NKPI

Xəbərlər

Tələbələrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasında dəyişiklik edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Bununla əlaqədar Baş nazir Əli Əsədov mayın 4-də Nazirlər Kabinetinin 130 nömrəli Qərarını imzalayıb.

NKPI.AZ Nazirlər Kabinetinə istinadla xəbər verir ki, qeyd olunan Qaydaya müvafiq dəyişikliklərin edilməsi təqaüdlərin təyin olunması və ödənilməsi zamanı bir sıra halların nəzərə alınması məqsədini daşıyır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununa əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müvafiq qaydada ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları müəyyən olunsa da, həmin şəxslərə təqaüdlərin verilməsi qaydası Nazirlər Kabinetinin adıçəkilən Qərarında öz əksini tapmayıb.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na edilmiş dəyişikliyə əsasən magistraturaya qəbul imtahanının əvvəlki illərdən fərqli olaraq bir mərhələdə keçirilməsi müəyyən olunub. Bunun nəticəsi olaraq bakalavrın qəbul imtahanında toplaya biləcəyi maksimal bal 100 bal olub. Halbuki əvvəlki illərdə (qəbul imtahanının iki mərhələdə keçirilməsi zamanı) bu hədd 150 bal təşkil edirdi.

Göstərilənlər nəzərə alınmaqla, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.

2021-05-05   270