikasında səfərdə olarkən o, “Şimali Rumeylo” yatağında köpüklənmənin qarşısını alan kimyəvi reagent tətbiq etmədən neft-qaz ayırma texnologiya-sının yaradılması sahəsində sovet mütəxəssislərinə məsləhətlər vermiş və yüksək məhsuldarlığa malik qaz-neft separatorlarının yaradılması və xaricdə tətbiqində əvəzsiz xidmətlər göstərmişdir.

Professor M.İ.Rüstəmov 1975-ci ildə destruktiv izomerləşmə prosesinə görə SSR-nin “qapalı” müəlliflik şəhadətnaməsi almışdır.

1976-cı ildə M.İ.Rüstəmov Ruminiya Elmlər Akademiyasına ezam olunur. Elə həmin ildə o, İngiltərədə kataliz üzrə beynəlxalq konqresdə “Azərbaycanda neft kimyasının inkişafı” adlı məruzə ilə müvəffəqiyyətlə çıxış edir. Onun bir alim və mütəxəssis kimi populyarlığı yüksəlir.

1979-cu ildə Burqas Ali Kimya Texnologiya İnstitutunun (BXR) Rektor və Akademik Şuralarının qərarı ilə M.İ.Rüstəmov diplomdan sonrakı kvalifikasiya kursunda mühazirələr oxumaq üçün dəvət olunur və onun mühazirələri uğurla keçir. Həmin ildə elmin inkişafında və elmi kadrların hazırlanmasında xidmətlərinə görə M.İ.Rüstəmova Azərbaycanın Əməkdar Elm Xadimi adı verilir.

1980-ci ildə M.İ.Rüstəmov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Azərbaycan EA-nın akademiki seçilmişdir.

1982-ci ildə ona “Xırda dispers alümosilikat kataliza-torun birbaşa axın və yarımaxın xətli, yüksək səmərəliliyə malik reaktorlar tətbiq olunmaqla neft xammallarının ikipilləli katalitik krekinq prosesinin işlənib hazırlanması və sənayedə tətbiqi” adlı işə görə Azərbaycan SSR-nin Dövlət Mükafatı verilmişdir. 1987-ci ildə NKPİ-nin direktor vəzifəsinə təyin olunmuşdur. O, 1987-2011-ci illər ərzində Y.H.Məmmədəliyev adına NKPİ-nin direktoru vəzifəsində çalışmışdır.

Akademik M.İ.Rüstəmovun xırda dispers katalizatorla katalitik krekinq proseslərinin nəzəriyyəsi və praktiki tətbiqi sahəsindəki tədqiqatları pioner işlər olub, butanın butilenlərə dehidrogenləşməsi, o-ksilolun ftal anhidridinə çevrilməsi, müxtəlif neft xammallarının katalitik krekinqinin proqressiv texnoloji sistemlərinin işlənib hazırlanmasının əsası oldu. Onun yaratdığı katalizatorun birbaşa axın və yarımaxın xətti istifadə olunan müxtəlif modifikasiyalı reaktorların tətbiqi reaksiya aparatlarının xüsusi məhsuldarlığını katalizatorun “qaynar” layda tətbiqi ilə katalitik krekinqə nisbətən 8-10 artırmağa, böyük vahid gücə malik aqreqatlar yaratmağa və ağır neft xammalını krekinq etməyə imkan yaratdı.

Bu işləri həyata keçirməklə M.İ.Rüstəmov tərəfindən texnologiya elminə “axıcılıq indeksi”, “xırda dispers hissəciklərinin kritik axın qatılığı”, “yarım birbaşa axın” anlayışları gətirilmişdir.

Xırda dispers materiallarının “axıcılıq indeksi” təbəqə­nin(“qaynar lay”) vəziyyətinin hissəciklərin ölçüsündən, fiziki xassələrindən və substratın sistemə verilmə sürətindən asılılığı ilə xarakterizə edilir və M.İ.Rüstəmovun tənliyinə əsasən “axıcılıq indeksi”ndən asılı olaraq prosesdə substratın konver­siyasını və prosesin selektivliyini təyin etmək imkanı yaranır.

Yüksələn axın reaktorlarında xırda dispers kontaktlarının və ya katalizatorun kritik axıcı qatılığı, müəllif tərəfindən reaktor və regeneratorun əlaqəli iş rejimində, onlar arasında qapalı istilik balansını təmin edən, dövr edən kontaktın və ya katalizatorun miqdarının kriteriyası kimi xarakterizə olunmaqla nəql olunan substratın vahid həcmində xırda dispers hissəciklərin miqdarı kimi müəyyən olunmuşdur.

Hazırda bu göstəricilər yaxın və uzaq xarici ölkələrin elmi-tədqiqat və layihə institutları tərəfindən yüksələn “birbaşa axın” və “yarımbirbaşa axın” xətli sistemlərdə texnoloji proseslərin işlənib hazırlanmasında və layihələşdirilməsində geniş istifadə olunmaqdadır.

M.İ. Rüstəmovun elmi və praktiki tətqiqatlarının nəti­cələri bir sıra yeni, səmərəli texnologiyaların yaradılmasının əsasında durmuş və bu proseslər sənayedə tətbiqini tapmışdır. Yeni Ufa Neft Emalı zavodunda tətbiq olunan katalizatorun yüksələn axın xəttindən vakuum qovulma məhsulunun katalitik krekinqi prosesi də belə proseslərdən biridir.

Yarım birbaşa axın reaktor aparatları katalitik krekinq qurğuları rekonstruksiya olunarkən Yeni Bakı NEZ-də (Heydər Əliyev adına Neft Emalı zavodu), Ryazan və Yaroslavl NEZ-də istifadə olunmuşdur. Həmin dövrdə Azərbaycanın sənayesində yeni, yüksək məhsuldarlıqlı, texnoloji yığcam ikipilləli katalitik krekinq sistemləri tətbiq olunmuşdur. Bu tədqiqatlar tsikli elm və texnika sahəsində Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

M.İ.Rüstəmovun neft emalı sahəsi institutları (Qroz. ETİ, ÜETNEİ) ilə əməkdaşlığının nəticəsində daha yüksək məhsuldarlıqlı, az metal tutumlu, patent qabilliyətli Г-43-107 katalitik krekinq kompleksi yarandı. Bu kompleks kombinə olunmuş qurğu olub, tərkibinə vakuum qazoylunun hidrotəmizlənmə, şaquli lift reaktorda katalitik krekinq, qazfraksiyalaşdırma bölmələri daxildir.

Hazırda Г-43-107 qurğusu Moskva, Burqas, Ufa, Pavlodar, Anqarsk, Lisiçank, Heydər Əliyev adına Neft Emalı zavodunda müvəffəqiyyətlə istifadə olunur. Prosesin texniki işləmələrindən biri lisenziya ilə xaricə satılır. Avropa ekspertlərinin fikrincə, hazırda həmin qurğular xarici analoqların səviyyəsindədir və keçmiş SSRİ NEZ-də yeganə qurğudur ki, ciddi modernləşdirilməsinə ehtiyac yoxdur.

İlk dəfə olaraq o, katalitik krekinq prosesində Aİ-93 avtomobil benzinin alınma imkanlarını müəyyənləşdirmiş və texnologiyasını işləyib hazırlamış, karbohidrogenlərin tərkibini və operativ şəraitləri tənzimləmək yolları ilə etilsiz Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən elmi əsas yaratmışdır. Proses Heydər Əliyev adına Neft Emalı zavodunda tətbiq olunmuşdur. Kiçik molekullu C3-C5 karbohidrogenlərini almağa yönəlmiş destruktiv hidroizomer-ləşmə və destruktiv izomerləşmə proseslərinin işlənib hazırlanmasının prioriteti də M.İ.Rüstəmova aiddir.

Yeni sintez olunmuş nikelalümosilikat katalizatorun iştirakı ilə destruktiv hidroizomerləşmə prosesinə aparıcı dövlətlərin - ABŞ, İngiltərə, Fransa, Kanada, AFR, Yaponi­yanın patentləri alınmışdır.

“Katalitik krekinq və destruktiv izomerləşmə” problemi üzrə NKPİ təkcə SSRİ-də yox, həm də Şərqi Avropa ölkələrində sosialist ölkələrin Elmlər Akademiyaları arasında əməkdaşlıq çərçivəsində baş təşkilat kimi qəbul olunmuş və akademik M.İ.Rüstəmov beynəlxalq koordinator seçilmişdir.

1980-1990-cı illərdə o, Azərbaycanın yanacaq-enerji balansına yeni növ enerji ehtiyatları cəlb etmək sahəsində böyük işlər görmüş, Azərbaycan EA-da “Hidrogen energetikası” problemləri üzrə yeni istiqamətdə elmi-tədqiqat işlərinin təşkilatçısı və rəhbəridir. M.İ.Rüstəmov Azərbaycan EA Rəyasət Heyəti yanında “Hidrogenin alınması və tətbiqi” Elmi Problem Şurasının sədri, SSRİ EA Rəyasət Heyəti yanında “Hidrogen energetikası” Komissiyası Bürosunun üzvü, “Hidrogen energetikası” üzrə Beynalxalq Assosiasiyasının üzvü seçilmişdir.

Onun rəhbərliyi ilə respublikanın enerji təchizatının artırılması, enerji balansına yeni enerji mənbələrinin cəlb olunması, həmçinin hidrogen alınması prosesinin işlənib hazırlanması və neft emalı və neft kimyası sənayelərində səmərəli istifadəsinə imkan verən yeni lahiyələrin işlənib hazırlanması sahələrində işlər aparılır.

Metal oksidi katalizatorları üzərində ağır neft qalıqlarının (ANQ) emal prosesi öz orijinallığı ilə seçilir. Belə ki, ANQ eyni vaxtda mühərrik yağlarına və qatılığı yüksək olan hidrogenli qaza emal olunur. Bu prosesdə dəmir-oksidi katalizatorundan istifadə edilməsi həmçinin ANQ-də olan nikel və vanadiumdan rasional istifadəyə imkan verir.

Günəş enerjisini foto və katalitik sistemlərdən istifadə etməklə hidrogen yanacağının kimyəvi enerjisinə çevrilməsi sahəsindəki tədqiqatlar M.İ.Rüstəmovun tələbəsi, kimya elmləri doktoru N.Z.Muradov tərəfindən ABŞ-ın elmi mərkəzində (Orlando şəh.) “Günəş enerjisinin çevrilməsi” İnstitutunda davam etdirilir.

Onun rəhbərliyi ilə seolittərkibli nikelalümosilikat katalizatoru, birkarbonlu molekulların çevrilməsi üçün yeni heterogen katalitik sistemlər, çoxfunksiyalı promotorların müxtəlif kompozisiyaları, aktivatorlar, passtivatorlar işlənib hazırlanmışdır. Promotorların həcmdə, həm də katalizatorun qonşu hissəciklərinin səthində gedən proseslərə təsiri müəyyənləşdirilmişdir. Katalizatora əlavə olunduqda katali­zatorun regenerasiyasını kifayət qədər sürətləndirən promo­torlar qrupu identifikasiya olunmuşdur. Məhz bu promotorlar çoxlu miqdarda CO-nun tüstü qazları ilə çıxması hesabına regeneratorun normal balanslaşdırılmış temperatur rejimi yaranmasında iştirak edir ki, onun da ANQ-nin emalında olduqca böyük əhəmiyyəti vardır.

Kataliz sahəsindəki işlərdən danışarkən seolittərkibli katalizatorların səth xassələri, kokslaşma və bu faktorun katalitik krekinq prosesinin selektivliyinə və aktivliyə təsiri arasındakı qarşılıqlı əlaqənin tədqiqinə həsr olunmuş işlər xüsusi qeyd olunmalıdır. Aparılan tədqiqatların özəlliyi ondadır ki, bu qanunauyğunluqlar katalizatorun xammal ilə kontaktının ilk saniyələrində öyrənilir. Alınan nəticələr katalizatoru reaktor boyu modelləşdirməyə, katalizatorun səth xassələrinin tənzimlənməsinə imkan verir. Bu işlərə aid çap olunmuş elmi əsərlər dünyanın inkişaf etmiş dövlətlərinin aparıcı alimləri tərəfindən maraqla qarşılanmışdır. Alınan nəticələr katalitik krekinq prosesində qismən kokslaşmış katalizator üzərində qeyri-sabit benzinlərin emalı proseslərinin yaradılması üçün elmi baza olmuş və Г-43-107 katalitik krekinq kompleksində pirokondensantın emalı zamanı təsdiq edilmişdir.

M.İ.Rüstəmov neft emalı və neft-kimya sənayelərinin müxtəlif elmi-texniki məsələlərinin həllində fəal iştirak edir. Onun rəhbərliyi ilə az texnoloji mərhələli, perspektik yanacaqlar və neft kimyası üçün xammal almaqla neftin qalıqsız emalına imkan verən katalitik krekinq prosesinin yeni neft emalı kompleksi işlənib hazırlanmış və tətbiqə təklif olunmuşdur. Bu təklif gələcəkdə neft emalı zavodu layihələş­dirilməsi mərhələsində model kimi istifadə oluna bilər.

M.İ.Rüstəmovun rəhbərliyi ilə yaradılmış aparıcı destruktiv izomerləşmə prosesi prinsipcə yeni texnoloji proseslərin də daxil olduğu neft-kimya kompleksinin yaradılması sahəsindəki tədqiqatlarda nəzəri və praktiki əhəmiyyətə malikdir.

M.İ.Rüstəmovun rəhbərliyi altında Azərbaycanın layihə təşkilatlarının və neft emalı zavodlarının mütəxəssislərinin birgə iştirakı ilə “Azərneftyanacaq” və “Azərneftyağ” İB-lərinin 2010-cu ilə qədər inkişafının kompleks sxemləri işlənib hazırlanmışdır. Bu sxemlərdə ekoloji-təmiz, mütərəqqi texnologiyalar tətbiq etməklə neft emalının dərinliyinin artırılmasını və perspektiv dünya standartlarına cavab verən məhsulların alınmasını nəzərdə tutulmuşdur.

Bu illərdə M.İ.Rüstəmov plenar və sifarişli məruzələrlə beynəlxalq simpoziumlarda, Çexoslavakiyada, Almaniyada, Rusiyada, Türkiyədə, ABŞ-da, Hindistanda, Hollandiyada, Fransada elmi ezamiyyətdə olduqda çıxışlar etməsi Azərbaycan neft-kimya və neft emalı elminin dünyada ön mövqedə olduğunu bir daha sübut edir.

Özünün bütün elmi fəaliyyəti dövründə akademik M.İ.Rüstəmov Moskva Dövlət Universiteti, ÜETNEİ, QrozETİ, ÜKİ (Rusiya), Egey Universiteti (Türkiyyə), Çexoslovakiya, Bolqarıstan, Ruminiya Elmlər Akademiyaları, “Günəş enerjisinə çevrilməsi” İnstitutu (ABŞ, Orlando şəh.) və ABŞ-ın Mayami Universiteti yanında Təmiz Enerji İnstitutu kimi aparıcı elmi mərkəzlərlə əlaqə saxlayır, aparıcı xarici firmalarla-“Qreys Devision” , “Enqelxard”, “Fenomeneks” , “ABB”, “Edeleanu” , “Qlobal Lummus” , “Şevron” , “Mobil” , “Mitsiu” , “Toyo” , “İtoçu” və s. ilə elmi əməkdaşlıq haqqında müqavilələr bağlamışdır.

M.İ.Rüstəmov 2000-ci ildə onun təşəbbüsü ilə yaradılmış “Neft kimyası və neft emalı prosesləri” jurnalının 2016-cı ilədək baş redaktoru olmuşdur. O, 2012-ci ildən“Neft və qazın kimyası və texnologiyası” şöbəsinin müdiri vəzifəsində çalışır.

Akademik M.İ.Rüstəmov təkcə ölkəmizdə və ondan xaricdə tanınan görkəmli alim deyil, həmçinin ölkəmiz və xarici ölkələr üçün çoxlu sayda elmi kadrlar və ali məktəblərdə tələbələr hazırlayan pedaqoqdur. O, bir müddət Azərbaycan Neft Akademiyasının “Neft və qazın kimyası və texnolo-giyası” kafedrasının professoru vəzifəsində çalışmışdır.

Akademik M.İ.Rüstəmov kataliz sahəsindəki görkəmli əsərləri ilə elmi zənginləşdirən alimlərdəndir. Onun əsas elmi tədqiqat işlərinin nəticələri 700-dən yuxarı elmi əsərdə, 60 patentdə, 130-dan artıq müəlliflik şəhadətnaməsində, 4 monoqrafiyada və 6 kitabda, 36 publitistik məqalədə öz əksini tapmışdır. Professor 7 elmlər doktoru, 45 elmlər namizədi hazırlamış və akademik M.İ.Rüstəmov məktəbi yaratmışdır.

Azərbaycan Respublikası Rəyasət Heyəti yanında “Neft emalı və neft kimyası” elmi şurasının sədri, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Prezidenti yanında yaradılmış Neft Emalı üzrə Elmi-Texniki Şuranın sədri, Azərbaycan EA NKPİ-nin nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşmış Şuranın sədri və sonralar üzvü, Rusiya EA “Neft kimyası” Elmi-texniki Şurasının üzvü, SSRİ EA “Neft kimyası” Elmi Şurasının üzvü, SSRİ Nazirlər Soveti yanında kimya-meşə kompleksi üzrə Elmi-texniki Şuranın üzvü, SSRİ EA “Günəş enerjisinin yeni istifadə yollarının axtarışı” Şurasının üzvü, SSRİ EA Rəyasət Heyəti yanında hidrogen energetikası üzrə Komissiya Bürosunun üzvü, SSRİ Nazirlər Soveti yanında Elm və Texnika Komitəsinin “Kataliz və onun sənayedə tətbiqi” Elmi Şurasının üzvü, sosialist ölkələrinin EA-larının çoxsahəli əməkdaşlıq proqramı daxilində “Neft kimyası” probleminin “Katalitik krekinq və destruktiv izomerləşmə” mövzusunun rəhbəri və koordinatoru, Azərbaycan EA hidrogen energetikası üzrə Şuranın sədri olmuşdur.

Təltiflər:

1977 – Azərbaycan elm və təhsilinin inkişafında xidmətlərinə görə Y.H.Məmmədəliyev adına medal;

1979 – “Azərbaycanın əməkdar elm xadimi”

1982 – “Xırda dispersli alümosilikat katalizatorunun birbaşa və yarım birbaşa axınlı yüksək səmərəli reaktorlar tətbiq etməklə neft xammalının ikipilləli katalitik krekinqi prosesinin tətqiqi, işlənib hazırlanması və tətbiqi adlı işə görə Az.SSR-nin Dövlət Mükafatı ilə təltif olunmuşdur;

1997 - Azərbaycanda elm və təhsilin inkişafında xidmətlərinə görə Y.H.Məmmədəliyev adına medalla mükafatlandırılmışdır;

2002 – İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülmüşdür;

2004 – Azərbaycan Respublikasının “Şöhrət” ordeni;

2015 – Katalitik krekinq prosesi üçün mütərəqqi sənaye sistemlərinin yaradılması istiqamətində əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına mükafatı;

2015 – Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü;

2019 – Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu.

İnstitutumuzun rəhbərliyi və kollektiv adından Azərbaycanın görkəmli kimyaçı alimini 91 yaşı münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

2021-05-08   762